(təsisçi və imtiyaz sahibi Rəfail Tağızadə, baş redaktor Vaqif Osmanlı, baş redaktor müavini Şahnaz Kamal, məsul katib İlahə Səfərzadə, rəssam Sehran Allahverdi, korrektor Sima Salamova) oxucularının görüşünə gəlib. Dərgi təsisçinin “Günümüzün yaşantıları… Ətrafda baş verənlər” qeydləri ilə açılır. POEZIYA bölməsində Fikrət Qocanın, Adil Mirseyidin, Süleyman Abdullanın, Namiq Dəlidağlının, Sevil Gül Nurun, İntiqam Yaşarın, Ələsgər Talıboğlunun, Qabil Nəbinin şeirləri, NƏSR bölməsində Vaqif Sultanlının “Cil olsun”, Cavid Zeynallının “İşıqlı günlər”, İlahə Səfərzadənin “Oyuncaq maşın”, Nemət Mətinin “Qisas”, Fidan Vahidin “Qara yolçu” hekayələri çap olunub. “GÜNEYDƏN SƏSLƏR” bölməsində Huşəng Cəfərinin şeirləri, TÜRK DÜNYASI bölməsində Nurməhəmməd Yasinin “Çöl göyərçini” hekayəsi, ƏDƏBİ TƏHLİL bölməsində Aypara Behbudovanın “Vaqif Məmmədovun poeziyasının mövzu əlvanlığı, Qənbər Ağayevin “Daş dələr ahım oxu” (Meyxoş Abdullanın “Əsir qadın” əsərinin dəhşət doğuran faciəsi), Günay Rzayevanın “Qəlbimdə salam var ona Xəzərdən” təhlil yazıları, MİLLİ BAYRAMLARIMIZ bölməsində Sevda Axundovanın “Novruz və sosial harmoniya”, CƏNNƏTİM QARABAĞ bölməsində Günay Teymurovanın “Mahir tar ifaçısı” yazıları, MÜSAHİBƏ bölməsində “Kiçik xalqlar hər zaman böyük güclərin çirkin oyunlarının qurbanı olurlar” (Cahangir Namazovun alban şairi, yazıçısı və jurnalisti Agim Bajrami ilə müsahibəsi), DÜNYA ƏDƏBİYYATI bölməsində Qabriel Qarsia Markesin “Maria dos prazeres” hekayəsi, YENİ KİTABLAR bölməsində Rəfail Tağızadənin “Mehmet Sadıq Aran və Türkün altun kitabı “Kutadqu bilig” kitabının tanıtımı, OXUCU RƏYLƏRİ bölməsində Bakı Qızlar Universitetnin 3-cü kurs tələbələri Ləman Məmmədovanün “İlahi eşqdən bəşəri kamilliyə”, Aysun Motuxovanın “Eşq və həsrət şairi” rəyləri çap olunub. Müəllifləri və oxucuları təbrik edirik, uğurlar arzulayırıq. Dərgini Baku Dövlət Universitetinin yanındakı “AKADEMKİTAB” Kitab Evindən əldə edə bilərsiniz.
AMEA “Elm” nəşriyyatı Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabının yeni nəşrini oxuculara təqdim edib. Abidəni filologiya elmləri doktoru, Mühacirət ədəbiyyatı şöbəsinin müdüri Nikpur Cabbrlı nəşrə hazırlamışdır.
Qeyd edək ki, kitabın ilk nəşri 1991-ci ildə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rüstəm Əliyev tərəfindən cüzi ixtisarlarla Bakıda (232 s., kiril əlifbasında) çap edilmişdir. Rüstəm Əliyev Moskvada elmi məktəb keçmiş peşəkar mətnşünas idi və onun nəşri indiyəcən daha mötəbər sayılır.
Bu klassik abidənin Azərbaycan dilinə uyğunlaşdırılmış çapı asan bir məsələ deyil. Ona görə ki, M.Ə.Rəsulzadə bu kitabın ilk variantını 1939-1941-ci illərdə müasir Türkiyə ədəbi dilində yazmış, bununla SSRİ-də Nizaminin 800 illik yubileyi tədbirlərinə qoşulmuşdur. Çox güman ki, maddi sıxıntı səbəbindən yubiley ərəfəsində kitabı buraxmaq mümkün olmayıb. Nəticədə, bu qiymətli kitab ancaq 1951-ci ildə (ədibin vəfatindan dörd il qabaq) Ankarada nəşr olunub. Bu, Azərbaycan ədəbiyyat elmi üçün prinsipial və metodoloji bünövrə olan bir əsərdir. Burada Azərbaycan xalqının farsdilli irsi ilə bağlı köklü prinsipial məsələlərə işıq salınıb.
Əlbəttə, kitabı Türkiyə ədəbi dilindən tam tərcümə etmək bağışlanılmaz səhv olardı. Ona görə, Rüstəm Əliyev kitabı nəşrə hazırlayanda minimal müdaxilə prinsipindən çıxış etmiş, Pəsulzadənin leksik bazasını qorumaqla ən zəruri sözləri dəyişmişdir. Kitabın bütün sonrakı Bakı nəşrləri əsasən Rüstəm Əliyev variantını təkrar edir. Rəsulzadə özü də mühacirət illərində elə yazmağa çalışırdı ki, mətnlər həm İstanbul, həm də Bakı ziyalıları üçün anlaşılan olsun.
1991-ci ildə çıxan birinci Bakı nəşrinin ayağı düşərli oldu. 2011-ci ildə mərhum tədqiqatçı Yadigar Türkel Bakıda, “Təknur” mətbəəsində “Azərbaycan şairi Nizami” kitabını yenidən nəşr etdirdi (520 s.). 2021-ci ildə mərhum tədqiqatçı Nəsiman Yaqublu çox sevdiyi M.Ə. Rəsulzadənin sözügedən kitabını “Qanun” nəşriyyatında yenidən buraxdırdı (576 s.). Bu faktlar bizim elmi fikirdə Rəsulzadə irsinə olan münasibətin get-gedə ciddiləşməsini ifadə edirdi.
Bunlarla paralel “Azərbaycan şairi Nizami” kitabının daha üç kommersiya nəşri kitab bazarına yol tapıb. 2017-ci ildə “Təhsil” nəşriyyatının 100 nüsxəlik tirajı olub. 2019-cu ildə “Kitab Klubu”nun buraxdığı nüsxələr satışda müşahidə edilib. “Xan nəşriyyatı”nın buraxdığı tiraş isə çap ili göstərilmədən satışa çıxarılıb.
Yeni nəşrdə kitabda getmiş poetik sitatların sətri tərcüməsi ilə yanaşı, farsca əsli də yer alır. Sözügedən kitab Azərbaycan ədəbiyyatında farsdilli abidələrin milli irs mövqeyindən öyrənilməsi sahəsində köklü metodoloji abidədir. M.Ə.Rəsulzadə kitaba yazdığı ön sözdə bu barədə qiymətli elmi arqumentlər söyləmişdir.
Qeyd edilməlidir ki, M.Ə.Rəsulzadədən yüz il əvvəl Azərbaycanın farsdilli ədəbi irsi barədə Abbasqulu ağa Bakıxanov ilk dəfə fikir söyləmiş, Şirvan bölgəsinin mədəni irsindən bəhs edərkən, 18 farsdilli şairin adını çəkmişdir. “Gülüstani-İrəm”in son fəslində bu barədə oxumaq olar.
Bütün bu qeydlərlə yanaşı, bunu da nəzər almalıyıq ki, bir sıra oxucular “Azərbaycan şairi Nizami” kitabının “Mühacirət ədəbiyyatı” seriyasından təqdim edilməsini uğurlu saymırlar.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX ƏSR Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı
Tələbəlik ömrümüz başlayırdı. Xoş xəyallarla, qanadlı arzularla açmışdın o səhəri! Azərbaycanın müxtəlif yerlərindən gələn uşaqlar ilk dərsin başlanmasını gözləyirdi. Hamı bir-birinə yad nəzərlərlə baxırdı.
Doğma kəndindən ayrıldığım, ilk dəfə şəhərə gəldiyim üçün qərib bir adam kimi sıxılsam da, qəlbim böyük arzularla qanadlanırdı. Zənn edirdim ki, bu az yaşımda üzləşdiyim acılardan, itkilərdən sonra taleyim yəqin ki, bir daha məni ağır sınaqlara çəkməz. Qəbul imtahanlarına səylə hazırlaşmış, artıq üç imtahandan əla qiymət almışdım. Axırıncı imtahanı da yaxşı versəydim, universitetə qəbul olunacaqdım. Lakin həmin gün imtahan vərəqini itirdim. İmtahan komissiyasının sədri mənə yeni vərəq vermədi. Əvvəl prorektora, sonra rektora müraciət etsəm də, onlardan müsbət cavab almadım.
Zənnimdə yanıldığımı düşünə-düşünə naəlac halda pillələri enirdim. Ayaqlarım keyimişdi elə bil, ürəyim sıxılırdı. Birdən Həmid müəllimi gördüm. Gözlərimdə ümid işıqlandı, dodaqlarıma təbəssüm qondu. Ədəbiyyatdan imtahanı məndən professor Həmid Araslı götürmüşdü. Mənim cavabım onun çox xoşuna gəlmiş, biliyimi “əla” qiymətləndirmişdi. Ürəklənib salam verdim. Bəxtimdən Həmid müəllim məni tanıdı. “Nə olub, bala?” – deyə mənim qəmli olduğumu hiss etdiyindən həlim səslə soruşdu. mən başıma gələnləri danışdım. Həmid Araslı mənimlə birlikdə imtahan komissiyası sədrinin yanına gəldik: “Mirzə, bir imtahan vərəqi ver, uşaq imtahana getsin”. Bayaqdan ağzından “yox” sözündən başqa qeyri kəlmə çıxmayan komissiya sədri imtahan vərəqini mənə uzatdı. Sevincək imtahan otağına girib bilet çəkdim. “Yaxşı” qiymət alıb universitetə qəbul olundum.
Özümə söz verdim ki, ilk dərs günündəcə Həmid Araslıya təşəkkürümü bildirim.
“İlk dərs günü böyük sevinc içində auditoriyaya daxil oldum. Hamı həyəcanla müəllimi gözləyirdi. Fikirləşdim ki, tənəffüs vaxtı nurani simalı Həmid müəllimi tapıb ona təşəkkürümü edəcəyəm. Müəllim auditoriyaya daxil olanda bir anlıq özümü itirdim. Gələn Həmid Araslı idi. İnsanlığına pərəstiş etdiyim Həmid müəllim indi mənə dərs deyəcəkdi. Lakin bir tərəfdən də çox məyus oldum. Çünki təşəkkürümü ona bildirə bilməyəcəkdim. Fikirləşdim ki, əgər mən Həmid müəllimə təşəkkür etsəm, o elə bilər bu yetim uşaq beş il qiymət almaq üçün ondan kömək istəyəcək. Qərara aldım ki, ali məktəbi bitirməyi gözləyim, o zaman ona minnətdarlığımı bildirim”.
Tələbəlik illərimin əvvəllərində çətinliklərlə üzləşdim. Yataqxanada mənə yer vermədikləri üçün, kirayə ev tapıb orada qalmağa məcbur oldum. Maddi sıxıntı içində yaşadım, düz üç il qış aylarını paltosuz, tək pencəkdə keçirtdim. Lakin özümü sındırmadım. Qarşıma qoyduğum məqsəd üçün çalışdım. Zamanının ünlü alimlərindən, görkəmli sənətkarlarından, nəcib insanlarından dərs alırdım: Əli Sultanlı, Həmid Araslı, Mir Cəlal Paşayev, Abbas Zamanov, Mübariz Əlizadə, Yusif Şirvan, Bəxtiyar Vahabzadə
Mən dərslərimi səylə oxuyur, həvəslə yazırdım: şeirlər, kiçik hekayələr, novellalar. Bir gün təzəcə yazdığım “Ağ saçlı qızın hekayəsi”ni oxuyub fikrini bilmək üçün Bəxtiyar müəllimə verdim. Bəxtiyar Vahabzadə mənim qələmə aldığım hekayəmi bəyənib kiçik bir dəyişiklik edərək bundan sonra yazacağım yazılarımı “Əlibala Hacızadə” imzası ilə təqdim etməyimi mənə tövsiyyə etdi.
Beləliklə, sevimli sənət müəllimimin məsləhətilə yazılarıma Əlibala Hacızadə imzasını qoydum. Universitet qəzetində “Mənim ilk məhəbbətim”, “Ömrüm təzələndi”, “Yada düşdü”, “Bir dəstə nərgiz” kimi lirik hekayələrim çap edildi.
Aşağı kurs tələbələri olan bizlər, eləcə də həmyaşıdlarım bu ortaboy, arıq, xoşsifət, istedadlı oğlana rəğbət bəsləyirdilər. Müəllimlər xətrimi istəyirdilər. Mən həmçinin Bəxtiyar Vahabzadənin sevimli tələbəsi, həmyaşıdım Nahid Hacızadə ilə yaxın dostluq edirdim. Səmimi, təmənnasız dostluğumuz ömür boyu davam etdi.
Qəlb ağrısı, yüksək hissiyyat və böyük sevgiylə yazılmış “Yada düşdü” adlı hekayəm şairin romantik çağlarına həsr olunmuşdu. – ilk məhəbbət, onun ülviyyəti haqqında zərif, poetik bir nəğmə idi.
Tələbələr divara vurulmuş vurulmuş qəzet lövhəsinin qabağından ayrılmırdılar. Tələbələr dəhlizdə onu görəndə bir-birlərinə deyirdilər: “Yada düşdü” hekayəsini bax, bu oğlan yazıb”.
Hamı ona qibtə ilə baxırdı.
O, beləcə hələ tələbəikən nəsrin keşmakeşli yollarına çıxıb, taleyini ömürlük sözə bağladı, sözə arxalandı, sözlə qanadlandı. İllər keçdi, Əlibala Hacızadə müasir Azərbaycanın poetik nəsrinin ustadları Seyid Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev ənənələri üstündə köklənmiş nəğməkar bir yazıçı oldu”.
Müdriklər deyiblər: “İstedadı Allah verir, insan tanrısının bu əvəzsiz nemətinə öz zəhmətilə sahib olur”.
Müharibə illərində ata-anasını itirib qoca nənəsinin ümidinə qalan Əlibala kiçik yaşlarından zəhmətə qatlaşıb, həm işləyib, həm də oxuyub. Bəxtinə yaxşı insanlar, xüsusilə ömrü boyu unutmayacağı gözəl müəllimlər çıxıb. O, qayğılar, nəcib insani keyfiyyətlər, xeyirxahlıqlar qarşısında həmişə özünü borclu sayıb. Zəhməti, səyi, biliyi ilə müəllimlərinin etimadını doğruldub. Çalışıb ki, sənət müəllimləri Həmid Araslıdan, Mir Cəlal Paşayevdən, Bəxtiyar Vahabzadədən öyrəndiklərinin bəhrəsi kimi öz qələminin məhsulu olan əsərləri ilə ustadlarını sevindirə bilsin. Və buna hər zaman nail olub.
Gəl özünə “yetim” demə, amandı,
“Yurdu sevmək bir ayrıca imandı”.
Hər addımda hökm eyləyən zamandı,
“Var ehtiyyac tək zamana”, ay ustad!
Universiteti bitirəndən sonra respublika Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işə başlayır və burada “Fərruxi Yəzdinin poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Akademik Həmid Araslı öz sevimli tələbəsinin hərtərəfli elmi işini bəyənir və bunu dünya şərqşünaslığında XX əsr böyük İran şairi F.Yəzdiyə həsr olunmuş ilk geniş tədqiqat əsəri kimi yüksək qiymətləndirir.
Böyük alimin 10 səhifəlik müsbət rəyi və xoş sözlərini əvəzsiz mükafat hesab edən Əlibala Hacızadə gündəliyində yazmışdı: “Başa düşdüm ki, illərdən bəri qəlbimdə gizlətdiyim o sözləri artıq ona deyə bilərəm. İlk dəfə Həmid müəllimin məndən imtahan götürdüyü, sonra itmiş imtahan vərəqinin yerinə yenisini alıb mənə verdiyini ona dedim: “O vaxt siz mənə kömək etməsəydiniz, indi mən bu səviyyəyə çata bilməzdim”. Həmid Araslı bir qədər duruxdu, məndəki dözümə təəccübləndi. Hansı səbəbdən bu sirri saxladığımı dedikdə isə gözləri doldu”.
Düz bir il sonra Əlibala Hacızadənin Fərruxi Yəzdi haqqında yazdığı monoqrafiya çapdan çıxdı. O, gündəliyinə bu sözləri yazdı: “Ömrümün beş ilini sərf etdiyim kitab! Qoy bu, ömrü boyu əzab çəkmiş, dodaqları tikilmiş, damarlarına hava verilərək vəhşicəsinə öldürülmüş cəfakeş şairin xatirəsinə məndən kiçik bir əklil olsun!”
Şərqşünas alim kimi Əlibala Hacızadə ömrü boyu yalnız bir yerdə, AMEA-nın Şərqşünaslıq İnstitutunda çalışmış, elmi araşdırmalar aparmış, bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmiş, eyni zamanda yazıb, yaratmışdır.
Yaradıcılığının ilk illərində sınaq dövrünü uğurla keçən yazıçı öz üzərində səylə çalışaraq getdikcə püxtələşmiş, axtarışlarının bəhrəsi özünün ötən əsrin 60-cı illərində qələmə aldığı hekayə və povestlərdə büruzə vermişdir.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin təbirincə, yazıçının yaradıcılığında sıçrayış “İnam” povestindən başlayıb. Bu əsərində Ə.Hacızadə adi həyat əhvalatını mənəvi-əxlaqi problem səviyyəsinə qaldıra bilib. Povest çap olunduqdan sonra akademik, görkəmli tənqidçi Məmməd Arif Dadaşzadə əsər haqqında maraqlı bir məqalə ilə çıxış etmiş, onun bədii dəyərini və məziyyətlərini göstərməklə yanaşı, gənc müəllifə tövsiyələrini də vermişdi.
Əlibala Hacızadəyə böyük şöhrət qazandıran, tənqidçi Əsəd Cahangirin “Milli belletrist nəsrin zirvəsi” hesab etdiyi, “oxucu auditoriyası toplamaq baxımından bütün Azərbaycan nəsri tarixində görünməmiş rekord müəyyənləşdirən” “Əfqanıstan trilogiyası” (“İtkin gəlin”, “Əfsanəsiz illər” “Ayrılığın sonu yoxmuş”) əsərləri oldu. Mərhum tənqidçi Aydın Məmmədovun fikrincə, trilogiyanın ilk əsəri – iki gəncin uğursuz məhəbbətini iddiasız bir dillə nəql edən “İtkin gəlin”lə doğurduğu ümumxalq rezonansı baxımından qarşılaşdırılacaq yeganə roman Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” idi. Trilogiyaya daxil olan romanların ümumi tirajı yarım milyon nüsxədən çox idi və bu, Azərbaycan yazıçısı üçün böyük göstərici sayılırdı. Təsadüfi deyil ki, görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov istedadlı tələbəsinə özünün təzəcə çapdan çıxan “Sabir gülür” kitabını hədiyyə edərkən belə bir avtoqraf yazmışdı: “Azərbaycanın milyonçu yazıçısı Əlibala Hacızadəyə müəllimindən yadigar”.
Beləliklə, Əlibala Hacızadə çoxsaylı oxucuların sevimlisinə çevrilmişdi. O, “Mən sözlərimin içində yaşayıram” xatirə-məqaləsində bu haqda yazırdı: “İtkin gəlin” roman-trilogiyasının belə geniş şöhrət tapmasında dahi şəxsiyyət, ədəbiyyatımızın və mədəniyyətimizin dostu və təbliğatçısı Heydər Əlirza oğlu Əliyevin böyük köməyi olmuşdur. Yaşlı nəslin yadındadır ki, Heydər Əliyev o zaman pambıq yığımı mövsümlərində böyük bir qrupla rayonlara gedir, zona müşavirələri keçirirdi. 1980-ci ildə yayın qızmar günlərindən birində Saatlı rayonunda hansısa kolxozun briqadasına gedir, qızları başına yığır, onlara bu ağır zəhmətləri üçün təşəkkür edir və sonra soruşur:
– Bəlkə sizin də bir şeyə ehtiyacınız var, maşına, mebelə! Utanmayın, deyin:- mən canla-başla yerinə yetirərəm.
Pambıqçı qızlardan biri utana-utana qabağa çıxıb:
– Heydər müəllim, çox sağ olun. Bizim heç nəyə ehtiyacımız yoxdur, hər şeyimiz var, – deyir, – ancaq bir xahiş eləmək istəyirik: Bu yaxınlarda “İtkin gəlin” kitabı çap olunub. Ondan bizim kəndə bircə nüsxə gəlib çıxıb. Qızlarımız onu oxumaq üçün növbəyə durublar. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar, biz də oxuya bilək.
Deyirlər, şahların sözü sözlərin şahıdır. O söhbətdən sonra “İtkin gəlin” iki dəfə də hərəsi yüz min tirajla çap olundu və satıldı”.
Romanın təkrar nəşr olunan çoxsaylı nüsxələrindən Cəlilabada da göndərildi. Oxucuları müəllifi rayona dəvət etdilər. O, kəndlərdə, təsərrüfatlarda, tarla düşərgələrində oldu, hər yerdə səmimi qarşılandı, oxucuları ilə görüşlərdən çox razı qaldı.
“Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın”.
“Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindəki bu sözlər, şübhəsiz ki, yazıçının öz sözləridir, onun ədəbi mövqeyini əks etdirir. Bu, Əlibala Hacızadənin yaradıcılığı üçün səciyyəvi olan keyfiyyətdir. O, həmişə həyata və insanlara yaxın olub, görüb müşahidə etdiklərini ümumiləşdirərək qələmə alıb, yazdıqlarını özündən uydurmayıb, həyat həqiqətini, gerçəkliyi bədii boyalarla, olduqca təbii, təsirli lövhələrlə təsvir edib. Bütün bunlar yazıçının gözləmədiyi halda, nadanların, qərəzli adamların dedi-qodusuna, müəllifin haqsız hücumlara, böhtanlara, təqiblərə, təzyiqlərə məruz qalmasına səbəb olub. Müsahibələrinin birində o bu barədə ürək ağrısı ilə danışıb:- “Təyyarə kölgəsi”nin ardı olan “Vəfalım mənim” romanı kitab halında çıxmışdı. Yüksək tirajla çapdan çıxan kitab tez bir zamanda satılıb qurtardı. Roman haqqında qəzetlər yazdı, tənqidçilər xoş sözlər söylədilər. Lakin sevincim uzun sürmədi. Yersiz hücumlara, böhtanlara məruz qaldım. Guya romanda həmin adamların obrazlarını yaratmışam. Hətta o zaman respublikanın baş prokuroru İlyas İsmayılova da şikayət ərizəsi ilə müraciət etdilər. Yaxşı ki, İlyas müəllim romanı oxuyubmuş. Və şikayətçilərə bildirib ki, romanda onlardan heç birinin adı yoxdur. Əgər özlərini orada görürlərsə, bu, müəllifin günahı deyil. Odur ki, müəllifə şər, böhtan atan şəxs kimi məsuliyyətə cəlb olunmalıdırlar.
