Hikmət MƏLİKZADƏ.”Şeytan hər adamdan təmənna güdməz”

Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Şeytan hər adamdan təmənna güdməz,
Kimlər ki, qəm içir, zəli sayılmır.
Sənə kim deyib ki, dəlisən, boş ver,
Sevda dəliləri dəli sayılmır.

Yaman tərs baxırsan cırıq şəklimə,
Kim bilir, o şəkil yadındı bəlkə?
Gözünün önündə dilənən qadın
Küçəyə atdığın qadındı bəlkə?

Hər künc bir günahın bitdiyi yerdi,
Ölmək əzrayıla yan almaq deyil.
Pərvanə şam üstə can vermir, çünki
Şamın qəsd-qərəzi can almaq deyil.

Tanrı bir qapıda min ünvan görür,
Qapının ağzına tük asma, gecdir.
Adam şəkil olur öləndən sonra,
Ürəyə bu qədər yük asma, gecdir.

Təsbeh də, dua da baş aldatmaqdır,
Pula qul olanın imanı olmur.
Sən qəmi özünə öyrətmə, quzum,
Eşq sirli adadı, limanı olmur.

Sevda qarğışı var hər sevən qəlbdə,
Gizlin vidasıdı su, ayrılığın.
Bəlkə biz bir daha görüşməyək heç?
Bəlkə vaxtı çatıb bu ayrılığın?!