Blog

  • Azərbaycan Respublikasında turizm sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasında turizm sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    “Tərəqqi” medalı ilə

    Ağayev Həsən Şahkərəm oğlu

    Axundov Fuad Hüseyn oğlu

    Davudova Sədaqət Rəhim qızı

    Əliyev Nəzər Mirzə oğlu

    Əzimov İlqar Firudin oğlu

    Kazımova İlhamə Əlixan qızı

    Kərəmov Murad İslam oğlu

    Qafarova Şükufə Bala Əhməd qızı

    Qasımov Kənan İsrail oğlu

    Qəhrəmanov Göydəniz İbrahim oğlu

    Maqsudov Balaş Maqsud oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Orucov Azər Aslan oğlu.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 2 oktyabr 2023-cü il

    Mənbə: http://president.az

  • Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli sentyabrın 28-də Mingəçevir şəhərində vətəndaşları qəbul edib.

    AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Liderin Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra mərkəzə baxış olub.

    Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan vətəndaşlar iştirak ediblər.

    Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, mədəniyyət sahəsi ilə əlaqədar təklif, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.

    Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

    Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

    Mənbə: https://azertag.az/

  • “Çağdaş Bütöv Azərbaycan” antologiyasının təqdimatı olub

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi “Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri adlı tədbirlərin təşkili” layihəsi əsasında “Çağdaş bütöv Azərbaycan” adlı poeziya antologiyası nəşr olunub.

    AZƏRTAC xəbər verir ki, antologiyanın təqdimat mərasimi Azərbaycanda Atatürk Mərkəzində keçirilib.

    Layihənin müəllifi və kitabın tərtibçisi “Türk Dünyası İnfo” İB-nin sədri, AYB İdarə Heyətinin üzvü Dəyanət Osmanlı bildirib ki, bu gün Azərbaycan dövləti dünya azərbaycanlıların həmrəylik, vətənpərvərlik hüquq və azadlıqlar, təhlükəsizlik məsələlərinə diqqətlə yanaşır. Xarici ölkələrdə, eləcə də Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizin qorunub saxlanılması, azərbaycançılıq ideyalarına sadiq olmaları, vətənləri ilə əlaqələrinin möhkəmlənməsi ictimai, ideoloji imkanlar vardır. Bu layihə çərçivəsində dövlətimizin milli-mənəvi irsimizə, mədəniyyətimizə, ədəbiyyatımıza göstərdiyi ciddi dəstəyi əsas götürərək, Azərbaycanın bütövlüyü kontekstində çağdaş ədəbi-mədəni proseslər nəzərdən keçirmiş, ortaq mövzulu bir sıra poetik nümunələri dilimizə uyğunlaşdıraraq antologiya halında çap etmişik.

    Tədbirdə Atatürk Mərkəzinin müdir müavini Osman Musayev, BDU-nun kafedra müdiri, şair Knyaz Aslan, şairlərdən Rəşid Faxralı, Nazim Əhmədli, Avdı Qoşqar, İbrahim Yusifoğlu, Paşa Babəkərli, Musa Aslanxanlı, Azadə Novruzova, Elmira Aslanxanlı Turan, Süleyman Abdulla, Həzi Həsənli, Nazim Şah və başqaları layihənin ictimai aktuallığını xüsusilə vurğulamış, təqdim olunan antologiyanın ideya-məzmun, səviyyə baxımından müasir ədəbiyyatımıza yeni töhfə olduğunu qeyd ediblər.

    Bildirilib ki, antologiyada o taylı, bu taylı Azərbaycan, Qərbi Azərbaycan, Özbəkistan, Rusiya (Dərbənd), Gürcüstan (Borçalı) da daxil olmaqla, ümumilikdə 54 tanınmış müəllifin əsərlərindən nümunələr yer alıb. Poetik mətnlərdə Azərbaycan insanının vətənçilik, müstəqillik, birlik, azadlıq duyğuları, dil, mədəniyyət, təhsil haqlarını, milli-mənəvi dəyərlərimizin yaşadılmasını ifadə edən fikirlər əks olunub. Bu mənada, ədəbiyyat vasitəsi ilə həmrəylik, bütövlük ideyalarının təbliğinin milli bağlara əsaslanan ədəbi-mədəni düşüncə birliyi dayanır.

    Qeyd edək ki, kitabın məsləhətçisi akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, “Ön söz” müəllifi Hüseyn Şərqidərəcək Soytürk, redaktoru filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır.

    Mənbə: https://azertag.az/

  • Saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi – “Aşıq, bağrına bas sədəfli sazı”

    Azərbaycan Dövlət İnformasiya Agentliyi

    Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış “Aşıq, bağrına bas sədəfli sazı” kitabı işıq üzü görüb. Bu antoloji nəşrdə aşıqların və şairlərin saz-söz sənətinə, ustad sənətkarların el-oba içindəki hörmət və nüfuzuna, onların yaratdıqları dastanlara, saz havalarına, aşıq şeirlərinə sonrakı nəsillərin saz-söz ehtiramını əks etdirən seçmə poetik nümunələr yer alıb.

    Bu barədə AZƏRTAC-a məlumat verən Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirilib ki, oxucular bu topluda aşıqların və yazılı ədəbiyyat nümayəndələrinin saza və aşıq sənətinə, eləcə də bu sənətin azman nümayəndələri – ustad aşıqlara həsr etdikləri şeir və poemaları ilə tanış ola biləcəklər.

    Onun sözlərinə görə, bütövlükdə toplu qərinələr və əsrlər boyu aşıq və şairlərin saza və aşıq sənətinə həsr etdikləri çoxsaylı şeir və poemaları özündə cəmləşdirir. Burada orta çağlardan üzü bəri söz-sənət adamlarının qopuz-saz alətinin sakrallığına, ustad aşıqların müqqəddəsliyinə, toxunulmazlığına, haqq aşıqlarının öncəgörməliyinə, gələcəkdən övliya kimi xəbər gətirməsinə, ustad saz-söz sahiblərinin öyüd-örnək dolu kəlamlarına, onların haqq-ədalət mücadiləsinə həsr edilmiş poetik nümunələr xronoloji ardıcıllıq və çeşidli təsnifatlar əsasında sıralanıb.

    Musa Nəbioğlu deyib ki, Dədə Qorqud boylarında, aşıq dastanlarında, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik, Molla Cuma, Hüseyn Bozalqanlı, Nəbi Faxralı, Aşıq Şəmşir, Hüseyn Saraçlı, Mikayıl Azaflı, Ədalət Nəsibov kimi görkəmli aşıqların saza və aşığa həsr etdikləri şeirlərlə yanaşı, sonrakı dönəmdə onların özlərinə həsr edilmiş çoxsaylı şeirlər də topluda geniş yer alıb.

    Kitabda diqqətçəkən məqamlardan biri də odur ki, ustad aşıqlara ithaf olunmuş şeirlər əsasən XX yüzillikdə daha çox olub. Bu sırada Dədə Qorquda, Aşıq Ələsgərə, Aşıq Şəmşirə, Mikayıl Azaflıya, Ədalət Nəsibova, Hüseyn Saraçlı və Kamandar Əfəndiyevə ithaflar xüsusilə diqqəti çəkir.

    Topluda, həmçinin saza-sözə böyük məhəbbəti olan görkəmli qələm ustadlarımızın, xüsusən də Osman Sarıvəlli, Hüseyn Arif və Zəlimxan Yaqub kimi Xalq şairləri və digər böyük söz ustadlarının şeirləri ilə yanaşı, ustad aşıqlara, onların saz-söz dünyasına həsr etdikləri poemaların ən dəyərli parçaları da nəşrin uyğun bölməsinə yeləşdirilib.

    Antoloji nəşrin bir özəlliyi də ondan ibarətdir ki, burada aşıq sənəti və saza, eləcə də sazbəndlik və usta sazbəndlərə həsr olunmuş şeirlərlə yanaşı, aşıq və şairlərin saz havalarına həsr etdikləri qoşma və gəraylıların da mühüm bir qismi yer alıb.

    “Aşıq, bağrına bas sədəfli sazı” saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi kimi, qopuza-saza verilən tarixi dəyər, eləcə də aşıq sənətinin bədii-estetik və fəlsəfi mahiyyətini görkəmli şair və aşıqların dilindən təqdim edən bir qədirşünaslıq örnəyidir”,-deyə Musa Nəbioğlu bildirib.

    Qeyd edək ki, toplunun elmi məsləhətçi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

    Antoloji nəşr geniş saz-söz ictimaiyyəti, aşıqlar, tələbə və doktorantlar, bütövlükdə folklor araşdırıcıları üçün nəzərdə tutulub.

    Mənbə: https://azertag.az/

  • Səbuhi Ələkbərovu doğum günü münasibətilə təbrik edirik! (25 Sentyabr)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi “MEGA CUSTOMS SERVICE” MMC-nin əməkdaşını, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisi, Ələkbərov Səbuhi Yaşar oğlunu doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyi

  • Alim, şair və ozan ömrünün yetkinlik zirvəsi

      Məhərrəm Qasımlı – 65

      Bu günlərdə ölkənin elmi-mədəni ictimaiyyəti görkəmli folklorşünas, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illiyini sevgi-sayğı ilə qeyd edir.

      65 yaş insan üçün çox olmasa da, Tanrının sənə bəxş etdiyi bu ömür payı­nı mənalı və məzmunlu yaşaya bilmək, Vətən, millət və dövlət üçün faydalı ola bilmək baxımından az zaman da deyil. Bu mənada, haqqında söhbət açmaq istədiyim Məhərrəm Paşa oğlu Qasımlı arxada qoyduğu 65 ildə həm özü, həm də cəmiyyət üçün faydalı və məhsul­dar bir ömür yaşaması ilə öyünə bilər. Bu ömür yolunu qısaca xarakrerizə et­miş olsaq, sadəcə, bu kəlmələr kifayət edər: alim, şair və ozan ömrü! 

      Bir ömürdə 3 missiyanı eyni məsu­liyyətlə daşımaq hər kəsə nəsib olan bir hal deyil: Alim Məhərrəm Qasımlını bu gün təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarlarda da müvafiq sahənin adamları nüfuzlu folklorşünas kimi yaxşı tanıyır, tez-tez əsərlərinə is­tinad edirlər; Şair Orxan Paşa isə po­eziya həvəskarlarının şeirlərini sevə-sevə oxuduğu, qoşma və gəraylılarının aşıqların repertuarını bəzədiyi qiymətli söz adamıdır. Bütün bunlarla yanaşı, məncə onu daha çox məşhur edən, sevdirən ozan-aşıq mədəniyyətinin ən yaxşı tədqiqatçısı və təbliğatçısı olma­sıdır ki, bu səbəbdən də onu həm də ozan adlandırsaq, yanılmarıq. 

      Onun həm alimliyinin, həm də şa­irliyinin mayasında ozan-aşıq sənətinə bağlılığı dayanır. Hərdən adamda elə təsəvvür yaranır ki, alim Məhərrəm Qasımlı olmasaydı, şair Orxan Paşa da olmazdı. Yaxud əksinə, şair-ozan Orxan Paşa olmasaydı, alim Məhər­rəm Qasımlı bu qədər şöhrət tapmaz­dı. Şöhrət demişkən, onun şöhrəti dövlətimiz tərəfindən də rəsmiləşdirilib: 2018-ci ilin avqustunda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Bun­dan 3 il əvvəl isə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, Dövlət müka­fatı laureatıdır. 

      İlk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan folklorşünas alim olaraq qeyri-maddi mədəni irs nü­munələrimizin tədqiqatında müstəsna xidmətləri ilə yanaşı, uzun illərdir Azər­baycan Dövlət televiziyasında aşıq sənəti, bütövlükdə, ozan-aşıq mədə­niyyəti ilə bağlı apardığı verilişlər onun ziyalı obrazını daha da kamilləşdirir. Bu obrazı daha dolğun əks etdirmək üçün özünün həmin zümrə ilə bağlı fikirlə­rinə diqqət yetirək: “Əsl ziyalılıq odur ki, sən dərbəndli olmadan tutduğun əməlləri, hərəkət və davranışları görən Dərbənd camaatı elə bilsin sən də Dər­bənddənsən, lənkəranlı səni Lənkə­randan, gəncəli Gəncədən, naxçıvanlı Naxçıvandan, qarabağlı Qarabağdan, təbrizli Təbrizdən, urmiyalı Urmiyadan, zəncanlı Zəncandan, göyçəli Göyçə­dən, şirvanlı Şirvandan bilsin. Sevgin­lə, əməlinlə Vətən boyda görünəsən. Vətənin hər yerindən görünəsən”. 

      Bu kəlmələrlə Məhərrəm müəllim özü də fərqinə varmadan özünün zi­yalı obrazını yaradıb. Neçə illərdir ki, hər həftə mavi ekrandan sazın səsi duyulan, saz ruhlu insanlar yaşayan bölgələrdə, ölkələrdə hər evin qona­ğı olur. Saz-söz vurğunları onun hər verilişini səbirsizliklə gözləyir, qiymət­li söhbətlərini heyranlıqla dinləyirlər. Ekran-efir yaradıcılığı, tamaşaçılarla ünsiyyəti onu Azərbaycanın hər evinin sevimlisinə çevirməklə yanaşı, qonşu ölkələrdə də məşhurlaşdırıb.

      Məhərrəm Qasımlıya görə, sazın səsi dağların səsidir, “saf suların ağ səsidir”, bu səs Koroğlunu oyaq saxlar, çünki “ər səsi, qoçaq səsidir”. Deyir, bu səs ulu dərgaha bağlıdır, ona görə də “daim ölümsüzdür – sağların səsidir”. Nur içində nurdan gələn bu səs Haqqın səsidir. Bir alim və şair kimi qənaəti də budur: “Bu gün dünənə ona görə işıq tutmalıdır ki, sabah daha aydın görünə bilsin!” Sadəcə bunu deməklə kifayət­lənmir, dediklərini əməli işə çevirir. Yaradıcı fəaliyyətinin ana xəttini təşkil edən ozan-aşıq mədəniyyətini araşdır­ması mədəniyyətimizin bu qədim sahə­sinə ayna tutmaqla yanaşı, onun işıqlı sabahının yolgöstərənidir. 

      “Poeziya bütün başqa göstəricilə­ri ilə yanaşı, birinci növbədə, istedad və dil hadisəsidir”, – deyən Məhərrəm Qasımlı haqlı olaraq bu qənaətdədir ki: “Bizim bu günkü şeir dilimiz folklor və ozan-aşıq ədəbiyyatından süzülüb gə­lir”. Və bir vətəndaş-alim təəssübkeşli­yi və ürəkağrısı ilə qeyd edir ki: “Tarix içindəki ən böyük yanlışlığımız türk dilinin statusunu türk qılıncının statu­su səviyyəsinə qaldıra bilməməyimiz oldu”.

      Müxtəlif ölkələrədə tədqiqatları nəşr edilən, əsərləri Azərbaycan folk­lorşünaslığının əhəmiyyətli hissəsini təşkil edən, beynəlxalq elmi konfrans­larda məruzə və çıxışları böyük maraq­la dinlənilən, aşıq sənəti sahəsindəki sistemli elmi-təşkilati fəaliyyəti ilə bir sıra uğurlu layihələrə imza atan, çox­saylı kitab, monoqrafiya və məqalələri Azərbaycanın elmi və ədəbi xəzinəsi­ni zənginləşdirən, başdan-başa özü bir kitab olan Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının kitab­la bağlı fikirləri də maraqlıdır: “Bizim günlərin təzadlı mənzərəsi: bir yandan “kitab” adı daşıyan cildli, bər-bəzəkli kağız yığınlarının əlindən tərpənmək olmur, o biri yandan da, demək olar ki, oxumağa abırlı bir kitab tapmaq müş­külə çevrilib”.

      Məqamında və çox sərrast ifadə olunmuş bu fikri ilə isə barışmamaq sadəcə mümkün deyil: “Kitab kimi adamlar azaldıqca, adam kimi kitablar da yoxa çıxır”.