Onlar qorxub prokurorluqdan əl çəksələr də, yazıçıdan əl çəkmirlər. Onun baş elmi işçi vəzifəsindən çıxarılmasına nail olurlar. Əlibala müəllim çalışıb öz iş yerinə qayıtsa da, qeyri-rəsmi qadağalara, süni maneələrə, mənəvi təqiblərə, hədələrə məruz qalır, əsərlərini nəşr etdirə bilmir. Ona elə gəlir ki, əsəblərini tarıma çəkən, səhhətini korlayan, ailəsinin rahatlığını pozan bu anonim qurama olaylar bitib-tükənməyəcək.
Keçdi günlər aylar ötdu dalbadal,
Qismətinə hər an düşdü qalmaqal,
Zaman səni çox eylədi halbahal,
Çəkdi çətin imtahana ay ustad!
Amma sən saydığını say, mütləq hakim zaman sözünü deyir, zəmanə – dövran dəyişir və çox şeyləri dəyişdirir. Uzun müddət əsərlərinin nəşrinə həsrət qalan yazıçının gözlərində elə bil ümid çırağı yanır və tez də sönür. Bəlli olur ki, indi kitab nəşr etdirmək üçün pul verməlisən, olmasa sponsor tapmalısan, yəni imkanlı adamlara ağız açıb, xahiş-minnət eləməlisən. Onun isə o qədər pulu yox idi, indiyədək heç kimə, heç zaman, ağız açıb minnət eləməmişdi, bundan sonra da eləməyəcəkdi, xasiyyəti belə idi. Odur ki, müsahibələrinin birində – “Mənim kitabımın kitabı bağlanıb”, – dedi. Ancaq dünya xali deyil. Kitablarını sevə-sevə oxuyub, istedadına, şəxsiyyətinə ehtiram bəsləyən imkanlı, xeyirxah, ziyalı insanlar özləri onu tapıb əsərlərini çap etdirmək istədiklərini bildirdilər, özü də minnətsiz, təmənnasız.
“Əvvəlcə Saatlıdan xeyriyyəçi Gülhüseyn Əhmədov bir kitabımın çap xərcini öz üzərinə götürdü. Qardaş-qardaşa kömək eləmədiyi indiki zamanda o, mənim 1-ci cildimi çap elətdirdi. Onun əli yüngül oldu. Daha sonra həmyerlimiz, Moskvada yaşayan iş adamı, xeyriyyəçi Gülağa Qənbərov əsərlərimin 10 cildliyinin nəşrinə başladı”.
Xeyriyyəçi Gülağa Qənbərov söz verdiyi kimi yazıçının 70 illiyi ərəfəsində əsərlərinin 10 cildliyinin nəşrini başa çatdırdı və kitabların təqdimatını yüksək səviyyədə təşkil etdi.
Əlibala Hacızadə haqqında respublikanın tanınmış alimlərinin dediklərindən:- “O, ömrü boyu gözütox yaşayıb, çox təvazökar insan olub, özünü həmişə sakit, təmkinli, ləyaqətlə aparıb” (Anar), “Öz xalqını platonik məhəbbətlə sevib, xalqının Məcnunu olub” (Bəxtiyar Vahabzadə), “Ədəbiyyat xəzinəsinin sahibi olub” (akademik Akif Əlizadə), “Zahirən sakit, səssiz-səmirsiz, daxilən təlatümlü bir həyat yaşayıb” (Ayaz Vəfalı), “Yaradıcılığı Azərbaycan torpağına bənzəyib: yazda əkib, payızda əkib, ildə neçə dəfə çevirib.” (Sabir Rüstəmxanlı), “Ən çox oxunan yazıçı olmaq xoşbəxtliyi ona nəsib olub” (Fikrət Sadıq), “Yazıçı kimi onun dəyərini xalq verib” (Qabil).
Əlibala Hacızadə “Əsərləri”nin 1-ci cildinə ön sözündə yazıb: “Dünya malı, sərvəti, fəxri adlar, mükafatlar həsrəti ilə yaşamamışam. Mənim üçün ən böyük fəxri ad – yazıçı, ən böyük mükafat – oxucularımın mənə bəslədiyi məhəbbətdir və bununla həmişə fəxr etmişəm. Ayağımın altında kəsilən qurbanlar, “Qoy o kitabları yazan əlindən öpüm!” – deyən insanlar görmüşəm. Azərbaycanımızın demək olar ki, hər yerində, elində, obasında onlarla, yüzlərlə Əfsanə və Elməddin! – bunlar mənim qəhrəmanlarımdır – adını daşıyan qızlarımız, oğlanlarımız var. Və mən özümü onların mənəvi atası sayıram. Hətta bir neçəsinin nişanında, elçiliyində, toyunda bir ağsaqqal kimi iştirak etmişəm. Bu, məhəbbət deyil, mükafat deyil, bəs nədir?”
Axır vaxtlar Prezident təqaüdü alanda yaxın dostu Nahid Hacızadəyə demişdi: “Yaxşı oldu, lap yerinə düşdü, müalicəyə, dava-dərmana çatdıra bilmirdim”.
Müalicəsi uzun sürdü… Gündəliyində yazmışdı: “İnsanların bir yolu var: bu yol anamızın isti beşiyindən başlayıb torpağın soyuq beşiyinə qədər uzanır…
Bir qara tabutda gətirəcəklər,
Üstümə dünyanın gülü gələcək”.
O, bu günü görmüşdü. Gül-çiçəyə bürüdülər məzarını. Kimlər? Gözləri nəmli oxucuları, etibarlı yazıçı dostları, həmkarları, yaxınları, sadə insanlar.
“Mən bu dünyaya sakit, səssiz-səmirsiz gəlmişəm, beləcə səssiz-səmirsiz də gedəcəyəm,” – demişdi. Elə də oldu. Ancaq dünyaya gələndə ailəsi, yaxın qohumları sevinmişdilər. Son mənzilə yola salanda isə Azərbaycanın bütün guşələrində yaşayan qəhrəmanları – Əfsanələr, Elməddinlər, Nadirələr, təkrar-təkrar kitablarının çapını istəyən oxucular, sənətsevərlər yasa batdılar.
Gül-çiçəyə bürünən məzarını dövrəyə alanlar sözlərini xatırlayıb, elə bil səsini eşitdilər: “Ayrı bir ölməzlik olur – öləndən sonra yaşamaq. Mən öləndən sonra da əsərlərimlə yaşayacağam”.
… Günlər aylara, aylar illərə sığındıqca zaman-dövran dəyişdi. Və vaxtilə söylədikləri, yazdıqları çin oldu.
Əlibala Hacızadə sənətsevər insanların qəlbində yaşayır. İndi baba-nəvə olmuş Əfsanələrin, Nadirələrin, Elməddinlərin boya-başa çatmış övladları, əsərlərinin qəhrəmanları 90-nında “Üstünə dünyanın gülü” nü, təzə-tər çiçəklərini gətirirlər, unudulmaz, işıqlı xatirəsini əziz tutan qələm dostları, həmkarları, yaxınları, çoxsaylı oxucuları ziyarətinə gəlirlər, ürəklərinə təsəlli olan sözlərini xatırlayır, sanki həlim, həzin, həm də inam dolu səsini eşidirlər: “Ayrı bir ölməzlik olur – öləndən sonra yaşamaq. Mən öləndən sonra da əsərlərimlə yaşayacağam”.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX ƏSR Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı
(arxiv materialları əsasında)
Yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində anadan olmuşdur. 77 il ömür yaşayan Ə.Məmmədxanlı bütün şüurlu həyatını Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına həsr etmiş, bu yolda sona qədər yorulmadan çalışmışdır. Fəaliyyəti dövründə müxtəlif idarələrdə, fərqli vəzifələrdə işləyən yazıçı “Azərbaycan nəsrində lirikanın görkəmli nümunələrini yaratmışdır”.
Ə.Məmmədxanlı nəsri öz tematikasına görə çoxcəhətlidir, onu bir nasir kimi daha çox lirik-romantik duyğulu insanın əsl şəxsiyyət kimi formalaşması, mənəvi yetkinliyə can atması maraqlandırır, cəlb edirdi. Onun “Bakı gecələri” povestini oxuyarkən başdan-ayağa lirik bir nəğməni xatırladan bu povestdə ağrı da var, kədər də, sevinc də var, ümid də, inam da. Ə.Məmmədxanlı “Bakı gecələri” povestini 22 yaşında yazmışdı. Bu əsəri yaradıcılığının bünövrəsi hesab etmək olar ki, üzərində neçə hekayətlər, dramlar, tarixi əsərlər dayanır. Elə ilk qələm təcrübəsindən ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, heç kimə bənzəməyən yolu, üslubu olduğunu təsdiq etmişdir.
“Bakı gecələri” povesti Ə.Məmmədxanlı qələminə xas romantik üslubun bir nümunəsidir. Bakı, xüsusən onun gecələri bizim ədəbiyyatın əbədi mövzusudur. Tək ədəbiyyatın yox, elə musiqinin, təsviri incəsənətin də. Bakı gecələrinin əsrarəngiz gözəlliyinə ilk diqqəti çəkən böyük proletar yazıçısı M.Qorki olmuşdu: “Gecə mən Bakıya dağ üzərindən baxırdım. Şəhərdə və Bibiheybət mədənlərində işıqlardan əmələ gələn gözəlliyə heyrətlə tamaşa edirdim. Bakı Neapol körfəzindən daha çox və daha sıx işıqlıdır”. Belə bir mənzərədən sonra demək istəyirsən ki, sən gəl Bakını bir də indi gör. Hər gün gözəlliyinə gözəllik əlavə olunur, hər gecəsi dünənkindən işıqlı olur.
Sinən üstə hər addımım bir məhəbbət nəğməsi,
Qulağımda yollarının fısıltısı, hikkəsi,
Hər qarışın sevda dolu ürəklərin qibləsi,
Gözəl Bakım, gözəl Bakım!
Ə.Məmmədxanlının tərənnüm etdiyi “neft qoxulu, xəzrili-gilavarlı” şəhər 1935-ci ilin Bakısı olsa da, “günçıxan tərəf Qaraşəhər, ondan o yana Ağşəhər, İçərişəhər, bu yandakı Bayıl təpələri” yerindədir. Amma necə? Daha abad, daha təmiz, çox modern. Əsərdə hadisələri lirik atmosferdə təsvir edir. Povestdə əsas hiss və duyğular təsvir edilir, həyəcan və intonasiyası əsərin dilini, tərzini müəyyən edir. “Bakı gecələri” uzaq dağ kəndindən paytaxta oxumağa gələn yüzlərlə gəncdən birinin müşahidələrinə, yeni mühitə uyğunlaşmasına, yaşadıqlarına daxili aləminə həsr edilmiş, yazıçının özəl təqdimatında oxucuya çatdırılmışdır.
Ə.Məmmədxanlı nəsrimizdə lirik yazıçı kimi tanınmışdır. Nəsr ədəbiyyatda özünə yer edib təşəkkül tapdıqca poeziyanı arxada qoyur, qarşısında yeni dizaynları olan janr formaları əmələ gətirirdi ki, lirik janr da onlardan biri idi. Azərbaycan oxucusunun yaxşı tanıdığı A. de Sent-Ekzüperi, K.Paustovski, İ.Bunin, bəlkə də, heç tanımadığı, müasirimiz A. Makin lirik janrın nüfuzlu nümayəndələrindəndirlər. Rəsul Həmzətovun “Mənim Dağıstanım” povesti əsl lirik nəsr nümunəsidir. Lirizm 1960-cı illər ədəbiyyatında qol-qanad açmağa başladı, lirik nəsr təyini də başlanğıcını elə o zamanlardan götürdü. Bütün əsərlərdə lirika prozaya eyni dərəcədə daxil olmur. Bəzən təhkiyəni yüngülcə bəzəyir, bəzən isə bütün janrın spesifikasını dəyişir. Azərbaycan ədəbiyyatında isə lirik nəsrin yaradıcıları deyəndə ilk növbədə göz önünə xalq yazıçıları Ə.Məmmədxanlı və İ.Əfəndiyev gəlir. Eşidəndə nəsr və nəzm uzaq qütblər kimi düşünülsə də, əslində, biri digəri olmadan keçinə bilməz. Hələ A.S.Puşkin deyirdi: “Onlar bir nöqtədə tapışdılar. Daş və su kimi. Buz və alovtək. Və… şeirlə nəsr kimi”. Rus şeirinin nasirlərindən olan K.Paustovski yazırdı ki, nəsrin ritmi yazıçının şeiri absolyut qavramasından asılıdır. Coğrafiyasından, milliyyətindən asılı olmayaraq bu janrın nümayəndələrini birləşdirən xüsusiyyətlər – müəllif monoloqu (etirafnamə), qəhrəmanın əhval-ruhiyyəsi, “konfliktin əks cəbhələrdə surətlərin arasında deyil, daha çox surətin özünün özü ilə mübarizəsidir. Kiçik hekayələr ustası kimi tanınan Ənvər Məmmədxanlı sonralar iri həcmli əsərlər-pyeslər yazmağa başlayır. 1963-cü ildə C.Cəfərovun “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi məqaləsində oxuyuruq: “Deməli, hekayə ustası Ənvər dramaturgiya və romançılıqda da yeni və mənalı söz demək iqtidarındadır. Janr məhdudluğu heç də istedad məhdudluğu demək deyildir, məhdud bir janr daxilində də dərin və gözəl görünmək olar. Lakin ədəbi təcrübə göstərir ki, istedadlı yazıçılar həyatı rəngarəng gördüklərindən bir janr daxilində qala bilmirlər, onlar müxtəlifliyə can atırlar, çünki bu halda öz istedadlarını daha yaxşı ifadə edə bilir, həyatla daha əhatəli bir təmas yaradaraq ona daha mükəmməl təsir göstərə bilirlər”.
Hekayələr, kiçik kinonovellalar, romanlarından dövrü mətbuatda çap olunan parçalar Ənvər Məmmədxanlı istedadının müdrikliyinin bariz sübutudur.
Və nəhayət, Cəfər Cəfərov demişkən, “bir janr yönündə özünü tam ifadə eləyə bilməyən” və içindəki ağrılara, xatirələrə, xatirələrin çoxluğuna tab gətirə bilməyən bu yazıçı özü öz içi ilə sorğuya, danışığa başlayır. Əslində elə onun hər bir əsəri onun özüylə danışığı idi, özünə hesabatı idi.
Ə.Məmmədxanlı bənzərsiz hekayə ustasıdır. Onun “Ayrıldılar”, “Ananın ölümü”, “Ay işığında”, “Karvan dayandı”, “Qızıl qönçələr”, “Baş xiyabanda” və s. hekayələri bu kiçik janrın klassik nümunələridir. Onun “Buz heykəl” i ilk oxuduğumuz hekayələrdən olub. Bu əsəri yazıçı 1944-cü ildə, müharibənin sonuna yaxın yazmış olsa da, təsvir edilən hadisə qanlı savaşın ilk qışında cərəyan edirdi. “Elə bil canlı, cansız ətrafda nə varsa, donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır. Və indi ağappaq bir zülmət içində, gün çıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir”. Bu, körpəsini sinəsinə sıxıb düşmən təcavüzündən başını götürüb qaçan gənc anadır. Nəhayətsiz gecə. Arxada qana susayan yırtıcı düşmən, irəlidə ondan geri qalmayan qan donduran, qılınc kimi kəsən şaxta. Seçim yoxdur. Ana özünü düşünmür, təki balası xilas ola bilsin. Cəmi 3 səhifədən ibarət olan kiçik hekayə ana məhəbbətinə qələmlə qoyulmuş möhtəşəm heykəldir. Az sözlə çox şey demək, oxucuda həyəcan oyatmaq yazıçıdan həm dilin incəliklərinə bələd olmaq, həm də böyük ustalıq tələb edirdi. Ə.Məmmədxanlı bu hekayəsi ilə bir daha sübut etdi ki, oxucunun qəlbini tərpətmək üçün səhifələrin çoxluğu nə şərtdir, nə vacib. “Buz heykəl” bütün zamanların ana abidəsidir. Xalqımız üçün məşum 90-cı illərdə, daha yəqini, Xocalının işğalı günü bizim qadınların hərəsi balası qucağında bir buz heykələ çevrilmişdi. Hətta belə ağır əsər də dərin lirizmi ilə heyran edir. Bu artıq ruhla bağlı bir məsələdir. Ə.Məmmədxanlının nəsrini Səməd Vurğunun şeiriyyəti ilə müqayisə etmək olar. Ümumiyyətlə, Ə.Məmmədxanlı yaradıcılığında realizm və romantizm üzvi şəkildə birləşir. Elə şəxsi həyatında da. Hekayələrinin, demək olar, hamısı hüzünlü sonluqla bitir.
Nasirin yaradıcılığının əhəmiyyətli hissəsi Cənub mövzusuna həsr edilmişdir. II Dünya müharibəsi zamanı o, digər yazıçılarımız kimi Sovet ordusu sıralarında İranda olmuş, o tayda baş verənləri əsərlərinə köçürmüşdür. Müdriklərdən biri deyib ki, insan həyatı epopeya, ömrün illəri hərəsi bir hekayədir. Arazın o biri sahili Şimali Azərbaycan şair və yazıçıları üçün həmişə həssas mövzu olmuşdur. “Od içində” pyesi 1941-1946-cı illərdə Cənubi Azərbaycanda gedən azadlıq hərəkatına, onun 1945-1946-cı illər dövrünə, məğlubiyyətinə həsr olunmuşdur. Əsərdəki detallı təsvirləri oxuduqca düşünürsən ki, bir xalqı zülm, istibdadla nə qədər sınamaq olar? Bir xalqın başına necə bəlalar gətirmək, bölmək, terror etmək olar? “Təbriz yenə qan içində çalxalanır, od içində yanırdı”, “Azərbaycandakı anarxiyaya son qoyulmuş, milli qəzetlər, məktəblər bağlanmışdır.
Yazıçı 1940-50-ci illərdə bir-birinin ardınca “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” kimi ona şöhrət gətirən dram əsərləri yazmaqla özünü dramaturq kimi də təsdiq edir. Bu səhnə əsərləri illərlə teatrların repertuarlarını bəzəyir. Ə.Məmmədxanlı ədəbi əsərlərində quruluşun ideyalarını təbliğ etsə də, gizli dialoqlar vasitəsilə Azərbaycan həqiqətlərini auditoriyasına çatdıra bilmişdir. Necə deyərlər, məna haqqında düşün, sözlər özü gələcək, sahibi də götürəcək. Nazim Hikmətin “Şirvan gözəli” haqqında dedikləri bu düşüncənin davamı və təsdıqidir: “Əsl məqsədinizi dolayı yolla deyə bilmisiniz”. Satıcı kimdir, alıcı da odur.
“Şərqin səhəri” əsərindəki hadisələr 1919-20-ci illərdə Bakıda cərəyan edir və tariximizin mühüm dövrünün geniş mənzərəsini əks etdirir. Əsərdə Bəhruzla Dilarənin məhəbbətinin fonunda dramlar yaşanır, şəxsi və milli faciələrin şahidi oluruq. Hamı qaçanda Ağalarov deyir: “Siz gedin, mən qalıram. Mən bu torpaqdan ayrıla bilmirəm. Yaşım altmışı keçib, amma bir dəfə də olsun, bu başıbəlalı şəhərdən qırağa ayaq basmamışam. Sizin kimilər xoşbəxtdir, nə malınız var, oğru apara, nə imanınız var, şeytan apara”. “Onun dövr-aləm səyahəti həmişə Mərdəkan bağlarında qurtarırdı”. “Gün gələr, qayıdarıq” əsərində qələmə aldığı hadisələri oxucularına gələcəyə bir mesaj kimi ötürmüşdür. Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” SSRİ Dövlət mükafatına layiq görülmüşdü.
Ə.Məmmədxanlının ən gözəl və yaddaqalan əsərlərindən biri də “Şirvan gözəli” lirik komediyasıdır. Pyes elmdə ehkamçılığa, dayaz düşüncənin tənqidinə həsr edilmişdir. Meşşanlığın gülüş hədəfinə çevrilməsi, professorlar – Vahidovlar və Zakirovlar ailələrinin elm və məişət zəminində gedən ixtilafları və onların övladlarının sevgisinin təntənəsi əsərin sadə süjet xəttini təşkil edir. “Şirvan gözəli” onun yaradıcılığında yeni bir abzasdır, komediyaya müraciət edən yazıçı təkrar bu janra dönməmişdir. Lirik komediyanın xarakterik xüsusiyyətlərindən birincisi personajların sərt şəkildə mənfi və müsbətə bölünməməsidir. “Şirvan gözəli” haqqında akademik Bəkir Nəbiyev yazırdı: “Onun komik vəziyyətlər yaratmaq, komik konfliktin açılmasında lirik çalara ölçü duyğusu ilə yer vermək, idealın bərqərar olması üçün gülüşdən incə bir vasitə kimi faydalanmaq bacarığı bu əsərin mahiyyətini müəyyən edir”. Ə.Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə ədəbi ictimaiyyətin xüsusi marağına səbəb olmuş, özünəməxsus yaradıcılıq yolu keçmişdir. Artıq Ə.Məmmədxanlıdan öz yolunu müəyyən etmiş bir yazıçı kimi danışmağa imkan verir.
Ə.Məmmədxanlı Azərbaycan nəsrində lirikanın görkəmli nümunələrini yaratmışdır. Bu xüsiyyəti onun əsərlərindən bəhs edənlərin elm adamları etiraf etmişdir. Bu baxımdan Abbas Zamanovun nəşr etdirdiyi məqaləsində (Kommunist qəzeti 1 mart 1983-cü il) “Nəşrin şairi” adlandırmışdır. Ə.Məmmədxanlın əsərləri ilk baxışda sadə görünən, lakin çoxcəhətli həyat lövhələrini, mürəkkəb insan talelərini əhatə edən kompozisiya qurmağın, ardıcıl bədii hadisələrin gedişatına uğurla xidmət edən, düzgün yönəltməyin nümunələri ilə zəngin olmuşdur. Onun nəsrindəki surətlərin pisi də yaxşısı da, tərəddüd edəni də, hadisələr keçidində bir qayda olaraq, adamlara münasibəti, duyğu və düşüncələri, öz daxili aləmi ilə canlı, həyatı, bədii obraz kimi açılıb göstərilir. Şaxtalı gecədə körpəsi donmasın deyə bütün olan-olmazını öz əynindən çıxarıb körpəsinə bürüyən, daha heçnəyə gümanı gəlməyəndə isə büzüşüb bükülərək bədəninin son hərarəti, qəlbinin axırıncı döyüntüləri ilə körpəsini məhv olmağa qoymayan ana bir bədii obraz olaraq bir heykəl kimi ucalır. Azərbaycan kinematoqrafiyasının inkişafında Ə.Məmmədxanlının özünəməxsus xidmətləri olmuşdur.
“Leyli və Məcnun”, “Xürrəmilərin ağ şahini” Ə.Məmmədxanlının bu janırda yazılmış ən yaxşılarıdır desək yanılmarıq. Həmin əsərlərin ekran təcəssümünün keyfiyyəti bu prosesdə müəllif fikrinin hasnı səviyyədə qorunub saxlanması başqa bir yazının mövzusudur. Lakin istər “Leyli və Məcnun”, istərsə də “Xürrəmilərin ağ şahini” hər şeydən əvvəl Azərbaycan tarixinin və xalq poetik yaradıcılığının qaynaqları əsasında yaradılmış bitkin bədii əsərlərdir. Yazıçının yaradıcılığına nəzər salaraq onu daha dərindən tanımaq və oxuyub anlamaq mümkündür.
Sənətə yüksək meyarla yanaşan, sözünü kəsərdən salmayan Ə.Məmmədxanlı müharibə illərində də az yazdı. Amma müharibə dövrünün psixologiyası onun bu əsərlərində nəzərə çarpırdı. “Analar və yollar”, “Qərb cəbhəsindən məktub”, “Silahlı dağlar”, “Ulduz”, “Bəxtiyar”. “Yeddinci yol” və s. əsərlərdə Ə.Məmmədxanlı müharibəni təkcə döyüş, vuruş, əsir almaq, hücuma keçmək, “dil” ələ keçirmək, bayraq sancmaq kimi təsvir etmirdi, daha çox bu çətin və ağır günlərdə yaşayan insanın daxili dünyasını ön plana çəkirdi. Onun publisistik qeydlərində də lirika aparıcı xətti təşkil edirdi. Ənvər Məmmədxanlı ədəbiyyata nasir kimi gəlmiş, “Burulğan” adlı ilk əsərini 1934-cü ildə çap etdirmişdir. Bu povest göstərdi ki, nəsrə öz üslubu və nəfəsi olan istedadlı bir sənətkar gəlib. Səksən il əvvəl qələmə alınmış “Burulğan” povesti 30-cu illər üçün xarakterik olan fəhlə həyatı mövzusunda yazılmışdı. Ə.Məmmədxanlı uzun və çətin həyat yolu keçmişdi. Mənfur 37-nin ağrı-acısını bir başqa cür çəkmişdi. Yazıçı özü bu barədə deyirdi ki, elə dövr gəlmiş, faciənin miqyası o həddə çatmışdı ki, həyatda oynanılan dramları qələmə almaq üçün yeni bir Şekspir lazım idi. Yazıçı Kamal Abdullanın təbirincə desək, Ə.Məmmədxanlı dövrünün son magikanlarından, fikir və söz zadəganlarından idi. Son dərəcə həssas insan olan Ə.Məmmədxanlı yeri gələndə sərt də ola bilir, sözünü deyir, yazıçı, ziyalı mövqeyini müdafiə edirdi. Mövlud Süleymanlının “Dəyirman” povesti sovet quruluşunun tələblərinə cavab vermədiyi üçün məhşər ayağına çəkiləndə onun müdafiəsinə qalxan birincilərdən olmuşdu. Əsəri yüksək qiymətləndirmiş, müəllifi belə qiymətli əsərə görə alqışlamışdı.
Ə.Məmmədxanlı nəsri öz tematikasına görə çoxcəhətlidir, onu bir nasir kimi daha çox lirik-romantik duyğulu insanın əsl şəxsiyyət kimi formalaşması, mənəvi yetkinliyə can atması maraqlandırır, cəlb edirdi. Bu baxımdan onun qəhrəmanlarını “axtaran qəhrəmanlar” kimi səciyyələndirmək olar. Siz onun “Bakı gecələri” povestini oxuyun. Başdan-ayağa lirik bir nəğməni xatırladan bu povestdə ağrı da var, kədər də, sevinc də var, ümid də, inam da. O dövrün ədəbiyyatında mühüm yer tutan qadın azadlığı mövzusu bu əsərdə lirik-romantik səpgidə öz bədii həllini tapırdı. “Ulduz” hekayəsinin qəhrəmanı müharibənin ağır günlərində, tibb institutunu yarımçıq buraxıb cəbhəyə yola düşür. Onu bu qəti hərəkətə sövq edən sevdiyi Azad idi. Lakin cəbhə həyatı onun şəxsi, intim dünyasına bütün ziddiyyətləri və təzadları ilə daxil olur. Ulduz daha böyük amallar naminə yaşadığını dərk edir. “Qızıl qönçələr” hekayəsinin qəhrəmanının diliylə desək: “Günəş doğacaq. Qönçələr açılacaqdır”. Bu, Ə.Məmmədxanlının özünün də, qəhrəmanlarının da həyat devizini müəyyənləşdirən söz idi.
Ə.Məmmədxanlı ömrünün son 20 ilini görkəmli sərkərdə və siyasi xadim, qəhrəmanlıq simvolumuz Babəkin xalq azadlığı uğrunda apardığı mübarizəsinə həsr etdiyi mövzu üzərində çalışmışdır. Yazıçı tarixi hadisələri, Babəkin şəxsiyyətini, dövrün siyasi, fəlsəfi, dini çərəyanlarını dərindən öyrənmiş, tarixi həqiqətə yaxınlaşmışdır. Babək romanının orijinal nəql etmək üslubu yazıçının tədqiqatçıları tərəfindən qeyd edilir. Ə.Məmmədxanlının əsərlərində poetik istedadla mövzu, məzmun bir-birini tamamlayır. Onun ssenarisi əsasında rejissor Eldar Quliyev 1979-cu ildə tammetrajlı, 2 seriyadan ibarət “Babək” bədii filmini çəkmişdir. Ssenari yazmaq əsl sənətdir, əsərdən fərqli olaraq, kinonun formatına uyğunlaşmaq var. Lakin yazıçı bu işin öhdəsindən məharətlə gəlmiş, ən əhəmiyyətli, təsirli səhnələri ssenariyə daxil edə bilmişdir. Afşinin böyük Babəkə ittifaq təklif etməsi filmin ən uğurlu epizodlarındandır. Afşin “İran mənim olsun, Azərbaycan sənin” – deyir. Bəşəriyyət üstündən əsrlər keçməsinə baxmayaraq, hələ də dünyanı bölüb qurtara bilməyib. 838-ci ildə qalıb. Film böyük müvəffəqiyyət qazanmış, 60 ölkə tərəfindən alınmışdır. Beləliklə də, milli ədəbiyyatımız qiymətli, dolğun məzmunlu və orijinal keyfiyyətli tarixi bir romanla zənginləşdi. Roman yazıçının ölümündən sonra işıq üzü görmüşdür.
Bunlarla yanaşı Ə.Məmmədxanlı “Fətəli xan”, “Leyli və Məcnun” filmlərinin, “Bəxtiyar” kino-novellasının ssenari müəllifi olmuşdur. Ə.Məmmədxanlı H.Mehdiylə birlikdə “Fətəli xan” filminin də ssenarisini yazmışdır.
Ə.Məmmədxanlı, vətənpərvərliyində, humanizmində, bənzərsiz üslubunda, ədəbiyyata şair təbində, nasir qələmli gəlməsində idi. Onun haqqında deyirdilər: “Böyüklüyü az yazmasında və gözəl yazmasındadır”. Ə.Məmmədxanlı ciddi yazıçıdır, kəmiyyət arxasınca qaçmır.
Ə.Məmmədxanlının yaradıcılığından danışarkən onun tərcümələrinə toxunmadan keçmək olmaz. Yazıçı bu barədə belə deyirdi: “Yazmaq sağ qolumdursa, tərcümə sol qolumdur. Ömrü boyu qara çörəyim tərcümədən çıxıb”. Tərcümə sənəti əsl yaradıcılıq olsa da, qədribilinməz bir işdir, elə bir gəlir gətirmir, tərcüməçi də kölgədə qalır. Ə.Məmmədxanlının Avropa və rus klassiklərindən etdiyi tərcümələr əsl peşəkarlıq nümunələri, özünün “avtoportreti”dir. Azərbaycan dilinin zəngin imkanlarından ustalıqla istifadə edib U.Şekspirin, Q.Floberin, T.Drayzerin, A.S.Puşkinin, M.Qorkinin əsərlərini dilimizə tərcümə etmişdir. Tərcümədə tək hər iki dili bilmək kifayət etmir, ilham və entuziazm da bəs deyil. Sən istəyən nəticə üçün ilk növbədə əsərin ruhunu çevirmək, çatdırmaq lazımdır ki, bunu yazıçı yüksək səviyyədə bacara bilmişdir.
Tənhalıq onun həyat tərzi idi. Bu qədəri yox, tərcihi idi. Onun tənhalığı darıxdırıcı yox, yaradıcı idi. Dörd bir yanı qələbəlik olan bu tənhalıq ona güc verirdi. Kitablar həmxanəsi, ailəsi idi. Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr etmişdir. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olmuşdur. İki dəfə “Şərəf nişanı” (1946–1949), “Qırmızı Əmək bayrağı” (1980–1983) və “İkinci dünya müharibəsi” (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunmuşdur.
1990-cı il dekabrın 19-daBakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Gülnar Səmanın “Nar” adlı şeirlər kitabı Türkiyədə işıq üzü görüb. Kitabın nəşriyyat redaktoru “Liz yayınları”nın rəhbəri Ramazan Seydaoğludur (Karataş). “Nar” kitabı da “Liz yayınları” tərəfindən çap olunub. Kitabın üz qabığındakı rəsm əsərinin müəllifi rəssam Nəvai Metindir.
Elmi və publisistik yaradıcılıqla da məşğul olan Gülnar Səmanın (Qasımlı Gülnar Vaqif qızı) bir neçə dəfə şeir kitabları işıq üzü görüb. Bu sıraya “Mən sehrli səmayam” (2001), “İçimdəki söhbətlər” (2011) və “Gül” (2016) kitabları daxildir.
Müəllifin 40 illik yubileyinə töhfə olaraq nəşr edilən bu kitab əsasən lirik şeirlərdən ibarətdir.
Mamırlamaq istəyi çox qabarır daxilimizdə. Xüsusən də, ömrün 30-cu ilini geridə qoyandan sonra… Daş olub bir yerdə qərar tutmaq, mamırlamaq gözəlmiş… Bacarsaq, əlbəttə, gözəlmiş! Və bəlkə də, elə bu mamırlamaq istəyidir yerimizi bərkitdiyimiz məkanları doğma saymağımız… Bu cümlədə “bəlkə” deyə bilərəm, amma bir də var yurd.
Hə, yurd, daş və yurddaş olmaq da var axı. Ona görə də, başqa bir cümləmi “bəlkəsiz” yazacağam: “Daşlığımızı dərk etdiyimiz, haraya, hayana tərpənsək də, qayıdıb orada rahatlayacağımız, orada yerimizdə və mənamızda olacağımız yerdir Vətən!”
Bizim onu necə və nə qədər tanımağımızdan asılı olmayaraq, Vətən öz insanlarını çox yaxşı tanıyır… Nəinki, xislətini, ruhundakı alov dilimlərini, arzularını da bilir hətta! Bunu da yaşadıq, bunu da gördük… Bunu bilmək bizə yurdumuzda bir daş olaraq heç də acizlik, tərəddüd duyğuları bəxş etmədi. Əksinə, Vətənimizin bizi bizdən, ətrafımızdakı insanlardan yaxşı tanıdığını bilmək qürurumuzu qatbaqat elədi, bizi qaldırdı buludlardan da yuxarıya-tarixin, coğrafiyanın daha aydın, daha dərk edilərək görüldüyü yerlərə…
Ötən il “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİMİB) ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) ortaq layihəsi kimi çap olunan “Qarabağ” poemasının yazarı Sayat Kamşıger də o yuxarıdan baxmış, türkün bütöv ruh dünyasına sızan tarix şüalarının qarşısında sayğıyla əyilmiş, Tanrının bəxş etdiyi istedadın və qardaş dərdini duymağın verdiyi kədərlə qələmə sarılmışdır.
Azərbaycanın ürəyi,
Qarabağ-yurdudur türkün!
Qarabağ haqqında deyilənlər, yazılanlar, Qarabağın gözəlliyinin və ulu tarixinin yaşatdığı fəxarət, xalqın sərvətinə çevrilmiş Qarabağnamələr əvvəldən-axıra türk təfəkkürünün xanasıdır axı; Sayat Kamşıger bunu bir daha vurğulamağı özünə borc bilib. Bu xanada iç-içə keçmiş əriş-arğaclar, rənglərarası alamuncuqlar dövlət-dövlət, ölkə-ölkə bölünsə də, ruh birdir! Bunu 70 illik əsarətin bağrından əsl türk kimi sıyrılıb çıxmağa mənəviyyatı çatan Türk bir daha göstərdi! Bunu bizimlə birgə bir qərinə Qarabağ dərdi çəkən Türk bir daha göstərdi!
“Qarabağ” poemasının müəllifi elə-belə “Qarabağ” demədi, Azərbaycanı sevdi, sevdiyini daha yaxından tanımaqçün onu vəsf edən ədəbi nümunələri oxumağa, dərk etməyə zaman həsr elədi. “Uca dağların başı qar olar” misalı başı cəfadan ayrılmayan, amma bütün dövrlərdə düşmənlərin qarşısına qeyrətindən əmin olduğu övladları ilə çıxan, şanına şan qatan Azərbaycanı Səməd Vurğunun Vətənə vurğunluğuyla əzizlədi:
Başı qovğa, qeylü-qallı,
Öz elindən ayrı qaldı.
“Könüldən ayrılmayan can”,
Ululuğa gedən yoldu.
…Və elə burada-bir-birinin həm şehi, həm qırovu olmuş iki bədii nümunənin (“Qarabağ” poeması və “Azərbaycan” şeiri) bir yamacda durub Qafqaz dağlarının mistikliyini hər qarışınadək, hər vətəndaşının bütün duyğularınadək yaşadığı/yaşatdığı yerdə bir “ah” çıxır Azərbaycanın əli qələm tutanlarının dilindən… O göynəyin gözə görünməyən tüstüsündən dumanlanır, bəlkə də, gözü qaraya baxanların eynəyi…
Sayat Kamşıgerin təbirincə, “hər daşı elə bil sirri-bəyan” olan Qarabağ haqqında nə yazıldısa həsrət dövründə, tam olmadı. Gözəlliyi vəsf edildi, nəsə çatmadı, ululuğuna işarə edildi, hansısa vərəqin qatı açılmamış kimi hiss olundu, könüllər sənət məbəditək adı qarşısında duaya durdu, duaların qanad səsi o dağlarda əks-səda vermədi… Adı üstündəydi zamanın öz təqvimində bu dövrün-həsrət dövrü… Amma unudulmadı bircə daşı da, bircə cığırı da… Qazax qardaşımız demiş, “Qarabağdır tarixlərin saxlancı!” Tarix də öz saxlancının qədrini bilir!
Yaxın tariximizin ən xülyalı, eyni zamanda, ən qürurlu dövrüdür xanlıqlar dövrü. Hər xanı ayrı-ayrılıqda şəxsiyyət və Azərbaycan oğlu kimi tanımağa çalışanda müasir azərbaycanlı olaraq ürəyimiz dağa dönür. Hər biri dədə-baba yurdunun qətiyyətli təəssübkeşi, ululardan onlara qalan əmanətin mühafiçəzisi, maddi olduğu qədər, mənəvi mirasın da haqlı varisidir! Aşıq Ələsgərin “Narın üz” şeirinin izahındakı “ən dadlı narın üz” misalı, işğalçı rus da bir millətin qaymaqlarını silib-süpürməliydi ki, hökm edə bilsin… Elə bunu etdi də… Sayat Kamşıger poemasında o ağrılı dövrü də yada salır, rusların əliylə Qafqaza köçürülən ermənilərin doymazlığının belə, bu torpaqlara yad olduğunu şeir qüdrətiylə anladır:
Torpaq qana doydu, düşmən doymadı… …
I Qarabağ müharibəsi… Mənim taleyim bu müharibənin müqəddiməsinin bir abzasıdır. 1988-ci ilin noyabrında əslim-nəslim didərgin düşmüşdü Göyçədən. Canı götürüb gecəylə qarlı yollarda əzəli yurdlarından qaçmağa məcbur olmuş doğmalarımın hərəsinin o noyabr gecəsiylə bağlı ayrı xatirəsi var. Hərənin yaddaş kamerasındakı son kadr ayrıdır… Və mənim yazıçı qələmim hələ o gecənin bütün kadrlarını yan-yana düzə bilməyib. Anam Güldərən Vəlinin “O ulu Göyçəmə “əlvida” demədim, “hələlik” dedim” deyə üzü gecəyə oxuduğu misralar, “hər şeyim düşmənə qalırdı, amma Məmməd Arazın kitabını onlara qoyammazdım deyə, sinəmdə gətirdim” deyib həmin kitaba sığal çəkməyi hekayə olar, yoxsa roman, bilmirəm. Sığdıra bilmirəm bir ədəbi əsərin proloq-epiloq arasına…
Amma Sayat bəyin misralarını ucadan oxuyaraq bütün susqunluğumun heyfini çıxa bilərəm taledən:
Əhvalı-kədərli,
Ürəyi-qəmli,
Gözü nəmli…
Bu böyük xalq
taleyin sınağındaydı…
2022-ci ildən bəri, “Vətən məcnunları” layihəsinin redaktoruyam. Hansı mətn “I Qarabağ müharibəsi qazisi” cümləsi ilə başlayırsa, ən azı, yarım saat təkcə bu cümləyə baxıram. Və düşünürəm: öz taleyini Vətənin taleyinə qatanlarla göz-gözə gəlmək necə çətin oldu illərlə… Nə onlar başını qaldırıb üzümüzə baxa bilirdi-“Bax, canımdan can qoydum da, arxalı düşməni qovammadım…” çəkincənliyi vardı duruşlarında belə… Nə biz ürəklə onların gözünə dikə bilirdik baxışlarımızı-“Sənin bizə ötürdüyün ruh yanğısında ürəyimiz qarsalansa da, hələ dünyanın ədalətindən mədəd umuruq, əmi, dayı, baba…” utancaqlığı vardı yaşamımızın hər anında…
“I Qarabağ müharibəsi şəhidi” cümləsi isə xəcalətimiz idi, məncə… O qədər sürətli yaşadıq, o qədər irəliyə -Qarabağa qovuşacağımız günə tələsdik ki, onların hər birini yaxından tanıyammadıq, məzarlarını ürək dolusu oxşayammadıq, ailə üzvlərinin yanında olub təsəlli verəmmədik…
Sayat Kamşıgerin Yerbolu xatırlaması da gecikmiş təsəllidir… 20 yaşlı bir oğlan SSRİ-nin tapdağı altında əzilməməyi bacarmış, cürtdəməyə cürəti çatmış iki Türk dövlətinin arasında həm qürur, həm də kədər körpüsü olmağı bacarmışdı onda… Və biz onu yaxından tanımağa da gecikdik… Amma tarix də, Türk dünyası da, Qarabağ da bu gecikməyimizə görə bizi bağışlayar… Tələsdiyimiz gecikdiyimizin əmanəti idi-Zəfər idi!
Əsl igid diləkləri çin edər,
Əsl igid saz saxlayar yarağı.
***
Ah! Qarabağ axı nələr görmədi?!
Böyük millət əyilmədi, sınmadı!
***
Müharibə hər taleyə toxundu,
Kədər necə unudular, kiriyər?!
Nə kədərimiz kiridi, nə müharibənin toxunduğu talelər tam oldu, nə də yaraqlar paslandı! Bağrının başında yurd dağı göynəyən bir xalq intiqam alovunu nəfəs-nəfəs gurlaşdırdı ha, işğal edilmiş əraziləri xəritədən tanıyan-“xəritəyə gözü açılan cocuqlar” böyüdü ha, əmilərinin, bibilərinin adlarından qabaq “Qarabağ!” dedilər ha, Qulu Ağsəs burada ədəbiyyatın xidmətinin danılmaz olduğunu da deyir: “Qələmimiz Qarabağı “işğal edilməyə” qoymadı!” Qulu Ağsəs Azərbaycan yazıçısının, şairinin “Qarabağ bizimdir!” əminliyini həmişə diri saxladığına işarə edir bu cümləsiylə… Sayat Kamşıger isə Türkün daixilindəki el-elat təəssübkeşliyinin dəliqanlılığından yazır:
Azadlığın eşqi ilə,
Bayraq qalxar göy üzünə.
El namusu deyiləndə
Qorxular çökməz gözünə.
Bir də ayıldıq ki, xəritəyə baxa-baxa Vətən tanıyan, “Əzizinəm, Qarabağ…” bayatıları ilə quzu haylayan, “Bu yol gedər Ağdama”, “Şuşaya elə bəndəm” zümzüməsiylə dərsə gedən uşaqlar böyüdü, Ali Baş Komandanımız İlham Əliyevin bircə əmriylə silah əlində düşmən üstünə yürüdü… İlqar Fəhminin “Balaca kişilər” dediyi bu igidlərin əzmli addım səslərindən diksindi torpaq…
Qarabağın damarına qan gəldi,
Qaytarıldı yurdlar, kəndlər, şəhərlər.
Və biz nə gördük? Doğmalıq qudsal imiş! Və düşmənimiz özü də bilirmiş bu torpaqların doğması olmadığını… Yoxsa bəşərin qurub-yaratmaq missiyasını bu qədər eyninə almamaq, torpağa, yurd yerinə bu qədər biganə qalmaq o yana, qənim kəsilmək nəylə, necə izah edilər ki?! “Qarabağ” poemasının müəllifi çox güman, bu misranı yazanda bütün bəşəriyyətin halına yanıb: “Talandan, virandan həzz alıb düşmən”.
Sayat Kamşıger poemasında şərəfli 44 günün hər birinə sözləri güzgü etməyi bacarıb-Gəncənin bombalanması, əsarətdən qurtulan hər yurd yerinin adının yaratdığı sevinc, hər şəhid xəbərinin yuxumuzu ərşə çəkən kədəri misra-misra, heca-heca hörülüb Türkün təfəkkür xanasına… Qazax qardaşımızın “Azərbaycan övladı, / Öz yurdundan güc aldı!” deməsi isə, Vətənimizin bizi yaxşı tanıması qədər bizim də Azərbaycanımızı təmənnasız, ölçüsüz sevdiyimizin növbəti təsdiqidir!
Bəlkə də, kimsə bu poemanı 2-3 saata oxuyub bitirərdi… Mən 2 günə oxudum… Dünyanın döyüş tarixinə (tarixin döyüş səhifələri olmasaydı, “Yurdda sülh, cahanda sülh!” olsaydı, daha yaxşı olardı da…) şərəflə yazılan Şuşa döyüşləri də poemada öyülüb; elə Şuşa kimi:
Şuşa ki var, həm kitabdır, həm qələm…
Qəhrəmanlar Zəfər yolu çəkdilər.
Başlarına güllə, mərmi ələndi,
Dastan yazdı o kitaba igidlər.
…Şuşa… “Bilmirsən qürbətin necə böyütdü /Bir xalqın sapsarı həsrət payını…” dediyim şəhər…“Bir şair könlünün saxlanc yerində / Kölgəyə çevrildi tüm sevgililər, / Bircə sən çıxmadın şair yadından…” deyə sevdiyim şəhər…
Sayat Kamşıger Şuşanın azadlığından, Ali Baş Komandanın Azərbaycan xalqına müraciət edərək sevinc müjdəsi verməyindən, o gün-bu gündür, 8 noyabrın bir millətin ad gününə çevrilməsindən o qədər səmimiyyətlə və o qədər doğmalıqla bəhs edir ki, oxucu kimi, az qalıram, əllərimi Xəzərin bu tərəfindən o tərəfinə uzadıb Qazax ədəbiyyatının əllərini sıxım!
Bir də, o günü xatırlayıram… O möhtəşəm Zəfər gününü! Həmin günü anlatmaq üçün dünyanın bütün dillərindən ən yaxşı, ən gözəl sözləri götürmək, səsin ən heyrətedici tonlarında dilə gətirmək istəyir insan… “Qarabağ” poemasının müəllifinə görə isə 8 noyabr Azərbaycan üçün ən qudsal rənglərin vəhdətidir:
Hər tərəfdə mavi, qırmızı, yaşıl,
Hər yan Azərbaycan bayrağı kimi!
Bu sevgiylə, bu bağlılıqla qələmə alınmış “Qarabağ” poeması üçün müəllifə mütəşəkkirəm. Və oxucusuna mamırlamaq istəyini yenidən xatırladan poemanın diktəsilə yurdda daş olmağın hünər sayılmasının da qədim Türk düşüncə sistemində öz yeri olduğunu təkrarlayıram… Bizi bizdən yaxşı bilən Vətənimiz, ruhumuzdakı bütün gizlinləri oxucunun ovcuna qoyan qələmimiz, tarixin sandığında “ən qiymətli” etiketiylə saxlanan keçmişimiz var olsun! Hələ çox kitablar yazılacaq… Və də, oxunacaq!
Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in yaranmasından 120 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çap olunub.
AZƏRTAC xəbər verir ki, XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi mühitində mürəkkəb hadisələr baş verməkdə idi. Bu hadisələr “Şərqi-rus”, “Həyat” və “İrşad” kimi ciddi üslublu mətbuat orqanlarında öz əksini tapsa da, aktual problemləri geniş kütlələrə daha sadə, aydın, hər kəsin anlayacağı dildə çatdıran mətbuat orqanına ehtiyac duyulurdu. “Molla Nəsrəddin” jurnalı ictimai-siyasi zərurətin nəticəsi kimi meydana gəldi; nəşrin redaktoru C. Məmmədquluzadənin dediyi kimi, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”. Jurnalın bu cür adlandırılması da maraqlıdır. Məlumdur ki, Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı qəhrəmanıdır və həmişə də nadanlığa, haqsızlığa gülə-gülə münasibət bildirib.
Jurnalın təsisçiləri görkəmli yazıçı Cəlil Məmmədquluzadə və ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadə Molla Nəsrəddinin dili ilə xalqın istək və arzularını açıqlayır, onu güldürür, düşündürür, həm də yol göstərirdilər.
Nəşrin 1-ci nömrəsində əhatə olunmuş ədəbi, ictimai-siyasi məsələlər sonralar da dövrün tələbinə uyğun şəkildə davam və inkişaf etdirilib. Jurnal 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. İyirmi beş il ərzində 748 nömrəsi çıxıb.
Jurnal öz “lüğət”lərində, “tapmaca”larında, “mükalimələr”ində, “hesab məsələləri”ndə, felyeton və satirik şeirlərində mütərəqqi ideyaları təbliğ edib. Dərgidə müstəqil dövlətçilik ideyaları, xalqın maarifləndirilməsi, milli-mənəvi özünüdərk prosesləri, cəmiyyətin demokratik inkişafı məsələləri mühüm yer tutub. Sosial-siyasi problemlər sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib.
Dövrünün tanınmış sənətkarları Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq və başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.
Jurnalın nəşri ilə Azərbaycan mətbuatında yeni istiqamət – “Molla Nəsrəddin” adlı fikir cərəyanı və ədəbi məktəb yaranıb, satirik jurnalistikanın və karikatura sənətinin əsası qoyulub.
Marneulinin Sadaxlı kəndində fəaliyyət göstərən “Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi”ndə Azərbaycanın Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə bölgənin ziyalıları, müəllim heyəti və mərkəzin fəal şagirdləri iştirak ediblər.
Mərkəzin rəhbəri Samir Şərifov çıxış edərək Səməd Vurğun yaradıcılığının gənc nəslin milli mənlik şüurunun formalaşmasındakı rolundan bəhs etdi. Qeyd edib ki, Səməd Vurğun sadəcə bir şair deyil, o, Azərbaycan dilinin saflığını və xalq ruhunu öz misralarında yaşadan bir zirvədir. Bu gün şagirdlərimizin onun yaradıcılığına göstərdiyi maraq mərkəzimizin əsas məqsədlərindən biri olan milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi missiyasına xidmət edir.
Digər çıxış edənlər Xalq şairi Səməd Vurğunun zəngin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan və keçdiyi şərəfli həyat yolundan bəhs edib, şairin irsinin gənclər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb, onun Gürcüstana səfərləri barədə xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsində şagirdlərin təqdimatında şairin ölməz “Vaqif” dramından parçalar səhnələşdirilib və vətənpərvərlik rəmzinə çevrilmiş “Azərbaycan” şeiri böyük coşqu ilə səsləndirilib.
Gürcüstanın qədim tarixi, dini, mədəni abidələrindən biri də orta əsrlərə aid olan Gelati məbədidir. O məbəd ki, Azərbaycan mədəniyyətinin nümunələrindən olan və bir növ incisi hesab edilən Gəncə qapısı məhz burada saxlanılır.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri məbəddə olub, bu abidənin milli-mənəvi, tarixi əhəmiyyəti, burada saxlanılan digər mədəniyyət abidələrinin vəziyyəti ilə maraqlanıb.
Məbədə giriş pulsuz olsa da, son iki-üç il ərzində burada baş vermiş yanğınlar, tavanlardan su sızması ilə əlaqədar aparılan təmir-bərpa işləri səbəbindən çəkilişə icazə verilmir.
Bələdçi isə müvafiq qonorar müqabilində bildiklərini söyləməkdən çəkinmir.
Bildirilir ki, Gürcüstanın Qərbində, Kutaisi şəhəri yaxınlığında yerləşən monastır 1106-cı ildə Kral IV David tərəfindən əsası qoyulmuş memarlıq incisidir. Gürcüstanın “Qızıl dövrü”nün mədəni və elmi mərkəzi olan bu kompleks 1994-cü ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Kompleksdə qədim freskalar və mozaikalar qorunur.
Gelati monastırı Kutaisi-Qaenati Yeparxiyasına məxsusdur.
Hündür yerdə inşa edilmiş məbəddən ətraf ərazini və uzaq Raça-Leçxumi dağlarının gözəl mənzərəsini görmək olur. Ümumilikdə, monastır XII əsrə aid böyük Məryəm Ananın Miladı Kilsəsindən və XIII əsrə aid digər iki kilsədən ibarətdir. Yaxınlıqda zəng qülləsi, akademiya, bir neçə köməkçi bina və iki darvaza tağı da var.
Gürcüstanda monastırlar adətən yerləşdikləri yerin və ya qurucularının adı ilə adlandırılır. Gelati isə xüsusi bir haldır. Bələdçinin sözlərinə görə, heç kim “gelati” sözünün dəqiq mənasını bilmir. Amma ən inandırıcı nəzəriyyəyə görə, bu söz “doğum və ya dünyaya gəlmə” anlamını verən “genphlia” yunan sözündən götürülüb. Çünki kafedralın əsas kilsəsi müqəddəs Məryəmin doğum gününə həsr olunub. Bu söz monastırın erkən adı olan Gaenatinin yaranmasına səbəb olub.
Kilsələrdən başqa, monastır özündən daha məşhur olan qapıları ilə öyünür. Kral Qurucu David öz vəsiyyətinə uyğun olaraq qapıların tağının altına basdırılıb və onların şöhrəti də bundan sonra başlayıb. Rəvayətə görə, insanlar monastıra məzar daşına ayaq basaraq girməli idilər. Lakin bu gün bu darvazalardan artıq keçid kimi istifadə edilmir və faktiki olaraq məqbərəyə çevrilib.
Məbədi gəzərkən daxil olduğun əsas qapıdan bir qədər irəlidə və solda, məzar daşından yuxarıda dəmir darvaza asılıb. Bu, monastırın ikinci əlamətdar yeri olan Gəncə darvazasıdır.
Qeyd edək ki, müəyyən bir hissəsinin eroziyaya uğramasına baxmayaraq darvaza olduqca təvazökar görünür. Kobud şəkildə metal təbəqələrdən haşiyələnmiş darvazanın üzərində ərəb əlifbası ilə bir yazı həkk olunub: “Rəhman və Rəhmli Allahın adı ilə! Böyük Rəbbimiz və Hökmdarımız Seyyid Şavur I ibn Əl-Fəzl – Allah ona uzun müddət hakimiyyət nəsib etsin — Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullahın — Allah ona uğur nəsib etsin — xeyir-duası ilə bu qapını tikməyi bizə əmr etdi. Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Hicrətin beşinci, əllinci və dörd yüzüncü ili (1063)”.
Bu gün Gelati kompleksi unikal freskaları, eləcə də Qafqazın ən zəngin Bizans üslublu mozaikaları ilə tanınır. 2023-cü ilin əvvəlində məbəddə yanğın baş vermiş, nəticədə abidənin bir neçə hissəsinə ciddi ziyan dəymişdi.
Gürcüstan hökuməti məbədin bərpası üçün xaricdən mütəxəssislər cəlb edib. Baş nazir İrakli Kobaxidze Gelati monastırının divar rəsmləri və mozaikalarının konservasiya proqramlarının həyata keçirilməsi ilə bağlı tədbirdə çıxışı zamanı bildirib ki, Gelatinin zəngin tarixi və bəşəri əhəmiyyəti bu ən dəyərli mirası qorumağımız və gələcək nəsillərə saxlamağımız üçün hər birimizin üzərinə çox böyük məsuliyyət qoyur. Onun sözlərinə görə, Gelati əsrlər boyunca Gürcüstan xalqının mənəviyyatının və mədəniyyətinin ən mühüm mərkəzi olub və qalmaqdadır.
Məlumat üçün bildirək ki, məbəddə ilk təmir-bərpa işlərinə 2008-ci ildə başlanılmışdı. Lakin Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bərpa işləri dayandırılıb və 2014-cü ildən yenidən davam etdirilib. Həmin ildən də bərpa prosesində daim fasilələr yaranıb.
Bir-iki kəlmə dua, beş-altı kələmə arzu, Tanrım, qoy saf saxlasın sən verən öyüt bizi. Sənə üz çevirən gün üzümüzə nur çilə, Səndən üz döndərən gün daş elə, keyit bizi.
İnsanı Haqq yanında hər varlıqdan baş elə, Qızını doğma bacı, oğlunu qardaş elə. İnsanlığı unutsaq, bağrımızı daş elə, Qışın qarına döndər, buz kimi soyut bizi.
Köksüzlər öz ömrünü bəxtəvər saya bilməz, Dağdan dayağı yoxsa, sellər çağlaya bilməz. Ruhda, qanda yoxdusa, Haqqa bağlaya bilməz Nə peyğəmbər, nə imam, nə qərib seyid bizi.
Şah sevgilər yolunda qaya kimi çapılaq, Harda yıxılan olsa, dayaq olaq, tapılaq. Çörək olaq yeyilək, kündə olaq yapılaq, Dəyirmanı işə sal, dən kimi üyüt bizi.
Nə millətə dərd, ələm, nə xalqa ah-zar verək, Ürəyi yanan kəsə dağımızdan qar verək. Düymələnək, açılaq, çiçək olaq, bar verək, Qoy nəsillər bilməsin barsız bir söyüd bizi.
Gözlərimiz göydədi, əllərimiz Haqdadı, Haqqa tapınmayan kəs qara daşdı, taxtadı. Demə ki, mən Allaham, bəndə çox uzaqdadı, Nə göylərdən arala, nə yerdən soyut bizi.
Dünya başdan-ayağa insaf olsun, din olsun, Dünyada yaxşı nə var, artsın birə-min olsun. Verdiyin hər nemətə min dəfə şükür olsun, İlahi! Xırdalama, həmişə böyüt bizi!
Bayram tətilinin son günü – martın 30-da Səməndər müəllimin amansız xəstəliklə mübarizədə qalib gələ bilməməsi xəbəri qısa müddətdə yaxın-uzaq ellərə yayıldı. Uzun illər təhsil sahəsində çalışan bacarıqlı maarif təşkilatçısı, “Qabaqcıl təhsil işçisi” Səməndər Məmmədovun vaxtsız ölümü təkcə doğmaları, dostları üçün yox, həm də ölkəmizin pedaqoji ictimaiyyəti üçün ağır itkidir.
1954-cü il fevralın 8-də Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olan Səməndər Eyvaz oğlu Məmmədov 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsini bitirib. Tələbəlik dostu, mərhum Arif Əmrahoğlunun dediyi kimi: “Elm sahəsində qalmağa hər cür imkanı vardı, qalsaydı, bəlkə də, indi elmlər doktoru, professor idi. Qalmaq istəmədi. Bəlkə, ona görə ki, Səməndərin yarımçıqlıqdan heç vaxt xoşu gəlməyib, həmişə üzüağ, alnıaçıq yaşayıb”.
Təyinatla Lerik rayonunun Vistən kəndində pedaqoji fəaliyyətə başlayıb. 1982-ci ildən Bakıda DİN-in tərbiyə müəssisəsindəki orta məktəbdə işləyib, 1987-ci ildən isə həmin məktəbə rəhbərlik edib.
2002-ci ilin yanvar ayından 2020-ci ilin yayınadək Sabunçu rayonundakı 271 saylı orta məktəbin direktoru olub.
Pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olan Səməndər Məmmədov istedadlı publisist, folklor araşdırıcısı, şair və bir çox aktual yazıların müəllifi kimi də tanınıb. Azərbaycan Yazıçılar və Aşıqlar birliklərinin üzvü olub. “Abdulla Şaiq”, “Qızıl qələm”, “Vətən” fəxri media və “Araz” ali ədəbi mükafatlarının laureatı olub. Prezident təqaüdünə, eyni zamanda, “İlin ən yaxşı məktəb direktoru” adına layiq görülüb, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
İlk şeiri orta məktəbdə oxuyarkən Gürcüstanda nəşr olunan “Qələbə bayrağı” və “Gürcüstan” qəzetlərində işıq üzü görən Səməndər Məmmədov 15-dək kitabın müəllifidir. Tanınmış media qurucusu, Əməkdar jurnalist Əflatun Amaşovun da dediyi kimi: “Səməndər müəllim yaradıcı insandır və doğma yurda məhəbbət onun yaradıcılığında da öz əksini tapıb. Borçalıda – Faxralıda keçən yüzilliklərdə yaşamış neçə-neçə el şairlərinin, aşıqların yaradıcılıq nümunələri məhz onun axtarışları sayəsində üzə çıxarılaraq nəşr olunmuşdur”.
Bizi bir-birimizə uzun illərin sınağından çıxmış dostluq telləri bağlayıb. Mənim tanıdığım Səməndər müəllim, hər şeydən əvvəl, sözü ilə əməli bir olan bütöv şəxsiyyət, böyük ziyalı, əqidəsinə sadiq, dostluqda etibarlı, saf bir insan, zəngin təcrübəyə malik müəllim, maarif təşkilatçısı, tədqiqatçı, şair-publisist idi.
Rəhmətlik professor Şamil Qurbanovun təbirincə desək, “Azərbaycanın ən müqəddəs və sağlam yerlərindən biri Borçalının” ağır ellərindən olan Faxralı kəndində dünyaya gələn Səməndər müəllim bu yerlərin gözyaşı kimi dumduru çeşmələrindən saflıq, duruluq, Qızılıqayadan sərtlik, mətinlik, qoca “Səngər”dən çətinliklərə mətanətlə sinə gərməyi öyrənib, ağır-batman Qarapapaq kişilərdən kişilik dərsi alıb.
Səməndər müəllim böyük yolu gözləyən, qədir-qiymət bilən, yaxşılığı unutmayan insan kimi tanınıb. Borçalının ağır-batman kişilərinin öyüd-nəsihətlərindən, ağbirçəklərin nağıllı-bayatılı dünyasından, folklorumuzdan, sazımızdan, sözümüzdən həyat dərsi alıb. Qurub-yaratmaq eşqi, tez qaynayıb-qarışa bilməsi ilə fərqlənib hər zaman.
Səməndəri özünün gəzən kitabxanası adlandıran Xalq şairi Zəlimxan Yaqub onun barəsində deyirdi: “Belə adamların olması cəmiyyətin, xalqın, insanlığın xeyrinədir. Səməndər ağsaqqaldır, ağır oturub batman gələndir, öz yerini biləndir. Bir insan kimi, ürəyi böyükdür, sinəsi genişdir, içində xılt yoxdur, başdan-başa nurdur, işıqdır, şeiriyyətdir, poeziyadır”.
Səməndər müəllim qüruru, mənliyi, ləyaqəti hər şeydən üstün tutub, kimsənin heysiyyətinə toxunmayıb və heç zaman da yol verməyib ki, kimsə onun heysiyyətinə toxunsun. Onu heç vaxt özündən çıxaraq hay-küylə danışan görmədim. Ən qanqaraldıcı məqamda belə fikrini səbirlə, dözümlə izah edir, qarşısındakını özünün haqlı olduğuna inandırırdı. Adamları tanıya bilirdi, çünki özünü tanıyırdı.
Səməndər müəllimin dostu olmaq həm asan idi, həm də çətin və məsuliyyətli. Asan, ona görə ki, təmənnasız, dəqiq, düzgünlüyü sevən və qiymətləndirən, dost üçün lazım olsa, varından, canından belə keçməyə hazır idi. Yarımçıq söz danışmaz, yarımçıq iş görməzdi. Söz verdisə, mütləq yerinə yetirərdi. Çətin idi ona görə ki, üzdə bir, arxada başqa cür danışanlarla arası olmaz, saxta pafosu, yalançı vədləri sevməzdi, yalan danışan adam onun ən böyük düşməni idi.
Sözün əsl mənasında pedaqoq idi. Uzun illik təcrübəsinə əsaslanaraq deyirdi ki, kənardan çoxlarına asan görünsə də, müəllimlik olduqca çətin peşədir. Savaddan da öncə etikanı müəllim üçün ən vacib keyfiyyət hesab edirdi. Deyirdi, mərifəti olmayan, şəxsi nümunəsi ilə şagirdləri həyatda düzgün istqamətləndirməyən biri nə qədər savadlı olursa-olsun, əsl müəllim ola bilməz. Müəllim hər şeydən əvvəl ziyalı, yolgöstərən tərbiyəçi, öyrədəndir.
Səməndər müəllim bilik və bacarığını xalqın, elin-obanın yolunda sərf edib, dövlətə, dövlətçiliyə, müstəqil Azərbaycanımıza sədaqətlə xidmət edib. Təkcə vəzifə borcundan irəli gələn işləri görməklə kifayətlənməyib, vicdanının səsi ilə xeyirxah addımlar atıb.
Tacik xalq misalında deyilir ki, insanın ömrü – onun dünyaya baxması və dünyanın onu görməsi ilə deyil, xalqın onu yadda saxlaması ilə ölçülür. Bu mənada, inanıram ki, Səməndər müəllim cismən aramızda olmasa da, əziz xatirəsi pedaqoji ictimaiyyətin, saz-söz adamlarının, dostlarının, doğmalarının və dərs dediyi minlərlə yetirməsinin qəlbində daim yaşayacaqdır.
Sənin baxışların yad baxışıdı. Biraz ötəridi, yaz yağışıdı. Buda bir taledi bir naxış idi Daha ürəyində yaşamaq olmur.
Qış olub ruhumu üşüdür hərdən Yaş olub qəlbimə süzülür bəzən Çox vaxt boğuluram mən bu qəhərdən Sənin ürəyində yaşamaq olmur.
Köçəri quş kimi uçub gedəcəm Gözündən yaş kimi düşüb gedəcəm Başqa bir ürəyə köçüb gedəcəm Sənin ürəyində yaşamaq olmur.
Mənə çox uzaqsan, heç çatmır əlim Ay mənim ağılı, gözəl sevgilim Gəl məni bağışla, bağışla gülüm Sənin ürəyində yaşamaq olmur. Daha ürəyində yaşamaq olmur.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyinin 3 aprel 2026-cı il tarixli müvafiq qərarına əsasən, Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanlı şairəHəyat ŞƏMİ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri təyin edildi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Bahar nəfəsli sinən güllələrə tuş gəldi, Ağu dedi bülbülün, qaranquşun nəğməsi. Çiçəklərin, güllərin gözlərindən yaş gəldi, Daraldı hər bir yerdə təbiətin nəfəsi. Şəhid ayım, aprelim!
Qönçə-qönçə gül açan güllərin güllələndi, Şəhid ətrin yayıldı, qara geydi buludlar. Hər arzun, hər diləyin qəlbində düyünləndi, Torpağına, daşına başın əydi buludlar. Şəhid ayım, aprelim!
Dalğalandı dəniz tək, çaxdı ildırım kimi, İgidləri hayladı azadlığın işığı. Ölümə sinə gərən ərən oğullarına, Əbədiyyət yaratdı o bahar yaraşığın. Şəhid ayım, aprelim!
Nəfəsində igidlik toxumları səpildi, Şəhidlərin ruhunda açıldı danın gözü. Qönçələrin qan əmdi, küləklərin acıdı, Çiçək açdı dilində azadlıq adlı sözün. Şəhid ayım, aprelim!
Vətən adllı tarixin düşüb igid payına, Aprel şəhidlərimin qızıl səsli bu ünü. Şəhidlərim doğuldu dil açdı sinən üstdə, Apeliin ikisində yazıldı doğum günü. Şəhid ayım, aprelim!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
2 aprel gününə, Göy də matəm saxlıyır. Dünəndən dolub gözü, İçin-için ağlıyır…..
Ağla millətim, ağla, Yurdun qana boyanlb. Amma bir az sevin ki, Qeyrətimiz oyanıb.
Sən də qarşıla Vətən, Yenə şəhidin gəlir. Xidmətin vurub başa, Şəhid… igidin gəlir.
Gözaydınlığı verin, Hər şəhid atasına. Analar ağı desin , Şəhidlik butasına..
Dəvətnamələr yazın 2 aprel gününə. Subay şəhidlərimin Bu günkü toy düynünə.
Uğurunda öldüyü, Torpağından ev verin. Bəy libaslı bayrağı Gözləri üstdə sərin.
Şəhid Qarabağımız Allah, nağıla döndü. Hər daşı, hər qayası, Şəhid oğula döndü.
Şəmsəddin Kuzəçi… kərküklü tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı, Kərkük qəzetinin baş redaktoru, Türk dünyası Akademiyasının “fəxri professoru” (2022), AMEA-nın Ədəbiyyat İnstitutunun “Fəxri doktoru”, ictimai xadim. Məqsədim Şəmsəddin Kuzəçinin “Kərkükün günəşi” kitabı haqqında düşüncələrimi bəyan etmək olsa da, fikir məni bir az uzaqlara, Türk dünyası ilə bağlılığı, zəngin mədəniyyəti ilə seçilən İraq türkmənlərinin mərkəzi olan “bir bütövün parçasına” Kərkükə həsrət olduğumuz yaxın keçmişə aparır.
Vaxtı ilə Rəsul Rza “Aşıq Yanıqlının bayatıları” kitabında yazırdı: “Bağdaddan karvan gəlir, /Dərdli, pərişan gəlir./Kimlər qurban kəsilib/Sularım al-qan gəlir?” Bu misralarda o zaman bizə “uzaq olan yaxın ellərin”, yaralı Kərkükün, yalnız Kərkükün deyil, Ərbil, Mosul, Tələfərin, bütövlükdə türkmənlərin fəryadı, göz yaşı, çəkdikləri zülmlər hopmuşdu.
Kərkükün problemləri tam həll olunmasa da, artıq yollar qısalıb, “bütövün parçaları” bir araya gəlir. Xoşbəxtik ki, artıq türkmən qardaş və bacılarımızla elmi və ədəbi əlaqələr qurulub. Dəvət aldığımız elmi simpozyumlarda bir-birimizlə görüşüb söhbət edir, fikir bölüşürük. Şərqdən, Şərqin bitməyən problemlərindən, daha çox Kərkükdən danışırıq. Bu gün Kərkük deyincə, yadıma dostlarım, Bağdad universitetinin dosenti Nadia Jassen, folklorşünas alim Nejdet Yaşar Bayatlı, Türk dünyasında tanınan elm adamı və sevilən şairi, “Kardeşlik” ocağın fəxri prezidenti professor Məhmət Ömər Kazancı, müasir Türkman ədəbiyyatının nümayəndələrindən Əbdüllətif Bəndəroğlu, Cəlil Qazançıoğlu, Husam Həsrət, Əsəd Ərbil, Faruk Faiq Köprülü, Əli Çolaqoğlu, şairə Ayhan Həcəroğlu, AMEA-nın Ədəbiyyat İnstitutunun “Fəxri doktoru”, şair, alim, ictimai xadim Şəmsəddin Kuzəçi gəlir.
Şəmsəddin Kuzəçi ilə ilk dəfə Bakıda AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında keçirilən İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında tanış oldum, ayaqüstü söhbət etdik, şəkil çəkdirdik. İkinci dəfə onunla AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri doktoru seçiləndə (2025) oldu. Taleyini, yaşadıqlarını öz dilindən duydum. Akademik isa Həbibbəylinin, professor Q.Paşayevin Şəmsəddin Kuzəçi haqqında söylədikləri, bir insanın məfkurəsi yolunda, vətəninin azadlığı uğrunda çəkdikləri və etdikləri məndə böyük təəssürat yaratdı. Üçüncü görüşümüz isə bu il, yenə Ədəbiyyat institutunda oldu. Şəmsəddin Kuzəçi yeni çıxmış kitabını avtoqrafla mənə verdi.
Böyük bir kitabxanam olsa da, kitabxanamdakı avtoqraflı kitablar mənim üçün xüsusi bir əhəmiyyət kəsb edir. Kuzəçinin “Kərkükün günəşi”(Bakı, Vektor, 2025) kitabı kimi.
Deyirlər ki hər şair öz taleyini yazır. Bu fikir, şairlərin öz duyğularını, ruhunu və yaşadığı ağrı-acıları şeirə köçürməsi, ədəbiyyatda geniş yayılıb. Çox zaman belə olur, şairlər öz mənəvi dünyalarını, həyatlarını, sevgi nağıllarını yazaraq, öz talelərini əks etdirir, ictimai vəziyyətlərini ifadə edərək, özlərini oxucuya təqdim edirlər. Həqiqi şairlər isə öz mənəvi dünyası ilə yanaşı, həyatın ağır yükünü, vətənin dərdlərini, vətənin taleyini şeirlərində inikas etdirirlər. Belə də olmalıdır, çünki “yaradıcılıq təkcə öz taleyini yazacaq qədər bəsit deyil!”
Şəmsəddin Kuzəçinin şeirlərində şairin öz mənəvi dünyası ilə yanaşı, həyatın ağır yükü, vətənin – Kərkükün dərdləri, dünəni, bu günü inikas edir. Bəzən poeziya
həyatın özündən də həyatidir. Poeziya həyatın şairlər tərəfindən zövq və istəklərinə görə sözlə çəkilmiş şəklidir. Kiminə görə, həyat sevgidir, kiminə görə gözəllikdir. Kiminə görə ağrıdır, iztirabdır. Kiminə görə, oyundur. Nəğmədir… Yoldur…Arzudur…Çağrışdır… Kiminə görə, mübarizədir, savaşdır. Bütövlükdə həyat bir hekayədir və hər kəsin bir hekayəsi var. Şəmsəddin Kuzəçi üçün həyat mübarizədir, hekayəsi isə Kərkükdür.
Onun üçün hər şey vətəndir – Kərkükdür, hər misrasında Kərkükün yaşadığı dərdlər var, nisgil, zülüm var. Yalnız şairin deyil, bütövlükdə türkmanların yaşadığı acılar, üzüntülər, işgəncələr, “ozanların səsi”, “yetimliyin qoxusu”, “dağların acısı” var. Bütün bunlar, “Kərkükün qalası”, “şəhidlərin səsi” “illər boyu acılar, üzüntülər, işgəncələr çəkmiş, zindanlar görmüş” Mehmet İzzət Xəttata həsr etdiyi “Bir şairin arxasından” adlı şeirinə naxışlanıb:
Gedərkən özü ilə götürdükləri var:
Gedərkən
on ovuc “Günəş qanı” apardın ətəyində.
Yetimliyin qoxusu yayıldı çiçəyində.
Dağların acısını, Kərkükün qalasını,
qulağında ozanların, şəhidlərin səsini… (“Bir şairin arxasından”).
Onun “bir şairin arxasından” düşündükləri ürəkləri sızladır. “İllər boyu acılar, üzüntülər, işgəncələr çəkmiş, zindanlar görmüş”, “həsrətlə gül əkmiş” “ürəyini qəm boğmuş” Mehmet İzzət Xəttata bu acıları yalnız ölüm unutdurur. Yalnız bu dünyadan gedərkən, təqvimin yarpaqları gül suyuna boyanır.
Gedərkən,
təqvimin yarpaqları gül suyuna boyandı.
bu bağdan köç edənin
qəlbi xoşbəxtlik doğar.
Həsrətlə gül əkənin
(gedərkən)
ürəyini qəm boğar (“Bir şairin arxasından”).
Şairin bizim el dediyi baş qaldıranın asıldığı türkmən elləridir, şair Rüstəm Behrudinin təbirincə desək: “taleyi sirr olan” Kərkükdür, Mosuldur, Telafərdir.
Bizim eldə,
hər acıya dözmək gərəkdir.
Əlacını düşünmədən
ağrılara dözmək gərəkdir…
Dözməyənsə,
darağacını
düşünməlidir.
Bizim eldə, bizim eldə…
Bu ellərdə baş qaldıranın sonu edamdır. Ya susub hər şeyə dözməli, “öz içində ağlayıb”, “köz kimi yanmalısan”, ya da dar ağacına salam verməlisən.
“Desəm öldürərlər, deməsəm ölləm” misali… İnsanın iki od arasında qalması… Həqiqəti deməyin təhlükəli, susmağın isə vicdanı və ya insanı məhv etdiyi qorxunc dilemma qarşısında qalmasından əzablı nə ola bilər.
Ş.Kuzəçi susmamış, fikirlərini yazdığı şeirlərə, xoyratlara səpələmiş, bəzən gizli, bəzən açıq mesajlar vermiş, milli kimliyini bəyan etmiş, dili uğrunda mübarizə aparmışdır:
Kərküküm, mərd Kərküküm,
Milləti sərt Kərküküm,
İçinə yadlar girib,
Çəkirik dərd, Kərküküm.
Kərküklüyəm, siz bilin,
Kəsərəm düşmən dilin,
Neft töküb yandırsalar,
Tərk etməm türkmən dilin.
Susmağı bacarmayan vətənpərvər Şəmsəddin Kuzəçi danışmağın cəzasını çəkmişdi. Toyda oxuduğu bu şeirə İraq rejimi tərəfindən görə həbs olunmuş (1993), şeirləri siyası məzmun daşıdığına görə 3 ay nəzarətdə qalmışdır. Rejimi ən çox narahat edən şairin bu misraları olmuşdu:
Qul qaçdı, qazı qaldı,
Yazılmış yazı qaldı,
Əl qaldırın Allaha,
Zalımın azı qaldı.
Gözləri, əlləri bağlanaraq sorğuya çəkilən şairə səs lentindən oxuduğu şeirləri dinlədilib, tərcümə etməyi, şeirlərin izahı istənilib. Şeirlərinin Səddam idarəçiliyinə qarşı olduğu bəyan edilib. Şeirlərində həqiqəti ifadə edən Ş.Kuzəçi həqiqəti dilə gətirməyin də bədəlini də ödəyib, susmağın yaşatdığı əzabın da… Çünki bəzən susmaq, danışmaqdan da çox əzab verir insana. İnsanı daxilən məhv edir. Şairin aşağıdakı şeirində qorxu və vicdan arasında boğulan insanın durumu ən dəqiq şəkildə olunur:
Ağlaram öz içimdə,
Yanaram, köz içimdə,
İstəmirəm danışım,
Qoy qalsın söz içimdə.
Millətin yaşadığı coğrafiyanın adı vətən olsa da, bir millət üçün vətən, sadəcə üzərində yaşadığı yer deyildir. Əsrlər boyu milli və dini düşüncəmizdə vətən müqəddəs sayılıb, uğrunda qanlar tökülüb, “Vətəni sevmək imandan sayılıb”. Kültürümüzdə vətən, namus, şərəf, heysiyyət və azadlığımızın adıdır. Vətən doğulduğumuz, üzərində böyüdüyümüz torpaqdır. Vətən, torpaq haqqında duyğularını bayatılara pıçıldayan şair üzün də “Vətəni sevmək imandandır”.
Səhərdir, ulduz çoxdur,
Sözümüz yada oxdur.
Kim ki yurdunu sevməz,
Cənnətdə yeri yoxdur.
Və bu vətən böyük bir coğrafi ərazini Türk dünyasını əhatə edir. Şairin “Mən Kərkükəm, Çanaqqala!” səslənişi çox təsirlidir. Şeirdə Osmanlının I Dünya müharibəsindəki məğlubiyyətindən sonrakı yaşananlar, zaman-zaman başına gələn bəlalar, “neftinin başına açdığı bəlalar” inikas edir:
Mən Kərkükəm, Çanaqqala!
Zorla məni
anamdan qopardılar;
Yardan uzaqlara apardılar.
Zaman-zaman
qırıq könlümü alardılar.
Mən Kərkükəm, Çanaqqala!
Dimdik ayaqdayam, yaşayıram hələ…
Mən Kərkükəm, Çanaqqala!
Bayrağımı Atam əlylə çəkmiş.
Kıbrısın türk bayrağıtək
Birinə ağ, birinə göy mavisi
rənglərini vermiş…
Birinə “Bala vətən”,
Birinə “Ata Vətən” demiş.
Mən Kərkükəm, Çanaqqala!
Neftim başıma bəla!…
Ancaq başına bəlalar gəlsə də, Kərkük dimdik ayaqdadır. Lozan sülh müqaviləsi ilə taleyi həll olan (“yazıyı qara yazan Lozan”), “Bir qırıq budağa sığınşa” da dili, mədəniyyəti, musiqisi, şeiri, bayatısıyla ayaqdadır, vardır, var olacaqdır:
Mən Kərkükəm, Çanaqqala!
Oğuzlardan gəlmişəm.
Kürəyimə
mədəniyyət xəzinəmi almışam.
Bu günə qədər
dilimlə, şeirimlə, musiqimlə,
bayatımla ayaqda qalmışam…
Mən Kərkükəm, Çanaqqala!
Sığınmışam bir qırıq budağa!…
Nə qədər ki, Kərkük üçün ölənlər var, vətən sevgisini ruhunda yaşadanlar var, Kərkük də var! Şair yalnız Kərkükün və kərküklülərin faciələrini deyil, Kərkük deyə-deyə ölənləri də unutmur. Türkmən şairi Sami Yusif Tütünçünün xatirəsinə şeir yazır. Şeirdə telefon zəngi ilə Sami Yusif Tütünçünün ölüm xəbərini alan şairin duyğuları, ağrıları, acıları, ayrılıqları əks olunur:
Arxanca şeirlər oxundu, ağılar söyləndi.
Kərkük yetim, türkmənlər dayısız qaldı.
Kərkükün sevgisini bizə nə gözəl anlatmışdın.
Kababçı da onu dilə gətirdi:
“Qışda gecə sevilir,
Şeir heca sevilir.
Sən öyrətdin bizlərə,
Kərkük necə sevilir” (Yarım qalan şeir).
Sami Yusif Tütünçünün ölümü ilə “Kərkük yetim, türkmənlər dayısız” qalıb. Hər Kərkük sevdalısı bir Kərkükdür. Şair onun üçün “Kərkükçün darıxdığı qədər darıxır:
Sənin üçün darıxdığımı bilirsən,,
mənə sarılıb gülürsən…
Kərkükçün darıxdığım qədər
səninçün darıxmışam.
Gözlərin, Gürgürbaba kimi
işidir məni…
Şəmsəddin Kuzəçi üçün Kərkük sevginin, həsrətin ölçüsüdür. Sevdiyini Kərkükü sevdyi qədər sevir. Darıxdığı üçün “Kərkük üçün darıxdığı qədər” darıxır. Şairin qürbətdəki dostuna “qayıt” səslənişi ürəkləri parçalayır: “Bir bax!/Qan damlayan/Kərkükün tablosuna./Şəhidlərin rəsminə!…” Bu səsləniş özünə dönməyə səslənişdir: “Bir də bax!/Şeirlərimizin gözəlliyinə, /bayatılarımızın gözəlliyinə/ səni həsrətlə gözləyən/nəğmələrə, türkülərə,/Ramazan gecələrinə./ Qayıt,/Korya, Musallaya./Qayıt, qayıt…”
Şairin dostuna, bütövlükdə Kərkükdən uzaqda Kərkük üçün ağlayanlara, “Qayıt, dostum, qayıt!/Qayıt yurduna”, – deyə səslənişi çox təsirli və diqqətçəkicidir.
Qayıt, dostum, qayıt!
Qayıt yurduna…
Bax Xurma hanına,
Qarılar bazarına.
İmam Əhmədə (Xəttatın türbəsinin olduğu məzarlıq)
bayatıyla bəzənən
Xəttatın məzarına (Kərkükün milli şairi İmam Xəttat).
Vay, xəttatım, vay!
Nələr çəkirsən, nələr?
Bilirəm, ağlayırsan gecələr… (Kərkükdən səsləniş)
Şairın qayıtmasını istədiyi dostuna bu məkanları sadalaması təsadüfi deyil. Bu məkanalrın hər birində türkmənlərin xatirəsi əbədiləşib, tarixi, Kərkükü sevənlər və uğruna ölənlər yatıb. İmam Əhməd Xəttatın türbəsinin olduğu məzarlıq, İmam Xəttat isə Kərkükün milli şairidir. Kuzəçinin “qayıt” səslənişi pərən-pərən olub, qurbət ellərə dağılmış türkmənlərədir. Bir olmaq, birlik olmaq, “əl-ələ, kürək-kürəyə” vermək zamanıdır. Gələcəyimizin qarantı olan uşaqlarımıza azadlıq yollarını açmaq və tapmaq üçün “Biz-bizə, kürək-kürəyə,/iç-içə, əl-ələ/verməliyik. Uşaqlarımıza azadlıq yollarını tapmalıyıq”. “Kərkük qalasız, Türkmən hoyratsız,/Quşlar yuvasız/olarmı, dostum?
Şəmsəddin Kuzəçi yorulmadan, inadla parçalanmış türkmənlər yurdlarına qayıtmağa, bir olmağa çağırır: “Qayıt artıq!” Bu çağırışda həm gedənlərin bir gün dönəcəyinə, həm də “fələyin çərxinin bir gün dönəcəyinə” inam var:
Əlbəttə, bir gün yox olacaq.
“Bir gün dönər,
Bir gecə bir gün dönər,
tələsmə, nazlı könül,
gedən quş bir gün dönər.
Çarxı dönsə fələyin, bir gün də bir gün dönər”.
Qayıt, dostum, qayıt!
Qayıt yurduna! (Kərkükdən səsləniş).
Meksikalı şair, tərcüməçi, diplomat, siyasi publisist Oktavia Pasa görə, “Poeziya –ruhun qurtuluşudur, gücdür, fərqli bir dünyadır. Şəmsəddin Kuzəçi üçün poeziya mübarizədir, duruşdur. Onun ruhu, canı isə Kərkükdır.
Bülbülə yazığım gəlir.
Qəfəsdə olur…
Balığa yazığım gəlir.
Dənizsiz ölür…
Yalnız
Günəşi sevirəm:
Günəşi sevən
nə qəfəsdə,
nə dənizdə
yaşaya bilir… (Günəş sevgisi).
Şair yalnız günəşi sevir. Günəşi sevənsə, nə qəfəsdə, nə dənizdə yaşaya bilir. Onun dərdi də, dərmanı da, sevdiyi günəşi də Kərkükdür. Kərkük Şəmsəddin Kuzəçinin ruhudur, kimliyinin təqdimidir.
Azadlıqdır amacım,
Millət böyük inancım,
Vətənimdir baş tacım,
Kərküklüyəm, Türkmanam!
Türkoğlu türk əslim mənim,
Oğuz boyu nəslim mənim,
Şan-şöhrətli ismim mənim,
Mən Kərküklü bir Türkmanam,
Türkə yan baxana düşmənəm (“Mən Kərküklü bir Türkmanam”).
Şəmsəddin Kuzəçinin diqqətimi çəkən şeirlərindən biri də “Pıçıltı” şeiridir. Şeirə verilən ad məzmunundan xəbər verir. İnsan nədən hayqırmaq yerinə, pıçıldayar? Adətən başqalarının eşitməməsi, sirr verməməsi və ya sakitliyi qorumaq üçün pıçıldayar. Bəzən də ürəklər dərddən parçalanınca, “aha dözməyincə”,/”daha dözməyincə” pıçıldayar. Şair də düşüncələrini pıçıldayır misralarına:
Ürəklər aha dözmür,
Ürəklər daha dözmür…
Bu dərdli halda
sevmək, sevilmək
çox baha…
İçlər qapqara,
Çıxılmaz bir mağara. Bütün bunların içərisində yalnız Kərküklü “xəyallar çiçəklər kimi rənglidir”. Biz də yazımızı “Çiçəklər kimi rəngli xəyalları”n bir gün həqiqət olması arzusu ilə biririr, şair Şəmsəddin Kuzəçiyə uğurlar arzulayırıq!
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
Sonra necə oldusa.. Dünən axşam qəribsədim bir qucaq. Bu şəhəri gizləməyə çalışdım gözlərimdə.Doluxsundu od-ocaq.
Sonra necə oldusa, Çərşənbələr yekunlaşdı o gecə. Dedilər ki: “elimizdə bayramdı” . Telefonlar təbrikləşdi eləcə. Hər bəhəsə şahid olduq- seyrandı.
Sonra necə oldusa, bağlı qapı arxasında böyüklər, bağlı qapı qarşısında kiçiklər gizləndilər,qapıları döydülər. Gözlədilər.. Gözlədilər.. Olmadı.. Papaqları əllərində qayıtdılar-içiboş. Ürək ilə qapı açan olmadı ki olmadı. Bizim yoxsul uşaqlığa baxanda bu xəsislik ürəkaçan olmadı ki… Olmadı!
Külək qəfil qəzəb ilə əsincə küçələrin ocaqları sönürdü. “Heç belə də bayram olar?” deyəndə uşaqların gözlərində neçə ümid ölürdü. Dünya mənim gözlərimdə dönürdü.
Sonra necə oldusa.. Qarışdırdım fikirləri birtəhər Yumurtalar toqquşdurduq o gecə. Küsüb-küsüb barışdılar uşaqlar. Bilmədi heç bu şəhərin özü də, Toz bətnində məyus neçə uşaq var.
Getmək kimi bir istəyə tutuldum. dünən axşam qəribsədim bir qucaq. Gecə yatdım anam gəldi yuxuma, dedi:” qızım, hərdən olan olur da.. Gerçək həyat budur da!
İşıq olur, Günəş olur yaradanın sevgisi. Dünya dönür, insan ölür, yol bitir. Son günədək qəribsəyir adamlar. Qapıların qarşısında qəfildən ümidləri qırılan o uşaq tək yetim qalmış bu şəhəri buraxma, nə qədər ki,açılmamış qapı var.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Ara-sıra yadıma da düşürsən, Ara-sıra darıxıram da sənsiz. Əvvəliydi, yarısıydı, sonuydu, Harasından qayıtmışdıq yolu biz?
Hər şey eyni- bilmədinsə, bilmə heç, Düzəldirəm dağıtdığın düzəni. Belə asan, belə sadə, belə tez Nə bilmişdin, unudarammı səni?
Ara-sıra gülürəm sözlərinə, Telefonda səsin qalıb, silmirəm… Ara-sıra düşürəmmi yadına? Məni necə unudursan, bilmirəm.
Yoxdur buğdanın qanadı; Yük olmadan qarışqaya Uçsun sünbüldən yuxarı, Bitsin torpaqdan aşağı. Sən də bir gün külək olsan, Yağışın yolunu kəssən, İslatdığı hər telinin Dilini, boyunu kəssən, Ağlar ürəkdən yuxarı, Susar daraqdan aşağı. Gözləginən yarasanı Alatoran düşən vaxtı. Gündüzləri haraylama, Gecələrə düşər baxtı. Qaçar gözündən yuxarı, Enməz qulaqdan aşağı. Yıxılmısan, əzilmisən, Qanamısan zaman-zaman. Dizlərinə vaxtın izi Düşüb qapaqdan yuxarı, Sızıb topuqdan aşağı. Adını da unutmusan, Gözünün rənginə kimi. Eşqin yaman çaşbaş qalıb Səni gözləyənə kimi; Baxıb günəşdən yuxarı, Görüb ocaqdan aşağı. Hərdən vicdanın sızlayıb, İçin-için göynəmisən. Bir az Allahdan yuxarı, Bir az dodaqdan aşağı…
Zülmətin Çırağı
Tək-tək asılıb yenə , Pəncərəmdən qorxular. Səssizliyin gözünə Səs qatıbdı yuxular. Arzular xəstə düşüb, Canı şərin əlində. Ürəyimi tapıram Tez -tez yerin dibindən. Günahlarım boy verib, Vicdanımın boyuna. Zəhərləyib qanımı, Alışmışam huyuna. Nəyə həvəslənib ki, Duaların ağrısı? İtirmişəm içimdə Mərhəmətin Tanrısın. Sübhə kimi qəm tökdüm , Zülmətin çırağına. Saçımdan kəsib verdim Şeytanın darağına…
Yarı Kağız…
Son çiçəyin üst-başı, Toza düşdü bu payız. Harda qoruyum onu? Kitabım yarı kağız . Yarısı sözdü, qəmdi, Yazısı cəhənnəmdi, Sandıqda yeri nəmdi, Olacaq sarı kağız .
