Blog

  • Xaliq MƏMMƏDOV.”Bu gecə yadıma yaman düşmüsən”

    12079336_155372158146741_6186934002319206725_n

    Hər gecə yadım düşərdin ama.
    Bu gecə yadıma yaman düşmüsən.
    Bəlkədə sən başa düşərdin ama.
    Sadəcə sevgiyə yalan düşmüsən.

    Gəlməyir yuxuda gözümə yatım.
    Bürünüm uşaqtək özümə yatım.
    De necə uzanım, de necə çatım?
    Bu gecə yadıma yaman düşmüsən.

    Bəlkədə yatmısan sən indi rahat.
    Mənəsə yoldaşdır qəm indi rahat.
    Gör necə həsrətin salıbdır qanat.
    Bu gecə yadıma yaman düşmüsən.

    Gecələr sən belə olursanmı heç?
    Ağlayıb gizlincə dolursanmı heç?
    De görüm yar məni sorursanmı heç?
    Bu gecə yadıma yaman düşmüsən.

    Sən idin ömürdə mənim amalım.
    Getmisən itibdir əqlim, kamalım.
    Bil daha qalmayıb taqətim, halım.
    Bu gecə yadıma yaman düşmüsən.

    Bitməyir necədə uzanır gecə.
    Həsrətlə başıma dolanır gecə.
    Min fikir başımda yaranır gecə.
    Bu gecə yadıma yaman düşmüsən.

  • Dövlət və Din

    e2f10c8acbc7

    Niyə dövlətlə dini müqayisə etmək üçün məqalə yazmaq istəyirik, çünki dövlətin önəmi və vəzifələri dedikdə, adətən siyasi fikirlərə rast gəlirik. Amma bir dövlət üçün din olmazsa, olmazlar sırasındadır. Çünki millətləri ayaqda tutan, dövlətləri güclü edən ən önəmli ünsürlərdən biri mənəvi dəyərlərdir, din əxlaqıdır.

    Dövlət nə deməkdir?

    Dövlət – ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifahı təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur. Yən, dövlətin vəzifələrindən biri də təhlükəsizliyi, sülhü və rifahı təmin etməkdir. Əgər bir dövlətdə din lazımı səviyyədə hörmət, dəyər görmürsə və ya dinin əsli izah edilmirsə, cəmiyyətin üzvləri həqiqi dini məlumatlarla maarifləndirilmirsə, o zaman dövlətin siyasətində çatışmamazlıq baş verir. Dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir cəmiyyəti böyük problemlərlə qarşı-qarşıya qoya bilir. Dövlət nüfuzundakı ən kiçik bir boşluq, bu boşluğun bəzi qeyri-qanuni qurumlar tərəfindən doldurulması ilə nəticələnir ki, bundan da hamı zərər çəkə bilir. Dövlət və millət, dövlətin və millətin zəif nöqtələrini bilən xarici və daxili bəzi mənfəət güdən çevrələrin təsiri altında qalır. Çünki bir dövlətin və millətin dini dəyərləri zədələnərsə, radikallığın ortaya çıxması qaçınılmazdır. Radikallıq da əvvəl-axır cəmiyyətdə çatışmaya səbəb ola bilir. Məsələn Nardaranla bağlı hadislərdən bir daha şahidi olduq ki, xürafələr pusquda gözləyən təhlükəli silah deməkdir. Düşmənin əlinə keçərsə, bir dövləti parçalamağa qadirdir. Bunun örnəklərini bir çox müsəlman ölkələrindən görmüşük. Bu səbəblə, Azərbaycan gəncliyi bu məsləni həm ilk öncə dini qarşısında vəzifəsi kimi bilməli, həm də dövlətini və vətənini qorumaq vəzifəsində də ilkin şərtlərdən olduğunu dərk etməlidir.

    Dövlətimiz xürafələrə və istənilən radikal düşüncələrə qarşı elmi mübarizədə gənclərinin yolunu daim açmışdır. Amma görünür ki, bu kifayət deyilmiş, çünki Azərbaycanın hər yerinə təbliğin çatması üçün dövlətin özü birəbir dini mövzular əhatəsində vətəndaşlarını maarifləndirmə sistemini qurmaqda maraqlı olmalıdır. Necə ki, bir azərbaycanlı olaraq, güclü dövlət mexanizminə uyğun hər sahədə öz töhvəmizi verməliyik və dövlətin zəifləməsinə yönələn hərəkətlərə qarşı çıxmalıyıq, dövlətimiz də millətini səhv etiqatlara aldanıb, yoldan çıxarılmasının qarşısını almaqla, həm dövlətini, həm də millətini zərər çəkməkdən qorumaqla vəzifəli olduğunu unutmamalıdır.

