İnsanın şərəfi, bəzəyi məncə,
İnan, nə ipəkdir, nə tirmə, oğlum!
Yaxşıdan yaxşı ol ellər içində,
Dostuna bir ziyan yetirmə, oğlum!
Yersiz gülümsəmə, yersiz ağlama,
Bir könül də qırma, sinə dağlama.
Sirrini ellərdən gizli saxlama,
Dilinə yalan söz gətirmə, oğlum!
Yel qanadlı illər ömürdən gedir,
İnsan zəhmətiylə kamala yetir.
Bağında nərgizlər, lalələr bitir,
Tikanlar, qanqallar bitirmə, oğlum!
Ürəyim arzuyla doludur, dolu,
Hünər meydanıdır bu həyat yolu.
Bilmədiyin işi gözüyumulu,
Söz verib öhdənə götürmə, oğlum!
Oxu Öyüdümü sən sətir-sətir,
Dilindən məclisə səpilsin ətir.
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum!