Xanım ANELA.”DƏLİ MƏLƏK”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.

Günün ən çox sevdiyi vaxtı sübh çağı idi. Lalə – əslində isə Laləzər – həmişə düşünürdü ki, dünyanın ən təmiz anı məhz gecə ilə gündüzün arasındakı o qısa keçiddir. Hələ şəhər tam oyanmayıb, insanlar evlərindən çıxmağa tələsmir, küçələr günün yorğunluğunu və səs-küyünü üzərinə götürməyib.

Yuxudan oyanan kimi yataqdan qalxmağa tələsməzdi. Bir neçə dəqiqə gözlərini tavana zilləyər, sonra içindən sakitcə şükür edərdi. Nəyə görə etdiyini özü də tam bilməzdi. Bəlkə də sadəcə oyandığına görə. Yaş artdıqca insan başa düşür ki, hər yeni günə oyanmaq əslində o qədər də adi hadisə deyil.

Yuxarı mərtəbədə yaşayan yaşlı kişinin namaz qılarkən oxuduğu duaların asta sədası açıq pəncərədən içəri dolur, həyətdə yeni oyanan quşların cikkiltisi ilə qarışırdı. Bu səslərdə qəribə bir ahəng vardı. Sanki biri göyə, digəri yerə aid idi, amma hər ikisi eyni həqiqətdən xəbər verirdi – həyat davam edir.

Lalə belə anları sevirdi. Daha çox sakitliyinə görə hər halda. Səslərə qarşı həssaslığı vardı. Təkcə səslərə yox, ümumiyyətlə dünyaya qarşı həssas idi. İnsanların çoxu həyatın içindən keçib gedirdi, o isə hər şeyi hər kəsdən bir az artıq hiss edirdi. İşıqlar ona başqalarından daha parlaq görünürdü, qoxular daha kəskin gəlirdi, səslər isə bəzən beyninin içində bir-birinə dəyib qırılan şüşələrin cingiltisinə çevrilirdi. Həkimlər buna sensor yüklənmə deyirdilər. Ətrafdakı bütün hisslərin eyni anda insanın üzərinə gəlməsi. Bir uşağın ağlaması, küçədən keçən maşının siqnalı, kiminsə ucadan danışması, mağazanın qapısı açılan kimi çölə yayılan ətir qoxusu, reklam lövhələrinin göz qamaşdıran işıqları, hətta insanların çoxunun fərqinə belə varmadığı floresan lampaların zəif uğultusu onun beynində bir-birinə qarışaraq elə bir yükə çevrilirdi ki, bəzən hansı hissin haradan gəldiyini ayırd edə bilmirdi. Bəzən ona elə gəlirdi ki, beyninin qapıları açıq qalıb və dünya içəriyə nəyi varsa tökür. Yorulurdu – sanki görünməyən bir yük çiyinlərinə qoyulur, nəfəs almaq belə çətinləşirdi. Ona görə də evdən çıxmazdan əvvəl qulaqlıqlarını taxardı. İnsanlar musiqi dinləmək üçün qulaqlıqdan istifadə edirdilər, Lalə isə dünyanı bir az azaltmaq üçün.

Lalə… Əslində, adını da sevmirdi. Laləzər ona həmişə bir qədər ağır, bir qədər də yad gəlmişdi. Buna görə hamıya özünü Lalə kimi təqdim edirdi. Bununla belə adını dəyişdirməyə qıymazdı. Bu adı atası qoymuşdu və onun fikrincə insan bəzən sevmədiyi şeyləri belə qoruyub saxlamaq məcburiyyətindədir, çünki onların içində artıq həyatda olmayan, amma xatirəsi yaşayan adamların izi var.

Qorxuları da çox idi Lalənin. Avtomobil sürməkdən qorxurdu, məsələn, amma bu qorxu öz həyatı ilə bağlı deyildi. Sükan arxasında olarkən birdən-birə kiməsə zərər verə biləcəyi ehtimalı onu narahat edirdi. Dənizdən qorxurdu. Uşaqlıqda az qala boğulduğu gündən bəri. Qapalı məkanlardan qorxurdu. Buna baxmayaraq illərlə metrodan istifadə edir, liftə minir, qorxusunu heç kimə hiss etdirmədən həyatına davam edirdi. Bu qorxuların hamısı vardı və o, illər ərzində onlarla yaşamağı öyrənmişdi. Amma biri vardı ki, nə qədər zaman keçsə də onunla barışa bilmirdi – dəli olmaq qorxusu.

