***

Narkotik ittihamıyla Vüsal adlı ucaboy, yaraşıqlı cavan bir kişini həbs eləmişdilər. Yaşdaş olardıq. İş gəlib çıxmışdı stolumun üstünə, – prokuror kimi qərar verməliydim. Axşama yaxın katibə bir ərizəylə girdi otağıma. Baxdım ki, Vüsaldı, görüş istəyir.

– Cənab prokuror, mənə nə qədər iş görünür?

– Başın daşdan-daşa dəyib, bilməmiş olmazsan.

– Mən axı narkotik alverçisi deyiləm. Gizləmirəm, istifadəçi olmuşam. Vallah, onu da tərgidirdim.

– Burda istifadəçi və satan kimi sənədləşdiriblər.

– Nəyə deyirsiniz, and içim, narkotik satan deyiləm. Şərləyiblər məni.

– Ocağı alışmamış söndürməliydin.

– Gücüm çatmadı.

– Hər halda narkotik çəkmisən!

– Onda gərək, Amerikada gündə on min adamı tutub  basalar dama.

– Niyə?

– Orda narkotikdən istifadə eləmək qadağan deyil.

– Ora Amerikadı, orda qanun var…

– Məni bağışlaya bilməzsiniz, cənab prokuror?!

– Bilərik.

– Həəə…

– Qanunu pozsaq.

– Pozun da, cənab prokuror.

– 10 minin olsaydı, nə vardı ki…

– 10 minim olsaydı, burda nə gəzirdim?!

– İşinə bax.

– Bir təklifim var, amma… – dayandı.

– Təklifini de.

– Mənə “qeyrətsiz” deməzsiniz?

– Təklifini de.

– Barter əməliyyatı apara bilərik?!

– Burda əmtəəlik nə var ki?!

– Dirigözlü adam verə bilərəm sizə.

– Quldarlıq dövrü çoxdan keçib?!

– Cənab prokuror, vallah, heç nə dəyişməyib, elə alver alverdi.

Diqqətlə gözlərinin içinə baxdım.

– Bacımı gətirə bilərəm.

Belə təkliflər məndən ötrü göydəndüşmə olmadığı üçün sakitcə dedim:

– Sən yaşda adamın bacısı cavan olmaz.

– Kiçik bacımdı, ərə də getməyib, 22 yaşı var. Mənim bu hərəkətimi qəbahət saymayın. Tarixdə belə hadisələr çox olub. Hətta şahlar belə başı salamat qalsın deyə, həyat yoldaşını üsyan başçısına bağışlayıb.

İş gününün sonuna yaxın katibə mesaj yolladı mənə: “Bir qız gəlib”.

“Buyursun”.

Gözəl bir qız girdi içəri. Kimliyini bilsəm də, söhbətə bəhanə üçün soruşdum:

– Kimsən, adın nədi?!

Başını aşağı saldı.

– Vüsalın bacısı deyilsən ki?!

Üzümə baxıb, gözünü yerə dikdi.

Qız xoşuma gəlsə də, Nəsirəddin Tusinin “Axırı ziyan gətirən xeyirdən qaç” fikrini yadıma salıb, qorxdum:

– Get, bala, bu iş sənlik deyil.

Qız başını dik qaldırıb, heyrətlə üzümə durdu:

– Gedə bilmərəm!

Mat qaldım:

– Niyə?!

– Qardaşım başımı kəsər!

Gülümsədim:

– Qardaşını gedər-gəlməzə göndərərəm!

– Allah eləməsin!

Zəngi basdım:

– Qızı yola sal.

Deyərdim ki, qız candərdi çıxdı çölə.

Səhəri günü təzəcə işə başlamışdım ki, mesaj gəldi katibədən: “Cənab prokuror, bir xanım görmək istəyir sizi.”.

Cavanlarsayağı “Ok” yazdım.

Qapı açıldı. Əsl Şərq xanımlarına məxsus bir gəlin girdi içəri, – ucaboy, dolubədənli, kök demək olmazdı, çatmaqaş, yumrusifət. Yanaqları da… Elə bil gülöyşə narını dənələyib yeyəndən sonra şirəli əlini çəkmişdi sifətinə.

Bunu da qıza verdiyim mənasız sualla qarşıladım:

– Kimsən, adın nədi?!

– Vüsalın həyat yoldaşıyam, adım da Mələkdi.

Gözəlliyi qarşısında özümü saxlaya bilmədim, salavat çevirdim:

– Fətəbərəkallah əhsənül Xaliqin!

