Category: Azərbaycan ədəbiyyatı

  • Təvəkkül GORUSLU.”Bayrağın olsun”

    tm

    Verdim bi ürəyi, bayrağın olsun,
    Zülməti qəlbindən, könlündən silsin!
    Verdim bu ürəyi, bayrağın olsun,
    Namusdan, qeyrətdən, eşqdən tikilsin!

    Verdim bu ürəyi, bayrağın olsun,
    Onsuz bircə an da qalma heç zaman!
    Döyünsün, xoş sədan, sorağın olsun,
    Köksündən aşağı salma, heç zaman!

    Verdim bu ürəyi, bayrağın olsun,
    Müqəddəs sevgiylə qoru, sən onu!
    Ruhuna ruh versin, dayağın olsun,
    Bu eşqin, sevginin olmasın sonu!

    Verdim bu ürəyi, bayrağın olsun,
    İçində qövr edən şəhid qanıdı!
    Zirvəyə ucalan növrağın olsun,
    Bayraq kətan deyil, qəlbdi, canlıdı!

    Verdim bu ürəyi, bayrağın olsun,
    Başının üstündə saxla hər zaman!
    Saçına əl çəkən darağın olsun,
    Gözün onda olsun, yoxla hər zaman!

    09.11.2016

  • Müzəffər MƏZAHİM.”Bayrağımız”

    mm

    Gün kimi şölə saçır şanlı zəfər bayrağımız,
    Sabaha yollar açır nurlu, hünər bayrağımız.
    Qəhrəman nəslimizin töhfəsidir bayrağımız,
    Neçə xalqın bərəkət süfrəsidir bayrağımız.

    Xalqımın nurlu ziyasından alıb şəfqətini,
    O böyük, şanlı dühasından alıb şəfqətini,
    Birliyin “Urra” sədasından alıb qüdrətini,
    Dinimiz, türklüyümüz, ər qanıdır bayrağımız,
    Yurdumun, millətimin dastanıdır bayrağımız.

    Haqq-ədalət yolunun məşəlidir, sönməyəcək,
    Sancılıbdır bəşərin zirvəsinə, enməyəcək,
    Daima dalğalanır, şölələnir nur seli tək,
    Müstəqil ölkəmizin şöhrətidir bayrağımız,
    İnamı, iftixarı, qüdrətidir bayrağımız.

    Dalğalandıqca dönür düşmənimin göz dağına,
    Bənzəyir nurlu, al-əlvan açılan sübh çağına,
    Dönəcək yer üzünün sülh daşıyan bayrağına,
    Yer verər hər kəsə altında uca bayrağımız,
    Dönəcək daima aləmdə taca bayrağımız.

  • Əliağa KÜRÇAYLI.Həyatı və Yaradıcılığı

    eks

    Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

    Həyatı

    Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. “Sənin gözlərin” adlı ilk şeiri ilə (“Azərbaycan gəncləri”, 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstituduna təhsil almağa göndərirlər, a-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi, “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri (1953-1955) işləyir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), “Azərbaycan gəncləri” qəzeti zredaksiyasında şöbə müdiri (1959-1965), “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, yazıçılar ittifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), “Yazıçı” nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək baş redaktor olmuşdur.
    1980-ci il fevralın 11-də vəfat etmişdir.

    Mükafatları

    Azərbaycan SSR əməkdar incəsənət xadimi — 30.07.1979

    Kitabları

    Arifin bağçası. Bakı: Uşaqgəncnəşr, 16 səh.
    Salam, gələcək illər. Bakı: Azərnəşr, 4, 112 səh.
    Gözəllik. Bakı: Azərnəşr, 195856 səh.
    Cavabsız məktublar. Bakı: Azərnəşr, 1960, 76 səh.
    Nargindən əsən külək. Bakı: Uşaqgəncnəşr, 1961, S səh.
    Şeirlər. Bakı: Azərnəşr, 1963, 90 səh.
    Əsmər və Zəfər. Bakı: Azərnəşr, 1964, 32 səh.
    Səfərə çıxıram. Bakı: Azərnəşr, 1965, 212 səh.
    Durnalar cənuba uçur. Bakı: Gənclik, 1967, 255 səh.
    Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1969, 488 səh.
    Yollarda axtar məni (şeirlər və poemalar). Bakı: Gənclik, 1970, 180 səh.
    Həyatın dolayları. Bakı: Azərnəşr, 1973, 232 səh.
    Dünya ovcumdadır (şeirlər və poemalar). Bakı: Gənclik, 1976, 243 səh.
    Bütövlük (şeirlər və poemalar). Bakı: Yazıçı, 1978, 60 səh.
    Ülkər. Bakı: Yazıçı, 1980, 23 səh.
    Qəlbin sıxılsa əgər… (şeirlər və poemalar). Bakı: Yazıçı, 1987, 300 səh.
    Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 344 səh.
    Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb,2004, 400 səh.

    Tərcümələri
    (ruscadan)

    Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1965, 182 səh.
    Sergey Yesenin. Qadına məktub. Bakı: Gənclik, 197(, 170 səh.
    Dante Aligyeri. İlahi Komediya. Bakı: Azərnəşr, 1973, 546 səh.
    Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1975, 253 səh.

    Bakı

    Uzaq elli əziz dostum soruşdu
    -Sizin Bakı söylə, necə şəhərdir?
    Dedim: -Qardaş, mənim doğma şəhərim
    Yazılmamış, oxunmamış əsərdir.

    Çıiçək desən- könül açan çiçəyi,
    Külək desən- ev uçuran küləyi,
    Qasırğada ağ dalğalar ləçəyi,
    Sakit gündə gözü mavi Xəzərdir.

    Nəğməsidir zavodların fit səsi,
    Suya düşüb buruqların kölgəsi.
    Ətirlidir bağlarının meyvəsi,
    Ağ şanısı elə bil ki, şəkərdir.

    Dost görəndə tükənməyir hörməti,
    Düşmən görsə, dərya olur nifrəti,
    Bir qədər də dəlisovdur adəti,
    Əziz dostum, Bakı belə şəhərdir.

    Yadına düşürəmmi?

    Qaldı arxada artıq ömrün xöşbəxt illəri,
    İndi mənim əlimə dəyməz sənin əllərin.
    Söylə hərdən əsəndə soyuq payız yelləri,
    Dağılanda üzünə o pərişan tellərin,
    Deyirsənmi olaydıq eşqin gənclik yazında?
    Heç olmasa xəyalın dumanlı aynasında
    Səninlə bir anlığa gəlıb görüşürəmmi?
    Yadına düşürəmmi?

    Səadət fürsətini qaçırtdıq sən də, mən də,
    Onu köhlən at kimi salmalıydıq kəməndə,
    Hərdən sevda yolunu azıb dumanda, çəndə,
    Sənə ümid verəcək bir işıq görməyəndə
    Bələdçi olurammı cığırlar arasında?
    Heç olmasa xəyalın dumanlı aynasında
    Səninlə bir anlığa gəlıb görüşürəmmi?
    Yadına düşürəmmi?

    Gəl indi xatırlayaq bütün olanları biz,
    Özümüz yazmalıykən hökmü biz, qərarı biz,
    Taleyin əllərinə verdik ixtiyarı biz,
    Günah kimdədir görən? Mən bilmirəm! Barı biz
    Bir nişanə qoymadıq xatirə dünyasında.
    Heç olmasa xəyalın dumanlı aynasında
    Səninlə bir anlığa gəlib görüşürəmmi?
    Yadına düşürəmmi?

    Lövhə

    Səmada dövrələnirkən
    buludların düzümü
    Zillədim göylərə həsrətlə
    yol çəkən gözümü.
    İldırımlar
    mənə göstərdi
    nurlu gündüzümü.

    Sübhədək
    mən belə süzdüm
    bahar yağışlarını,
    Saplı mirvaritək üzdüm
    bahar yağışlarını,
    Güllərin boynuna düzdüm
    bahar yağışlarını.

    Yadıma sən düşürsən

    Hər çiçəyin öz ətri,
    hər gülün öz rəngi var,
    Hər qəlbin öz istəyi,
    öz sözü, ahəngi var.

    Hər insan öz ömrünə
    dost seçir, həmdəm seçir.
    Mənimsə ürəyimdən
    qəmli bir nisgil keçir,
    Yadıma sən düşürsən.

    Göydə bulud dolaşır
    axşam düşür, yel əsir,
    Heç bilmirəm nədəndir
    könlüm belə tələsir.
    Yollarına baxıram,
    nə gələn var, nə gedən.
    Qəlbimdəki intizar
    nədir, düşünürəm mən.
    Yadıma sən düşürsən.

    Təklik üz verir mənə,
    çıxıram otağımdan,
    Sevgililər küçədə
    deyib-gülür mehriban…
    Onları belə xöşbəxt
    belə məsud görəndə
    Duyğular dalğa kimi
    çırpınır bu sinəmdə,
    Yadıma sən düşürsən.

    Əbədiyyət

    Mən sənin nəğmənin əks sədası,
    Könlünün tükənməz arzularıyam.
    Qışında- bir ilıq payız havası,
    Yayında- bir sərin quzey qarıyam.

    Gecə zülmətində, qaranlığında
    Qəfildən parlayan qəmərinəm mən.
    Kədərli çağında, qəmli çağında
    Dərdini dağıdan xəbərinəm mən.

    Səadətli keçən illərinəm mən,
    Mənsiz itirirsən bu səadəti.
    Günəşə uzanan əllərinəm mən
    Məndədir qəlbinin od hərarəti.

    Mən sənin yaşanmış dəqiqələrin,
    Hələ yaşanacaq ayın, ilinəm.
    Mən sənin məhəbbət adlı əsərin,
    Sevgi xallarıyla ötən dilinəm.

    Mən sənin….
    Təsviri mümkünmü məgər?
    Hər şeyi söyləmək çətindir, çətin.
    Axı necə deyim… Dağlar, dərələr
    Kiçik zərrəsidir əbədiyyətin.

    Qüssəli çağlarında…

    Qüssəli çağlarında
    Sənin dodaqlarında
    Təbəssüm görünübsə,
    Gülüşə bürünübsə
    Kədərlərin bir anda-
    Bu uğurlu zamanda
    Demək hələ mən varam!

    Ümid dumanda, çəndə
    Səni atıb gedəndə,
    Qəlbinə şölə kimi,
    Kiçik bir gilə kimi
    Təzə ümid dolubsa,
    Belə günün olubsa,
    Demək hələ mən varam!

    Qış şaxtadan qılıncı,
    Çiynində ağ yapıncı
    Əlini kəsən zaman,
    Sərt yellər əsən zaman
    Bir çiçək görmüsənsə,
    Əyilib dərmisənsə,
    Demək hələ mən varam!

    Baharınam xəzanda,
    Bələdçinəm azanda.
    İşığınam zülmətdə,
    Həyatınam qürbətdə,
    Sənin çətin anında
    Mən hazıram yanında,
    Demək hələ mən varam!

    Xərclədim gəncliyi…

    Xərclədim gəncliyi qara pul kimi
    Yerini bilmədən, əsirgəmədən.
    Vardan-yoxdan çıxan bir yoxsul kimi
    Oxu axtarıram, axtarıram mən.

    Kefdəmi, nəşələr qucağındamı
    Getdi o illərim, getdi gəncliyim?
    Gözəl xanımların dodağındamı
    Soyuq öpüş kimi itdi gəncliyim?!

    Culyetta

    Səni mənim qədər kimsə anlamaz,
    Kimsə duya bilməz səni mənimtək.
    Sən ölmək istədin dünyada bir az,
    Beş saat…
    Bir saat…
    Bir qədər ölmək!

    Sonra yenə qalxıb soyuq məzardan
    Duymaq məhəbbətin şirin dadını.
    Sənə söyləyərdi hamı o zaman
    Cavan Romeonun gözəl qadını.
    Vəssalam.
    Yaxşıdır bəlkə bu ölüm –
    Yenə dirilirsən, ömr eləyirsən.
    Sevgidə Culyetta,
    A mənim gülüm,
    Belə bir oyunu istəmirəm mən.

    Əgər baş tutsaydı bu oyun, düzü,
    Min ləkə gələrdi saf məhəbbətə.
    Nə sən, nə devdiyin Romeo özü
    Qovuşa bilməzdi əbədiyyətə.

    Uşaq oyuncağı deyil məhəbbət,
    Onun əzabı da, nəşəsi də var.
    O, həqiqət sevir, yalnız həqiqət –
    Həqiqi bir həyat!
    Həqiqi məzar!

    Bir ovuc günəş

    İlk dəfə anamdan eşitdim bunu:
    Bir ovuc günəşin nə olduğunu.
    Naqafil səsdən, bir gurultudan
    Bizi bürüyərdi qorxu, həyəcan.
    Faşist təyyarəsi gəlir sanardıq,
    Torpaq qazmalarda daldalanardıq.
    Elə ki qaranlıq qazmaya girdik,
    Anam söylənirdi, gileylənirdi:
    “Bir ovuc günəş də qəhətdi bizə,
    Qaranlıq yazılıb taleyimizə…”

    O gündən bir ovuc günəş sözünü,
    Bir ovuc günəşin, nurun özünü
    Gəzdirdim qəlbimdə öz qanım kimi.
    Nəmli daxmaların dərmanı kimi.
    Bildim o həyatdır, güldür. çiçəkdir.
    Hamıya hər yerdə günəş gərəkdir.
    Gərəkdir barmaqlıq arxasında da,
    Laləli düzlərin yaxasında da.
    Ya bir ovuc olsun, ya da bir qətrə –
    O gərək nurunu salsın hər yerə.

    Al günəş parlayır indi elimdə,
    Bütöv bir günəş var mənim əlimdə.
    Lakin gizləyərək öz həsrətini,
    Bir ovuc günəşin hərarətini
    Gözləyən xalqlar var, qəbilələr var.
    Günəşsiz açılan neçə səhər var.
    Günəşsiz günləri açıram bu gün,
    Anamın sözləri keçir qəlbimdən.
    Bir ovuc günəşi gətirmək üçün
    Bir ömür piyada yol gedirəm mən.

