Qarışqalar islanır…
Tanrı tək məni vurub
Deyəsən bu havada.
Sən evcik ürəyimdə,
Quşlar isti yuvada.
Hər gecə şimşək çaxır,
Hər gün yağışlar yağır.
Göyün tavanı yoxmuş
Bəs göyü kim saxlayır?
Küçələrdə dolaşır,
Çətir-çətir adamlar.
Güzgü gölməçələrə,
Tərs əkilir ağaclar.
Bu yağışda, əzizim,
Düşürəmmi yadına?
Ömür quş kimi uçur
İp bağla qanadına.
Dünya yağışla dolu
Bir quyuya sallanır.
Yağır yağsın, cəhənnəm
Qarışqalar islanır…
Bakıya yağış yağır
Göy qəzəbli qarı tək
Çadrasını bağlayır.
Küçə reklamındakı
Çılpaq gözəl ağlayır.
Bakıya yağış yağır.
Köhnə çəkmə tayını
Sular alıb aparır.
Əyripapaq damların
Örtüyü qaval çalır.
Bakıya yağış yağır.
Bədəni islaq qadın
Sanki bir ikonadır.
Tindəki şorgöz kişi
Boylanır fağır-fağır.
Bakıya yağış yağır.
Ayaqyalın dilənçi
Suları şappıldadır.
Tənha qalmış küçədə
Yeriyir ağır-ağır.
Bakıya yağış yağır.
Ucuz, isti kafelər
Qazan kimi qaynayır.
İslaq pişik qapıda.
Şansını cırmaqlayır.
Bakıya yağış yağır.
Bir qadın suya girən
Uşağını danlayır.
Əvvəl qadın qışqırır
Sonra uşaq ağlayır.
Bakıya yağış yağır.
Uzunqıç göydələnlər
Hamıdan tez islanır.
Şəhər qüsul verəcək
Yuyunur hamamlanır.
Bakıya yağış yağır.
Bu qadın yenə təkdi…
Masada külqadıda siqaret kötükləri
Bağlayıb pəncərəni, bərk çəkib örtükləri
Toplayır bir az əvvəl öpüşmüş qədəhləri
Əl vursanız bu saat sınıb töküləcəkdi
Bu qadın yenə təkdi.
Xəyanətin hər üzü ona yaxşı tanışdı,
İndi bütün kişilər gözündə aldanışdı,
Hər təzə eşq tapanda sanır ki, başlanğıcdı,
Bütün sevgilərinin ömrü bir gecəlikdi
Bu qadın yenə təkdi.
Gözlərini tor tutub, kimsə tora salıbdı,
Sonra sakit ömründə macəra başlanıbdı,
Bir vaxt fağır qız idi bəlkə qarğışlanıbdı,
Hər gün bir yerə qonan bəzəkli kəpənəkdi
Bu qadın yenə təkdi.
Özü də baş açammır bu yola necə düşdü,
Yolmu təkərdən çıxdı, ya ayağı sürüşdü,
Daha bütün olanlar əyləncədi, vərdişdi,
İndi bir pəncərədə susuz qalan çiçəkdi
Bu qadın yenə təkdi.
Guya ömrünə bir gün ağ atlı gələckdi,
Hər gecə yuxusunda bir körpə rəsmi çəkdi,
Kaş ki, görəydi bir gün xəyalları gerçəkdi,
Sonda gözəlliyi də yox olub gedəcəkdi
Bu qadın yenə təkdi.
Şəhər darıxır…
Yatıb vitrinində maniken gözəl,
Bir kimsə tapılmır gəlib oyatsın.
Bir gün bu şəhər də çıxıb gedəcək,
Kimsə bu şəhərin başını qatsın.
Səssizlik bürüyüb dar küçələri,
Başını bulayır küçə lampası,
Dəniz də çəkilib özünə sarı
Dənizin başında balıq sevdası.
Şəhər dərdləşməyə bir adam tapmır,
Bir adam tapılmır qonaq aparsın.
Asın bu şəhəri tənhalığından,
Sonra kimsə gəlib ipini qırsın.
Barı yağış yağsın, ildırım çaxsın,
Küçəsində yatan sərxoş oyansın,
Pişiyi boğuşsun, iti ulaşsın,
Qoymayaq bu şəhər belə darıxsın.
Dartın səsizliyi çəkin əynindən,
Axıb küçəsinə dolsun adamlar,
Tutsun ətəyindən heç ayrılmasın,
Qarışqa adamlar, yosun adamlar.
Şəhidim
Yoluna su səpim, göz yaşı sıxım?
Çəkməndə torpaq var, torpaq, bir sıxım…
Ver, əsgər çəkməni köksümə sıxım,
Çəkməsində çiçək bitən şəhidim.
Bədənin yerdədi, ruhun göylədi,
Göydən ulduz uçdu, yaram göynədi.
Xəbərin oldumu o qız neylədi?
Dönüb üfüqlərdə itən şəhidim.
İgid Poladımla hər an qoşasan,
Sən elə Ağdamsan, elə Şuşasan.
Can fəda etdin ki, vətən yaşasın
Bayrağa bürünüb ötən şəhidim.
Torpağa qan səpdin, torpaq oyandı,
Qanın çiçəklədi, bu necə qandı?
Yazdın ki, Qarabağ Azərbaycandı!
Sən elə vətənsən, vətən, şəhidim!