Author: Delphi7

  • Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub

    Göygöl rayonunda Turistik Məlumat İdarəetmə Sisteminin açılış mərasimi olub.

    Göygöl Regional Muzeyində gerçəkləşən tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab və Berlin Humbolt Universitetinin professoru xanım Eva Maria Aux iştirak ediblər.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Göygöldə səyahət-yol nişanları sistemimin yaradılması istiqamətində göstərdikləri xoşməramlı fəaliyyətə görə Almaniyanın Azərbaycandakı səfirliyinə öz minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan və alman xalqları hələ iki əsr öncə sülh və dostluq şəraitində birgəyaşamın modelini yaradaraq, ümumbəşəri tolerantlıq anlayışına töhfələr veriblər: “200 il əvvəl Şərqə, Cənubi Qafqaza üz tutmuş alman icmasının ölkəmizdəki tarixi-mədəni izlərinin qorunub saxlanılması və tanıdılması məqsədilə Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bir sıra işlər həyata keçirilib. Bu gün multikultural mədəni irsimizin önəmli bir hissəsi kimi Azərbaycandakı alman izlərinin qorunub saxlanılması və təbliği istiqamətində növbəti uğurlu addım atılır”.

    Nazir müavini Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli Sərəncamını xatırladıb. Bildirib ki, Sərəncamın icrası ilə əlaqədar çoxsaylı tədbirlər gerçəkləşib. O cümlədən Göygöl şəhərində alman icmasının sonuncu nümayəndəsi olmuş Viktor Klayının yaşadığı evdə muzey təşkil edilib, muzeyin sahəsi genişləndirilib, bərpa və konservasiya işləri həyata keçirilib. Eyni zamanda Forerlərin yaşadığı evdə Göygöl Tarix-Diyarşünaslıq muzeyi təşkil olunub, bərpa-konservasiya və tərtibat işləri görülüb. Yubileylə əlaqədar sərgilər açılıb. Həmçinin Cənubi Qafqazda alman icmasının məskunlaşmasının (1817) 200 illiyi Azərbaycan, Gürcüstan və Almaniyanın birgə təşəbbüsü ilə UNESCO-nun yubileylər proqramına salınıb, UNESCO səviyyəsində də tədbirlər keçirilib.

    Rafiq Bayramov sonda bir daha qarşılıqlı maraq və birgə səylər nəticəsində iki ölkə arasında mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib.

    Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Azərbaycanda alman mədəni irsinə göstərilən diqqət və qayğıdan danışıb. Turistik Məlumat İdarəetmə Sisteminin açılışının əhəmiyyətindən danışan səfir bildirib ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də möhkəm əlaqələr var. Bu münasibətlərin daha da gücləndirilməsi istiqamətində görülən işlərin davam etdiriləcəyi vurğulanıb.

    Rayon icra hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək bildirib ki, iki dövlət arasındakı tarixi dostluq ənənələrinin davam etdirilməsi nəticəsində almanların Azərbaycandakı evləri, Bakı, Göygöl və Şəmkirdəki lüteran kilsələri, digər alman memarlıq nümunələri olan tikililəri qorunub saxlanmaqdadır.

    Daha sonra Almaniya Xarici İşlər Nazirliyinin mədəniyyətin qorunması proqramı əsasında Göygöl şəhərinin tarixini turistik olaraq cəlbedici etmək üçün hazırlanmış yol nişanları, məlumat lövhələri və stendlərin qurulması konseptinə baxış olub.

    İdarəetmə sisteminin xanım Eva Maria Aux tərəfindən təqdimatından sonra seçilmiş lövhə və stendlərin açılışı ilə əlaqədar gəzinti təşkil edilib.

    Daha sonra Göygöl şəhərindəki lüteran kilsəsində “Azərbaycan memarlığında alman irsi” kitabının təqdimatı keçirilib. Müəllif Elçin Əliyev tərəfindən imzalanmış kitablar qonaqlara kitablar hədiyyə edilib.

    Qeyd edək ki, iki əsr əvvəl Azərbaycana gələn almanlar Helenendorf koloniyasını (indiki Göygöl şəhəri) yaradıblar. Sonralar alman icması daha da böyüyüb və yeni yaşayış məskənləri salıblar. 1941-ci ilin avqustunda Stalin rejiminin qərarı ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycan SSR ərazisində yaşayan alman vətəndaşlar Mərkəzi Asiyaya sürgün olunub.

    Mənbə: https://azertag.az

  • Anna Netrebko və Yusif Eyvazov Baden-Baden opera evində çıxış edəcəklər

    Rusiyanın Xalq Artisti Anna Netrebko və Azərbaycanın Xalq Artisti Yusif Eyvazov Baden-Baden opera evində (Festspielhaus Baden-Baden) çıxış edəcək.

    AZƏRTAC Baden-Baden opera evinin saytına istinadla xəbər verir ki, iyulun 20-də və 23-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının kollektivinin qastrolu çərçivəsində Françesko Çileanın “Adriana Lekuvryor” operasının premyerası olacaq. Səhnə əsərində Adriana Lekuvryorun partiyasını Anna Netrebko, Mauritsionun partiyasını isə Yusif Eyvazov ifa edəcək.

    Operanın Mariya Teatrında premyerası 2017-ci ilin iyun ayında olub.

    Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

    Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.

    Mənbə: https://azertag.az

  • Balaca rəqqaslarımız “Qızıl ulduz” rəqs yarışmasında iştirak edib

    Gürcüstanın Batumi şəhərində keçirilən “Qızıl ulduz” yarışmasında Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizdən bir neçə qrup iştirak edib.

    Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, artıq 3 ildir təşkil olunan müsabiqəyə güclü kollektivlər qatılır. Yarışmada Azərbaycanın “Buta” rəqs ansamblı, “Aysel” və “Sevinc” rəqs qrupları təmsil ediblər.

    Balaca rəqqaslarımız vətənə diplomlarla dönüblər.

    Mənbə: https://azertag.az

  • Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümü uğurla başa vurub


    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90-cı mövsümü repertuar tamaşalarının nümayişi ilə yanaşı, yaradıcılıq planına uyğun olaraq hazırlanmış yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivalları və müsabiqələrdən uğurlu nəticələr ilə yaddaqalan olub. Kollektiv mövsüm müddətində 10-dan çox beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edib, bir beynəlxalq layihəyə imza atıb. Həmçinin məktəblilər və böyüklər üçün ümumilikdə 12 yeni tamaşa hazırlayaraq teatrsevərlərin ixtiyarına verib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində ölkə başçısının Sərəncamı ilə bir qrup mədəniyyət xadimlərinə fəxri adlar verilib və sevindirici haldır ki, onların sırasında Gənc Tamaşaçılar Teatrının aktyorları da yer alıb.

    Sənət ocağının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatr özünün 90-cı mövsümünə uşaqlar üçün “Çipollino” və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə yekun vurub.

    Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar Artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Həmid Kazımzadə, tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşviq Əliyevdir. Rolları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Günel Məmmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova və başqaları ifa ediblər.

    Mənbə: https://azertag.az

  • Pantomima Teatrı mövsümə “İt gəzdirən xanım” tamaşası ilə yekun vurub

    Azərbaycan Dövlət Pantomima Teatrı mövsümə A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış tamaşa ilə yekun vurub. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Leyla Atayevanın quruluşunda izlənilən səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq Artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Tamaşada rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

    Mənbə: https://azertag.az

  • Tanınmış rəssam ölkəmizi beynəlxalq qurumda təmsil edib


    Moskvada Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının üç günlük konfransı keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Günay Mehdizadə təmsil edib.

    YEAKOP baş direktoru, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov bildirib ki, Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasında Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsində təmsil olunan dövlətlərinin müəllif hüquqları sahəsi üzrə ixtisaslaşan ziyalı insanlarla yanaşı, aparıcı milli cəmiyyətlər də təmsil olunmaq iqtidarındadır.

    Onun sözlərinə görə, təşkilatda Xalq yazıçıları Çingiz Abdullayev, Anar, Fikrət Qoca kimi ziyalılarla yanaşı, tanınmış Azərbaycan bəstəkarlarının da adı yer alır: “Təşkilat yalnız üzvlərdən deyil, eyni zamanda, prezidiumdan ibarətdir ki, bu da səs çoxluğu ilə müəyyən olunur. Həmin prezidiumda isə əsasən aktiv və daima inkişafa meyilli olan insanların cəlb olunmasına üstünlük verilir. Tanınmış rəssam Günay Mehdizadə isə gənc nəslin nümayəndəsi kimi olduqca aktiv və inkişafa meyillidir. Belə insanların Azərbaycanı istənilən qurumda təmsil edə bilməsi hər baxımdan perspektivlidir”.

    Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi isə bildirib ki, Türkiyənin də müşahidəçi statusunda iştirak etdiyi bu toplantıda Azərbaycanın bir təmsilçisinin də beynəlxalq bir təşkilatda olması, eləcə də Günay Mehdizadənin YEAKOP idarə üzvlüyünə seçilməsi, Azərbaycanın və türk dünyasının qələbəsidir: “Günümüzdə internet vasitəsilə ən çox əməyi oğurlanan yaradıcı insanlardır. Mədəniyyət qurumları olaraq texnoloji vasitələrdən, müasir üsullardan istifadə edərək müəllif hüquqlarını qorumalıyıq. Sənəti və mədəniyyəti, xüsusən də gənclərin ən çox istifadə etdiyi internetdən təbliğ etməliyik. Günay xanım müasir fikirləri olan bir sənətçidir, buna görə də ondan mədəniyyət sahəsində daha böyük, yaradıcı işlər gözləyirik və buna ümid edirik”.

    Günay Mehdizadə konfransda hər kəsin yekdilliklə ona səs verməsi ilə bağlı məmnunluğunu ifadə edib O deyib: “Qəlbi Azərbaycanla döyünən hər bir sənətçi həmkarlarımın adının beynəlxalq təşkilatlarda çəkilməsini ölkəmizin sevinci kimi qəbul edirəm. Rəsm əsərlərimin beynəlxalq məkanda müxtəlif ölkələrin sənətşünasları və bu sahənin təmsilçiləri tərəfindən qəbul olunaraq maraqla qarşılanması, təbii ki, böyük sevincdir. İnanıram ki, Azərbaycan mədəniyyəti adına daha böyük uğurları Vətənimə və xalqıma bəxş edə biləcəyəm”.

    Mənbə: https://azertag.az

  • Bənzərsiz aktyorluq istedadı, gözəl ifa tərzi və sənətə hədsiz məhəbbət

    Xalq Artisti Şahmar Ələkbərovun anadan olmasının 75 illiyi qeyd edilib

    Artıq neçə dəfədir ki, Şahmar Ələkbərovun yubileyini onsuz qeyd edirik. Amma buna baxmayaraq onun xatirəsinin işığına hər zaman yüzlərlə insan yığışır. Bu, bir daha onu göstərir ki, əsl sənətkarlar heç vaxt ölmür, onların qoyub getdiyi zəngin irs əbədiyaşardır.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri görkəmli kino aktyoru və kinorejissor, Xalq Artisti Şahmar Ələkbərovun 75 illiyinə həsr edilən tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev deyib.

    İyulun 17-də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Muzey Mərkəzində reallaşan tədbirdə C. Quliyev aktyorun sənət yolundan danışıb. Qeyd edib ki, Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Şahmar Ələkbərov fitri istedadı və zəhməti sayəsində səhnəyə yeniliklər gətirməklə öz üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı ekran əsərlərində böyük ustalıqla canlandırdığı müxtəlif xarakterli obrazlar barədə məlumat verən C.Quliyev deyib ki, onun çəkildiyi filmlər ölkə kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

    Tədbirdə Xalq Artisti Əminə Yusifqızı, Əməkdar Artist Elxan Qasımov və başqaları Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşüb, onun sənət dünyasından söz açıblar.

    Bildirilib ki, Ş. Ələkbərovla 1943-cü il avqustun 23-də Gəncədə dünyaya göz açıb. Cəmi 50 il yaşayıb. Amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yaza bilib.

    O, Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin “Lope de Veqa” tamaşasında çıxış edib. “Ustalar” tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərоv onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib. Şahmar Ələkbərov “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə “Ulduz” proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, “Molla Nəsrəddin” radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.

    Vurğulanıb ki, Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir.

    Bildirilib ki, ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar Ələkbərov. “Dağlarda döyüş”dən başlamışdı onun ilk aktyor karyerası. Şahmar Ələkbərovun yaratdığı Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar…”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.

    Şahmar Ələkbərovun elə qəhrəmanları var ki, onları xatırlamamaq mümkünsüzdür. “Yeddi oğul istərəm” filminə tamaşa edəndə hamımız Qəqəninin “Ölmə, Qəzənfər dayı, ölmə!” deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirik. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas olan keyfiyyət deyildi.

    Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi “İmtahan” filmi olub. Sonra “Sahilsiz gecə”ni çəkib. Şahmar Ələkbərovun ssenarisi əsasında ekranlaşdırılan “Qəzəlxan” filmi də uğurlu alınıb. Bu film Azərbaycanın görkəmli şairi Ə.Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır.

    Xalq Artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.

    Tədbirdə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılıb, çəkildiyi filmlərdən kadrlar nümayiş olunub.

    Mənbə: https://azertag.az

  • Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı

    Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Dünya Konfransı davam edir. Azərbaycan Mədəniyyət Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası tərəfindən təşkil edilən konfransda 500-dən çox mədəniyyət, incəsənət və elm xadimi iştirak edir. İyulun 16-da konfrans çərçivəsində türk xalqlarının mədəniyyəti ilə tanışlıq olub.

    AZƏRTAC xəbər verir ki, Bakı Musiqi Akademiyasının Opera Studiyasının konsert zalında TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edib. Diqqətə çatdırıb ki, 2008-ci ilin may ayından baş katibi olduğu TÜRKSOY-un bu yaxınlarda 25 illiyi qeyd olunub.

    D.Kaseinov türk xalqlarının musiqi ənənələri haqqında yığcam məlumat verib.

    Zəngin türk musiqi mədəniyyəti alimlərin diqqətini çoxdan bəri tədqiqat obyekti kimi cəlb edir. Tədqiqatçılar hər bir müasir türk mədəniyyətinin özünəməxsusluğu ilə yanaşı, onların genetik qohumluğu ilə də qarşılaşırlar. Lakin XX əsrdə türkdilli xalqların ənənəvi musiqi sənəti bir-birindən xeyli ayrılmış müxtəlif musiqi mədəniyyətləri təsirini bağışlayıb.

    Ərəb-müsəlman mədəniyyəti Türkiyə, Qafqaz və Mərkəzi Asiya türklərinə (türklərə, azərbaycanlılara, türkmənlərə, özbəklərə, habelə daha az dərəcədə qazaxlara və qırğızlara) böyük təsir göstərərək, onların musiqi mədəniyyətində muğamın yaranmasına və yayılmasına səbəb olub.

    Rusiyaya birləşmə və Sibir türklərinin bir hissəsinin (altaylar, xakaslar, yakutlar, şorlar, tofalar) xristianlaşdırılması da onların musiqi mədəniyyətinin gələcək inkişafına təsir göstərib. Hazırda müasir türk xalqlarının musiqi mədəniyyəti zəngin və rəngarəng səs materialına malikdir. Müasir türk xalqlarının qədim (İslamdan əvvəl, xristianlıqdan əvvəl və bütpərəstlikdən əvvəl), arxaik qatlarında yalnız bu mədəniyyətlərə xas olan vəhdət elementləri qorunub saxlanmaqda davam edir. Hərçənd sonrakı yüzilliklərdə bu mədəniyyətdə müəyyən dəyişikliklər baş verib.

    Tədbirdə tanınmış ifaçıların çıxışlarının yer aldığı videoçarxların nümayişi ilə yanaşı, canlı ifalar da olub. Qırğızıstan, Qazaxıstan, Türkiyə, Yakutiya və Azərbaycandan olan ifaçıların çıxışları maraqla qarşılanıb.

    D.Kaseinov hər bir çıxışı şərh edib, musiqi alətlərindən, epos qəhrəmanlarından, dünya sosiomədəni məkanında türk xalqlarının musiqi mədəniyyətinin mövqeyindən və rolundan danışıb.

    Mənbə: https://azertag.az

  • İstanbulda beynəlxalq uşaq geyimi sərgisi açılıb

    İstanbulda 35-ci Beynəlxalq uşaq geyimi və aksesuarlar sərgisi (İstanbul Kids Fashion) açılıb.

    AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, sərgidə dünyanın bir sıra ölkələrindən 200-ə yaxın aparıcı uşaq geyimi istehsalçılarının məhsulları təmsil olunub.

    İyulun 20-dək davam edəcək sərginin təşkilatçıları gözləyirlər ki, bu sərgiyə Türkiyədən və dünyanın 80 ölkəsindən beş minə yaxın insan tamaşa edəcək.

    “UBM ICC” şirkətinin nümayəndəsi Xədicə Dinçer “Anadolu” agentliyinə müsahibəsində deyib: “Sevindirici haldır ki, builki sərginin iştirakçısı olan şirkətlərin sayı artıb. Misir, Əlcəzair, Rusiya və Ukraynadan çoxsaylı şirkətlər İstanbul Kids Fashion sərgisində iştirak etmək arzusunu bildiriblər.

    X.Dinçerin sözlərinə görə Rusiya, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Ukrayna, Özbəkistan, Misir, Tunis, Səudiyyə Ərəbistanı, Əlcəzair, İordaniya, Mərakeş, habelə balkan və yaxın Şərq regionu ölkələrindən olan sahibkarlar bu sərgiyə xüsusi maraq göstəriblər.

    Uşaq geyimi istehsalçıları sərgidə 2018-ci ilin payız-qış kolleksiyasına aid modelləri təqdim edəcəklər.

  • Rusiyanın informasiya agentliyi Leyla Əliyevanın kitabı haqqında yazıb

    Rusiyanın “RİA Novosti” agentliyinin “Rossiya dlya vsex” portalı Azərbaycan Tərcümə Mərkəzinin beynəlxalq layihələri haqqında, yaxın günlərdə Londonda dərc edilmiş gənc Azərbaycan şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı haqqında material yerləşdirib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, məqalədə gənclərin Leyla Əliyevanın əsərlərinə marağından və kitabın nəşr edilməsi məqsədindən danışılıb.

    Məqalə ilə daha yaxından tanış olmaq istəyənlər https://azj.rus4all.ru/exclusive/20180703/728681157.html elektron ünvanına müraciət edə bilər.

    Mənbə: https://azertag.az

  • “YARAT”da yeni eksperimental tamaşa təqdim olunub

    “YARAT” Müasir İncəsənət Mərkəzində “Şağ” adlı eksperimental tamaşa nümayiş edilib.

    AZƏRTAC xəbər verir ki, tamaşa tanınmış yazıçı Sevinc Çılğının üç kiçik pyesi əsasında hazırlanıb. Burada bir-biri ilə əlaqəsi olmayan müxtəlif süjetlər arasında tamaşada iştirak edən aktyorlar tərəfindən bağlılıq yaradılır. Səhnə əsəri sərgi janrındadır və daha çox aksiya xarakterlidir. Aktyorların tamaşa zamanı oyunu poliqon platformasında təcrübədən keçirdikləri spontan aktyor texnikası əsasında qurulub. Tamaşanın özünə gəldikdə isə o, eyni zamanda, göstərilən bir neçə hadisədən ibarətdir. Səhnə əsərinin nümayişi zamanı seyrçilərin oturmağı nəzərdə tutulmayıb. Tam formatda interaktivliyə malik olan səhnə əsəri hər bir tamaşaçıya hadisələrin gedişatına müdaxilə etmək icazəsi verib. Tamaşa maraqla qarşılanıb.

    Mənbə: https://azertag.az

  • “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı uğurla davam edir

    Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” şüarı altında keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı davam edir.

    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 25-də Masallı rayonunda başlanan festivalın növbəti tədbiri Mingəçevir şəhərində təşkil edilib.

    Açılış mərasimində layihə barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, festivalda Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar Regional mədəniyyət idarələrinin hər birinin ekspozisiya çadırları qurulub, regionlar üzrə şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilir.

    Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından, “energetiklər şəhəri”nin mədəni potensialından söhbət açıb. Vurğulayıb ki, bu festival ölkəmizin bütün regionlarını əhatə etməklə mədəni zənginlik, xalq sənətkarlığı irsi və incəsənət nümunələri ilə tanış olmaq imkanı yaradır. Layihənin yay mövsümündə keçirilməsi, həmçinin yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə bilavasitə tanış olmaq fürsəti verir.

    Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, aşıqlar öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Şəhər sakinləri və qonaqlar bölgələrə aid mədəniyyət nümunələri, regionların tarixini və müasir görkəmini əks etdirən eksponatlarla maraqla tanış olublar.

    Festival barədə təəssüratlarını bölüşən Bərdə rayonundan Validə Nabatova qeyd edib ki, Mədəniyyət Nazirliyi bundan öncə də bölgələrin mədəni irsini təbliğ edən layihələr həyata keçirib: “Bölgələrdən-bölgələrə” festivalı hər kəsin ürəyincədir. Burada şəhər və rayonların maddi mədəniyyət nümunələri ilə tanış oluruq. Layihəni təşkil edənlərə minnətdarlığımı bildirirəm”.

    Mingəçevir İncəsənət məktəbinin direktoru Etibar Əliyev də tədbiri yüksək qiymətləndirib: “Festival şəhər və rayonlarımızın mədəni zənginliyinin nümayişidir. Görürsünüz, insanlar necə də həvəslə iştirak edirlər. Hər bir rayonun ekspozisiya sahəsi ilə maraqlanırlar. Çox gözəl və əhəmiyyətli layihədir”. Beləliklə, festivalın Mingəçevir şəhərindəki tədbiri də uğurla başa çatıb.

    Qeyd edək ki, Cümhuriyyətin 100 illiyi şərəfinə reallaşdırılan “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı nazirliyin digər regional idarələrində də təşkil ediləcək. Layihə ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradacaq, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin olacaq.

    Xatırladaq ki, festival Masallı, Lənkəran, Salyan, Sabirabad, Füzuli rayonunun Horadiz şəhəri, Ağdamın Quzanlı qəsəbəsi və Göyçayda keçirilib.

    Mənbə: https://azertag.az

  • Kukla Teatrı mövsümü başa vurdu

    Azərbaycan Dövlət Kukla Teatrı özünün 86-cı mövsümünü başa vurub.

    AZƏRTAC xəbər verir ki, mövsümün bağlanışında teatrın rejissoru Qurban Məsimovun quruluş verdiyi “Cırtdan” və “Üç cəsur” tamaşası oynanılıb.

    Balacalar əvvəlcə M.Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini izləyiblər. Teatrın baş rejissoru Qurban Məsimov mərhum dramaturq Rəhman Əlizadəyə məxsus səhnələşdirməyə tam yeni quruluş verərək müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim edib.

    Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunub.

    Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Elnur Əliyev, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov ifa ediblər.