    Səninkidir

    Nə çox pəncərə var şəhərimizdə,
    Ən çox işıqlısı…
    O səninkidir!
    Gör neçə qağayı üzür dənizdə,
    Ən ağı-bəyazı
    O səninkidir!

    Nəzər sal xurmayı, sarı saçlara,
    Ən tündü, qarası…
    O səninkidir!
    Qəlbimi bəzəyir neçə min yara,
    Ən dərin yarası…
    O səninkidir!

    Mənim borc alınmış bir həyatım var.
    Əmanət bir həyat…
    O səninkidir!
    Mənim şair kimi ülvi adım var,
    Ləkəsiz, təmiz ad…
    O səninkidir!

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    SƏMƏD VURĞUNA

    ”Şair,nə tez qocaldın sən?!

    Dədə Vurğun döğru deyir,
    “Şair olan qəm də yeyir.
    Şair qəlbi dərd kanıdır,
    Sehirli, sirr məkanıdır.
    Qəlb sədası hər bir şeir
    Pıçıldayır mənə pəsdən:-
    “Şair, nə tez qocaldın sən?!”

    Heyran- heyran hey ğəzdiyim,
    Sinəsində ot əzdiyim.
    Zümrüd meşə göy yaylaqdan,
    Qarli zirvə, “Zorbulaq”dan,
    Hər sətrinə gül düzdüyüm
    Duydum qoşma, təcnisimdən:-
    “Şair, nə tez qocaldın sən?!”

    Hərdən əsir soyuq külək,
    Səbəbini biləm gərək.
    Ömür boyu sirdaş olan,
    Gah boşalan, gah da dolan.
    Yurda, elə bağlı ürək
    “Üzəvura, deyir hərdən:-
    Şair, nə tez qocaldın sən?!”

    Yazdıqlarım sərvət, varım,
    Nəğməkardır həyat tarım.
    Şərəfimlə ömür sürdüm,
    Yaxşı gördüm, yaman gördüm…
    Hey ox oldum, yayı tarım
    Səda gəldi hədəflərdən:-
    “Şair, nə tez qocaldın sən?!”

    Saç ağartdım, əldə qələm,
    Dop- doludur hələ sinəm.
    Gur bulaqdır təbim mənim,
    Sadiq yarım, hürr vətənim.
    Yaratdıqca mənə nə qəm?
    Qoy deməsin yarım, Vətən:-
    Dövran, “nə tez qocaldın sən?!”…

    OLMUSAN

    Qəzəllərim- silsiləsindən

    Görən nə səbəbdir gülüm,belə qansız olmusan,
    Görmürəm gül üzümü,yoxsa inamsız olmusan.

    Hey edirsən bəhanə,gəlməyirsən heç görüşə,
    Səbəbin söylə bilim,niyə amansız olmusan.

    Yəqin ki,eyləyibdir sevməyənlər ərzi-giley,
    Uyub bədxah sözünə,ruhsuz və cansız olmusan.

    Eylə qeyrət ki,bizə, toxunmasın fəsli-xəzan,
    Sən bahar çiçəyisən,sissiz,dumansız olmusan.

    Inamım var sabaha,görəcəyəm gül üzünü,
    Inan öz sevdiyinə,yoxsa gümansız olmusan.

    Təlaşın varsa gülüm,həvalə et sən- Dövrana,
    Kimsələr söyləməsin vaxtsız,zamansız olmusa

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    DALĞIN BAXIŞINA BAXA BİLMİRƏM!

    Dalğın baxışına baxa bilmirəm,
    Sənin ki, gözlərin dan işığıydı.
    Dünən gözlərində dinən sözlərin,
    Sevən ürəyinin danışığıydı.

    Daha düz oxumur özündə sözün,
    Sözündə məhəbbət dağım-dağımmış.
    Nifrətin gözündə peşiman qüssə,
    Dilinin riyası röya dağımmış.

    Sən demə susarmış gözündə sözün,
    Gözümün dünyası sözümün canı.
    Çətin kimsə sevə mənim tək səni,
    Salma qəribliyə sözümü, canım.

    Çılğın dəniz kimi coşqun dalğalı,
    Sevdalı qəlbimdə qədərim sənsən.
    Yapışıb yaddaşın yaş yaxasından
    Sızlayan sözümdə qəhərim sənsən.

    Sən demə bu sevda alın yazısı,
    Qüssəsi ölüncə bəs edər mənə.
    Ümidim üzülməz nazilsə belə
    Qədər toy tutsa da bəs qədər mənə.

    Gülüm, üz çevirib o gül üzündən
    Tale gül üzünü səndən, sən məndən.
    Bəlkə bağışlayım günəşi sənə,
    Barı uzaq olsun çisən,çən səndən.

    Dalğın baxışınla baxsam dünyaya,
    Başını itirər bu dünya belə.
    Səni sevəcəyəm son nəfəsəcən,
    İçimi göynədən nisgilin ilə!

    Bülbül yuvasıyam kövrək budaqda,
    Sevdalı ürəyim bübülə həsrət,
    Qənim kəsildiyin göz yaşlarınla
    Dərdim çiçəkləyir tər gülə həsrət…

    Dalğın baxışına baxa bilmirəm,
    Sənin ki gözlərin yar işığıydı.
    Dünən gözlərində dinən sözlərin
    Sevdalı qəlbimin yaraşığıydı.

    Azərbaycan.Quba.
    23.05.2016.

    QADASI.

    Mən bu yolda saçlarımı ağartdım,
    Ağarmadı sənsiz günüm,qadası.
    Qədərimə de, nə qədər göz yumum?
    Ötüşməyir çənsiz günüm qadası.

    Göz yaşınam-quru dərdə yaşam mən,
    Sel deyiləm dağ çayı tək daşam mən.
    Bəlkə sənin nəzərində daşam mən?
    Üzə gülmür ayım, günüm, qadası.

    Nəsibimmiş şimşək kimi çaxmağın,
    İntizarın od püskürən çaxmağım…
    Olmasaydı eşq qapısın çaxmağın,
    Ağlamazdı sənli günüm, qadası.

    Fikirlərin nə qaradır, nə ağdır,
    Yersiz küsüb, inciməyin nahaqdır.
    Bilməyirsən-nə yalandır, nə haqdır?
    Yetmir sənə ürək ünüm, qadası?!

    Sənsiz yağır yağmur ümid yollara,
    Barı bir yol bu yollardan yol ara!
    Canım nədir, ürəyimi yollaram,
    Sən istəsən ömrüm-günüm qadası.

    Qayıt, gülüm-könlüm gülsün, gülüm, sən
    Gül üzünlə bir üzümə gülümsə.
    Gözlərimdə qəlbən gülən gülümsən,
    Gəlsən, gülər ayım, günüm, qadası.

    Gəl, gülüm, gül, gül ömrümün mənası,
    Qəmlə ötən günlərimdən məna sız.
    Abdullayam, sənsiz ömrü mənasız.
    Calayıram günə günü, qadası.

    Azərbaycan.Quba.
    08.06.2016.

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    SÖZ ETSİN

    Qədərsiz sevginə ümman kimiyəm,
    Eşqinlə, sevdanla doldur nəhrimi.
    Sevdanın acıyam, uman kimiyəm,
    Gətir sevincimi, itir qəhrimi.

    Hələki uzaqsan, əlim çatmayır,
    Ruhumdu ruhunun qonağı olan.
    Gecələr dincəlmir, yazır, yatmayır,
    Könüldü fəraqdan saçımda solan!

    Yanıbdı bu saçlar kədər közündə ,
    İtirib rəngini olub bımbəyaz .
    Qəlbimi ehtiva edir özündə,
    İçində payızdı, nə bahar, nə yaz.

    Saçıma sığal çək, rəngi durulsun,
    Əlinin təması külü köz etsin.
    Könlümdə sevgidən xeymə qurulsun,
    Dilə düşsün bu eşq, bilən söz etsin!

    SEVGI – MƏHƏBBƏT

    Bir dayan, doyunca baxım üzünə,
    Rəsmimi həkk edim qumral gözünə,
    “Sevmək nə gözəldi “- söylə özünə,
    Həyat cövhəridi sevgi – məhəbbət!

    Sevgi – məhəbbətlə ömr edir əyyam,
    Bu eşqə, sevgiyə eyləmə qiyam,
    Cahan gövhəriyik söyləmiş Xəyyam,
    Duyğu gövhəridi sevgi – məhəbbət!

    Qəlbləri dolduran ümman kimidi,
    Könüldə inləyən kaman kimidi,
    Elə yer kimidi, zaman kimidi,
    Bəşər məhvəridi sevgi – məhəbbət!

    Tanrının sevgisi yaratdı onu,
    Ülvi məhəbbətdi həm canı, donu,
    Sevgi bərqərarsa yetişməz sonu,
    Cahandan bəridi sevgi – məhəbbət!

    Atır səhralara Məcnun da edir,
    Çaldırır sazını Cünun da edir,
    Şeir də yazdırır, məmnun da edir, )))
    Şair şeiridi sevgi – məhəbbət!

    18. 10. 2016

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    SÖZ ETSİN

    Qədərsiz sevginə ümman kimiyəm,
    Eşqinlə, sevdanla doldur nəhrimi.
    Sevdanın acıyam, uman kimiyəm,
    Gətir sevincimi, itir qəhrimi.

    Hələki uzaqsan, əlim çatmayır,
    Ruhumdu ruhunun qonağı olan.
    Gecələr dincəlmir, yazır, yatmayır,
    Könüldü fəraqdan saçımda solan!

    Yanıbdı bu saçlar kədər közündə ,
    İtirib rəngini olub bımbəyaz .
    Qəlbimi ehtiva edir özündə,
    İçində payızdı, nə bahar, nə yaz.

    Saçıma sığal çək, rəngi durulsun,
    Əlinin təması külü köz etsin.
    Könlümdə sevgidən xeymə qurulsun,
    Dilə düşsün bu eşq, bilən söz etsin!

    SEVGI – MƏHƏBBƏT

    Bir dayan, doyunca baxım üzünə,
    Rəsmimi həkk edim qumral gözünə,
    “Sevmək nə gözəldi “- söylə özünə,
    Həyat cövhəridi sevgi – məhəbbət!

    Sevgi – məhəbbətlə ömr edir əyyam,
    Bu eşqə, sevgiyə eyləmə qiyam,
    Cahan gövhəriyik söyləmiş Xəyyam,
    Duyğu gövhəridi sevgi – məhəbbət!

    Qəlbləri dolduran ümman kimidi,
    Könüldə inləyən kaman kimidi,
    Elə yer kimidi, zaman kimidi,
    Bəşər məhvəridi sevgi – məhəbbət!

    Tanrının sevgisi yaratdı onu,
    Ülvi məhəbbətdi həm canı, donu,
    Sevgi bərqərarsa yetişməz sonu,
    Cahandan bəridi sevgi – məhəbbət!

    Atır səhralara Məcnun da edir,
    Çaldırır sazını Cünun da edir,
    Şeir də yazdırır, məmnun da edir, )))
    Şair şeiridi sevgi – məhəbbət!

    18. 10. 2016

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    MİLLƏTİM

    Küsmə taleyindən, baxtından, oyan,
    Çox keçib durğunluq vaxtından, oyan,
    Enmə Şah İsmayıl taxtından, oyan,
    Qorqud ümidini, qırma millətim.

    Tarix ələyindən çıxmısan narın,
    Dünyaya bəllidir üzün, astarın,
    Düşmənin nə qədər olsa da harın,
    Önündə boynunu burma, millətim.

    Ləkədir yurdunda köçkünlük sənə,
    Nə verdi bu süstlük, üzgünlük sənə,
    Yaraşmır baxtından küskünlük sənə,
    Əlləri qoynunda durma, millətim.

    Olma ehtiyaca, olma kölə sən,
    Namərdlər önündə susma belə sən,
    Qarşıda aşrım çox, kükrə hələ sən,
    Özünü enişdə yorma, millətim.

    Bəsdir, yarı yolda qurdun bardaşı,
    Səbrlə göyərtdin o qara daşı,
    Qoyma ki, korşala tarix yaddaşı,
    Özünü özgədən sorma, millətim.

    RAMİL

    Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən
    Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş
    zabitimiz leytinant İmanov Ramil Davud oğlunun əziz xatirəsinə.

    Vətən sevgisindən, məhəbbətindən,
    Təpər, dözüm aldı, güc aldı Ramil.
    Öz zabit adına şərəf gətirdi,
    Qüdsal əməliylə ucaldı Ramil.

    Vətənə xidmətdi müqəddəs andı,
    Daim bu eşq ilə alışdı, yandı,
    Yurdun keşiyində sayıq dayandı,
    Hər dəfə düşməndən öc aldı Ramil.

    Bildi torpağına həyan ömrünü,
    Şərəflə yaşadı cavan ömrünü,
    Ləyaqətlə verdi qurban ömrünü,
    Vaxtdan ölməzliyi bac aldı Ramil.

    Sevib inandığı saf ülviyyətdən,
    Azadlıq amallı bəşəriyyətdən,
    Sonsuz ucalıqdan, əbədiyyətdən,
    Şəhidlik adında tac aldı Ramil.

    Ömrünə bənzəyir solmaz çiçəklər,
    Ruhunu hifz edir göydə fələklər,
    Çaldıqca əbədi layla mələklər,
    Cəsur ürəklərə saçıldı Ramil.