Sarı ayrılıq dəmi, Həsrətin tutdu gəmi, İçimdə batan məni Çıxartdı quru kağız . Quru vərəq nə gözəl, Bəxtə ,yazıya dözər. Məktubla doldu Xəzər , Daşacaq geri kağız…
Qubernator Bağı
Yarpaqlar mövsümünü yaşamışdı, Gecikdim… Şamın ömrü gənc idi Boyumdan xeyli hündür, Yaşımdan çox balaca… Dəlisov xəzri yenə Dağıdırdı saçlarımı sonacan; Qubernator bağında, Bizim evdən buracan… Üşüyürdü əllərim, Əlcəyi unutmuşdum, Çətirimin yanında. Külək niyə dolanır Bu əsəbi qanımda? Bürünmüşdüm fevralın Soyuq rəngli donuna; Havadan ətri gəldi, Ən sevdiyim qəhvənin Soyuqlamış burnuma… Daşdı Xəzərin səsi Ürəyimdə birə-bir.
Bu gün Qubernatora, Dərdimi, kədərimi Danışmışdım elə bil…
Aya Doğru
Bir iz qalıb yerdən uzaq, Bir addım var göyə doğru. Hansı ulduzun tozuyam Üzüm baxır aya doğru?! Sanma, zil muğam üstəyəm, Şur dinləyən can üstəyəm. Ömrü yenidən izləyən Təqvim asdım saya doğru. Çox işlədi buz dolabım, Dondu içində inadım. Gizlətməli yerdi sandım Gün görmədi yaya doğru.
Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.
Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965–1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil almış, 1969–1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.
Rasim Balayev 1972-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasının aktyoru olmuş, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutmuş, 2022-ci ildə isə İttifaqın sədri seçilmişdir.
“Azərbaycanfilm” kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapmışdır. Onun ekran həyatı verdiyi, böyük təsir gücünə malik yaddaqalan obrazlar geniş tamaşaçı kütləsi tərəfindən hər zaman rəğbətlə qarşılanmışdır.
Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir. Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın obrazın mənəvi aləminə dərindən nüfuz etməklə canlandırdığı rəngarəng surətlər kino salnaməmizin unudulmaz səhifələrindəndir. Fitri istedadla yaradılan bu bənzərsiz xarakterlər daim özünəməxsusluğu ilə seçilmiş və diqqət mərkəzində dayanmışdır.
Ustad sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə də müasirlərimizin obrazlarına ekran həyatı verərkən dövrün mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Xalqımızın milli-mənəvi sərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütün bu rollar mühüm əhəmiyyət kəsb edir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.
Rasim Balayev Azərbaycanın hüdudlarından kənarda da ekranlaşdırılmış filmlərdə yaddaqalan obrazlar yaradaraq bir daha özünün sənətkarlıq məharətini nümayiş etdirmişdir.
Cəmiyyət həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Rasim Balayev həmçinin ictimai xadim kimi tanınırdı. O, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.
Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilmişdir. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Qeyd edək ki, Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olub. Onun kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbi olub. O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rolları ilə əsl tamaşaçı sevgisini qazanıb.
“Ədəbiyyat və incəsənət” portalı Şeir saatı rubrikasında sizlərə Fərqanə Səfərlinin şeirlərini təqdim edir.
GƏLİRƏM
Yerin pis əməlindən Üşüyürəm, İlahi – Göydə bir ocaq qala, Qızınmağa gəlirəm.
Çiynimdəki hörüklər Mələklərə yol açıb – Dəftərimi bilməkçün Arınmağa gəlirəm.
Qaranlıq peşimandı, Qardaş bilib işığı – Kəfənin iç üzünə Sarınmağa gəlirəm.
Biz uçmaq vərdişini Doğuluşdan itirdik – Bir kəpənək belində Barınmağa gəlirəm.
YENƏ
Yenə durna qatarı, Yenə sazaq bir hava. Yenə könlüm yön alır O isti uzaqlara…
Yenə gün batımını gözləyir qamış səsi, Bir də həsrət qoxuyan Kədərimin naləsi…
Yenə günəş gedəcək Öz doğma ocağına. Yenə düşər qaranlıq Yerin kor bucağına.
Yenə… Yenə burda mən, Bir də azğın ümidlər- Həm məni, həm özünü Xəyallara kilidlər.
SEVGİ VALSI
Gəl, rəqs edək səninlə, Mələklər savab yazsın Çiynimizdə ritmlə… Gəl, üzümüz ölümə Dözək hər bir zülmə. Zaman şərə qarışsın, Gecənin işıqları Gözümüzdən alışsın…
Tərləsin əllərimiz Valsın şən notlarında. Büdrəsin ayağımız Zər qırçınlı donumda. Cismim ağırlıq etsin, Sol qoluna əksimi – Oynayaq sənin ilə Ölümsüzlük rəqsini.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Mark xatırladıqca mən də yada salıram…
(Kəlbəcər alınandan sonra bir anlıq özümü orda hiss etdim)
Qoynunda keçibdir uşaqlıq çağım, Necəsən a çiçək, gül Kəlbəcərim. Doyub həsrətindən cana gəlmişəm, Kösövdü ağzımda dil, Kəlbəcərim.
Gəzib dağlarının çəmən üzünü, Sinəmə tuş etdim bulaq gözünü, Sənli günlərimin həsrət izini, Apardı nə yaxşı yel, Kəlbəcərim.
Ana qucağıdı köksü hər daşın, Nə yaxşı qalmadı yerdə göz yaşın, Sənə zülm edəni tutdu qarğışın, Yudu həsrətini sel, Kəlbəcərim.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Burax əllərimi, qoy çıxım gedim, Nəyinə lazımdır sənin bu sevgi. Həsrəti gözümə qoy sıxım, gedim, Olsun üryəyimə qənim, bu sevgi.
Nə əlhəd daşıyam, nə ümid yeri, Yonulub, yoğrulan qəm ağacıyam. Burax əllərimi qoy çıxım gedim, Bəlkə bir ürəyin ehtiyacıyam..
Ağacdan yonulub, daşdan yonulub, Bəxtimin naxışlı oyuncağı tək. Qıfıl da asılıb könül taxtından, Nəzəri qaytaran göz muncuğu tək.
Burax əllərmi, a sevda yolçum, Kipriyim asılıb göz yaşlarımdan. Qurtara bildim ki, sevəm də səni, Taleyin atılan bəd daşlarından.
Burax əllərimi qoy çıxım gedim.. İsti baxışında əriyən buzam. Bu ömrün qışında axı nə edim? Mən sevgi bağına gec gələn yazam.
Azərbaycan Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli beynəlxalq səviyyəli konsert proqramları ilə çıxışlarını davam etdirir.
Sənətçi fevralın 14-də Sevgililər günü münasibətilə Türkiyənin Kars şəhərində, martın 21-də isə Rusiyanın paytaxtı Moskvada Novruz bayramına həsr olunmuş konsert proqramları ilə çıxış edib. Uğurlu çıxışlardan sonra Almaxanım Əhmədli Ankarada Türkiyənin TRT kanalına dəvət alıb.
TRT-də peşəkar türk musiqiçilərinin müşayiəti ilə lentə alınan proqramda gənc ifaçı Azərbaycan və türk bəstəkarlarının əsərlərini, xalq mahnılarını və muğam nümunələrini təqdim edib. “Yüzyüzə akustik” adlı yeni layihənin ilk qonağının azərbaycanlı sənətçi olması xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, aprelin 10-da Almaxanım Əhmədli sənət dostları – müğənni Zabitə Alıyeva və bədii qiraətçi Xəzər Süleymanlı ilə birlikdə Naxçıvanda konsert proqramı ilə çıxış edəcək.
Unudulan olmağa nə var e?! Hünər ona deyərəm, unudulmadığını bildiyi yerə alnıaçıq, üzüağ qayıda bilsin insan!
“Mövlud Süleymanlının “Köç” romanında ən sevdiyin məqam hansıdır?” deyə soruşsalar, şəksiz, “Buludun doğrandığı yer!” deyərəm! Amma gəlin, etiraf edək ki, unudulmayan epizod Oralın törəmələriylə qayıdıb gəldiyi, ilk rastına çıxan yeniyetmənin ona “Oğru Oral?!” deməsidir…
…Bayaq “Bənövşəli arzular və ya gül ömrü” essemin qəhrəmanı ilə votsaplaşdıq bir az… 5 ildir, görüşmürük, bu başından-ayağına, cəmi, 10 saatlıq maşın yolu olan gözəl ölkəmizdə… Mənə Əlincədən video atıb ki: “Elə bil buradasan!”
Mənə “Buludu doğrayanda, Hal anası qaçır!”, “Teymurləngin oğluna “Maranşah”, yəni “İlanşah” deyirdi naxçıvanlılar”, “Biləndər toyuğu kəsməyə Allahsız yer tapmadı” cümlələrini kitablardan əvvəl nağıl kimi danışmışdı anam. Mən bənövşənin də, nərgizin də, şanapipiyin də bir vaxtlar nazlı-həyalı gəlin olduğunu əfsanələrdən oxumuşdum… İllərlə ruh sandığımda qat kəsmiş duyğuları arada “havaya verirəm”, baxıram, dönüb olub “Bənövşəli arzular və ya gül ömrü”, ya da “Vampirin essesi”, “Kirkirə”…
Bəs o ruh sandığındakıları uşaq ağlımla, uşaq xülyamla necə yığa bilmişəm oraya bir qərinə əvvəl? Əlbəttə, anam Güldərən Vəlinin diliylə! Oxuduğu bədii əsərləri belə, nağılvari, əfsanə sehriylə danışırdı 4 balasına. Hələ ömür karvanım Sədnik Paşanın müdriklik vahəsindən su götürməyə dayanmamışdı, hələ onun dilindən eşitməmişdim: “Əfsanələr və miflər nilufərlərdir!”, bilirdim “Düz qaya”dakı mağarada kiminsə “yaşadığını”-illər sonra yazıldı “Ruh quşu” hekayəm!
…Bizə də “heyf bu uşaqlardan!” deyən oldumu, bilmirəm… Keşniş toxumu əkərkən dırnaqlarıma dolan torpağa baxıb “Bu nə qanır oxuyub-yazmağı?!” deyən oldu amma… Həmin adam indi “Google”də “Şəfa Vəli yeni yazı” deyə axtarış verirmiş; özü etiraf etdi. Üstəlik, az yazdığımdan da şikayətləndi hələ…
Bu kiçik yazılı epizodların hansında gülümsədim? Əlbəttə, Əlincənin videosuna baxanda! O Əlincənin ki, anamın nağılvari söhbətlərində neçə dəfə gəzmişəm, neçə dəfə o ucalıqdan aşağıya-Miranşahın qız-gəlinin ömründə tozanağa döndüyü, Molla Nəsrəddinin gah məzəli, gah da kədərli söhbətləriylə oymağın ərk yeri olduğu ərazilərə boylanmışam…
…İndi oturub kompüterimlə baxışıram: ya anam da, nənəm də nağılbilməz olsaydı? Nə qalardı uşaqlıqdan mənə ruh sandığımda? Nə tapardım bu gün ürəyimin içindən, duyğularımın qatqarışıqlığından? Yəqin, heç nə… Yox-yox! “Heç nə!” dedimsə, inanın, səmimi deyiləm… “Heç nə!”siz insan yoxdur; təbiətən, ruh sandığımızda həmişə nəsə olur/ olmalıdır! Yaxşı… Onda nə tapardım?
Bu sualın cavabını düşünərək tapmalıydım, əslində, amma neynim, səmimi olacağıma söz verdim axı; instinktiv olaraq nə gəldisə ağlıma, onları yazım: həsəd, təkəbbür, özümü hamıdan “əkə-yekə” saymaq… Bəs bunlarla neynərdim? Bunlarla yaşamaq olardımı ki?!
…Feysbukda profil şəklim “bax, bu gün də oyandın!” yazısıdır. Hər oyandığımız günü qeyri-adi etmək ixtiyarını taleyimizə veririk ha, orada uduzuruq. Özümüz yazmalıyıq ömür təqvimimizə qırmızı günləri. “Tanrı, bacarsan, ağla, /Ağart yazdıqlarını!” deməyə nə var e? Bir şəhadət barmağıdır, bir küskün baxışdır göyə yönələn! Bəs biz? Ahmet Ümit “Bəyoğlunun gözəl abisi” əsərində yazır ki, “qəzavü-qədər” sözünü hər olanın-bitənin üstünə yapışdırmaqla elə asan yaşanır! Biz görməsək də, Ahmet bəyin bu fikri cümlələrə etibar edərkən başını buladığına şübhəmiz yoxdur… Nevzat da cinayəti açdığı günlərdən nağıl düzəldir özünə axı; biz ondan danışmalıyıq… Nağılbilməzlik yıxır evimizi yoxsa…
… Ali məktəblərə qəbul imtahanında 690 bal toplayan abituriyentdən müsahibə almışdı İlham. Süjeti də qəşəng hazırlamışdı. Təbrik etdim gözəl süjetə görə, eyni açılmadı. Niyəsini soruşdum.
-690 bal toplayan oğlan özünü düzgün şəkildə təqdim edə bilmir, iki cümləni ard-arda deyə bilmir. Hər şeyi mexaniki olaraq öyrənir indiki uşaqlar… Danışa bilmirlər.
-Gözəl müsahibə idi axı…
-Vərəqə yazdım, əzbərlətdim, sonra mikrofonu uzatdım… –dedi və çiynini çəkdi.
…Nağılbilməz bir uşaq daha… Danışmayan, danışılmayan bir uşaq daha… Və onların ruh sandığından keçir sababahımıza cığırlar. Bələdçisiz cığıra düşmək də yalnız nağıllarda qəhrəmanlıq olur!
Heç kəs qəhrəman deyil kainat qarşısında! Amma hər kəs qəhrəmandır öz həyat nağılında… Əvvəlcə, öz nağılını tanımalı, onu danışmağı bacarmalıdır ki insan, sonra dönüb olsun o nağılın qəhrəmanı!
…Rəngarəng düşüncələri bir yerə dəstələyib esse lentiylə bağlamağıma səbəb isə yenə ünvanımı tapan bir kitabdır. Aynur Yarovanın “Sehrli kimya dünyasına səyahət” kitabı… Kimya elminə könül bağlamış Aynur müəllim tədris etdiyi dərsi uşaqlara terminlərlə deyil, nağıllarla sevdirməyi qarşısına məqsəd qoyub. Əlyazmasını oxuyanda sevdim Aynur xanımı… Redaktə prosesində də, necə deyərlər, “qayçımı itiləmədim”; uşaqlar səmimiyyəti bizdən yaxşı tanıyır-hələ ondan uzaqlaşmayıblar zamanın əliylə!
…Şəkinin Yuxarıbaş məhəlləsində-məhəlləmizdə keçirilir hər il bayram şənlikləri. Mənsə, bu parıltılı günlərdə həmişə yeni kitab seçirəm oxumağa… Yeni nəsə yazıram… Yazıçının bayramı ayrı nə cür olar?! Ən gözəl bayram hədiyyəsi isə, sözsüz, müzakirəsiz, KİTABdır!
Bayram atəşfəşanlığının fonunda aldım kitabı Aynur xanımdan Karvansarayın pillələrində! Evə çatanacanan neçə nağıl xatırladım, neçə nağılın səpintiləri büküldü duyğularımda, neçəsinin rəngləri kəlağayı butasına döndü, qaçıb gizləndi “Cehizinə aşiq qızın itik düşmüş sandığında…” Bizim eləyəcəyəmiz (bəlkə də, nənələrimizə, analarımıza borcumuz) yeni nağıllar uydurmaq, həyatı, insanları nağıllarla tanıtmaqdır uşaqlara…
Lütfən, bunu bacaraq! Lütfən, dünyanı nağıllaşdıraq uşaqların gözündə, əziz qadınlar! Günə olmasa da, həftəyə 1 nağıl uydurun… Uydurmaq, xəyal etmək, bəzəmək qadının ən möhtəşəm məziyyətlərindəndir axı!
…Bir də, nağıl kitabları alın… Heç olmasa, ildə 2 dənə… Lütfən…
Xalq təqvimi və etnoqrafik baxımdan Qarayaz – Novruz bayramından, yəni yazın gəlişindən sonra başlayan, təxminən 30-31 günü əhatə edən təbiətin tam oyanış dövrüdür. Azərbaycan etnoqrafik yaddaşında təbiət hadisələri sadəcə hava durumu deyil, bir həyat nizamıdır. Təbiətin oyanışının ilk ayı Qarayaz martın 21-dən aprelin 20-dək olan müddəti əhatə edir. Xalq arasında bu dövr qışın sərtliyi ilə baharın yumşaqlığı arasında gedən son mübarizə dövrüdür.Qarayaz adının mənası xalq etimologiyasında iki mənanı ifadə edir: Birincisi çətinlik mənasında – “Qara” burada həm də ağırlıq, keçid dövrünün çətinliyi deməkdir. Qışdan çıxan kəndlinin azuqəsinin azaldığı, mal-qaranın otunun bitdiyi, lakin təzə otun hələ tam boy atmadığı dövrdür. İkincisi torpağın rəngi – qar əriyib, torpaq üzə çıxsa da, hələ hər tərəf yamyaşıl deyil. Torpaq “qara” görünür, amma “yaz”ın (baharın) nəfəsi artıq hiss olunur.Qarayaz dövrü təbiətin tam oyanışı yolunda keçdiyi ən mürəkkəb mərhələdir. Bu dövrün hər on günlüyü xalq yaddaşında özünəməxsus adlar və inanclarla möhürlənib:Qarı borcu. Novruzdan dərhal sonra, martın son günlərində havaların qəfil soyuması “Qarı borcu” adlanır. Rəvayətə görə, qışın çıxmasına sevinib onu lağa qoyan qarını cəzalandırmaq üçün qış yazdan bir neçə gün borc alaraq geri dönür. Bu kəskin şaxtada qarı isinmək üçün evindəki sonuncu yanacağı – qış üçün hazırladığı 40 iri kötüyü yandırmağa məcbur olur. Bu, kəndliyə yazın ilk istisinə aldanıb ehtiyatı tam bitirməməyi təlqin edən bir xəbərdarlıqdır. Qarı boranı.“Qarı boranı” qışın son qalıqları kimi qəbul edilən bu küləkli günlərdə deyirlər ki, təbiət öz köhnə “paltarını” – quru budaqları və köhnə otları silkələyib tökür. Bu fırtına əslində torpağı və meşəni yeni, təzə libas (yaşıllıq) geyinməyə hazırlayan bir təmizlik ayinidir.“Öküzöldürən” (“Keçiqıran”). Köhnə təqvimlə aprelin əvvəllərinə (yeni təqvimlə aprelin 13-18-i arası) təsadüf edən bu 3-5 günlük kəskin soyuq ən qorxulu dövr sayılır. Rəvayətə görə, bir kəndli qışın bitdiyini sanıb öküzünü arxayınlıqla çölə çıxarır, lakin qəfil qar çovğunu heyvanı dondurur. Bu dövr həm də xalq arasında “Keçiqıran” kimi tanınır və insanlara təbiətin hələ tam ram olmadığını xatırladır.Ləylək gətirən: Yazın müjdəçisi olan quşların gəlişi ilə müşayiət olunan küləkli günlərə deyilir.Abuneysan və ya gül-çiçək yağışları: Torpağı canlandıran, ağacların çiçək açmasına kömək edən mülayim yağışlı havalara deyilir. İlk Göy gurultusu – Torpağın canlanması. Qarayazın sonuna doğru ilk göy gurultusu eşidiləndə inanca görə, artıq “torpağa can gəlir”. Bu səs bitkilərin sürətlə boy atacağının müjdəsidir. Yaşlılar bu zaman dizlərini yerə vurub “Ruzi-bərəkət bol olsun” deyə dua edərlər. Bu səs həm də Qarayazın çətinliklərinin bitdiyinə və rəngarəng Güləyaz dövrünün başladığına işarədir Qarayazın “Yaşıl Mətbəxi”də özünə məxsusluğu ilə fərqlənir. Bu ay “Otların oyanışı” dövrüdür. Qışın ağır xörəklərindən sonra Qarayaz süfrəsi təzə bitən yabanı otlarla zənginləşir: Yaz qutabları: Dağkeşnişi, quzuqulağı, qırxbuğum, pencər və unnuca kimi otlardan hazırlanan qutablar bu dövrün əvəzolunmazıdır. Yaz dovğası: Təzə kəklikotu və nanə ilə hazırlanan, bədəni yaz yorğunluğundan qurtaran şəfalı təamdır.Qarayaz – səbrin sınağıdır. Babalarımız deyirdi ki, “Qarayazda həm arpa, həm də ümid əkilir. Əgər martın sonu yağışlı keçərsə, payızda anbarlar dolu, süfrələr bərəkətli olar.”Azərbaycanımızın bərəkətli torpaqlarında və ulu babalarımızın yaddaşında yaşayan bu inanclar, sadəcə hava haqqında məlumat deyil, minillik bir yaşayış fəlsəfəsidir. Qarayazın o “qara” torpağından boylanan hər bir cücərti, qarşıdan gələn rəngarəng və güllü-çiçəkli günlərin ən böyük müjdəçisidir.Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Ayağım yerdən kəsilir, Uçmağın dadın bilirem. Onu dayağım bilirəm, Onu qanadım bilirəm.
Yaşadımmı bundan əvvəl? Həyat varmış sondan əvvəl. Kimiydim ki, ondan əvvəl? Mən indi qadın bilirəm.
Bu nə təhər, bu necə sirr? Hayandan baxsan, bilinir. Yadım, yaddaşım silinir, Tək onun adın bilirəm.
Ayağım yerdən kəsilir, Uçmağın dadın bilirem. Onu dayağım bilirəm, Onu qanadım bilirəm.
Xoşbəxtəm ki, tale məni bir neçə dəfə böyük şairimiz Süleyman Rüstəmlə görüşdürüb. Sonuncu görüşümü xatırlayıram: ölümündən iki il öncə onunla görüşüb “Azərbaycan” jurnalı üçün böyük bir müsahibə hazırlamışdım. Bilirdim ki, Süleyman Rüstəmlə görüşmək, söhbət etmək – XX əsrin ədəbi hadisələrini, poeziya tarixini vərəqləmək, Qorkini, Mayakovskini, Nazim Hikməti, Hüseyn Cavidi, Mirzə Cəlili, Haqverdiyevi, Üzeyir Hacıbəylini, Seyid Hüseyni, Cəfər Cabbarlını, Səməd Vurğunu və onlarla görkəmli sənətkarları “görmək” deməkdir. Çünki Süleyman Rüstəmin heyrətamiz dərəcədə güclü yaddaşı vardı, 40-50 il öncəki hadisələri, insanları olduğu kimi xatırlayır, haqqında danışdığı adamın xasiyyətindən tutmuş danışığına qədər, hər şeyi təfərrüatı ilə nəql edirdi. Mənim üçün “Ana və poçtalyon”un, Təbriz nisgilli şeirlərin müəllifi ilə görüşmək unudulmaz anlara çevriləcəkdi və çevrildi də…
Süleyman müəllim danışırdı ki, onun həyatında, xüsusilə, uşaqlıq və gənclik illərində iki böyük şəxsiyyət çox böyük rol oynayıblar: Süleyman Sani Axundov və Seyid Hüseyn. “Atamın məni ilk dəfə “Süleyman Sani məktəbi”nə aparmağını xatırlayıram. Haqqımda lazımlı məlumatı dəftərə qeyd etdilər və sonra atam getdi. Özümü yad adamların arasında görüb ağlamağa başladım. Başa düşürdüm ki, belə yerdə ağlamaq olmaz, amma özümü saxlaya bilmirdim. O zaman bir əl saçımı oxşadı:
– Niyə ağlayırsan, oğlum?