Bu qorxunun haradan gəldiyini özü də bilmirdi. İnsan adətən qorxusunun səbəbini tanıyır. Hansısa hadisə, hansısa xatirə, hansısa ağrı onun kökündə dayanır. Lalə isə bu qorxunun ilk dəfə nə vaxt yarandığını xatırlaya bilmirdi. Sadəcə özünü tanıdığı gündən onunla birlikdə yaşamışdı. Bəzən gecələr yata bilməyəndə bu barədə düşünürdü. İnsan ağlını itirəndə əslində nə baş verir? Yaddaşını itirir, yoxsa özünü? Çünki yaddaşını itirən adam yenə də sevə, kədərlənə, kiminsə əlini tutanda rahatlıq hiss edə bilər. Bəs özünü itirən insan necə? İnsan özündən çıxıb hara gedir? Və geridə nə qalır? Onu qorxudan məhz bu suallar idi. Ölüm heç vaxt ona bu qədər dəhşətli görünməmişdi. Ölüm son idi. Dəlilik isə sonluğu olmayan bir itki kimi görünürdü ona; insanın həyatda qala-qala özündən uzaqlaşması, hər gün bir az da öz içindən silinməsi kimi.

Artıq otuz yaşı vardı və hələ də ailə qurmamışdı. Bunun səbəbini soruşanlara müxtəlif cavablar verirdi. Bəzən vaxtının olmadığını deyirdi, bəzən uyğun insanla qarşılaşmadığını, bəzən də sadəcə tələsmək istəmədiyini. Amma özü bilirdi ki, həqiqət bunların heç biri deyil. Bəlkə də səbəb qorxuları idi. O, aşiq olmaqdan da çəkinirdi. Çünki ona elə gəlirdi ki, həqiqi eşq insanın iradəsini əlindən alır, onu özü olmamaq həddinə qədər dəyişdirir. Sevən adam sevdiyi insan haqqında düşünür, onun üçün darıxır, onun üçün narahat olur, onunla sevinir, onunla kədərlənir. Bütün bunlar isə Laləyə həmişə bir az dəliliyi xatırladırdı. Bəlkə də buna görə sevgi ilə dəlilik arasında görünməyən bir bağ görürdü.

Anasından başqa da demək olar ki, heç kəsi yox idi.

Novruz bayramı ərəfəsində anasının yanına, kəndə getmişdi. “Qara bayram” deyilən gündə isə babası ilə nənəsinin qəbrini ziyarət etmək üçün birlikdə qəbiristanlığa yollandılar.

Babası ilə nənəsinin məzarlarının yaxınlığında balaca uşaq qəbrini xatırladan bir məzar diqqətini çəkdi.

– Bu kimin qəbridir?

– Hansı? – anası gözünün yaşını silərək çevrildi. Lalənin göstərdiyi məzara baxıb dedi: – Mələyin. Dəli Mələyin.

– Nə? Dəli Mələk ölüb?

– Bir neçə ay olar… Yazıq lap balacalaşmışdı. Uşaq kimi olmuşdu axır vaxtlar…

Lalə heç nə demədi. Yavaşca yaxınlaşıb məzarın yanında çöməldi.

– Dəli Mələk… Ölüb?

– O nə sözdür, ay bala? Ölüm ölümdür də.

Lalə susdu. Qəribə hisslər keçirirdi. Nə baş verdiyini özü də tam anlaya bilmirdi. Elə bil uzun illərdir bağlı qalan bir qapı qəfil açılmışdı və uşaqlığı həmin qapının arxasından çıxıb qarşısında dayanmışdı.

Balacaboy, başında həmişə qara, ya da qaramtıl yaylıq olan, köhnə donunun üstündən uzun göyümtül pencək geyinən Dəli Mələk…

Yaylığının altından ağ birçəkləri görünərdi. Kəndin uşaqları onu görəndə daş atar, “Dəli Mələk! Dəli Mələk!” deyib arxasınca qışqırardılar. O da əlindəki çomaqla onların dalınca düşərdi. Lalə isə nə qədər qorxsa da, həmişə onun yanından keçərdi.