  • Sumqayıtda Məleykə Alıqızı ilə görüş keçirilib

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin və Corat qəsəbə mədəniyyət evinin birgə təşkilatçılığı ilə Əli Kərim adına Poeziya Evində Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Alıqızı ilə görüş keçirilib. Görüşə Məleykə Alıqızının tələbələri və sənət dostu, aktrisa Həlimət Sultan da qatılıblar.
    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən [url=http://gundelik.info/][color=#990000][b]Gundelik.info[/b][/color][/url]-ya bildiriblər ki, tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qonaqları salamlayıb və şəhərimizdə görməkdən məmmunluğunu ifadə edib, xoş arzularının çatdırıb.
    O, bildirib ki, bu qəbildən olan görüşlərin şəhərimizdə təşkili əhalidə böyük maraq doğurur və mədəniyyət müəssisələrinə olan diqqəti artırır. Şəhərdə görülən işlərdən danışan idarə rəisi qonaqları əsaslı təmir olunmuş Sumqayıt Dövlət Dram Teatrının binası və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmağa dəvət edib.
    Daha sonra söz sənətkarlara verilib. Tamaşaçılar Məleykə Alıqızının və Səlimət Sultanın ifasında Əhməd Cavadın, Almas İldırımın, Musa Yaqubun, Ramiz Rövşənin şeirlərini maraqla dinləyiblər.
    Daha sonra sənətkarın tələbələrinə söz verilib. Xəyyam Abdullayev, Nuranə Dadaşova, Fatimə Fidayeva çıxış edərək müəllimləri haqqında xöş sözlər söyləyib, sevgi və arzularını ifadə ediblər.
    Tədbirə qatılan Məleykə Alıqızının tələbəsi gənc müğənni Emin Nəsirlinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı, muğam üçlüyünün ifasında muğam parçaları və xalq mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

  • Təvəkkül GORUSLU.”Daha nə deyim!”

    tm

    İlhamım yar olub qara buluda,
    Çıxıbdı qəlbimdən, dönübdü yada,
    Yağdıqca yağışlar, süzülür o, da
    Daha necə yazım, daha nə deyim!

    Daha yaşadıqca, durduqca burda,
    Ruhum sığışmayır bu yerə, yurda,
    Artıq kömək etmir təbil də, sur da,
    Daha necə yazım, daha nə deyim!

    İçimdə əsdikcə səmum yelləri,
    Qəlbimi yalayır soyuq dilləri,
    Könül də qaldırmır zindan əlləri,
    Daha necə yazım, daha nə deyim!

    Söylənən kəlmələr nifaq salırsa,
    Rəngini dəyişir, tərs rəng alırsa,
    Bu ürək xiffətə, qəmə dalırsa,
    Daha necə yazım, daha nə deyim!?

    21.10.2016

  • Təvəkkül GORUSLU.”Deyir”

    tm

    Ayazdan, şaxtadan, çovğundan sonra,
    Səmada doğulan bir günəş kimi,
    Ətalət, sükutdan, durğundan sonra
    Ruhum alov saçan bir atəş kimi,
    Qəlblərə nur kimi axacam, deyir!

    Doludan, leysandan, yağışdan sonra
    Səmada iz qoyan göyqurşağıtək,
    Dünyaya bir təzə baxışdan sonra
    Könlüm də, Ruhum da haqqaşığıtək,
    Pislik, istibdadı yıxacam, deyir!

    Özünə qapılan qəfəsdən sonra
    Nəğmələr söyləyən bir qarğı kimi,
    Aldığı ikinci nəfəsdən sonra
    Qıy vurub yüksələn bir qırğı kimi,
    Əlyetməz zirvəyə çıxacam, deyir!

    23. 10. 2016

  • Müzəffər MƏZAHİM.”İnsanlığa”

    mm

    Bir günahkar bəndə varsa, yox nicat insanlığa,
    Hər bir insan saf əməl versin zəkat insanlığa.

    Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr,
    Eyləsinlər çox savab işlər barat insanlığa.

    Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır,
    Sən də ver öz töhfəni, vaxtında çat insanlığa.

    Vermə əldən insafı, fürsət var ikən adil ol,
    Pak əməllər bəxş edər sonsuz həyat insanlığa.

    Sözlərinlə, gəl, Müzəffər, qəlbləri abad elə,
    Mənəviyyat müjdəni şövq ilə qat insanlığa.

  • Müzəffər MƏZAHİM.”Kimiyəm”

    mm

    Sənin eşqinlə, gülüm, cismə gələn can kimiyəm.
    Sən küləksən, mən isə kükrəmiş ümman kimiyəm.

    Sevgimiz nur selidir, qərq eləyib ömrümüzü,
    Sən günəş, mən işığından ağaran dan kimiyəm.

    Ömrümüz güllü-gülüstandı bütün, sayəndə,
    Sevgimiz bal, sən arı, mən dolu bir şan kimiyəm.

    Sən mənim eşqimə təşnə çiçəyimsən, mən isə,
    Bir məhəbbət buludu, eşq dolu leysan kimiyəm.

    Tapdı xoşbəxtliyini səndə Müzəffər əbədi,
    O zamandan elə öz ömrümə mehman kimiyəm.

  • Elməddin VƏLİYEV.”Yalnız Sənə yazdım eşq məktubumu!”

    13925070_1803201926562797_6078987066876541785_n

    Yalnız Sənə yazdım eşq məktubumu
    Çünki başqasına baxa bilmədim
    Qələm əllərimdə illər uzunu
    Səndən başqasına yaza bilmədim

    Yalnız Sənə yazdım eşq məktubumu
    Sevgimi saxlayıb gizlədəmmədim
    Həm əvvəli yazdın həm də sonunu
    Qədərdən kənara çıxa bilmədim

    Yalnız Sənə yazdım eşq məktubumu
    Kərəm tək əsliyə yana bilmədim
    İllərlə sakitcə büküb boynumu
    Kimsə hüzurunda dura bilmədim

    Yalnız Sənə yazdım eşq məktubumu
    Roman qəhrəmanı ola bilmədim
    Fərhadtək çırmayıb əlim qolumu
    Şirinçün dağları yara bilmədim

    Yalnız Sənə yazdım eşq məktubumu
    Mülkündə ortağı görə bilmədim
    Məcnuntək qaçaraq səhranı qumu
    Leyliyçün divanə ola bilmədim

    Yalnız Sənə yazdım eşq məktubumu
    Sənsiz bircə an da qala bimədim
    Sevmədim şan şöhrət,qızıl,pulunu
    Dünyanın zövqünü ala bilmədim

    Yalnız Sənə yazdım eşq məktubumu
    Etibarlı bir dost tapa bilmədim
    Bircə səndə tapdım güvən duyğumu
    onunçün mən Səndən qopa bilmədim

    Yalnız Sənə yazdım eşq məktubumu
    Şeytanın yanında dura bilmədim
    Səninçün seçirəm cənnət yurdunu
    Rəhmətindən uzaq ola bilmədim

    Yalnız Sənə yazdım eşq məktubumu
    Qəlbim sənə aid məndə bilmədim
    Bürümüş durumda bütün ruhumu
    Sevgin məhəbbətin yox deyəmmədim

    Yalnız Sənə yazdım eşq məktubumu
    Başlanğıc da Allah sonu da Allah
    Sevgiylə yoğurdun qul vücudunu
    Sevdirən də Allah sevən də Allah.

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Axtarır

    Simasını itirənlər,
    Üz qoymayıb, üz axtarır.
    Ömrə dərd-qəm gətirənlər,
    Onda bunda düz axtarır.

    Meydən cana gəlir, canı,
    Beləsində həya hanı?
    Nə dini var, nə imanı,
    Beşcə arşın bez axtarır.

    Hər işində etibarsız,
    Əli əyri, qəlbi barsız,
    Üzə gülür arsız-arsız,
    Kül içində köz axtarır.

    Ürək, tab et, döz bu dərdə,
    Aralıqdan qalxdı pərdə,
    Həm xeyirdə, həm də şərdə,
    Astarı yox, üz axtarır.

    Hər çiçəkdə, güldə Polad,
    Hər ağızda, dildə Polad,
    Sevə-sevə eldə Polad,
    İnci gəzir, söz axtarır.

    9.06.2015.

    Həqiqəti deyən az olur

    Əlim gətirirdi, qazancım vardı,
    Çox idi dövrəmdə dostum, tanışım,
    Elə ki, kasıblıq tutdu yaxamdan,
    Bir-bir dağıldılar, tək qaldı başım.

    Çox vaxt dil çıxardıb, yalvaran adam,
    Adamı diliylə sancır ilantək.
    Hər işə gizlində pəl vuran adam,
    Gül kimi görünür, batır tikantək.

    Dost kimi gözümə görünən yaltaq,
    Mən dara düşəndə, gözümdən itdi.
    Gözdən pərdə asan “qəhrəman” qorxaq,
    Qəfil yoxa çıxdı biryolluq getdi.

    Mən onun yolunda yanıb kül oldum,
    Halıma yalandan yanmağı varmış.
    Mən onu dərindən dartan əl oldum,
    Xoş günə çıxanda, danmağı varmış.

    Yaman güvənirdim əhdə, ilqara,
    Özümü öz zənnim aldatdı mənim,
    Gülə-gülə vurdu qəlbimə yara,
    Dondurdu qanımı qaraltdı mənim.

    Yaltağın biri də, arada gəzdi,
    Gördü ki, dardayam, çıxdı aradan,
    Güclüyə yalmandı gücsüzü əzdi,
    Heyif ki, gec seçdim ağı qaradan.

    Dostluğun körpüsü halal bir loxma,
    Bu halal loxmadan, yeyən az olur.
    Polad, haqqa sığın, çətindən qorxma,
    Bil ki, həqiqəti deyən az olur.

    22.10.2016.

  • Kənan AYDINOĞLU.”Pəncərə də qırıqdı, bu otaqda, İlahi!”

    Photo Kenan

    Üşüyərmi görəsən,
    De, qonaq da, İlahi?!
    Pəncərə də qırıqdı,
    Bu otaqda, İlahi!

    Yurdun torpaq, daşı var,
    Aqil ilə naşı var.
    Həsrətin göz yaşı var.
    Bu yarpaqda, İlahi!

    Dağlar çənə bürünür,
    Dünya gözəl görünür.
    Xatirələr sürünür,
    Bu ocaqda, İlahi!

    Böyük Türkün əslidir,
    Koroğlunun nəslidir.
    Ömrün bahar fəslidir,
    O Qazaxda, İlahi!

    Çətinə sinə gərdim,
    Şeir aparıb, gəldim.
    Haray qoparıb, gəldim,
    Mən uzaqda, İlahi!

    Ay doğur, günəş batır,
    Ömür otuza çatır.
    Babək, Koroğlu yatır,
    Bu torpaqda, İlahi!

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.2-3 noyabr 2016-cı il.

  • Kənan AYDINOĞLU.”Geniş və zəngin yaradıcılıq yolu keçən şair-dramaturq Süleyman Rüstəm”

    Photo Kenan

    Ən yeni dövr Azərbaycan ədəbiyyatının birinci mərhələsində (1918-1950) yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan gənc şairlərdən biri Süleyman Rüstəm idi.Erkən yaşlarından yaradıcılığa başalayan və qısa zaman kəsiyində öz yaradıcılıq münifestini elan edən istedadlı şair Süleyman Rüstəm sovet hakimiyyətinin öncədən müəyyən etdiyi siyasətin tələblərinə uyğun olaraq, yaradıcılıq fəaliyyətini uğurla davam etdirmişdir.
    “Partbiletim sol cibimdə, ürəyimin başındadı” misrası sovet şairin ən məşhur deyimlərindən biri kimi diqqəti cəlb edir.Geniş və zəngin yaradıcılıq yolu keçən şair-dramaturq Süleyman Rüstəm istər xalq şeiri, istərsə də klassik üslubda bədii yaradıcılıq nümunələri ərsəyə gətirməyə müəssər olmuşdu.Həmyaşıdları kimi, o da Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunmuş, Əməkdar incəsənət xadimi, Xalq şairi, SSRİ dövlət mükafatına layiq görülmüşdür.
    XX əsrin 70-ci illərindən etibarən, yaradıcılığında daha çox klassik üslunbda yazdığı şeirlərə, xüsusilə də qəzəllərə təsadüf olunur.Mövzu-ideya, forma-məzmun sənətkarlığı baxıımından yüksək sənətkarlıq nümunələri sayılmağa layiq olan həmin nümunələr qısa zaman ərzində muğam ifaçılarının repertuarında özünə yer tapdı.Şeirlərinin bir qisminə isə bəstəkarlar tərəfindən mahnılar bəstələndi.Dillər əzbərinə çevrilən həmin nəğmələr sonradan karifey sənətkarlarımızın da ifasında mədəniyyət və incəsənətimizin inkişafında özünəməxsus mərhələ kimi xarakterizə olundu.
    Hələ keçən əsrin əvvələrində Azərbaycan ədəbiyyatının mühüm məsələlərindən biri hesab olunan şimal-cənub həsrəti digər həmyaşıdları, xüsusilə Məhəmmədhüseyn Şəhriyar və Bulud Qaraçorlu Səhənd kimi, şair Süleyman Rüstəmin də zəngin yaradıcılığından yan keçməmişdi.O taylı, bu taylı Azərbaycan həsrəti ilə yaşayan sevimli şairimiz bu ağrıya, bu acıya dözə bilməmiş, qəlbinin dərinliyindəki ən saf və səmimi duyğuları nəzmə çəkməyə müəssər olmuşdu.Bu baxımdan “Təbrizim”, “Təbrizli Analar” şeirləri xüsusilə seçilir:

    Mən təbrizli analara bələdəm,
    Fəxrimdir bu əziz, qoçaq analar.
    Körpəsinin beşiyinin başında,
    Sübhə qədər qalar oyaq analar.

    Gənclik illərindən etibarən, xalqın adət-ənənəsini dərindən öyrənməyə başlaması, daha çox xalq şeirinə meyl göstərməsi, böyüyüb, boya-başa çatdığı və vurğunu olduğu doğma yurdumuz Azərbaycan təbiətinin gözəlliklərini vəsf etməkdən doymaması deyilənlərə əyani sübutdur.“Gəlsin” rədifli şeirini misal göstərmək olar:

    Vətənimin seyrinə çağırıram elləri,
    Sərvət görmək istəyən Azərbaycana gəlsin!