      Tanınmış tənqidçi-ədəbiyyatşünas alim Qurban Bayramov yazır: “Orxan Paşa ictimai mühitimizi düşündürən, ona nigarançılıq gətirən, qayğılandıran problemləri, həmçinin sevinc və qürur dolu halları poetik tərzdə, səmimiyyət­lə, inandıraraq ictimailəşdirməyi baca­rır və bu, onun bədii mətnlərinin poetik yaddaş səviyyəsində yaradıcılıq mə­ziyyətidir…” 

      Ədəbiyyatşünas alimin bu fikirlərini təsdiqləyən onlarla şeirindən nümunə gətirmək olar Orxan Paşanın. Hər bən­di, hər misrası xalq yaradıcılığından, folklorumuzdan güc alan şeirləri könü­loxşayan gözəl poeziya nümunəsi ol­maqla yanaşı, həm də öyüd-nəsihətdir, hikmətdir. 

      Azərbaycan folklorşünaslığında özünəmxsus yeri və rolu olan, ilk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan görkəmli alim, Əməkdar elm xadmi, professor, aşıq sənətinin yorul­maz tədqiqatçısı və təbliğatçısı Məhər­rəm Qasımlını – xalq yaradıcılığı və aşıq şeiri formalarının kamil bilicisi, kö­nüloxşayan poeziya nümunələri müəlli­fi şair Orxan Paşanı – dəyərli ozanımı­zı 65 illik yubileyi münasibəti ilə təbrik edir, Azərbaycan elminin və mədəniy­yətinin daha da inkişafı naminə yoru­ulmaz və səmərəli fəaliyyətində daha böyük uğurlar arzulayırıq. 

      Musa NƏBİOĞLU,
      Əməkdar mədəniyyət işçisi

      Mənbə: https://azerab.az/

    • “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı olub

      Sentyabrın 19-da Azərbaycan Aşıqlar Birliyində (AAB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı keçirilib.

      Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyindən bildirilib.

      Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri giriş sözü ilə açaraq bu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Layihənin koordinatoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, üç ay ərzində həyata keçirilən layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Ümumilikdə audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.

      Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu və Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva layihə çərçivəsində görülən işləri yüksək dəyərləndirərək bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

      Sonra söz aşıqlara verilib. İfaları audiodiskdə yer almış aşıqlardan Nəbi Nağıyev, Roman Azaflı, Ruhiyyə Zəngilanlı, İmran Xəlilov, Ədalət Alməmmədov və Kərəm Təbrizoğlunun, eləcə də “Çeşmə” və “Misri” folklor qruplarının ifalarında Vətəni, ordumuzu və qələbəmizi tərənnüm edən aşıq havaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

      Xatırladaq ki, layihənin rəhbəri AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

      Mənbə: https://azerab.az/

    • AŞIQLAR VƏTƏN MÜHARIBƏSINDƏ QƏLƏBƏMIZI TƏRƏNNÜM EDİR

      Heç kimə sirr deyil ki, hər bir müharibədə sözün, musiqinin, aşıq sənətinin və ifaçıların öz yeri olub. Hətta 1941-45-ci illər – Böyük Vətən müharibəsində sənət adamları, şairlər, yazıçılar, aşıqlar, müğənnilər cəbhədə, səngərdə olub və əsgərləri döyüşə ruhlandırıblar. II Qarabağ savaşında da, daha doğrusu, 44 günlük möhtəşəm döyüşdə də qələbənin əldə edilməsində Ali Baş Komandan Prezident İlham Əliyevlə və Azərbaycan əsgəri ilə yanaşı, aşıqlarımızın da bu uğurun qazanılmasında, onların qəhrəmanlığını tərənnüm etməsi önəmli əhəmiyyət kəsb edir.

      Mən 44 gün cəbhə bölgəsində oldum, o döyüçlərdə iştirak etdim. Hər həftə Azərbaycan televiziyasının Mədəniyyət kanalında Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aşıqlarla bağlı maraqlı verilişi efirə gedirdi. Füzulidə şəhid anaları əsgər anaları bu verilişi çox maraqla izləyirdi. Çünki o proqramda aşıqlarımız əsgərlərimizi döyüşə ruhlandıran mahnılar səsləndirirdi. Bu mənada “Bayrağım”, “Ordumuz”, “Turan marşı”, “Ovşarı”, “Üvertüra”, “Qəhrəman” və digər səsləndirilən aşıq havaları Azərbaycan əsgərində bir coşqu yaradırdı.

      Bu günlərdə Aşıqlar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə köməkliyi ilə hazırlanmış “Aşıqlar Vətən müharibəsində qələbəni tərənnüm edir!” adlı audiodiskin təqdimatı keçiriılib. Tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq, rəhbər olduğu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Layihənin koordinatoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihə çərşivəsində görülən işlər barəsində məlumat verib.

      Üç ay ərzində həyata keçirilən layihədə aşıqların 44 günlük II Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalardan ibarət audiodisk hazırlanıb. Burada Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı, aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərlərinin, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifalarında II Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizi tərənnüm edən, Ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları təqdim olunur. Ümumilikdə, audiodiskdə müxtəlif aşıq havalarından ibarət olan musiqilər bir daha həmin maraqlı tədbirdə adını çəkdiyimiz ayrı-ayrı aşıqlar tərəfindən yenidən səsləndirilib. Bu da tədbir iştirakçılarında xoş ovqat yaradıb, saza və sözə olan məhəbbəti bir qədər də artırıb.

      Bu möhtəşəm tədbirdə professor Məhərrəm Qasımlı və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ilə yanaşı, Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu da çıxış ediblər. Onlar qeyd ediblər ki, belə layihələrin davam etməsi dövlətçiliyimizin və eləcə də aşıq sənətinin təbliğində və tərənnümündə önəmli yer tutur.

      Bu gün aşıq sənətinə, aşıq havasına və onun təbliğinə çox böyük ehtiyac var. Ona görə də adını çəkdiyimiz layihə çox unikaldır və onun davamlı olmağını arzulayırıq!

      FAİQ QİSMƏTOĞLU

      Mənbə: https://azerab.az/

    • Xalq şairi Zəlimxan YAQUB.”Gəlirəm”

      Duyğuların zirvəsinə baş vurub,
      Uca sözün ucasından gəlirəm.
      Gör nələr var üçcə hərfin canında,
      “Söz”ün bircə hecasından gəlirəm.

      Ömür üzən, gün qocaldan, yaş yoran,
      Dincəlməyə aman verə, kaş, yoran.
      Sualların saç ağardan, baş yoran,
      “Neyçün”ündən, “necə”sindən gəlirəm.

      Danışdırdım hər pərdəni, hər simi,
      Dərk eylədim avandımı, tərsimi.
      Məktəb açdı, Tanrı verdi dərsimi,
      Ustadından, xocasından gəlirəm.

      Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
      Hünərin var qapısından gir ömrün.
      Yuxusuna haram qatmış bir ömrün,
      Min yuxusuz gecəsindən gəlirəm.

      Süzülmüşəm tarixlərin ruhundan,
      Od almışam yananların ahından.
      İnsanların Adəmindən, Nuhundan,
      Cavanından, qocasından gəlirəm.

      Qorxusu yox nə amanın, nə ahın,
      Günəşi var hər açılan sabahın.
      Qapısında xidmətçiyəm Allahın,
      Qapısından, bacasından gəlirəm.

    • “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub

      Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının yeni nömrəsi (2023 №1) işıq üzü görüb. “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

      Bu sayın ilk yazısı akademik İsa Həbibbəylinin “Anarın ədəbiyyat fəzası və gerçəklikləri” adlı məqaləsidir. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

      Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir. Jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir. “Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Azərbaycan ədəbiyyatı”, “Folklorşünaslıq”, “Mətbuat tarixi”, “Yubileylər” və “Resenziya” bölmələrindən ibarətdir.

      “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və Monqolustanın alimləri daxildir.

      Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

      Gülnar Səma

      Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

      İctimaiyyətlə əlaqələr şöbəsi

    • Ülviyyə Əbülfəzqızının şeirləri

      Canın sağ olsun, canın sağ olsun!

      Yoxluğunda qələmim iti bir bıçaq,
      Heç əllərimdə onu istəmir.
      O da can atmaz, əllər ondan qaçaq…
      Saniyəölçən matəm havasında sürünür,
      Dəqiqələr “möhtəşəm yası” davam etdirir.
      Aritimiya saatı çoxdan unutdurub…
      Saat sevgidən məhrum olmuş bir qoca,
      Bu qoca çılğınlıqla ölümü arzular,
      Arzu Əzrailin gəlişində bayram…
      Ölüm qurtulmaqmı, de bu bəladan?
      Ruhun sevdiyin ölüm alarmı?
      Suallarım qulağında ildırım misalı.
      Bağışla, çox yordum sükutunu…
      Elə bil divarla danışıram axı,
      Yenə də divara söykənmək olar.
      Sənə söykənən yerdə çabalar…
      Asıram özümü dərd kəndirindən,
      Canın sağ olsun, canın sağ olsun!

      Qara qış yuxusuna, ağ boya taxta çıxdı

      Oxuyuram gözündən,
      Qəlbinin ağrıların.
      Gözlərimdə canlanır,
      Oxuduğum mənzərə..
      Nə çoxdur qara boya,
      Çoxmu sevirsən onu?!
      Boyanıb qara rəngdə,
      Qəlbinin divarları.
      Qara libas geyinib,
      Titrəyən damarları.
      Qəlbinin lap küncündə,
      Paslı sandıq gizlənib.
      Üstündə qara kilid.
      Özünün öz qəlbindən,
      Gizlətdiyin sirmi var?!
      Axı qəlbindir, dostum,
      Gizlətsən də anlayar.
      Bir izn ver, sən Allah,
      Açım mən o sandığı.
      Niyə xəsis olmusan?!
      Paylaşsana mənimlə.
      Dilin başqa söz deyir,

      Qəlbin boynuna almır.
      Söylə, görüm bir zaman,
      Ağ boyanı sevdinmi?!
      Nələri gizləyirsən?
      Gözləri kədər İnsan.
      Qüssə sənə sarılı,
      Onumu izləyirsən?!
      Gəl izn ver gözlərinə,
      Məni alsın qəlbinə.
      Qara boya tələsik
      Ağ boyaya bürünsün.
      Ala-qaranlıqda heç,
      Düşündünmü nə olur?
      Gecəylə səhər gizli
      Vallah, qol-boyun olur.
      Gözün səndən xəbərsiz
      Qapını mənə açdı.
      Budur keçdim qəlbinə,
      Sandıq özü açıldı.
      Kilid yaman qorxaqdı,
      İndi bildim sandıqda
      Sevgi özü dustaqdı.
      Məni görən bu dustaq
      Ətrafa nur saçırdı.
      Qara əşyalarını,
      Yığışdırıb qaçırdı.
      Budur qəlbin divarı,
      Qırmızıya boyandı.
      Qara qış yuxusuna
      Ağ boya “taxta çıxdı.”

      Xəyal adlı dünyada var olmaqdır yaşamaq

      Unutmaq üçün çabalamaq,
      unutduğunu düşünüb unutmamaqdır unutmaq.
      Gözünə həkk olmuş simanı silməyə cəhd,
      gözünə cəza vermək- acı suda acımadan

                       boğmaqdır  xatırlamaq.

      Xoşbəxt obraza dönüb
      həqiqət misrasında matəm çadrasına bürünməkdir,
      yas tutmaq.
      Dilində qəzəblə ” Kimdir o? ” söyləyib
      qəlbində əzizləməkdir,
      dəlicəsinə bağlanmaq.
      Zamanını, ömrünü acizcəsinə
      fəda etməkdir,
      Ağlını azdırıb onun varlığına sarılmaqdır, fədakar olmaq.
      Bəxtinin ayaqlarına düşüb,
      Onu qaytarmaq üçün əsl fəryaddır, məzlumtək yalvarmaq.
      Nədir? Nədir axı quru nəfəs almaq?
      Ruhunu ondan ayrı vücud adlı məngənədə sıxmaqdır yaşamaq.
      Ondan uzaq xəyal dünyasında -” zülm səltənətində” yaşamaqdır var olmaq!

      Buxar dövrüm

      Mənim kədərimin dili tutulub,
      Söyləyə bilməyir yaşananları.
      Səninsə,sevginin dili uzundur
      Durmadan bildirir öz hisslərini.
      Mənim qulaqlarım həvəsdən düşüb
      Bağlayıb qapısın dəmir zəncirlə,
      Sənin qulaqların çox həvəslidir
      Gözləyir səsimi uşaq həvəsiylə.
      Dilimi çəkicə gəl döndərmə sən,
      O kövrək qəlbini mən sındırmayım.
      Qəzəbli çəkici necə saxlayım?
      Axı necə edim, səni qırmayım…
      Səmanın bəzəyi-Günəş görürsən,
      Nur kimi görünən bir zülmətəm mən.
      Ömrünə buz tutmuş Günəşmi lazım?
      Bəzən də gizlənər min kədər, min qəm,
      Saxta partılının saçaqlarında.
      Susubdur ilhamım, yazmaz qələmim,
      Gəl məndən bahara tərif istəmə.
      Görürsən ömrümdə boranlı qışdır,
      Yaz məni qəlbinə qara nöqtətək,
      Axı söyləmişdim, düşmə izimə,
      İndiki gəlmisən, son dəfə dinlə
      Yalanlar dəryası, qəm otağında,
      Keçib əyləşmişəm süfrə başında.
      Bir dayan, süfrəmə yaxınlaşma sən,
      Yox, qəddar deyiləm, istəmirəm mən.
      Acıdan, kədərdən qidalanasan,
      Gecəni əyninə geyən qadını
      Gözlərin əbədi sevə bilərmi?
      De onlar doymazmı bu qaranlığa?
      Buz parıltısına aşiq olanlar
      Dözə bilməzlər ki, soyuqluğuna,
      Buz vərdişkarıdır soyuq şaxtanın
      Alovlu nəfəsdə buxara dönər.
      Əlini atsan da, tuta bilməzsən
      Buxarın qanadı səmanı sevər,
      Sevgi dəryasıydı məskənim mənim.
      Eşqdən yananlara sərinlik idim,
      O soyuq şaxtaya aşiq olarkən
      Billməzdim sevdası buza döndərər.
      Elə tilsimdir ki, pozulmaz sehri
      Deyirlər qorxusu ” üçə” bağlıdır,
      Dəryada günlərim indi xatirə
      Ömrümün ən uzun dövrü buz imiş.
      Günəş nəfəsilə gecikən insan,
      Ömrümün sonudur, çox gec qalmısan.
      Buz dövrüm əriyir, can verir artıq,
      Bilirəm dəryada yerim yox mənim
      Səmalar gözləyir buxar dövrümü!

      Mənbə: https://edebiyyat.az/

    • ALLAH RƏHMƏT ELƏSİN!

      Azərbaycan aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə ağır itki üz verib. Şirvan aşıq mühitinin yetirməsi olan ustad aşıq, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Abbas Musaxanoğlu 2023-cü  il sentyabrın 13-də vəfat edib.

      Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli  kəndində sənətkar ailəsində dünyaya gəlib – onun atası Musaxan öz dövrünün ustad aşıqlarından olub.

      1972-ci ildə orta məktəbi bitirən Abbas Musaxanoğlu kiçik yaşlarından aşıq sənətinə maraq göstərib, ilk sənət dərsini öz atasından alıb, sonra Şirvanın məşhur sənətkarı Aşıq Xanmusanın şəyirdi olub.