    Klassik rus nağılı əsasında hazırlanan “Üç cəsur” tamaşası da balaca tamaşaçıların marağına səbəb olub. Rus bölməsində ilk dəfə hazırlanan (tərcümə Q.Məsimov) bu tamaşaya da teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərində qurulan səhnə işinə yeni obrazlar əlavə etsə də, klassik ana xətti saxlamaqla müasir səhnə həllinə nail olub.

    Tamaşada rolları Rauf Babayev, Lina Məmmədova, Afət Ağayeva, Adil Dəmirov, Elmira Hüseynova, Araz Həsənli ifa ediblər.

    Tamaşaların nümayişindən sonra, teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Rəşad Əhmədzadə müəssisənin yaradıcı həyatında xüsusi rol oynayan əməkdaşları rəhbərlik tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırıb.

    Bu mərasimə özünün 29-cu mövsümünü başa vuran “Yuğ” Teatrının aktyorları da qatılıblar. Belə ki, məhsuldar aktyor, ilin aktyor və aktrisası, mövsümün perspektivli aktyoru, uğurlu fəaliyyətinə görə seçilən əməkdaşı, həmçinin, ilin rejissoru, rəssamı da seçilərək sənətdə fərqləndiklərinə görə təltif olunublar.

    Teatrın rəhbərliyi ötən mövsümdə olduğu kimi bu il ərzində də teatrla yaxından əməkdaşlıq edən kütləvi informasiya vasitələri təmsilçilərindən bir neçə nəfəri “Teatrın dostu” mükafatı ilə təltif edib.

    Təltif olunanlar arasında AZƏRTAC-ın müxbiri Zərəngiz Mansurova da var.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət Naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 20-də Qazax şəhərində vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu şəhərdə yerləşən Ədəbiyyat Muzeyində reallaşacaq qəbulda (Heydər Əliyev prospekti, 98A ) Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

    Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

    Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

    Mənbə: https://azertag.az

  • Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib


    İyulun 16-da Bakıdakı Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və “İstanbul-Azərbaycan Mədəniyyət Evi” dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb.

    AZƏRTAC xəbər verir ki, konfransda İctimai Birliyin sədr müavini Cavid İsmayıl AXC-nin tarixindən, Türkiyə-Azərbaycan arasındakı əbədi dostluq əlaqələrindən, birgə əməkdaşlıq nəticəsində reallaşdırılan layihələrdən söhbət açıb.

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova AXC-nin müstəsna nailiyyətlərindən danışıb. O, məhz Cümhuriyyətin yaradılması nəticəsində Azərbaycanın dünya xəritəsində bir reallığa çevrildiyini bildirib.

    Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını deyən F.Əhmədova müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi.

    Vurğulanıb ki, Azərbaycan Demokratik Respublikası mövcud olduğu qısa müddət ərzində demokratik cəmiyyətin formalaşması istiqamətində mühüm addımlar atıb, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edib. Avropanın bir çox dövlətlərində qadınların seçmək və seçilmək hüquqlarının olmadığı bir dövrdə, Azərbaycan Demokratik Respublikası 1918-ci ildə qadınlara bu hüququ verib.

    “Cümhuriyyətimiz dünyaya göstərdi ki, biz keçmişlə yaşamırıq, gələcəklə yaşayırıq, humanist dövlətik. Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin adı belə çəkilmirdi, indi isə həmin dövrün həqiqi tarixi dərindən öyrənilir və təqdim olunur”, – deyə alim vurğulayıb.

    Konfransda çıxış edən “İstanbul-Azərbaycan Mədəniyyət Evi”nin sədri Hikmət Elp Qafqaz İslam Ordusunun yaradılması haqqında məlumat verib.

    Bildirilib ki, Nuru paşa türk və Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz İslam Ordusunun komandanı olmaqla bərabər Azərbaycan hökumətinin qərarı əsasında milli hərbi hissələrin formalaşdırılmasına rəhbərliyi də öz üzərinə götürüb. O, Bakı Sovetinə tabe olan bolşevik-daşnak hərbi qüvvələrinə, erməni silahlı dəstələrinə qarşı mübarizəni təşkil edib, Azərbaycanın milli hərbi hissələrini birləşdirib. İncə və çevik hərbi duyuma malik olan Nuru paşa ona həvalə olunmuş hərbi vəzifələrin öhdəsindən bacarıqla gəlib, Azərbaycan hökumətinin və xalqının dəstəyi ilə onun komandanlığı altına olan hərbi qüvvələr qısa vaxt ərzində Gəncədən Bakıya qədər uğurlu döyüş yolu keçiblər.

    Natiqlər bildirib ki, bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən isə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam və 2018-ci ili Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi oldu. Sözsüz ki, bu, çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir.

    Çıxış edənlər Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdikləri layihələrdən söhbət açıblar.

    Mənbə: https://azertag.az

  • Rafiq ODAY.”Dərdə dərmanım, tez yetiş, sənsiz dildə dastanam mən”

    Dərdə dərmanım, tez yetiş, sənsiz dildə dastanam mən,
    Baxma ki, göylə gedirəm, dərdi yerlə yeksanam mən.*

    Deyirlər ki, dan sökülür, günəş doğur hər sübh çağı,
    Bu bir həqiqətdirsə bəs niyə zülmətnişanam mən?!

    Hər kəsə bəllidir mənim siqlətim də, xislətim də,
    Mücərrədlə işim olmaz, kim deyir ki, pünhanam mən?!

    Məni damla bilən kəsin zövqünə yazıqlar olsun,
    Baş vurmağa cəhd eyləsin, görsün necə ünmanam mən.

    Nə Kanda gəz, nə Məkanda, nə də laməkan san məni,
    Sən adlı dünyam var mənim, Eşq adlı bir məkanam mən.

    Xilqət üçün bir yol vardır, Oday, Haqqa tapınmağa, –
    Ta Adəmdən üzü bəri varlıq üçün bürhanam mən.

  • “Hece Taşları” aylık şiir dergisinin 41. sayısı yayında

    ON BEŞ TEMMUZ BAYRAMI

    Yirmi sekiz eylül geçti ömrümden, hâlâ tanklar düşlerime giriyor, toprağı bol olsun beşli çetenin, kardeş kardeşiyle kanlı bıçaklı, olsun diye bir köşede bekleyip, kurdular konseyi bir gece vakti, tiplerine uygun suçlar üretip, ağıllara hayvan sürüyor gibi, tutup tutup doldurdular kodese, sorgusuz sualsiz demokrasiyi, gerneşe gerneşe çarmıha gerip, bir sağdan bir soldan asıp göçtüler.

    İki bin on altı on beş temmuz’da, tanksız düşler deyip birbirimize, henüz ışıklara dokunamadan, günün hesabını kapatamadan, uyku kirpiklere sürme çekmeden, rüya hayal arasında gezerken, boğaz köprüsüne tanklar yığıldı, kalpleri afyonlu ruhsuz askerler, silahını kardeşine çevirip, gözünü kırpmadan ateş ederken, göğsü tunçtan siper olan insanlar, meydanları kuşatmaya başladı.

    Beni Allah tutmuş kim eder azat, fikriyle donanmış bir tayyib insan, asumana uçurunca sesini, ulubatlı hasan gibi her insan, bulduğu bayrağı sancak belleyip, sokakları
    caddeleri dolduran, ellerinde tornavida bıçakla, her biri bir tankın önüne geçti, geride çol çocuk hanım yavuklu, hiç kimsenin umurunda değildi, tekbirlerle yürüdüler kolkola, ölümden korkmamak bu olsa gerek.

    Uçaklar göklerden ölüm kusarken, şahadet şerbeti sebil olmuştu, hiç kimse kimseyi ezip geçmiyor, kardeşlik hak hukuk böyle bir şeymiş, vatan varsa gelin olur hürriyet, vatan yoksa arın namusun gider, bu bilinci uyandırdık yeniden, eylül artık düşümüze girmiyor, üstümüzden ölü toprağı kalktı, yeni bir diriliş destanı yazdık, varsın bizden size bergüzâr kalsın, kutlu olsun on beş temmuz bayramı.

    Tayyib Atmaca

  • Gülnarə SƏMA.”Şəfa Vəlinin “Poçtalyona məktubu”

    “Hamının atdığı yerdə Təkcə söz tutdu bu qızı!” – deyən Şəfa Vəlini SÖZ Prezident təqaüdünə, nazirlik mükafatına layiq olmağa qədər müşayiət etdi. 2017-ci ilin sonlarında isə “Poçtalyona məktub” da ünvanlandı. Həmin məktuba “Sənin kədərində miladdan öncə, Sənin sevincində işıq iliyəm…” – etirafları da əlavə olundu. Tamamilə orijinal və özünəməxsus misralardan ibarət şeirlər toplusu olan bu kitabda Şəfanın şeir dilində söyləmək istədiyi nağılları yer almışdır. “Güldüm… Gülüşüm də ağladı səni, Saxta təbəssümüm könül həyası…” – sətirləri kimi təkrarsız ifadələr kitabda yetərincədir. Əksər şeirlərində əvvəllər qarşılaşmadığımız yeni ifadələrlə rastlaşırıq. “Həsrətsiz sevmək də haram Ödəmişəm bu vergini” – tipli mükəmməl misraları olan şeirlərin yeganə qüsuru qafiyələnmə texnikasında olan “özbaşınalıq”dır. Bu o demək deyil ki, Şəfa əsl mükəmməl qafiyənin nə olduğunu bilmir. Çox yaxşı bilir. İnanmırsınızsa, bu bəndə diqqət edin:

    İndi qaç görüm, ay ürək,
    Bu taleyin biryarından.
    Bəlkə, daha geri dönək,
    Nağılların diyarından?

    Bəli, Şəfa istəyəndə təkrarsız və bənzərsiz qafiyələr işlədə bilir. Daha bir nümunəyə baxaq:

    Söz vermişəm gözlərinə
    Yaraşacam damla-damla…
    Qatıb ağu sözlərimə,
    Göndərəcəm “xoş məramla…”

    Bənddə həm yeni fikir, həm də yeni qafiyənin işlənməsi şeirin təntənəsi kimi qəbul edilməlidir. Çünki mükəmməl məzmun mükəmməl forma ilə daha cazibədar görünür. Onun yalnız məzmun mükəmməlliyinə hesablanmış misraları kifayət qədərdir. “Mən səndən gizlətdim məhəbbətimi, Axırda daş olub başıma dəydi” – kimi ifadələr təzəliyi ilə maraq doğurur. İnsanın diqqətini daha çox “başına dəysin” frazemi çəkir. Müəllif bu frazemi nə qədər həqiqi mənada verməyə cəhd eləsə də, sözün məcazi mənası dərhal nəzərə çarpır və fikri daha da gözəlləşdirən elə budur. “Mənim ayrılığım günah olmadı, Yad sığal görməmiş telə bənzədi” – sətirlərində “bənzəmək” feili işlənsə də, bu fikirlərin bənzərsiz olduğu göz qabağındadır. “Bağışla, bilmədim elə gün gələr, sevgi zirvəsinə çıxan yıxılar” misraları da zirvədən yıxılmaq mövzusunda yazılmış başqa şeirlərdən ilk baxışdanca fərqlənir. “Yazıq oldu arzular da, Mənim səni sevməyimdə” – etirafı isə səmimi olduğu qədər də fərqlidir. Arzuların yazıq olmasının səbəbkarı, daha doğrusu, günahkarı sevgi imiş. Hansı ki, o arzuları arzusuna çatdırmaq sevgidən umulurmuş. Bəlkə də, “Yaman çoxdu səndən küsən Ummadım ki küsə bilim…” etirafı da arzuların taleyindən nigarançılığı əks etdirir. Çünki dönüb keçmişə baxanda bunları görürük:

    Xana qurdum ürəyimin odundan
    Yanlış vurdu naxışları o gözəl.
    Sevən qəlbə bir təsəlli ağıldan,
    Nə mən dönüm xatirəyə, nə sən gəl.

    Bəndin ilk misrasındakı xana sözü etnoqrafik cizgiləriylə yanaşı, od mənşəli olması ilə diqqəti çəkir. Odla oynamağa başı qarışan gözəl vurduğu naxışların yanlışlarını çox gec anlayır. Bir də onda ayılır ki…

    Sən uzaq… Çox uzaq coğrafi bir kəşf,
    Adasan, körfəzsən, dənizsən, nəsən?
    Bəlkə, savannalar, tropik meşə?
    Bəlkə də, zərif, incə bənövşə…
    Ya bəlkə, quruca bir səhrasan sən?!

    Diqqət yetirsək, bənddə coğrafi terminlərin necə ustalıqla poetikləşdirildiyini görmək olar. Ümumiyyətlə, Şəfanın şeirlərində ümumişləkliyi az olan sözlərin yerində işlədilməsi maraqlı alınır: “Gəl çatdır əcəlini həsrətin, Son qoy sənsizliyin melodramına…” və ya “Bizim xoş günümüz ölüb büsbütün, Saniyəölçənin rəqəmlərində…” Gətirdiyimiz misallarda melodrama və saniyəölçən sözlərinin şeirdə sınağının uğurlu alındığını söyləmək olar. Bu cür sözlərin işlədilməsi ilə yanaşı Şəfanın şeirlərində “sözyaratma” cəhdlərinin də şahidi oluruq:

    Ürəyim yenə də susar, danışmaz,
    Küskün kədərlərə məkanlıq eylər.
    Sənin yoxluğuna yenə alışmaz,
    Amma sənsizlikdə sultanlıq eylər.

    Bənddə işlədilmiş “məkanlıq” sözü dilimiz üçün qeyri-ənənəvidir. Yəni leksik şəkilçi artırılsa da, söz yenə öz əvvəlki “məkan”ını saxlayır. Sadə sözlə düzəltmə sözün arasında heç bir yeni məna fərqi nəzərə çarpmır. Bununla belə, onun şeirlərində ən ağlagəlməz sözlərin poetik tərəfini üzə çıxarmağa ciddi cəhd edildiyini görmək olur: “Kim dedi bu qisməti poz, Bəxt yazan da bitərəfdi”. Əsasən siyasi motiv ehtiva edən bitərəf sözü bu misralarda ədalətpərəstlik anlamında işlənmişdir.
    Şəfa müraciət etdiyi mövzudan asılı olmayaraq öz hisslərini, özünəməxsusluğunu poetikləşdirməyə meyilli yazardır. O, sanki hər şeirinə bir parçasını hopdurur. “Öpüm yatım şəklini Yolun düşsün yuxuma” və ya “Ayrılığın əvvəli Mənim sonuma qaçır” kimi nümunələr məxsusi yaşamın obrazlaşdırılmasıdır. Bəzən isə özünü bütövün tərkib hissəsi kimi anladır. “Bizim dövrün ayrılığı Bircə günə olur boyat…” – sətirlərində olduğutək. “Mən səni tərk etmədim, Səndən qabağa düşdüm” və ya “Yiyəsiz sevdanın saçı pırtlaşıq, Daha indən belə hörüyə gəlməz…” misralarında isə dilimizin poetik imkanlarının genişliyi nümayiş olunub. Təbii ki, ilk baxışdan “pırtlaşıq” sözünü poetik anlamda heç cür təsəvvür etmək olmur, lakin gətirdiyimiz nümunədə xüsusi ustalığın bəhrəsi göz qabağındadır. Başqa bir şeirində isə sırf Şəfaya məxsus bir ölçü vahidi ilə tanış oluruq:

    Gözlərimin sevinci
    Boyun-buxunun qədər…
    Gözündəki sevinci
    Yozdu yuxun nə qədər?

    İndiyə kimi sevincin ölçü vahidi olaraq ən müxtəlif meyarlardan istifadə olunub. Bu cür yüz ölçüb bir biçmək də Şəfanın qismətinə düşüb. “Bu səhnə mənə tanışdı Yaraşar alqışlarıma” – sözlərində isə səhnə və alqış sözlərininin bir-biri üçün tamamlayıcı vuruq olduğunu peşəkarcasına göstərib. Səhnə əslində tamaşanın oynanıldığı yerdir, alqışlar isə səhnəyə yox, oradakı tamaşaya ünvanlanır. Həmin misrada isə metaforik köçürmənin gözəlliyi alqışa layiqdir. Təbii ki, misrada səhnə sözü həm də əvvəllər nə vaxtsa baş vermiş bir hadisənin təkrarı anlamına da gəlir. Yaxud da “Adımı əyninə geyən Bəzənən qara mərmərə” – misralarında başdaşı haqqında indiyə kimi deyilməmiş tamamilə orijinal bir qənaətə gəlinir. Haradan biləsən ki, “adın daşlara yazılsın” qarğışı başdasını bəzənməyə həvəsləndirirmiş. Şəfa o qədər özünəməxsus müşahidələr aparır ki, sonunda bu qənaətə gəlir: “Həyatla qumar istəsən Oyunda basabas olur”.
    Şəfa Vəli “Poçtalyona məktub” kitabında əsasən sevgili şeirlərini bir araya gətirsə də, ictimai mövzulu olanlarla yanaşı vətənpərvərlik mövzulu olanlara da rast gəlmək olur. Bunlardan biri də Milli Qəhrəman Mübariz İbrahimova ünvanlı şeirdir ki, müəllif qəhrəmanını tapındığım ərənim kimi təqdim edərək “Sevgisini torpağıma sərənim…” sözləri ilə öyür. Şəfa bir yazar olaraq hər müraciət obeyktində bir yaşam izi buraxır. “Bəxtsiz Bakı nağılım, Bağışla ki, xoşbəxtəm” misralarından da göründüyü kimi sonda xoşbəxtliyə sahiblənməyin sevincini yaşamaq olur. Şəfa xoşbəxtlik duyğularını qələmilə çox həzin bölüşərək səmimi etiraf edir ki, “Uçuram… Hey uçuram… Buludlanıbdı sözlər”.

    2018

  • Şəfa EYVAZ.”Baxışlarım da səssizləşib bu aralar”

    Baxışlarım da səssizləşib bu aralar,
    dinləyən olsa eşidər səsini
    sızıldayan səssizliyin…

    Mən bu gün yoxam.
    uzun illərin ardından
    itirdiyim özümə boylanıram.
    kimdi o qız?!

    Əlimdə qalan nədi,
    nələri itirmişəm…
    soyuq qış gecəsiyəm indi mən.

    daha umidlərim inciməz,
    neçəsini istəyirsiniz
    sındırın, “adamlar”, sındırın.
    donan hisslər üzündən
    ağrını hiss etmirəm.

    indi soyuq qış gecəsi,
    ruhu itmiş biriyəmsə,
    nə anlamı qalır ki,
    nələri itirmişəm.

    indi bu səssizlikdə
    bir qurd ulayır içimdə,
    bütün yoxluqları kəndir eləyib
    tənha kədərindən asır özünü…

    06.07.2018

  • Gənc yazar Kamran Murquzovun şeiri “Hece Taşları” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, , Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisi və , “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Mətbuat xidmətinin rəhbəri, şair-tərcüməçi-jurnaist Kamran Murquzovun “Azerbayaycan toprağına düşüp güzarın, Yunusum!” şeiri Osmanlı türkcəsinbdə Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” dergisinin yeni 94. sayısınnda dərc olunub.
    “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” ayihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır, məsləhətçisi isə Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.
    Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnaist Kamran Murquzovun “Azerbayaycan toprağına düşüp güzarın, Yunusum!” şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.
    Qeyd edək ki, bundan öncə şeirləri “Kümbet”, “Usare”, dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Kənan AYDINOĞLU.

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

  • Rafiq ODAY.”Sinəmizdə əbədi qövr edən eşqin közüdür”

    Sinəmizdə əbədi qövr edən eşqin közüdür,
    Adəmdən Xatəmədək vəhy olan eşqin sözüdür.

    Bizə can bəxş eləyən eşqə mücərrəd nə demək?!
    Bizi ali məqama çatdıran eşqin özüdür.

    Əsil insan odu ki, bircə üzə qail ola,
    O da nurdan yaranan saf və pak eşqin üzüdür.

    Hər şeyə dörd göz ilə baxmağa görməkmi denir?! –
    Yeddi qatdan o yanı göstərən eşqin gözüdür.

    Məcnunun məskəninə çöllü-biyaban deməyin,
    O adi səhra deyil, İlahi eşqin düzüdür.

    Qorxusu olmaz, Oday, zülmətin eşq əhli üçün,
    Aşiqin – nur çiləyən sevgili eş – gündüzüdür.

  • Rafiq ODAY.”Bu əruz adlı dərin nəhridə kim var gəlsin”

    Bu əruz adlı dərin nəhridə kim var gəlsin,
    Adbaad söyləmirəm, bəhridə kim var gəlsin.

    Dünyanın gərdişi bu – hər zaman hökmdə qalar,
    Göy ilə yer arası dəhridə kim var gəlsin.

    Od salar xanəsinə, könlünü qəhrdə tutar,
    Zili qəmdi, bəmi qəm, qəhridə kim var gəlsin.

    Nicat Allah işidir – yönünü əzmlə çevir,
    İxfa*nı pünhan elə, cəhri*də kim var gəlsin.

    Ya gələ meydan aça Odaya hökmlə, ya da
    Əl sıxıb təslim ola, fəxr edə – kim var gəlsin!

    *Asta səslə edilən qiraətə “ixfa”,
    uca səslə edilən qiraətə “cəhr” deyilir.

  • Rafiq ODAY.”Vaxtıdı”

    Bir az ağır olun, nolar,
    Batman gəlməyin vaxtıdı.
    Savalandan yola çıxıb,
    Atnan gəlməyin vaxtıdı.

    Görüb oxu – kürəkdəki,
    Kimdi əsən külək təki?!
    Yaşanarmı ürəkdəki
    Çatnan, gəlməyin vaxtıdı.

    Dərd sinədə sırıq-sırıq,
    Sirr verdiyin ağzıcırıq,
    Düşmən neylər ki, bu qırıq
    Zatnan, gəlməyin vaxtıdı.

    Dözməklə kar aşandımı?
    Ruhsuz bir gün yaşandımı?!
    Barışmaq yaraşandımı
    Matnan?- Gəlməyin vaxtıdı!

  • Şəfa VƏLİYEVA.”burax, əllərində ölsün qırışlar”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    burax, əllərində ölsün qırışlar,
    çərçivə olmasın baxışlarına…
    mənə çoxdan “xala” deyir uşaqlar,
    nə tez “nənə” oldun, ay naxış anam?!

    Mən elə bilirdim,
    qocala bilməz
    mən boyda “körpəsi” olan bir qadın…
    Daha günlərimdən borc ala bilməz,
    “olmazlar”…
    Dilimdə təkbirdi adın…

    burax, qoy qocalsın “Sabir küçəsi”…
    heç kimin ilk sevda qəsri olmasın…
    “saçımda ağ kağızın boz kölgəsi…”
    -demişdin…
    o kölgə heç canlanmasın…

    burax, dizlərində kükrəsin zaman…
    burax, at oynatsın sevinc üzündə…
    mən sənin dizinə qısılıb yatan
    “körpənəm”…
    qalmışam şeir düzündə…

    əllərim açılır dörd bir tərəfə-
    mən bütün dinlərin bidətçisiyəm…
    duam himn kimi…
    “Laylay, bənövşəm…”
    Lilitin sonuncu lənətçisiyəm…

    sən nə tez yenildin ağrılarına?
    nə tez zəfər himni çaldı “can hayı”?
    sən nə tez qocaldın, ay naxış anam?
    hələ cücərməyib candan can payım…

  • Şəfa EYVAZ.”Yorğun ürəyimi də götürüb”

    Yorğun ürəyimi də götürüb,
    hüzuruna gəlmişəm, Tanrım…
    o qədər yolu yorğun yoldaşla gəlmək necə çətindir,
    bilirsənmi?!

    bir kədərdən perikib
    ürkmüş arzularımı toplayıb gətirmişəm…
    görə bilirsənmi, Tanrım, neçəsini itirmişəm?

