Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində 11-12 aprel tarixlərində Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirildi.
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşən forum öz işini aprelin 12-də “Konsepsiya və strateji hədəflər” mövzusunda birinci panel iclasla davam etdirdi.
İclasda “Milli teatrın inkişaf strategiyası”, “Auditoriya tələbinin formalaşması və tamaşaçı axınının stimullaşdırılması”, “Marketinq və reklam strategiyası”, “Çağdaş teatr prosesində müstəqil teatrların rolu” mövzuları üzrə müzakirələr aparıldı.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirovanın moderatorluğu ilə keçən müzakirədə Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə teatr və təhsil, teatr sənəti dünən və bu gün mövzusunda danışdı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə teatr sahəsində islahatlar, ənənələr, festivallar və müasir tələblər barədə fikirlərini bölüşdü. “M Teatr”ın rəhbəri Xalq artisti Vidadi Həsənov müstəqil teatrların problemləri, Azərbaycan Dövlət Yuğ Teatrının quruluşu rejissoru Gümrah Ömər rejissor işi və təcrübə mübadiləsi mövzularında çıxış etdilər.
Panel müzakirədə həmçinin “dOM” teatrının rəhbəri Tərlan Rəsul teatr problemlərinə spesifik yanaşma, “Əsa” teatrının rəhbəri Nihad Qulamzadə isə tamaşaçı-teatr münasibətləri barədə söz açdılar.
İclasda mütəxəssislər tərəfindən suallar cavablandırıldı, müxtəlif təkliflər səsləndirildi.
“Teatr sahəsində insan kapitalının inkişafı”
Günün ikinci yarısında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin moderatorluğu ilə forumun sonuncu panel iclası keçirildi.
“Teatr sahəsində insan kapitalının inkişafı” mövzusuna həsr olunan paneldə “Teatr təhsilində tələblə təklifin uzlaşma mexanizmi”, “Teatr aktual məsələlərin effektiv təbliğat platforması kimi”, “Sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti”, “Müasir teatr sənətində festival hərəkatı” və “Region teatrlarında kadr potensialı” mövzuları üzrə müzakirələr aparıldı.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Xalq artisti Aleksandr Şarovski, ADMİU-nun Teatr sənəti kafedrasının dekanı Böyükxanım Talıbova, Şəki Dövlət Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Əməkdar artist Nicat Kazımov, Akademik Musiqili Teatrın quruluşçu rejissoru İradə Gözəlova və Teatr Xadimləri İttifaqının əməkdaşı, teatrşünas Dağlar Yusif qeyd olunan mövzularla bağlı çıxış etdilər. Faydalı müzakirələrin aparıldığı iclasda maraqlı təkliflər irəli sürüldü.
Bununla da, 150 yaşlı Azərbaycan peşəkar teatrının inkişaf perspektivlərinin müzakirə olunduğu, iki gün davam edən forum öz işini başa vurdu. Sonda xatirə şəkilləri çəkdirildi.