…dilindən itburnu çiçəkləri kimi ağ kəlmələr tökülərdi…

Cəmogilin kəndi dünyanın axırında yerləşirdi, elə bir yerdə ki, ordan o yana nəyin olub-olmadığını Allahdan başqa kimsə bilməzdi. Kənd də deyəndə yekə çıxır, Cəmogilin kəndi qayaların arasına sığınmış, daha doğrusu, qayaların arasında gizlənmiş bapbalaca bir obaydı. Kəndin ayağında Əmir kişi asqıranda kəndin yuxarısında Ədil kişi qımışa-qımışa: “Öz başını ye”, – deyərdi. Ya da kəndin yuxarısında Pilə Lətif tütəyini püfləyib “Çoban-bayatı” çalanda, kəndin ayağında Tutu arvad yaylığının ucuyla gözünün yaşını silib: “Ürəyinə qurvan olum,  a Lətif, bizi qırıf batırdın”, – deyib köks ötürərdi.
Cəmogilin kəndi belə kənd  idi. Beş-on ev, hər evdə beş-on uşaq, bir az mal-qara, bir sürü qoyun-quzu, hər qapıda da çınqıl kimi xeyli toyuq-cücə… və bir də, bir də dünyanın heç bir yerində olmayan, kəndin başının üstündən  göyqurşağı kimi asılıb qalan rəngli adət-ənənələr…
Cəmogilin kəndi demişkən, bəs Cəmo kimdi, nəçidi, nəkarədi ki, kənd onun adıyla birgə çəkilir? Əslində, Cəmo bu kəndin gözü, möcüzəsi, hamının xeyrinə-şərinə yarıyan, yaşı bəlli olmayan, uzun, arıq, qıpqıvraq bir adamdı. Civə kimi oynaq gözləri qaşlarının altında parıldayır. Bəlkə, heç rəhmətlik anası da Cəmonun gözünün hansı rəngdə olduğunu sonacan bilməyib. Uzunsov sifətində Allahın verən günü, lap elə dumanlı, çiskinli, qarlı-boranlı  havalarda da günəşəoxşar  təbəssüm dolaşır. Halını xəbər alana,  kətə bişirənə, kətmənlə yer belləyənə, danası itənə alqış eləyə-eləyə gəzib-dolaşır, əlsizə əl, köməksizə arxa olur.
Belə baxanda Cəmonun nə varı var, nə dövləti, kənddəkilərin çoxundan pis dolanır, amma könlü, gözü  o qədər toxdu ki,  elə bil sürü-sürü dəvəsi Yəməndən, ucsuz-bucaqsız ilxısı Monqolustandan gəlir. Dəvəsi yoxdu, amma Cəmonun yaxşı ürəyi, sapsağlam səsi, ağ nəğmələri var. Əslində bu kənd üçün Cəmo qənimət adamdı. Cəmo olmasa, bu kəndin  diriləri bir yana, ölülərinin halı necə olar? Kim  dünyadan köçənləri  dəf-dumbulla, nəğməylə yola salar? Ölənlərin  ruhunu qanadlı sözlərlə kim yuyub-təmizləyər, günahlarını bağışlamaq üçün kim Tanrıya bulaq suyu kimi dupduru, dağ çiçəkləri kimi ətirli  məktublar yollayar, ölənin yeddi arxa dönəninə kim təskinlik verər, kim onları kiridər, kim?
   Axı bu yer dünyanın qurtaracağındaydı. Hərdənbir bu yerə çoxdan boyat olmuş xəbərlər, təkəmseyrək kitablar ya gələrdi, ya heç gəlməzdi. Televizordan, kompüterdən də kimsənin xəbəri olmazdı. Çünki bu kəndin yolu yoxuydu. Yol çəkmək də havayı söhbət idi. Hökumət neçə dəfə istəmişdi ey, yol çəksin, amma çəkə bilməmişdi. Təklif eləmişdilər, camaatı rahat yerə köçürsünlər, kəndin başbilənləri yalvarıb-yaxarmışdılar ki, giley-güzarımız yoxdu, bu balaca dünyamıza toxunmayın, qoyun Yer üzündə  belə bir kənd də olsun. Bu sözdən sonra gələnlər çıxıb getmişdilər. Sıldırımlı qayaları  çapsa, Fərhad çapa bilərdi, amma dağın təpəsində  Şirin nə gəzirdi? Bu kəndin qızları dağ çiçəkləri kimi gözəl-göyçək idilər, köhnəraq paltarları, qara qaloşları olmasaydı, lap şahzadələrə oxşayardılar.  
Obanın kişilərisə özlərini bəy sayırdılar. Babalarının, atalarının dediyi kimi: “Bu yerdə doğulub, bu yerdə ölmək elə bəylikdi!”.
Ölümdən söz düşmüşkən, Cəmogilin kəndində kimsə dünyasını dəyişəndə (bu elə gec-gec baş verərdi ki, hərdən adamların ölüm, daha doğrusu, dəfn mərasimindən ötrü burunlarının ucu göynəyərdi), camaatın çiçəyi çırtlayardı. Sevinərdilər ki, nə yaxşı, Tanrı onları unutmayıb, yada salıb. Belə xoş anlarda Cəmo belinə Zərri nənənin keçi tükündən əyirib toxuduğu mil-mil şalı  qurşayıb çıxardı ortalığa.  Əlinə dəf alıb meyitin baş tərəfində yerini rahatlayar, kəndin adamları da cənazənin yan-yörəsində  oturuşub  gözlərini Cəmoya dikərdilər. Handan-hana Cəmonun təbi gələrdi, yavaş-yavaş hallanar, uzun, çöp kimi barmaqları dəfi diksindirərdi. Dınq, dınq, dınqqq… Dınqıltını eşidəndə qadınların ürəyi birtəhər olar, kirpikləri bir-birinə sıxılar, ilk damcılar səssiz-səmirsiz yanaqlarıaşağı süzülərdi.
Sonra Cəmonun burun pərləri titrəyər, boğazının hülqumu qızarmış dərisinin altında oynardı. Əvvəl mızıltı eşidilərdi. Elə bil içindəki səs dünyanın o başından gələrdi. Səsin yolu açıldıqca, Cəmo ritmə oturardı. Cəmonun dilindən itburnu çiçəkləri kimi ağ kəlmələr tökülərdi. Mənası da belə olardı ki: “Darıxma, indi səni ağ yuxularına büküb gəldiyin yerə göndərəcəyik. Bilirik ki, günahsızsan, elə gəldiyin kimi tərtəmizsən, vicdanına toz qonmayıb, ruhun yaralanmayıb, Tanrı canını alıb, amma  əlini səndən üzməyib,  kənd buna şahiddi”.
Bu yerdə bütün kənd  qıyya çəkib: “Şahidik!” – deyərdilər. Elə içdən qışqırardılar ki, ölünün üzünə təbəssüm qonardı.
Cəmonun dəfn nəğmələrində ölənin həyatı,sevinci, duaları bircə-bircə sadalanardı. Dəfndəki adamlar elə bil mərhumun kinosuna baxardılar. Bütün kadrlar gerçək olardı. Dünyadan köçənin yerişi, duruşu, gülüşü, subaşına getməyi belə epizodik də olsa, kadrlardan keçərdi. Dəfn nəğməsində o adamın  sevgi hekayəti ayrıca  bölmə olardı. Cəmo göz yaşlarının içinə zərif gülüş qatardı. Mərhumun sevgisini işıqla boyayardı. O vaxtacan kimsə rəhmətliyin belə böyük sevgisi olduğunu bilməzdi. Ölənin ömür-gün yoldaşı da ilk dəfə əlli il bir yastığa baş qoyduğu adamı Cəmonun nəğmələrindən tanıyardı. Elə bil Cəmo bu kəndin yaddaş dağarcığıydı. Dediklərinin heç biri uydurma olmadığından, hamı ona inanardı.
Mərasimin sonunda dünyasını dəyişəni uğurlayar, dəfi əldən düşənəcən döyəcləyərdi.
     Bu o demək idi ki, hamı ayağa qalxıb mərhumu son mənzilə yola salsın. Kişilər əl-ələ verib halay çəkirlərmiş kimi cənazəni dövrələyər, qəfildən əllərini buraxıb geri çəkilərdilər.  Bu o demək idi ki, halaydan biri ayrıldı, gedəcək, amma gedənlə kim gedib ki? Həyat davam edir, yolu uğurlu, son mənzili mübarək olsun!
Bu kənddə molla-filan olmadığı kimi, qəbiristanlıq da olmazdı. Adamlar cənazəni qaldırıb elə öz həyətlərindəcə basdırardılar. “Ölünə sahib çıx” məsəli, deyəsən, elə Cəmogilin kəndində yaranmışdı. Adam da öz doğmasını, əzizini, həyatının bir parçasını  özündən uzaqlaşdırarmı?
Bu kəndin toylarını da  Cəmo yola verərdi. Sadəcə yas mərasimindəki sözlərə  bir balaca əl gəzdirərdi. Böyüklərdən eşitdiyi nağılları, dastanları çələng kimi bir-birinə bənd edib danışar, arada qızılgül ətirli nəğmələr söylər, bütün hekayətlərin sonu xoşbəxtliklə, bəxtəvərliklə, işıqla bitərdi. Hə, toy demişkən, toy günü  bəy Cəmonun yanına gedər, ondan xeyir-dua alardı. Cəmo da bəyin qulağına nəsə pıçıldayıb onu utandırardı. Onun  nə pıçıldadığını kimsə bilməzdi. Sözün düzü, burda adamlar çox az danışardı. Çünki dağların başında, göylərə yaxın yerdə çörək kimi, su kimi, söz də müqəddəs sayılardı.
Gün günorta olanda Cəmo uşaqdan-böyüyə hamını səsləyər, bütün kənd bir süfrədə oturub ətotulu, kəklikotulu  yeməklərdən dadardılar. Axşama yaxın Pilə Lətif tütəyini dilləndirər, dünyanın kədərindən qopan bu zərif musiqilər adamların sümüyünü titrədərdi. Pilə Lətifin pilə ürəyini dinləyəndən sonra Cəmo dəfini döyəcləyər, şən nəğmələr söylərdi.
Evdə lampalar yananda, toy bitərdi. Gözəgörünməz bir əl bu kəndin üstünü ipək   yarpaqla  örtər, kənd yuxuya gedərdi. Dünyanın yenidən bölüşdürülməsi, soyuq müharibə, ozon qatının deşilməsi, iqlim dəyişkənliyi, terror, pandemiya və ilaxır, ilaxır qorxulu şeylərdən xəbərsiz  adamlar Yer üzündə heç kimin görmədiyi rəngli, ətirli yuxular görərdilər. Görərdilər ki, ağ atlar çəməndə otlayır, qartallar havada uçuşur, qəddi əyilmiş bir ağaca cavan pöhrələr dayaq verir, parabüzənlər, əlvanrəngli kəpənəklər havada “Yallı”  gedir, bütün bağlı qapılar gec-tez xeyirin əliylə açılır…  
Tanrı  ölümü də  sevinclə qarşılayan, ağ nəğmələr oxuyan, İlahi bağdan qopmayan bəndələrini əlçatmaz bir yerdə – qayaların ovcunda qoruyub saxlayar, adamlarsa bir dimdik suya şükür edən quşlar kimi sevinəndə də, darıxanda da, ağlayanda da başlarını qaldırıb göyə  baxar, baxar, baxardılar…