İlham üstündə
Kameram – qızıl saray, barmaqlığım – bağça, lək,
Əyləşdim şah taxtımda şerin hökmdarı tək.
Ərzin hökmdarı tək!
Qarşımda ağ vərəqlər… büllur bahar səhəri,
Qələmimdə sıyrılmış Misri qılınc kəsəri.
Mürəkkəbim – Göygölüm bir cüt mavi damlası,
İlhamım – əzəmətli bir Xəzər qasırğası.
Köksüm – alov kürəsi, üzüm-gözüm dan yeri,
Barmaqlarım – günəşin şüa-şüa telləri.
Addımlarım – toprakdan bir azca hündür, uca
Hazıram varıb keçim xəttüstüva boyunca.
Gülüm qaima nigaran obadayam, eldəyəm,
Rövşənəm, zindanda yox, doğma Çənlibeldəyəm.
Dədə Heydər – ATATÜRK
Azadlıq allahı tək əyləşib öz yerində,
Yerin-göyün nuru var peyğəmbər gözlərində.
Sadəliyi nur saçır, əzəməti dərində.
Gedir, polad çiynində Kəpəz, Qoşqar boyda yük.
Dədə Heydər – Atatürk.
Dərin mavi gözləri sakit yanan od-ocaq,
Alovunda satqınlar yanacaq, kül olacaq.
Qaranlıqda işıqdır – o işığa yol açaq.
Məsləki varlığından böyükdür, min qat böyük.
Böyüklük heykəlidir Dədə Heydər – Atatürk!
Dörd tərəf qar-qiyamət, sərt qış… o, güllü yazdır,
Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.
Ərzurumdan Xəzərə şığıyan Xan Arazdır.
Dalğasında dönüklər ağ köpükdür, boz köpük,
Dalğalanır nəhr tək Dədə Heydər – Atatürk.
Azərbaycan, Türkiyə… Daş qala – qoşa səngər,
Bütün qasırğalara birləşməklə sinə gər.
Bu birlik qarşısında düşmən tük salacaq, tük…
Qucur iki sahili Dədə Heydər – Atatürk.