Gəlin qaşlarını çatdı:

– Nə dediniz?!

– Peyğəmbər əleyhissəlamın sözüdü – Səni yaradana şükr! Doğrudan da, mələksən!

– Nə olsun, bəxtim ki, mələk deyil!

– Bəxt yazanın qadasını alım, itə mələyi yazır, mələyə iti.

Dinmədi.

– Öz istəyinlə gəlmisən?!

– Əlbəttə… yox.

– Onda burda nə işin var?!

– Göndəriblər!

– Könülsüz tikə boğazdan keçməz. Gedə bilərsən!

Gəlin həyəcana düşdü:

– Yox-yox, nə danışırsınız, gedə bilmərəm?!

– Niyə?!

– Vüsal başımı kəsər!

Elə səhəri günü bu Şərq gözəliylə bağ evimdə görüşdüm. Hətta həyat yoldaşının azadlıq istəyini bir ay da gözündə qoydum. Mələkdən doya bilməsəm də, verdiyim sözə əməl eləməliydim. Həbsxanadan çıxan günü Vüsal prokurorluğa da gəlmişdi ki, təşəkkürünü bildirsin mənə, qəbul eləməmişdim.

***

Az qala hər həftə Mələklə görüşürdük. Hiss eləyirdim ki, məndən razı qalır. Bacardığım qədər səxavətlə yola salırdım. Amma pis bir cəhəti vardı – çıxarırdım ki, pul verəm, əlimdən qapırdı.

5-6 aydan sonra gördüm həyat yoldaşım mənə çəp baxır. Bir gün də səsini atdı başına:

– Özgəsinin haramıyla günlərini necə xoş keçirirsənsə, evdə öz halalına hünərini göstərə də bilmirsən!

– Bu nə sözdü, ay qız?!

– Həqiqət!

– Bəlkə “böhtan” demək istəyirsən?!

– Yadında saxla ki, yerin də qulağı var!

– Dilini də göstər yerin.

– Dili mənim qarnımdadı, darıxma, tezliklə şoka düşərsən, inşallah!

Barmağımı dişlədim.

– Küpəgirən səni yoldan çıxarıb!

– Küpəgirən kimdi?!

– Süpürgəçini deyirəm, Nailəni, pinti köpəkqızıydı, qovmuşam bağdan, o da mənə böhtan atıb.

Həyat yoldaşım mənalı-mənalı üzümə baxıb, şaqqıldayıb güldü.

– Bu nə gülüşdü, ay qız?!

– Niyə tələsiyirsən, səsini eşitdin, dadını da görərsən?!

***

Bir gün də işdən qayıdanda, baxdım ki, Lələ  köçüb, yurdu qalıb – nə arvad, nə uşaq.

– Sədaqət!

Qulluqçu yerdən çıxmış kimi qarşımda dayandı.

– Hanı Sevinc, hanı Murad?!

– Səhər siz eşiyə çıxan kimi, Sevinc əlində çemodan, uşagı da alıb yanına, getdi.

– Bilmədin, hara getdilər?

– Ha soruşdum, demədi.

Fikir məni götürdü.

Qonaq otağına girəndə ilk gözümə dəyən seyf oldu. Kodu yığıb, qapısını açdım.

– Oh!.. – diz üstə çökdüm. – 50 min dollar və zinət əşyaları yoxa çıxmışdı. Üstəlik də, 10 ildən sonra qırx qurbanla tapdığımız yeganə oğlumuz.

Bir həftə özümdə-sözümdə olmadım. Bir gün Türkiyədən mesaj gəldi telefonuma: “Sən də adını kişi qoymusan. Hünərin-zadın da yox idi, ay yazıq. Hardan olaydı ki, onun-bunun arvadıyla yatıb-dururdun. İndi baxıram, mən ərdə olmamışam ki! Ərin nə olduğunu indi görürəm! Uzun sözün qısası, Mələyə salam deyərsən!

Başımı elə itirmişdim ki, Mələyin kim olduğu da yadımdan çıxmışdı:

– Mələk kimdi?

– Vüsalın keçmiş həyat yoldaşı!

– Vüsalın?!.

– Bəli, Vüsalın!

– Vüsalı hardan tanıyırsan?!

– Niyə də tanımayım?! O, indi mənim həyat yoldaşımdı…

Telefon əlimdən düşdü.

05-07.10.2023

Mənbə: https://edebiyyatqazeti.az/