11665411_1690704784490598_9087155491968421030_n

Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

ÜŞÜDÜR

Hər əlimə aldığım,
Gülüm məni üşüdür.
İçimi köz eyləyən,
Külüm məni üşüdür.

Heç kəsi qınamayan,
Dost düşmən sınamayan.
Yalanı tanımayan,
Dilim məni üşüdür.

Dərddən qəmdən göynəyən,
Hicrana baş əyməyən.
Yar əlinə dəyməyən,
Əlim məni üşüdür.

Həsrət məni dondurur,
Dərdlərimi dandırır.
İçim məni yandırır,
Çölüm məni üşüdür.

Qəmdir həyatı sökən,
Gözümüzdən yaş tökən.
Üzümə pərdə çəkən,
Telim məni üşüdür.

Zeynəb, dayanıb zaman,
Dərd içindəsən hər an,
Qaş gözümdə dolanan,
Ölüm məni üşüdür.

QƏRİB DÜNYA

Bu qərib dünyanın, iki üzü var,
Biri ağa baxır, biri qaraya.
Bəzən şirin şirin oxşayır bizi,
Bəzən də duz səpir, qanlı yaraya.

Bu qərib dünyanın, iki üzü var,
Biri sevin süzür, biri qəm süzür.
Arabir bizləri güldürür, gülür,
Arabir ağladır, öldürür, üzür.

Bu qərib dünyanın, iki üzü var,
Biri ağı oxşayır, biri qaranı.
Gah sevinc bəxş edi, şənlik düzəldir,
Gahda hiylə ilə vurur aranı.

Bu qərib dünyanın, iki üzü var,
Biri toy için, biri yas qurur.
Zeynəb Dərbəndlinin, içi sızlayır,
Ya zümzümə edir, gah qəmgin durur.