    ümidlərim qalaqlanıb,
    satın alan yoxdu,
    əlimdə qalıb, Tanrım,
    alırsanmı?

    tükəndim, Tanrım,
    görmürsənmi?!

    tükəndim…
    06.07.2018

  • Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2018-ci ilin sentyabr ayında Sumqayıt Dövlət Dram Teatrının yaranmasının 50 illiyi tamam olur.

    Azərbaycanın zəngin teatr ənənələrinin layiqli davamçısı kimi Sumqayıt Dövlət Dram Teatrı fəaliyyətə başladığı ilk vaxtlardan səmərəli yaradıcılıq axtarışları ilə daim diqqəti cəlb etmiş, klassik və müasir dramaturgiya xəzinəsinin bir sıra qiymətli nümunələrinə ustad sənətkarların yaxından iştirakı ilə yeni quruluşlarda uğurlu səhnə həyatı vermiş və ötən dövr ərzində tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. Özünün istedadlı aktyor və rejissorlarını yetişdirən Sumqayıt Dövlət Dram Teatrı bu gün ölkənin tanınmış sənət ocaqlarından olub, milli mədəniyyətin ümumi tərəqqisi işinə töhfələr bəxş etməkdədir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və milli teatr sənətinin inkişafında xidmətlərini nəzərə alaraq, Sumqayıt Dövlət Dram Teatrının yaradılmasının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 5 iyul 2018-ci il.

    Mənbə: https://president.az

  • Böyük Britaniya rəssamının “İçərişəhərə qapı” adlı sərgisi açılacaq

    İyulun 6-da İçərişəhəridəki “Zəncirli bina”da Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərə qapı” adlı sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, fırça ustasının 40-dan çox rəsm əsəri “Ev- zəncirlərlə imarət” qalereyasında nümayiş olunacaq. Sərgidə İçərişəhər tarix Muzeyi Fonduna rəssam tərəfindən hədiyyə edilmiş 15 ədəd əsər təqdim olunacaq.

    Xatırladaq ki, ötən il rəssamın “İçərişəhərin 100 növü” adlı əsərləri ofort – qrafika versiyalarının birində yaradılıb və ilk dəfə Azərbaycan Dövlət İncəsənət Muzeyində fərdi sərgidə təqdim olunub.

    Sərgi iyulun 20-dək davam edəcək.

    Qeyd edək ki, Edvard Tvoxiq rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə rəhbərlik edir. Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, Banksayd Qalereyasının hamisidir. Onun “Yer üzü və xətt” (Berstou qalereyası, Brayton), “Təbiətin tərənnümü” (Berkşir), “Görünən poeziya” (İrlandiya Respublikası), “Gözəl mənzərə” (Saffolk), “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” (Bakı) adlı fərdi sərgiləri keçirilib.

    Mənbə: https://azertag.az

  • “YARAT”dan növbəti layihə- “Özünü kəşf et”

    YARAT” Müasir İncəsənət Mərkəzində “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgi çərçivəsində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçirilib.

    “YARAT”dan AZƏRTAC-a bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edə biliblər. İştirak edən hər kəs, peşəkar ustadlar tərəfindən müxtəlif bədii texnikalar və üslublarla tanış olub, kətan üzərində fırça və boya ilə öz əsərlərini yaradıblar.

    Dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri bundan sonra hər çərşənbə, 19:00-21:00 saatlarında keçiriləcək. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunacaq.

    Mənbə: https://azertag.az

  • Kinematoqrafçılar İttifaqının elan etdiyi müsabiqənin nəticəsi açıqlanıb

    Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Azərbaycan kinosu: dünən, bu gün sabah” adlı müsabiqənin nəticələri açıqlanıb.

    İttifaqdan AZƏRTAC-a bildirilib ki, milli kinomuzun 120 illiyinə həsr olunmuş müsabiqədə Azərbaycan kinosu milli kino və milli kino məktəbi anlayışları kontekstində” məqaləsi ilə Şəhanə Əliyeva üçüncü yerə layiq görülüb.

    Müsabiqədə elan olunan birinci və ikinci yerlər münsiflər heyətinin qərarına əsasən mükafatlandırılmayıb.

    Mənbə: https://azertag.az

  • Bakı Uşaq Teatrı mövsümə premyera ilə yekun vuracaq

    Builki teatr mövsümü Bakı Uşaq Teatrı üçün də məhsuldar olub. Sənət ocağında bir sıra layihələr həyata keçirilib, çoxsaylı tədbirlər təşkil edilib.

    Teatrdan AZƏRTAC-a məlumat verilib ki, Bakı Uşaq Teatrı mövsümü iyulun 12-də “Əyriqulaq” tamaşasının premyerası ilə yekunlaşdıracaq. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru isə İlhamə Əhmədovadır.

    Səhnə əsərinin musiqi tərtibatı Mahir İbrahimliyə, rəqslərin quruluşu Könül Şahbazovaya məxsusdur.

    Mənbə: https://azertag.az

  • Fidan ABBASOVA.”Qərar vermə hələ tezdi”

    Qərar vermə hələ tezdi
    nə təz qəlbin məndən bezdi?
    məni onsuz həyat əzdi
    səndə əzmə dözmür ürək
    dur ayağa çıxaq gedək həyatından….

    Belə güman etməzdim heç
    günahım olsada vaz keç
    ya pis görün yada ki seç
    səndə getdin dözmür ürək
    dur ayağa çıxaq gedək ürəyindən…

    Bilirsənki haqqlıyam mən
    nə edimki sən deyiləm
    lap səninçün mən hər nəyəm
    ocür davaran dözmür ürək
    ver əlini çıxaq gedək buralardan…

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    * * *

    məğrur sevdaların rəngləri soyuq,
    içində min pay var qürur dadında…
    sənsiz hər keçən gün bir qara oyuq
    ömür ağacımın budaqlarında…

    Mənsiz nə xoş günlər qalıb yadında,
    ay mənim xoş günüm…
    isti xatirəm…
    ən soyuq zəfərim addımlarımda
    qorxuram, yollarda salıb itirəm…

    necəydi o?!
    “Yalan olur nəğmələr
    bir axşam oxusa üç qaratoyuq?!
    yalandı sevəndə düşür istilər;
    -məğrur sevdaların rəngləri soyuq…

    Səni sevirəm, tanqo…

    Gəncənin hər küçəsi
    Xatirənlə rəqs edir…
    Tarix: bizdən ötəsi…
    Ünvan: hələ yol gedir…

    Ah…
    Gəncə küçələri…
    İşıqlar sarı atlas…
    Dölmələr əl jestləri,
    Tozanağı ehtiras…

    Xatirənin ardınca
    Düşmüşəm məhlə-məhlə…
    Hisslərim dam boyunca,
    Ağlayıram ürəklə…

    Axır damarlarımda
    Çılğın sevda oyunu…
    Xatirəm qollarında,
    Səni sevirəm, tanqo…

    (2016)

  • Şəfa EYVAZ.Yeni şeirlər

    ***

    Səndən sonra
    tutunduğum sevgilər
    çürük ağac budağı çıxdılar,
    əl dəyməmiş
    sındılar, töküldülər…
    Səndən sonra
    yan aldığım limanlar
    bütün gəmilərə bağlı çıxdılar.
    Səndən sonra
    bir də üzü gülmədi
    qürub vaxtı günəşin.
    Səndən sonra
    daha əvvəlki olmadı
    yazdığım şeirlərim…
    Səndən sonra…
    Səndən əvvəl
    nə vardı ki?!
    nə olaydı səndən sonra???

    ***
    Səssiz bir sükutla bağırır gecə,
    Saat əqrəbləri çalır ömrümü.
    Çiy palçıq zənn edir məni bu dünya,
    Gündə bir qəlibə salır ömrümü.

    Alır verdiyini gözüm doymamış,
    Bükür göy əskiyə bəyaz günümü.
    Bəzən də aldadır saf uşaq kimi,
    Ovcunun içinə alır ömrümü.

  • “Ədəbiyyat yaradılışdan mənim içimdə, ruhumda olub”

    İlahə İmanova Bakıda anadan olub. İxtisasca hüquqşünasdır. Mədəniyyət sahəsində çalışır və ədəbi yaradıcılıqla məşğuldur.

    ─ Öncə ədəbiyyata gəlişinizdən söhbət açardınız və ədəbiyyatın insanlar üçün oynadığı mühüm roldan danışardınız.

    ─ Ədəbiyyata gəlişim… Mən ədəbiyyata gəlməmişəm ki!
    Ədəbiyyat yaradılışdan mənim içimdə, ruhumda olub. Əlifbanı belə bilmədiyim zamanlarda şəkilli kitabların səhifələrindən mənə gülümsəyib. Sonralar nağıl qəhrəmanlarının, daha sonralar isə bədii obrazların dili ilə ruhumun tərbiyəçisinə çevrilib. Qapalı insanam. Hislərimi heç kəslə bölüşməyi sevmədiyim kimi, məsləhətləşməyi də sevməzdim. Bütün suallarıma cavabları həmişə kitablarda tapardım. Yaşadığım acıları, kədəri, sevinci oxuduğum kitabın obrazıyla bərabər yaşayardıq. Təsadüf, ya qəribəlik, bilmirəm… Eyni ruh halını bölüşərdik. Və sonda da olanlardan bərabər nəticə çıxarardıq.

    ─ Bu yaxınlarda ilk povestiniz çap olundu və oxucu kütləsi tərəfindən maraqla qarşılandı. Bu povest sizin üçün uğurlu oldu. Povestin yazılmasından söhbət açardınız.

    ─ May ayında Əli bəy Azərinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Seçilmiş povestlər” toplusu dərc olundu. On dörd müəllifin
    yer aldığı topluya mənim də povestim daxil oldu. Bundan əvvəl bir neçə saytda da paylaşılmışdı. İctimaiyyətə təqdim etdiyim ilk povestim məni “Elçi zanbaqlar”ın müəllifi kimi tanıtdı və ədəbiyyata da bir ilk töhfəm, başqa sözlə, elçim oldu. Tanımadığım insanlardan aldığım mesajlar, yazılan rəylər, həqiqətən, ilk uğurum, ilk sevincim oldu.
    Povestin yazılmasına gəlincə…
    Rəssam olmasam da, rəsmlərə qarşı həssasam. Diqqətimi çəkən hər rəsmin, fotonun üzərində dayanıb düşünə və hətta xəyal qura bilərəm. Bu xasiyyətimi yaxınlarım bilir. Bundan əvvəl də bir neçə rəsmin üzərində dayanmış və kiçik hekayə yazmışdım.
    Bir axşam rəfiqəm mesaja bir şəkil atdı. Əllərində çətir, yağışın altında islanan bir cütlük təsviri idi. Sözarası xoşuma gələ və gözəl hekayə mövzusu ola biləcəyini yazdı. Gözəl rəsm olsa da, diqqətimi çəksə də, “Bundan nə yaza bilərəm e” deyib çiyinlərimi çəkdim. Və bu biganəlik təxminən iki həftə sürdü.
    Bir gecə pəncərə qarşısında dayanmışdım. Kefsiz idim. Əsən meh özü ilə dəniz qoxusu gətirdi mənə (bəlkə də, mənə elə gəldi). Və elə həmin gecə ilk hissəni yazdım. Sonrakı gecələrdə isə xatirələrim, xəyallarım, ruhumun səsi öz diktəsini etdi. 27 gecəyə yazdığım əsəri necə yazdığımın fərqində olmadım. Sanki yazmadım. Yaşadım. Bitirdiyim gecə həm də Ramazan bayramı gecəsi idi.

    ─ Maraqlıdır ki, povestdə məhəbbət mövzusuna üstünlük vermisiniz. Səbəb nədir? Niyə məhəbbət?

    ─ Niyə məhəbbət? Bilmirəm…

    Sevgidən yaranmadıqmı? Dünyamız sevgidən xəlq olmadımı?

    “Eşqsiz olsaydı xilqətin canı,
    Dirilik sarmazdı böyük cahanı.” (Nizami)
    Bir az əvvəl, povestin necə yazılmasından danışdım.
    Bilmirəm… Bəlkə də, həmin an məhz bu hisləri yazmaq keçirdi içimdən.
    “Maqnit olmasaydı eşqin əsiri,
    Çəkməzdi özünə dəmir zənciri.” (Nizami)
    Bu gün və keçmiş… Bizə elə gəlir ki, “keçmiş” adlandırdığımız keçmişdə qalıb. Əslində isə biz o keçmişi çox zaman bu günümüzə daşıyırıq: bəzən isə özümüzdən asılı olmadan. Xatirələrin məngənəsində sıxılır, hətta boğuluruq.

    ─ Sizin hekayələriniz də var. Ədəbiyyatın nəsr hissəsinə olan marağınız nə ilə bağlıdır? Nəsr sizə necə yardımçı olur?

    ─ “Elçi zanbaqlar” qədər tanınmasa da, bir neçə hekayəm də saytlarda paylaşılıb. Nəsr, ya nəzm, fərq etməz. Əsas odur ki, gözəl və ibrətamiz ədəbiyyat nümunəsi olsun. Mən hər birini sevirəm. Hətta deyim ki, poema və dram əsərlərini daha həvəslə, zövqlə oxuyuram.

    ─ Eşitmişəm ki, şeirləriniz də var. Oxucularımıza şeir yazmağınızdan danışardınız və bir şeirinizi bizimlə bölüşərdiniz.

    ─ Şeirlərimi məhz özüm üçün yazıram. Demək olar ki, paylaşmıram. Bir anlıq yaşadığım ruh halıdır. Həmin an da, həmin hislər də mənimdir, yalnız mənim! Qısqanc biri olduğumdan, öz hislərimi belə, heç kəslə paylaşmağı xoşlamıram.

    Qısqanclıqdan söz düşmüşkən, həmin soneti sizinlə bölüşərəm bu gün:

    Məndən uzaqdasan, yoxsan yanımda,
    Qarışıb yenə də fikrim, xəyalım.
    Qorxu gözlərimdə, təlaş canımda
    Qəlbim rahat olmur, dərk etmir ağlım.

    Qısqanclıq ruhumu bürüyüb bütün,
    Əsən küləyə də qısqanıram mən.
    Əlinə, üzünə toxunur hər gün,
    Mənimsə xəbərim heç yoxdur səndən.

    Ay səni seyr edir gecə səmadan,
    Günəşsə oyadır səni hər səhər.
    Üzünə toxunub yanaqlarından
    Süzülən damla da olub bəxtəvər.

    Qısqanclıq oduna alışır ürək,
    Sevən qısqanc olar, şərhə nə gərək!

    ─ Sonda oxucularımıza sözünüz.

    ─Axtardığınız bütün suallarınıza cavabları, yaşadıqlarınızın eynisini məhz kitablarda tapa bilərsiniz. Ən gözəl məsləhətçiniz də kitablar olacaq! Tanrı və bir də qəhrəmanlarınız heç vaxt sizə xəyanət etməyəcək, buna əmin olun!

    Söhbəti qələmə aldı:
    Mahmud Əyyublu
    AAB-nin üzvü

    Mənbə: http://www.palitranews.az

  • Kənan AYDINOĞLU.”Qadın gülüşüylə hər kəs lal olur”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Bacım Amalya xanım Kərimovanın doğum günü münasibətilə

    Bizdə Ana yurdda bənzətmə kimi, 
    Deyirlər, bəzən də şirin bal olur.
    Zarafat gəlməsin, gözəl dünyada,
    Qadın gülüşüylə hər kəs lal olur.

    Deyirlər, sevdiyin şəxsi dünyada,
    Əməllə və sözlə yoxlamaq gərək.
    Qadını-ən ali varlığı hər an,
    Sevib, gözü üstə saxlamaq gərək.

    Qadının gülüşü, sözləri belə,
    Bu gözəl dünyanı bəzəyir axı.
    Yanaqdan süzülən göz yaşı, düzü,
    Bir şeh damlasına bənzəyir axı.

    Körpəni dünyaya gətirəndə də,
    Süzülür yanaqdan gözünün yaşı.
    Fəryad qopardanda gözəl diyarda,
    Titrəyən görərsən dağı və daşı.

    Qadın dodağına gülüş qonanda,
    Bu dünya sehirli görünür dedim.
    Beşikdə körpələr bələnən zaman,
    Bu dünya qayğıya bürünür dedim.

    Bilirəm, ömrünüz keçir birlikdə,
    Bu gözəl dünyada qəmli də, şən də.
    Vaqif qardaşıma Ata olmağı,
    Arzu eyləyirəm bu axşam mən də.

    Analıq hissini yaşamaq isə,
    Yaradan Allahdan hədiyyə olsun.
    Amalya, yenə də bir vaxt sevincdən,
    Sənin də o nurlu gözlərin dolsun.

    Bakı şəhəri. 2 iyul 2018-ci il.

  • Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək

    2019-cu ildə Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.

    AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə məlumatında yer alıb.

    Hazırda Bəhreyn Krallığının Manama şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası keçirilir. İclasda Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Xarici İşlər və Mədəniyyət nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.

    İclas çərçivəsində UNESCO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə olunub, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib.

    İclasda növbəti il üçün Komitənin sədri və 43-cü sessiyaya ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb.

    Yekun qərara əsasən mədəniyyət naziri Əbülfəs Qarayev Komitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Tədbirdə dünyanın 180-dən çox ölkəsindən 2 minədək nümayəndənin iştirakı gözlənilir.

    Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biridir. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.

    Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici siyasət, Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və qayğısı, Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

    Mənbə: https://azertag.az

  • Kukla Teatrı mövsümə yekun vurmağa hazırlaşır

    Abdulla Şaiq adına Dövlət Kukla Teatrı mövsümə iyulun 15-də yekun vuracaq.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağı “Min bir gecə nağılları” əsasında hazırlanan “Əlibaba və qırx quldur” adlı yeni tamaşa ilə mövsümü bağlayacaq.

    Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Səhnə əsərinin musiqisi Fikrət Əmirovun “Min bir gecə” baletindən bəhrələnərək hazırlanıb. Tamaşada teatrın aktyorları Rəhim Rəhimov, Cavid Telman, Cəmilə Allahverdiyeva, Samirə Nəcəfli və başqaları rol alıb.

    Həmin gün teatr rəhbərliyinin hesabat xarakterli çıxışı nəzərdə tutulub. Eyni zamanda, mövsümün son görüşündə Kukla Teatrının əməkdaşları mükafatlandırılacaq. İlin ən yaxşı aktyoru, aktrisası, rejissoru, texniki işçisi fəxri fərmanla təltif olunacaq. Həmçinin teatrın uğurlarını mediada geniş işıqlandıran KİV təmsilçilərinin də mükafatlandırılması nəzərdə tutulur.

    Mənbə: https://azertag.az

  • Azərbaycanlı gənc rəssamların əsərləri Parisdə

    Fransada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər davam edir. Bu ölkədəki səfirliyimiz və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Azərbaycan gənc rəssamları Parisdə” adlı sərgi təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, sərgidə ölkəmizin 22 gənc rəssamının 60-dan çox əsəri nümayiş olunub.

    Sərgini giriş sözü ilə açan ölkəmizin Fransadakı səfirinin siyasi işlər üzrə birinci katibi Vaqif Ağayev müsəlman Şərqində ilk dünyəvi Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verib. Onun XX əsrin əvvəllərində azadlıq, humanizm, bərabərlik kimi mütərəqqi prinsiplərdən ilhamlandığını diqqətə çatdırıb, əsas nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğunu vurğulayıb.

    V.Ağayev səfirlik və Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin sertifikatlarını gənc rəssamlara təqdim edib.

    Gənc rəssamlarımızın əsərləri sənətsevərlər və ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

    Qeyd edək ki, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə gənc rəssamların əsərləri bir çox Avropa ölkələrində nümayiş olunub və sənətsevərlərin rəğbətini qazanıb.

    Şəhla Ağalarova
    AZƏRTAC-ın xüsusi müxbiri

    Mənbə: https://azertag.az

  • “YARAT”dan uşaqlar üçün növbəti layihə

    İyulun 8-də “YARAT” Müasir İncəsənət Məkanı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Balaca YARAT” layihəsinin ilk yarım illik yekun sərgisini təqdim edəcək.

    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində uşaqlar tanınmış rəssamlar Aida Mahmudova və Mikelancelo Pislotelettonun fərdi sərgilərindən ilhamlanaraq müxtəlif sənət əsərləri yaradacaq. Sərgi zamanı layihənin ustadları Nərminə Bağırova və Nigar Quliyeva uşaqların əsərlərinin mövzuları, seçilmiş materiallar və texnikalar haqqında məlumat verəcəklər. Eyni zamanda, bir ay müddətində Roman Qocayevin rəhbərlik etdiyi “Özünü Tap” layihəsinin yekun əsərləri də yer alacaq.

    Uşaqlar isə sərgini gəzməklə yanaşı, müxtəlif interaktiv müsabiqələrdə iştirak edib hədiyyələr qazanacaqlar.

    Mənbə: https://azertag.az

  • Rafiq ODAY.”Nə ola bir çoxunun ruhunu ibrət bürüyə” (Qəzəl)

    ***

    Nə ola bir çoxunun ruhunu ibrət bürüyə,
    Dola vicdan yükünə, aləmi heyrət bürüyə.

    Yaraşarmı kişiyə üzdə girə min qılığa,
    Arxada arvad ola, ləfzini qeybət bürüyə.

    Rəvamı insan olan dərd ola insanlıq üçün,
    Söyələr cəmdəyinə, hər kəsi nifrət bürüyə.

    Kişi ağır oturub, batmana tən gəlməlidi
    Ki, onun dövrəsini vəzn ilə siqlət bürüyə.

    Haqqa baqi olanın istəyi, əlbəttə, budur:
    Kürreyi-ərzi müdam xəlq ilə xilqət bürüyə.

    O ürək bilməz isə mərhəmətin ləzzətini,
    Dəxi olmaz səməri dörd yanı sərvət bürüyə.

    Oday, vaxtında dəyər ver zamanın gərdişinə,
    Qoyma hər “kaş ki…” üçün qəlbini xiffət bürüyə.

  • Rafiq ODAY.Təcnis

    Dedin, adın kimi ağayanasan,
    Çağırdın, ay ağa, ay ağa qurban.
    Mən də başım üstə qurdum taxtını,
    Düşmə gəl ayağa, ay ağa qurban.

    Düşsən, yem olarsan qurda-quşa sən,
    Saçımdan bir yuva qur da quşa sən.
    Sığınma yalavac qurd ağuşa sən,
    Tez bükər ay ağa, ay ağa qurban.