    Mirzə Fətəli Axunzadənin də dediyi kimi, insanların mühüm vəzifələri var. …Əgər insan bütün bu vəzifələri yerinə yetirərsə, bu halda kamil insan sayılar. Əgər o bunların bir hissəsini yerinə yetirərə, natamam insan sayılar. Əgər bu vəzifələrdən heç birinə əməl etməzsə, deməli insan qismindən çıxar və heyvan qisminə daxil olar. Birinci vəzifə bundan ibarətdir ki, insan pis əmməllərdən uzaq olmalıdır. İkinci vəzifə xeyir işlər görməlidir. Üçüncü vəzifə zülmə qarşı mübarizə aparmalıdır. Dördüncü vəzifə cəmiyyətdə öz yoldaşları ilə ittifaq içində yaşamalıdır. Beşinci vəzifə elm yolu ilə getməlidir. Altıncı vəzifə elmi hər yanda yaymağa çalışmalıdır. Yeddinci vəzifə bundan ibarətdir ki, insan öz qüvvəsi, imkanı daxilində onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri və həm fikirləri arasında qanuni hüquqların müdafisəsi üçün mübarizə aparmalıdır.

    Esmira Nizami qızı

  • “Bir az güzgüyə baxmalıyıq, məncə…”

    Azərbaycan televiziya efirində məna və anlam yükü çox yüngül olan verilişlər ön plandadır və sayca da çoxluq təşkil edir. Bunun günahını ilk növbədə toplumda görmək lazımdır. Çünki televiziya zövqü birbaşa veriliş reytinqinə təsir edən amildir. Bu, problemli hissənin bir istiqamətidir. İndi isə sizə gördüyüm bir efir eybəcərliyindən danışmaq istəyirəm.
    Türkiyənin layihəsi olan “İşte benim stilim” yarışmasını bizimkilər də həmən “kapmışlar”.
    Evdə televizora baxan deyiləm, qonaq getmişdim. Təsadüfən, bu veriliş başladı. Sən demə, elə birinci bölüm imiş, nə kəramətdirsə artıq. Nə isə, bir az izləməli olduq. Hamı istəyər ki, öz milləti ilə qürur duysun, yaxşı işlərini danışsın, fəxr eləsin. İndi nədən danışaq, nədən öyünək, nə ilə fəxr edək?
    Jürisi bir dərddir, seçdikləri yarışmaçılar da ayrı bir dərd.
    Bu necə etikasızlıq, nitq mədəniyyətsizliyi, davranış pozğunluğudur? Bütün dünyanı qoyuram kənara, ən azı iki millətin, iki ölkənin gözləri önünə bu qabiliyyətsizliyinizi sərgiləməyə utanmırsınızmı?
    Efir mədəniyyəti hara qeyb olub? Nə vaxtdan efirdə “uje, arvadskoy” kimi varvarizmlər işlənir? Elementar danışıq qabiliyyətin yoxdursa, nə işin var bu qədər toplum önündə? Efir mədəniyyəti olan insan o dəqiqə hiss olunur. Bir tək Natali Borzicsky’ı (aktrisa modelyer) bəyəndim (konseptə uyğun geyimi, davranışığı, danışığı ilə) , onun da təbii ki, təcrübəsindən irəli gəldiyi danılmazdır. Amma efirə çıxırıqsa, ən azı xırda elementlər öyrədilməlidir, seyirçi zövqünü bu qədər kirlətməyə haqqınız yoxdur!
    Onları oraya seçən necə seçib, nəyi əsas götürüb, anlamıram.
    Bu yarışma dünyada bir çox ölkələrin imza atdığı layihədir. Amma bu şəkildə – zövqsüz, bayağı, qabiliyyətsiz və banal formada sərgiləməklə o ölkələrdən “seçilirik”. Xüsusən də, çəkiliş Türkiyədə baş tutubsa, bu elə-belə şey deyil. O ölkədə insanımızın kültürünü, nitq mədəniyyətini, davranışını bu cürmü sərgiləməliydik? Anlayıram, yarışmaçıların ilk efir çıxışı ola bilər, amma özünü aparmaq, danışıq formatı ilk deyil, bu adam nədirsə, efirdə də odur.
    Və jürilərin, əsasən də, azərbaycanlı olduğu halda model Günay Musayevanın nitqindəki “çoxluq” insanda ikrah və yaltaqlıq hissi doğrur. Bu efirdir, dünya izləyicisinə çatacaq bir formatda sərgilənən verilişdə Türkiyə türkcəsində danışmaq niyə? Azərbaycan türkcəsi sizi qane etmir?
    Günay mediaya karyerası və işi gərəyi Türkiyə türkcəsinin həyatının bir hissəsinə çevrildiyini söyləyib. Bəs, onda belə çıxır ki, bu verilişi karyera və işinin tərkib hissəsi saymırsan? İşin gərəyi Azərbaycan dilində danışmalı və öz ölkənin dövlət dilinə sahib çıxmalısan. Xoşun gəlmirsə, Azərbaycan teleməkanına mənsub bir layihədə iştirak etmək hüququn olmamalıdır. Bu məsələ də yenə birbaşa efir nəzarətsizliyinə gətirib çıxarır. Qeyd edim ki, məqsədim Türkiyə və Azərbaycan qardaşlığına ayrımcılıq gətirmək deyil, Azərbaycanın dövlət dili istifadəsinin mütləqliyini vurğulamaqdır.
    Bir də açar sual: Zaur nə vaxtdan “moda uzmanı” olub ki?
    Bu yarışma üçün daha uğurlu və uyumlu jürilər seçmək mümkün idi demirəm, seçilməli idi deyirəm. Fəxriyyə Xələfovadan başqa orada bu verilişə jüri olaraq seçilənlər işin mütəxəssisi deyil. Aparıcı nə vaxtdan modadan, konseptdən anlayan olub?
    Ən sadə Türkiyədəki jürilərə baxsaq, aparıcı da seçilir, jürilər də moda sahəsində öz sözünü demiş, bu formatda imzası təsdiqlənmiş uzmanlardır – Hakan Akkaya, Uğurkan Erez, Nur Yerlitaş, İvana Sert, Kemal Doğulu və aparıcı Öykü Serter.

