Böyük Vətən Müharibəsində qəhrəmanlıq
göstərmiş azərbaycanlıların əziz xatirəsinə!

Bakıdan Berlinədək
Cəsarətlə döyüşdü,
Min əzaba qatlaşdı,
Dəyanətlə döyüşdü.

Mərdlik yolunu seçdi,
Alovdan-oddan keçdi,
Zəfər şərbətin içdi,
Mətanətlə döyüşdü.

Tab etdi çox sınağa,
Tuş olmadı qınağa,
Doğma yurda, torpağa,
sədaqətlə döyüşdü.

Ordenlər sinəsində, 
Qətiyyət var səsində,
Qan-qada cəbhəsində,
Ləyaqətlə döyüşdü.

Həzi, Mehdi, Gəraydır,
Biri orduya taydır,
Yenilməz bir alaydır,
Şücaətlə döyüşdü.

Yorğanı oldu səngər,
Xilas etdi kənd, şəhər,
Üzünə güldü zəfər,
Qətiyyətlə döyüşdü.

Keçsə də, neçə illər, 
Dəyişsə də, nəsillər,
Sizi sevəcək ellər,
Söyləyəcək fəxrlə;
-Qorxmaz, qoçaq babalar
Rəşadətlə döyüşdü.