    Əllərin yalmana sinə sinəmdə,
    Nə olar uyusaq sinə sinəmdə,
    Hicrindən aşiqin sinəsi nəmdə,
    Buludtək ay yağa, ay ağa qurban.

    Sənin şikarınam, ovunam, gözəl,
    Umac istəyirdin, ov, unam, gözəl,
    Çıxmasam, çətin ki, ovunam gözəl,
    Qaradan ay ağa, ay ağa qurban.

    Səninlə bu eşqi illər boyatmaz,
    Sənsiz qısır qalar sevgim, boy atmaz,
    Bu zülmət könlümü nura boyatmaz,
    Göydən lap Ay yağa, ay ağa qurban.

    Sənin aşiqindi o da, sına bax,
    Qoyma ki, sevgidən o da sına, bax…
    Od düşüb Odayın odasına, bax
    Əriyən a yağa, ay ağa qurban.

  • Rafiq ODAY.Yeni şeir

    ***

    Yenə zalim dostlar məni,
    Ağ yuyub, qara sərdilər.
    Cismimi qançır etdilrər,
    Ruhumu nara sərdilər.

    Yandım beləcə od içrə,
    Dost da dosta od içirər?!
    Adımı silib ad içrə,
    Gətirib zara, sərdilər.

    Zil öndə – bu, hələ pəsmiş,
    Yalıncıqlar yolu kəsmiş,
    Düşmən gülləsindən pismiş,
    Dost vuran yara, sərdilər.

    Ürək çırpınır hövr ilə,
    Yaşa görüm bu tövr ilə,
    Qoymadılar bütöv öləm,
    Etdilər para, sərdilər.

    Bir zərəri bir nəf silər,
    Çəkmə sınağa nəfs ilə,
    Tanrım, dostları hifz elə, –
    Onlar “nadir əsər”dilər.

    Qeyd: Əsl dostlara can qurban!

  • Xəyalə SƏFƏROVA.”Sevgilindən gələn hər şey gözəldir”

    Sevginin əsasını təşkil edən hislərdən biri də “güvən”dir, ona görə də çox sevdiyimiz insanlar bizim üçün sevdiyimiz insanlar olur. O insanların ağlına, hislərinə, davranışlarına güvənirik, nə etsələr də, bizim üçün xeyirlisini etdiklərindən əminik. Bizə xəyanət etmir, pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olurlar. Ona görə də bu insanlar bizim üçün çox dəyərli və xüsusi olurlar, onlara duyduğumuz sevgi və onların bizə duyduğu sevgi də çox fərqli olur.
    Bir də sizə sizi ən çox sevən, sizin hər zaman yanınızda olan, sizə hər zaman yaxşılıq edən, mərhəmətli olan, sizin hər ehtiyacını bilib onu qarşılayan, dualarınızı qəbul edən, sizi heç zaman tərk etməyən Sevgilidən, Allahdan və Ondan gələn hər şeyin gözəl olmasından bəhs etmək istəyirəm.
    Möminin ən əsas xüsusiyyyətlərindən biri də Allaha güvənməsidir, Quranda buna “təvəkkül” deyirlər. Dünyada hər hadisəni, hər maddəni və hər canlını anbaan yaradan Allahdır, Allahın izni olmadan heç bir hadisə baş verə bilməz, “bir yarpaq” belə düşə bilməz. Bu sirri qavrayan mömin baş verən hər şeyin Allahın idarəsi altında olduğunu bilib Allaha güvənər, Allaha təslim olar. Çünki Allah mömin üçün heç nəyi xeyirsiz yaratmaz. Mütləq hər şeydə xeyir var, hətta bir hadisə mənfi kimi görünsə də, o hadisə də sonsuz xeyirlərlə yaradılıb.
    Biz bir insana “səni sevirik” deyiriksə, bu sevgi, əlbəttə ki, yalnız sözlə məhdudlaşmır. Əməllərimizlə, vəfamızla da sevgimizin əsl sevgi olduğunu təsdiq etməliyik. Allah da bizdən bu təsdiqi istəyir, ibadətlərimiz də Allaha göstərdiyimiz sevgi nümunələridir. Bu ibadətlərimizdən biri və ən önəmlisi Allaha, Allahın sonsuz ağlına güvənməkdir. Bəs bu sevgini təsdiq etmək necə olur?
    Biz bilirik ki, bizi Allah yaradıb və Allahın dünyada bizi yaratmaq məqsədi bizi imtahan etməkdir. İnsan ömrü boyunca fərqli imtahanlarla rastlaşır. Bütün bu imtahanlarda Allah bizim Ona olan sevgimizi, səbrimizi, güvənimizi görmək istəyirik. Mömin hər nə çətinliklə rastalaşsa da, Allaha hər zaman mütləq güvənər və bilər ki, “bu hadisə onun üçün ən xeyirlidir”. Allaha güvənmək dünyadakı imtahanın sirrini anlamaq deməkdir. Bu güvəni qəlbində yaşayan insan da başına gələn heç bir hadisəyə görə sıxıntıya düşməz, kədərlənməz, ruhdan düşməz. Məsələn, belə bir nümunə verim. Bir insan iş axtarır, bir gün onun üçün mühüm olan müsahibəyə gedir, ancaq zəngli saat söndüyü üçün həmin müsahibəyə vaxtında gedə bilmir, yolda da tıxaca düşür. Bu vəziyyətdə Allaha güvənən insan o hadisənin qədərində olduğunu bilir ki, qədərində varsa, o işə girəcək, əgər xeyirli deyilsə, Allah müxtəlif səbəblərlə o işə girməsinə izn verməyəcək. Allahın sevgisini, mərhəmətini bilən insan Allahın Özünə ən gözəl işi yetirəcəyindən əmindir. Önəmli olan insanın qəlbində o təslimiyyəti, güvəni hiss etməsidir. Əlbəttə, insan bir şeyi əldə etmək üçün hər cür vasitəyə sarıla bilər, ancaq nəticəni Allahın yaratdığını unutmamalıdır.
    Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün xeyir və şərlə imtahana çəkirik. Siz ancaq bizə qayıdacaqsınız (Ənbiya surəsi, 35).

  • İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2018-ci ilin noyabr ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, dramaturq, kinossenarist və publisist, ictimai xadim, Dövlət Mükafatı laureatı, Xalq yazıçısı İmran Haşım oğlu Qasımovun anadan olmasının 100 illiyi tamam olur.

    İmran Qasımov yaradıcılıq axtarışları və bədii tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardandır. O, çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xətti ilə seçilən əsərlərində müasirlərinin zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun əks etdirmişdir. İmran Qasımovun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir. Onun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub, kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanmaqdadır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində mühüm xidmətlər göstərmiş Xalq yazıçısı İmran Qasımovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 28 iyun 2018-ci il.

    Mənbə: https://president.az

  • Xalq şairi.Səməd VURĞUN.Seçmə şeirlər

    GÖYGÖL

    Əhməd Cavada

    Qucağında bir vaxt bəslədi sizi,
    Görmədi sizləri vəfalı Göygöl.
    Nişan vermə ona ayı, ulduzu,
    Artıq unutmuş o xəyalı Göygöl.
    * * *
    Əsrlərdən bəri ömrü xar idi.
    Zülm əlindən həyatdan bizar idi.
    Özü bir yoxluqkən, adı var idi,
    Görməmiş ömründə bu halı Göygöl.
    * * *
    Bu tutduğu işdən olmaz peşiman,
    Sən də əbəs yerə olma pərişan,
    Müftəxorlar artıq bulamaz imkan,
    Yaratdı zəhmətkeş əhali Göygöl.
    * * *
    Neçə illər bundan qabaqkı çağı,
    O solğun bağçam, o viran bağı,
    Xatırlamazmısan, ey “böyük dahi”?
    Yaşarmı sizinlə səfalı Göygöl.
    * * *
    Milli təəssübü atıb araya,
    Qanlı Göygöl yaratdın füqəraya,
    Çürümüş bir qatıq bir daha maya
    Dutamaz qılıyor izlıar Göygöl.
    * * *
    Onun ehtiyacı yox həsbi-hala,
    Nifrəti var əski ulduz, hilala.
    Sənin kimi bir əfsanə xəyala,
    Uyğunlaşsa, yaşar cəfalı Göygöl.
    * * *
    Cözəlliyi bəlli, məşhuri-cahan,
    Qismət olmaz bir də sizlərə inan.
    Sizlərə çəkilən o dağa dərman,
    Verməyəcək, gəzsən mahalı Göygöl.

    1926, yanvar

    ŞİKƏSTƏYƏ MƏKTUB

    Başına döndüyüm, əziz Şikəstə,
    Dinlə məni, halı yaman olmuşam.
    Qəlbdən yaralı, könüldən xəstə,
    Nanı* zəhər, ruzu† fəğan olmuşam.

    Çatandan bəridir on beş yaşıma
    Çox bəlalar gəlib qanlı başıma,
    Baltalar vurulub ömür daşıma,
    Bu eşqin yolunda yaman olmuşam.

    Kəsilib qanadım, uça bilmirəm,
    Eşq məhbusuyam qaça bilmirəm.
    Heç kəsə dərdimi aça bilmirəm,
    Böylə halı çox pərişan olmuşam.

    Gərçi istər çəkim cövrü cəfa yar,
    Mən dilərəm sürsün çoxlu səfa yar,
    Qəsd eyləyir mənə o bivəfa yar,
    Qəsdinin altında talan olmuşam.

    O mələk simalım, şahbaz baxışlım,
    O dodağı ballım, ceyran yerişlim,
    Həm o siyah‡ tellim, turac gülüşlüm
    Yandırıbdır məni, yanan olmuşam.
    [1926]

    SIZILTILARIM

    Möhtərəm və əziz Hüseyn Cavidə

    Xastayım, yalnızım ürəyimdə qəm,
    Nəyə dəyər həyat, olmasa həmdəm?
    Sevgisiz, sevdasız həyatı sevməm,
    Gəl çıxalım seyrə, günlər ötüşsün!

    Sürmədim bir həyat canlı dünyada,
    Şövkətli dünyada,qanlı dünyada,
    Şu* xəstə konlümdən qopan fəryada
    Bülbüllər dillənsin, güllər ötüşsün!

    Həsrətlər yorğunu, şikəstə könlüm,
    Ah, şu dərdli könlüm, şu xəstə könlüm,
    Görmədi mürüvvət bir kəsdə könlüm,
    Mən gülmərəm aylar-illər ötüşsün!

    Yer üzü fanidir, uzaq gəzəlim,
    Vicdan sədasını əldə edəlim,
    Bir qaranlıq küncə həp†çəkiləlim,
    İllərcə paslanan dillər ötüşsün!

    Əskimişdir‡yaram, artiq sağalmaz,
    Sevdayi-naləmi bir könül almaz.
    Bu xəstə Vurğunun dərdi azalmaz
    Qoy sınıq könlümdə tellər ötüşsün!

    1926, 11 iyul

    TƏRLANIM

    Tərlanım, tərlanım, gözəl tərlanım!
    Sənə qurban olsun bu Düşgün canım.
    Görünsə gözünə bivəfa xanım,
    De ki, Vurğun gədalara dönübdür,

    Tərlanım, tərlanım, bir qalx havaya,
    Bir yazığın gəlsin mən binəvaya,
    Məni əğyara satan o bivəfaya
    De ki, Vurğun gədalara dönübdür.

    Tərlanım, tərlanım, artıbdı qəmim,
    Dəryayi-eşqində qərq oldu gəmim.
    Görünsə gözünə xəyal həmdəmim.
    De ki, Vurğun gədalara dönübdür.

    [1926]

    * * *

    Bir gün məni lap boğurdu hicran,
    Hicran deyə bir səyahət etdim…
    Yarəb!.. Nə yazıq olarmış insan,
    Boynum bükük ol məkanə getdim;
    Baxdım, onu görmədim o yerdə,
    Sordum deyən olmadı ki, nerdə?…
    Ey vah, o xəyal pərisi nolmuş?
    Ömrüm qəmü-həsrət ilə dolmuş…
    Röyamı, nədir bu gördüyüm, ah?!
    Xülyamı, nədir bu aləm, ey vah!?
    Artıq günəşin ziyası sönsün,
    Artıq bu diyar məzara dönsün!
    Əflakı† ahım dumanı sarsın,
    Varlıq sürüşüb zavala varsın!

    [1926]

  • Xalq şairi.Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

    * * *

    Şeir yazmaq tutub məni.
    Ağlımı itirmişəm
    şeir yazmaq arzusundan.
    Dilimə gələn sözlərin quluyam,
    ürəyimdə qalanların dəlisi.
    Şeirə söykənib
    baxmaq istəyirəm
    dünya dediyimiz şeyə,
    dünyadan
    şeir arxasında gizləndiyim kimi…
    Hər itkim bir şeirə dönüb,
    hər sözümlə
    ömrümdə nəsə sönüb.
    Nə irəli getmək istəyirəm, nə geri.
    Nə sola, nə sağa.
    Dünya bəhanəymiş şeir yazmağa.

    * * *

    Mən ölən gün
    bir külək əsəcək küçələrdə.
    Və yellədəcək
    ipdən asılı, quruyan
    sarı çiçəkli bir uşaq paltarını.
    Matəm bayrağıtək dalğalanacaq
    uşaq paltarı
    mən ölən gün…

    * * *

    Bacarsaydım qurudardım,
    Dünyanın dənizlərini,
    Xəzər yudu bu gün, gülüm,
    Sahildəki izlərini.
    O balaca ləpirləri
    Çoxmu gördü dünya mənə,
    Gözmü dəydi izlərinə?
    Yerə vurdun sözlərimi,
    Dindi yerim sarı simi…
    Eşitmişəm yol üstəsən,
    Yaz, göndərim gözlərimi,
    Harda ağlamaq istəsən…

    * * *

    İndi gileydən-güzardan,
    Baş alıb qaçmaq vaxtıdır.
    Qapıları döyülməmiş,
    Taybatay açmaq vaxtıdır.

    İndi hər səsdən, hər küydən
    Sükuta dönmək vaxtıdır.
    Millət, dövlət zirvəsindən
    İnsana enmək vaxtıdır.

    İndi nə dua, nə qarğış,
    Nə nəzir demək vaxtıdır.
    Dünya susmalıdır artıq,
    Allaha kömək vaxtıdır.

    Saat neçədir, qumru…

    Saat neçədir, qumru,
    Sən qonduğun budaqda?
    Vaxt iz qoya bilməyir
    Bu bağda, bu otaqda…

    Yorğunluq tezmi çıxır,
    Qumru, candan budaqda?
    Bir qulaq as, tar çalır
    Yenə kimsə uzaqda…

    Eşitdinmi, gördünmü,
    Kəsilməyib tar səsi,
    Quşların uçan yerdə
    Kəsilirmi nəfəsi?

    Qumru, bu gün başımdan
    Kimsə ağlımı alıb,
    Sən qonduğun budaqda
    Bayaqdan gözüm qalıb…

    1985

  • Xalq şairi.Zəlimxan YAQUB.Seçmə şeirlər

    CENEVRƏ DÜŞÜNCƏLƏRİ

    Təbiət ruhumda ilahi bir sirr,
    Sayrışır gözümdə al, yaşıl, sarı.
    İnsanı heç zaman doydura bilmir,
    Tanrının ilhamla yaratdıqları.

    Nə fırca isidir, nə dəftər, qələm,
    Ovsuna düşmüşəm, sehrlənmişəm.
    İkinci addımı ata bilmirəm,
    Elə bil yerimdə möhürlənmişəm

    Nə varsa hər şeyi yaradıb Allah,
    Şair nə yaratsın, rəssam nə çəksin?
    Rəssamın gücü var, gözünə yığsın,
    Şairin gücü var, qəlbinə çəksin.

    Bu geniş dünyada gözəl yer nə çox,
    Hər şeyi yoğurub, yapıb Yaradan.
    Özünü dünyanın heç yerində yox,
    Sanki bu torpaqda tapıb Yaradan.

    Tanrının nə yaxşı vaxtına düşüb,
    Nə gözəl yaradıb bu şah əsəri.
    Gəlib, bu yerlərin baxtına düşüb,
    Allahlıq eləyən Allah əsəri.

    Hər bir zərrəsinə zərrəbinlə bax,
    Hüsnündə zərrəcə tapılmaz ləkə.
    Yerlər gül dənizi, göylər çılçıraq,
    Heyrət, ey gözəllik, ey qədim ölkə!

    İlhamdı, havadı, nəğmədi, səsdi,
    Şeirdi mənim də sərvətim, varım.
    Bir şair ömrünə ölüncə bəsdi,
    Qəlbimdə Bakıya apardıqlarım.

    Cenevrə, 30 sentyabr 2004

    GÖZƏLLİK DUYULAN YERDƏ

    Çirkin dönüb göyçək olar,
    Qanqal dönüb çiçək olar,
    İnsan dönüb mələk olar,
    Gözəllik duyulan yerdə.

    Qış gəlib yaza çevrilər,
    Kötüklər saza çevrilər,
    Qanlar qıza çevrilər,
    Gözəllik duyulan yerdə.

    Ümid coşar, həsrət ölər,
    Yamanlığa dəvət ölər,
    Kin susar, ədavət ölər,
    Gözəllik duyulan yerdə.

    Könül sevər, göz vurular,
    Bulanıq sular durular,
    Dünya saflıqdan qurular,
    Gözəllik duyulan yerdə.

    Əridərik qəzəbləri,
    Unudarıq əzabları,
    Qazanarıq savablan,
    Gözəllik duyulan yerdə.

    Nə suç, nə də tamalı olar,
    Nə zor, nə də silah olar.
    Şair dönüb Allah olar,
    Gözəllik duyulan yerdə.

    Cenevrə, 1 oktyabr 2004

    ÇİÇƏKLİ YER

    Hayana boylanıb, hayana baxsan,
    Yer çiçək, göy çiçək, təbiət çiçək.
    Çiçəkdən doğulur sevən-sevilən,
    Qız-oğlan çiçəkdi, məhəbbət – çiçək.

    İstisi, işığı, odu çiçəkdi,
    Tamı, şirinliyi, dadı çiçəkdi,
    Burda həqiqətin adı çiçəkdi,
    Çiçək həqiqətdi, həqiqət – çiçək.

    Havası çiçəkdi, suyu çiçəkdi,
    Bayramı çiçəkdi, toyu çiçəkdi.
    Məst ol, qucağında uyu, çiçəkdi,
    Təmizlik çiçəkdi, təravət – çiçək.

    Yatıram, yuxumda çiçək görürəm,
    Qalxıram, duyğumda çiçək görürəm.
    Hər tumda, toxumda çiçək görürəm,
    Nəzakət çiçəkdi, ləyaqət – çiçək.

    İlahi seygi var torpağa, yurda,
    Çöllər cilvələnir işıqda, nurda.
    Allahın özü də şairdi burda,
    Söz bir gülüstandı, şeriyyət – çiçək.

    Cenevrə, 1 oktyabr 2004

    GÖYLƏRƏ ÇAĞIRIŞ VAR

    Yaşıl bir diyardayam,
    Qəlbimə qüvvət gəlib.
    Çiçəklərdən ruhuma
    Axıb, təravət gəlib.

    İşıq mənəm, nur mənəm,
    Eşqi çaydan gur mənəm.
    Dağ kimi məğrur mənəm,
    Dizimə taqət gəlib.

    Nə yol kəsən yağış var,
    Nə qar – boranlı qış var.
    Göylərə çağırış var,
    Tanrıdan dəvət gəlib.

    Cenevrə, 3 oktyabr 2004

    XƏBƏRİM YOX ÖZÜMDƏN

    Bu rəssam təbiətin rənglər dünyasındayam,
    Vurulmuşam torpağın yaşılına, alına.
    Öpüş alıb güllərin şeh çilənmiş üzündən,
    Dönmüşəm pətəyinə, cevrilmişəm balına.

    Düşünən yaradası, yoğuran yapasıdı,
    Burda vaxt itirən kəs gözəllik tapasıdı.
    Oğlanlar dəstə-dəstə, qızlar gül topasıdı,
    Hər çiçəkdən zər qonub yanaqların xalına.

    Xəbərim yox özümdən, ruhumdan, yaddaşımdan,
    Nə canımdan xəbər var, nə çatılan qaşımdan.
    Ağıllılar gülməsin, ağlım çıxıb başımdan,
    Gəlin, indi siz baxın Zəlimxanın halına!

    Cenevrə, 4 oktyabr

  • Xalq şairi.Bəxtiyar VAHABZADƏ.Seçmə şeirlər

    KÖRPÜ ÇAYDAN UZAQ DÜŞÜB

    Dostum H.Şirməmmədə

    Hələ toxum cücərməmiş,
    Tarlamıza alaq düşüb.
    Başımız da daz olalı,
    Əlimizə daraq düşüb.

    Xəyallarım – qanad-qanad,
    Ətəyimdən dartdı həyat.
    Dünənimə Dürat, Qırat,
    Bu günümə ulaq düşüb.

    Əlim üzüldü diləkdən,
    Dilim yandı “gəl” deməkdən.
    Öz haqqını gözləməkdən
    Haqqın gözünə ağ düşüb.

    Bu tayda sən, o tayda mən,
    Üzəmmədim bu çayda mən.
    Ömr əritdim harayda mən,
    Körpü çaydan uzaq düşüb.

    Dekabr, 1992

    İNSAN KİMİ SAXLA MƏNİ

    Ulu tanrı, köməyim ol,
    Arzuma adaxla məni.
    Məni insan yaratmısan,
    İnsan kimi saxla məni.

    Göl olmuşam dama-dama,
    Məlhəm qoyma sən yarama.
    Bu sevdaya bu mərama
    Daha betər bağla məni.

    Fikirlərim qatar-qatar,
    Biri atar, biri tutar.
    Yaxınlara əlim çatar,
    Qovuşdur uzaqla məni.

    Dünənimi dana-dana
    Göz dikirəm gündoğana.
    Əgər gündə bir zindana
    Çəkic vursam, ağla məni.

    Ey ümidim, ey gümanım,
    Sözüm haqsa, necə danım?
    Qurban olsun haqqa canım,
    Nahaq işdən saxla məni.

    Soruşdular: Kimdir mənim
    Yaxşıma da pis deyənim?
    Həm dostum, həm də düşmənim
    Göstərdi barmaqla məni.

    İyul, 1991, Şəki

    BİLƏ BİLDİYİN QƏDƏR

    Əzizim Nurəddin üçün

    Çal dünyadan xoş günü
    Çala bildiyin qədər.
    Verəcəksən, unutma
    Ala bildiyin qədər.

    Quzu kimi mələrsən,
    Min-min arzu dilərsən.
    Sən boşala bilərsən
    Dola bildiyin qədər.

    İdrak yolu qorxulu
    Gülündən çoxdur kolu.
    Gedəcəksən bu yolu
    Gələ bildiyin qədər.

    Nəyə gərək gileylər
    Bu çabalar, bu səylər
    Bildiklərin bəs eylər
    Elə bildiyin qədər.

    Bu dünyanın min donu
    Min rəngi, min oyunu.
    Dərk edərsən sən onu
    Bilə bildiyin qədər.