      Aşıq sənətinin bütün incəliklərinə dərindən bələd olmaqla yanaşı, eyni zamanda muğam sənətinin də bilicisi olan A. Musaxanoğlu özünün gur və şaqraq səsi ilə seçilir, dastanlarımızn mahir bilicilərindən biri kimi tanınırdı. Uzun müddət Şıxzərli kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışan ustad aşıq  2010 və  2014-cü illərdə keçirilən I və II Beynəlxalq Aşıq festivallarında iştirakına görə fəxri diploma layiq görülüb. Respublika miqyasında və Şirvan bölgəsində keçirilən bir çox mədəni-kütləvi tədbirlərdə,  müxtəlif yubiley tədbirlərində uğurlu çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb. Rusiyada, Qazaxıstanda, İranda və s. ölkələrdə keçirilən beynəlxalq folklor festivallarında Azərbaycan aşıq sənətini layiqincə təmsil edib.

      O, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərib, aşıq sənətinin təbliğində, gənclərdə bu sənətə marağın artırılmasında böyük xidmətləri ilə fərqlənib.

      Abbas Musaxanoğlu Güləliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

      Dəyərli sənətkar, ustad aşıq Abbas Musaxanoğlunun əziz xatirəsi respublikamızın ozan-aşıq mədəniyyəti ictimaiyyətinin, sənət dostlarının, pərəstişkarlarının və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

      Allah rəhmət eləsin!

      AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

      Mənbə: https://azerab.az/

    • Azərbaycanlı şair Coşqun Xəliloğlunun şeirləri “Ozan dünyası” jurnalının yeni sayında dərc olunub

      “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının yeni nömrəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qaradağ Rayon Bürosunun Rəhbəri, Azərbaycanlı şair-yazıçı Coşqun Xəliloğlunun “Telli saz” və “Oxuyanda Aşıq Şakir” adlı şeirləri dərc olunub.

      Xatırladaq ki, “Ozan dünyası” jurnalının baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

      Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

    • Araşdırmacı-jurnalist Kənan Aydınoğlunun məqaləsi “Ozan dünyası” jurnalının yeni sayında dərc olunub

      “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının yeni nömrəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, araşdırmacı-jurnalist Kənan Aydınoğlunun “Aşıq Şəmşirdən ustad Şəmşirə qədər yol” adlı məqaləsi dərc olunub.
      Xatırladaq ki, “Ozan dünyası” jurnalının baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

      Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

    • “Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü görüb

      “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü görüb.

      AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə jurnal Xalq şairi Zəlimxan Yaqubun bu böyük şəxsiyyətə həsr etdiyi “Əbədiyyət dastanı” poemasından bir parça ilə açılır.

      Oxucular bu sayda görkəmli dövlət və ictimai xadim Həsən Həsənovun ustad aşıq Hüseyn Saraçlı ilə bağlı xatirələri, hazırda Türkiyədə fəaliyyət göstərən elm adamı Afina Barmanbayın “Şair Ağacan və “Türkiyə səfəri”nin üç variantı”, araşdırmaçı jurnalist Kənan Aydınoğlunun “Aşıq Şəmşirdən ustad Şəmşirə qədər yol”, aşıq Atlıxan Alxanovun “Xatirələrdə yaşayan laçınlı Aşıq Şakir” adlı məqalələri, şair-publisist Əkbər Qoşalı ilə müsahibə, eləcə də ustad aşıq və sazbəndlərlə bağlı digər yarılarla tanış ola biləcəklər. Jurnalda həmçinin poeziya nümunələrinə də yer ayrılıb.

      Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

      Mənbə: https://azertag.az/

    • T.M.Ağababayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      T.M.Ağababayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                            

      Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Tofiq Məmmədəli oğlu Ağababayev “Şöhrət” ordeni ilə təltif edilsin.

      İlham Əliyev

      Azərbaycan Respublikasının Prezidenti

      Bakı şəhəri, 12 sentyabr 2023-cü il

      Mənbə: http://president.az

    • F.F.Xəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      F.F.Xəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

      Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Fətula qızı Xəlilova “Şöhrət” ordeni ilə təltif edilsin.

      İlham Əliyev

      Azərbaycan Respublikasının Prezidenti

      Bakı şəhəri, 7 sentyabr 2023-cü il

      Mənbə: http://president.az

    • “Əbədiyaşar şəxsiyyət Mir Cəlal Paşayev – 115” adlı xülasə oxuculara təqdim edilib

      F.Köçərli adına Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən Azərbaycanın tanınmış yazıçısı Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə “Əbədiyaşar şəxsiyyət Mir Cəlal Paşayev – 115” adlı daycest oxuculara virtual şəkildə təqdim edilib.

      Kitabxanadan AZƏRTAC-a bildirilib ki, daycestdə görkəmli ədib haqqında qısa xülasə, görkəmli şəxsiyyətlərin onun haqqında dəyərli fikirləri, həmçinin, Mir Cəlalın əsərlərində işlətdiyi atalar sözləri və aforizmlər yer alıb.

      Xülasədə 24 adda kitab və 131 adda dövrü mətbuat məqaləsinin tammətnli siyahısı, yazıçının 5 kitabı yer alıb.

      Mənbə: https://azertag.az/

    • UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyası Ər-Riyadda işə başlayıb

      Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyası işə başlayıb.

      AZƏRTAC xəbər verir ki, UNESCO-nun Səudiyyə Ərəbistanı ilə birgə təşkil etdiyi sessiya sentyabrın 25-dək davam edəcək. Sessiyada ötən dövr ərzində İrs Komitəsinin fəaliyyətinə nəzər salınacaq. Sessiya gedişində artıq Ümumdünya İrs Siyahısına daxil olan ərazilərin konservasiya vəziyyətinin qiymətləndirilməsi müzakirə olunacaq, təklif olunan yeni nominasiyalar qiymətləndiriləcək.

      Sessiya gedişatında görüşlər, seminarlar və sərgilər təşkil olunacaq, Komitənin növbəti iclasının yeri və tarixləri haqqında qərar qəbul ediləcək.

      Xatırladaq ki, UNESCO İrs Komitəsinin 43-cü sessiyasına Bakı ev sahibliyi edib. Dünya Mədəni İrs Siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılıb. Sözügedən konvensiya Dünya Mədəni İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür.

      Şəhla Ağalarova

      AZƏRTAC-ın xüsusi müxbiri

      Paris

      Mənbə: https://azertag.az/

    • Akademik Opera və Balet Teatrı növbəti teatr mövsümünün açılışına hazırlaşır

      Azərbaycan Dövlət Akademik Opera Və Balet Teatrı 115-ci teatr mövsümünün açılışına hazırlaşır.

      Teatrdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Xalq artisti, teatrın direktoru Yusif Eyvazov yeni mövsümünün açılışı ilə əlaqədar kollektivlə iclas keçirib.

      Yusif Eyvazov ilk olaraq balet truppasına teatra yeni təyin olunmuş baş baletmeysteri Ruslan Pronini təqdim edib.

      Ruslan Mixayloviç Pronin Rusiyanın Əməkdar artisti, baletmeyster-repetitor, məşhur xoreoqraf Yuri Qriqoroviçin assistenti kimi onun quruluşlarını bütün dünyada həyata keçirir. Həmin quruluşlardan biri Azərbaycanın Xalq artisti, bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin sentyabrın 18-də və 19-da Heydər Əliyev Sarayında baş tutacaq premyerasıdır.

      Sonra Y.Eyvazov yeni mövsümdə qarşıda duran prioritet məsələlər, maraqlı layihələr, premyeralar haqqında geniş məlumat verib. Bildirilib ki, hazırda xarici teatrlarla müqavilələr bağlanır. Əsas məsələlərdən biri də teatrın qastrol səfərlərinin təşkil edilməsidir. Həmçinin qeyd olunub ki, milli və unudulmuş operalarımızın bərpası teatrın qarşısında dayanan məsələlərdən biridir.

      Mənbə: https://azertag.az/

    • Gənc Tamaşaçılar Teatrı yeni mövsümü “Balaca kişilər” tamaşası ilə açacaq

      Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabr repertuarını açıqlayıb. Teatr builki 96-cı mövsümünü “Balaca kişilər” tamaşası ilə açacaq.

      AZƏRTAC sənət ocağının sentyabr repertuarını təqdim edir.

      Mənbə: https://azertag.az/

    • “ÇAĞDAŞ BÜTÖV AZƏRBAYCAN” adı 6-cı poeziya antologiyası nəşrə hazırlanır

      Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İB-nin yeni layihəsi çərçivəsində “ÇAĞDAŞ BÜTÖV AZƏRBAYCAN” adı 6-cı poeziya antologiyası nəşrə hazırlanır.

    • SÖZ AXŞAMI” YENİ MÖVSÜMƏ BAŞLAYIR

      Neçə illərdir ki, “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin yaradıcı heyəti yeni mövsümə hazırlıq işlərini başa çatdırıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü efirə gedən verilişn ilk buraxılışı Qərbi Azərbaycan aşıq mühitlərinə, bu bölgənin aşıqlarına həsr olunub. Qərbi Azərbaycan aşıqlarına həsr olunmuş əvvəlki verilişlərdən fərqli olaraq bu dəfə əsasən gənc aşıqlara yer ayrılıb. Tamaşaçılar veriliş boyu İmralı Fikrətoğlu (“Baş sarıtel”, “Qəhrəmanı”), Nərmin Salahova (“Cəlili”, “Orta müxəmməs”), Elməddin Bayramlı (“Baş dübeyti”, “Ağır şərili”), Ayaz Əzizoğlu (“Göyçəgülü”, “Ovşarı”), Urfan Qurbanov (“Ruhani”) və Ləman Mirzəyevanın ifasında (“Hüseyni”, “Gəraylı”) müxtəlif aşıq havalarını dinləyə biləcəklər.

      Verlişin növbəti buraxılışları isə dastanlarımıza həsr olunub. Ustad aşıq Elman Talıstanlı və Elçin İsmayıllı “Seyfəlmülk”, Ələddin Göyçəli və İxtiyar Qocayev isə “Aşıq Musa və Mələknisə xanım” dastanlarını təqdim edəcəklər. Hazırda hər iki dastanın teatral təqdimatı üzərində son hazırlıq işləri görülür.

      Mənbə: https://azerab.az/

    • Aşıqlar Birliyində daha bir layihə yekunlaşıb

      Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihəyə yekun vurulub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır.

      Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Burada Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərlərinin, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifalarında II Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizi tərənnüm edən, ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları təqdim olunur. Ümumilikdə, audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.

      Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

      Yaxın günlərdə audiodiskin geniş ictimaiyyətə təqdimatı olacaq.

      Mənbə: https://azerab.az/

    • Bu gün görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür

      Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür.

      AZƏRTAC xəbər verir ki, anadan olmasının 136-cı ildönümü tamam olan Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır.

      Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəslə keçib.

      İlk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış “Jaloba” adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumoristik jurnal çıxarıb.

      Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olan Yusif Vəzir təhsilini davam etdirmək üçün Bakıya gedib. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur “Məlik Məmməd” nağılını qələmə alıb.

      Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Çəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.

      Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat səhifələri” adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları da işıq üzü görüb.

      O, Ukraynada təhsil alan azərbaycanlı tələbələri ilə birgə “Müsavat”ın Kiyev şöbəsini qurub. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Yusif Vəzir Ukraynada diplomatik nümayəndə təyin edilib.

      Yusif Vəzir həmin dövrdə “Azərbaycanın Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını çap etdirib. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilib. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, öz ədəbi yaradıcılığını da davam etdirir. “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi–coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazıb.

      Yusif Vəzir “Bakı işçisi” nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyib, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyib.

      1937-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb.

      1938-ci ildə Yusif Vəzir Özbəkistan SSR-nin Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda, institut kitabxanasına müdir təyin olunub. 1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı ilin iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub.

      O, “İki od arasında”, “Qızlar bulağı”, “Soyuq öpüş”, “Bir cavanın dəftəri”, “Gündəliklər”, “Qanlı göz yaşları”, “Xanın qəzəbi”, “Zeynal bəy”, “Son bahar”, “Üç gecə” əsərləri xüsusilə məşhurdur.

      1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.

      Mənbə: https://azertag.az/

    • Gülay Tahirli – Yenə ən kədərli günlərdən biri idi bu gün

      Yenə ən kədərli günlərdən biri idi bu gün,

      Daradım saçımı bircə-bircə, incə-incə,

      Topladım arxadan,

      Xoşum gəlmədi, açıb bir də topladım.

      Geyindim ən gözəl paltarımı, oturdum evdə.

      Yenə ən kədərli günlərdən biri idi bu gün,

      Dəmlədim qəhvəmi, bol köpüklü, şəkərsiz,

      Hərkəsləşmək keçdi könlümdən,

      Çevirdim fincanı, falıma baxım,

      Unutdum, qaldı eləcə.

      Yenə ən kədərli günlərdən biri idi bu gün,

      Playlistimdə olmayan mahnılardan tapdım,

      Rəqs etdim doyunca.

      Yana-yana qaldı kədərim,

      Hiss etdirmədim, mən də yandım.

      Yandım, amma dayandım!

      Yenə ən kədərli günlərdən biri idi bu gün,

      Savaşdım gözlərimlə, onlar qaçdı,

      Mən tutub çəkdim yollardan,

      Savaşdım sözlərimlə,

      Boğa-boğa öldürdüm.

      Savaşdım əllərimlə, yazılmadı o mesaj,

      Çalınmadı o zəng.

      Yenə ən kədərli günlərdən biri idi bu gün.

      Gətirdim kitabımı,

      Tutdum keçmişin qabağına, oxudum.

      Səsli oxudum

      Eşidilmək üçün özünü didən

      Bütün səslərin acığına.

      Yenə ən kədərli günlərdən biri idi bu gün,

      Qucaqladım yastığımı,

      Üzdü içindəki qaz lələkləri,

      İnandılar nə vaxtsa

      Təzədən quş olacaqlarına.

      Onlar inandı, mən də inandım.

      Yenə ən kədərli günlərdən biri idi bu gün.

      11.09.2023

      Mənbə: https://edebiyyat.az/

    • “Nə yaxşı sən gəlibsən…” – İbrahim İlyaslı

      “Ədəbiyyat və incəsənət” portalının bol izləyicili Poetik qiraət rubrikasında bu gün sevilən şair İbrahim İlyaslı “Nə yaxşı sən gəlibsən…” deyəcək. 

      Nə yaxşı sən gəlibsən,

      Bakı ağ günə çıxıb.

      Kaldırımlar süslənib,

      Bağça-bağ günə çıxıb.

      Yürüdüyün caddələr,

      Bəxtəvərlik yaşayır.

      Vitrinlərdə modellər

      “Göz”lərini qaşıyır.

      Ayaq səsinə qoşur

      “Kirxa”nın orkestri.

      Havadaca dövşürür

      Göyərçinlər səsləri.

      Baxırlar heyran-heyran

      Yasamaldan təpələr.

      Səni görüb Xəzərdə

      Cilvələnir ləpələr.

      Xəyalımda canlanır

      O illərin retrosu…

      Eh… yenə də ayrılıq,

      Yenə “Sahil” metrosu!

      “Ədəbiyyat və incəsənət”

      (08.09.2023)

      Mənbə: https://edebiyyatveincesenet.az/

    • Ölümün intiharı

      Jalə İslam, “Ədəbiyyat və incəsənət”

       

      Səhər saat: 08.00

      Beyin: Soruşmamaq üçün özümü güclə saxlayıram, amma yenə də alınmır. Onu bilirəm ki, səni yeyib bitirən hər nədirsə, məni yoracaq. Danış görüm nə olub?

      Ürək: Özünün xatirinə halımı soruşursansa, heç soruşmamağın daha yaxşıdır. Səni yormağımla bağlı olan məqama gəlsək, mənim yaralarımın birinin üstünə beşini qoyub yenidən əzabıma əzab qatan sənsən.

      Beyin: Bəsdi də, səni artıq anlaya bilmirəm. Niyə həmişə özünü haqlı çıxarmaq üçün əlindən gələni edirsən?

      Ürək: Mənə deyənə bax, sən sanki heç etmirsən? Həm sən məni qara düşüncələrinlə doldurmasan, özüm öz yaralarımı sağalda bilərəm.