    Aysel Abdullazadə

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    Burda asta yeriyin
    Burda asta danışın
    Hər şəhid arzusundan
    Od götürün alışın.

    Bu yer haqla nahaqqın
    Savaşından yaranıb.
    Anam Azərbaycanın
    Göz yaşından yaranıb.

    Burda zirvə ömürlü
    Ərlər, ərənlər yatır.
    Canını bu torpağa
    Qurban verənlər yatır.

    Azadlığ ilk bahar
    Havasında uyuyur
    Anam Azərbaycanın
    Laylasında uyuyur.

    Azadlıq dünyamızdan
    Onlar agahdır bu gün.
    Məzarları bir xalqa
    Ziyarətgahdır bu gün.

    Hər məzarın üstündə
    Qərənfil-ürək qanı
    Bu qərənfil sevgilər
    Mat qoyub bu dünyanı.

    Gələcək nəsillərin
    İçməyə and yeridir
    Azadlıq səmasının
    Qızaran dan yeridir,
    Şəhidlər xiyabanı
    İgidlər xiyabanı.

    DÜNYAYA BAXIRAM

    Tarixlə üz-üzə dayanıb bəzən,
    Ayları, illəri xəlbirləyirəm.
    Əsrlərdən gələn bir anı bəzən,
    Şeir misrası tək əzbərləyirəm.

    Bir xoş təbəssümdən, bir xoş qılıqdan,
    Çəkilir ömrümün qürub sarısı.
    Bəzən təmənnalı bir yaxşılıqdan,
    Mənə bir pay düşür-ürək ağrısı.

    Şahların önümdə əyilir başı,
    Qorxudan cəllad da çağıra bilmir.
    Bir dəli quyuya atdığı daşı,
    İndi yüz ağıllı çıxara bilmir.

    Döyüşdə mərdlərin pozulub səfi,
    Harda ki, xəyanət durub qəsdinə.
    Birinin sarayda çəkdiyi kefin,
    Ağrısı bir xalqın düşüb üstünə.

    Öz türk soyumuzdan ayırmaq üçün,
    Bizə fars-deyiblər ərəb deyiblər.
    Haqqı qorumaqçün babalar o gün
    Ümid bir sənədir yarəb-deyiblər.

    Haqqım var zoruyla öyünənlərin,
    Qırıb sümüyünü kül-xınc eyləyim.
    Ürəyi qarnında döyünənləri,
    Tanrının başına qaxınc eyləyim.

    Qəmi puçurlayar hər yaz dərdimin,
    İzini qar-yağış itirə bilməz.
    Ağzı açılıbdır Araz dərdimin,
    Selini dərələr götürə bilməz.

    Hər vaxt həqiqətin əlini sıxıb,
    Haqqı diləmişəm haqq aşığından.
    İndi azadlığın taxtına çıxıb,
    Dünyaya baxıram öz işığımdan.

  • Əlirza HƏSRƏT.”Necə ovunduraq qərib ŞUŞANI?!”