    Sevinc dağına çıxsan
    Sanma dərddən uzaqsan.
    Bir gün ağlayacaqsan
    Gülə bildiyin qədər.

    İyul, 1992.

    AĞILA SƏRHƏD

    Ağıl həddindən artıq inkişaf
    edərsə, xarakteri pozar
    Ribot

    Dəyişmirsən fikrini
    Lap bu dünya dağıla.
    Öz hikkəndə qalmısan
    Sən boğula-boğula.

    Tərgit bu fironluğu,
    Minlik bilmə onluğu.
    Aldanmısan sonluğu
    Toyla bitən nağıla.

    Əhsən dedim, min əhsən
    Ayrılmayıb kökündən,
    Gələcəyi bu gündən
    Görə bilən oğula.

    Ömür hədər, gün hədər,
    Kim özünə qəsd edər?
    Əsl ağıl bir qədər
    Sərhəd qoyar ağıla.

    Noyabr, 1998

    AĞIL BAŞQA, ÜRƏK BAŞQA

    Bir-birinə bənzəsə də,
    Yel başqadır, külək başqa.
    Ətri də xoş, rəngi də xoş
    Gül başqadır, çiçək başqa.

    Hər diki yoxuş bilmə, gəl,
    Hər meyi meyxoş bilmə, gəl.
    Hər uçanı quş bilmə, gəl
    Quş başqadır, böcək başqa.

    Hər dərdinə ortaq mənəm,
    Hər ağnnı tən bölənəm,
    Sən çəkənsən, mən gələnəm
    Gəmi başqa, yedək başqa.

    Haqqın yolu-öz yolumdur,
    Əyilməyən düz yolumdur,
    Xeyirlə şər sağ – solumdur
    Şeytan başqa, mələk başqa.

    Bir diləyə mən calandım,
    Gah qazandım, gah talandım.
    Ömrüm boyu haçalandım
    Ağıl başqa, ürək başqa.

    Dilək oldu mənim adım,
    Pərvazlandı qol-qanadım.
    Çatmadı səbrim, inadım
    Əməl başqa, dilək başqa.

    Noyabr, 1998

  • Xalq şairi.Xəlil Rza ULUTÜRK.Seçmə şeirlər

    Vur

    Elə mən özüm də bu gün yırtıcı…
    Yırtıcı nifrətim düşməni qovur.

    Ayıq kirpiklərim qisas qılıncı…
    Vur, ölən daşnakdır, adam deyil, vur !
    Yırtıcı düşmənim düşməni qovur.

    Adam bənzəyir yalnız zahiri,
    Kirli caynaqları neştərdən iti.
    Dişinin dibində ölüm zəhəri,
    Gəlir Yer üzünün ən murdar iti.
    Kirli caynaqları neştərdən iti.

    Bu gün Azərbaycan boylu gəlindir,
    Yurdum özü boyda intiqam doğur.
    Polad yumruğunu gürz kimi endir,
    Gəbərən daşnakdır, adam deyil, vur !
    Yurdum özü boyda intiqam doğur.

    Nə ilan, nə əqrəb təhlükəlidir,
    Qəsbkar əqrəbdən qat – qat şərəfsiz.
    Maskalı surəti ərzə bəllidir.
    Paklar məbədinə girir natəmiz.
    Qəsbkar əqrəbdən qat – qat şərəfsiz.

    Girir qılığına Nazarbayevin,
    Girir arxasına Rafaellinin.
    Min – min sifəti var təpəgöz divin,
    Haça ürəklinin, haça dillinin.
    Girir arxasına Rafaellinin.

    İnanma millətbaz dələduzlara,
    Rütbədən rütbəyə sürünənlərə.
    Çoxu qulbeçədir tox donuzlara.
    Rütbədən rütbəyə sürünənlərə.

    Yalnız Ulu Türkə, Xəlil Rzaya,
    Yalnız öz ruhuna inamın olsun.
    Ey arslan ürəklim, dönmə quzuya,
    Qələbə ən böyük məramın olsun
    Yalnız öz ruhuna inamın olsun !

    Güllə tükənərsə avtomatında,
    Baxışın güllədir, əsirgəmə,vur.
    Tankın büdrəyirsə əlin altında,
    Tankdan, raketdən də güclü qardaşım,
    Vur, fateh külünü göylərə sovur.
    Baxışın güllədir, əsirgəmə,vur !

    Südəmər balamın ağ boğazında
    Göy ləkələr qoyub o beyni çopur.
    Dön qaynar polada ilan ağzında,
    Vur,ölən daşnakdır, adam deyil,vur !

    Daşnak – planetə ən böyük yağı
    Ayağı altında vulkan olmalı !
    “Dənizdən dənizə…” deyən alçağı
    Boğmağa ildırım, ümman olmalı.
    Ayağı altında vulkan olmalı !

    Çağırır Zəngəzur: – Zərbəni bərk vur !
    Səngərdə möhkəm dur !.. Çağırır Göyçə.
    Laçınım, Şuşa adlı sonsuz cahanım –
    Natəmiz əllərdə qalan gülqönçə…

    Çağırır ox kimi minarələri,
    Müqəddəs heykəli devrilənlərim.
    Yıxılan baş daşı, məzarı, qəbri
    Nəbatat bağına çevrilənlərim,
    Müqəddəs heykəli devrilənlərim.

    “İntiqam” Qışqırır yaralı dağlar,
    Qanları çaylara qarışanlarım.
    Dağılan tifaqlar, sönmüş ocaqlar,
    Şikəst taleyilə barışanlarım,
    Qanları çaylara qarışanlarım.

    “İntiqam” qışqırır yaralı çaylar –
    Zarıslı, Xəlfəli, Xaçınçay, Tərtər.
    Çaylara nə söylər ulduzlar, aylar:
    Qul kimi sürünmək ölümdən betər !

    Qalıbsa canında bircə damla qan,
    İnanma saxtakar sülhbazlara sən.
    Şuşadan, Laçından əl çəkən, inan,
    Kor olur, əl çəkir iki gözündən
    İnanma, saxtakar sülhbazlara sən.

    Əgər ölməyibsə eşqin,qeyrətin,
    Vur,ölən daşnakdır, zərbəni bərk vur !
    Odur ilk düşməni bəşəriyyətin.
    Yırtıcı nifrətim düşməni qovur,
    Gəbərən daşnakdır, adam deyil,vur !

    Bakı, 3 sentyabr

    Azərbaycan

    Gəzdim sənin çöllərini
    Oba- oba, oymaq-oymaq.
    Nə gözəlmiş qoynun sənin,
    Ana torpaq, ana torpaq!

    Astarada, Lənkəranda
    Limonların rəngi sarı,
    Süfrələrin bəzəyidir
    Kürdəmirin qızıl narı.

    Kür üstündə, göy Xəzərdə
    Vətəgələr nə gözəldir!
    Tora düşən balıqların
    Ağ pulları sanki zərdir.

    Seyr edirəm Abşeronun
    Səhərini, axşamını.
    Çox sevirəm burda bitən
    Bal ənciri, ağ şanını.

    Qızıl Quba, qızıl Qusar
    Xatırladır ilk baharı.
    Bağlarının şöhrətidir
    Gül yanaqlı almaları.

    Zaqatala qoruğunda
    Cüyür-ceyran sürü-sürü.
    Baxdıqca bu gözəlliyə
    Uzanmazmı insan ömrü?

    Mingəçevir dənizindən
    Neçə- neçə kanal gəlir.
    Bağ- bağatlı Şirvanla bir
    Ağ pambıqlı Muğan gülür.

    Gör nə qədər filiz yatır
    Daşkəsənin dağlarında.
    Xan çinarlar göyə qalxır
    Qədim Gəncə bağlarında.

    Çıxdım Şuşa yaylağına,
    Çeşmələrdə gözüm qaldı.
    Endim İsa bulağına,
    Cığırlarda izim qaldı.

    Kəlbəcərin dağlarında
    Durub baxdım al səhərə,
    Yerdə əlvan çiçəklərə,
    Göydə qızıl şəfəqlərə.

    Dərələrin gül beşiyi
    Təpələrin gül dağıdır.
    Səni belə gözəl edən
    Azərbaycan bayrağıdır!

    * * *

    Başım üstə yelləndikcə göy, qırmızı, mavi bayraq,
    Göy gül açır, yer göyərir budaq-budaq, yarpaq-yarpqaq.
    Sağ-solumda yeriyənlər nəhrə dönür, axınlaşır,
    Yaxınlaşır səadətim, ilk baharım yaxınlaşır.

    …Haray ellər, dağ seliyəm, şəlalələr qanımdadır,
    Sən baharı çöldə gəzmə, o cismimdə, canımdadır.
    Mən adicə vətən oğlu, nə bəbirəm, nə də şirəm,
    Ağaran saç ağ gül açır, döyüşlərdə gəncləşirəm.

    * * *

    TÜRK sözündən qorxan gəda
    Qəribədir şakərin:
    TÜRK sözünü eşitcək, dərhal omba durursan,
    Bacarsan həmin sözün düz gözündən vurursan.

    Qardaşım oğlu—Türkel,
    Doğma kəndim də—Türkan.
    Şeirimdə görsən, dərhal pozub qaralayırsan.
    Ya Mərdəkan yazırsan,
    Ya Şüvəlan yazırsan,
    Təki Türkan olmasın.
    Dodaqaltı mırtdanıb, söylənib xısın-xısın
    Bəzən aşkar deyirsən:
    —Qardaş, “Türkan” olmasın.

    Yox, “qardaş” sözünü sən götür geri, ey gəda!
    Sözdən qorxan hərifdən qardaş olmaz dünyada
    nə yaxına, nə yada.

    Bu dünyada növbənöv qorxaqlar görmüşəm mən:
    Oddan, sudan, dənizdən, ilandan qorxan da var.
    Həyulədən, teyfdən, xortdandan qorxan da var.
    Ancaq sözdən qorxanı dünyada görən hanı?
    — Yox, bu adi söz deyil,TÜRK sözüdür, ay canım!

    Sus, tanıdım mən səni, vicdanı çoxdan susan!
    Otuz yeddinci ilin lap dibinin xıltısan.

    Sən neçənci ildənsən?
    Qırxıncıdan?
    nə fərqi?
    Hələ heç doğulmamış qorxuludur qorxaqlar,
    Bütün cinayətlərdə qorxağın barmağı var.
    Sənin kimilərini süpürməsək cahandan,
    Inan, bir də qayıdar bəlkə o qırğın, o qan.

    Sənə xitab etməyi ar bilsəm də özümə,
    Gərək davam eləyim başladığım sözümə.
    Dinlə: hər halda səndən beş-altı yaş böyüyəm,
    Ərzin ən böyük çayı Nilə bənzəyən TÜRKƏM!

    AZƏRBAYCAN TÜRKÜYƏM, bu soyun şah budağı,
    Neçə-neçə eranın köksümdədir qaynağı.
    Ərzin buz laylarını əridən qüdrət mənəm,
    Daş dövrünü yaşayan tunc,
    Dəmir dövründə polad əridən qüdrət mənəm.
    Avropanı oyatdı Atillanın qılıncı,
    O qılıncı Füzuli qələminə çevirən
    Cürət, ləyaqət mənəm.

    Raketlərin anası arabanı kəşf edən,
    Nə qədər uluslara: yunanlara, ruslara,
    Tunquslara, lehlərə, almanlara, çexlərə
    Min-min sözü bəxş edən bəşər atası TÜRKƏM!
    Qulaq as, ey əqli kəm:
    Məndən başlanır tarix,
    Tarix qədər qocaman, tarix qədər müdrikəm.

    TÜRKƏM, neçə millətə öz qanımı vermişəm,
    Dənizlər bətnimdədir, ümmanımı vermişəm.
    Get dolan Kamçatkanı, Alyaskaya gedib çat,
    Amerikaya kəmənd at, orda rişəm var mənim.
    Dillərini araşdır,
    Öz doğmaca balamdır qədim hindular mənim.

    Mən cığır yox, tarixin kəhkəşantək yoluyam,
    Dədə Qorqud, Alpamış, Manasam, Koroğluyam.
    Şeirin, elmin, rübabın ilk bahar nəsimiyəm,
    Türküstanda Farabi, İraqda Nəsimiyəm.
    Bir qanadım Nəvai, o biri Yunis Əmrə,
    Öyrən, hansı məqamda endim səmadan yerə.

    Neçə millətin saçı əllərimlə darandı,
    Iohan, İvan sözləri
    Bizim “Xan”dan yarandı.
    Uluq—Oleq qardaşdır, bəs Uğur—İqor necə?
    Bunlar nə tapmacadır, nə ovsun, nə bilməcə.

    Volqa—İrtış, Yenisey, Qızılirmaq – qollarım,
    Ərzin şah damarıdır mənim döyüş yollarım.
    Yox, biganə qalmadım nə xeyirə, nə şərə,
    Mən “çelovek” sözünü bəxş eylədim bəşərə.

    Sınırlanma boş yerə,
    TÜRKƏ qarşı tuşlanmış cəsuslar görmüşəm mən,
    Bulanlıqkən durulmuş,
    Öyrənərkən ayrılıb özü TÜRKƏ vurulmuş.

    TÜRKƏM!
    Bircə həyatım yetmiş dəniz yelkəni,
    Sən get anandan öyrən kimdən qazanmış səni?!

    Azadlıq həsrəti

    Sən demə azadlıq aymış günəşmiş,
    O aya o günə həsrət qalmışam.
    Həyat səsli küylü bir keşməkeşmiş,
    Doğma səsə ünə həsrət qalmışam.

    Mənim o yerlərdə ayaq izim var,
    Səadət aynası beş dənizim var.
    Vəfa xəzinəsi firəngizim var,
    Onun ağ üzünə həsrət qalmışam.

    Ruhum meydanlara sığmayan alay,
    Üç rəngli bayrağım qalx ucal haray.
    Öpsün tellərini Xəlil, günəş, ay,
    Mən sənin üzünə həsrət qalmışam.

    Uzaq diyardayam daş qəfəsdəyəm,
    Bir vətən ləhinə teşnə həstəyəm,
    Mənə görüş verin səfər üstəyəm,
    Balamın gözünə həsrət qalmışam.

    Çattırın o gülə gülzara məni,
    İtirsən o yerde gəz ara məni,
    Qürbəttə qoymayın məzara məni,
    Vətən gündüzünə həsrət qalmışam.

    Xəlil sən qayasan dərdə dözərsən,
    Sən kürsən, xan araz, göygöl xəzərsən,
    Yenə o yerləri bir gün gəzərsən,
    Demə sən bu günə həsrət qalmışam

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    SEVGİSİZ EY DÜNYA VARMI DƏYƏRİN?!

    Bir ürək yanmasa alovlanmasa,
    Sevgisiz ey dünya nədir dəyərin?!
    Bülbül nalə çəkib yar aramırsa.
    Qədrini kim bilər, qönçə güllərin.
    Sevgisiz ey dünya nədir dəyərin?!

    Sevirəm kəlməsin bir dil demirsə?
    Gözlər yar axtarıb ,yarı gəzmirsə?
    Ürək bu sevgiylə pöhrələnmirsə?
    Həsrətin çəkməsən ötən illərin.
    Sevgisiz ey dünya nədir dəyərin?!

    Dənizin qoynunda dalğa olmasan,
    Goşub qayalara heç çırpılmasan.
    Pərvanə tək şam başında yanmasan.
    Oyanmaz qəılbində sənin hislərin,
    Sevgisiz ey dünya nədir dəyərin?!

    Bülbül olub gülüstana girməsən.
    Boynu bükük bənövşəni üzməsən.
    Sevən gözdə öz əksini görməsən.
    Qəlbinə çatarmı sənin istəyin?
    Sevgisiz ey dünya nədir dəyərin?!

    Bir qulaq as, ay sevgilim sözümə.
    Həkk olmüsan varlığınla qəlbimə.
    Bu varlığı bu qəlbimdə itirmə.
    Üzülməsin əllərimdən əllərin.
    Sevgisiz ey dünya nədir dəyərin?

    DEYİLMİ?

    Ömür başdan-başa beşikdən-qəbrə həyatın sevinci, qəmi deyilmi?
    B.Vahabzadə

    Ömür həyat adlı-sonsuz ümmanda,
    Sükanı olmayan gəmi deyilmi?
    Təlatüm, fırtına gəldiyi anda,
    Dəryalar fələyin camı deyilmi?

    Zamandır insanı ələyən ələk,
    Fəhm edək hikmətin, dərk edək gərək.
    Ümidlər, istəklər, azrzular, dilək,
    Həyatın ləzzəti, tamı deyilmi?

    İnsanın həm gülər, həm ağlar bəxti,
    Sevgidir, ülfətdir könlünün taxtı.
    İstəklə murada yetdiyi vaxtı,
    Həyatdan aldığı kamı deyilmi?

    Coşuruq, daşırıq bəzən heç nədən,
    Az qalır qəlbimiz çıxsın sinədən.
    Dünyanı özünə zindan, dar edən,
    Zamanın naşısı, xamı deyilmi?

    Gənclikdir ömürün baharı, yazı,
    Dünyaya ün salar sözü, avazı.
    Yaşamın hər fəsli alında yazı,
    Payızı kövrəklik dəmi deyilmi?

    Heç yatmaz qəlblərin havarı, hayı,
    Tükənməz diləyin, istəyin sayı.
    Dövranın qismətdən verilən payı,
    Ömrünün, günün şamı deyilmi?

  • Xalq şairi Xəlil Rza Ulutürkün yeni kitabı işıq üzü görüb

    “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq şairi, Əməkdar incəsənət xadimi, M.F.Axundov adına ədəbi mükafat laureatı , filologiya elmləri doktoru, şair-ədəbiyyatşünas, tənqidçi Xəlil Rza Ulutürkün “Mən ümmanlar təşnəsiyəm” adlı yeni kitabı 440 səhifə həcmində 100 tirajla işıq üzü görüb.
    Kitaba şairin müxtəlif illərdə işıq üzü görən kitablarından seçmə şeirlər və poemalar daxil edilib.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından görkəmli Azərbaycan şairi və tənqidçisi Xəlil Rza Ulutürkün “Seçilmiş əsərləri”nin iki cildliyi 2005-ci ildə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.
    Yeri gəlmişkən, bundan öncə 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Xalq şairi, Fərdi Prezident təqaüdçüsü, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyatı Mükafatı laureatı Zəlimxan Yaqubun “Dünyadan köçən mənəm”, 2017-ci ildə isə Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, şair, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzanin “Müasirlərim” seriyasından “Axı dünya fırlanır…” adlı şeirlər və poemalar toplusu kitabı media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, poeziya həvəskarlarının, ədəbiyyatsevərlərin diqqətinə çatdırılmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Kənan AYDINOĞLU.”Ən müqəddəs torpaqdayam”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Qocaman gözəl dünyanın,
    Nə gözü, nə də qaşıyam.
    Bu qərib, fani dünyaya,
    Gəldim qəm yükün daşıyam.
    Zərrəyəm, yaşadıqca mən,
    Ömrü boyu göz yaşıyam,
    Unutmuram, çox ağladım,
    Süzülmüşəm, yanaqdayam.

    Bu dünyada bir zaman bax,
    Günəşdim, ulduzdum, aydım.
    Şerimi illər öncə mən,
    Bu yurdda, obada yaydım.
    Dünən, bu gün, bir də sabah,
    Yaşanan anımı saydım.
    Kədər kimi ürəklərdə,
    Nəğmə kimi dodaqdayam.

    Pəncərədən baxa-baxa,
    Pərdəyə, tülə dönmüşəm.
    Çiçəyəm, yaz fəslində də,
    Çəməndə gülə dönmüşəm.
    Füzulinin həsrətinə,
    Yanmışam, külə dönmüşəm.
    Atəş yandırmasın məni,
    Məşəldəyəm, ocaqdayam.

    Şeir mülkü səltənətim,
    Dövlətdəyəm, vardayam mən.
    Tanrı sınağa çəkibdi,
    Dostlar bu gün dardayam mən.
    Qış fəslində sazaq olar,
    Şaxtadayam, qardayam mən.
    Ruham, canam zərrə kimi,
    Yaxındayam, uzaqdayam.

    Xoşbəxtlərin xoşbəxtiyəm,
    Bu torpaqda doğulmuşam.
    Təndirdə çörəyə dönüb,
    Kündə kimi yoğrulmuşam.
    Bir zaman olmamışdım mən,
    Dünən və bu gün olmuşam.
    Azərbaycan adlanan bil,
    Ən müqəddəs torpaqdayam.

    Bakı şəhəri. 27 mart 2018-ci il.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Sarı eşqə Tanrı ağlar,
    Bəndə ağlamaz…
    Ağlamaz…
    Qoca palıd çal başına
    Sarı bağlar…
    Qara bağlamaz…
    Bağlamaz…
    Əyilib səcdə edərəm
    Getdiyin hər dan üzünə…
    Məcnuna qibtə edərəm,
    Leylinin həya rübəndi
    Yaraşmaz nakam üzümə…
    Yandım…
    Aman, sarı palıd…
    Qoynunda koğuşun varmı?
    Bu eşq səmalarla yaşıd…
    Eşqdən ölsəm,
    Ah, Tanrım, ah,
    Bir də doğuluşum varmı?

    Cavidanə təbəssüm – Şəfa Vəli

    Çəkinmə, gül! O lətif, incə,
    nazlı qəhqəhələr
    Simaxi-ruhumu öpdükcə
    məsti-zevq olurum.
    Hüseyn Cavid

    1. Ölümlə sevişmək arzusu
    İndi özümə yaddır
    Dəli hönkürtülərim…
    Güzgüdəki qadını
    Ölümə sürüklədim…

    Dünyada ən dəhşətli,
    O çılğın ehtirasın
    Yapışmışam əlindən…
    Gülürəm…
    Xısın-xısın…

    Bilirəm
    Uçurumun

    Ruhuma aclığını…

    Şahzadəsi deyiləm

    Şirin, məsum nağılın…

    Bu gecə sevişməyi

    Dadmaq arzusundayam…

    Ölümlə sevişməyin

    Bircə addımındayam…

    Əlim üzülüb tamam

    Həyat adlı zalımdan…

    Nə yarım, nə də anam

    Hali deyil halımdan…

    Edam olunur günəş

    Ayın xəyanətində…

    Ümidlərim can verir

    Ölümü öpməyimlə…

    Öpülmək istəyirəm

    Gecəni səhərəcən…

    Sevişmək istəyirəm

    Ölümlə…

    Ölənəcən…

    Bu sonuncu arzunun

    Qarşısında dik durdum…

    Həzz alan qürurumun

    Qucağında uyudum…

    2. Mən göy üzü deyiləm…

    İçim günahla dolu…

    Çölüm günahla dolu…

    Qətl edilmiş arzular

    Çiynimdə ömür boyu…

    Qarışıb hisslərimə

    Əbədi yuxu eşqi…

    Günah yağır gecəmə…

    Günahım yuyur eşqi…

    Gözlərim qan çanağı…

    Saat gecənin beşi…

    Yenə zülmət bağırır…

    Ürəyimlə sevişir…

    Hardadı bu ayrılıq?

    Gəlib döysün sinəmi!