    Xalq şairi Süleyman Rüstəmin geniş və zəngin yaradıcılıq fəaliyyəti SSR Rəhbərliyinin daim diqqətində olmuş, nəticədə Sovet ədəbiyyatının inkişafındakı xidmətlərə görə müxtəlif fəxri adlara layiq görülmüşdü.Anadan olmasının 100 və 110 illik yubleyləri dövlətimizin başçısı Prezident cənab İlham Əliyevin sərəncamına uyğun olaraq, republikanın müxtəlif rayon və şəhərlərində dövlət səviyyəsində qeyd olunmuşdu, əsərləri kütləvi tirajla işıq üzü görmüşdü.Nəfis tərtibatla işıq üzü görən həmin kitablar respublikanın orta və ali təhsil müəssələrinin kitabxanalarına hədiyyə edilmişdi.
    Keşməkeşli ömrün ən çətin günlərində belə, mənsub olduğu xalqın yanında olmağı bacaran istedadlı qələm sahibi Xalq şairi Süleyman Rüstəmin Fəxri Xiyabanda dəfn olunması xalqın şair oğluna bəslədiyi sevgi ehtiramın təcəssümü kimi qəbul olunmalıdır.

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü
    Bakı şəhəri.3 noyabr 2016-cı il.

  • Təvəkkül GORUSLU.”Qalaq”

    tm

    Gözlər baxır həsrət ilə,
    Yolun üstdən “yollar çəkir”.
    Baxışların şəfqət ilə,
    İzlərimə çiçək əkir!

    O baxışın, o , gözlərin,
    Aşiqi mən, vurğunu mən.
    Cana məlhəm bal sözlərin,
    Qəlbdə vurur sən gedəndən!

    Xəyalımda çiçəkləri,
    Baxışımla dərim gərək.
    Bircə- bircə ləçəkləri,
    Könlümüzə sərim gərək!

    Çiçək ətri gəlsin gərək,
    Ruhumuzdan, qəlbimizdən.
    Duyğulardan çələng hörək,
    Dəstə tutaq eşqimizdən!

    Bu sevginin ətiriylə,
    Nəfəs verək, nəfəs alaq.
    Xəyalların çətiriylə,
    Daldalanaq, birgə qalaq!

    24.10. 2016

  • Təvəkkül GORUSLU.”Gəl”

    tm

    Gözəllər içində sən birincisən,
    Ömrümün bəzəyi, sən bir incisən,
    Günəşim qaralar məndən incisən,
    Könlümə mərhəm ol, sevdiyim ol, gəl!

    Gövhərsən, yaqutsan, ya almazmısan,
    Aşiqi yanına qiz almazmısan,
    Alıb eşq bağına tez salmazmısan,
    Könlümə mərhəm ol, sevdiyim ol, gəl!

    İndi mən saydıqca daşı- qaşları,
    Qaldırıb endirmə kaman qaşları,
    Yoxsa boyayaram bəytaz saçları(((
    Könlümə mərhəm ol, sevdiyim ol, gəl!

    Sən mənim çiçəyim, şəbingülümsən,
    Eşqim səndə ada, lazur gölümsən,
    Küləyəm, dağımsan, orman , çölümsən,
    Könlümə mərhəm ol, sevdiyim ol, gəl!

    25.10.2016

  • Müzəffər MƏZAHİM.”İntiqam məqamıdır”

    mm

    Ruhumuza çəkilən yanar dağdır Xocalı,
    Qisas yaddaşımıza bir mayaqdır Xocalı.
    İllərdir haray çəkir əsir qalmış o ellər,
    Yadlaşır doğma diyar dəyişdikcə nəsillər.
    Bu yurdun dağlarında, düzlərində dolaşan,
    Bir ac yalquzaq kimi uğuldayan, ulaşan,
    Sərgərdan küləklərə qarışıb haray səsi,
    Zülümlə qətl edilən körpələrin naləsi.
    Günahsız qadınların, qocaların fəryadı,
    Uyuyan vicdanları diksindirir, oyadır.
    Öc almağa çağırar bu susmaz səslər bizi,
    Dinclik, rahatlıq verməz , döyüşə səslər bizi.
    Yağmalayıb yurdumu erməni qatilləri,
    Millətimin qanına batıb murdar əlləri.
    İntiqam məqamıdır, ey yurdun igidləri,
    Bu cənnət yurdumuzdan qovaq sülək itləri.
    Şəhidlərin ruhuna məlhəm qisasımızdır,
    Ağlayıb sızıldamaq əbədi yasımızdır.
    Yolumuzu gözləyir Şuşa, Laçın, Xocalı,
    Bizim əlimizdədir Qarabağın açarı.
    Nicat gözləyən yurda qeyrətimizdir əlac,
    Nə kimsədən kömək um, nə də kimsəyə əl aç.

  • Müzəffər MƏZAHİM.”Atlan igidim”

    mm

    Atlan igidim, dada yetiş, Allaha and iç,
    Qeyrətlə, inamla yola düş, bir daha and iç,
    Bu yurdur bizə dünyada candan baha, and iç,
    And iç, bilirəm mərd igidim dada yetəndir,
    Namus da, əmanət də bu torpaqdır, Vətəndir.

    Yoxdursa onu qoruyan əsgər, Vətən ağlar,
    Birləşməsə yumruq kimi ərlər, Vətən ağlar,
    Boş qalsa bu dar gündə də səngər, Vətən ağlar,
    Ağlar, o kömək görməsə bil, ərliyimizdən,
    Gəl, atəşə dönsün gücümüz birliyimizdən.

    “Haqqdan ucalan bayrağımız bir daha enməz”,
    Heç kəs bu müqəddəs, ulu yoldan geri dönməz,
    Yoxdursa ürək atəşimiz torpaq isinməz,
    Dağlar kül olar hər yağı düşmən od aparsa,
    Versək bir ovuc torpağımızdan yad aparsa.

    Qan-qan deyənin qan iyi var hər kələyində,
    Acgöz qaraçı nəfsi yatıb hər diləyində,
    Son fitnəsi də keçmədi sərraf ələyindən,
    Heç heyvan özü bir belə haqqı daşa qaxmaz,
    Hər yersizə yer versə də xalqım başa qaxmaz.

    Birlikdədir güc, səngərimiz hər qala, hər bənd,
    Versin Bakı, Təbriz əl-ələ, bir də ki, Dərbənd,
    Dönsün öz ulu keçmişinə Borçalı, Xankənd,
    Min köhlənini Urmiyadan Göycəyəcən çap,
    Xalqın, Vətənin dərdinə mərdanə nicat tap.

    Hər yandan açıb üstümüzə ağzını böhtan,
    Fır-fır dolanır ortada bir sərsəri şeytan,
    Meydan açalım, fitnəkara süngülü meydan,
    Atlan, yola düş, xalqımızın hərbi bilinsin,
    Qaldır igidim yumruğunu, zərbi bilinsin.

  • Kənan AYDINOĞLU.”Öndərdən misal çəkirsən”

    Photo Kenan

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

    Böyük fəxr hissi ilə Ümummilli lider Heydər Əliyevdən
    sitatlar gətirən Əziz qardaşım Ülvi Qarayevə

    Ömrün çətin günlərini,
    Yaşamışam mən də, qardaş!
    Öndərin hər kəlməsini,
    Unutma gəl, sən də, qardaş!

    Araya düşdükcə yenə,
    Yurdun, elin toy-düyünü.
    Kitab kimi varaqlanır,
    Ömrümüzün hər bir günü.

    Müəmmalar ilin denən,
    Görək hansı ayındadı?!
    Qədim tarix, zəngin sərvət,-
    Yurdumuzun payındadı.

    Şeirlərim keşik çəksin,
    Məndən sonra izim üçün.
    Bu torpağın hər qarışı,
    Yaradılıb bizim üçün.

    Hər insanın bu dünyada,
    Doğması da, yadı da var.
    Hikmət dolu Haqq “Quran”da,
    Ana yurdun adı da var.

    MaşAllah! Heç yorulmadın,
    Pis əməldən əl çəkirsən
    Hər məqamda, hər saatada,
    Öndərdən misal çəkirsən.

    Bakı şəhəri.2 noyabr 2016-cı il.

  • Bütöv Azərbaycanın ünlü şairi Ustad şair Məhəmmədhüsyen Şəhriyarın oğlu Hadi ŞƏHRİYARın bir qism ziyalılar, ədəbiyyat nümayəndələri və gənc yazarlarla görüşü baş tutmuşdu

    Oktyabrın ayının 31-i saat 11:00-da Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində bir qrup gənc yazarın təşkilatçılığı ilə bütöv Azərbaycanın ünlü şairi Ustad şair Məhəmmədhüsyen Şəhriyarın oğlu Hadi ŞƏHRİYARın bir qism ziyalılar, ədəbiyyat nümayəndələri və gənc yazarlarla görüşü baş tutmuşdur. Tədbiri giriş sözü ilə açan gənc şair Emil Rasimoğlu hər kəsi salamladıqdan sonra Məhəmmədhüseyn Şəhriyarın keçməkeşli və çoxşaxəli həyat və yaradıcılığından söz açmış, nitq söyləmişdir.
    Sonra Mərkəzin əməkdaşı Əli İhsan Çevik, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri şair Sayman Aruz, Ustad Şəhriyarın oğlu Hadi Şəhriyar, Təbrizli tənqidçi Məhəmməd Rəhmanifər, Urmiyalı şairə Sümayə Əsədi, şair Fərqanə Mehdiyeva, ədəbiyyatşünas-tənqidçi İradə Əlili, şair Nəriman Zeynalzadə, gənc yazar İntiqam Yaşar, “Buta fm Radio və Televiziya” MMC-nin baş redaktoru, gənc yazar Şahanə Müşfiq və başqaları çıxış edərək ölməz Şair Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı, onun Güneyli, Cənublu Azərbaycan ədəbiyyatındakı yeri və rolu haqqında geniş fikirlər sərgiləmişlər. Gənc aşıq Dərya Cəbrayıllının ifası tədbirə ayrı maraq qatmışdır.Görüşün sonunda xatirə şəkilləri çəkilib.
    Onu da xatırladaq ki, ustad şairin oğlu Hadi Şəhriyar artıq 5 gündür paytaxtımızda qonaqdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlərə imza atıb

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Ədəbiyyat-Az.Com bildiriblər ki, Sumqayıtda uşaqların asudə vaxtının təşkili, mədəniyyət və incəsənət sahəsinə olan maraqlarının artırılması məqsədilə silsilə tədbirlər keçirilib.
    N.Nərimanov adına mədəniyyət mərkəzində “Müasir Qafqaz Rəqsi” və “Dəcəllər” rəqs qruplarının birgə konserti bu qəbildən olan tədbirlərdəndir. Xareoqraflar Fərhad Dadaşov və Elnarə Xəlilova tərəfindən hazırlanmış konsert proqramında rəqs qruplarının ifasında milli rəqslərimizlə yanaşı qafqaz xalqlarının, eləcə də hind və özbək xalqlarının rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə həmçinin vətənpərvərlik mövzusunda illüziya nömrələri, o cümlədən, slink shou böyük marağa səbəb olub.
    Daha bir tədbir isə S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində baş tutub.
    Belə ki, uşaqların mütaliə maraqlarının artırılması və kitabxanalara cəlb olunması məqsədilə tədbir keçirilib. Uşaqlar “Payız mozaikası” mövzusunda rəngli kağızlardan istifadə etməklə öz əl qabiliyyətlərini, istedad və bacarıqlarını nümayiş etdiriblər. Valideynlərə tədbirin keçirilməsində sərbəst imkanlar yaradan kitabxana kollektivinə sonda təşəkkür edilib və belə tədbirlərin davamlı olması arzulanıb.
    Xatırladaq ki, artıq uşaq şöbəsində “Bizim rənglər dünyamız” adlı guşə yaradılıb və burada oxucuların əl işlərinin nümayişinə başlanılıb.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

  • Elməddin VƏLİYEV.”Dünya”

    13925070_1803201926562797_6078987066876541785_n

    Kiminə çox rahat gediləcək yol
    Kiminə keçilməz qaladır dünya
    Birinə ruzidən bərəkətdən bol
    Birinə aclıqdan çaladı dünya

    Solunda birinə məzar olanda
    Sağında toy edən haydadı dünya
    Bir üzü qaranlıq zülmət qalanda
    Bir üzü günəşli aynadı dünya

    Kimini yaddaşa möhkəm həkk edib
    Kimi unutduran havadı dünya
    Neçə firovunlar burda məhv edib
    Sultan Süleymana qalmadı dünya

    Kiminə mehriban qayğıkeş bir dost
    Kimisinə çox sərt qabadı dünya
    Kimə qorunacaq güvənli bir post
    Kimə arxa dönən yabadı dünya

    Bəzi zamanlarda sözünə bütün
    Bəzənsə sözünü satandı dünya
    Bəzən güvənilir möhkəm bir sütun
    Bəzən də aranı qatandı dünya

    Hərdən sel su tufan boran çən duman
    Hərdən sakitləşən şıltaqdı düya
    Hərdən inandırır adamı yaman
    Əslində iki üz yaltaqdı dünya

    Söz ilə aldadıb üzünə gülüb
    Güya ki, arxanda durandı dünya
    Hərləyib fırlayıb toruna salıb
    Xəyanətlə zərbə vurandı dünya

    Özü də seyr edir seyrəngahında
    Qədərin içində yol alıb dünya
    Son mənzil görsənir qibləgahında
    Qiyamət gününə az qalıb, dünya!
    Qiyamət gününə az qalıb, dünya!

  • Əlirza Həsrəti doğum günü münasibətilə təbrik edirik! (1 Noyabr 1963-cü il)

    ehe

    SƏNİ YARALI SEVDİM

    Gözdən, könüldən uzaq
    Düşüb aralı, sevdim.
    Oxlanıb kirpiyinlə,
    Səni yaralı sevdim.

    Lalələr qan içində,
    Ha alış, yan içində.
    Dağda duman içində
    İtən maralı sevdim.

    Heykəl qurub xəzəldən,
    Eşq umdum hər gözəldən.
    Bu dünyanı əzəldən
    Ağlı-qaralı sevdim.

    GÖRƏK KİM GÖZƏL AYRILIR

    Gün keçdi dağın dalına,
    Dağ sevindi bu halına.
    Gəl ayrılıq vağzalına,
    Görək kim gözəl ayrılır?!

    Çiçəklədi tökdüyün qan,
    Ruha tamarzıdır bu can.
    Nəğmə öpür dodağımdan,
    Könlümdən qəzəl ayrılır.

    Sil ömrün-günün pasını,
    Saxlayaq sevda yasını.
    Payız açıb yaxasını.
    Budaqdan xəzəl ayrılır.

    DÜNYANIN DÜZƏLMƏK
    TƏHLÜKƏSİ VAR

    Şimşək işığına düşdü gözlərim,
    Buludlar dərdimə məlhəm aradı.
    Sabahı ürəklə qarşılamağa,-
    Ümidim sevdiyim adamlaradı.

    Kölgəm də haçandır düşüb dalımca,
    İstidən çəkinmir, soyuqdan qaçmır.
    Yaxşı ki, dilənmir kölgəm adamtək,
    Yaxşı ki, heç kimə əlini açmır.

    Gəlmir xoşunuza divanəliyim,
    Ruhumu çarmıxa çəkən adamlar!
    Atın özünüzü Yer kürəsindən,-
    Dünyanın düzəlmək təhlükəsi var!.

    KÖNÜL HEYRAN OLUB UCALIQLARA

    Quşlar dimdiyini şehə batırıb,
    İbadət eləyir yarpağın üstə.
    Torpağın altından çıxan nə varsa.
    Tapır qiymətini torpağın üstə.

    Hər dağ bir təpənin əlindən tutub,
    Könül heyran olub ucalıqlara.
    Sən də ayağını Yerə möhkəm bas,
    Özünə dağlar tək ucalıq ara.

    Vətən torpağına bərəkət verir,
    Bu zəhmət çiçəyi alın tərimiz.
    Hər doğan Günəşin şəfəqlərində.-
    Gülüb aynalanır ümidlərimiz.

  • Rahilə DÖVRAN.”Öyrətməyəydin”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Çox gəncdim, naşıydım, həm də cavandım,
    Həyat görməmişdim, həm də əvvamdım.
    Bilmirdim hayan üz, hayan uvandım,
    Hardan peyda olub gözümə dəydin?
    Kaş məni özünə öyrətməyəydin.

    Bilmədim vallahi,bu necə işdi,
    Səni görcək ayım, günüm dəyişdi.
    Bilmədim baharmı, yoxsa ki qışdı,
    O vaxt öz yolunla çıxıb gedəydin,
    Kaş məni özünə öyrətməyəydin.

    Onda həm göyçəkdin, həm də ki, mətin,
    Məni yoldan etdi boyun, qamətin.
    Belə lütf önündə dayanmaq çətin,
    Bağçamın gül açmış budağın əydin,
    Kaş məni özünə öyrətməyəydin.

    Eşq yox ki, həyatda dərdsiz, cəfasız,
    Sanmazdım olarsan, bunca vəfasız.
    Ömrə çökdü zülmət günəşsiz, aysız,
    Dövrana bu zülmü sən etməyəydin,
    Kaş məni özünə öyrətməyəydin.

    30.10.2015.

  • Rahilə DÖVRAN.”Yada düşür”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Vaxt çatanda ağ libası geyinməyə,
    Hacət qalmır təkəbbürə, öyünməyə.
    Başlayırlar, əldə təsbeh deyinməyə
    Sanki varmış bu günədək öndə duran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    Sığışmayır ziyarətlər günə, aya,
    “Canıdişdə” qatlaşırlar hər bəlaya.
    Güzar düşür Məşhəd, Həccə, Kərbəlaya
    Hamı olur minbərlərə alın vuran,
    Yada düşür namaz, oruc, həm də Quran.

    Açarını qazanmaqçün axirətin,
    Inkar edir vəbalların, qəbahətin.
    Namazlarda ön cərgədə durur mətin
    Dönüb olur molla, mömün yüz- yüz vuran,
    Yada düşür namaz, oruc, həm də Quran.

    “Küpü süzür” zorbaların, harınların,
    Anlayırlar faniliyin varın- karın.
    Toplamaqçün əkdikləri “əməl barın”
    Mələk olur qəlb sındıran, könül qıran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    Nə ziyarət, nə nəzirlər çatmaz dada,
    Axirəti qazanarlar bu dünyada.
    Çiyindəki mələkləri salıb yada
    Nöqtə qoyur misrasına şair Dövran,
    Yada düşür oruc, namaz, həm də Quran…

  • Abdulla MƏMMƏD.”Gedəsiyəm söz çiynində”

    abdullamuellim

    Bir gözümdə dəli sevdam,
    Bir gözümdə bəyaz günah.
    Sağ ovcumda ürəyimdir,
    Sol ovcumda güman,Allah!

    Üzümə gülən qədərim
    Sevindirir doğmaları.
    Sözümə qibtə edənə
    Nuş olmur söz loxmalarım.

    Eşqlə yandım diri-diri,
    Hər günümü üzdü gülüm.
    Kül altında közüm diri,
    Gələn günə közdü külüm.

    Yarı bəndə,yarı mələk,
    Yarı sevinc,yarı dərdəm.
    Yarı röya,yarı gerçək,
    Qədərimin yarı dərdəm.

    Yarı quldur,yarı cənab,
    Yarı yolun yarı canım.
    Sevincimə yarımadın,
    Barı dərdə yarı canım.

    Söz altında yoxdur yerim,
    Yol gedirəm,haqq əynimdə.
    “Ol” sözündən yaranmışam,
    Gedəsiyəm söz çiynində.

  • Abdulla MƏMMƏD.”Dilimdə kədərim böyüyür Allah”

    abdullamuellim

    Dilimdə kədərim böyüyür Allah,
    Böyüyür,ağzıma sığmayır daha.
    Qədərim sevinci kürüyür,Allah,
    Ürəyim köksümə sığmayır daha.

    Daha daşdan keçən sözüm daş olub
    Yağır ürəklərin daş xarasına.
    Ümidlə yaşanan dözüm daş olub
    Atılır göz ilə qaş arasına.

    Torpaq yad əlində,qeyrət yuxuda,
    Atılan söz oxum hey daşa dəyir.
    Girəvə gözləyir qorxu pusquda,
    Hədələr önündə kədər baş əyir.

    Ağarır başımda qara günlərim-
    Yağır saçlarıma qar kimi qədər.
    Hərə öz ömrünə kəsilir qənim,
    Hərə itkilərə dözür birtəhər.

    …Mənim kədərimdir o Dərbənd qalam,
    Babamın yurdunda qonaq kimiyəm.
    Qında korşalarmış ər qala-qala,
    Dünyanın ovcunda balıq kimiyəm.

    Mənə-öz kədərim bəsimdir,mənə
    Bəsimdir Təbrizim,bəsimdir Göyçəm.
    Arazım,Samurum bəsimdir mənə,
    Bəsimdir Xocalım yerdən göyəcən!..

    Dilimdə kədərim böyüyür yaman,
    Böyüyür,sözümə sığmayır,Allah!
    Günlərim sevinci kürüyür yaman,
    Ürəyim sözümə sığmayır,Allah!

    Azərbaycan.Quba.
    25.11.1995.

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    SANİYƏ SAYIR

    Dəqiqəm sənsizdi, saatım sənsiz,
    Gecəni gündüzdən indi gəl ayır.
    Qalmışam sevgiyə, eşqə güvənsiz,
    Könlüm də, qəlbim də saniyə sayır.

    Günüm bir il olub, sönüb günəşi,
    Gecənin zülməti qaraltmış gözüm.
    Qəlbdə tüğyan edir həsrət atəşi,
    Hicrinə əzizim, qalmayıb dözüm.

    Baxışım yollarda ilişib qalıb,
    Zaman da insafsız, yollar da sonsuz.
    Zaman ki, ömrümü çaldıqca çalıb,
    Çiskinli payızdı yarpaqsız, donsuz.

    Sən gəlsən ömrümün dəyişər fəsli,
    Yox olar payızı, yetişər yazı.
    Gəl yetir özünü sevda nəfəslim,
    Gətir baharımı, itir ayazı.

    27.10.2016

    EYLƏMƏ

    Həsrətə, hicrana dalmışsa gözlər,
    Gözlərə qəhərdən bulud çökəcək.
    Kədər buluduyla dolmuşsa gözlər,
    Yağış yağrıracaq, leysan tökəcək.

    İntizar, iztirab dondursa qəlbi,
    Ağrısı, acısı gözə axacaq.
    Sevdanın atəşi yandırsa qəlbi,
    Yanağı göz yaşı köztək yaxacaq!

    Yaşlı gözlərini gördükcə, gülüm,
    Göz yaşın qəlbimin taxtın uçurur.
    Kipriyin yaşlara hördükcə, gülüm,
    Bir nisgil talenin baxtın uçurur!

    Ciyərim dağlama, bağrım teyləmə,
    Yaşlı gözlərinə baxa bilmirəm.
    Ruhumu qoparıb məndən eyləmə,
    Naçaram, gözlərin silə bilmirəm!

    26. 10. 2016

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    QURBANI OLSUN!

    Gözümün önündə xəyalın durub,
    Demək ki, səbəb var, görüşə gəlib.
    Naəlac kimidi, boynunu burub,
    Gəlibsə güvənib, pənahı bilib!

    Səndən uzaqdayam, çatmayır əlin,
    Ruhumu göndərdim, dayağın olsun!
    Getməsə ayağın, ağrısa belin,
    Demişəm qaldırsın, ayağın olsun!

    Dolsun nəfəsinə, dolsun gözünə,
    Sızlayan könlünün dərmanı olsun!
    Doğması, öz canı, bilsin özünə,
    Ağrıyan qəlbinin qurbanı olsun!

    Tezliklə xəyalın gülüşlə gəlsin,
    Gətirsin ruhumu, qaytarsın geri.
    Nigaran qəlbimdən nisgili silsin,
    Sükuta qərq olub, bomboşdu yeri!

    30. 10. 2016

    KEÇİM GEDİM!

    Mənə yolum göstər , Allah,
    Bu nə yoldu, cığır təki.
    Könül xoş gün istər, Allah,
    Susub durub, fağır təki.

    Nadanlar var yolum ustdə,
    Hiyləgərlər qazır izim.
    Qoyma olsun ruhum xəstə,
    Bükülməsin qəmdən dizim!

    Sevincin az, ələmin çox,
    Payız gedir, qışın gəlir.
    Hərisliklə gələnin çox,
    Nə gəlirsə, naşın gəlir!

    Bir yol eylə, keçim gedim,
    Yoxuşunu düzən eylə.
    Nur çeşməndən içim, gedim,
    Haqqa gedim, gülə- gülə!!!

    28.10.2016

  • Müzəffər MƏZAHİM.”Qorxudur”

    mm

    Ətəyində qocaldığım zirvədir,
    Arzulardan bac aldığım zirvədir,
    Ömür verib ucaldığım zirvədir,
    Bu zirvənin zəhmi məni qorxudur.

    Dörd tərəfim baxılmamış mənzərə,
    Bir qəriblik çəni çöküb hər yerə,
    Pıçıltımdan uğuldayır dağ, dərə,
    Tənhalığın vəhmi məni qorxudur.

    Sıxılıram gur alqışlar içində.
    Təklənirəm yad baxışlar içində,
    Yol gedirəm ağ yağışlar içində,
    Taleyimin rəhmi məni qorxudur.

    Duyulduqca doğmalığın itkisi,
    Göz yaşardır ürəyimin tüstüsü,
    Əllərimdə dost əlinin istisi,
    Ayrılığın fəhmi məni qorxudur.

  • Müzəffər MƏZAHİM.”İki səfil”

    mm

    Pilləkənlərdə əyləşib
    İki səfil yanaşı,
    Onların soyuqluğundan
    Buza dönüb altlarındakı
    Pilləkən daşı.
    Birinin əlində
    Pivə şüşəsi,
    O birinin qarşısında
    Boşalmış, yalanmış
    Koserv qutusu.
    Hərəsi öz aləmində…
    Biri tez-tez gəyirir,
    O biri tez-tez əsnəyir.
    Adam it günündədir,
    İt isə adam olmaqdan ötəri
    İtliyindən çıxıb deyəsən
    bir az…
    Hər canlı özündən çıxmasa
    Dünyada səfil olmaz.

  • Rafiq ODAY.”Zilində dağ tərpənir, bəmində daş oynayır”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Şəxsiyyətinə hörmət, sənətinə rəğbət bəslədiyim,
    respublikanın Əməkdar artisti Elnarə xanım Abdullayevaya

    Tanrının bəxş etdiyi ilahi səsə qurban,
    Adam istər canını bu səsə kəsə qurban.

    Olanlar çox tapılar fəda qeybdən gələnə, –
    Mən razı olarammı özgəsi desə qurban.

    Zilində dağ tərpənir, bəmində daş oynayır,
    Dünyaya laylay deyən yanıqlı pəsə qurban.

    Aman, bu nə hayqırış, aman, bu necə nalə?! –
    Bülbül ilə girdiyin eşq adlı bəhsə qurban.

    Səbrim yox gendən gələm vəslinə qovuşmağa,
    İzin ver qoy yetirim özümü kəsə qurban.

    Davud heyran qalardı, olsaydı bu zamanda,
    İnan o da deyərdi bu səsə nəsə qurban.

    Oday dinləyir səni canında min təlatüm,
    Hər dəfə yüz yol deyir o, əsə-əsə qurban.

  • Rafiq ODAY.”Ağıl yiyəsi”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Kül olsun bu ağıl ilə,
    Başına, ağıl yiyəsi.
    Adam öncə bir düşünüb,
    Daşınar, ağıl yiyəsi.

    Hayıf bu boya-buxuna,
    Loxluğun üzdən oxunar,
    Baxıb etmədin axı ar
    Yaşına, ağıl yiyəsi.

    Özünsən qəsdinə duran,
    Toxunur şəstinə duran,
    Niyə qoydun oran-buran
    Qaşına, ağıl yiyəsi.

    Olmusan hava alanı,
    Gələn minib havalanır.
    Çirp başını Savalanın
    Daşına, ağıl yiyəsi.

    Çıxarmısan lap ağını,
    At üstündən qapağını.
    Bircə yol qoy papağını,
    Qarşına, ağıl yiyəsi.

    Yol varmı yolunca, qafil?
    Dünyada qalınca, qafil –
    Tanrım tuş eyləsin qəfil
    Qurşuna, ağıl yiyəsi.

  • Kənan AYDINOĞLU.”Gəncə həsrətindən saçını yolur”

    Photo Kenan

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

    Gözümün önündə indicə, qardaş,
    Tarix varaqlanır bir kitab kimi!
    Bu dünya yenə də qəriblərdəndi,
    Ömrümə yazılan bir əzab kimi.

    Deyirlər Təbriz də Gəncəmiz kimi,
    Ana torpağıma dayaq olubdu.
    Həsrət də, nisgil də şair ömrümə,
    Gör neçə ildi ki, qonaq olubdu.

    Babək, Koroğlular yetirib Vətən,
    Meydanda döyüşüb, candan keçiblər.
    Vətən uğrundan şəhid olmağı,-
    Özünə ən böyük şərəf seçiblər.

    Vaxt olub, Ərdəbil Marağam kimi,
    Ağlayıb, ağlayıb gözləri dolub.
    İranda-Təbrizdə Milli qəhrəman,
    Yetişib, adı da Səttarxan olub.

    Ustad Şəhriyarın yolun gözləyib,
    Güllər də bağçada, saralıb, solur.
    Təbrizin göz yaşı qurumur deyə,
    Gəncə həsrətindən saçını yolur.

    Bakı şəhəri.29 oktyabr 2016-cı il.

  • Rahilə DÖVRAN.”Dünyamı mənim?”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Mənim dünyam” – silsiləsindən

    Bir hasar çəkmisən, yıxa bilmirəm,
    Gözümdə intizar, baxa bilmirəm.
    Kədər, qəm selindən çıxa bilmirəm,
    De, niyə dəyişdin , dünyamı mənim?

    Nə tez doydun məndən, sözün qalmayıb,
    Necə alışdın ki, közün qalmayıb.
    Bu eşqin yolunda, izin qalmayıb,
    De, niyə dəyişdin, dünyamı mənim?

    Başına od yağsa sərin bilirsən,
    İlan zəhərini, şirin bilirsən.
    Hər üzə güləni, pirin bilirsən,
    De, niyə dəyişdin, dünyamı mənim?

    Qalmışam yaxınla, yadla üz- üzə,
    Yanar təndirdəyəm, badla üz- üzə.
    Təkcəyəm, quruca adla üz- üzə,
    De, niyə dəyişdin, dünyamı mənim?

    Bir eşqi, sevdanı, xar elədin sən,
    Şəvə saçlarıma, qar ələdin sən.
    Dünyanı Dövrana, dar elədin sən,
    De, niyə dəyişdin, dünyamı mənim?…

  • Rahilə DÖVRAN.”Gözləri”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Köhül dəftərim” – silsiləsindən

    Getmişdim onunla vidalaşmağa,
    Buludtək doluydu, qara gözləri.
    Baxışı axırdı sola, gah sağa,
    Tapa bilməyirdi, çara gözləri.

    O, məsum,günahsız, nazənin pəri,
    Yanağda gözlərin, yağışdan zəri.
    Qəm, qüssə, kədərin, yoxdu bənzəri,
    Sitəmdən gəlmişdi, zara gözləri.

    Üzgün baxışları çox şey söylədi,
    Nəmli çilvələri,-getmə dilədi.
    Kipriklər durmadan dürlər ələdi,
    Heyranmış, mən adlı, yara gözləri.

    O gözlər qaytardı, məni özümə,
    Onlar sahib etdi, məni sözümə.
    Qoymadı bəd nəzər dəysin gözümə,
    Dövransız baxarmış, hara gözləri?!…

  • Çiçək TAĞIYEVA.”Dünya”

    Qəriblik bəxtimə yazılan yazı,
    Qəlbimə kədərlə calandı dünya.
    Qürbətdə qədərmiş vətən həsrəti,
    Bulud tək boşalıb dolandı dünya.

    Dünya duyğuların xəyal aləmi,
    Ürəkdə yaşayır sevinci, qəmi.
    Daim halal kəsin olub qəmmi,
    Düzləri düzlərə salandı dünya.

    Xilqəti yaratdı Uca Yaradan,
    Ona həyat verdi torpaqdan, sudan.
    Gör kimlər bac alıb doydu dünyadan,
    Məzar daşlarına qalandı dünya,

    Sənə bel bağlayan yığıldı cana,
    Ruhun dərinliyi güc verdi qana,
    Bir ömür bəxş etdi Xaliq insana,
    Nəfsinə qul olub qalandı dünya.

    Kimə həqiqətdir, kimə yalandı,
    Sözdə gah ucalan, gah alçalandı.
    Acdan üz döndərib toxa qalandı,
    Dilimin altında ilandı dünya.

    Dünya sevənlərə qədərmiş, Çiçək,
    Bu fani dünyanı, gəl sevmə, ürək.
    Həyat müvəqqəti, ömürsə gödək,
    Ömrü girov verib, alandı dünya.

    19.09.16.Kiyev.

  • Abdulla MƏMMƏD.”Ver əlini çıxaq gedək”

    abdullamuellim

    (Şair-filoloq Elnur Rəsuloğlu Əliyevə)

    Bu dəyirman darğaların…
    Ver əlini çıxaq gedək.
    Ögeyləşən doğmaların
    Sol əlini sıxaq gedək.

    Haram kalan, halal talan
    Pərdələyir haqqı yalan.
    Həqiqəti düzdə qalan
    Doğruları yiğaq gedək.

    Tərəzinin gözü əyri,
    Söz verənin sözü əyri…
    Düz dünyanın düzü əyri,
    Əyilmədən çıxaq gedək.

    Doğruya yalan dünyanın,
    Oğruya talan dünyanın,
    Əğyara qalan dünyanın
    Qapısını çaxaq gedək.

    Əməl sözə qənim olsa,
    Gözəl gözə qənim olsa,
    Əcəl düzə qənim olsa-
    Gözünə düz baxaq gedək!

    Azərbaycan.Quba

  • Abdulla MƏMMƏD.”Bir dünya qüssəsən gözümdə mənim”

    abdullamuellim

    Dedin:”Yol acıqdır üzünə sənin,”
    Dünya gözlərimdən düşdü bir anda.
    Utandım baxmağa gözünə sənin,
    Sözlərin üşütdü həyamı canda.

    Nə idi istəyin,nə idi,de nə?
    Payız tək saraldım bahar gözümdə.
    Qınadım özümü hey dönə-dönə,
    Sanki heçə döndü- nə var gözümdə.

    Oduna qalanıb yolunda yandım,
    Üstümə bir zərrə su çiləmədin.
    Dərdinin önündə sipər dayandım,
    Yaxşı ki səbrimə kül ələmədin.

    Dünyamı yuxulu,mənmi yuxulu?
    Səni sevməyim də yuxuymuş,demə.
    Çiçəyin çırtlayıb yalan qoxulu,
    Zərrəcə insafın yoxuymuş,demə!

    Olan insafın da çəkilib göyə,
    Daş əsri deyil ki,daşa dönəsən.
    Göz də o göz deyil-gözümü döyəm,
    Gözümdə həsrətdən yaşa dönəsən.

    Ömrün payızında saralan güləm,
    Dərdin ümidinə qoymusan məni.
    Çətin ki sevinib ürəkdən güləm,
    Sən ki dar ayaqda saymısan məni!

    Bir dünya qüssəsən gözümdə mənim,
    Dərdimin üzünə gülə bilmirəm.
    Sən elə etmisən özümdən məni,
    Daha özümə də gələ bilmirəm.

    Dedin:”Səni anıb gəzməz ürəyim,
    Daha mənim üçün quruca adsan”.
    Səni ələmədi qüssə ələyim,
    Yaxşı ki dar gündə dərdimə yadsan.

    Azərbaycan.Quba.
    26.12.2002.

  • Mais TƏMKİN.”Sərhəd tanımayan sevgi-məhəbbət”

    mt

    Gözüm səndə qaldı, yaman sürüşdüm,
    Yıxıldım, daş dəydi dizimə mənim.
    Sənin baxışından qəzaya düşdüm,
    Allah da baxmadı üzümə mənim.

    Sərhəd tanımayan sevgi-məhəbbət,
    Nə qaya tanıyır, nə də ki, dağ-daş.
    Deyirəm, dünyada bütün sevənlər,
    Mənim tək qəzaya uğrayaydı kaş.

  • Müzəffər MƏZAHİM.”Pənah”

    mm

    Ustad aşıq Pənah Pənahova

    Sinəsində sazı-sözü,
    Gəzdi doğma yurdu Pənah.
    Bayram oldu hər gəlişi,
    Harda məclis qurdu Pənah.

    Həm şairdi, həm aşıqdı,
    Toy-düyünə yaraşıqdı,
    Tükənməyən bir işıqdı,
    Könüllərdə nurdu Pənah.

    Koroğlunun Cünunuydu,
    El-obanın yananıydı,
    Dindi, meydan onun idi,
    Hər sözü bir ordu Pənah.

    Hikmət vardı duruşunda,
    Ər idi söz vuruşunda,
    Böyük sənət yarışında,
    Çoxlarını yordu Pənah.

    Pərdələrdə gəzə-gəzə,
    Barmaqları döndü közə,
    Yaratdığı hər bir sözə,
    Min bir naxış vurdu Pənah.

    Qanında Kür qeyrətinin,
    Böyük-kiçik hörmətinin,
    Ölməz bu el sənətinin,
    Keşiyində durdu Pənah.

  • Müzəffər MƏZAHİM.”Yola çıxırsan”

    mm

    Bəs sənin öz izin hanı?
    Gedilmiş yola çıxırsan.
    Sütük çəkmələr altında,
    Didilmiş yola çıxırsan.

    Düşmüsən yolun ağına,
    Daş dolaşır ayağına,
    Özgə məsləkə sığınan,
    Ütülmüş yola çıxırsan.

    Bu yol ki, belə yellidir,
    Demək hər kəsə bəllidir.
    Uğurun da təsəllidir,
    Güdülmüş yola çıxırsan.

    Nə bilirsən hara gedir?
    Bütövdür, ya para gedir?
    Bəlkə də məzara gedir,
    Bitilmiş yola çıxırsan?

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Bir gün

    Bir gün unudular sənin də adın,
    Başına- gözünə döyərsən sən də.
    Bağrını yandıran alovun, odun
    Tüstüsü gözünə dolar güləndə.

    Bir gün əməllərin çıxar qarşına,
    Başını yamanca qatar bu dünya.
    Üstündə əsdiyin hər nəyin varsa,
    Əlüstü özgəyə satar bu dünya.

    Bir gün gözlərindən yaş gilə-gilə,
    Süzülər gizlicə yanaqlarına.
    Qonar yuvasına dönən quş kimi,
    ‘Bağışla” kəlməsi dodaqlarına.

    Bir ovuc torpağam

    Hərdən yollarımı duman,çən kəsir,
    Ürəyim bir parça gümana əsir.
    İllər qatarlanıb elə tələsir,
    Özümə yazığım gəlir…

    Dolanır qovgalar başımın üstə,
    Ayrı bir biçimdə,ayrı həvəsdə.
    Canım çırpındıqca quru qəfəsdə,
    Özümə yazığım gəlir…

    Ocağın gözündə çatlayan közəm,
    Çətin bu ağrıya qatlanam, dözəm.
    Bir ovuc torpağam, beş arşın bezəm,
    Özünə yazığım gəlir…

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    OL

    Ürəyimdə dağ olan kəs,
    Kürəyimdə gəlib dağ ol.
    Ay üzümə ağ olan kəs ,
    El içində üzü ağ ol.

    Daş-kəsək atma önümə,
    Yetiş dada ,çat ünümə,
    Şərik oldun xoş günümə,
    Pis günümə gəl ortaq ol.

    Deyə-deyə yalan palan,
    Keçən keçdi oldu olan,
    Mənəm yanan,qeydə qalan,
    Yaxşı saydın məni sağ ol.

    Mən incidim,sən incimə,
    Baxıb sevin dürr incimə,
    Polad,qoşul sevincimə,
    Xoşbəxt yaşa, min budaq ol.

    27.05.2015.

    Ürəyim

    O qədər dərd uddu , əzab yedi ki,
    Qorxuram dözməyə dərdə, ürəyim.
    Ürək sındırmadı, könül qırmadı,
    Saxladı arada pərdə, ürəyim.

    Haqqı , ədaləti böyük saydı o,
    Əyrini pislədi, düzü yaydı o,
    Könül ovundurdu, qəlb oxşadı o,
    Həmişə xeyirdə,şərdə,ürəyim.

    Duyğusu yerində, qılıncdan iti,
    Həm zarafatı var , həm də nifrəti,
    Pisə də , pisliyin etmədi qəti,
    Özünü həsr etdi mərdə , ürəyim.

    Sösbazdan gen durdu,sözdə atmadı,
    Sözü duymayana, sözün satmadı,
    Halal mayasına, haram qatmadı,
    Ruhum göydə gəzdi , yerdə , ürəyim.

    Polad qayğı biçdi, yaxşılıq əkdi ,
    Həyatın şələsi çiynində yükdü ,
    Qırılıb , bitişmiş, nazik bir tükdü ,
    Sən demə , sevərmiş bir də , ürəyim.

    14.12.2014.

  • Elməddin VƏLİYEV.”Dünya qocalıbdır ölmək istəyir”

    13925070_1803201926562797_6078987066876541785_n

    Dünya qocalıbdır ölmək istəyir
    Yaradan rəbbinə dönmək istəyir.

    Haqlının haqsızdan qorxduğu vaxtdır
    Bilənin bilməzə susduğu vaxtdır
    Quldurun qanunu qovduğu vaxtdır
    Dünya qocalıbdır ölmək istəyir
    Yaradan Rəbbinə dönmək istəyir.

    Bəsdir fırlatdılar bu qədər onu
    Şalvar əvəzinə satdılar donu
    Özü də bilir ki, yaxındır sonu
    Dünya qocalıbdır ölmək istəyir
    Yaradan rəbbinə dönmək istəyir.