    11149420_814346961975030_7057312539619506005_n

    Sərhəd dirəkləri dikəlib bir-bir,
    Nə zəvvar qalıbdır o yerdə,nə pir.
    Haçandır dan üzü sökülmək bilmir,
    Basıbdır bağrına qürub ŞUŞANI.

    Ruhsuz da oynayır bədən yerindən,
    Təmənna gözləmə gedən yerindən.
    Bu başı bəlalı Vətən yerindən,-
    Zalımlar nə yaman qırıb ŞUŞANI.

    Nəğmə bəstələyib gündə bir ahla,
    Döyüşə gedirik qoşunsuz şahla.
    “İtkin şişəstə”ylə, “yetim segah”la,-
    Necə ovunduraq qərib ŞUŞANI?!

  • Qalib ŞAMXALOĞLU.”Az olan imkan da öldü manatla !”

    qsm

    Sarıb səmamızı qara buludlar ,
    Sabaha güman da öldü manatla !
    Heç oldu , puç oldu əllərdə nə var
    Az olan imkan da öldü manatla !

    Qeybə çəkilibdi haqqla ədalət ,
    Bürüyür ölkəni zülüm , zəlalət !
    Daha əlli faiz artdı səfalət ,
    Ac Azərbaycan da öldü manatla !

    Yenə dağılacaq neçə yuvalar ,
    Bizə qan ağladır zatı yavalar !
    Arxivə gedəcək bütün tavalar ,
    Çömçə də , qazan da öldü manatla !

    Ta verir bu xalqa belə məsləhət ,
    Hadı Rəcəbli ki , edin qənaət !
    Daha insanlıq da olacaq qəhət ,
    Hörmət , ehtişam da öldü manatla !

    Qalib Şamxaloğlu düşübdü dərdə
    İnsan insan kimi yaşamır Yerdə !
    Kimsə gəlməyəcək insafa bir də ,
    Tərazi mizan da öldü manatla !

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    yt

    BİLƏSƏN GƏRƏK

    Dərdimin üzünü ağ edən gündən,
    Sevinə bilmirəm gözüm doyunca.
    Qoşulub ömrünə canımdır gedən,
    Ağrına,acına dözür doyunca.

    Sən mənim gözümə çəkilən həsrət,
    Özümü unudub sənə yanıram.
    Gözümdə əksindir yerinə qismət,
    Hara gedirəmsə səni anıram.

    Qəlbimi salmışam sənin dalınca,
    Getmisən köksümdə ürəyin qalıb.
    Məni məndən etmə mənim olunca,
    Elə zənn eləmə-ürəyim qalıb.

    Sənsiz dünya mənlə yol gedə bilmir,
    Elə səninlə də düz oxumur,düz…
    Qəlbim sənsizliyi dərk edə bilmir,
    Qayıt,inadından bir yolluq əl üz!

    Günlərə bağlayıb sənli gümanı,
    Alışıb yanıram hey için için.
    Söylə darıxmırmı ürəyin,canım,
    Sevib-sevildiyin o günlər üçün?!

    Sənsiz bu dünyayla getmirəm yola,
    Nələr çəkdiyimi biləsən gərək.
    Gözündən gözünə çəkdiyin yolla
    Qayıdıb,özünə gələsən gərək!

    NƏLƏR ÇƏKDİYİMİ BİLƏSƏN GƏRƏK.

    Dərdimin üzünü ağ edən gündən,
    Sevinə bilmirəm gözüm doyunca.
    Qoşulub ömrünə canımdır gedən,
    Ağrına,acına dözür doyunca.

    Sən mənim gözümə çəkilən həsrət,
    Özümü unudub sənə yanıram.
    Gözümdə əksindir yerinə qismət,
    Hara gedirəmsə səni anıram.

    Qəlbimi salmışam sənin dalınca,
    Getmisən köksümdə ürəyin qalıb.
    Məni məndən etmə mənim olunca,
    Elə zənn eləmə-ürəyim qalıb.

    Sənsiz dünya mənlə yol gedə bilmir,
    Elə səninlə də düz oxumur,düz…
    Qəlbim sənsizliyi dərk edə bilmir,
    Qayıt,inadından bir yolluq əl üz!

    Günlərə bağlayıb sənli gümanı,
    Alışıb yanıram hey için için.
    Söylə darıxmırmı ürəyin,canım,
    Sevib-sevildiyin o günlər üçün?!

    Sənsiz bu dünyayla getmirəm yola,
    Nələr çəkdiyimi biləsən gərək.
    Gözümdən gözünə çəkdiyin yolla
    Qayıdıb,özünə gələsən gərək!