    Eşitmirmi, ağlayır

    Zorlanan eşq mələyi!

    Ah…

    Yenə də özüməm

    Həm qatil, həm günahkar…

    Mən göy üzü deyiləm,

    Sevə məni ulduzlar…

    Axır dodaqlarımdan

    Damcı-damcı kəlmələr:

    -Tanrı, keç günahımdan!

    Tanrı, qoyma ölməyə!

    3. İblis üçün epitafiya

    Çiliklənən güzgümü

    Gözümə sığdırıram…

    Qucaqlayıb özümü

    Səhərə aparıram…

    Tanrı bağışlayandı…

    Bağışladımı məni?

    Şeytanı daşlayanda

    Alqışladımı məni?

    Yoxsa…

    Yaranışımdan

    Şeytan özüm olmuşam?

    Ölümlə yarışanda

    Finişə tez çatmışam?

    Ağarır damcı-damcı

    Üfüqdəki dan yeri…

    Doğuşdan betər sancı

    Axtarır ölüm yeri…

    Can verir ehtirasım

    Üzü səhərə doğru …

    Ölümlü arzularım

    Tək bircə ümid doğur…

    Ümidə baş əyirəm…

    Dərdə qəbir qazıram…

    Qatil ehtirasımı

    Ruhumda basdırıram…

    Yazıram başdaşına

    Ürəyimin qanıyla:

    “Ömrümün yaddaşında

    Ölüm də eşq sayılar…”

    Həya baxışlarımda

    Açıram bu səhəri…

    Ah…

    Narıncı dumanda

    Cilvələnir şəhərim…

    İblis də mən, mələk də…

    İnsanam, insan özüm!

    Yaraşır hisslərimə

    Cavidanə təbəssüm…

    Gəncə

  • Şəfa EYVAZ.Yeni şeirlər

    Gülümsə

    İçində tufan qopur, üzün hələ gülürsə,
    Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə!
    Qəlbin alov tutanda, gözündən yaş gəlirsə,
    Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə!

    Hələ salam verirsə, yanından ötən biri,
    Günahsız bir körpənin dodaqları gülürsə,
    Bir əlin o birinə daha isti gəlirsə.
    Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə!

    Ruhun sızıldayırsa yaralı quş görəndə,
    İçində bir duanın səsi haray salırsa,
    Dilin hələ dönürsə, “Allah, Allah” deməyə,
    Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə!

    Kim bilir

    Alnıma yazılan yazıya bir bax,
    Kim bilir daha nə görəcək gözüm?!
    Vaxtsız sönən məhəbbətin yasına,
    Görəsən çoxmu yaş tökəcək gözüm?!

    Üzümdə izini buraxır illər,
    Saralır içimdə açılan güllər.
    Gün-gündən rəngini itirir tellər,
    Deyəsən çuxura düşəcək gözüm!

    Düz yollarım döndü oldu çəpəki,
    Dağ-dərə önümü kəsib hələ ki.
    Çox yüyürdüm çatammadım sənə ki
    Elə baxa-baxa öləcək gözüm.

    Bir şəklin qalaydı

    O ötən günlərdən xatirə kimi,
    Nə ola bir şəklin qalaydı məndə.
    Qırıq ürəyimə kömək, təsəlli,
    Nə ola bir şəklin qalaydı məndə.

    Gecdi göz yaşımı töküm o günə,
    Günlər yas saxlamır itkin ömrünə.
    Mən kölgə oluram yollara yenə,
    Nə ola bir şəklin qalaydı məndə.

    Bilirəm rəsmin də qəm gətirəcək,
    Zilimi udacaq, bəm gətirəcək,
    Quruyan gözümə nəm gətirəcək,
    Nə ola bir şəklin qalaydı məndə.
    Nə ola bir şəklin qalaydı məndə.

    İmtahan

    Uşaqkən bilməzdim imtahan nədi…
    Sadəcə bilirdim qorxurlar ondan.
    Məni titrətməzdi sorğu-suallar,
    Keçməsəm həyatın sərt sınağından.

    Böyüdüm biliyim, təhsilim artdı,
    Hətta imtahan da etdilər məni.
    Mənə suallar da şirin gəlirdi,
    O zaman bilmirdim məhəbbət nədi.

    Məhəbbət deyilən nə ağır sınaq,
    Cavabsız suallar yaman çətindi.
    Keçəmməsəm ümidlərim sınacaq,
    Sınan qəlbin ağrısına döz indi.

  • «Cəsarət və həqiqət»in hədəfində — Şəfaqət Cavanşirzadə

    Cəsarət və həqiqət

    Özünüzü cəsarətli və səmimi birisi hesab edirsiniz? Suala cavabınız müsbətdirsə, suallara cavab verərkən cəsarətli və səmimi olmalısınız.

    Hazırsınızsa, başlayaq.

    Cəsarət:

    1.Cəsarətinizin dayanacağı son məntəqə, ən cəsarətli addımınız nə ola bilər?

    Cəsarətimin son dayanacağı tək qaldığım günə qədərdir. Gərək cəsarətli olmağın üçün tutarlı səbəbin və ya səbəblərin olsun. Ən cəsarətli addımımı sevgiyə görə atmışam. İkinci dəfə inanmıram bu addımı atam…Məncə, atmayacam da!…

    2.İctimai yerdə aqressiya görürsünüz, ya da kimsə ağlayır, intihar etməyə çalışır, ya da ki, terrorçu ilə eyni məkandasınız, bu üç durumda nə edərsiniz?

    İctimai yerdə aqressiya görəndə səbəbini araşdırıram. Bəzən fikir vermirəm. Kənardan izləmək daha çox maraqlıdır. İnsan ağlayanda ürəyi dolu olur, ümumiyyətlə danışmağı sevir. Yaxşısı budur ağlaya-ağlaya danışsın, mən də dinləyim,arada dəstək olmaq üçün “can, ağlama deyim”. İntihar edən qadın olsa elə dərd danışaram ki, öz gününə şükür edər. Kişi olsa, son dəfə yaxşılıq etməsini istəyərəm. Mənə borca pul verməsini istəyərəm. Zarafat edirəm. Düzü,özümü itirərəm. Terorçu ilə eyni məkana düşsəm polisə, ya da yanımda güclü-qüvvətli adam olsa ona deyərəm. Terorçu qadındırsa gücüm çatar, kişiyə gücüm çatmaz.

    3.Bir nəfərdən çox xoşunuz gəlir, onu istəyirsiniz, bunu ona etiraf edərsinizmi, sizə belə etiraf etsə kimsə, onunla sevişərdinizmi?

    Xoşum gələn insanla sevişmərəm. Çox adamdan xoşum gəlir. Hamısı da üzümü o tərəfə döndərənəcəndir. Ruhumu titrədən insan olsa, həyatımı birləşdirmək şərti ilə….

    4.Sizin seçiminiz: sevgisiz seks, sevişmə, yoxsa sevişmə və seks olmadan sevgi?

    Sevgisiz heç birinin gözümdə bir qəpik dəyəri yoxdur.

    5.Sevgi etirafını, eləcə də sevgi bitərkən ayrılmaq istəyini bildirmək cəsarət tələb edir, yoxsa, səmimiyyət?

    Sevgi etirafı hər zaman cəsarət tələb edib. Qarşındakı insanın cavabını bilmədiyin üçün. Səmimi ayrılmağı hər adam bacarmır təbii… Daha çox riyakarlıq olur. Səmimiyyət olsa daha yaxşı olar.

    Hansı istək, hərəkət, təxəyyül və sözünüzə görə sizi qınayarlar, buna baxmayaraq, bu istək, hərəkət, təxəyyülün gerçəkləşməsindən və sözdən vaz keçməzsiniz?
    Məsələn desəm ki, xaricdə oxumaq istəyirəm və ya xarici vətəndaşla ailə qurmaq istəyirəm, qınamaq nədi, məni topa tutarlar. İmkanım olsa təbii oxumaq istərəm. Düzü, xarici vətəndaşla evlənmək fikrim olmayıb. Heç vaxt da olmayacaq deyə bilmərəm. Sevgiyə dəyər verirəm. Hər an hər şey ola bilər.

    7.Bildiyiniz və söydüyünüz ən abırsız, pis sayılan söyüş?

    Əsəbləşəndə və ya zarafata tez-tez işlətdiyim söyüş: Şərəfsiz!

    8.İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?

    Bu sualı bir dəfə də vermişdilər mənə. Cavab verə bilməmişdim. Düşünmüşdüm, yenə də cavab tapa bilmədim. Cavab verə bilməyəcəm.

    Şəxsi münasibətlərdə dominant, aktivsiniz, yoxsa tabe olan passivsiniz?
    Həmişə aktiv ola bilmərəm. Passiv olanda da qarşımdakının aktiv olmasını istərəm.

    10.Hansı heyvan sizin xarakter və düşüncənizə yaxındır?

    Bəzən tülkü, bəzən canavar, bəzən qu quşuna bənzədirəm özümü.

    Həqiqət:

    1.Bu vaxtadək gizlətdiyiniz həqiqətiniz və yalanınız?

    Bir-neçəsi var. Amma o yalan da, həqiqət də mənimlə qəbrəcən gedəcək.

    2.Ata və ya olmaq, uşaq sahibi olmaq üçün ailə qurmaq mütləqdir? Birisi gəlib, desə ki, mən sənin bacın və ya qardaşınam, necə münasibət bəsləyərdiniz? Onu qəbul edər və sevərdinizmi?

    Mənim üçün uşaq sahibi olmaq üçün ailə qurmaq vacibdir. Çünki bir uşağa ana olmaqla bərabər ata olmaq istəmirəm. Elə bilirəm tək başıma o uşağın yükünü daşıya bilmərəm. Düzü, daşımaq da istəmirəm. Mənə bacınam, qardaşınam deyənlər olub, qəbul eləmişəm, amma sevməmişəm. Sevdiyim insana niyə bacı-qardaşı gözüylə baxmalıyam? Məncə bu özünü aldatmaqdır və uşaq hərəkətidir.

    3.Saymağı bacarırsınızsa, yaddaşınız sizi darda qoymursa, deyin, o, neçəncidir? (burada o-şəxs əvəzliyidir)

    Dəqiq yaşımı vurub keçməmişəm)

    4.İnsanlardan ayrılmağınızın səbəbi nədir?

    Yersiz qısqanclıq, həddindən artıq diqqət, həddindən artıq diqqətsizlik.Nadir hallarda xəyanət.

    5.Bu ifadəni tamamlayın: Yaşım qədər

    Yaşım qədər kitab oxumuşam)

    6.Sevgiliniz və ya dostunuzun homoseksual və ya biseksual olduğunu bildiyiniz zaman, qarşı tərəfin təsdiqləməsindən sonra nə edərsiniz?

    Dostumdan yox,amma sevgilimdən ayrılardım. Dostumun şəxsi həyatına və seçiminə qarışa bilmərəm. Özü bilər.

    7.Pul müqabilində varlı xarici vətəndaşla ailə qurarsınızmı?

    Nəinki xarici, heç öz ölkəmin vətəndaşıyla ailə qurmaram.

    8.İntihar etsəniz, səbəbi nə olar?

    Düşmən əlinə keçməmək üçün yəqin.

    9.Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?

    Əsas cəsarətdir. Ölkədə hamı həqiqəti görür, amma cəsarətləri yoxdur, susurlar.

    10.Öləndən sonra sağlam daxili orqanlarınızı donor kimi hədiyyə edilməsini vəsiyyət edərsinizmi və surroqat ana və ya ata olmağa necə yanaşırsınız, donor olmağa razı olardınızmı?

    Öləndən sonra razıyam. Orqanlarımı donor kimi hədiyyə etsinlər. Amma surroqat ana olmaram. Düzü qəbul da etmirəm.

    Həm həqiqət, həm cəsarət:

    1.Qanunu necə və nə vaxt pozmusunuz?

    Mənə sərf eləməyəndə pozmuşam. Daha çox tələsəndə pozduğum qanunlar olub.)

    2.“O”nunla qarşılaşsanız, ilk sualınız?

    Niyə qarşıma çıxdın?

    Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
    Həqiqətlə birləşmiş cəsarəti seçərdim.

    Mənlə bağlı:

    Mənə cəsarət edib, verəcəyiniz sual, deyəcəyiniz söz varmı? — Mənimlə bağlı hansı həqiqəti bilmək istəyirsiniz?

    Feminist olub-olmamağınız mənə maraqlıdır.

    Feminist deyiləm, qadının da, kişinin də səhvlərini görürəm, iradımı bildirir, tənqidimi edirəm, cinsindən, yaşından, irqindən, milliyətindən asılı olmayaraq hamıya eyni yanaşıram.

  • İlahə İMANOVA.”Elçi zanbaqlar” (Povestinin davamı)

    Bir qız və ya qadın üçün rəqibinin qarşısına çıxmaq qürur və mənliyini, ləyaqətini alçaltmaqdan əlavə, həm də qarşısındakının ondan daha yaxşı olduğunu etiraf etmək demək idi. Qarşımda dayanmış gözəl qıza bu cəhəti yaraşdıra bilmədiyimdən halına acıyırdım. Yəqin ki, onun yerinə olsam, mən heç vaxt bunu etməzdim.
    ─Deyəcəyiniz sözləri təxmin etdiyim üçün, sizə yalnız bunları deyə biləcəm. Qayınananızla görüşdüyüm günə qədər barənizdə heç nə bilmirdim. Bilsəm, heç vaxt bu münasibətlərə yol verməzdim. Bir qızın xoşbəxtliyini, səadətini əlindən alacaq qədər vicdansız deyiləm. Başqasının bədbəxtliyi, göz yaşları üzərində xoşbəxtliyimi qurmaram heç vaxt. Narahat olmayın, Raufla münasibətlərimizə birdəfəlik son qoyulub.
    Qızın həyəcanla dediyi:
    ─Əslində elə mən də bu barədə danışmaq istəyirdim, –sözlərinə,
    ─Raufun həyatından bir dəfəlik çıxıb gedirəm. Sizin xoşbəxtliyinizə mane olmayacam, –deyə cavab verdim.
    ─Siz məni səhv anladınız. Mən…
    ─Bizim münasibətlərimiz özü bir səhv idi. Mən bu səhvi düzəltdim.
    ─Rauf sizi həddindən çox sevir. Sizin də onu sevdiyinizə şübhəm yoxdur.
    ─Raufla aranıza girdiyim üçün, bilməyərəkdən sizdən onun sevgisini oğurladığım üçün son dərəcə üzgünəm. Səmimiliyimə inanın, belə olmasını istəməzdim.
    ─Rauf…
    ─Həyatından çıxdığım kimi, sabah axşam şəhəri də tərk edəcəm. Ondan sonra xoşbəxtliyinizə heç nə mane olmayacaq. Bacarırsınızsa, məni bağışlayın.
    ─Siz mənə danışmağa imkan vermirsiz!
    ─Buna ehtiyac da yoxdur. Hisslərinizi anlayıram.
    ─Amma siz bilməlisiniz ki, …
    ─Rauf sənə əmanət. Onu xoşbəxt et! Xoşbəxt olun! –deyib masadan qalxdım.
    Bu sözləri dediyim ana qədər hələ də qəlbimin dərinliklərində Raufla münasibətlərimizin mümkünlüyünə inanırdım. Dilimdən qopan kəlmələri –dediyim son sözlərimi qulaqlarımın eşitdiyi an, artıq münasibətlərimizin qeyri-mümkün olduğunu anladım. Sevdiyim insana xoşbəxtlik arzu edib onu başqasına əmanət etməklə hər şeyə son qoymuşdum.

    ********
    Fərq etməz nə qədər müddətə, vidalaşmaq son dərəcə ağır duyğudur. Ən əvvəl, evinin daş-divarına nəzər salarsan: bu günə qədər bəlkə heç diqqətini çəkməyən əşyalar belə, sənə o qədər doğma və dəyərli görünər ki bir anda. Nə vaxtsa kənara atıb unutduğun, üstünü toz basmış oyuncağın, ad günlərinə hədiyyə edilmiş kiçik suvenirlər, rəflərdəki kitabların, masanın üstündəki yazıb qaraladığın köhnə dəftərin belə sanki dil açıb sənə nələrsə demək istəyirmiş kimi diqqət kəsilərsən. Sevimli ayını belə bağrına basıb “Darıxma mənsiz. Sənin üçün çox darıxacam” deyərsən pıçıltı ilə. Hər kəsə təsəlli verib, hər şeyin yaxşı olacağına özün qarışıq hamını inandırmağa çalışsan da, ilk özün kövrələr, gizlincə göz yaşlarını silərsən ki, arxanca gözləri qalmasın, səndən narahat olmasınlar. Üzündəki təbəssüm həm dodaqlarına, həm də qəlbinə yük olar.
    Mənim üçün darıxmamaları üçün bütün günü deyib-gülməyə çalışır, gələcəklə bağlı elə gözəl xəyallar qururdum ki. Anama zarafatla bundan sonra qohum və qonşuların yanında daha çox hörmətli olacağını deyib, kasıb bir ailənin qızının Almaniyada təhsil almasının necə böyük fəxr olduğunu və qürur hissi bəxş etdiyini bilərəkdən vurğulayırdım.
    ─Həmişəlik getmirəm ki! Gələcəm də.
    ─Yad ölkədə təkbaşına necə olacaqsan… Dünyanın o başıdır! Yaxın da deyil ki, biş-düş edib tez-tez yanına gələm…
    Güldüm:
    ─Yaxşı ki də yaxın deyil! Yoxsa bir gündən bir babadan qalma həsir zənbili, səbəti doldurub durub gələrdin. Narahat olma, dövlət bizim təhsilimiz üçün bütün vəsaitləri ayırıb. Heç nəyə ehtiyacımız olmayacaq. Yalnız sizin dualarınıza ehtiyacım olacaq.
    Anam və nənəm sözlərimdən kövrəldi. Elə mən özüm də kövrəlmişdim. Onların üzündəki kədərli ifadəni gördükcə, hətta fikrimdən vaz keçmək, bu səfərdən imtina etmək istəyirdim.
    Qürbət ölkədə bəlkə də ən çox nənəm üçün darıxacaqdım. Nənəmin boynuna sarılıb əllərindən, üzündən öpməkdən doymurdum. Qoxusunu içimə çəkib özümlə aparmaq istəyirdim. Yad yerdə nənəm qədər kim çəkəcəkdi nazımı mənim… Kim səhvlərimi ört-basdır edib, himayə edəcəkdi məni…
    Anam məni bağrına basarkən içimdə qəribə bur duyğu yarandı. Sanki ilk dəfə idi içindəki bütün sevgisini hiss etdirirdi. Qolları arasında sıxıb bağrına basır, arada da “Özündən muğayat ol. Bayıra çıxanda əynini qalın gey. Hava qaralanda küçələrdə tək gəzib dolaşma, qürbət diyardır. Fikrin bizim şəhərə getməsin, oraların adamları bir başqa cürdür, bizimkilərə bənzəməzlər” –deyə öyüd və nəsihətlərindən son anda da əl çəkməzdi. Gülümsədim. Anlayanda ki, anamın danlaqlarını, hər səhər deyintisini eşitməyəcəm, indidən qəribsədim.

    Təkidlərinə baxmayaraq, anamın və nənəmin hava limanına qədər məni ötürmək istəyinə etiraz etdim. Hava limanları, vağzal məndə hər zaman kövrək hisslər oyadır. Bu məkanların özündə cəmlədiyi ayrılıq, həsrət qoxan duyğusunu bir də əzizlərimin vidası ilə ağırlaşdırmaq istəmirdim. Buna tab gətirməzdim.
    Bacım və yoldaşı ilə görüşüb, anamı, nənəmi onlara əmanət etdim. Söz verdilər ki, onları darıxmağa qoymayacaqlar. Heç kəs baş bəlasını əvəz edə bilməsə də, amma bacımın uşaqlarının nənələrinin başını qatacağına əmin idim. Nəvə şirin şeydir, yorulub əldən düşən iki nənənin bəlkə heç məni xatırlamağa belə vaxtları qalmayacaqdı.
    Təyyarəyə minik başladı. Trapın pillələri ilə yuxarı qalxdıqca son dəfə imiş kimi ətrafa boylanıb səmaya, geniş aerodroma nəzər saldım. Ayaqlarımın həqiqətən vətən torpağından üzüldüyünü hiss edincə kövrəldim, kirpiklərimdə donub qalmış yaş az keçmədən yanaqlarıma süzüldü. Vətənimin havasını ciyərlərimə çəkdim. Bacardığım qədər daha çox bu havanı içimə çəkmək, ehtiyac duyacağım günlərə ehtiyat saxlamaq istəyirdim. Hər gün onlarla insanın yanından ötüb keçərkən nə danışdıqlarına, səslərinə diqqət etməzdim. İndi isə tanımadığım, lakin mənə yad olmayan bu insanları daha çox eşitmək istəyirdim. Həmyerlilərimin söhbətləri üçün, öz dilimiz üçün nə qədər darıxacağımı bilirdim. Öz vətənindən üz döndərən, qürbət ellərdə öz xoşbəxtliyini tapmağa çalışan insanları heç vaxt anlaya bilməsəm də, tək olmadığımı, mənim kimi öz millətini, dövlətini, dilini sevən yüzlərlə, minlərlə vətənpərvərlərimizin olduğuna əmin idim. Yaşadığımız müvəqqəti ayrılığın əslində dövlətimizə, insanlarımıza faydalı olacağını anlayan kəslərdən biri kimi mən də özümə bununla təskinlik verirdim.
    Təyyarənin pəncərəsindən baxıb harada olduğumuzu müəyyən etməyə çalışırdım. Üstündən uçduğumuz tarlalar, çay və dənizlər xəritədə olduğu kimi görünürdü. Bu qədər yüksəklikdə kiçik nöqtəyə bənzəyən tikililəri gördükcə böyük bir qalaktikanın nə qədər kiçik bir zərrəsi olduğumu anlayır, həmçinin özümü Allaha həmişə olduğundan daha yaxın hiss edirdim.
    Stüardessa gülümsəyərək:
    ─Azərbaycan sərhəddini keçdik, –dediyi zaman kövrəldim, sanki canımdan can ayrılırdı. Geridə qoyduğumuz hər mil məni doğma Bakımdan, vətənimdən uzaqlaşdırırdı. Azərbaycan hava yollarına məxsus təyyarədə olduğumu xatırladıqda isə, bu həsrət azalır, hələ də özümü vətəndə hiss edirdim.
    Başımı oturacağa söykəyib düşüncələrə dalmışdım. Üzümə tökülən saçlarımı arxaya verdim. Əlim qeyri-ixtiyari qulağıma toxunduğu zaman sırğamın bir tayını itirdiyimin fərqinə vardım. Üzüldüm. Görünür, həyatda nəyisə qazanmaq üçün yola çıxarkən, sənin üçün dəyərli olanları itirmək şərtdir. Mənim üçün son dərəcə dəyərli olan bu qızıl sırğa nənəmin yadigarı idi, on səkkiz yaşım tamam olarkən mənə bağışlamışdı.
    Sırğanın tək tayını bir müddət ovcumda tutduqdan sonra onu da itirməmək üçün çantama qoydum. Üzünə baxmaq belə istəmədiyim telefonu çıxardım. Adət etdiyimdəndir bəlkə, mesaj bölməsinə daxil oldum. Yazdığı mesajların heç birini silməmişdim. Təkrar-təkrar oxuduqca daha da kövrəlirdim. Öz-özümə:
    ─Hisslərin ən güclüsü ayrılıq imiş! Bildim. Təkcə ailəmi, yaxınlarımı deyil, sevdiyim insanı da sənə əmanət edib gedirəm, Vətən! –pıçıldadım…”