      Beyin: Ay yazıq, sənin başqasının fikirlərinə ehtiyacın varsa və öz qərarlarını özün qəbul edə bilmirsənsə, bu olanlarda mənim günahım nədir?!

      Ürək: Ay Allah, sən mənim düşdüyüm vəziyyəti görürsən?!

      Beyin: Allah sənə nə edə bilər ki? Sən onun sənə bəxş etdiyi heç nəyi lazımlı yerdə və düzgün istifadə edə bilmirsən. Ən sonda da adını qoyursan ki, sənsən günahkar. Saf tapmısan də!

      Ürək: Nə? Sənsən saf olan?! Sən mənim ilə hər gün min dildə danışırsan. Keçən dəfə sənə kiçik bir mövzu dedim, böyüdüb dağ boyda elədin. O qədər əzab çəkmişəm ki, yazıq sahibimə gecə yatmağa belə icazə verməmişəm.

      Beyin: Mənəm min dildə danışan?! Əgər eləyəmsə, onda məni niyə dinləyirsən? Ayrıca mən heç vaxt sənin dərdlərin üçün pis fikirlər irəli sürməmişəm. Hər problemdə ağıla gəlməli olan başlıca məsələləri səninlə bölüşmüşəm. Sən isə oturub hamısını düşünüb dəli olmusan.

      Ürək: Başlıca məsələləri söyləyirmiş, yox bir. Bir dəfə də son ağlına gələni söylə, qorxma ölməzsən. Arada bir qayğıma qal, çünki mənə bir şey olsa, sənin də sonunu gətirəcəyəm.

      Beyin: Deyirlər ki, dərd sahibləri uzun yaşayır. Düşünüb özünü yormağa çalışma, elə əlavə bir səbəbi yoxdur. Dərd düçar olduğu qulunu bütün varlığı ilə sevib, onun od-ocağına hakim kəsilən və onu əbədi tək qoymayan yeganə məfhumdur.

      Ürək: Bunu  kim deyir?

      Beyin: Mən!

      Ürək: Səfeh, boşboğaz!

      Beyin: Özünsən!

      Ürək: Əsla…

      Beyin: Bundan sonra sənin işinə qarışan namərddir. Özün öz halına çarə tap. Belə də ki, mənim kimsəyə ehtiyacım yoxdur.

      Ürək: Mənim də sənə ehtiyacım yoxdur. Xoş getdin!

      Beyin: Sən də xoş getdin!

      Axşam saat: 23.59

      Beyin: Mənə bax, hələ də mənə əsəbisən?

      Ürək: Deyəsən, milçək səsi eşidirəm. Yox, məncə, milçəyə haqsızlıq edirəm, çünki bu səs tonu onu ifadə edir ki, onun şüuru həmin həşəratın belə şüurundan kölgədə qalır. Səni daşıyanın məhz bu səfehliyinin səbəbindən halım hal deyil.

      Beyin: Ey! Mənim fikrimcə bu qədər uzatmağın heç bir mənası yoxdur. Axı belə nə qədər davam edə bilər ki?

      Ürək: Aydın oldu, sən mənə rahat yatmağa imkan verməyəcəksən. Nə istəyirsən, onu de!

      Beyin: Mən səndən yaxşılığından başqa nə istəyə bilərəm ki? Öz içimdə hiss etdim ki, sənin mənim köməyimə ehtiyacın var. Sən yaxşı bilirsən ki, mən laqeyd bir dost deyiləm. Taleyimiz o qədər qəribədir ki, girdiyimiz qapıdan birlikdə çıxacağıq.

      Ürək: Hər nə qədər mənasındakı dərinlik itsə də, dost dəyərli bir kəlimədir. Az əvvəl ölüm məsələsinə toxundun. İnsanları bir uçurum, yaxud bir qəza düşmənləri ilə birgə də həmin qapıdan çıxara bilər. Bizə də belə olacaq, ona görə ki, düşüncə və hisslərini bir -birinə düşmən edən insan öz-özünə düşməndir.

      Beyin: Əlbəttə, bəzən elə bir an  olur ki, dözə bilmədiyin, səni yandıran bütün hisslərini bir nəfərdə söndürmək istəyirsən və elə o an ağlına yeganə insan gəlir. Ona inanırsan, güvənirsən düşünürsən ki, dilindəki bir damla su ilə səni fərahladar, lakin bəzən hər şey istədiyin kimi olmur. Sənin ruhunu heç düşünmədən külə çevirən, ən sevdiklərin olur.

      Ürək: Əvəzsiz olan, sənə özünü xoşbəxt hiss etdirən hər şey bir gün getməyə məcburdur. Peşman olmaq üçün, bəlkələrlə yaşamaq üçün, lap elə özünü sənə tanıtmaq üçün bunlar sadəcə bir imtahandır.

      Beyin: Bəlkə də, bu söylədiklərin bizə nəyi isə öyrətməyə çalışır. Artıq bizim üçün son parlayan günəşdir, keçən həftə bizim üçün son dəfə yağmur yağdı, ən son keçən il göyqurşağını gördük və bu sözləri sənə son dəfə deyirəm… Məni son dəfə diqqətlə dinləməyini xahiş edirəm: İkimiz də həmişə eyni səmtə baxdıq. “Fəqət hansımızın gözündə canlanan mənzərə daha parlaq oldu?” -bax bu, böyük müəmmadır. Baxdığımız o səmtdə nə baş verdi? Özünə bir dəfə də olsun heç bu sualı vermisən? Düşünürəm ki, cavab məndə çoxdan hazırdır. Biz eyni səmtə baxıb fərqli mənzərələri görərkən eyni sualları içimizdə boğacaq qədər ağır ruhlu olduq. Ola bilər ki, sən mən deyildin və mən də heç vaxt sən olmağı bacara bilmədim, amma içimizdə olan bütün suallar bizi hər zaman eyni mövqedə qarşı-qarşıya gətirdi. Və bu, sadəcə bizə şamil olmayacaq. Əgər sən belə zənn etmisənsə, çox yanılırsan.

      Ürək: Bəs bütün bu olanlarda özümü günahkar hesab etməliyəm? Axı bir nəfər günahkar olmalıdır. Mənə ən son nə vaxt birlikdə qərar verdiyimizi söyləyə bilərsən?

      Beyin: Bütün bu suallara cavab axtarmaq üçün səncə də artıq gec deyilmi? Ömrünün bu çağında, zahirin qırışmışkən, ruhunu dərin bir qorxu əsir almışkən və ən önəmlisi, sənə gedən bütün yolların bağlanmasına çox az bir vaxt qalmışkən gecikmiş cavablarını dinləməyi özümə rəva bilmirəm.

      Ürək: Özüm də uduzduğumun, artıq mənim üçün hər şeyin gec olduğunun, yolun tamamilə sonunda olduğumun fərqindəyəm. Onu çox incitdilər, elə bu səbəbdən də o da məni yaralamağı seçdi. Az sonra ona içimdə olan bütün suallarla, məni vahiməyə salan qorxularımla, susduğum bütün haqsızlıqların yara izləri ilə vida edəcəyəm. Yanlış seçimləri məhz indi onu bir ip kimi özündən asır. Bu ölüm bir intihardan daha ağır olacaq, bunu hiss edirəm. Elə məhz bu an sənin düşüncələrində gəzinən ilk sual nədir?

      Beyin: Bu sualı eşitmək istədiyinə əminsən?

      Ürək: Düşünürəm ki, artıq əmin olub, ya da olmamağımın heç bir əhəmiyyəti yoxdur. Buna hazıram.

      Beyin: Deyir ki, həyatda yaşadığımız bütün pis və ya yaxşı hadisələr Tanrının seçimləri olduğu təqdirdə, bir qulun alın yazısına yazılan intiharı yaşaması axı necə günah ola bilər? Hər şeyi yerlə yeksan etməyə qadir olan UCA YARADAN’IN məhz bir qulunun ayaqları altındakı kiçik bir kətili saxlamağamı, yoxsa onun boğazını öz əlinə alan mənfur ipi qoparmağamı gücü yetmir? Əgər bu bir həyat oyunu deyilsə, niyə yaşamağa məcburuq? Çox maraqlıdır,  bütün bunlara verəcək hansısa bir cavabın varmı?

      Ürək: Mən cavab vermək üçün deyil, içimdə yaşadıb böyütmək və daha da çox özümü məhv etmək üçün yaranmışam… Deyəsən, artıq yavaş-yavaş təslim oluram. Əgər sənin gücün çatırsa, özünə mənim onu heç vaxt bağışlamayacağım düşüncələrini ək.

      Beyin: Belə başa düşürəm ki, bu dəfə də sən intihar etmək fikrindəsən. Bəlkə, səninlə paylaşdığım bütün sirlər üçün məni də yox etməyi düşünürsən? Elədi, ay qısqanc?

      Ürək: Sən necə qaçmaq lazımdır çox yaxşı bilirsən. Mənim üçün isə narahat olmağın əsassızdır, kədər ortağım.

      Beyin: Bəsdi görək, ay səfeh.

      Ürək: …………..

      Beyin: Nə tez getdin? Bir də… bir də ki…. onun üçün məndəki son düşüncəsi sənin adına həkk olunan böyük bir peşmanlıqdır. O, sənə yaşatdığı hər şey üçün çox……..

      Ürək: …………!

      ***

      Yeni günə salam olsun, bitən gün isə özü ilə bərabər bir çox əzabı, sevinci, kədərin yanıqlı toxumlarını külə çevirdi. Artıq əqrəblər daha həzin hərəkət edir, saniyələr əzabın hökmü altında sürünür, dəqiqələr axına qarşı üzən gəmi tək gücünün təkəbbürü əlində oyuncağa çevrilir, saatlar isə öz hökmünü çoxdan verirdi. Kimlərsə yeni günün doğan günəşi ilə birlikdə dünyaya gözlərini açarkən, bəzilərini də dünənin batan günəşi özü ilə birlikdə çoxdan tarix etmişdi. Günəşin batışını dərin bir sükutla ötürən asiman günü böyük səs-küylə qarşılayırdı. Hər kəs bir-birinin rüzgarı ilə fərqli diyarlara səpələnirdi və daha sonra alışdıqları məskəni unudub yenidən qədəm qoyduqları həyata alışmaq məcburiyyətində qalırdılar. Dünəndən qalan cavabsız suallar heç kimin maraq dairəsinə daxil belə deyildi. Səmanı ağuşuna alan qara buludlar gündüzü gecəyə çevirəcək qədər güclü idilər. Yolun mərkəzindən uzun bir karvan keçirdi. Onlar çiyinlərində çoxdandır axtardıqları vicdanlarını son mənzilinə çatdırmağa çalışırdılar. Bəziləri qara geyimdə, bəzilərinin gözündə qara eynək, bəzilərinin əlində yalandan bir əsa və yalnız bir neçəsinin gözlərində kədəri bariz görə bilirdim. Bu kasıb insan karvanı hər birinin vicdanından bir parça daşıyan tabutu göməcək boş torpağı tapa bilmirdi. Əlləri havaya açılmış, gözləri ilə bizi bir ölçüb min biçən şəxs isə üzünə çisələyən yağmur dənəciklərini silmək üçün əllərini üzündə büsbütün rəqs etdirirdi. Əlləri üzünü örtsə belə, ruhundakı etinasızlığı örtməyə onlar da çarəsiz idi. Və… ən sonda hər kəs nizama düzülmüş əsgərlər kimi eyni anda əks istiqamətə yönəlirdilər. Çıxışın qapısı onları qarşılamaq üçün hər iki qolunu büsbütün açaraq iki ayaqlı heyvan sürüsünü gözləyirdi.

       Səssiz və yaramaz baxışlardan uzaq bir həyat səni ağuşuna çoxdan almışdı. Artıq səni onlara xatırladan bir tək yeni qazılmış isti torpağına sancılan taxta parçası idi. Üzərində günəşin doğuşu və batışının dumanlı tarixləri həkk olunmuşdu və ən sevmədiyim səkkiz rəqəmini də elə bu taxta yatağa uzatmışdılar. Baxışlarım elə hey birotaqlı, rütubətli evimin açıq pəncərəsi ilə arasına uzun bir yol inşa edirdi. Bir zamanlar daşdan möhrü qoyulan bu səssiz insan sürüsünə o həmin pəncərədən baxırdım. İndi isə ağır payız küləyinin təsiri ilə rəqs edən pəncərəmin qiyafəsi onun tam arxasına iz salan stulun çiyinlərinə gücsüz əlləri ilə toxunaraq, -“Səssiz ol”- deyirdi.

      Elə bir kimliyə bürün ki, sənin səssizliyin bitən əzablarının imzası olsun!

      “Ədəbiyyat və incəsənət”

      (11.09.2023)

      Mənbə: https://edebiyyatveincesenet.az/

    • “Özünü inkişaf etdirmək üçün davamlı və sistemli şəkildə mütaliə etmək lazımdır

      “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın pedaqoq, şairə, yazıçı, qiraətçi və təlimçi Lalə Həsəncanla söhbətini təqdim edirik…

      Öncə vurğulamaq istərdik ki, Lalə Həsəncan Təhsildə İnkisaf və İnnovasiyalar üzrə  6-cı Qrant Müsabiqənin qalibi, Azərbaycan Maarifçilər Asosasıyasının üzvü, İlin müəllimi kimi “Global Star Award” mükafatının laureatı və s. kimi bir sıra uğurlara imza atmış ziyalı xanımlarımızdan biridir. 

      – Hər şeydən öncə bir pedaqoq olaraq bu günün təhsili haqqında fikiləriniz çox önəmlidir.

      -Təbii ki, təhsil haqqında düşüncələrim genişdir. Təhsil bir dövlət üçün strateji  əhəmiyyət daşıyır. Bir xalqın inkişafı üçün ən əsas yol təhsildən başlayır. Təhsildə olan yüksək keyfiyyət əlbəttə ki, xalqın gələcək gücünü əks etdirir. Azərbaycan təhsilində də ölkəmizin gəncləri üçün müasir bir təhsil modeli yaradılıb. Təhsilin hər bir sahəsində göstərilən müsbət dəyişikliklər gəncləri inkişafa doğru aparır. Ölkəmizin gəncləri öz ölkəsi ilə yanaşı xaricdə təhsil almaq imkanı da qazandıqları üçün daha peşəkar kadr kimi fəaliyətə başlamaq imkanı qazanırlar. Bir müəllim kimi artıq 20 ildir ki, orta məktəbdə fəaliyyət göstərirəm. Peşəmi çox sevirəm. Ümumiyyətlə deyə bilərəm ki, uşaqlarla işləmək mənim üçün ayrıca bir zövqdür. Onların əhatəsində olmaq məni çox xoşbəxt edir. Hər bir şagirdə göstərdiyim sevgi, qayğı və onların mənə yaşatdıqları o əyləncə dolu anlar öz peşəmi daha da çox sevməyimə sövq edir. Bu gün bütün bunlarla yanaşı bu peşənin sahibi olmağımla qürur hissi yaşayıram. Bir müəllım öz peşəsini sevməyi bacarmalıdır ki, xalqının bugününü, gələcəyini düşünə bilsin. Vətənə peşəkar kadr yetəşdirmək hər bir müəllimin borcudur. Biz müəllimlər də öz növbəmizdə işimizi layiqincə yerinə yetirməyi bacarmalıyıq.

      -Sizcə təhsilin inkişafı üçün hansı istiqamətdə işlər aparılmalıdır?

      -Fikrimcə, təhsil istiqamətində son illərdə yetərli qədər islahatlar aparılır. Təhsilin davamlı inkişafı üçün genşmiqyaslı şərait yaradılır. Müasir dövrlə nəzərə alsaq yeni texnologiyalar və onların idarəetmə üsulları, layihələr, o cümlədən təhsil müəssisələrində maddi- texniki bazanın gücləndirilməsi, yeni məktəb binalarının tikilməsi keyfiyyətli təhsil strategiyalarından xəbər verir.

