Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933-2006) anadan olmasının 90-cı ildönümü tamam oldu.

Bu münasibətlə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, kino xadimləri və sənətkarın ailə üzvləri II Fəxri xiyabanda Rasim Ocaqovun məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Rasim Ocaqovu adını Azərbaycanın mədəniyyət salnaməsində qızıl hərflərlə yazdıran sənətkar kimi səciyyələndirib. Bildirilib ki, onun filmləri ölkəmizdən kənarda da rəğbətlə qarşılanır. . 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədova deyib ki, Rasim Ocaqov həm operator, həm də rejissor kimi çəkdiyi filmlər bu gün də xalqımızın maraqla izlənilir.
Xalq artisti Fəxrəddin Manafov rejissorun çəkdiyi altı filmdə rol aldığını diqqətə çatdırıb və bundan fərəh hissi duyduğunu dilə gətirib.

Xalq artistləri Hacı İsmayılov, Oqtay Mirqasımov, Vaqif Mustafayev, Xalidə Quliyeva və Əməkdar artist Gülzar Qurbanova çıxış edərək sənətkarın yaradıcılıq yolundan danışıb, xatirələrini bölüşüblər.
Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun mühüm xidmətləri olub. Rejissorun lentə aldığı “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Otel otağı”, “Həm ziyarət, həm ticarət” və s. filmlər Azərbaycan kinematoqrafiyasının “qızıl fond”una daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi R.Ocaqov sənətinin əsas cəhətlərini təşkil edir.

Qeyd edək ki, mərasim iştirakçıları bu gün anadan olmasının 85 illiyi tamam olan görkəmli aktyor, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun (1938-2003) da məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. 

Həsən Məmmədov “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu bəy), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi) və digər ekran əsərlərində yaddaqalan obrazlar qalereyası yaradıb.

Mənbə: https://culture.gov.az/