– Nətərsən, nənə?

Mələk bəzən cavab verər, bəzən öz-özünə nələrsə danışardı.

Bir dəfə pencəyinin cibindən nanəli konfet çıxarıb ona uzatmışdı. Lalə təşəkkür edib konfeti götürmüş, evə qayıdan kimi bağda torpağa basdırmışdı. Uşaq ağlı ilə elə düşünmüşdü ki, həmin konfeti yeyən adam mütləq dəli olar.

Əslində Mələyə salam verməsinin səbəbi sadəcə mərhəmət deyildi, həm də maraq idi. Onu yaxından görmək istəyirdi. Tez-tez sağa-sola qaçan gözlərini, əsən başını, dodaqlarının kənarında yaranan qəribə cizgiləri, heç kimin səsinə bənzəməyən səsini eşitmək istəyirdi. Həmişə öz-özünə eyni sualları verirdi: niyə ailəsi yoxdur? Haradan gəlib? Niyə küçələrdə yatır? Niyə dəli olub?

Babası bir dəfə demişdi ki, Mələyin haradan gəldiyini heç kim bilmir. Amma bir şeyi hamı bilir – Mələyin ürəyi çox təmizdir. Bununla bağlı bir hadisə də danışmışdı hətta. Bir dəfə yay vaxtı sahədə işləyərkən günorta istisindən hamı əldən düşübmüş. Birdən Mələk haradansa peyda olub. Əlində köhnə çaydan, qoltuğunda bir neçə stəkan varmış. Heç kim ondan heç nə istəməmişdi. Sakitcə gəlib çayı süzüb işçilərin qabağına qoymuşdu. Sonra da heç nə demədən uzaqlaşıb getmişdi.

“Ağlı yerində deyil, amma bir çoxlarında olmayan ürək var onda.” – demişdi babası.

Mələyi nə zaman görsə ya ondan söz düşsə məhz bu cümləni xatırlayardı.

Ürəyi bu qədər təmiz olan adam niyə ağlını itirmişdi bəs?

İllər sonra onun məzarının qarşısında dayananda da beynində yenə həmin cümlə və həmin sual dolaşırdı.

Şəhərə qayıdandan sonra uzun müddət özünə yer tapa bilmədi. Yay gəlmişdi. Havalar isinmişdi. Hər şey əvvəlki kimi idi, amma nədənsə özü əvvəlki kimi deyildi. Evdən işə, işdən evə keçən günlərin arasına uzun gəzintilər daxil olmuşdu. Əvvəllər qaçdığı yerlərdə bir az artıq dayanırdı. İnsanlarla danışmağa çalışırdı. Hətta bəzən qulaqlıqlarını çıxarıb küçənin səsini dinləyirdi.

Dəli Mələyin məzarını gördüyü gündən sonra içində nəinsə dəyişdiyini hiss edirdi. Uşaqlıqdan gözündə böyütdüyü, haqqında düşünməkdən belə qorxduğu bir taleyin sonunda sadəcə bir insanın dayandığını görmüşdü. Dəli Mələk artıq onun təsəvvüründəki qorxulu obraz deyildi. O da hamı kimi yaşamış, qocalmış və ölmüşdü. Bəlkə də ilk dəfə anlayırdı ki, insan tanımadığı şeydən qorxur. Tanıdığı şeyə isə mərhəmət edir.

Və həmin günlərin birində nəhayət dənizə getməyə qərar verdi. Uşaqlıqdan qorxduğu dənizə.

Sahildə dayanıb uzun müddət suya baxdı.

– Burda nə var ki? Bax hamı girir, çıxır. Heç kimə heç nə olmur. Sən də girəcəksən. Sadəcə diqqətli olacaqsan.

Səsini eşidən olsaydı, yəqin onu dəli hesab edərdi. Bu fikir ağlından keçəndə özü də güldü. Sonra suya girdi.