      -Siz həm də yaradıcı insansınız. Şeir və hekayə yazarkən ilham mənbəyinizin konkret ünvanları varmıdır?

      -Deyərdim ki, yox. Çünki şeir və hekyə yazarkən daxili hislərimin rahatlığı buna şərait yaradır. Yazmağı sevirəm. O an özümü sanki sehrli dünyada hiss edirəm. Bunu da mənim duyğusal bacarıqlarımın inikası olaraq hesab edirəm. Əslində, məqsədim bir yazıçı kimi yetişmək deyil. Bunun bir istedad olduğunu da bilirəm. Birinin öz istedadının fərqini görmək və bu imkanları üzə çıxartmaq, ruhən azadlıq qazanmaq üçün ərsəyə gətirdiyi əsərlər ona kifayət edir. Bütün bunlarla yanaşı isə qazandığımız böyük oxucu kütləsi bizlər üçün bir hədiyyədir.

      -Xəyal dünyanızın genışlənməsinə səbəb olan hadisələr hansılardır?

      -Təbii ki, oxucu tərəfindən sevilməyi və əsərlərinin genişmiqyasda tanınmağı bir yazarın daha fəal yazar kimi yetişməsinə səbəb olur. Bir yazar araşdırmalar, mütaliələr etməklə yanaşı öz xəyal gücünü də ortaya qoymaqla yeni əsərlər ərsəyə gətirməlidir.

      -Yazmaq sizin üçün nə deməkdir?

      -İlk öncə oxucuya ideyalarımı çatdırmaq. Daha sonra isə bir yazıçı kimi yazıb- yaratmaq.

       -Ən çox harada və nə zaman yazmağı sevirsiniz?

      -Ən çox səssiz bir məkanda yazmağı daha çox sevirəm. Səssizlik  beyin gücümün fəaliyyətini artırır və daha çox düşünmə imkanlarımı genişləndirir. Həzin bir musiqi isə bu gücün dərinləşməsinə imkan yaradır.

      -Yazıçı üçün zaman nə deməkdir?

      -Zaman biz yazıçılar üçün vacib olan amillərdən biridir. Bəzən bir romanı yazmaq üçün saatlar, günlər, aylar və illərin keçməsi gərəkdir. Zaman bir yazıçı üçün keçmiş, indiki və gələcəyin bir baxış formasıdır. Yazılan əsərlərin məhz sujet xətti də  mövcud bir vaxtla əlaqələndirilir. Zaman insan düşüncəsi və şüurun ən uyğun göstəricisidir. Bunun üçün də yazarkən keçirdiyim hər an mənim üçün dəyərli bir zaman anı sayılır.

      -Qiraət etdiyiniz şeirlərinizi siz özünüz seçirsiniz, ya müəlliflər özləri müraciət edirlər?

      -Bəzən olur müəllif özü müraciət edir, bəzənsə mən özüm seçirəm. Daha çox müəllifin müraciət etməsini nəzərə alıram. Ancaq müəllifin şeirinə gəldikdə isə ozüm seçim etməyi üstün tuturam. Çünki şeirlər ilk öncə nitq üslubuma uyğun olmalıdır. Bir şeiri yaşayaraq səsli şəkildə çatdırmaq və onu insan ruhunu oxşayacaq şəkildə canlandırmaq qiraətimin ən yüksək təməlindən biri hesab edirəm.

      -Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?

      -Daha çox nəsrə:  roman və hekayələrə üstünlük verirəm.

      -Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?

      -Bu baxımdan özünü inkişaf etdirmək üçün davamlı və sistemli şəkildə mütaliə etmək lazımdır.

      -Pedaqoq və yazıçı olmaq istəyən gənclərə hansı məsləhətləriniz var?

      -Bildirmək istərim ki, hər bir insan öz xəyal və uğurunun mərkəzində özü durur. Görülən işlər və əldə etdikləri nailiyyətlər məqsədli bir vəhdət daşımalıdır. Maksimum nailiyyət və uğur üçün potensialından istifadə etməyi bacarmalıdır. Məqsədlərinin qarşısına məhdudiyyətlər qoymamalıdır. Ən əsası isə tutduğu yolda keyfiyyətli, uğurlu, inkişaflı bir  istiqamət qazanmağı bacarmalıdır.

      “Ədəbiyyat və incəsənət”

      (11.09.2023)

      Mənbə: https://edebiyyatveincesenet.az/

    • Məsudə Cabbar: “Düşünürəm, kəlmələrin insanların qəlbinə, ruhuna zənn ediləndən daha çox toxunma gücü var” 

      Hər vaxtınız xeyir olsun, istəkli oxucularımız. “Ədəbiyyat və incəsənət” portalının Qonaq otağında xoş gördük sizləri. Bu günün müsahibəsi Kubra Quliyevanın təqdimatında müasir Azərbaycan yazıçıları arasında qələmini məharətlə danışdıra bilib gənclərin sevimlisinə çevrilən, “Aciz qalan ulduzlar”, “XÇƏQ”, “Oğlan”, “Ən” və daha bir neçə əsərin müəllifi olan Məsudə Cabbarladır. Blits-müsahibəni nəzərinizə çatdırırıq. 

      -Öncəliklə sizdən özünüzü qısaca tanıtmağınızı və bizə gələcəklə bağlı planlarınızdan bəhs etməyinizi istəyəcəkdim.

      -Hər kəsə salam. Mən Məsudə Cabbar. 30 yaşım var, 9 ildir yazıçılıqla məşğulam. Ümumilikdə 7 kitab müəllifiyəm. Gələcəklə bağlı əsas hədəfim özümü və sənətimi mümkün olduğu qədər irəli aparmaq və daima yeniləməkdir.

      -Sizcə, sizin əsərlərinizin qısa zamanda bu qədər sevilməsi və oxucu kütləsinə çatmasında əsas səbəb nə oldu?

      -Zənnimcə, 9 il qısa zaman sayılmır, ilk kitabımdan etibarən kitablarım daima oxucuların maraq dairəsində olub. Ancaq çalışmışam heç zaman bu marağın sehrinə qapılmayım. Konkret səbəb göstərmək çətindir, ancaq düşünürəm ki, kəlmələrin insanların qəlbinə, ruhuna zənn ediləndən daha çox toxunma gücü var.

      -Çox gözəl vurğuladınız. Elə isə özünüz mütaliə edərkən hansı yerli və xarici yazıçıların əsərlərinə üz tutursunuz?

      -Bacardığım qədər yerli, gənc yazarların kitablarını oxuyuram. Əcnəbi yazarlar arasında qələmini sevdiyim bir çox yazar var. Ancaq daha çox elmi kitablar oxumağı sevirəm.

      -Bu aralar geniş oxucu kütləsinə çatmış “Xoşbəxtliyə çatanda əldə qalanlar”kitabı xeyli maraq doğurmuşdu. Bəs siz özünüzü xoşbəxtliyə çatmış hesab edirsinizmi? Elə isə əlinizdə qalan nə oldu?

      -Əslində bu mövzuda saatlarla danışmaq olar. Ancaq “X.Ç.Ə.Q” kitabında da qeyd etdiyim kimi, həyatda heç bir mövzuda yüzdə yüz sabit qalmaq mümkün deyil. Düşünürəm ki, hazırda həyatımda “məna axtarışı” illuziyasını dayandırdığım dönəmdəyəm. Bu səbəblə heç nəyi  itirmədiyim kimi, heç nəyi də tapmıram.

      -Dəvətimi geri çevirməyib ünvanladığım suallara ətraflı cavab verdiyiniz üçün minnətdaram. Xeyirli günlər.

      -Müsahibə mənim üçün də maraqlı oldu. Təşəkkür edirəm.

      “Ədəbiyyat və incəsənət”

      (12.09.2023)

      Mənbə: https://edebiyyatveincesenet.az/

    • DEBÜT-də 20 yaşlı lənkəranlı tələbə Aytəkin Ağazadədir

      “Ədəbiyyat və incəsənət” portalının Debüt rubrikasında bu gün sizlərə tələbə şeirləri təqdim ediləcək. 

      Aytəkin Ağazadə 2003-cü ildə Lənkəran rayonunda anadan olub. Lənkəran Dövlət Universitetinim “Filologiya və ibtidai təhsil” fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının 4-cü kursunda təhsilini davam etdirir. Lap uşaq yaşlarından şeirləri, şifahi və yazılı ədəbiyyat nümunələrini çox sevib, ədəbiyyata böyük maraq göstərib. Məktəb və Universitet tədbirlərinin fəal iştirakçısı olub, müxtəlif şairlərdən şeirlər səsləndirib. 2013-cü ildən şeirlərini “Aytəkin Əziz” imzası ilə yazır. Yaradıcılığında ictimai-fəlsəfi motivli şeirlər üstünlük təşkil etsə də, məhəbbət lirikası, eləcə də qəhrəmanlıq lirikasına aid yazdığı nümunələr də az deyildir. 

      Hazırda şeir yazmaqla bərabər bədii qiraətlə də məşğul olur. 

      Şairlərdən başqa heç kəs şairlərin dilin bilmir…

      Əzəldən haqq yolundayam, 

      yola sonra gəlməmişəm, 

      Amma bu “haqq” deyilənin 

      özün yolda görməmişəm. 

      Gəzib onu diyar-diyar 

      mən də tapa bilməmişəm, 

      Haqqı elə basdırıblar 

      kimsə onun yerin bilmir… 

      İnsanların arasında 

      təklik elə yaman olur, 

      Nə olursa elə sənin 

      tək qaldığın zaman olur… 

      Gündüz gülən adamların 

      gecə beyni duman olur, 

      Rahat-rahat danışanlar 

      birin bilir, birin bilmir… 

      Mən deyərəm anlamazlar, 

      ən yaxşısı susum gedim, 

      Susanların səslərinə 

      bir-bir qulaq asım gedim. 

      Qoy yanmasın, ürəyimə 

      bir dənə daş basım gedim, 

      Şairlərdən başqa heç kəs 

      şairlərin dilin bilmir…

      Yarası var…

      Dəyişə bilməsən barış  taleyinin rəngi ilə, 

      Bəxtin bozu olmayır ki, bir ağı var, qarası var. 

      Hər mərmisi acı olan həsrət adlı süngü ilə, 

      Parça-parça olan qəlbin de salamat harası var? 

      Kədər ömür qonağıdı, hər gecəni dəyər gedər, 

      Can dediyin can evinin dirəyini əyər, gedər.

      Yarım qalanın nəfəsi ciyərinə məyər gedər? 

      Axı sevən bir ürəyin hələ yarda parası var… 

      Bütün sevgi bağlarına qış gələndə, don dəyəndə, 

      Günəş şəfəqdən bərq vurar vaxtsız qapın döyüləndə… 

      Kəsib atmaq olmayır ki, hər kökündən vur deyəndə

      Dönə-dönə düşünürsən orası var, burası var… 

      Dəyişməyir doğmaların, ummadığın yad dəyişir, 

      Dərd zamanla ayaqlaşır, çəkilən fəryad dəyişir, 

      Yara yenə yara olur, dəyişəndə ad dəyişir, 

      Mənim də bu ürəyimin “sən” adlı bir yarası var.

      Qabar… 

      Daha boş olan deyil, dolu olan da dolur, 

      Ölmək istəyən çiçək elə baharda solur. 

      Kasıbın ilk balası həmişə nübar olur, 

      Varlının hər uşağı özü üçün nübardı… 

      Səninlə aramızda bir fərqimiz var bizim, 

      Sən heç yıxılmamısan, mənim yaradır dizim. 

      Başa düşməyəcəksən məni heç vaxt “əzizim”, 

      Səninki kimi deyil, mənim içim qubardı… 

      Sanma cibi boş olan dolusuna göz yumar, 

      Nə sən oyun deyilsən, nə mən udduğun qumar. 

      Sənin atanın əli həmişə olub hamar, 

      Mənim atamın əli doğulandan qabardı…

      “Ədəbiyyat və incəsənət”

      (12.09.2023)

      Mənbə: https://edebiyyatveincesenet.az/

    • PROFESSOR VÜQAR ƏHMƏD  XARİCİ MƏTBUATDA

      AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Turanın Xalq ŞairiVüqar Əhmədin 60 illiyi ilə əlaqədar xarici mətbuatda silsilə məqalələr dərc olunmuşdur. Eləcə də, Pakistanda “Qlobal ədəbiyyat” jurnalında  (14 avqust, 2023) filologiya üzrə fəlsəfə doktoru, mütərcim Məsmə İsmayılovanın “Şair-alim Vüqar Əhməd” məqaləsi və onun poeziyasından tərcümə etdiyi seçmə şeirlər ingilis dilində çap olunmuşdur. Türkiyənin nüfuzlu “Kültür evreni” dərgisində də yenə eyni müəllifin “Həyat baharı: Vüqar Əhməd” adlı yubiley məqaləsi (ingilis dilində) qardaş ölkənin oxucularının ixtiyarına verilmişdir.

      “Kültür evreni” (2023, № 51)  dərgisində həmçinin, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayevanın “Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusu” adlı geniş həcmli məqaləsi dərc edilmişdir.

               Beynəlxalq Elm və Sənət Akademiyasının elmi-ədəbi “Xəbərlər” jurnalında da (2023, №1) Vüqar Əhmədin yubileyi ilə əlaqədar  rus dilində “Aktyorun dəfni”, “Duzsatan Həlimə” adlı hekayələri və “Azərbaycan” şeiri oxucuların ixtiyarına verilmişdir.

      Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

      İctimaiyyətlə əlaqələr şöbəsi

    • Bu gün görkəmli sənətkar Habil Əliyevin anım günüdür

      Onun həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. O, XIX əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanmışdı. Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi şöhrət tapmışdır. Ömrünün sonunadək ifaçılıq sənətini daim təkmilləşdirərək o, Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqincə davam etdirmişdir. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan vermişdir.

      AZƏRTAC xəbər verir ki, bu gün milli musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış kamança ustası, Xalq artisti Habil Əliyevin vəfatından 8 il ötür.

      Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. O, Ağdaşda orta məktəbi və eyni zamanda, yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952–1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəmişdir.

      Erkən yaşlarından kamançaya meyl salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlamış, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərmişdir. O, 1956–1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

      Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırmışdır. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.

      Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olmuşdur. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açmışdır.

      Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.

      Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Mahir kaman ifaçısı, eyni zamanda, bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırmışdır.

      Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırmışlar.

      Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

      Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

      Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib.

      Mənbə: https://azertag.az/

    • Səməd Vurğunun şeirləri İspaniyanın elektron ədəbiyyat jurnalında

      İspaniyanın populyar “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycan Xalq şairi Səməd Vurğunun ispan dilinə tərcümə olunmuş “Şair, nə tez qocaldın sən?”, “Mən tələsmirəm…” şeirlərinin yayımına başlayıb.

      Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – tanınmış ispan tərcüməçisi Raul Poggi Alexandro və ispan dili mütəxəssisi Tutuxanım Yunusovadır.

      Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq, öz səhifələrində İzabella Berd, Tomas Mann, Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Blanka Andreu kimi dünya korifeylərinin yaradıcılığını işıqlandırır.

      Mənbə: https://azertag.az/

    • Böyük qırğız yazıçısı Çingiz Aytmatovun daha bir kitabı işıq üzü görəcək

      Böyük qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyi münasibətlə onun yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərəfindən dilimizə çevrilmiş “Dağlar yıxılanda” kitabı çap olunacaq.

      AZƏRTAC xəbər verir ki, Qırğızıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə işıq üzü görəcək kitabın rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, mətndəki şeirlərin tərcüməçisi İlqar İlkindir. Nəşrə “Ön söz”ü isə böyük yazıçının oğlu, Beynəlxalq Ç.Aytmatov Fondunun prezidenti Eldar Aytmatov yazıb.

