“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.

* * *

Səhv idi səni sevməyim,
Mən yenə də düz darıxdım.
Yadıma saldın özünü,
Bir düşünüb, yüz darıxdım.

Səndən ömür düzəltmişəm,
Nə sök, nə də tik- dörd divar.
Bu ömrü ki biz səninlə
Sürəmmədik… o da var!

Çək yolundan gözlərimi,
Nə gəl olsun, nə get olsun.
Neyləyək? Təzə yoxluğun
Sağlığıma qismət
olsun.

* * *

Həyat yolda öyrənilir,
Dayanma, dedim özümə.
Sonra ürəyimi açdım-
Heç kimə yox,
Öz üzümə.
Təklənəndə nə pis olur
Adamların çoxluğu.
Görən, kimə yer eləyər,
Getsəm, mənim yoxluğum?
Gün bozardı,
Axşam düşdü,
Payız başqa fəsildi.
Gecədən yağan gözlərim
Səhərəcən kəsildi.
Bir ruhumun canı çatmır,
Bir əlimin əsası.
Mən də belə qocalıram,
Uzun sözün qısası.