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    XOŞBƏXT ELƏMƏYƏ GƏLMİŞƏM SƏNİ

    Kövrək xatirəndə qalan izlərim,
    Əbədi həkk olsun ömür yolunda.
    Sənə həsrət qalan yorğun gözlərim,
    İzn ver dincəlsin gül camalında.

    Çıxart xəyalından aşkara məni,
    Bəxtim qoy bəxtinə zəmanət olsun.
    Xoşbəxt eləməyə gəlmişəm səni,
    Ömrün də ömrümə əmanət olsun.

    Eşqinlə çək çıxart ürəyimi, gəl,
    Təkliyin qaranlıq gor quyusundan.
    İllər yolumuzda olmasın əngəl,
    Doğulaq taleyin kor quyusundan.

    İNSANLIĞA

    Bir günahkar bəndə varsa, yox nicat insanlığa,
    Hər bir insan saf əməl versin zəkat insanlığa.

    Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr,
    Eyləsinlər çox savab işlər barat insanlığa.

    Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır,
    Sən də ver öz töhfəni, vaxtında çat insanlığa.

    Vermə əldən insafı, fürsət var ikən adil ol,
    Pak əməllər bəxş edər sonsuz həyat insanlığa.

    Sözlərinlə gəl, Müzəffər, qəlbləri abad elə,
    Mənəviyyat müjdəni şövq ilə qat insanlığa.

  • Rahilə DÖVRAN.”Fani dünya”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şikayətəm, mən gileyəm,
    Gün görməyən, don quzeyəm.
    Ağlatdığın qəmli neyəm,
    Nədir mənlə qəsdin dünya?

    Hanı sənin ədalətin?
    Qismət,ruzin, səxavətin?
    Nədir mənim qəbahətim?
    Hey ipimi kəsdin dünya…

    Atdığım zər yekdi, dudu,
    Kor bəxtim də, üzə durdu.
    Gedən vurdu, gələn vurdu,
    Tapdaladın, əzdin dünya.

    Yoxsa məni hədəf gördün,
    Yük atıtək qoşdun, sürdün.
    Mən yandırdım, sən üfürdün,
    Qara yeltək, əsdin dünya.

    Öldürmədin, öləmmədim,
    Xətir, hörmət görəmmədim.
    Dərdi sənlə böləmmədim,
    Məndən uzaq gəzdin dünya.

    Dövran Tanrı əmanəti,
    Var şöhrəti, dəyanəti.
    Şair sevməz xəyanəti,
    Nahaq ondan küsdün dünya…

    24.12.2015.

  • Rahilə DÖVRAN.”Yavaş-yavaş”

    12091354_1653537131524991_3860076084131834097_o

    Axdı qəlbdən dilə, bir neçə kəlmə,
    Söyləyim, qulaq as, sən yavaş- yavaş.
    Sırınıb qəlbimə qəm ilmə- ilmə,
    Dərddə qərq oluram, mən yavaş- yavaş.

    Olsa da könlümdə hisslər dum- duru,
    Zaman alazlayır əqli, şüuru.
    Azalır günbə-gün gözlərin nuru,
    Ələnir saçlara, dən yavaş- yavaş.

    Itib damaq dadı, hər bir nemətdə,
    Xoş bir şey görmürəm, bu əlamətdə.
    Artıq söz dinləmir vücud, qamət də,
    Azalır hünər, güc tən yavaş- yavaş.

    Yaxamdan əl çəkmir dərd, bəla, qada,
    Gərəksiz olmuşam qohuma, yada.
    Xəyal da, güman da, çatmayır dada,
    Itir zehin, yaddaş, zənn yavaş- yavaş.

    Ümidim, pənahım,tək Ulu Rəbbim,
    Ey Dövran,Onunçün döyünür qəlbim.
    Rəhm etsin, sönməsin ilhamım, təbim,
    Çəkilsin başımdan, çən yavaş- yavaş…

    25.12.2015.

  • Əziz MUSA.”Könül”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    Könlüm, gözüm gülməz bir də,
    Dövran bizi salıb dərdə,
    Qərib insan qərib yerdə ,
    Ağlamaz, öz yurdu olsa.

    Göylər sevməz bəxti kəmi,
    Vürər bizə hər sitəmi,
    Bəndə ürəyində qəmi,
    Saxlamaz, öz yurdu olsa.

    Hər kəs sevər binəsini,
    Yurd unutmaz yiyəsini,
    İnsan vallah sinəsini,
    Dağlamaz, öz yurdu olsa.

    Öyrən indi bəmə, könül,
    Qoy bu dərdi dəmə, könül.
    Əziz Musa qəmə könül,
    Bağlamaz öz yurdu olsa.

  • Mehriban İBRAHİMOVA.”Dünya, səndə nəyim qaldı?”

    Sorğu gəzir,ürək dolu,
    Hesab sorur öz-özündən:
    Dünya səndə nəyim qaldı?
    Şirin-şirin arzularım,
    Yığın -yığın duyğularım,
    Dünya dolu qayğılarm.
    Əlim gəlməz bir çiçəyin,
    Yarpağını qoparmağa,
    Gəlişim tək gedişimdə,
    Sirrli aləm aparmağa.
    Bilinməzsə bu dünyaya
    Nə gəlişim ,nə gedişim
    Nə faydası gəlişimin,
    Bu dünyadan gedişimin.
    Qalmayıbsa varlığımın
    yoxluğumun bir mənası,
    Yaşamağın nə mənası?
    Bu dünyaya gələn insan,
    İnsan kimi yaşamasa,
    Yaşamağın nə mənası.
    Dünya səndə nəyim qaldı?
    Yoxsa cavab bu sorğuya,
    Qalmayıbsa sözü,izi
    Ürək dolu bircə sözü,
    Yaşamağın nə faydası
    Sorğu gəzir ürək dolu,
    Dünya səndə nəyim qaldı?

    25 12 2015.

  • Mehriban İBRAHİMOVA.”Yaşamaq elə budur”

    Yağan yağışda islanmaq,
    Qışın sazağında donmaq,
    Yayın istisinə yanmaq,
    Yaşamaq deyil ki ,hələ.
    Sevirəm deyib bağırmaq,
    Mən varam deyib çığırmaq,
    Dərdlə içində ağrınmaq,
    Yaşamaq deyil ki,hələ.
    Kimlərəsə boyun əymək
    Kiminsə çörəyini yemək
    Günlərini hədər saymaq.
    Yaşamaq deyil ki hələ.

    İnsanlığın halına yanmaq,
    İnsan tək yaşayıb,insan tək qalmaq
    İnsanlığın zirvəsinə ucalmaq.
    Yaxşı əməllərlə dillərdə qalmaq,
    Yaşamaq elə budur,yaşa ey insan.
    Ömür sənə verilib ,sənindir ,amma,
    İnsan olduğunu unutma ,danma,
    Günəşin oduna tək-tənha yanma,
    El -oba dərdinə,birlikdə yansan
    Yaşamaq elə budur ,yaşa ey insan.
    Düzlük silahını saxla əlində,
    İşində,gücündə ,hər əməlində,
    El oba içində ,hörmət,ehtiram,
    Çəkilsin hörmətlə hər yerdə adın,
    Yaşamaq elə budur ,yaşa ey ,insan.

    26 12 2001

  • Vasif ZÖHRABOĞLU.”Heykəl əllərin…”

    1601578_710347309084020_7077466699777794928_n

    Qadasın alardım, tozun alardım,
    Mən ki, dəlisiyəm daş gözəllərin.
    Öpüb gözlərimin üstə qoyardım,
    Canlana bilsəydi heykəl əllərin.

    Biraz da sükutdur elə yaşamaq,
    Biraz da dincəlsəm kölgəndə sənin.
    Sənin dayandığın zirvəyə ancaq,
    Ölənlər yetişir ölkəndə sənin.

    Utanma gözümün içinə baxıb,
    Min il yaşamısan, min il ölmüsən.
    Sən bu ucalığa səsinlə qalxıb,
    Bir heykəl diliylə kiridilmisən.

    Yanında yerim var aman günüdür,
    Min insan ömründən bahalı heykəl.
    Hər gün bu vətəndə nişan günüdür,
    Elləri qanımla xınalı heykəl…

    Qadasın alardım, tozun alardım,
    Mən ki, dəlisiyəm daş gözəllərin.
    Öpüb gözlərimin üstə qoyardım,
    Canlana bilsəydi heykəl əllərin.

  • Vasif ZÖHRABOĞLU.”Səkilər”

    1601578_710347309084020_7077466699777794928_n

    Təkliyinlə doldurarsan otağı,
    Gözlərindən yuxun ərşə çəkilər.
    Boylanarsan pəncərədən aşağı,
    Görərsən ki, buza dönüb səkilər.

    Ürəyinin alovunu, odunu,
    Ovcundaca kiridərsən, kiriməz.
    Unutduqca ayrıldığın qadını,
    Səkilərin buzu hələ əriməz.

    Dizlərini ürəyinə sıxasan,
    Buza dönər gözlərinin yaşı da.
    Pəncərədən hey aşağı baxasan,
    Səki üstə keçirəsən qışı da…

    Bəhanə tap, gözlərinlə ha yol çək,
    Gələcəkdi, gəlmədi yol uzaqdı.
    Qış günündə səki üstə mənim tək,
    Darıxanlar hamısı yalquzaqdı…

    Təkliyinlə doldurarsan otağı,
    Gözlərindən yuxun ərşə çəkilər.
    Boylanarsan pəncərədən aşağı,
    Görərsən ki, buza dönüb səkilər…

  • “Mən səni özümə qaytaracağam” adlı kitab çap olunub

    Şair-publisist, AYB-nin üzvü və AJB-nin üzvü, I qrup əlil Ofelya Mədətqızı 6-cı dəfə oxucuları ilə görüşə gəlib. “Mən səni özümə qaytaracağam” adlı kitabın 1-ci və 2-ci fəsilləri müəllifin tale yazıları, ölümlə çarpışan zaman sözdən və zamandan imdad diləməsi, söz meydanında özünü tapması ilə bağlı yazılarla yadda qalır. 3-cü fəsildə söz adamlarının, qələm yoldaşlarının müəllif haqda fikirləri toplanıb. 5-ci fəsildə Ofelya Mədətqızı özünü bir publisist kimi tanıdır. Digər fəsillərdə müəllifin şeirləri, rübai və poemaları cəmlənib.
    Inanırıq ki, kitab geniş oxucu kütləsinin diqqətini cəlb edəcək, onun mütaliəsinə sərf etdikləri, itirdikləri vaxta heyfsilənməyəcəklər.

    Şəfa VƏLİYEVA,
    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

  • Tanınmış yazçı Eyvaz Zeynalovun yeni kitabı İstanbulda işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “Eski bisiklet” (“Köhnə velosiped”) adlı hekayələr kitabı “Anatolia” nəşriyyatı tərəfindən 160 səhifə həcmində, 2000 tirajla işıq üzü görüb.Kitaba 20 hekayə daxil edilib.“Eski bisiklet” kitabı artıq Türkiyənin ən önəmli topdan kitab satışı firmalarına göndərilib.Kitabın pərakəndə satış qiyməti təxminən 6 ABŞ dollar qiymətinləndirilir.
    Qeyd edək ki, bundan öncə tanınmış yazıçı Eyvaz Zeynalovun “Bələdçi” romanı Azərbaycan türkcəsindən Alman dilinə tərcümə olunub.Alman dilinə çevirəni isə yazıçı M.M.Kiehldir.Kitab Almaniyanın “Vintervork” nəşriyyatı tərəfindən çap olunub.Müəllifin sayca doqquzuncu kitabı olan “Bələdçi” romanı Almaniyanın Frankfurtdakı Beynəlxalq Kitab sərgisində nümayiş etdirilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Saqif QARATORPAQ.”Getməmişəm hələ mən”

    saqif muellim

    Getməmişəm hələ mən
    Kimsənin ayağına.
    Gəlsəm, üzümə vurma,
    Qucaqla, bas bağrına.

    Gərək yiyəsi olsun
    Bu həyatda itun də.
    Elə bil ki artqdı
    Indi bir yetimin də.

    Lap acı söz desən də,
    Onu da de ürəkdən.
    Ürəksiz bir söz desən,
    Çıxıb gedəcəyəm mən…

  • Saqif QARATORPAQ.”Kəsdirib qapımı budu son bahar”

    saqif muellim

    Bilmirəm nə deyim sənə bu yaşda,
    Ilk dəfə vurulan uşaq deyiləm.
    Bir az utancağam,bir az da tənbəl,
    Neyləyim, elə də qoçaq deyiləm.

    Kəsdirib qapımı budu son bahar,
    Ayağım altında xəzəldi illər…
    Mənim qız qaytaran vaxtım ha deyil,
    Elə görən kimi sevə gözəllər.

    Yoxsa sən gecikdin bu ömrə-günə,
    Bilmirəm, gec tapdım bəlkə mən səni.
    Bir nakam sevdanın naxışıdı bax,
    Alnımın qırışı,saçımın dəni.

    Bir eşqin acısı sızlar içimdə,
    Adını sinəmə yazıb ayrılıq.
    Mən çoxdan ölmüşəm bir buz ürəkdə,
    O gündən qəbrimi qazııb ayrılıq.

    Demirəm halıma acı bir azca,
    Səndən bir cabab da gözləmirəm mən.
    Bir az ürəyimi boşaltdım yetər,
    Bundan sonrasını özün bilərsən…

  • Arzu RÜSTƏMSOY.Yeni şeirlər

    Məni o küçədən keçirmə daha…

    Mənə nağıl danış,gələcəyimdən,
    Bəxtimdə var isə, güləcəyimdən.
    Hələ neçə küçə ,keçəcəyimdən,
    Söylə sən haqqımı bitirmə daha,
    Məni ,o küçədən keçirmə daha.