      “Hamı və bütün zamanlar üçün bircə mütləq həqiqət var – heç kəs taleyinin necə olacağını, alnına nə yazıldığını qabaqcadan bilmək iqtidarında deyil, kimə nə tale bəxş edildiyini yalnız həyat özü göstərir, yoxsa olub-keçəni heç tale də adlandırmaq olmaz…”, – Çingiz Aytmatovun bu sözlərlə başlayan və dilimizə ilk dəfə çevrilən son “Dağlar yıxılanda (Əbədi gəlin)” romanında hadisələr Tyan-Şan dağlarında baş verir, əzab çəkən iki məxluqun – insanın və bəbirin – yolu orada kəsişir. Hər ikisi də zamanın, şəraitin, öz talelərinin qurbanıdır. Əsərin qəhrəmanı ərəb neft maqnatlarının bəbir ovladıqları yerlərə son sevgisini, bəlkə də ölümünü qarşılamaq üçün gəlir. Qarlı dağ keçidində möcüzəli şəkildə gözləri qarşısında canlanan Əbədi gəlin barədə əfsanə isə tamamilə bu dramatik hekayətin toxumasına hopub.

      Kitaba ədibin ilk, sonralar üzərində işlədiyi “Üz-üzə” povesti, “Baxiana” və başqa hekayələri də daxil edilib. Hər bir əsərində oxucu bənzərsiz yazıçının böyük ustalığını və səmimiyyətini duyur.

      Mənbə: https://azertag.az/

    • Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin anım günüdür

      Azərbaycanın nəsr tarixində tarixi roman janrı görkəmli ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əzizə Cəfərzadə qələmi ilə yenidən canlanıb. 1963-cü ildə ərsəyə gətirdiyi “Natəvan haqqında hekayələr”də Xurşidbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alan Xalq yazıçısı Əzizə Cəfərzadənin ədəbiyyatımızda öz yeri var.

      AZƏRTAC xəbər verir ki, bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin vəfatından 20 il ötür.

      1921-ci ildə Bakıda anadan olan Ə.Cəfərzadə 38 nömrəli məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr məktəbində oxuyub. Əlaçı olduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundzadə mükafatına birinci o layiq görülüb. 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Ə.Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

      1937-ci ildə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra nəşr olunmuş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb.

      Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-1978-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib.

      1980-ci ildə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayan romantik şair Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini özündə əks etdirən “Bakı-1501” tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” romanı məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi”, “Gülüstandan öncə”, “Zərrintac-Tahirə”, “İşığa doğru”, “Bəla”, “Rübabə sultanım” tarixi romanları Ə.Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur.

      Əzizə Cəfərzadənin 2003-cü ildə qələmə aldığı “Xəzərin göz yaşları” adlı povesti isə 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasına həsr olunub. Ə.Cəfərzadə, eyni zamanda, Şərqin dühası Məhəmməd Füzuli yaradıcılığına gözəl bələd olduğundan, ölümündən bir az əvvəl onun həyatı haqqında “Eşq sultanı” adlı romanını yazıb.

      Yazıçının “Sahibsiz ev”, “Əllərini mənə ver”, “Sənsən ümidim”, “Xəyalım mənim” əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Uşaqları da yaddan çıxarmayan Əzizə Cəfərzadə “Qızımın hekayələri”, “Anamın nağılları”, “Çiçəklərim”, “Pişik dili” kimi hekayə və nağıllar yazıb.

      Azərbaycan dilinin saflığını qoruyan və onu təbliğ edən ədəbiyyatşünas alimin elmi əsərləri də bədii ədəbiyyat nümunələri kimi daim oxunur. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları” (iki nəşrlə), “Şirvanın üç şairi”, “Mürcüm Kərim Vardani. Sünbülüstan”, “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kitabları yazıçıya xüsusilə şöhrət gətirib.

      Ana və qadın mövzusuna xüsusi önəm verən yazıçının folklor araşdırmaları, etnoqrafik yazıları da maraq doğurur. Onun “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa əsərlər bu qəbildəndir. Ə.Cəfərzadə iştirak etdiyi beynəlxalq konfranslarda, xarici səfərlərində daim Azərbaycan və onun tarixini təbliğ etməklə yanaşı, həmin ölkələrin kitabxana və fondlarında Vətənimizlə bağlı məlumatları araşdıraraq toplayıb. Bu məqamlar Əzizə xanımın səyahət gündəliklərində öz əksini tapıb.

      Əzizə xanım 1965-1966-cı illərdə pilot olan həyat yoldaşı ilə birlikdə Qanada (Afrika) yaşamalı olub və həmin illərin xatirələri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” kitabında toplanıb. Kitabda yazıçı afrikalı insanların həyat tərzini, fəaliyyətlərini, kənardan görünə bilən və bilinməyən tərəflərini məharətlə təsvir edib.

      Əzizə Cəfərzadə 1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləyib. Tutduğu sosial statusdan asılı olmayaraq, qadın və uşaqların hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərib. 1979-cu ildə kitablarından qazandığı qonorar hesabına Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib. Azərbaycanın tarixi torpaqları olan Qarabağda erməni separatizmi baş qaldıranda ilk səsini ucaldan ziyalılar arasında Ə.Cəfərzadə də olub. Yazıçı dəfələrlə ön cəbhəyə gedərək, əsgərlərlə görüşüb, onlara ana nəvazişi göstərib. Xalqına bağlılığı nəticəsində ömrünün 80-ci ilində “Azərbaycan Anası” adını alıb.

      Xalq yazıçısı Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də vəfat edib.

      Mənbə: https://azertag.az/

    • RİMM sentyabrda keçiriləcək mədəni tədbirlər proqramını açıqlayıb

      Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) sentyabrda keçiriləcək mədəni tədbirlər proqramını açıqlayıb.

      Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ay keçiriləcək tədbirlər həm Rus evində, həm də digər məkanlarda olacaq.

      Artıq ənənə halını almış gənc istedadların sərgisi və “Nə? Harada? Nə vaxt?” intellektual oyunu yarışları ilə yanaşı, RİMM sentyabrda ən müxtəlif auditoriyaların marağına səbəb olacaq onlarla başqa tədbirlər təşkil edir. Gözlənilən mədəniyyət hadisələri arasında sentyabrın 3-də “Zağulba FM” əyləncə mərkəzində keçiriləcək “Rus rokunun hitləri”, sentyabrın 4-7-də Rus evində təşkil ediləcək Rusiya Hərbi Şöhrət Gününə və İkinci Dünya müharibəsinin başa çatmasına həsr olunmuş “Nürnberq” bədii filminin premyerasını və açıq tanqo dərsini göstərmək olar.

      Sentyabrın 22-də Rus evində mahnıların daha orijinal, peşəkar və yaddaqalan olması mövzusunda müzakirələr təşkil ediləcək. Ustad dərsinin prodüseri qismində müğənni və musiqiçi Yefim Zavalnı çıxış edəcək. O, konkret nümunələrlə daha çox rast gəlinən səhvləri göstərəcək, kompozisiyaları təfsilatı ilə təhlil edəcək və mahnıların daha yaxşı alınması ilə bağlı məsləhətlərini verəcək. Sentyabrın 29-da isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Vladimir Qubernator Simfonik Orkestrinin konserti olacaq.

      Ümumilikdə, proqramda 30-da çox tədbir var.

      Bakıdakı RİMM 2009-cu ilin martından fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişafına yönəlib. RİMM-in sərgi, kinokonsert və konfrans zalları, həmçinin kitabxanası, tədris kabinələrində rus dilinin Azərbaycan cəmiyyətində təşviqi və iki ölkə arasında humanitar əlaqələrin inkişafı üzrə bir sıra tədbirlər keçirilir.

      Mənbə: https://azertag.az/

    • Dənizkənarı Milli Parkda “Oxuyan gələcək” kitab sərgisi açılıb

      Sentyabrın 1-də Dənizkənarı Milli Parkda Gənclər və İdman Nazirliyi, TEAS PRESS Nəşriyyat Evin və LIBRAFF mağazalar şəbəkəsinin birgə təşəbbüsü ilə “Oxuyan gələcək” kitab sərgisi keçirilib.

      AZƏRTAC xəbər verir ki, sərgidə elm adamları, ekspertlər, ictimai xadimlər, mədəniyyət xadimləri, naşirlər, şairlər, yazıçılar və kitabsevərlər iştirak ediblər.

      Açılış mərasimində toplaşanlara “Oxuyan gələcək” kitab sərgisinin hədəfləri kitabın daha geniş kütləyə çatdırılmasına töhfə verməkdən və ölkədə mütaliəyə olan marağı daha da gücləndirməkdən ibarət olduğu barədə məlumat verilib, kitabı təbliğ edən videoçarx nümayiş olunub. Qeyd edilib ki, Azərbaycan, türk və rus dillərində nəşr olunan 10 mindən çox kitab satışa çıxarılacaq.

      Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev nazirliyin son illər ölkəmizdə həyata keçirilən maarifləndirici tədbirlərdən biri olan kitab sərgisinin əhəmiyyəti barədə danışıb: “Kitaba sevgi ailədən başlanır. Əgər evdə, ailədə uşaqların yanında kitab oxuyursunuzsa, gələcəkdə onlar da oxuyacaqlar. Böyük və xoşbəxt gələcəyə gedən yol kitablardan keçir, ona görə də ailədən başlayaraq kitabları sevdirmək və mütaliəyə maraq oyatmaq lazımdır”.

      Milli Məclisin deputatı Kamal Cəfərov, naşirlər və başqaları çıxış edərək kitabın əhəmiyyətindən, onun insanın formalaşmasına göstərdiyi təsir gücündən bəhs edərək sərgi günlərində oxucuları onlara yaradılan fürsətdən layiqincə dəyərləndirməyə çağırıblar.

      Tədbirin gündəliyinə əsasən sərginin ikinci günü yazıçılardan Elxan Elatlı, Zahid Xəlil, Elçin Əzimli, Sevinc Nuruqızı, Mürşüd İsmayılzadə və Aybəniz İsmayılova, sərginin üçüncü günü isə Aqşin Yenisey, Reyhan Yusifqızı, Şəfəq Mehralıyeva, Yuliya Kərimova və Xülya Cəfərova iştirak edəcək və imza saatları keçirəcəklər.

      Həmçinin sərgi günlərində müxtəlif mövzularda təşkil olunmuş panellərdə təhsil, marketinq, psixologiya, dilçilik, idman, sağlamlıq və biznes sahələrində tanınmış ekspertlər ilə görüş və müzakirələr aparılacaq.

      Üç gün davam edən sərgi ərzində kitablara 30-70 faiz aralığında endirimlər tətbiq olunacaq. Oxucular bir sıra kitabları endirimli qiymətlərlə əldə etmək imkanı qazanacaqlar.

      Mənbə: https://azertag.az/

    • Azərbaycana Mərakeşdən gələn turistlərin sayı artır

      Azərbaycan Mərakeş turistləri üçün əsas istiqamətlərdən birinə çevrilib. Bu barədə Mərakeşin fransızdilli “LE MATIN” (“Səhər”) qəzetində yazılıb.

      AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəsmi statistikasına görə, Mərakeşdən ölkəmizə gələn turistlərin sayı cari ilin yanvar-iyul aylarında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıb.

      “Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovun fikrincə, Mərakeşdən turist axınının artması, ilk öncə, hər iki dövlət tərəfindən səfirliklər vasitəsilə göstərilən və iki xalq arasında dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsinə yönələn səylərlə izah olunur, – “LE MATIN” nəşrində deyilir. – Belə ki, 2008-ci ildə Azərbaycan və Mərakeş hökumətləri arasında hazırda qüvvədə olan turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb, mülki aviasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin layihəsi müzakirə olunur. Azərbaycanı ziyarət etmək arzusunda olan mərakeşlilər üçün elektron vizanın əldə edilməsi imkanının yaranması da müəyyən rol oynayıb”.

      Materialın müəllifi Driss Lyakubi qeyd edir ki, müsəlman əhalinin üstünlük təşkil etdiyi Azərbaycan zəngin mədəni irsi ilə məşhurdur, ölkənin bir çox təbii, tarixi və memarlıq obyektləri UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Tarixi irs ilə yanaşı, Azərbaycanın paytaxtı Bakı şəhəri çoxlu sayda beynəlxalq səviyyəli mədəni, idman və işgüzar tədbirlərin keçirilməsi ilə tanınır.

      Mənbə: https://azertag.az/

    • Rus Dram Teatrı azyaşlı tamaşaçıları unutmayıb

      Sentyabrın 17-də yeni teatr mövsümündə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında balaca tamaşaçılar üçün “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa nümayiş olunacaq.

      Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tamaşanın bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.

      Əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.

      Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

      Mənbə: https://azertag.az/

    • Dünyaşöhrətli müğənni Taylor Svift yeni rekorda imza atıb

      Məşhur amerikalı müğənni Taylor Svift yeni rekord nəticə əldə edib.

      AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, T.Svift mahnıları “Spotify” musiqi platformasında aylıq 100 milyon dinləyici yığan ilk qadın sənətçi olub.

      Qeyd edək ki, ifaçının “Speak now”, “Midnights”, “Lover” və “Folklore” kimi məşhur albomları var.

      Mənbə: https://azertag.az/

    • Bu gün Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 7 il ötür

      Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb.

      AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 7 il ötür.

      Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violonçel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.

      1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb.

      O, uşaqlar üçün yazılan “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını da yazıb. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı “Şənlən, mənim xalqım” uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.

      2010-2012-ci illərdə O.Zülfüqarov “Məlik Məmməd” nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, eyni zamanda, musiqi dərslikləri yazıb. Uzun illər “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrı görkəmli sənətkarın rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar “Oxuyur Aysel” adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.

      Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. O, Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.

      Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib.

      Mənbə: https://azertag.az/

    • “Təbiətimizin sovqatı” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb

      Xətai Sənət Mərkəzində “Təbiətimizin sovqatı” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

      AZƏRTAC xəbər verir ki, sərgidə nümayiş olunan əsərlərin müəlliflərinə sertifikat təqdim olunub.

      Həmçinin, sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb.

      Qeyd edək ki, mövzusu “Necə bir təbiəti qoruma nişanı asardım” olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən çox əsər göndərib. Nəzərdə tutulduğu kimi, təqdim olunan əsərlər arasından müəllifin yaşı nəzərə alınmaqla mövzu, düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük verməklə 152 əsər seçilib.

      Mənbə: https://azertag.az/

    • Şimali Egeydə Türkiyənin əsrarəngiz adaları

      Türk Egeyinin üç gözəl adası Gökçeada, Bozcaada və Cunda əsrlərdir qonaqlarını Egey dənizinin zənginliyi ilə qarşılayıb. Adalarda günlər daş evlərdə ləzzətli türk səhər yeməyi ilə başlayır, sevimli çimərliklərdə üzməklə davam edir və heyrətamiz ənənəvi meyxanalarda ləzzətli şam yeməyi ilə bitir. Süfrələr Türkəyin əsrlik reseptləri ilə bəzənərkən, əvvəlcə məzələr, sonra adaların məşhur dəniz məhsulları süfrədə öz yerini tapır. Bəs bu adalardan hansı turistlər üçün daha uyğundur?

      Şəhərdən qaçanlar üçün əsl cənnət: Bozcaada

      Bozcaada Çanaqqala sahillərində yaxşı qorunmuş Egey incisidir. Mifoloji mətnlərdə Tenedos kimi tanınan Bozcaada büllur kimi təmiz suları, üzüm bağları və şərabları ilə diqqət çəkir. Geyikli Limanından qalxan sallar vasitəsilə adaya çatdıqda ilk görülən yer Bozcaada qalasıdır. Siz bu qalaya baş çəkə və heyrətamiz ada mənzərəsini çəkə bilərsiniz. Adada digər görməli yerlər Bozcaada Muzeyi, Ayazma Manastırı, Yel dəyirmanları və Məryəm Ana Kilsəsidir. Yayda adaya baş çəksəniz, Egey dənizinin parıltılı dalğaları sizi gözləyəcək. Ayazma çimərliyi və Akvarium Körfəzi adanın ən məşhur üzgüçülük yerləri arasındadır. Bunlarla yanaşı, Bozcaada açıq havada bir sıra fəaliyyətlər də təklif edir. Çayır çimərliyində külək sörfinqi ilə dəniz və küləkdən həzz ala və ya sakit koylarda mavi dərinliklərə dalaraq sualtı həyatı kəşf edə bilərsiniz. Bozcaadada ediləcək başqa bir şey isə adanın qərb ucunda yerləşən Polente Mayakını və yel dəyirmanlarını ziyarət etməkdir. Gün batımını seyr edərkən Bozcaadanın məşhur şərablarından dadmaq heç vaxt unudulmayan bir təcrübə olacaq. Bozcaada, həmçinin 3000 illik qədim şərabçılıq ənənələri ilə unikal üzüm bağlarına gəzinti təklif edir. Bozcaada Üzüm bağı gəzintisində şərab zavodlarına baş çəkəcək və adanın dörd endemik üzüm növünün şərablarını dada biləcəksiniz. Həmçinin adada hər il sentyabrın ilk həftələrində Üzüm Bağları Festivalı keçirilir.

      Dünyanın ilk və yeganə “Cittaslow” adası: Gökçeada

      Şimali Egeydə, Gelibolu yarımadasının sahilində yerləşən Gökçeada, marjinal kəndləri, isti küləkləri, dağ keçiləri, təmiz dənizi və uzun çimərlikləri olan mənzərəli Türk Egey bölgəsidir. Bütün bu xüsusiyyətləri ilə ada 2011-ci ildən etibarən dünyanın ilk və yeganə “Cittaslow” adası olmuşdur. Türkiyənin ən təmiz körfəzləri və çimərlikləri ilə seçilən yerlərdən biri olan Gökçeada, uzun dəniz sahilində dalış, sörfinq və üzgüçülük imkanları təqdim edir: çimərliklər və firuzəyi sular.. Adanın 300 gün ərzində külək sörfi üçün mükəmməl şəraitə malik olduğunu öyrəndikdən sonra hər il minlərlə sörfçünün Gökçeadaya niyə səfər etdiyini anlayacaqsınız. Gökçeadada 1200 metr uzunluğunda qızılı qumlu Aydıncık çimərliyində üzə və külək sörfi edə bilərsiniz. Gizli Liman, Laz Körfəzi, Yıldız Körfəzi və Mavi Körfəzi adanın digər təmiz çimərlik bölgələridir. Gökçeada özünəməxsus həyat tərzini sakitliklə birləşdirir, həmçinin memarlığı və mətbəxi ilə məşhurdur. Adanın ən cazibədar kəndləri olan Kaleköy, Zeytinli, Tepeköy, Bademli və Dereköy əsrlik ağacları, təpələri və orijinal daş evləri ilə insanı valeh edir. Kəndlərin otelləri, kafeləri və restoranları kimi fəaliyyət göstərən təmir edilmiş daş binalarını ziyarət etməyə də dəyər.

      Türk Egeyində nağıl: Cunda

      Şimali Egeydə hər fəsildə gözəl olan Cunda adası Əli bəy adası kimi də tanınır. Qısa bir körpü ilə paytaxt Ankaraya bağlanan Cundaya giriş olduqca asandır. Taksiyarhis Kilsəsi adada mütləq görülməli olan yerlərdən biridir. 1873-cü ildə inşa edilən neoklassik kilsə öz orijinal gözəlliyini 2011-ci ildə yenidənbərpa işlərindən sonra bərpa etdi: Bu gün bina Ayvalık Rahmi M. Koç Muzeyi kimi fəaliyyət göstərir. Aşıklar təpəsindən mənzərəni seyr etmək, daşlı küçələri dolaşdıqdan sonra daş evlərin həyətində Cunda təamlarını dadmaq, adanın məşhur təmiz sularında (Akvarium və ya Yaşıl Körfəz) üzmək və heyrətamiz gün batımlarını seyr etmək mütləq ediləcəklər sırasındadır. Cunda ləzzətli mezələri və şəfalı otlarla hazırlanmış salatları ilə tanınır. Bu adada Egey dənizinin ən yaxşı yeməklərini və mezələrini dada bilərsiniz. Dəniz kənarında gün batımını seyr edərkən adanın samfir (Dəniz börülcesi) və ənginar kimi zeytun yağı ilə hazırlanan yeməklərini dadmağı və Cundaya səyahətiniz zamanı adanın xüsusi balığı olan papalinanı da sınamağı unutmayın.

      Mənbə: https://azertag.az/

    • Özbəkistanda Azərbaycanın Milli Qəhrəmanı haqqında kitab çapdan çıxıb

      Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə özbək dilində “Vətən üçün can fəda edən qəhrəmanlar” (“Vatan uchun jon fido qilgan qahramonlar”) adlı kitab işıq üzü görüb.

      AZƏRTAC xəbər verir ki, müəllifi tanınmış tədqiqatçı-jurnalist Mövlan Şükürzadənin araşdırmaları nəticəsində ərsəyə gələn nəşr Birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edir.

      Nəşrdə Milli Qəhrəmanın ailəsi, yaxınları, cəbhə yoldaşları ilə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzü, Birinci Qarabağ savaşı haqqında da geniş məlumatlara yer verilib. Müəllif kitabda erməni daşnakları tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı qətliamı, onun dəhşətli nəticələrindən də bəhs edir.

      Kitabda İ.Aznaurovun dostları, ailə üzvləri, silahdaşları, yaxınlarının onunla bağlı xatirələri də verilib. Geniş oxucu kütləsinin marağına səbəb olacaq kitabda Milli Qəhrəmanın həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə yanaşı, valideynlərinin, övladlarının, dostlarının, ailə fotoşəkilləri də yer alıb.

      “Ön söz”ün müəllifi Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. “Ön söz”də qeyd olunur ki, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycan ərazilərinə iddiaları və təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi pozulmuş, ölkə ərazisinin yüzdən iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovulmuş, şəhər və kəndlərimiz viran olunmuş, dağıdılmış, soydaşlarımız isə etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün düşmüşlər. Bu ədalətsizliklə barışmayan xalqımızın qeyrətli, mübariz oğulları Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı və toxunulmazlığı üçün vuruşaraq, öz canlarını fəda ediblər.

      Bu cür qəhrəmanlardan biri də əslən Axıska türklərindən olan, Özbəkistanın qədim Buxara şəhərində dünyaya göz açan, ömrünün böyük bir hissəsini Özbəkistanda yaşayan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovdur. Qədim köklərə malik üç qardaş türk xalqı – axıska, özbək və Azərbaycan xalqlarının ortaq qəhrəman övladı olan İ.Aznaurov Azərbaycanın Gədəbəy rayonunda erməni işğalçıları ilə gedən döyüşlər zamanı, işğal altında olan bir çox yurd yerlərimizin azad edilməsində xüsusi şücaət və igidlik göstərərək, qəhrəmancasına şəhid olub.

      Nəşrdə vurğulanır ki, İ.Aznaurov kimi qəhrəman oğullarımızın başlatdığı müqəddəs mübarizəni doğulan, yetişən, formalaşan vətənpərvər Azərbaycan gəncləri davam etdirmiş, rəşadətli Azərbaycan Ordusunun əzmkar döyüşü, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 ilə yaxın işğal altında olan Vətən torpaqları azad edilmişdir.

      Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan Respublikasının ozamankı Prezidenti Heydər Əliyevin 1995-ci il 15 yanvar tarixli Fərmanı ilə baş leytenant İsgəndər Söhrab oğlu Aznaurov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

      Eyni zamanda, kitabda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fikrinə isnad edilir: “Bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaqlar”.

      “Vətən üçün can fəda edən qəhrəmanlar” adlı kitab gənc nəsillərə Vətənə sədaqət, xalqa məhəbbət, vətənpərvərlik hissləri aşılayan nəşr nümunəsi kimi də oxuculara tövsiyə olunur.

      Mənbə: https://azertag.az/

    • “MasterChef Türkiye”nin Azərbaycana həsr etdiyi buraxılışın tam versiyası yayımlanıb

      Dövlət Turizm Agentliyi və Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türkiyənin “TV8” telekanalına məxsus “MasterChef Türkiye” kulinariya yarışmasının Azərbaycana həsr edilmiş buraxılışı yayımlanıb.

      AZƏRTAC xəbər verir ki, dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən Qarabağ kətəsi, şah plov, kütüm balığı ləvəngisi, göy qutabı və dovğa hazırlamaq üzrə yarışıblar.

      Proqramda qonaq qismində iştirak edən ölkəmizin milli kulinariya və turizm təmsilçiləri yarışmaçılar tərəfindən hazırlanan yeməklərin dadına baxıblar, Azərbaycan təamları, onların hazırlanma texnikaları haqqında məlumat veriblər.

      Həmçinin veriliş çərçivəsində Bakı şəhərinin, eləcə də Şuşanın füsunkar mənzərələrindən kadrlar təqdim olunub, Azərbaycanın turizm potensialı zəngin olan bölgələri haqqında məlumat verilib.

      Mənbə: https://azertag.az/

    • V.B.Mustafayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      V.B.Mustafayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

      Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

      İlham Əliyev

      Azərbaycan Respublikasının Prezidenti

      Bakı şəhəri, 28 avqust 2023-cü il 

      Mənbə: http://president.az

    • Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin doğum günüdür

      Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin bu gün anadan olmasının 88-ci ili tamam olur.

      AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl gülür”, “Məhəbbət olmayan evdə”, “Unutmaq olmur”… əsərləridir. Əlibala Hacızadənin qəhrəmanları müəllifin özü kimi sadə, təmkinli, sevməyi, həyəcanlı hisslər keçirməyi bacaran insanlardır.

      Əlibala Hacızadə ədəbiyyata 1956-cı ildə gəlmişdi. Həmin vaxt Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) şərqşünaslıq fakültəsinin tələbəsi olan Ə.Hacızadənin təxminən 20 yaşı vardı.

      Partiya üzvü olmayan şərqşünas alim bir neçə illiyə Əfqanıstana ezam edilib və orada tərcüməçi işləyib. Həmin illər Əlibala müəllim bir-birinin ardınca bədii əsərlərini yazıb. Tezliklə onun “Qürbətdə” adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü görüb. Deyirlər ki, o vaxtlar Əlibala Hacızadənin əsərləri “Azərkitab”ın mağazalarında digər yazıçıların kitabları əlavə olunmaqla satılırdı.

      Bu maraqlı əsərlər arasında müəllifin Əfqanıstanda yaşayarkən qələmə aldığı və sonralar özünün yaradıcılığının zirvəsi adlandırdığı “İtkin gəlin”i daha çox əl-əl gəzirdi. O deyirdi: “Oxucular “Təyyarə kölgəsi” romanımı mənim yaradıcılığımın “şah əsəri” hesab edirlər. Mən özüm isə “İtkin gəlin” romanını yaradıcılığımın zirvəsi hesab edirəm. Mən “İtkin gəlin”i Azərbaycanda yox, Əfqanıstanda olanda yazmışam. Senzuradan kənarda bütün ürəyimdə olanları demişəm bu əsərdə. Buna görə də bu roman mənə daha doğma, daha əzizdir”.

      Görkəmli ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.

      Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi əməkdaşı, filologiya elmləri namizədi Əlibala Hacızadə bir çox elmi tədqiqat əsərlərinin də müəllifidir. Onu ciddi alim kimi tanıdan “Fərruxi Yəzdinin poeziyası” əsəri ötən əsrin 60-cı illərinin sonunda işıq üzü görüb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınır. Bunlardan “Quranın 30-cu Surəsinin təfsiri” (iki cilddə), Jan Junyerin “Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.

      Əlibala Hacızadə ədəbiyyatı həyatının ayrılmaz hissəsi hesab edirdi. 2004-2005-ci illərdə yazıçının müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyi nəşr edildi. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının o vaxtadək bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıra bilib.

      “Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də… Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..” Görkəmli yazıçımız Əlibala Hacızadənin “Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindəndir bu sözlər. Onun əsərlərini və özünü xatırladıqca bu sözlərin yazıçının obraz dili ilə dediyi öz kredosu olduğunu anlayırsan. Öz kredosuna layiqli olaraq yaşamış Ə.Hacızadə ruhən öz romanlarının səhifələrində yaşamaqdadır. Onun romanları sevginin, səmimiyyətin daşıyıcılarıdırsa, bu səhifələri hər zaman oxumaq gərəkir.

      İllər ötsə də onun yazdığı əsərlər nəinki aktuallığını itirmir, həm də böyük məhəbbətlə oxunur.

      Mənbə: https://azertag.az/

    • Bu gün Seyfəddin Dağlının anadan olmasından 102 il ötür

      Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub.

      AZƏRTAC xəbər verir ki, bu gün yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasından 102 il ötür.

      Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də də Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz, Zeynəb Xanlarova, Şəfiqə Eyvazova kimi söz və sənət ustalarını bəxş etmiş Xızıda anadan olub.

      Seyfəddin Abbasov yaradıcılığa məktəbdə oxuyarkən şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda oxuyanda “Kommunist” qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin ədəbi işçisi, şöbə müdiri, məsul katibi olub.

      Böyük Vətən müharibəsi başlayanda o, Sovet Ordusu sıralarına çağırılıb və ömrünün on beş ilini hərbi xidmətə həsr edib. “Ordu” qəzetinin ədəbi işçisi, “Diviziya” qəzetinin redaktoru olub. 1944-1946-cı illərdə sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçib.

      Seyfəddin Abbasov jurnalistikaya 1938-ci ildə maraqlı felyetonları ilə gəlib. İlk kitabı “Dəniz kəşfiyyatçısı” on il sonra, 1948-ci ildə işıq üzü görüb. Onun əsərləri ilk gündən geniş oxucu kütləsinin rəğbətini qazanıb. İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri “Vətən uğrunda” jurnalında, “Ədəbiyyat”, Təbrizdə çıxan “Vətən yolunda” qəzetlərində çap olunurdu.

      S.Dağlı 1952-1956-cı illərdə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının Redaktorluq fakültəsinin müdavimi olub. 1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olunub və Vətənə qayıdıb. Bakıda o, jurnalist və ədəbi fəaliyyətini davam etdirib. 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru, sədr müavini işləyib.

      Seyfəddin Dağlı həmkarlarından özünəməxsus üslubu ilə seçilirdi. Onun yaradıcılığı zəngin və çoxşaxəli idi. O, bir çox hekayə, oçerk, povest, romanın müəllifi idi. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır”, “Bahar oğlu” romanı (Cəfər Cabbarlının həyatı haqqında), “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” adlı ədəbi şedevrlər yaratdı. Lakin çoxşahəli yaradıcılığında o, satirik-yumoristik janra üstünlük verirdi. Bu sahədə o, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi tanınırdı. Onun pyesləri bir çox teatrlarda dəfələrlə səhnəyə qoyulub.

      S.Dağlı həm satirik, həm də yumoristik povestlər, hekayələr ustası idi. Onun əsərləri oxucuda şüurlu və mənalı gülüş yaradır, ona görə də onların süjet xətti, quruluşu, ifadə tərzi, dilinin sadəliyi və şirinliyi ilə yadda qalırdı. Onun yaradıcılığında məhz satirik axar xüsusilə seçilir. Yazıçının tənqid və satira hədəfi müasir cəmiyyətin eybəcərlikləri idi, bütün qəhrəmanları həyatdan götürülüb. Müəllif tərəfindən yaradılmış hər bir obrazın öz bədii xüsusiyyətləri var və bir-birindən xeyli fərqlənir.

      Yazıçının fəaliyyətinin ən mühüm mərhələsi “Kirpi” satirik jurnalına rəhbərlik etdiyi dövr olmuşdu. O, 1959-cu ildən 1976-cı ilədək bu jurnalın baş redaktoru kimi fəaliyyət göstərib. Jurnal zamanın tələbinə uyğun olaraq 1952-ci ildə məşhur “Molla Nəsrəddin” ənənələrinin davamçısı kimi çıxmağa başlayıb. Məhz bu jurnalda işlədiyi illərdə yazıçının istedadı özünü daha parlaq göstərib.

      Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatı isə onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, “Kirpi” jurnalının bir-birindən maraqlı onlarla nömrəsidir.

      Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

      Mənbə: https://azertag.az/

    • Bu gün Xalq artisti Tofiq Tağızadənin anım günüdür

      Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik böyük rejissor idi. O, ötən sərin 50-ci illərində çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdu. Tofiq Tağızadə həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur…

      AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Tofiq Tağızadənin anım günüdür.

      Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsinə qəbul olub. Amma bu institutda təhsilini başa çatdıra bilmədi. Müharibə Tofiq Tağızadənin də həyatını məcrasından çıxardı. Üçüncü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollandı. 1941-ci ildə Rostov yaxınlığında gedən döyüşlərdən birində ağır yaralandı. Döyüş yolu bununla bitsə də, o dəhşətli günlərin xatirələri yaddaşından heç zaman silinmədi…

      Geri döndükdən sonra Sənaye İnstitutunda təhsilini davam etdirmədi və 1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsinə daxil oldu. Arzusunda olduğu bir aləmə düşdü. Bu ali təhsil ocağında məşhur kino xadimlərindən və pedaqoqlardan dərs aldı.

      Bir müddət Moskvada çalışdı. Ancaq Tofiq Tağızadə vətəninə xidmət etmək arzusundaydı. Bu istək onu 1954-cü ildə Bakıya gətirdi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başladı.

      Tofiq Tağızadə “Görüş”lə gəldi sənətə. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən bu film rejissora uğurlu bir yolun qapısını açdı.

      Tofiq Tağızadə müharibənin odundan, alovundan keçmiş, ağrı-acılarını çəkmişdi. Milyonlarla insanın həyatına son qoyan, şəhərləri, kəndləri xarabalığa çevirən bu dəhşətli bəlanı təsvir edən film çəkmək fikri onu rahat buraxmırdı. Çox gözləməli olmadı. Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmiş “Uzaq sahillərdə” həm rejissora, həm ssenari müəlliflərinə, həm də aktyorlara böyük şöhrət gətirdi.

      Bundan sonra Tofiq Tağızadə “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü”, “Evin kişisi”, “O dünyadan salam” və başqa filmlərə quruluş verdi.

      Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoyub. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

      Mənbə: https://azertag.az/

    • Azərbaycanın birinci xanımının Vətənə və xalqa xidmət nümunəsi olan həyat yolu

      Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın keçdiyi parlaq həyat yolu Vətənə və xalqa xidmət nümunəsidir. Hazırda misilsiz inkişaf mərhələsini yaşayan respublikasının qazandığı uğurlara dəyərli töhfələr verən Mehriban xanım ictimai-siyasi həyatda, dönməz xarakter alan islahatlar prosesində fəal iştirakı, milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyəti, vətənpərvərliyi və xeyirxahlığı ilə xalqımızın sevimlisinə çevrilib. Onu haqlı olaraq Azərbaycan humanizminin simvolu adlandırırlar. Şəhid ailələrinə, qazilərə xüsusi diqqət, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi analıq qayğısı bunun bariz nümunələridir. Vətən müharibəsi zamanı ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır.

      Milyonların sevgisini qazanmış Mehriban xanım Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi bu gün onunla çiyin-çiyinə Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsində öncüllük edir. Onun Vətən və xalq qarşısında daha bir önəmli xidməti Ulu Öndərin ideyalarının həyata keçirilməsi sahəsində göstərdiyi aramsız səylər və çoxsaylı layihələrdir. Sərhəd tanımayan xeyirxahlığı, nəcibliyi birinci xanım Mehriban Əliyevaya təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə milyonların məhəbbətini qazandırıb. O, həmçinin Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır.

      Doğma Vətənin ən böyük təəssübkeşlərindən biri olan Mehriban Əliyeva birinci xanım adını da şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Sadəliyi, səmimiliyi, mehribanlığı, nəcibliyi, humanistliyi, gözəl aurası ilə ətrafında xoş atmosfer yaradan Mehriban xanım haqqında “Washington Times” qəzeti belə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.

      AZƏRTAC Mehriban Əliyevanın mənalı və şərəfli həyat yolunun, çoxşaxəli ictimai-siyasi fəaliyyətinin, insanpərvərlik, xeyirxahlıq missiyasının bəzi məqamlarına nəzər salır.

      Mehriban xanımın ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan ziyalı ailəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərib. Sonradan taleyi Azərbaycanın tanınmış bir ailəsinə bağlanıb – Heydər Əliyevin və Zərifə Əliyevanın gəlini olub. “Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə – bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur”, – söyləyən Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib.

      “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”, – Prezident İlham Əliyevin söylədiyi bu fikirlər isə Birinci vitse-prezidentin işgüzar və insani keyfiyyətlərini çox dəqiqliklə ifadə edir. O, həqiqətən də milyonların qəlbində ümid çırağına, xeyirxahlıq ünvanına çevrilib.

      Mehriban Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu iyirmi ilə yaxındır ki, Ulu Öndərin ideyalarının reallaşdırılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, sosial rifaha hesablanmış addımlar, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafına yönəlmiş layihələrə verilən dəstək, xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilməsi üçün göstərilən aramsız səylər bu qəbildəndir. Heydər Əliyev Fondunun prezidenti bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, idmanının inkişafı üçün yorulmadan çalışır. Fondun xətti ilə hətta respublikamızın ən ucqar nöqtələrində inşa və bərpa edilən məktəb binaları, tibb məntəqələri buna misal ola bilər. Bu məqsədlə bir çox proqramlar və layihələr həyata keçirilib. Fond ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir. Onun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır.

      Eyni zamanda, yer üzündə sülh və təhlükəsizlik, sivilizasiyalararası dialoq mühitinin formalaşması, tarixi-mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə Mehriban Əliyevanın verdiyi şəxsi töhfələr, etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycanın zəngin təcrübəsi dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir və öyrənilir. Mehriban xanım multikultural dəyərlərin və milli mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yorulmadan fəaliyyət göstərir. Məhz onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.

      2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi idi. “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”, – həmin vaxt dediyi bu sözlərə sadiq qalaraq dövlətçiliyə layiqincə xidmət edir, üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur. O, gündəlik fəaliyyətində mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, milli-mənəvi dəyərləri daim uca tutur.

      Birinci vitse-prezident təyin olunarkən Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı kimi milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, o, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrin rifahının yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinin və qazilərimizin qayğıları ilə yaxından maraqlanır. Yaralanmış hərbçilər Fondun xətti ilə müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin müharibə zamanı sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

      Postmüharibə dövründə Qarabağa çoxsaylı səfərlər, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili birinci xanımın xidmətləri sırasında müstəsna yer tutur. Yaxud Mehriban xanımın təşəbbüsü olan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.

      Səhiyyə sahəsinə gəlincə, Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

      Birinci vitse-prezidenti köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Onlar Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar. Bütün bunlar Azərbaycan cəmiyyətinin sosial həyatında xeyriyyəçilik və mesenatlıq ənənələrinin yenidən canlanmasına səbəb olub. Mehriban Əliyeva insanlara xeyirxahlıq, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi şəfqət hissləri aşılayıb. Belə ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə də mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaradan Mehriban xanım Əliyeva özünün xeyriyyəçilik fəaliyyəti ilə gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Artıq Azərbaycanda ictimai həyatın xüsusi bir bölməsi sayılan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etməkdə və genişlənməkdədir.

      Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində Mehriban xanımın təşəbbüsü ilə məqsədyönlü iş aparılır. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələri ucaldılıb.

      Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, Formula 1, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Respublikamızda bu mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili hətta inkişaf etmiş ölkələri heyran qoydu. Təsadüfü deyil ki, o, idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətləri müqabilində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalına layiq görülüb.

      Birinci xanımın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib.

      Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı… Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.

      Mehriban xanım xalqın sevgisi, etimadı ilə öz ömür kitabını yazmaqda davam edir, onu ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir.

      Mənbə: https://azertag.az/

    • Bu gün Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür

      Qoca Şərqin ən qədim musiqi janrlarından biri olan muğam əsrlərdən bəri tədqiqatçıların diqqətini cəlb etmiş, bu gün də dünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm təhlil obyektidir. Azərbaycan xalqının qədim irsi olan bu incəsənət növü tarixən enişli-yoxuşlu yollardan keçsə də, xalqımız onu qoruyaraq və inkişaf etdirərək nəsildən-nəslə ötürə bilib. Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünyanı fəth edir.

      AZƏRTAC xəbər verir ki, avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.

      Ana südü ilə canımıza, qanımıza hopmuş, yaddaşımızda əbədiləşmiş Azərbaycan muğamı həm də dünya musiqi xəzinəsinin incisidir. Görkəmli xanəndələrimizin ifasında bu sənət növü dilindən, milliyyətindən asılı olmayaraq dinləyicini ilahi başlanğıc, əbədi olum-ölüm həqiqətləri barədə düşünməyə sövq edir, ona məhəbbət, sevinc, kədər hisslərini yaşadır.

      Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

      Ölkəmizdə “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.

      Azərbaycan xalqının qədim irsi olan muğam geniş kütlələrin ümumi mənəvi sərvətinə çevrilib. Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olmağa başlayıb. 1971-ci ildə UNESCO 50 albomdan ibarət “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” qrammofon valını da daxil etmişdir. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxılıb. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində, hətta kosmosda səslənmişdir. ABŞ Milli Kosmik Agentliyi (NASA) tərəfindən Azərbaycanın muğam musiqi nümunəsi 1977-ci ildə peyklə hətta kosmosa göndərilib.

      Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin diqqətini daim cəlb edə bilib. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilib.

      Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.

      Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına muğamın tədrisi daxil edilib. Bu sənət rəssamlarımız, heykəltəraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu gün də ilham mənbəyidir.

      Bütün bunların nəticəsidir ki, 26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunmaqdadır.

      Azərbaycan muğamına yeni bir həyat bəxş edən Mehriban xanım Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı fikirlərini belə dilə gətirir: “Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir – səhv etmərəm”.

      Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda bir-birindən maraqlı beynəlxalq musiqi festivalları təşkil edilir. Hər belə hadisə, hər belə musiqi festivalı böyük bir bayrama çevrilir. Dünya musiqiçilərinin diqqətini cəlb edən ən maraqlı məqamlardan biri də Azərbaycanda keçirilən müxtəlif təyinatlı bütün beynəlxalq əhəmiyyətli musiqi tədbirlərinin hər birində muğam elementlərinin olmasıdır. Bir sözlə, bizim muğamımız bu gün bütün dünyanı fəth etmək, dilindən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər kəsin qəlbini, ruhunu oxşamaq iqtidarındadır.

      Dünyanı dolaşan, çoxsaylı dinləyici sevgisi qazanan, hamını öz dilində danışdırmağı bacaran muğamımızın zənguləsi nəhayət ki, dədə-baba torpaqlarımız olan doğma Qarabağda səslənməkdədir.

      Mənbə: https://azertag.az/

    • Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi təqdim olunub

      Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi hazırlanaraq təqdim olunub.

      AZƏRTAC xəbər verir ki, virtual sərgidə Azərbaycan muğamı ilə bağlı Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fikirləri, mövzu ilə bağlı fotolar, muğamımızın tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

      Virtual sərgi ilə link vasitəsilə tanış olmaq olar.

      Azərbaycan xalqı qədim, zəngin və özünəməxsus mədəniyyət yaradıb. O, bədii yaradıcılığın müxtəlif sahələrində, həmçinin musiqi yaradıcılığı sahəsində qiymətli sərvətlər meydana gətirib. Muğam dünya musiqi xəzinəsinin incisidir. Xalqımız üçün muğam həm musiqi, həm fəlsəfə, həm insanın ruhunu oxşayan sənət nümunəsidir.

      Xalqımızın mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə dövlət tərəfindən xüsusi önəm verilir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələr müstəsna rol oynayır. O, muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.

      Qeyd edək ki, 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

      Mənbə: https://azertag.az/

    • Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür

      Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırıb. Şair, həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirib, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alıb. Onun poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram, yurdumuzun əsrarəngiz təbiət gözəllikləri, tarixi şəxsiyyətləri barədə düşüncələr əsasdır, aparıcıdır. Fikrət Qocanın əsərləri oxucunu vətən və millət haqqında düşünməyə vadar edir. Şairin vətənə həsr olunan şeirlərində bütövlükdə Azərbaycanın təkrarsız gözəllikləri, yurdumuzun igid, qəhrəman övladları, tariximizin şərəfli səhifələri poetik bir dillə vəsf olunub.

      AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Fikrət Qocanın anadan olmasının 88-ci ildönümü tamam olur.

      1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olan Fikrət Qoca ədəbi yaradıcılığa kiçik yaşlarından meyil göstərib. O, 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

      Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib, Azərbaycan Yazıçılar Birliyində beynəlxalq əlaqələr üzrə məsul katib olub.

      Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı Xose Risal (“Xose Risal”), vyetnamlı gənc Li Vi Tom (“Li Vi Tom”) və b. haqqında poemalar yazıb. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. “Ölüm ayrılıq deyil”, “Hələlik,-qiyamətədək” povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri öz əksini tapıb.

      Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

      Şeirlərinə musiqilər bəstələnib (“Anacan, dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.). Onun mətni əsasında yazılan musiqi əsərləri tanınmış müğənnilərin repertuarına daxil edilib.

      Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-cı ildə Azərbaycan Komsomolu mükafatına, 90-cı illər yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülüb. Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını alıb, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

      Bu günə qədər şairin “Qağayı”, “Hamıya borcluyam”, “Stixi”, “Dənizdə ay çiməndə”, “Od gəlini”, “Yatmadığım gecələrdə”, “Günlərin bir günü”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Taleyin ağır taleyi”, “Seçilmiş əsərləri”, “Eldən elə – dildən dilə”, “Sükutun səsi” və s. kitabları oxucuların ixtiyarına verilib.

      Yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu, o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq ayrıca çalarlar ilə üzə çıxır. F.Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.

      Xalq şairi Fikrət Qoca 2021-ci il mayın 5-də, 85 yaşında vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

      Mənbə: https://azertag.az/

    • Sazbəndlik və sazbəndlərlə bağli layihə icra olunur

      “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sazbəndlik və sazbəndlər” adlı layihə çərçivəsində işlər uğurla davam etdirilir.

      Bu barədə AZƏRTAC-a “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib.

      O qeyd edib ki, dörd ay ərzində başa çatdırılması nəzərdə tutulan layihə əsasında “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab nəşr olunacaq. Artıq bu istiqamətdə işlərin əsas hissəsi görülüb: bir sənət sahəsi kimi sazbəndlik sənətinin tarixi, sazın hazırlanmasının əsas prinsipləri – alətin hazırlanacağı ağac materialının seçilməsi və emalı, simli musiqi aləti kimi sazın quruluşu və növləri və s. haqqında araşdırmaların nəticəsi olan geniş məlumatla yanaşı, xronoloji ardıcıllıqla tanınmış sazbəndlərin həyat və yaradıcılıqları haqqında lazımi bilgilər toplanılıb. Ümumilikdə, kitabda bir sənət sahəsi olaraq sazbəndliklə yanaşı, 70-ə yaxın sazbənd haqqında da məlumatın verilməsi nəzərdə tutulur.

      Layihə çərçivəsində görülən işlərlə bağlı mütəxəssis rəyi alındıqdan sonra kitab yaxın günlərdə nəşr olunması üçün mətbəəyə təqdim olunacaq.

      Mənbə: https://azertag.az/