
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri.
Heç uşaq olmaq istəmirəm…
əgər yenə məktəbə
92-ci ilin payızında gedəcəyəmsə,
elə həmin ildən vətənimin torpaqları
işğal olacaqsa,
siz belə bir uşaqlığa
qayıtmaq istərdinizmi?!
Kəndimiz ilk şəhidini
mən birinci sinfə gedəndə vermişdi.
O vaxta qədər ölüm sözünü
az-çox eşitmişdim,
uşaq ağlıyla mənasına da varırdım.
Amma birinci sinfə gedəndə
yeni dəyişmiş əlifbayla bərabər
öyrəndiyim söz şəhid sözü oldu.
Elə ondaca
ölümün yeni bir formasını
kəşf etdim.
Sən demə, şəhid olmaqla
ölmək eyni şey deyilmiş…
Mən ibtidai sinfi bitirincə
kəndimiz on beş şəhid verdi.
Bir də onda ayıldım ki,
uşaq olmaq yadımdan çıxıb.
23.05.2016