Mən gözümü bu torpaqda açmışam,
Mənim dilim bu torpaqda söz tutub.
İməkləmiş, yerimişəm, qaçmışam-
Dizlərimi qanadanda daş-kəsək
İlk yaram da bu torpaqda göz tutub.
Tarixində adım-sanım yox onun,
Hardan olsun, neyləmişəm axı mən?
Ancaq Vətən mənim kimi çoxunun
Zəhmətini çox çəkmişdir əzəldən.
Əllərimdən tuta-tuta aparmış,
Məni həyat yollarına çıxarmış.
Bu yerdədir, rişələrim, köklərim-
Ulu babam bu torpaqda uyuyur.
Vətən – mənim al şəfəqli səhərim,
Onsuz günəş gözlərimdə soyuyur.
Vətənsizin nə günəşi, nə ayı?..
Vətən yoxsa – hər şey hədər, havayı.
Qarış-qarış dolansam da cahanı,
Gözəlsə də yad ellərə səyahət,
Heyran-heyran seyr etsəm də hər yanı,
Səyahətim burda bitər, nəhayət.
Ağuşuna çəkər məni torpağım.
Harda olsam, harda gəzib dolansam,
Burda tapar əks-səda sorağım.
Bir-birindən hər şey qopar, ayrılar-
Ayrılmayan bəs nə var?
Mən,
Vətən!