– Anamı istəyirəm.
– Çox gözəl, dərsdən sonra ananı görərsən.
– Yox, yox! Mən indi görmək istəyirəm.
– Oğlum, gəl səni sinfinizə aparım. Gör orda necə yaxşı uşaqlar var, amma heç ağlamırlar.
Sonra o, yanındakı müəllimlərə xitabən: – Görürsünüzmü, nə ağıllı oğlandır. Daha ağlamır, gedək, bala, gedək, – dedi.
Daha ağlamadım. Süleyman Sani bizi bir ata kimi sevirdi.
Əgər Süleyman Sani uşaqlıq təsəvvürümdə Simurq quşu kimi qalıbsa, Seyid Hüseyn sənət taleyimdə Xilaskar rolunu oynayıb. Seyid Hüseyn – bu görkəmli yazıçı texnikumda mənə ədəbiyyatdan dərs deyib. Mən onda ilk şeirlərimi yazırdım. Bir gün cəsarətə gəlib bir şeirimi ona verdim ki, fikrini bildirsin. Bir neçə ay keçdi, ondan səs çıxmadı. Bir gün tələbə yoldaşlarımdan biri mənə dedi ki, sənin “Maarif və mədəniyyət” jurnalında şeirin çıxıb – “Unudulmuş gənc”. Bundan o qədər sevindim ki… Sonralar Seyid Hüseynlə tez-tez görüşürdüm.
İyirminci illərdə sovet ədəbiyyatının azmanları sayılan M.Qorkinin, V.Mayakovskinin, D.Bednının Bakıya gəlişi böyük əks-səda doğurur. Bu sırada, əlbəttə, böyük türk şairi Nazim Hikməti heç cür unutmaq olmaz.
1927-ci ildə Mayakovski Bakıya gəlmişdi. Akademiyanın akt zalında onun oxucularla görüşü keçirilirdi.
Mayakovski yorulmadan şeirlər oxuyur, suallara cavablar verirdi. Həmin şeir gecəsində böyük şairimiz Hüseyn Cavid də iştirak edirdi. Axırda o, dözə bilməyib mənə sarı əyildi və dedi: “Canım, bu necə adamdır, necə tab gətirir, dözür belə şeylərə. Niyə hər suala cavab verir?” Bir nəfər ona belə yazmışdı: “İnsanın qəlbində boşluq olanda, iki çıxış yolu vardır: biri susmaq, ikincisi isə bağırmaqdan ibarətdir. Neçin siz ikincini intixab etmisiniz?” Mayakovski pərt olmadı. O, belə cavab verdi: “Bu kağızın müəllifi unudur ki, üçüncü bir çıxış yolu da vardır. O da belə qabiliyyətsiz suallar yazmaqdan ibarətdir!” – Hamı gülüşdü.
Xatirə olaraq onunla bir yerdə şəkil çəkdirdik. O, fotoqrafxanada stol üstündəki gül dəstəsini götürüb ayağımızın altına qoydu, fotoqrafa: – Çəkə bilərsən, – dedi.
Moskvada onu tez-tez görürdüm. Son dəfə 1930-cu ildə Moskva Yazıçılar Evində gördüm. Moskva proletar yazıçılarının konferansiyası gedirdi. Mən bufetdə çay içirdim. Birdən RAPP işçilərindən biri: – “Süleyman, tez zala keç, yoxsa böyük şey itirmiş olacaqsan, tez, tez” – dedi. Mən tez zala cumdum. Mayakovski tribunada idi. O, RAPP-a girmək haqqında bir ərizə oxudu. Zal ayağa qalxdı. Sonra spiçka qutusundan bir az böyük bir dəftərçəyə baxa-baxa bizə “Vo ves qolos” poemasından girişi oxudu. Alqış səsləri zalı lərzəyə gətirdi. Amma lap son görüş çox kədərli oldu. Aprelin 14-ü idi. Saat 11 radələrində Moskvada – adını unutduğum bir meydançada iki gənc həvəskar yazıçı mənə yaxınlaşdı, Mayakovskinin intihar etmək xəbərini verdilər. Onlarla bərabər bir həyətə girdik. Bir qapı ağzında Təcili yardım maşını dururdu. Qapıda bir neçə şair də vardı. Hamısının sifəti tutqun idi. İxtiyarsız olaraq gözlərimdən yaş axmağa başladı. Mayakovskinin dəfnində Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Osman Sarıvəlli də iştirak etdilər. Mayakovskinin o dövrdə bizim şairlərə (o cümlədən, mənə) təsiri çox böyük olub. Bu barədə tədqiqatçılar da yazıblar”.
Maksim Qorki haqqında isə Süleyman Rüstəm bunları söylədi: “İyirmi səkkizinci ilin 31 may günündə Qorki xaricdən Vətənə qayıtdı. Çox keçmədi ki, Bakıya gəldi. Bakıda olduğu günlərin birində “Qızıl qələmlər” Cəmiyyətinin üzvləriylə də görüşdü. Üzünü gənclərə tutub dedi ki, yeni ədəbiyyatı siz yaradırsınız, ancaq gərək özünüz də dünya mədəniyyətindən bəhrələnməlisiniz. Qorki Azərbaycan dilində bir şeir oxumağı xahiş elədi, mən Sabirdən əzbər dedim. Sonra Abbas Səhhətin tərcüməsində Qorkinin bir şeirini dedim”.
Nazim Hikmətin isə Bakıya birinci gəlişi iyirminci illərin axırlarında olmuşdur. Bakıda Süleyman Rüstəmin də iştirakı ilə onun “Günəşi içənlərin türküsü” kitabı çap olunmuşdu. Bu kitabın çapından sonra Nazim Hikmət Bakıya dəvət olunur və həmin dövrdə onunla ən çox münasibətdə olan gənc şair Süleyman Rüstəm idi. Onlar bir də 1951-ci ildə görüşdülər. “Nazim Hikmət mənim üçün elə sənətkar idi ki, ondan öyrənmək, görüb-götürmək üçün çox şeylər vardı – həm sənətində, həm də şəxsiyyətində. Nazimlə hər dəfə görüşəndə, söhbət edəndə onun gözlərində gizli bir kədər görürdüm. Vətəniylə, xalqıyla bağlıydı bu kədər. O illərdə onun vətəni Türkiyədə Nazimin adını çəkmək belə qorxulu idi”.
***
Süleyman Rüstəm ədəbiyyata məhz bu illərdə gəlmişdi və tez bir zamanda da o, ədəbi mühitdə tanınmağa başladı. İnkar eləmək lazım deyil ki, Azərbaycanda sovet ədəbiyyatının ilk nümunələrini yaradanlardan biri də Süleyman Rüstəm olmuşdur. Şura inqilabı yaradılandan sonra “yeni bir ədəbiyyat”a keçid başlandı. Özü də bu ədəbiyyatı, əsasən, gənc komsomolçu və kommunist şairlər, ədiblər yaratmalı idi. İyirminci illərin əvvəllərində bu tələbi şüurlu şəkildə ilk dəfə dərk edənlərdən biri məhz Süleyman Rüstəm oldu. Az sonra onun adı proletar şairləri cərgəsində çəkilməyə başladı. 1927-ci ildə Süleyman Rüstəmin “Ələmdən nəşəyə” şeirlər kitabı çapdan çıxdı. Bu kitab o dövrdə Azərbaycan sovet poeziyasının manifesti kimi dəyərləndirildi.
Artıq indi sağalmışdır ürəyimin yarası,
Budur, sazım yorulmadan çalır şənlik havası!
Yeni həyat başlayırkən üzümüzə gülməyə,
Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə!
Orta məktəb dərsliklərinə Süleyman Rüstəmin “Çapayev” şeirini salırdılar. Bəlkə də bu gün üçün “Çapayev” tipli şeirlər “siyasi” olduğu üçün, daha çox qırmızı ulduzlu qəhrəmanı tərənnüm etdiyi üçün unudulub, bəlkə də haqlı olaraq unudulub. Amma bu şeirə siyasi yox, bədii baxımdan yanaşsaq, onun bir şeir kimi gözəlliyini təsdiq etmiş olarıq. Şeir başdan-ayağa alliterasiyalar əsasında qurulmuşdur (Süleyman Rüstəmin qəzəllərində belə alliterasiyalara tez-tez rast gəlirik). Ümumiyyətlə, ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər üçün S.Rüstəm poeziyası qiymətli bir örnəkdir, xüsusilə, bədii təsvir vasitələrinin müxtəlif çeşidləri ilə zəngindir. Onun təşbehləri də orijinallığı ilə seçilir:
Məndən soruşursunuz: De görək, səhər-səhər
Nəyə bənzəyir Xəzər?
Xəzər göyə bənzəyir, göy Xəzərə bənzəyir,
Xəzər qızıl həşyəli göy məxmərə bənzəyir.
Qayaların sinəsi sulardan oyuq-oyuq,
Xəzərə keşik çəkən sahildəki hər buruq,
Babək ordusundakı saçları buruq-buruq,
Yapıncısı qapqara bir əsgərə bənzəyir.
***
Süleyman Rüstəmin ədəbiyyat tariximizdə rolunu müəyyənləşdirərkən daha bir neçə məqamı xatırlayırsan. Bir anlığa fikirləşirsən ki, Süleyman Rüstəm olmasaydı, XX əsr Azərbaycan poeziyasında hansı boşluqlar və çatlar yaranardı? Axı, Cənub həsrətini, ikiyə bölünmüş Azərbaycanın dərdini, harayını, fəryadını kim Süleyman Rüstəm qədər böyük yanğı və poetik ustalıqla əks etdirə bilərdi? Cənub mövzusunda S.Rüstəmdən sonra da nə gözəl şeirlər yazılıbsa, bunlar S.Rüstəm şeirləri ilə yanaşı tutulur.
O illərdə Süleyman Rüstəm Təbrizi, Cənubi Azərbaycanı qarış-qarış gəzmişdi. Onu Təbrizdə, Sərabda, Ərdəbildə yaxşı tanıyırdılar.
Süleyman Rüstəmin Cənub şeirləri təkcə həsrət, ayrılıq motivlərini ifadə eləmir, həm də bütövlük arzusunu, Azərbaycanın o tay-bu tayının birləşmək duyğusunu əks etdirir. İllər gəlib keçib, bir vaxtlar bir-birinə həsrət qalan qan qardaşları və bacıları üçün indi görüşmək, dərdləşmək maneəsi yoxdur. Ancaq bu gedişlər-gəlişlər bütövlük arzusunu reallaşdırdımı? Elə bilirəm ki, S.Rüstəmin Cənub şeirlərinin bir çoxu indi yenidən doğulur.
Vaxtilə Abbas Səhhət Sabirin İran inqilabına həsr etdiyi şeirlərin çox böyük rol oynadığını, fədailərə “bir ordudan ziyadə xidmət etdiyini” iftixar hissilə qeyd edirdi. Süleyman Rüstəmin Cənub şeirləri də səksən ilə yaxındır ki, təxminən, belə bir missiyanı yerinə yetirir. Bir təbrizli qızı sonralar şairə ümumxalq məhəbbətini ifadə edib yazacaq: “Süleyman Rüstəmin insanı həyəcana gətirən gözəl şeirlərini oxumaq biz Cənubi Azərbaycan qızlarına da nəsib olmuşdur. Bu şeirlərin bizə nə qədər dərin təsir bağışladığını qələm ilə təsvir eləmək mümkün deyildir. O, bizim uçurumlu həyatımızı düzgün təsvir edir və bunların səbəblərini gözəl şeirlərində aydınca göstərir”.
Süleyman Rüstəmin Cənub şeirləri təkcə ədəbi hadisə kimi yox, həm də tarixin poetik inikası kimi də qiymətləndirilməlidir. Bu silsilədə şairin Təbrizə ilk səfərindən tutmuş, orada müşahidə etdiyi hadisələrə qədər, bütün olayları izləmək olar. Bu sırada, heç şübhəsiz, “Təbrizim” şeiri birincidir.
Qoymaram yadları girsin qoynuna,
İzn ver, qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Süleyman Rüstəmin Cənub şeirləri Təbrizlə tükənmədi, illər boyu bu həsrət, bu nisgil davam etdi. Ömrünün son günlərinə qədər o, bu nisgillə yaşadı. Adətən, bir mövzuda illərlə qələm çalmaq, hardasa, yeknəsəkliyə, forma və məzmun təkrarına gətirib çıxarır, bunu az görməmişik. Ancaq Süleyman Rüstəmin Cənub şeirləri hər dəfə yeni bir bədii təravətilə diqqəti cəlb edib. Altmışıncı illərin sonlarında onun ustad Şəhriyara yazdığı poetik məktublar Cənub şeirləri silsiləsinə yeni incilər əlavə etdi:
Kim deyir ki, ünvanımız ayrıdır?
Nə adımız, nə sanımız ayrıdır,
Nə canımız, nə qanımız ayrıdır,
Ürək birdir, bədən birdir, Şəhriyar,
Vətən birdir, Vətən birdir, Şəhriyar!
“Şair qardaşıma məktub” şeiriylə başlanan bu ünsiyyət tez bir zamanda Şimal və Cənub arasında əsr yarım davam edən ayrılığın buzunu əritdi. Tezliklə Şəhriyarla digər Azərbaycan şairlərinin də məktublaşmaları başlandı. Şəhriyarın “Qardaşım Süleyman Rüstəmə” şeirlər silsiləsi ilə bir xalqın ümumi poeziyası arasında yeni mənəvi birliyin əsasını qoydu:
Sən unutsan da, Süleyman, məni,
Unutmayacaq Şəhriyar səni.
Yaz gələr, bülbül qarsar çəməni,
İndilik sevsin zaman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!
Çox təəssüf ki, Azərbaycanın bu iki böyük şairinin görüşü baş tutmadı. Şəhriyar Bakı, Süleyman Rüstəm isə Şəhriyar və bir daha Təbrizi görmək həsrətiylə dünyadan köçdülər.
***
Deyirlər ki, qəzəl janrı Füzuliylə zirvəyə çatdı, Vahid isə Füzuli yadigarı kimi qəzəl dünyasının son ustadı oldu. Bu fikirdə müəyyən həqiqət var, amma məsələ burasındadır ki, elə Vahidin sağlığında və Vahiddən sonra qəzəl janrı süqut eləmədi. Şeirimizdə Füzuli, Nəsimi, Seyid Əzim, Vahid ənənələri yeni məcrada davam etdi. Bu sırada Süleyman Rüstəmin qəzəl yaradıcılığı müstəsna rol oynamışdır.
Gələndə məclisə mey əldə lalə şəklində,
Nigarım ay tək olur, mən də halə şəklində.
Ürək qanımla yazıb eşqimi, məhəbbətimi,
Nigarə söyləyirəm odlu nalə şəklində.
O incə qəlbinə təsir edincə hər qəzəlim,
Gözündə nəm görürəm inci-jalə şəklində.
Mən aşiqəm, bu səbəbdən hər aşiqanə sözüm
Coşub axır ürəyimdən şəlalə şəklində.
Sevin, sevin ki, Süleyman, əlində cananın
Bu qan olan ürəyindir piyalə şəklində.
Doğrudan da, bu qəzəl Füzuli ənənəsini yaşadan, hətta cəsarət edib deyə bilərik ki, Füzuli qəzəlləri sırasında durmağa layiq bir qəzəldir. Süleyman Rüstəmin qəzəlləri haqqında ilk məqaləni Xalq şairi Rəsul Rza yazmışdır. Həmin məqalədən bəzi sətirləri bu yazıda xatırlamaq nə qədər xoşdur: “Süleyman Rüstəm qəzəllərinin çoxu mahiyyət etibarilə yeni qəzəllərdir. Bu yenilik yalnız onların forma və ifadə tərzinə aid deyil, bəlkə birinci növbədə bu qəzəllərin məzmununa aiddir”.
Böyük Vətən müharibəsi illərində, o zamanın təbirincə desək, Süleyman Rüstəm də qələmini süngüyə çevirən şairlərdən biri oldu. O, həm də ön cəbhədə oldu, batalyon komissarı, siyasi işçi kimi əsgərləri vətən uğrunda qələbəyə ruhlandırırdı.
Ancaq Süleyman Rüstəmi müharibə illərində daha çox məşhurlaşdıran onun “Ana və poçtalyon” şeiri oldu. Bu şeir müharibədən sonra da poeziyamızın ən gözəl incilərindən biri olaraq qaldı. Şeirdəki insan obrazları o qədər təbii və koloritli idi ki, heyranlığını gizlədə bilmirdin, özünü gah ananın, gah da poçtalyonun yerində hiss edirdin.
Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Belə şeiri isə izah eləməyə heç bir ehtiyac yoxdur. Bü, təkcə şeir deyil, həm də nəzmlə yazılan bir müharibə romanıdır. Əgər keçmiş SSRİ məkanında – o illərdə yazılan ən yaxşı ədəbiyyat nümunələri haqqında söhbət açılarsa, “Ana və poçtalyon”un adını öncə çəkməliyik.
İllər keçəcək, Süleyman Rüstəm o günü də görəcək ki, bədnam qonşularımız bizimlə torpaq davasına çıxırlar. Onda qocaman şair məşhur “Qarabağı vermərəm” şeirini qələmə alacaq. Amma Qarabağın taleyindən nigaran gedəcək.
Dostlarından eşidirsən bu sözü nəğmə kimi –
“Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ”.
Sən bilirsən ki, mənim təkcə Cənub dərdim var,
Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ.
Sən canımsan, ciyərimsən, ürəyimsən, ürəyim,
Deyirəm, car çəkirəm, canlara candır Qarabağ.
***
Süleyman Rüstəm həm də bir şəxsiyyət kimi bütöv idi. Repressiya tufanı başlananda bir neçə ziyalını o bəladan xilas etdi. Onunla müsahibədə cəsarətə gəlib belə bir sual verdim: – Süleyman müəllim, 37-ci il repressiyasında sizin günahınız olubmu? Məsələn, Müşfiqlə bağlı… Dedi ki, oğlum, get bütün arxivləri araşdır, mənim bu xüsusda bir sənədə qol çəkdiyimi, ya kiminsə üzünə durmağımı görə bilməzsən. Mən ədəbi mübahisələrdə kimlərisə tənqid etmişəm. Amma bu, ədəbiyyat-mövqe məsələsiydi. O ki qaldı Müşfiqə, anam onun qarşısına duz-çörək qoyub. Bəziləri kimi mən də ona “faşist”, ya “kontrrevalyusyon” desəydim, onda o duz-çörəyə və anama xəyanət etmiş olardım”.
Süleyman Rüstəm böyük bir ədəbi irs qoyub getdi – mənəvi Azərbaycan irsi… Bu irsi qorumaq bizim və gələcək nəsillərin borcudur.
Son olaraq Süleyman Rüstəmin bu misralarını xatırlayaq:
Dünyanın bu qarışıq vaxtında Türkiyədən acıdan-acı bir xəbər gəldi: İlbər Ortaylı dünyasını dəyişib.
Uzun illərdən bəri mənim ən yaxın, ən etibarlı dostlarımdan idi. Türkiyədə, Azərbaycanda, Moskvada, Strasburqda dəfələrlə görüşüb, çox məhrəm, səmimi söhbətlər etmişik.
Martın 13-də, ad günümdən bir gün əvvəl “Şərq-Qərb” nəşriyyatı çoxcildlik “Söz dünyası” kitabımın 5-ci cildini mənə təqdim etdi. Bu cildə türk dünyasının bir çox görkəmli yaradıcıları, alimləri haqqında yazılarım və onlardan bəzilərinin mənim barəmdə yazdıqları mətnlər daxildir. Bu yazılar sırasında İlbərin “Anar barədə” adlı son dərəcə dəyərli yazısı da var. Martın 14-də isə ağır bir xəbər aldım: İlbər vəfat eləyib.
Müxtəlif ölkələrdə yaşadığımız üçün az-az görüşürdük. Ancaq hər görüşümüzdə qarşılıqlı zənginləşər, qayğılarımızı bir-birimizlə bölüşər, fərəhli hadisələrə – o cümlədən, Qarabağın azad olunmasına birlikdə sevinərdik.
Sonuncu dəfə İlbərlə Bakıda Elçinlə birlikdə görüşmüşdük. İlbər Elçinin də, mənim də dostumuz idi. Amma ilk növbədə Azərbaycanımızın etibarlı dostu, sevincimizə sevinən, kədərimizə kədərlənən idi. Əcdadları Krım tatarlarından olan İlbər bütün türk dünyasının dürüst tarixçisi, ardıcıl araşdırıcı və dəqiq tədqiqatçısı idi.
İndi nə Elçin var, nə İlbər. Allah itirdiyim dostlarımın hamısına rəhmət eləsin. Qəbirləri nurla dolsun bu nurlu insanların.
İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxumuşdur. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olmuşdur. Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik etmişdir. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuş və 1941-ci ildə ali təhsilini bitirmişdir.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).
İlk mətbuat əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967–1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986–1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968–1970), Azərbaycan KP MK-nın (1986–1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.
Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].
Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olmuşdur. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və “Ürək”povestlərini yazmışdır.
1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”,[2] “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi.O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950).Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur.Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi (“Bizdə futurizm cərəyanı”) 1926 ildə, ilk hekayəsi (“Qoyun qırxımı”) isə 1927 ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır.Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942–49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mü¬hüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957–59) və ölməz “Yeraltı çaylar dənizə axır” (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İ.Əfəndiyevlə birgə), “Şamil” (1940–41) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri “Bir ay və bir gün” (1963), gündəlikləri var. “Şair” (1939), “Fətəli xan” (1947, Ə.Məmmədxanlı ilə birgə), “Səhər” (1958), “Qara daşlar” (1958) kino ssenarilərinin müəllifidir.Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. /* Həyatı */
Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.
↑ “Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi”. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasınınYuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.
Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və Firudin bəy KöçərliQori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902–1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920–1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.
1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı (Bıjı, yəni, bacı) Vəkilova qayğı göstərir.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri “Vurğun” təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır.
1930–1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin “Könül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş verir. Belə ki, o, Abdulla Şaiqin həyat yoldaşının bacısı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurur.
1936–1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin “Yevgeni Onegin” mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin “A.S.Puşkin medalı” təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin “Pələng dərisi geymiş pəhvəlan” əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – “Vaqif”i yazır. “Vaqif” dramını 3–4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. “Vaqif” dramına görə Səməd Vurğun 1941-ci ildə “Stalin mükafatı”na layiq görülmüşdür.
1937–1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə “onun məsələsinə” baxılmış, böyük şair “ölüm və ya ölüm” dilemması qarşısında qalmalı olmuşdur. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun “Leyli və Məcnun” poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan “Xanlar”ı yazmışdır. Həmin il onun “Azad ilham” kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə “Stalin mükafatı”na layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən “Bakının dastanı” poemasını yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı “Ukrayna partizanlarına” şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.
1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.
1945-ci ildə yazdığı fəlsəfi dram olan “İnsan”da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Şairin bu əsərdə yaratdığı “Qardaşlıq şəhəri”ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilir. İlk gündən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə nitqində S.Vurğunun akademik fəaliyyətinə toxunmuşdur: “Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.”[1]
Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun “Vaqif” dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Ağa Məhəmməd şah Qacarın obrazında Adolf Hitlerə məxsus cizgilər vermişdi.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra “Zəncinin arzuları” poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur “Avropa xatirələri” adı ilə çap etdirmişdir.
1951-ci ildə şair “Bolqar-sovet dostluğu cəmiyyəti”nin xəttilə Bolqarıstanda olmuşdur.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca “Muğan” (1948), “Aygün” (1950–1951) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. “Aygün” poeması tənqid edilir, şairin Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.
1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmədov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.[2]
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.
1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda “Sovet poeziyası haqqında” məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.
Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Novruz bayramı (Tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb.Navruz, türkm.Nowruz, qaz.Naurız, qırğ.Nooruz, türk.Nevruz, krımtat.Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram.
Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.SSRİ-nin poçt markası. Azərbaycanda Novruz
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamül Mülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Novruz bayramında müxtəlif oyunlar keçirilir.Bunlara atırma.halay,bənövşə,cıdır-ənzəli,Kosa-kosa və bu kimi oyunlar aid edilir.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci su çərşənbəsi adlanır. Bahara doğru buzlar əriyir, çayların donu açılır,torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır.Torpaq yavaş-yavaş islanmağa başlayır.Adət olaraqsa qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar.
Novruz bayramında xüsusi şirniyyatlarla bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar bunlardır, qoğal, şəkərbura, badamburan, paxlava. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir.
Kosa və Keçəl Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı ifade edir.
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Torba atmaq. Sonralar torba, xurcun papaqla əvəz olunub. Ancaq Azərbaycanda namus, qeyrət rəmzi olan papağın qapılara pay üçün atılmağı birmənalı qarşılanmır və tənqid edilir. Qapıya atılan torbanı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”.
Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Yaşlıları ziyarət etmək. Yaşlı və xəstə insanları ziyarət olunar, bayramları təbrik edilir.
Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür
Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.Edit
Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayırlar.
Azərbaycan yüzillərdir ki, ayrı-ayrı etiqad və inancların əmin-amanlıq şəraitində dinc yanaşı mövcud olduğu nadir məkanlardandır. Bəşəriyyəti daim sülhə, humanizmə və qardaşlığa dəvət edən İslam dini tarixən cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasında, qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin və milli-mənəvi həmrəyliyin bərqərar olmasında müstəsna rol oynamışdır.
Əziz bacı və qardaşlarım!
Ramazan ayı hər il xalqımızın birlik və bərabərliyini daha da gücləndirir, xeyirxahlığın və savab əməllərin təntənəsinə çevrilir. Bu mübarək günlərdə dövlətimizin əmin-amanlığı, firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qoşulur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm.
Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Martın 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, AMEA-nın həqiqi üzvü Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.Tədbirdən öncə Səməd Vurğunun həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış olub.Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” 23 fevral 2026-cı il tarixli Sərəncamında Azərbaycan Milli Elmlər Akademiyasına AR Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və aidiyyəti qurumlarla birgə şairin 120 illiyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Rəyasət Heyəti tərəfindən AMEA-nın Tədbirlər planı təsdiqlənib və həmin sənəddən irəli gələrək bugünkü elmi sessiya keçirilir.Səməd Vurğunun Azərbaycan ədəbiyyatı tarixində ən populyar şəxsiyyətlərdən biri kimi qəbul edildiyini və yeni ədəbi məktəb yaratdığını deyən akademik İsa Həbibbəyli Xalq şairinin 1954-cü ildə Moskvada SSRİ Yazıçılarının II Qurultayında ölkəmizi təmsil edərək geniş məruzə ilə çıxış etməsinin ona verilən yüksək dəyərin ifadəsi olduğunu, ədibin Sovet dövrü ədəbiyyatının ağsaqqallarından biri kimi qəbul edildiyini söyləyib.Akademik İsa Həbibbəyli Səməd Vurğunun qüdrətli əsərləri, dramaturgiyası, şeirləri, publisistikası ilə ədəbiyyatımızda daim yaşayacaq əsərlər yaratdığını, sənətinin ölməz, əbədi olduğunu, Səməd Vurğunun Azərbaycan xalqının milli sərvəti, böyük mütəfəkkir şəxsiyyəti kimi qəbul edildiyini vurğulayıb.Səməd Vurğunun 1935-ci ildə yazdığı məşhur “Azərbaycan” şeirinin bu gün də dillər əzbəri olduğunu deyən akademik İsa Həbibbəyli ədibin hələ sağlığında fenomen şəxsiyyət kimi qəbul edildiyini, SSRİ-nin ən ali Dövlət mükafatlarını dəfələrlə aldığını diqqətə çatdırıb.Səməd Vurğunun elmi fəaliyyətinə də toxunan akademik İsa Həbibbəyli onun AMEA-nın 15 əsas təsisçisindən biri olduğunu, həqiqi üzv seçilərək 1954-1956-cı illərdə Azərbaycan SSR EA-nın vitse-prezidenti vəzifəsini məsuliyyətlə yerinə yetirdiyini söyləyib. Qeyd edib ki, həmin dövr ərzində Səməd Vurğunun da redaktorlarından biri olduğu üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” işıq üzü görüb, həmçinin həmin dövrdə Qobustan qayaları üzərində qədim yazıların dağıdılmasının qarşısını alıb, Nizami Gəncəvinin, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin yaradıcılığına dair mükəmməl məqalələr ortaya qoyub.“Səməd Vurğun Qasım bəy Zakirin yaradıcılığını tədqiq edərək onun lirikası mövzusunda namizədlik dissertasiyası üzərində çalışmışdır. Ədibin SSRİ Yazıçılarının II Qurultayında poeziya haqqındakı məruzəsi elmlər doktorluğuna bərabər səviyyədədir. Həmçinin o, Azərbaycan SSR EA-nın illik hesabat məruzəsində tarixə, arxeologiyaya, etnoqrafiyaya, ədəbiyyata, sənətşünaslığa, dilçiliyə, əlyazmalara dair mükəmməl fikirlər irəli sürmüşdür və həmin çıxışının stenoqramı bu gün də arxivimizdə qalır”, – deyə akademik İsa Həbibbəyli bildirib.Səməd Vurğunun “Ədəbiyyat ideal qəhrəmansız ola bilər, amma idealsız ola bilməz”, – sözlərini xatırladan AMEA rəhbəri bugünkü elmi sessiyada təqdim ediləcək məruzələrin onun haqda düşüncələrin inkişafına daha da kömək edəcəyini bildirib, tədbir iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib.Elmi sessiyada Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov kitabxananın hazırladığı “Səməd Vurğun elektron bazasını” təqdim edib. Daha sonra tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy “Səməd Vurğun irsi mühit, müəllif və mətn kontekstində”, filologiya elmləri doktoru Vaqif Yusifli “Səməd Vurğun”, professor Asif Rüstəmli “Səməd Vurğun yaradıcılığının Gəncə dövrü”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Səməd Vurğun dramaturgiyasında müəllif və qəhrəman tandemi” və filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədli “Səməd Vurğunun dördlükləri” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələdə şairin həyat və fəlaiyyətinə aid maraqlı faktlar arxiv materialları əsasında təqdim edilib. Tədbirdə görkəmli şairin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib. Sonda Səməd Vurğunun ev muzeyinin direktoru Vurğun Vəkilova professor Asif Rüstəmlinin arxivdən aşkar etdiyi şairə məxsus əlyazmanın surəti təqdim olunub. Vurğun Vəkilov göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Azərbaycan mətbəxi bir rənglər və dadlar aləmidir. Bu aləmin ən gözəl təamlarından biri Gəncə paxlavasıdır. Gəncə paxlavası sadəcə bir şirniyyat deyil, o, bir şəhərin tarixidir.Gəncə paxlavasını digərlərindən ayıran ən böyük sirr onun bişirildiyi qablardadır. Əsl Gəncə paxlavası mütləq qalaylanmış iri mis sinilərdə (məcməyilərdə) bişməlidir. Misin istiliyi bərabər yayma xüsusiyyəti sayəsində paxlava hər tərəfdən eyni dərəcədə qızarır. Misin qalınlığı paxlavanın altının yanmasının qarşısını alır, daxili qatların yumşaq qalmasını təmin edir.Gəncə paxlavasının hazırlıq prosesi xəmirin un, yumurta, xalis kərə yağı və gülab ilə yoğurulmasından başlayır. Qədim kulinariya ənənələrimizdə gülabın sakitləşdirici təsiri məlumdur. Bu kiçik detal paxlavanı sadə bir qidadan əlavə kulinariya ritualına çevirir.Ənənəvi olaraq paxlava 18-20 nazik xəmir qatından hazırlanır. Qədim etnoqrafik inanclara görə, paxlavanın qatlarının əsl mənası Gəncə xanımlarının zəhmətində gizlənir. Hər bir qat o qədər nazik və şəffaf olmalıdır ki, altındakı naxışlar görünsün. Gəncədə deyərlər ki, qatların şəffaflığı xanımın səbrinin və incə ruhunun tərəzisidir. Bu qatların hər birinin arasına çəkilən zəhmət, onu sadəcə bir nemət deyil, bir sənət nümunəsi edir.Paxlavanın içi ağappaq və təmiz qalsın deyə, qoz ləpəsi qaynar suda saxlanılaraq pərdəsi (qabığı) soyulur. Sonra ləpə çox narın olmayan ölçülərdə üyüdülür. Üyüdülmüş ləpəyə şəkər, hil və zəfəran qatılır. Bu ərzaqların birləşməsi aromatik bir zənginlik yaradır. Paxlavanın şərbətinin hazırlanmasında limon suyu və gülabdan istifadə olunur. Burada əsas sirr şərbətin tətbiq olunmasındadır. “İsti paxlavaya ilıq şərbət” əlavə olunur. Beləcə şərbət paxlavanın hər bir qatına bərabər hopur və qatların bir-birinə yapışmamasını təmin edir. Əsl Gəncə paxlavasının rəngi günəşin qürub çağını xatırladır. Bu rəngi ona verən xalis zəfərandır. Zəfəran həm möhtəşəm qızılı rəngi verir, həm də ağır şirniyyatın həzmini asanlaşdırır. XIX əsrdə Gəncə bazarlarında paxlava kəsən ustaların xüsusi tərəziləri və kəsim bıçaqları olardı. Onlar paxlavanı elə bir riyazi dəqiqliklə kəsirdilər ki, alınan hər bir romb digərinin eynisi idi. Bu həndəsi nizam həm də Gəncənin qədim memarlıq üslubunun mətbəxdəki əksidir. Gəncə paxlavası bir daddan daha çox, bir mirası yaşatmaqdadır. Hər dilimində minillik bir tarixin, ulu babalarımızın və nənələrimizin bizə qoyub getdiyi o unudulmaz ətrin dadı var.
Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.
Axşam tonqallar qalanır, şamlar yandırılır, həyətlərdə xonçalar bəzənir, insanlar bir-birinə xeyir-dua verir və arzularını tutur. İnsanlar həyəcanla Novruza sayılı günlərin qaldığını hiss edir. Bütün bu gözəlliklər İlaxır çərşənbənin – Novruzun ən mühüm mərhələlərindən birinin gəlişindən xəbər verir. Bu gün təkcə ilin son çərşənbəsi deyil, həm də baharın, yeni başlanğıcın müjdəsidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli İlaxır çərşənbəsi ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.
Folklorşünas-alim bildirir ki, xalq arasında axır çərşənbə “İlaxır çərşənbə”, “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi”də adlandırılır. İlaxır çərşənbəsi dörd çərşənbədən sonuncusu olaraq xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda müxtəlif bölgələrdə bu gün böyük coşqu ilə keçirilir. İlin axır çərşənbəsi həm də il üçün hesabat dövrüdür. Yazın gəlişi ilə əkinçilik dövrü başlayır, taxıl əkilir, insanlar qışdan çıxan ərzaqlarını yeni həyatla birləşdirirdilər. Bütün bu adətlər, mərasimlər, fal və əyləncələr İlaxır çərşənbəsində icra olunurdu. Bu, yazın qalib gəlməsini, həyatın yenidən oyanmasını, arzuların və ümidlərin təzələnməsini simvolizə edirdi. İnsanlar gələcəyə ümidlə baxır, yeni il üçün arzularını, diləklərini təbiətin gücü ilə bağlayırdılar.
Bu çərşənbədə nələr etməli?
İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapıpusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.
İnanclara görə, İlaxır çərşənbə axşamı tonqal qalayıb onun üzərindən atlanmaq insanın ruhi və fiziki təmizlənməsi deməkdir. İnsanlar atlanarkən belə deyirlər: “Ağırlığım, uğurluğum odda yansın!” Bu, bütün dərd-bəlanın odla yox olacağına olan inamı ifadə edir.
Rayonlarda İlaxır çərşənbə adətləri
Azərbaycanın müxtəlif bölgələrində İlaxır çərşənbə fərqli adət və inanclarla qeyd edilir. Qazax, Tovuz, Şəki bölgələrində evlərə su çiləmək, bayram süfrəsinə xüsusi nemətlər – qatlama, fəsəli, qovurğa qoymaq ənənəsi var. Naxçıvanda İlaxır çərşənbə axşamı həyətlərdə tonqallar qalanır və hamı onun üzərindən atlayaraq arzu tutur. Quba və Qusar bölgələrində gənclər İlaxır çərşənbədə “qonaq getmək” adətinə əməl edirlər. Yəni kəndin oğlanları axşam evlərə xəbərsiz gedir, ev sahibləri isə onlara şirniyyat, meyvə və hədiyyələr verirlər. Cənub bölgəsində isə İlaxır çərşənbədə həyətyanı sahədə ağacların altına qırmızı parça bağlanır ki, bu, ailənin uğurlu və bərəkətli olması üçün edilir.
Novruz falları
“Qulaq falı”, “qapıpusma”, “qulaqpusma” adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır.
Axır çərşənbənin məşhur fallarından biri “üzüksalma” adlanır. “Bundan irəli ilaxır çərşənbədə subay qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü həmin qabın içinə atardı. Üzükləri qabın içində iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da gətirərdilər yığnağa. Uşağa başa salardılar ki: – Bax, indi biz növbə ilə bayatı oxuyacağıq. Hər dəfə bayatı oxunub başa çatanda, sən gedib tasın içindəki üzüklərdən birini götürərsən. Biz də baxıb görərik üzük kimindir. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozulardı.
Novruzun müjdəçisi – İlaxır çərşənbə
İlaxır çərşənbə bu gözəllikləri ilə Novruzun müjdəçisi olur. Bu bayram təkcə qədim adətlərin yaşaması deyil, həm də insanların birlikdə olmasının, sevincini bölüşməsinin ən gözəl nümunəsidir.
Həyətlərdə qalanan gur tonqallar sanki qışın son buzunu əridir, torpağın oyanışını və təbiətin canlanmasını bütün aləmə bəyan edir. Süfrələr yeddi növ nemətlə bəzənir, papaq atan uşaqlar məhəllələrə xüsusi bir canlanma gətirirlər. İnsanlar bir-birinə xoş sözlər deyir, küsülülər barışır və beləcə, milli həmrəyliyimiz bu bayramın işığında daha da möhkəmlənir. Bu çərşənbə hər bir evə ruzi-bərəkət, hər bir qəlbə isə bahar təravətli ümidlər bəxş edir.
Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci və üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində və 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 7-ci və 13-cü maddələrinin üçüncü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 7-ci və 10-cu maddələrinin birinci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur.
2. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 500 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci və üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində və 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 7-ci və 13-cü maddələrinin üçüncü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.3. həmin Qanunun 7-ci və 10-cu maddələrinin birinci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur.”.
3. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 463 (Cild I) ləğv edilsin.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 489 (Cild I); 2024, № 5 (I kitab), maddə 489) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin birinci hissəsi üzrə:
1.1. dördüncü – səkkizinci abzaslar müvafiq olaraq on birinci – on beşinci abzaslar, doqquzuncu – on beşinci abzaslar müvafiq olaraq on səkkizinci – iyirmi dördüncü abzaslar hesab edilsin;
1.2. aşağıdakı məzmunda dördüncü – onuncu, on altıncı və on yeddinci abzaslar əlavə edilsin:
“milli film – xarici film hesab edilməyən və bu Qanunun 4-cü maddəsində göstərilən tələblərə cavab verən film;
xarici film – bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film;
birgə istehsal filmi – yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film;
film istehsalı – film çəkilişinə hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması mərhələlərini özündə əhatə edən proses;
film çəkilişinə hazırlıq – filmin ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisinin yazılması və film çəkilişi məqsədi ilə digər inzibati və texniki məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses;
film çəkilişi – filmin bilavasitə kinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edən fəaliyyətləri əhatə edən proses;
filmin çəkilişinin tamamlanması – çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəng işləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edən proses;”;
“yerli prodüser – Azərbaycan Respublikasının vətəndaşı və ya qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs olan prodüser;
xarici prodüser – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser;”.
2. 3-cü maddənin birinci hissəsinin altıncı və yeddinci abzasları yeddinci və səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi;”.
3. 4-cü maddənin ikinci hissəsində “müştərək çəkilmiş” sözləri “birgə istehsal edilmiş” sözləri ilə əvəz edilsin.
4. 7-ci maddə üzrə:
4.1. birinci hissədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;
4.2. üçüncü hissəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.
5. 10-cu maddənin birinci hissəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
6. 13-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:
“Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödənilir.
Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçirilir.”.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,566.0 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
“Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının 2026-cı ildə ilk nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə açılan bu nömrəsində oxuculara bu ölməz söz ustadı ilə bağlı yazıçı-publisist Ramiz Göyüşün “Homer nəğmələrində oxunan əfsanəvi dostluq” və filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın “S.Vurğun yaradıcılığının Qazax aşiq mühitinə təsiri və “Ceyran” obrazının aşıq poetikasında bədii təzahürü” sərlövhəli məqalələri də təqdim olunur.
Oxucular, eyni zamanda, Milli Məclisin deputatı Musa Urudun “Zəlimxan Yaqubun Zəngəzur bayatıları”, tibb elmləri doktoru, professor Fatma Hacıyevanın “Xalq şairi Zəlimxan Yaqubu düşünərkən…”, şair İbrahim İlyaslının “Nobel deyilən mükafata onun daha çox iddiali olmaq haqqı var!”, tədqiqatçı Araz Yaquboğlunun “Daşkəndli Aşıq Nəcəf hansı ildə doğulub?”, Çəmən Miriyevanın “Unudulmaz xatirələr”, araşdırmaçı Eldar Həsənlinin “Mənim işim haqqınandı, zülmkara deyəmmərəm…”, filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlının “Xalqın sevimli saz şairi – Paşa Salahlı”, ADMİU-nun dosenti Hafiz Kərimovun “Aşıq Məsim Sadaxlı”, şair-publisist Əkbər Qoşalının “Poetik kəramət”, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Astaranın aşıq oğlu” və “Sinəsi söz dolu, saz oldu, getdi” sərlövhəli elmi və elmi-publisistik məqalələri, eləcə də İlqar Həkim, Vaqif Rzayev, Altay Məmmədli və Vidadi Borçalının şeirləri və digər yazılarla tanış ola biləcəklər.
Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Martın 18-də “Qanun” nəşriyyatında müasir müharibə hekayələrindən ibarət antologiyanın təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Kəndə gün doğanda qayıdacağıq” adlanan topluda ən müasir Azərbaycan yazıçılarının ən maraqlı hesab olunan hekayələri toplanıb.
Müəlliflər arasında Orxan Fikrətoğlu, Elçin Hüseynbəyli, Nərmin Kamal kimi tanınmış müəlliflərdən tutmuş ən gənc qələm sahiblərinə qədər iyirmidən artıq imza yer alıb.
Kitabın tərtibçisi və baş redaktoru Şərif Ağayardır.
Müəlliflərin də iştirak edəcəyi təqdimat mərasiminə giriş sərbəstdir.
Xalq şairi Rəsul Rzanın ev-muzeyində aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş “Sözün və sazın izində: Aşıq Şəmşir – 133” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, mədəniyyət xadimləri, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə ustad sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən ev-muzeyin direktoru Fidan Rzayeva el sənətkarının yaradıcılığından danışıb. O bildirib ki, Aşıq Şəmşir Azərbaycan aşıq sənətinin ən parlaq nümayəndələrindən biri kimi xalqın yaddaşında yaşayır. Onun poeziyasında Vətənə sevgi, doğma torpağa bağlılıq, el-obaya sədaqət və milli dəyərlərə ehtiram əsas mövzulardandır.
Sonra Ümummilli Lider Heydər Əliyevin Kəlbəcər və Aşıq Şəmşir haqqında söylədiyi dəyərli fikirləri əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən digər qonaqlar görkəmli sənətkarın həyat yolu, yaradıcılığı haqqında fikirlərini bölüşərək onun saz və söz sənətində qoyduğu zəngin irsi ehtiramla yad ediblər. Bildirilib ki, Aşıq Şəmşir öz bənzərsiz qoşmaları, gəraylıları və təcnisləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən klassik sənətkarlardan biri kimi yadda qalıb və onun yaradıcılığı milli mədəni irsimizin dəyərli nümunələrindən hesab olunur.
Tədbirdə ustad aşığın şeirləri qiraət olunub, tanınmış ifaçıların təqdimatında saz havaları səsləndirilib.
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim MəmmədxanlıGöyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır. 1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur. Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur. Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[2].
Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə “Anar” “anmaq” (“xatırlamaq”, “yada salmaq”) feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı “Sizə məktub var” (You’ve Got Mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.[6]
Mənbə
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) oxucularla görüş keçirilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə keçirilən tədbir kitabxananın Şuşa zalında təşkil olunub. Tədbirdə Azərbaycan ədəbiyyatı və elm ictimaiyyətinin nümayəndələri, oxucular, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Görüş çərçivəsində müəllifin müxtəlif illərdə nəşr olunmuş kitablarından ibarət sərgi də təşkil olunub. yubilyarın həyat və yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.Görüşdə çıxış edən Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Xalq şairi Sabir Rüstəmxanlı, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, filologiya üzrə fəlsəfə doktoru, ədəbi tənqidçi Nərgiz Cabbarlı, MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev yazıçının zəngin yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr və əsərlərində əks olunan humanizm, realizm və dərin fəlsəfi-psixoloji təhlillər barədə fikirlərini bölüşüblər.Qeyd olunub ki, Seyran Səxavətin əsərləri müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının yaradıcılığında insan taleyi, mənəvi dəyərlər, cəmiyyət və zamanın çağırışları bədii şəkildə olmaqla yanaşı, axıcı dillə əksini tapır və bu xüsusiyyətlər onun əsərlərinə geniş oxucu marağı qazandırır. Bildirilib ki, müəllifin əsərləri uzun illərdir həm oxucuların, həm də ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzindədir.Tədbirdə çıxış edən yubilyar Seyran Səxavət oxucularla görüşdən məmnunluğunu ifadə edərək yaradıcılıq fəaliyyəti, qələmə aldığı əsərlərin ideya məzmunu və ədəbiyyatın cəmiyyətdəki rolu barədə fikirlərini bölüşüb. Yazıçı, həmçinin oxucularla səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və yaradıcılıq planlarından danışıb.MEK əməkdaşı Pərvanə Bayramqızının moderatorluğu ilə keçirilən tədbirin sonunda iştirakçılar Seyran Səxavəti 80 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar.