“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

* * *

Nə ürəyim, nə ağlım
Səndən əlini üzdü.
Təkliyə düşən kimi
Darıxdığım da düzdü.

Baxma səsim hüzünlü,
Baxma gözlərim yaşdı.
Ah, səni xatırlamaq
Bilirsən necə xoşdu?

Hamı bir az təsəlli,
Hamı könül boşluğu.
Hamı zaman israfı,
Unutmaq sərxoşluğu.

Sən duyğumun sərsəri,
Ruhumun hürr vaxtısan.
Həsrətimin şər vaxtı,
Arzumun hər vaxtısan.

Səndən nə qaldı ki…

Sonra gözəl-göyçək ayrılıq gəldi,
Sonra gözəl-göyçək ayırdı bizi.
Arxanca uzanan əlim gödəldi,
Üzü qışa tutduq ürəyimizi.

Səndən nə qaldı ki, eh, səndən heç nə,
Bir azca peşmanlıq, bir azca hüzün.
Sən məni hamıdan yaxşı tanıdın,
Mən səni tanıya bilmədim, quzum.

Ölü doğulubdu məhəbbətimiz,
Daha yanağımda axınım sənsən…
… Bir az uzaq dayan, uzaq ol mənə,
Hələ də hamıdan yaxınım sənsən…