Son vaxtlar qərarım sığmır şəhərə,
ağlımı çaşdırır xatirələrim,
bir vaxtlar zamanım itən yerlərə
düşərək,özümü gəzir gözlərim.

Burda illərimin çoxusu gedir,
Vallah,dözümümə,səbrimə əhsən!
əslində-şəhərlər “Muzey” kimidir,
gəzəsən,baxasan,çıxıb gedəsən.

İndi yorğun-arğın,əlimdə əsa,
(açansa bu fikri duydum birinnən):
“Əslində–dünyada yeni nə varsa,
qədimnən qalandı yeni görünən”.

Hərdən tez yorulur alüdə olan,
kənddə bir-biriylə hamı tanışdır,
burda bir havaynan qalxıb ucalan
başqa bir havanın yelinnən aşır.

Burda yağmurlar da bulanıq yağır,
hərdən ildırım da başqa cür çaxır,
getmişdim– orda da adam darıxır,
kəndin də get-gedə xarabı çıxır.

…yenə də qəzetlər qapılarını
gəzirəm həvəslə,əlimdə qovluq,
birində tapıram “Şeir qananı”,
birində “İstedad” pərişan olur.

İndi asfalt olub çınqıllı yolum,
şəvə saçlarıma qar ələnibdir,
birdə ki,Xalqıma məxsus olduğum,
Dövvlət Möhürüylə təsdiqlənibdır.

Son vaxtlar qərarım sığmır şəhərə,
hərdən səndələdir xatirələrim,
bir vaxtlar gəncliyim itən yerlərə
düşərək özümü gəzir gözlərim…