    Raufun səsini eşidib fikirdən ayıldım. Bir anlıq hisslərə necə qapılmışdımsa, kafedə olduğumu, onunla üzbəüz oturduğumu belə unutmuşdum.
    ─Afət! Dinləyirsən məni?
    Bir zamanlar sevgisinə alışıb həsrətiylə gecələri sabah etdiyim insana laqeydliklə astadan:
    ─Mümkünsə, birbaşa mətləbə keç, –dedim.
    Rauf nəzərlərini üzümdən çəkmədən əlimi tutdu:
    ─Sənə deyiləsi o qədər sözüm var ki! Yeddi ildə ürəyimdə yığılıb qalmış sözləri bir neçə kəlmə ilə ifadə edə bilməyəcəm…
    ─O zaman demək istədiklərini qısa və aydın ifadə et. Vaxtımı alma!
    ─Bu yeddi il ərzində səni xatırlamadığım, səni düşünmədiyim gün olmadı. Sənsiz yaşanan bu illər ərzində anladım ki, mənim xoşbəxtliyim sənin yanındadır. Səni bir daha itirə bilmərəm, Afət! Gəl, unudaq hər şeyi, sanki arada bu yeddi il olmamış kimi münasibətlərimizi yenidən, qaldığı yerdən davam etdirək.
    İllər sonra sevdiyim insanın gözlərinə baxdım. Sevgi ilə dolu gözlərinin səmimiliyinə inanmaq istəsəm də, yaşadıqlarım mənə dərs olmuşdu. Bir daha peşmançılıq hissi keçirməmək üçün bir daha insanların səmimiyyətinə inanmayacağıma and içmişdim.
    İstehza ilə güldüm:
    ─Qaldığı yerdən? Mənə boş ümidlər verib xoşbəxt gələcəyi vəd etdiyin, yoxsa sonuncu görüşdə bütün həqiqətləri etiraf etdiyin yerdən?
    ─Bir-birimizin əlini buraxmayacağımız, ömrümüzün sonuna qədər bərabər olmağa and içdiyimiz yerdən. Mən sənə verdiyim vədi unutmadım. Səni hələ də sevirəm. Bilirəm ki, sən də məni sevirsən. Bir-birimizi incitməyin mənası yoxdur.
    ─Bu mümkün deyil!
    Əlimdən tutdu, ovcunda sıxdı:
    ─Niyə, axı, başımın bəlası? Öz əlimizdə deyilmi? Xoşbəxt olmağa gecikmişik, illərin ayrılığından sonra yenidən səadətimizə qovuşmaq haqqımızdır.
    Raufun səsindəki səmimiyyətə illər əvvəl olduğu kimi inanmaq istədim yenidən. İllərlə eşitmək istədiyim sözləri həsrətinə dözə bilmədiyim insanın dilindən eşidirdim. Ayağa qalxmaq, boynuna sarılmaq, səsim yetəcək qədər hündürdən onu sevdiyimi söyləmək istəyirdim. Bir anlıq xəyal belə qurmuşdum ki…
    Telefon zəngi. Raufa zəng gəlirdi. Masanın üstündəki telefonun ekranına görüşdüyüm həmin qızla boynunu qucaqlayan özü kimi gözəl balaca bir qız uşağının rəsmi və “Günəşim” adı çıxdı. Diqqətlə üzünə baxır, zəngə cavab verib-verməyəcəyini bilmək istəyirdim.
    Rauf üzr istəyib masadan qalxmadan, nəzərlərini üzümdən ayırmadan, gözlərimin içinə baxıb gülümsəyərək zəngə cavab verdi:
    ─Ay caan!… Bir az işlərim var, yubanacam, məni gözləməyin… İşlərimi yoluna qoyub gələcəm… Yox, canım, narahat olma, hər şey yaxşıdır… Nə? Nə deyir? Dəstəyi ver ona görüm… Mələyim mənim! Caaaan! Dilinə qurban!.. Nə alım? Yaxşı, gözəl qızım, gələndə alacam.
    Heç vaxt onu belə xoşbəxt görməmişdim. Qızcığazın ətrafa yayılan səsi üzündəki bütün ciddiliyi, gərginliyi aradan qaldırdı, parlayan gözlərində sevinc əks olundu. Hətta səsi belə dəyişdi.
    Bir daha özümü alçalmış, təhqir olunmuş hiss edirdim. Bir az əvvəl mənə sevgisini etiraf edən insan mənimlə üzbəüz oturub qarşı tərəflə necə bu qədər sərbəst və rahat danışa, xoşluq edə bilirdi?! Həyasızlığın son həddi idi! Raufun gözlərimin içinə baxaraq utanmadan, çəkinmədən söylədiyi yalanları daha artıq dinləmək istəməyib ayağa qalxdım. Bura gəlib oturduğuma, onu dinlədiyimə, az qala səmimiyyətinə inanıb həyata yenidən başlamaq üçün hər ikimizə şans vermək istəyimə peşman oldum yenidən. Nə yaxşı ki bu zəng vaxtında gəldi! Gözlərim açıldı. Allahıma qurban olum, həmişə zamanında məni agah edir.
    Təhqir olunmuş hisslərim yenidən tüğyan etdi. “Başımın bəlası” adlandırdığı qızın xoşbəxt olmağa haqqı yox idi. Bu haqq “Günəşim”kimi adını qeyd etdiyi həmin qadının, xoşbəxt həyat yoldaşı və xoşbəxt ananın haqqı idi, mənim yox! Bir qadının səadətini, bir mələküzlü körpənin ata sevgisini oğurlaya bilməzdim!
    Hisslərimə, göz yaşlarıma hakim olmalı idim. Çantamı əlimə alıb bir neçə addım atmışdım ki, qarşıma keçdi. Çantamı əlimdən alıb oturacağın üstünə atdı. Qolumdan yapışıb geri çəkdi məni. Başını tərpətməklə narazı olduğunu və mənə keçib oturmağı işarə etdi. Qolumu buraxmadan tələsik söhbəti bitirməyə çalışdı:
    ─Yaxşı, canım, dovşan da alacam, barni də… Ananı incitmə, sözünə qulaq as! Get yat! Yat ki tez böyüyəsən… Mən də öpdüm, mələyim.
    Çiyinlərimdən tutub:
    ─Hara gedirsən?
    Var gücümlə əlini itələyib:
    ─Getməli olduğum yerə,–deyə cavab verdim.
    Rauf gözlərimin içinə baxaraq səsini yüksəltdi:
    ─Heç yerə getmirsən! Keç, otur! Söhbətimiz bitməyib hələ!
    Mənə təzyiq göstərən, masaya oturtmağa məcbur edən insana nifrət edirdim artıq. Təəssüf hissi ilə başımı buladım:
    ─Görürəm, heç dəyişilməmisən! Elə həmin Raufsan! Əksinə, daha üzlü, daha həyasız olmusan! Sən necə insansan?!
    Əsəbi halda bir qədər də səsini yüksəltdi:
    ─Afət! Bəlkə susub mənə də danışmağa imkan verəsən!
    Hər kəsi unudub qeyri-ixtiyari mən də səsimi yüksəltdim:
    ─Nə deyəcəksən? Deyiləcək söz qaldı ki?!
    Biləyimdən tutub məni saxlamağa çalışırdı:
    ─Bəlkə sənin mənə deyəcək heç bir sözün yoxdur, amma mənim sənə deyiləcək çox sözüm var…
    ─Yox! Sənin söz deməyə belə haqqın yoxdur! Narahat olma, mən hər şeyi çox gözəl anladım. Axşam-axşam bu sevgi etirafları ilə nə əldə etməyi düşünürdün? Məni nə hesab edirsən?! Yanlış tanımısan məni! Sənin düşündüyün biri deyiləm! Ayıb olsun sənə!
    Əsəbi halda əlinin içini alnına vurdu:
    ─İlahi! Bir anın içində sən nələr-nələr düşündün! Səncə, mən sənin barəndə elə düşünə bilərəm? Söhbət mənim sevdiyim qızdan gedir e. Görürəm, sən də məni yanlış tanımısan!
    ─Nə qədər utanmaz, şərəfsiz birisən sən! Heyf, çox heyf! Necə vardın, elə də qalmısan! İnsanlara, qadınlara dəyər verməyi heç vaxt öyrənmədin!
    Rauf bir az da əsəbləşdi:
    ─Cəfəngiyyat danışma! Sözlərinə, ifadələrinə diqqət et! Təhqirlərini xanımlığına və sənə olan sevgimə keçirəm bu dəfə. Amma… unutma, səbrimin də bir həddi var!
    ─Sən daha betərlərinə layiqsən!
    Daha da hiddətləndi:
    ─Afət!!!
    ─Nə yaxşı ki bu zəng gəldi! Öz gözlərimlə görüb, öz qulaqlarımla eşitdim hər şeyi! Mən bir yana, səni sevən, inanan qadına hörmət etmirsən, heç olmasa, o gülüzlü körpəndən utan!
    Çöhrəsindəki gərgin ifadə birdən yox oldu. Həmişə olduğu kimi sevgi dolu baxışları ilə gözlərimin içinə baxaraq gülümsədi. Gözlədiyimin əksinə olaraq, sözlərim onda tamamilə fərqli duyğular oyatmışdı. Son kəlmələrimlə ona təsir edəcəyimi, bəlkə içindəki vicdan hissini oyadacağımı düşünsəm də, sözlərim təsirsiz qalmışdı. Gülə -gülə soruşdu:
    ─Öz gözlərinlə, öz qulaqlarınla nəyi görüb, nəyi eşitdin, maraqlıdır…
    Üzündəki təbəssümü daha da məni qıcıqlandırır, hövsələdən çıxarırdı. Əsəblərimə hakim deyildim:
    ─Öz əməllərindən xəcalət çəkmək əvəzinə, hələ bir gülürsən də?!
    Çiyinlərimi qucaqlayıb saçlarıma toxundu. Səsində yumşaqlıq hiss olundu:
    ─Həmişəki kimi yanlış düşüncələr, yanlış qərarlar! Yanlış nəticələr çıxarmağa tələsirsən ömür boyu. –Səsini bir qədər yüksəltsə də, indi bu səsdə mülayimlik, nəvaziş, bir az da məzəmmət duyulurdu, –Sən nə vaxt səbrli olmağı, qarşı tərəfi dinləməyi öyrənəcəksən?!
    Əsəbimdən, həyəcandan bütün bədənim əsirdi:
    ─Toxunma mənə , əclaf!
    Əlim havada qaldı. Rauf biləyimdən sıxıb başını yellədi:
    ─Bir daha buna cəsarət etmə! Xanımlığına hörmət edib keçirəm.
    ─Yoxsa, nə?
    ─Heç vaxt heç bir qadına əl qaldırmamışam, sevdiyim insana qarşı heç etmərəm! Amma… heç kəs məni kobud olmağa da vadar etməsin.
    Qarşımdakı zabitin əsəbləşib hövsələdən çıxdığını gördükcə, bilərəkdən-bilməyərəkdən onu daha da qıcıqlandırdım öz sözlərimlə:
    ─Səndən hər şey gözləmək olar!
    ─Dogru dedin!–deyib qəfil belimi qucaqlayıb məni özünə sıxdı, gözləmədiyim halda dodaqlarımdan öpdü.
    Nə qədər dartınsam da, xeyri yox idi. Güclü qollarından xilas ola bilmirdim. Qəzəbli pələng kimi onu parçalamağa hazır idim:
    ─Sənə nifrət edirəm!
    Kefini pozmadan:
    ─Dəli kimi sevirsən! –deyib gülümsədi. –Dəyişməmisən! Həmin Afətsən! Dilin zəhər kimi acı olmasa sən əqrəb olmazsan ki! Başımın bəlası, etiraf et ki, hələ də məni sevirsən!
    Gəldiyimə peşman etmişdi məni. Əlindən xilas ola bilməyəcəyimi anlayırdım:
    ─Dəlisən sən!
    ─Aha, dərdindən dəliyəm. Əminəm ki, bu öpüşdən sonra daha heç vaxt məni unuda bilməyəcəksən!
    Nə vaxtsa ona vurduğum, yoxsa bu gün vurmaq istədiyim şillənin əvəzini belə çıxmaq istəmişdi, görünür. Əsəb və qəhər məni boğurdu:
    ─Allah bəlanı versin!
    Gülə -gülə:
    ─Allah bəlamı verib…Qarşıma səni çıxarıb,–dedi, –Günahlarımın cəzasısan! Həm bu dünyada, həm o biri dünyada səninlə bərabər əməllərimin cəzasını çəkməyə hazıram.
    Təslim olmaq istəməyən pələng kimi ona müqavimət göstərir, açıq-aşkar çıxıb getmək istədiyimi nümayiş etdirirdim. Yenidən üzünün ifadəsi sərtləşdi. Qolumdan tutub məni masa arxasına oturmağa məcbur etdi:
    ─Otur!
    Etiraf edim ki, üzündən oxunan ciddi və sərt ifadəni gördükcə qəlbimin dərinliklərində ondan artıq çəkinməyə başlayırdım. Daha heç nə deyə bilmədim. Qarşısında xanım olduğunu unutmuşdu, deyəsən. Sanki öz əsgəri ilə rəftar edirdi. Zabitlərin hamısı kobud olurmuş, doğru deyirlər.
    Masa arxasına keçib mənimlə üzbəüz oturdu. Şəhadət barmağını qaldırdı:
    ─Cəmi bircə dəqiqə!Bircə dəqiqə səbrli ol və dinlə! Sonra istəsən gedərsən, səni saxlamayacam.
    İradəsinə təslim oldum. Üzümdən nəzərlərini çəkmədən barmağını masanın üstündəki telefonun ekranına toxundurdu. Ekranda yenə həmin şəkil və ad göründü. Telefonun səsini açdı.
    İncə bir qadın səsi eşidildi:
    ─Alo…
    ─Bayaq əlim toxundu, istəmədən çıxış verdi. Səninlə də sağollaşa bilmədim.
    ─Eybi yox, canım. Narahat olma.
    ─Leyla yatdı?
    ─Rauf dayım mənə dovşan alacaq deyə-deyə qucağımda mürgülədi. Elə indi çarpayısına qoydum. Danışmaq istəyirsən?
    ─Yox, canım, oyatma, qoy yatsın… Mən əvəzdən mələyimi öp.
    ─Baş üstə.
    ─Şəms, yoldaşın yaxındadırsa, zəhmət olmasa, telefonu ona ver…
    ─Gözlə… Canım, Raufdur, sənə sözü var, gör nə deyir.
    Telefondan kişi səsi eşidildi.
    ─Alo.
    ─Axşamın xeyir, Ziya… Necəsən, qardaş?
    ─Şükür. Bir az var işdən gəlmişəm.
    ─Tapşırdığını almışam, maşındadır.
    ─Çox sağ ol, Rauf! Neynirsən? Haradasan indi? Dur, gəl bizə. Şəms də, Leyla da bütün günü yolunu gözləyib.
    ─Yox, qardaş, indi gələ bilmərəm. Bir az işlərim var, yubanacam. Evə gedəndə yolüstü sizə dəyib verərəm.
    ─Şəmsə gələcəcəyini demisən, o da sənin üçün aşa, şirniyyata qədər hazırlayıb. Gəlməsən, bax, inciyəcək.
    ─Şəmsin hazırladığı plovdan, şirniyyatdan imtina etməzdim, amma tək deyiləm… Üzrlü bilsin.
    ─Hm… Şəms deyir tanışını da götürüb gəlsin.
    ─İnşallah, gələn dəfə.
    ─Yaxşı, qardaş. Allah işlərini avand etsin. Nə? Nə vəziyyət? Şəms soruşur ki, vəziyyət necədir?
    Rauf üzümə baxıb gülümsədi:
    ─Gələrəm, söhbət edərik.
    ─Yaxşı.
    ─Oldu, qardaş. Sağol.
    Araya sükut çökdü. Susurdum. Nə deyəcəyimi bilmirdim. Nə qədər çox düşünürdümsə, bir o qədər fikirlərim qarışırdı. Heç bir söz demədən gözlərimin içinə baxaraq soyumuş qəhvədən bir neçə qurtum içdi.
    ─Niyə susdun? Tələsik nəticələr çıxarmağına səbəb öz gözlərinlə görüb, qulaqlarınla eşitməyin deyildimi? Bəs indi, gözlərin, qulaqların çıxardığın yanlış nəticələri necə təkzib edəcək?
    ─…
    Araya çökmüş sükutu yenə də özü pozdu:
    ─Mən evli deyiləm. Heç vaxt da evli olmadım. Yeddi ildir ki, subay zabit həyatı yaşamağa davam edirəm.
    Nəzərlərim masanın üstündəki telefonun ekranında ilişib qalmışdı. Öz-özümə:
    ─“Bəlkə yanılıram, bəlkə bu başqa qızdır, o deyil,”–düşünürdüm. Gözəlliyinə həsəd duyduğum, Raufa qısqandığım qızın üzünü hələ də xatırlayırdım. O idi, özü idi. Telefonun ekranında da, anasının mənə göstərdiyi şəkildə də eyni qız idi –universitetin bufetində mənimlə üzbəüz oturub söhbət edən həmin qız…
    Rauf sanki fikirlərimi oxuyurdu:
    ─Bilirəm nə düşünürsən, –deyib telefonu əlinə aldı. Günəş adlandırdığı həmin qızın yoldaşı və qızı ilə olan başqa bir şəklini ekran boyu böyüdüb mənə uzatdı, –Özüdür. Şəmsdir. Mənim uğruna canımı belə verməyə hazır olduğum həmin qızdır. Uşaqlıqdan hamı onu əzizləyib “Günəş” çağırır. Bu isə onun həyat yoldaşı Ziyadır. Bu da onların qızı –mənim beş yaşlı mələyim Leyla…
    Raufun səmimiliyin qarşısında deməyə söz tapmırdım.
    ─Bu illər ərzində düşünməyə, baş verənləri dəfələrlə təhlil etməyə o qədər zamanım olub ki… Əslində sənin hisslərini də gözəl anlayıram. Sən doğru hesab etdiyini etdin. Özünə hörmət edən hər bir vicdanlı qız məhz sənin kimi hərəkət edərdi… Amma… Sən, axı, məni az-çox tanıyırdın! Qəlbin səni sevdiyimi, sənə yalan demədiyimi hiss etməli idi! Səmimiyyətimə inanmalı idin. Məni dinləyə bilərdin! Dinləmək istəmədin…
    ─Bir insanı tanımaq üçün bəzən bir ömür belə yetməz!
    Rauf sözlərimlə razılaşmadı:
    ─Doğru deyil! İnsanları tanımağı bacarmayanların uydurmasıdır! Mən sənə inandığım qədər, mənə inana, güvənə bilərdin. Ayrılmağımızın səbəbkarı sən oldun! Tərsliyin, inadkarlığın oldu. Mənə güvənməməyin oldu.
    ─Mən biləndə ki…
    ─Hər şeydən xəbərim var. Anamla görüşdüyünüzdən, aranızdakı söhbətdən xəbərim olmamışdı. Mənə hər şeyi Şəms danışdı. Sonra da anam etiraf etdi.
    Yenidən araya sükut çökdü.
    Dalğın görünürdü. Arabir üzümə gülümsəyir, sonra yenə fikrə gedirdi. Raufun diqqəti məndə, mənim isə diqqətim pəncərədən üzüaşağı süzülən yağış damcılarında idi.
    ─Sən çıxıb getdikdən sonra səni unutmağa çalışdım. Qarşıma çıxan hər kəsdə səni görürdüm. Anladım ki, səndən başqa heç kəsdə öz xoşbəxtliyimi tapa bilməyəcəm. Bəlkə bir gün qarşıma yenidən çıxarsan deyə, dəfələrlə dəniz kənarına endim. Səni görmək ümidi ilə səhər-axşam İçəri şəhərdə tək-tənha nə qədər gəzib dolandım. Öz istəyimlə təyinatımı alıb Bakıdan getdim. Geri qayıtdığım gün yenə də ayaqlarım məni çəkib dəniz kənarına gətirdi. Səni görmək ümidi ilə gəzib dolaşırdım. İçimdə bir səs səni görəcəyimi söyləyirdi mənə. Hissiyyatım məni yanıltmadı. Qarşıma çıxdın o gün. Yenicə ayaq açan körpənin əlindən tutub gəzdirirdin. Aralıdan xeyli sizi izlədim. Ailə qurduğunu, xoşbəxt bir ana olduğunu düşünüb, daha həyatında mənə yer olmadığını anlayınca üzgün halda oradan uzaqlaşdım.
    ─Bacımın oğludur, –sakitcə bildirdim.
    Gülümsədi:
    ─Mən də sənin kimi yanlış nəticə çıxarmağa tələsdim.
    Özlüyümdə:
    ─Bəs necə oldu ki, evli olmadığımı öyrəndin?–düşünüb ona sual vermək istəyirdim ki, məni qabaqladı:
    ─Başqa bir yerə təyinat almaq fikrində idim. Hətta ərizəmi belə yazmışdım, təkcə nazirliyə aparmaq qalırdı. Şəms zəng edib həyacanla təcili görüşmək istədiyini bildirəndə ağlımdan min fikir keçdi, Leylaya nəsə olduğunu düşündüm, tələsik özümü onlara necə çatdırdığımı belə xatırlamıram. Qapıdan içəri girən kimi Şəms elə Ziyanın yanında boynuma sarılıb, üzümdən öpdü. Sevincək “Afət ailəli deyil. Həyatında heç kəs yoxdur. Tanış birindən barəsində hər şeyi dəqiq öyrənmişəm. Bu dəfə də şansını əlindən qaçırsan, daha bəxtinə küs!” dedi. –Güldü. –Şəms mənim mələyimdir! Günəşimdir! Onun qədər məni anlayan, mənə dəstək olan ikinci bir insan yoxdur! O qızın etdiyini bəlkə heç kəs etməzdi ki, o, etdi. O, olmasaydı, bu gün səninlə belə üzbəüz otura bilməyəcəkdik. Başqa biri olsa, qəlbində mənə qarşı kin saxlardı.
    ─…
    Qısa bir zaman ərzində Rauf fikrindən, ürəyindən keçənlərin hamısını bölüşmək istəyirdi sanki:
    ─Şəhərdə olmadığım həmin ərəfədə anamgilin onlara elçi getdiyinə, razılığım olmadan barmağına üzük taxdıqlarına görə qızın qarşısında özümü günahkar bilirdim. Vicdan əzabı çəkirdim. Bir qız üçün nişanın pozulmasının nə qədər ağır olduğunu, nə kimi söz-söhbətlərə səbəb ola biləcəyini bildiyim üçün, canımdan çox sevdiyim insanı üzmək istəmirdim. Elin qınağından çəkindiyim üçün, ailələrimizin yaxın olduğu üçün deyil, onun dillərə düşməsini istəmədiyim üçün heç cür söz aça, sənə olan hisslərimi etiraf edə bilmirdim. Bir də nəzərə al ki, onun atası nəinki atamın ən yaxın dostudur, həm də mənim üçün ata əvəzidir. Mənim hətta deməyə belə cəsarət etmədiyimi, Şəms etdi. Bu söhbətin nə qədər çətin və ağır olduğunu təsəvvür et. Bilirsən, o nə etdi? Öz hisslərimi, başqa birisini sevdiyimi etiraf edəndə, məni çox sakit və anlayışla qarşıladı. “Heç bir qız səni mənim əlimdən ala, məni sənin ürəyindən çıxara bilməz onsuzda!”, –deyib boynuma sarıldı. Gözləri dolmuşdu. Heç vaxt ürəyini sındırmaq istəmədiyim qızın gözündəki yaşı görüncə özüm də kövrəlmişdim. “Sən sevginə sahib çıx! Narahat olma, mən atamla danışıb hər şeyi yoluna qoyaram. Heç kəs də bu nişanın sən tərəfdən pozulduğunu bilməz. Qoy bu bizim sirrimiz olsun” –deyib məndən söz aldı ki, sevdiyim qızı yarıyolda buraxmayacam, xoşbəxt edəcəm.
    Nə gizlədim, Raufu dinlədikcə, Şəms barəsində necə gözəl sözlər dediyini eşitdikcə, ona nə qədər dəyər verdiyini gördükcə, ona acığım tuturdu. Qısqanırdım… Qız öz sözlərində haqlı idi. Hətta mənə olan sevgisi belə onu Raufun qəlbindən çıxara bilməmişdi. Düşündükcə anlayırdım və özümə etiraf edirdim ki, mən heç vaxt Şəmsin fədakarlığını edə bilməzdim. Onun kimi olmağı bacarmazdım. Yəqin elə bu fərqimizə görə də, Rauf onu həmişə özünə ən yaxın biləcəkdi. Heç bir kəs, hətta mən belə Şəmsin yerini tuta bilməzdim Raufun qəlbində.
    Rauf gözlərini məndən çəkmirdi. Əlimi ovcunda sıxıb dodaqlarına yaxınlaşdırdı:
    ─Demişdim axı, bütün yollar Romaya apardığı kimi, hara getsən, əlimdən hara qaçsan da, onsuz da gec, ya tez bir gün səni mütləq nikah masasına oturdacam. –İllər əvvəl cibində gizlətdiyi həmin üzük qabını açıb masanın üstünə qoydu, –Təklifim hələ də qüvvədədir. Qarşında oturmuş bu zabitlə bütün həyatını hərbi nizamnaməyə uyğun yaşamağa razısan? Düşünmək, fikrindən vaz keçmək üçün xeyli vaxtın olub. Nə deyirsən?
    Hava sakitləşmişdi. Bayaqkı havaya bənzəmirdi heç. Narın yağan yağış da sanki bu axşam başqa idi. Dənizdən əsən xəfif yel də təlatümlər qopartmaq fikrində deyildi. Lakin noyabr soyuğu hələ də canımı üşüdürdü. Bu sakit və soyuq payız axşamının sonuncu olmayacağına, qarşıda neçə belə payız aylarını yola salıb, neçə yazı, baharı qarşılayacağımıza isə əmin idim.