    Doyub artıq qana udquna bilmir
    Savaşlar qurtarmır müharibə dinmir
    Əslər oldu ki, kimsə sevinmir
    Dünya qocalıbdır ölmək istəyir
    Yaradan Rəbbinə dönmək istəyir

    Bir adam tapmır ki, dərdini deyə
    Nə qədər ah nalə ucalar göyə?
    Artıq günahsızlar ölməsin deyə
    Dünya qocalıbdır ölmək istəyir
    Yaradan Rəbbinə dönmək istəyir

    Şirin təqdim etdi zəhər acını
    Bəzəkli göstərdi taxtı tacını
    Onun üçün vurur qardaş bacını
    Dünya qocalıbdır ölmək istəyir
    Yaradan Rəbbinə dönmək istəyir

    İmtahan dünyası oldu millətə
    Kimi cəhənnəmə kimi cənnətə
    Daha dönə bilmir heçbir cəhətə
    Dünya qocalıbdır ölmək istəyir
    Yaradan Rəbbinə dönmək istəyir!

  • Şəfa VƏLİYEVA.”Şokolad ətirli sabun” (Hekayə)

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    O, arvadını sevdiyi kimi bu dünyada heç kimi sevməmişdi. Ona elə gəlirdi ki, bir gün, bir neçə saat Bayansız qalsa, dünyası dağılar. Qurduğu bütün arzular, “gələcək” adlı sonsuzluğa doğru getdiyində ürəyinə yığıb apardığı bütün ümidlər Bayanla bağlı idi. Sanki, arvadının varlığı tarixin hansı dönəmində tikildiyi bəlli olmayan çox qədim, möhkəm bünövrəli bir qala idi; o isə bu qalanı hər gün üzü günəşə doğru aparan sərkərdəyə bənzəyirdi.
    O, uzun illərdi ki, poçtda yükdaşıyan işləyirdi. Hər səhər saat doqquzdan evdən çıxır, bir də axşam altıda qayıdırdı. Hər axşam da yolunu evlərinin yanındakı kiçik mağazadan salır, sol cibindən arvadının yazdığı siyahını çıxarır, bircə-bircə aldığının adını karandaşla qaralayırdı. Günlər çox gözəl keçirdi… Neçə ildi ki, sakit, təmkinli və məsuliyyətli ailə başçısı kimi öz xoşbəxtliyinin dadını çıxarmağa çalışırdı və bunu bacarırdı.
    O, bu gün də kiçik mağazada növbədə dayanmışdı. Yaşlı qadın və on-on iki yaşlı bir oğlan uşağından sonra siyahısını çıxarıb satıcıya tərəf addımladı. İki şirin bibər, bir kiloqram yumru düyü, on beş yumurta, bir şüşə alma sirkəsi, kəpək əleyhinə şampun və şokolad ətirli sabun. Siyahının sonunda gülən adamcıq işarəsi də vardı. Gülümsədi… Bayanın uşaq ərköyünlüyü onun bütün yorğunluğuna qarşı mövcud olan zərdab kimi idi; kiçicik bir uşaq şıltaqlığı və o, tam enerji ilə günün günortadan sonrasını davam edirdi.
    O, şokoladı uşaqlıqdan sevmirdi. Bayanın istədiyi şokolad ətirli sabunu alsa da, əlini onunla yumaq heç də xoşuna gəlmirdi. Özünü məcbur edərək sabun əriyib yox olana qədər dözməyi qərara almışdı. Çünki, hər dəfə əlini yuyandan sonra Bayanın ovuclarını burnuna yapışdırıb var gücüylə bu qoxunu içinə çəkdiyini görürdü. Gördükcə də bu sabunun tez yaxud gec əriməsini arzulamasına tərəddüd edirdi. Onun üçün sabundan gələn şokolad ətri kəskin dərəcədə dəhşətli idi. Bəzən axşamlar darvazadan girincə bu sabunun ətri burnuna toxunur, onu sağ əlinin ovcu ilə burnunu ovxalayaraq asqırmağa məcbur edirdi.
    O, bir gün işdən bir saat tez çıxmışdı. Kiçik mağazada növbəsi də az olmuşdu. Odur ki, addımlarını daha gümrah ataraq dölmələrinin başına yaxınlaşırdı. Bu vaxt qara papaqlı gödəkçə geyinmiş bir gənc oğlanın dölmədən çıxaraq tələsik addımlarla əks tərəfə getdiyini gördü. Oğlanı tanımırdı. Dölmədə cəmi iki darvaza vardı: onların və əmisigilin. Onlara kimsə gəlsəydi Bayan mütləq zəng edib xəbər verərdi. Əmisigil isə yay tətilini Hacıkənddəki evlərində keçirirdilər. Beynini çox yormasa da özlüyündə bu qərara gəldi ki, oğlan əmisigilin evinə oğurluğa gəlmiş olar. Həmin axşam əmisinə zəng edib evin təhlükəsizliyi barədə bir az söhbət etdi. Əmisi ona darvazanın üstündəki videokameranın və dəstəyə qoşulmuş siqnalizasiya sisteminin necə işləməsini öyrədəcəyini söz verərək “sabah görüşərik”-deyib sağollaşdı.
    O, bu gün nahardan sonra işdən icazə alıb evə tələsirdi. Əmisi onu öz evində gözləməliydi. Bu dəfə kiçik mağazaya da dönmədi. Birbaşa əmisigilə gedəcəkdi. Ordan çıxandan sonra mağazaya qayıtmağa vaxtı qalardı. Əmisigildən saat dörddə çıxıb üzü öz evlərinə tərəf dayandı. İlk dəfə idi ki, öz darvazalarının üz-üzə dayandığı şir başı təsvir olunmuş darvazanın yanında balaca və miskin olduğunun fərqinə varırdı. Düşündü ki, bu yay keçdi, gələn yay kredit götürüb darvazanı yeniləsə, heç də pis olmaz. Fikirli-fikirli dölmənin sonuna tərəf irəlilədi. Əli ilə sol cibini üstdən sığalladı, Bayanın siyahı yazdığı kiçik kağız parçası xəfifcə xışıldadı. Dodaqlarının kənarları azca qırışdı, lakin burnuna toxunan kəskin qoxu onu gülməyə qoymadı. Qara gödəkçəli oğlan onun yanından sürətlə keçərək dölmədən çıxdı. O isə adətinə xilaf çıxaraq əlinin içi ilə burnunu ovuşdurmadı, əksinə, gözlərini bərəldərək asqırdı. Oğlandan geriyə kəskin dərəcədə dəhşətli şokoladlı sabunun ətri qalmışdı…

  • Şəfa EYVAZ.Yeni şeirlər

    1423756700_sefa-xanim

    ***

    Elə tez alışanam
    Adicə bir xoş sözə,
    Bir kiçik gülümsəmə,
    Yüngül bir nəvazişə

    Çiçək kimi boy verib
    Günəşə boylanıram.
    Elə tez alışanam,
    Alışıram, yanıram…

    İnsanlara inanıb,
    Hər dəfə aldanıram.
    Gizlədirəm özümü
    Aldanmağı danıram.

    Elə tez alışanam,
    Həyat adlı bu nəsnə
    Vursa da hey silləni
    Körpəcə uşaq kimi.

    Unuduram yenə də
    Üzərinə qaçıram…
    Elə tez alışanam
    Alışıram hər şeyə.

    Ağrıları udmağa
    Özümdən pay ayırıb
    Başqa dünya qurmağa.
    Mən də belə dəliyəm…

    Alışanam mən, qağa!
    Öldürməz hər dərd məni
    Alışdım yaşamağa,
    Alışdım yaşamağa…

    25.10.2016

    P.S. bütün gün camaata çiçəkdən, böcəkdən yazdır, mənə gələndə ağlat. P.S.S. İlham pərisi də hər şeyə alışan olduğumu bilir.

    Getmisən

    Bir ovuc göz yaşı qoyub yerinə
    Yuxumu gözümdən alıb getmisən.
    Gedəndə bir zəhmət hər şeyi topla,
    Xatirələr burda qalıb, getmisən..
    .
    Bu yolun deyəsən dönüşü yoxmuş,
    Mənə yoxuş düşüb, enişi yoxmuş,
    Deyəsən sənin də yüklərin çoxmuş,
    Həsrətini yolda salıb getmisən.

    Kim belə sevgini yaşardı səndə,
    Mən yenə qayayam külək əsəndə.
    Bəlkə istəyindi… İstəməsən də
    Hicran dəryasına dalıb getmisən.

    21.10.2016

  • Sumqayıt şagirdləri “EcoArt” layihəsində iştira ediblər

    Oktyabrın 21-i Sumqayıt şəhərində “İnkişaf zamanı” proqramı və “MitOst”un dəstəyi ilə “Sosial dəyişikliklər naminə incəsənət” proyekti çərçivəsində “EcoArt” layihəsinin ilk mərhələsi keçirilib.
    25 nömrəli məktəbdə keçirilən layihədə həmin məktəbin 20 şagirdinə ekoloji incəsənət mövzusunda təlimlər keçirilmişdir. Təlim görmüş şagirdlər tullantılardan əl işləri hazırlamaq vərdişlərinə yiyələnərək əl işləri hazırlamışlar.
    Layihə təşkilatçılarından olan Toğrul Bayramlının sözlərinə görə, ekologiya elmi yer üzərində həyatın davamı və inkişafı ücün vacib olan bir istiqamətdir. Ekoloji biliklər yaş və peşədən asılı olmayaraq hamıya lazımdır. Bu səbəbdən, “EcoArt” ayihəsinin icrasına start verilmişdir.
    Layihənin əsas məqsədi diqqəti ekoloji problemlərə yönəldərək əhali arasında maridləndirmənin aparılması, şəhərin daha təmiz görünüş alması, tullantıların təkrar emalının həvəsləndirilməsi, mötivlərinin artırılması, ekoloji mədəniyyətin erkən yaşda formalaşdırılmasına nail olmaq, ekoloji tərbiyyənin yaş səddini unudub bu işə könüllü yanaşan hər bir gəncin əli ilə digər insanlara da səsimizi yetirə bilməkdən ibarətdir. Həmçinin həyat üçün ətraf mühitin qorunmasının vacibliyini çatdırmaq, əhalinin tullantıları xüsusi konteynerlərə atmasına nail olmaq, vətandaşları zibilatma mədəniyyətini və zibil qutularına atılmayan tullantıların ətraf mühitə zərərli olduğu fikrini aşılamaq, gənclərin ətraf mühit mövzusunda öz fikirlərini, düşüncələrini, qabiliyyət və bacarıqlarını nümayiş etdirmələrinə və bu sahədə təcrübə əldə etmələrinə imkan yaratmaq, məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında çəkilən rəsmlərlə əhali arasında informasiyanın daha da yayılmasına dəstək olmaqdan ibarətdir.
    Qeyd edək ki, layihənin növbəti mərhələsində Sumqayıt şəhərində yerləşən məhəllələrdəki tullantı konteynlərinin üzərində ekoloji problemlərə maraq oyadan, ekoloji mədəniyyəti, təmizliyi təbliğ edən rəsmlər çəkiləcəkdir.

  • Çilov adasında baş tutan QHT tədbiri

    Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-ci ildə elan etdiyi Qrant müsabiqəsinin qaliblərindən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir.
    “Azərbaycan tarixinin Qarabağ həqiqətlərinin təbliğində Azərbaycanda və xarici ölkələrdə tədbirlərin keçirilməsi” adlı layihənin növbəti tədbir 26 oktyabr 2016-cı il tarixində Çilov adası 131 saylı tam orta məktəbdə keçirildi. “Vətən sevgisi şah damarımdan yaxıdır mənə” adlı tədbirin təşkilatçısı məktəb rəhbərliyidir. Tədbiri məktəbin direktoru Musayev Rəfael Məmməd oğlu açdı. İlk olaraq dövlətimizin Himni səsləndi və şəhidlərin ruhu bir dəqiqəlik sayqı duruşu ilə yad edilub söz Radə Abbasa verildi. Layihə rəhbəri Radə Abbas layihə haqda geniş məlumat verdi. Layihənin əsasən Almaniyada, İsveçdə, Hollandiyada və Türkiyədə həyata keçirilməsi nəzərdə tutulur.
    Məktəbin müəllimləri ilə birlikdə şagirdlərə Qarabağın tarixi, mədəniyyəti, əraziləri haqda geniş məlumat verildi. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilən vəhşiliklər, tarix- mədəniyyət abidələrimizin məhv edilməsi və bunun dünyaya çatdırılmasının vacibliyi şagirdlərin nəzərinə çatdırıldı. Məktəb şagirdlərinin hazırladıqları vətənpərvərlik ruhlu şerlər və mahnılar dinlənildi. Şagirdlərin Qarabağ və müharibə ilə bağlı çoxsaylı sualları cavablandırıldı. Məkrəbin müəllimləri, müharibə veteranları Vidadi İsmayılov və Şahbaba Paşayev çıxış edərək belə tədbirlərin keçirilməsinin şagirdlərin dünya görüşünə və tərbiyyəsinə müsbət təsirini qeyd etdilər. Çilov adasında ilk dəfə QHT tədbir keçirdiyini qeyd edən şagirdlər öz təşəkkürlərini bildirilər. MVQSİB-nin sədri Radə Abbasla həyata keçirilən layihələrin əsas məqsədi Ermənistanın Azərbaycan ərazilərinə təcavüzünü və tərəfdarlarının Ermənistanı dəstəklədiyini bildirdi. Xocalıya və Qarabağın ərazilərinə Ermənistanın ordusu ilə Rusyanın 366-cı motoatıcı alayının birgə hücumu nəticəsində girov götürülmş Azərbaycan qadınlarının hələdə girovluqda olduğu və onlara işgəncələr verildiyini bildirdi. Müharibə veteranı Gülpəri Əhmədovada bu tədbirin keçirilməsinin şagirdlərə və ümumilikdə hamıya xoş təsirindən danışdı. Çilov adasında yaşayan bizləri unutmadığınız üçün təşəkkür edirik dedi. Layihə rəhbəri tədbirin təşkili üçün 28 may NQÇİ-nin və 131 saylı məktəbin rəhbərliyinə təşəkkürünü bildirdi. Tədbirdə MVQSYİB-nin mətbuat xidmətinin rəhbəri və atesh.az saytının baş redaktru Qabil Ədalətdə iştirak etdirdi.
    Layihənin icrası Avropada davam ediriləcəkdir.