Elə bir az getmişdi ki, qəfil gələn güclü dalğa onun tarazlığını pozdu. Ayağının altındakı qum sürüşdü, bədəni qeyri-ixtiyari olaraq yana əyildi. Hər şey bir neçə saniyənin içində baş verdi. Uşaqlıqda yaşadığı o qorxu, illərlə xatırlamaq istəmədiyi hiss birdən-birə geri qayıtdı. Lalə əl-qol atmağa başladı. Suyun dayaz olduğunu ağlı ilə anlayırdı, amma qorxu çoxdan ağlın idarəsindən çıxmışdı.

Birdən kimsə onu tutdu. Suyun içindən qaldırıb sahilə tərəf aparmağa başladı. Lalə dərindən nəfəs almağa çalışdı. Ürəyi elə döyünürdü ki, elə bil sinəsindən çıxacaqdı.

– Üzə bilmirsinizsə, suya niyə girirsiniz axı?

Lalə cavab verməyə çalışdı.

– Mən…

– Siz nə?

– Qorxumun üstünə getmək istədim.

Oğlan bir neçə saniyə ona baxdı.

– Təksiniz?

– Hə.

– Kimsə yoxdur yanınızda?

– Yox. Mənim su fobiyam var.

– Görünür.

Lalə başını aşağı saldı.

– Qorxunun üstünə getmək istədim…

– Qorxunun üstünə getmək pis fikir deyil. Amma belə şeyləri tək etmək olmaz.

Lalə qeyri-ixtiyari şəkildə başını qaldırdı.

– Nəyi?

– Qorxunun üstünə getməyi. Belə hallarda adamın yanında kimsə olmalıdır. Tək olmaz deyirəm!

Oğlan bunu adi bir söz kimi dedi. Yəqin ki, bir neçə dəqiqədən sonra özü də həmin cümləni xatırlamayacaqdı. Amma bu sözlər gəlib Lalənin daxilində elə bir yerə toxundu ki, özü də təəccübləndi. Tək olmaz!

Bəlkə də ona görə ki, indiyə qədər hər şeyi tək etməyə çalışmışdı. Qorxularını tək yaşamış, ağrılarını tək daşımış, gecələr yata bilməyəndə fikirləri ilə tək qalmış, həyatdan da çox şey gözləmədən yaşamışdı. Hətta sevməkdən də ona görə qorxmuşdu ki, kiməsə bağlanmaq, kiməsə ehtiyac duymaq zəiflik kimi görünmüşdü ona.

Ancaq həmin an ilk dəfə düşündü ki, bəlkə insanın ən böyük yanlışı da elə budur. Bəlkə həyat doğrudan da tək yaşamaq üçün yaradılmayıb. Bəlkə insanın bütün gücü hər şeyi tək bacarmasında deyil, lazım gələndə kiməsə söykənə bilməsindədir. Axı ən çətin anlarında belə insanın yadına düşən ilk şey bir əl, bir səs, bir nəfər olur.

– Yaxşısınız?

Oğlanın səsi onu fikirlərindən ayırdı.

– Hə… yaxşıyam.

– Əminsiniz?

Lalə ilk dəfə diqqətlə ona baxdı. Sonra gülümsədi.

– Hə.

– Adınız nədir?

Bu sualı yüzlərlə dəfə eşitmişdi. Həmişə də eyni cavabı vermişdi.

– Lalə…

Nədənsə Dəli Mələyin məzarı gözlərinin önünə gəldi. Uşaqlıqdan bəri qorxduğu o qadın, sonra həmin məzarın yanında hiss etdiyi qəribə rahatlıq, son aylarda içində baş verən dəyişikliklər… Elə bil bütün bunlar onu illərlə gizlətdiyi bir həqiqətə gətirib çıxarmışdı.

– Laləzər.

Oğlan təəccüblənmədi.

– Gözəl addır.

Lalə dənizə tərəf baxdı. Günəş batmaq üzrə idi. Suyun üzərində qızılı işıq parçalanıb xırda dalğaların arasında itib-batırdı. Həyatında ilk dəfə idi ki, öz adını eşidəndə ona yad adamın adı kimi gəlmədi. İlk dəfə idi ki, dəli olmaq haqda düşünmürdü və ilk dəfə anlayırdı ki, həyat insan bütün qorxularından qurtulanda deyil, onların əsirinə çevrilməyi dayandıranda dəyişir.