    EPİLOQ
    Dəniz… Təlatümlü, hərdən də çox sakit, mehriban dəniz… Gözəlliyindən zövq almaq, qoxusunu içinə çəkmək, bəzən də mənim kimi birilərinin öz qəlbindəkiləri bölüşmək üçün getdiyi tək ünvan… Özündə nə əmanətlər, nə sirlər saxladı bu günə qədər. Müdrik bir qocaya bənzədirəm onu. Hər kəsi dinlər, heç kəsə sirrini verməz. Pıçıldayan ləpələri, şahə qalxan dalğaları ilə bəzən səninlə söhbət etmək istər. Onun biz insanlara deyiləcək o qədər sözləri var ki! Sadəcə onu dinləməyi bacarmaq lazımdır. Diqqətli olsan, nə demək istədiyini, şübhəsiz ki, anlaya bilərsən. Nələr görmədi, nələrə şahid olmadı o. Dünyanın, zamanın gərdişləri gözü qabağında olub keçdi.
    Dəniz… Sevgisinə qovuşa bilməyən aşiqə də bənzədirəm onu. Üfiq xəttində sanki qovuşduqlarını zənn etsən də, heç vaxt qovuşmazlar. Bəlkə də, elə buna görə bütün aşiqlər ona pənah aparır. Axı, o da tənhadır. Gündüzlər necə olsa, vaxtı keçir. Bəzən birilərini müşahidə edir, birilərini dinləyir, başqa birisinə pıçıldayaraq nəsə demək istəyir, arada da yaşlı insanlar kimi bir neçə saniyəliyə mürgü də vura bilir. Gecələr isə, insanların əl-ayağı dənizkənarından yığışdıqdan sonra heç vaxt qovuşa bilməyəcəyi Səmanı səslər, gah öz sevgisindən söz salar, gah da yorğun –yorğun şikayətlənər.

    Fəsildən asılı olmayaraq, hər gün dəniz kənarında gəzişmək adət halını aldığından yolumu mütləq burdan salardım. Seyrinə dalar, səsini dinlərdim. İçimə çəkdiyim ətri, qoxusu ruhuma təravət, təzəlik bəxş edərdi.
    ─Dəniz! –deyə həyəcanla çığırdım.
    Dəniz kimi mavi gözləri, günəş kimi qızılı saçları olan, hər dəfə əlimdən dartınıb qaçan bu dəcəl və şıltaq qız mənim Dənizimdir. Tanışlığımıza səbəb, sevgimizə şahid olan dənizimizin şərəfinə onu belə adlandırmışıq. Axı, bir ömür sevəcəyim insanla görüşməyimə səbəb o idi. Sevgimizin, yaşadığımız acıların şahidi olduğu kimi, xoş günlərimizin də şahidi edə bilmişdik onu.
    Bir zamanlar tənhalığımı bölüşdüyüm, sirlərimə ortaq etdiyim dənizdən öz əmanətlərimi geri almışdım. İllərlə arxasıyca göz yaşı axıtdığım həmin zabit bir daha heç vaxt əlimi buraxmayacağına əmin olduğum həyat yoldaşım idi artıq. Xoşbəxt ailəmiz, dəniz kimi mavi gözlü Dəniz qızımız vardı. Bir neçə aydan sonra doğulacaq körpəmizə də ad seçmişdim. Raufa hələ deməsəm də, doğulacaq qızımın adını xoşbəxtliyimizə səbəbkar olan Günəşimizin şərəfinə Şəms qoymağı düşünürdüm.
    Bəli, bəli, bir zamanlar gözəlliyinə həsəd apardığım, Raufa qısqandığım həmin qız, indi mənim –ömründə heç bir rəfiqəsi olmayan Afətin ən yaxın rəfiqəsi idi. Bütün sirlərimi onunla bölüşür, hər işdə onunla məsləhətləşirdim. Raufun məndən daha çox dəyər verib, qəlbində ona xüsusi yer ayırdığını düşünüb, sevgisini məndən oğurlayacağını zənn etdiyim qız, indi qəlbimdə özünə elə yer etmişdi ki, Rauf özü də mehribançılığımızı qısqanmağa başlamışdı.
    Rauf haqqında bilmədiyim çox həqiqətləri Şəms mənə danışdı. Anası ilə görüşməyimizi də, ölkəni tərk edəcəyimi də Raufa Şəms xəbər veribmiş. Arxamca aeroporta gəlib məni dayandırmaq, yarı yoldan qaytarmaq üçün hərbi hissəni iznsiz tərk edən zabitin məsuliyyətə cəlb olunmasına onun qədər həyəcan keçirən, üzülən, göz yaşı axıdan ikinci insan olmamışdı bəlkə. Raufu məsuliyyətə cəlb edilməkdən, az qala həbsxanaya düşməkdən xilas edən də elə Şəmsin atası olmuşdu.
    Raufla ailəsi arasında uzun illər davam edən gərgin, incik münasibətlərə də son qoya bilmişdim. Atası məni doğma qızı kimi sevir, övladlarından ayırmırdı. Anasına gəldikdə isə, evdə onun qədər qayğıma qalan, nazımı çəkən yox idi. Onun timsalında bir ana qazanmışdım özümə. Valideynlərimin yoxluğunu heç vaxt hiss etdirməzdilər mənə. Rauf işdən gec gələndə, ya da aramızda kiçik söz-söhbət olanda oğlunu tənbeh edər, həmişə də mənim tərəfimi saxlardı. Məni hər zaman himayə edən, qoruyan nənəmi də Dənizimin nənəsində tapa bilmişdim.
    Anam demişkən, təyyarədə bir tayını itirdiyimi zənn etdiyim həmin sırğaları anamdan, nənəmdən bir xatirə kimi saxlayıram, qulağımdan çıxarmıram. Sən demə, qapı ağzında vidalaşarkən, sırğa qulağımdan açılıb anamın çiyninə saldığı şalına ilişibmiş. Təhsil aldığım müddət ərzində anam hər dəfə mənim üçün darıxanda onu ovcuna alar, sanki məni əzizləyirmiş kimi əzizlərdi. Mənim üçün son dərəcə dəyərli olan bu sırğaları mən də on səkkiz yaşı tamam olanda qızım Dənizə hədiyyə edəcəm.
    ─Ana! Bax! –Qızım əlində tutduğu zanbaqla qarşıma qaçdı.–Gör, nə gözəldir!
    ─Hə, canım, gözəldir. Sənin kimi gözəldir, –deyib qızımın mənə uzatdığı çəhrayı zanbağı əlindən alıb üzündən öpdüm.
    ─Atamın əlində yenə zanbaq var, –deyə qızım yenidən əlimdən dartınıb bir qədər aralıda dayanmış atasına tərəf qaçdı.
    Rauf boynuna sarılan qızımızı qucağına alıb mənə yaxınlaşdı. Əlindəki zanbaq dəstəsini mənə uzadıb çiyinlərimi qucaqladı. Ata-balanın üzümə toxunan isti nəfəsi, əllərinin hərarəti, yanaqlarımdakı öpüşləri bir qadının, bir ananın xoşbəxtliyinin ifadə olunmayacaq sözsüz kəlmələri idi.
    Hə, bir də sevgimizin şahidinə, elçisinə çevrilən bu zanbaqlar…

    SON
    İLAHƏ İMANOVA
    BAKI, 30 aprel -27 may, 2017 –ci il

  • Tural SAHAB.”Beşinci mərtəbədə rəqs” (Hekayə)

    On gündən çox olardı ki, qarşıdakı binanın beşinci mətəbəsində- üzbəüz mənzildə qəribə hadisələr baş verirdi. Hər gün eyni saatda baş verən bu hadisə getdikcə onun marağını daha çox cəlb edirdi. Axşam saat on bir olan kimi pəncərədə bir qadın rəqs etməyə başlayır və bu oyun düz bir saat çəkirdi. Binalar bir- birinə çox yaxın olduğundan bu hadisəni aydınca görmək olurdu. Iki binanın arasından sadəcə bir yol keçirdi. Qaranlıq şəhərin üzərinə çökən kimi, evə tələsirdi. Bu rəqsin nə qədər davam edəcəyini bilmirdi, lakin bu hadisə indi onun həyatının ayrılmaz bir parçasına çevrilmişdi.
    Ürək həkimi olan Vidadi otuz beş yaşında , subay bir kişiydi. Demək olar ki, bu günə qədər həyatında heç bir qadın olmamışdı. Daha doğrusu qadınlara ayıracaq zamanı yoxdu. Öncə təhsil, sonra işləmək və başarılı olmaq onu bəzi şeylərdən məhrum etmişdi. Ölkədə kifayət qədər tanınan, qazanan bir həkim olmasına baxmayaraq, son zamanlar içində bir boşluq hiss etmişdi. Elə qarşı binanın pəncərəsindəki qadın da bu zamanlarda rəqs etməyə başlamışdı. Gecə olanda beyninə suallar hücum edir, bu qəribə hadisəni anlmağa çalışrdı. Bu küçəyə bir ay olardı köçəli, ona görə də heç kimi tanımırdı. Ilk iyrimi gündə hər şey qaydasında idi, heç o pəncərəyə fikir də verəməmişdi. Lakin on gün bundan öncə pəncərədə siqaret çəkərkən bir qadının qəribə hərəkətlər elədiyini gördü. Ilk öncə nə baş verdiyini anlamadı, ancaq aradan xeyli vaxt keçəndən sonra qadının rəqs etdiyini anladı. Bu gün düz on gün olurdu. On gündür ki, hər gecə rəqs edən qadın onun ağlını əmməlicə başından almışdı. Pəncərədən göründüyü qədər qadın gəncdi. Onun bədən cizgiləri belə düşünməyə əsas verdirdi.
    Bu gün on birinci gündür. Daha səbr edə bilmir. Bir az da gözləsə həqiqətən ağlını itirəcək. Nə olur, qoy olsu- deyə düşünür. Bu gecə saat on birə yaxınlaşanda gedib qadının qapısını döyəcəkdi. Yəqin ki, qadın onu öldürməzdi, bunun üçün. Ancaq bu rəqsin sirrini öyrənməsə öləcəkdi. Vaxt getmirdi, deyəsən, saatın əqrəblərini hansısa sehirli bir qüvvə tutub saxlayır, bu görüşü əngəlləmək istəyirdi. Yox, heç nə ona mane ola bilməyəcəkdi. Bu gecə o qadının sirrini öyrənməliydi. Vaxt gəlib düzələnə qədər düz bir paket siqaret çəkdi. Nəhayət ki, on birə on dəqiqə qalırdı. Pencəyini geyib qapıdan çıxdı. Pilləkənləri düşərkən qılçalarının titrədiyini hiss etsə də, yolundan dönmədi. Hər ehtimala qarşı əmilyyatlarda istifadə etdiyi kəsici alətlərdən birini pencəyinin cibində gizlətmişdi. Qarşıdakı binaya daxil olub, pilləkənləri yuxarı qalxarkən sadəcə ayaqları deyil, bütün bədəni əsirdi. Bu qadın əri vəya sevgilisi ilə yaşasa, onlara nə deyəcəkdi, yox tək yaşasaydı, gecə vaxtı yalnız bir qadının evinə hansı adla gedirdi. Sualları bir təhər beynindən qovub qapıya yaxınlaşdı. Sakitcə qapının zəngini sıxdı. Bir neçə dəqiqə gözləməli oldu. Bu dəqiqələrin necə keçdiyini sözlərlə demək çox çətindi. Ürəyi elə döyünürdü ki, bir an damarlarındakı qadının burnundan, qulaqlarından axacağından qorxdu. Ürək həkimi indi öz ürəyinə nəzarət edə bilmirdi. Və nəhayət ki, ayaq səslərini eşitməyə başladı. Bir neçə saniyə sonra isə qapı açıldı. Qapını açan gənc, gözəl bir qadındı. Əynində qırmızı gecə köynəyi, dodaqlarında qırmızı boya. Bəli, qadın rəqsə hazırlanırdı. Qızın üzündə, bədənində ehtirasın bütün rənglərini görmək olardı. Lakin nə qədər baxsa da, onun gözlərində bir damcı da sevgi görə bilmədi. Qadın qapını açdıqdan sonra heç nə demədən içəri keçdi. Qapı açıq olduğuna görə onu izləməli, o, da qadının ardınca içəri keçməli idi. Bir an tərəddüt etsə də, daha geri dönmək olmazdı. Onun üçün içəri keçdi. Evdə işıqlar söndürülüb, şamlar yandırılmışdı. Yəqin ki, qadın tək yaşayırdı, çünki ətrafda heç kimi görmədi. Saat on bir oldu, bunu saatın zəngi bildirdi. Bu zaman qəribə bir müsiqi səsləndi və qadın içəri otaqdan gəlib, düz onun qarşısında rəqs etməyə başladı. Pəncərənin önündə deyil də, onun qarşısında oynadığına görə, deməli bu rəqs onun üçün, onun diqqətini çəkmək üçündü. Indi ürəyindəki qorxu daha da şiddətlənmişdi. Başına nələrin gələcəyini bilmirdi. Qadın isə öz dünyasında rəqs edir, bu rəqslə onu ehtirasa, atəşə dəvət edirdi. Nədənsə vaxt indi çox sürətlə gedir, onu həyacanlandırırdı. Masanın üzərində qırmızı şərab, bir ədəd də piyalə vardı. Bu şərab kimin üçündü? …. ancaq indi bunu düşünəcək zaman deyildi. Içməsə həyacandan yıxılacaqdı. Heç nə düşünmədən şərabdan süzdü. Qırmızı şərabı dodaqlarına yaxınlaşdırarkən, qarşısında qırmızı gecə paltarında, dodağında qırmızı boya olan qadın rəqs edirdi. Belə bir anda bütün bunlar təsadüf ola bilərdimi, görəsən… ürəyinin döyüntüsü isə dayanmırdı. Saatın əqrəbləri in iki yazılan yerə yaxınlaşmaqdaydı. Bir az sonra rəqs bitəcək və nəyisə baş verəcəkdi. Ancaq nə olacağını bilmirdi. Şərabı nə zaman bitirdiyini bilmədi. Bircə sonuncu dəfə piyalə əlindən yerə düşdü- düz qadının ayaqları altında və çilik- çilik oldu. Şüşə parçaları qadının yalın ayaqlarını yaralasa da, rəqs etməyə davam edirdi. Indi qırmızıların sayı artmışdı, ancaq bu dəfəki, qırmızın adı qandı. Bir ayağa qalxıb buradan qaçmaq istədi, lakin qılçalarında onu apparacaq güc qalmamışdı. Bir az şərabın sərxoşluğu, bir az da qorxu…. məcbur olub bu işin sonunu gözləməliydi. Bir neçə dəqiqə qalırdı vaxtın bitməsinə. Sonlara doğru qadının ehtirası daha da artmışdı. Sanki bu dünyada deyildi, haradasa buludların üzərində uçur, buludlardan adlayıb ulduzlara çatmaq istəyirdi. Nəhayət birdən müsiqi dayandı. Rəqs bitmişdi. Oyun sona çatan kimi qadın yerə yıxıldı. Nə baş verdiyini anlaya bilmirdi, görəsən, bu mənzərə hər gecəmi, baş verirdi. Qadın xalçanın üzərində huşsuz halda dayanmış, ayağından isə qan axırdı. Huşunu itirməsinə bu balaca yara səbəb ola bilməzdi. Həm yara balacaydı, həm də bir neçə dəqiqə olardı, ayağı yaralanmışdı. Birdən ürəyinin döyüntüsü dayandı və o, yerində qalxa bildi. Indi qadına yardım etmək lazımdı. Tez qadını qucağına alıb, divanın üzərinə yatırdı. Yarasını təmizləmək lazmıdır- deyə düşündü. Bu zaman otağa, evə göz gəzdirməli oldu. Ətrafda qəribə heç nə yoxuydu. Ilk öncə lampanı yanırdı. Şam ışığı otaqda qorxulu hava yaradırdı. Lampa yandı, otaq işıqlandı. Indi ürəyi normal döyünürdü. Qadının dodaqlarına, bədəninə baxdı. Qırmızı rəng bir qadın dodaqlarına, bir də qürub vaxtı günəşə bu qədər gözəl yaraşa bilərdi. Indi filosofluq etmək lazım deyildi. Tez qadının ayağında olan yaraları təmizləməyə başladı. Bir yandan yaranı təmizləyir, digər tərəfdən də qızın bədəninə baxırdı. Bu indiyə qədər gördüyü, tanıdığı qadınların ən gözəli idi. Qadının ayaqlarında belə qəribə bir gözəllik vardı. Indi o, yavaş- yavaş gözlərini açmaq istəyirdi, lakin yorğunluq buna imkan vermirdi. Yaranı təmizlədikdən sonra qadını qucağına alıb, otağına apardı və yerinə yatırdı. Bəli, qadın gözəl bir şəkildə yuxuya getmişdi. Bu yuxunu günəş batarkən dağların gözəlliyinə bənzətdi. Bir qədər də onu izlədikdən sonra otaqdan çıxdı. Burada- yad bir qadının evində çox qalmaq olmazdı. Onun üçün də evinə gəldi, yatağına uzandı. Beynindəki suallardan heç birinə cavab tapa bilməmişdi. Ancaq, heç olmasa qadını tanımışdı, onun gözəlliyini gözləri ilə görmüşdü. Bu düşüncələrlə haçan yuxuya getdiyini bilmədi….
    Sabah yuxudan ayılıb, işə getdi. Bütün gün eyni hadisələr təkrarlandı- eyni işlər, müxtəlif xəstələr. Ağlı isə evdə- pəncərənin qarşısında qalmışdı. Bir təhər iş gününü başa vurub evə gəldi. Saatın on bir olmasını böyük həyacanla gözləyirdi. Görəsən, yenə qadın pəncərənin qarşısında rəqs edəcəkmi… gözləməkdən dəli olacağından qorxurdu, vaxt isə keçmək bilmirdi. Siqaretin birini söndürüb, digərini yandırırdı. Bir an da yerində dayana bilmirdi. Nə qədər çətin olsa da, saat on bir olmuşdu, nəhayət ki… tez pəncərənin qarşısına keçib gözləməyə başladı. Ancaq nə otaqdan işıq gəlir, nə də qadın rəqs edirdi. Bir saat beləcə keçdi. Ürəyi yenidən dəhşətlə döyünməyə başladı. Tez evdən çıxıb, qaça- qaça qarşıdakı mənzilə gəldi. Qapının zəngini nə qədər sıxsa da, qapı açılmadı. Bu zaman qonşu mənzilin qapısı açıldı. Yaşlı qadının dediyinə görə burada bir ildən çox olardı ki, heç kim yaşamırdı. Onları daha anlmağa çalışmırdı, sakitcə küçəyə çıxdı. Uzun zaman gəzib dolaşdı, bu olanları anlamağa çalışırdı. Dünən gecə nələr baş vermişdi, yoxsa bütün bu olanlar düşüncələrinin ona bir oyunu idimi…
    Aradan aylar keçməsinə baxmayaraq olanları unuda bilmirdi. Ancaq bir şeyi dəqiq bilmirdi ki, unutmadığı o gecə olanlar, yoxsa qadının özü idi. Bu zaman qapı döyüldü və praktika üçün gələn bir qrup tələbə otağa daxil oldu. Gələn qızların içində bir nəfər o qadına çox bənzəyirdi. Sadəcə dodaqlarında boya , əynində isə gecəlik yoxdu… özünü ələ alıb, tələbələri mehribanlıqla qarşıladı. Indi keçmişi, yaşadıqlarını xatırlamağın bir mənası yoxdur. – bəzən elə şeylər olur ki, onu ağılla heç vaxt izah etmək olmur- deyə, keçirdi içindən. Gözlərini isə qızdan çəkə bilmirdi..