  • Şəhriyarın 110 illik yubiley mərasiminə start verildi

    Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində ustad şair Məhəmmədheseyn Şəhriyarın 110 illik yubiley mərasiminə start verilib
    Tədbiri giriş sözü ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov açıb. O, çıxışında belə ədəbi–məclislərin təşkil edilməsinin vacibliyini vurğulayıb və bu tədbirlərdə iştirakından məmnunluğunu qeyd edib.
    AYB-nin Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan çıxış edərək Şəhriyar şeirindəki millilik, özünəməxsusluq elementlərinin onun bütün xalqımıza sevdirən cəhətləri kimi vurğulayıb.
    Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Şəhriyarı sevərək xatırlayan hər bir azərbaycanlıya minnətdar olduğunu bildirib.
    Təbriz Qaradağ Aşıqlar Birliyinin sədri Böyükbəy Ələkbəroğlu öz çıxışı ilə, Təbrizli aşıqlar Aşıq Abbas Məhəmmədi, Aşıq Həsən Babayi isə Şəhriyar sözünün sehrini əsrarəngiz saz havaları ilə bəyan ediblər.
    Məclisdə çıxış edən Əsəd Cahangir , Ofeliya Babayeva , Əşrəf Veysəlli , xalçaçı rəssam Fazil Abasquluzadə ayrılıq, həsrət nidalarının ideal poetik həllin tapmış Şəhriyar poeziyasının gözəlliyindən söz açıblar.
    Daha sonra xanəndələr Könül Əmiralıyeva, Günay Mehdiyeva, Tural Salmanov və müşayiətcilər Elnur Əliyev, Məhərrəm Qəhrəmanov, Zabil Cavadov şairin sözlərinə bəstələnmiş musiqi nömrələri və muğam parçaları ifa edərək ədəbi – bədii məclisi rövnəqləndiriblər.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

  • “Enactus Səhər Yeməyi” layihəsi çərçivəsində tədbir keçiriləcək

    Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə noyabrın 4 və 5-i Royal Hoteldə “Enactus Səhər Yeməyi” layihəsi çərçivəsində tədbir keçiriləcək.
    Tədbirdə 22 universitetin və Azərbaycanın qabaqcıl şirkət və qurumlarının liderlərinin görüşü gözlənilir. Bu görüşdə Kənd təsərrüfatı, qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, onların sosial-ictimai həyatda fəallığının artırılması mövzuları ətrafında müzakirələr keçiriləcək. Görüşdə 100 nəfərin iştirakı planlaşdırılır.
    Çətin rəqabət şəraitində universitet tələbələri hələdə sadəcə nəzəri biliklərlə kifayətlənir və praktiki biliklərin formalaşmaması bir çox problemlərin yaranmasına gətirib çıxarır. Qloballaşan dünyada ölkələrarası rəqabət çox şaxəli bir zəmində irəliləməkdədir. Belə bir zamanda ən əsas ünsür isə ölkələrin “məlumat istehsal” etməsidir. Qlobal bilgi istehsalına yüksək töhfə verən ölkələrin qlobal səviyyədə böyük bir üstünlük əldə etməsi şübhəsiz bir reallıqdır. Məsələyə bu şəkildə yanaşıldığı zaman Azərbaycanın inkişaf edən dünyada akademik təcrübəsi və gənc nəslin elmi inkişaf səviyyəsi daha da uğurlu ola bilər.
    Gənclərdə araşdırma qabiliyyətinin təşviq edilməsi, müxtəlif yollarla iqtisadiyyatın ayrı-ayrı seqmentlərini dərindən və detallı araşdıraraq yeni metodologiyanı üzə çıxarmaqdır.
    Tədbirin əsas məqsədi gənclərdə analitik düşüncənin təşviq edilməsi onlara nəzəri biliklərin praktikada tətbiqetməsinə yardımçı olmaqdır.

  • Şairə-jurnalist-publisist Rahilə xanım Dövranın bədii yaradıcılıq fəaliyyətinə həsr olunan məqalə çap olunub

    rahileanam

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası bürosunun rəhbəri, Şairə-jurnalist-publisist Rahilə xanım Dövranın bədii yaradıcılıq fəaliyyəti və yeni işıq üzü görmüş “Dövran həmin dövrandır” şeirləri kitabı haqqında Naxçıvan Muxtar Respublikasının ən nüfuzlu mətbuat orqanlarından biri olan “Nuh yurdu” qəzetinin sonuncu sayında Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının sədri Rövşən Hüseynovun “Vətən sevgisindən yoğrulan şeirlər toplusu” adlı məqaləsi çap olunub.
    Qeyd edək ki, bundan öncə cari ilin yanvar ayının 27-də respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Olaylar” İnformasiya Agentliyində və “Olaylar” qəzetində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Rahilə xanım Dövranın kiçik oğlu, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun “Qızıl qələm” media mükafatı laureatı, şairə-jurnalist-publisist Rahilə xanım Dövranın zəngin bədii yaradıcılıq fəaliyyətindən bəhs edən “Rahilə Dövranın zəngin yaradıcılıq fəaliyyəti” məqaləsi dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Rafiq ODAY.”Sən yer adamı deyilsən”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Özün şəklindən qəşəngsən,
    Şəklin də özündən gözəl.
    Həyat səni düşürməsin,
    Heç zaman gözündən, gözəl.

    Bu necə bir gözəllikdi? –
    Eşqə sığışdırmaq olmur.
    Üzündən süzülən nuru,
    Yığıb-yığışdırmaq olmur.

    Baxırsan həyat dolusu,
    Qadınsan – adın üstündə.
    Yıxılır evi baxanın,
    Kül olur odun üstündə.

    Yığış, tez get buralardan,
    Sən yer adamı deyilsən!
    Gəlişinlə yer üzünü
    Tutsun qadamı deyirsən?!

    Gör necə əsir etmisən,
    Düzü-dünyanı özünə.
    Səni görən zindan sanır,
    Düzü, dünyanı özünə.

    Apar, Tanrım, bu gözəli,
    Mələklərə ortaq eylə.
    Hamı azad olsun deyə,
    Öz hücrəndə dustaq eylə.

  • Rahilə DÖVRAN.”Haqqın mizanı”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Dünyamız olubdur fırıldaq,yalan,
    Abır,ismət,əxlaq,edilib talan.
    Nə varsa yox olub əcdaddan qalan,
    Qoruya bilmirik Tanrı yazanı-
    Allahım,qurulsun Haqqın mizanı.

    Artır bəyaz saçlar ağıllı başda,
    Bu hala qəlb nədir,əriyər daş da.
    Bəllərdik ərləri,mərdi savaşda,
    Kilkilər ram edir nərə,sazanı-
    Allahım ,qurulsun Haqqın mizanı.

    Yalan ayaq açır,hətta yeriyir,
    Iblis bic-bic gülür,eyləyir seyir.
    Yalançı doğruya şər,böhtan deyir,
    Islah etmək üçün yolun azanı-
    Allahım, qurulsun Haqqın mizanı.

    Zaman mürgüləyir,yuxuya dalib,
    Aqillər,adillər kənarda qalıb.
    Gülzar bağçalıqda,alaq kök salıb,
    Yazımız görməmiş vaxtsız xəzanı-
    Allahım, qurulsun Haqqın mızanı.

    Nələri görməyib bu qoca Turan,
    Bizə kömək olsun müqəddəs Quran.
    Əl açıb dərgaha yalvarır Dövran:-
    Qoy çəksin suçlular haqlı cəzanı-
    Allahın ,qurulsun Haqqın mizanı.

    24.10.2015.

  • Rahilə DÖVRAN.”Yurdun Əfəndisi uyuyur burda”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    H.Cavidin ev muzeyini ziyarət edərkən Ulu öndər tərəfindən onun nəşini Vətənə gətirənlərin onun məzarı önündəki şəkli və muzeydə qorunan 59 №-li taxta məzar nişanəsini seyr edərkən.

    Bir şəklin önündə durmuşam səssiz,
    Hissim, duyğularım kükrəyən dəniz.
    Xəyallar götürür keçmişə məni,
    Titrəyir qəlbimin qürur yelkəni.
    Hayqırır şəkildən qorxulu illər,
    Xəyanət, haqsızlıq, o qanlı əllər.
    Cəllad NKVD, zalım Mircəfər,
    Həbslər, işgəncələr, qan, sürgün, nələr…
    Tablo silkələnir, Sibir küləyi,
    Üşüdür qəlbimdə arzu, diləyi.
    Düşüb qanadından birdən xəyalın,
    Qanlı Tayqadayam mən ayaqyalın.
    Kədər iyi verən qoca məzarlıq,
    Gözlərim önündə durur bir anlıq.
    Bir məzar görürəm məzlum, biçarə,
    Taxtadan başdaşı üstə işarə.
    Əlli doqquz sayı qazılıb orda,
    Yurdun Əfəndisi uyuyur burda.
    Bəs necə sığışıb bu soyuq qəbrə,
    Nifrətlə baxıram buzlu Sibirə.
    Kəhkəşana sığmaz ülvi duyğular,
    Bu kiçik məzara de necə sığar?
    Ürəklər dağlayan qərib mənzərə,
    Baxın, yaraşırmı heç Səməndərə?
    Necə qıydın fələk, söz sultanına?
    Gör necə dağ çəkdin Azərbaycana.
    Məhv etdin ədalət mücəssiməsin,
    Şeirin, sənətin uca zirvəsin.
    Paslanmaz qızıltək heç vaxt həqiqət,
    Sonda qalib gələr düzlük, sədaqət.
    Zaman oyun oynar bəzən ikili,
    Əsrdən çox bildik o qırx beş ili.
    Öndər gediş etdi mat oldu zaman,
    Cavidi vətənə gətirdik aman!
    İlahi ədalət tapdı yerini,
    Günəşin çöhrəsi yenidən-yeni.
    Torpaq qucaqladı müqəddəs nəşi,
    Sənə minnətdarıq Yurdun Günəşi!

  • Abdulla MƏMMƏD.”Gərək çıxmayaydın önümə bir də”

    abdullamuellim

    Gərək çıxmayaydın önümə bir də,
    Kaş elə qalaydın dünənimdə sən.
    De,niyə dönmüsən günümə bir də?
    Sən ki sənə bağlı dünənimdəsən.

    Yadıma düşdükcə sənli o çağım,
    Yenə də ürəyim yerindən çıxır.
    Külü də sovrulub sənli ocağın,
    Başımın üstündə şimşəyi çaxır.

    Yeriyir üstümə dərd dönə-dönə,
    Yeyir ürəyimi sənli fikirlər.
    Sən özün-özünü saldın düyünə,
    Dumanlı,çisənli,çənli fikirlə.

    Düşüb şübhələrin bəd qəlibinə,
    Dedin:”Yanılmışam sevən anımdan.”
    Köçürə bilmədin məni qəlbinə,
    Kəsildin məhəbbət imtahanından.

    Getdin,qədərimə yar oldu dünyan,
    Əsdi qara yellər yollarım üstə.
    Payız yarpağı tək saraldı sevdam,
    Eşqin gül tək soldu qollarım üstə.

    Geyib dərd donunu kəsilir qənim,
    Sevdalı dünənim,yaslı bu günüm.
    Məni də salmısan gözümdən-məni,
    Gözümdən düşənlə necə öyünüm?!

    Dəlir ürəyimi məsum görkəmin,
    Gözümə dağ çəkir baxışların da.
    Mənə bəxş etdiyin ayrılıq qəmi
    Sızlayır alnımın qırışlarında.

    Gərək çıxmayaydın yoluma bir də,
    Kaş elə qalaydın dünənimdə sən.
    Söylə necə dözüm sən boyda dərdə,
    Necə zənn eləyim dünənimdəsən?!

    Azərbaycan.Quba.
    09.07.2000.

  • Abdulla MƏMMƏD.”Bir dünya qüssəsən gözümdə mənim”

    abdullamuellim

    Dedin:”Yol acıqdır üzünə sənin,”
    Dünya gözlərimdən düşdü bir anda.
    Utandım baxmağa gözünə sənin,
    Sözlərin üşütdü həyamı canda.

    Nə idi istəyin,nə idi,de nə?
    Payız tək saraldım bahar gözümdə.
    Qınadım özümü hey dönə-dönə,
    Sanki heçə döndü- nə var gözümdə.

    Oduna qalanıb yolunda yandım,
    Üstümə bir zərrə su çiləmədin.
    Dərdinin önündə sipər dayandım,
    Yaxşı ki səbrimə kül ələmədin.

    Dünyamı yuxulu,mənmi yuxulu?
    Səni sevməyim də yuxuymuş,demə.
    Çiçəyin çırtlayıb yalan qoxulu,
    Zərrəcə insafın yoxuymuş,demə!

    Olan insafın da çəkilib göyə,
    Daş əsri deyil ki,daşa dönəsən.
    Göz də o göz deyil-gözümü döyəm,
    Gözümdə həsrətdən yaşa dönəsən.

    Ömrün payızında saralan güləm,
    Dərdin ümidinə qoymusan məni.
    Çətin ki sevinib ürəkdən güləm,
    Sən ki dar ayaqda saymısan məni!

    Bir dünya qüssəsən gözümdə mənim,
    Dərdimin üzünə gülə bilmirəm.
    Sən elə etmisən özümdən məni,
    Daha özümə də gələ bilmirəm.

    Dedin:”Səni anıb gəzməz ürəyim,
    Daha mənim üçün quruca adsan”.
    Səni ələmədi qüssə ələyim,
    Yaxşı ki dar gündə dərdimə yadsan.

    Azərbaycan.Quba.
    26.12.2002.