    Mənim o küçədən ayaq izim var,
    Bir cüt ağlargözlü ümidsizim var.
    Ona deyilməmiş sirrim-sözüm var.
    Qoy bir ümid olum,itirmə daha,
    Məni o küçədən keçirmə daha.

    Yağan yağışlardan,əsən küləkdən,
    Arzumu gözümdə qoyan fələkdən.
    Ayaq izlərim də doydu ,kələkdən,
    Qoy bir ümid olum,itirmə daha,
    Məni o küçədən keçirmə daha.

    Gəl ayrılaq birdəfəlik…
    Həsrət hicran yorub bizi,
    Döndərib haqq üzümüzü.
    Odumuzun sönüb közü,

    Gəl ayrılaq birdəfəlik.
    Fələk salıb dağa-daşa,
    Qəhərliyəm başdan-başa.
    Ömür ötür gahdan-kaşa

    Gəl ayrılaq birdəfəlik.
    Sevgi belə yaşanmaz ki,
    Ürək sevər yaşlanmaz ki.
    Bulaq sızar,daşlanmaz ki,

    Gəl ayrılaq birdəfəlik.
    Mənim olan de nəyindi,
    Sevincim qara geyindi.
    Həyat demədi,deyindi,

    Gəl ayrılaq birdəfəlik.
    Ayrılıgın yox qaydası,
    Qovuşmağın nə faydası.
    İkimizçün ən yaxşısı,
    Gəl ayrılaq birdəfəlik.

    26.12.2014

    Gəl boyuna qurban gəl sevim səni…

    Men belə dəliyəm,Məcnuna tayam,
    Bəzən coşub-daşib gôzümden çayam,
    Bu cür istəmirəm,canıma qıyam,
    Gəl,boyuna qurban gəl,sevim səni.

    Məndə ki,bu eşq var,yaxar ha yaxar,
    Baş üstə şimşəyin çaxar ha çaxar.
    Bir gün məni üzüb yixar ha yixar,
    Gəl boyuna qurban gəl,sevim səni.

    Gündə dilim deyər adını sənin,
    Ruhum arzu edər,dadini sənin,
    Anla belə yandım,oduna sənin,
    Gəl boyuna qurban gəl,sevim səni.

    Cahanda görmədim sən tək cananin,
    Ölləm,qurbanıyam dərdim qananin.
    Qoy dönüm,başina min yol dolanım,
    Gəl,boyuna qurban gəl sevim səni.

    Üzübsən canimi məndən bixəbər,
    Mən səni sevmişəm,səndən bixəbər.
    Deyilsən üsuldan ,çəmden bixəbər,
    Gəl,boyuna qurban gəl sevim səni.

    Dağlarin qoynunu sarıbdir,duman,
    Zirvənin könlüne gəlibdir iman.
    Bu eşqdə bir sən ol,halımı qanan,
    Gəl boyuna qurban gəl sevim səni.

    Baxıram,ûzûnə,qaşların hilal,
    Öldürür,sürüyür,məni bu məlal.
    Inan,gözüm,canım,mənimsən,halal,
    Gəl,boyuna qurban gəl sevim səni.

    Bu qaşlar,bu gözlər,kimdə var,kimdə,
    Odlayır,yandirir,məni qəlbimdə.
    Görmək istəyirəm səni,evimdə,
    Gəl,boyuna qurban gəl sevim seni.

    25.10.2013

  • Şəfa VƏLİYEVA.”Vatsonum” publisist yazısından….”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Cılız mətbəx qadınları susmağı öyrənir.. çünki onları cəmiyyətlə qorxudublar… təsəvvür edə bilərsən bunu?
    Hər ikisi susdu… dəqiqələr sonra qaşlarını çataraq :
    -etməsən olar!-dedi.- onsuz da cəmiyyət ancaq təsəvvürdədi. Ətrafımızda heç zaman cəmiyyət yox, adamları düşünürük biz. Adamların cəmiyyət olub-olmamağı məlum deyil….

  • Şəfa VƏLİYEVA.”Yaxşı ki, soruşmadın”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Yaxşı ki, soruşmadın
    Bu il də əhvalımı..
    Gözümdən oğurladın
    Köhnə, nimdaş halımı…

    Sən soruşmadın deyə
    Mən də “sənsiz” olmadım…
    “Darıxmaqdan ölməyə”
    Bir il cığır salmadım…

    Amma… birdən inciyər
    O kiçik söz:-necəsən…
    Gərək elə mən deyəm?!
    Özün söylə! Necəsən?…

  • Əlirza HƏSRƏT.”Sevgiyə ibadət eyləsə bəşər”

    11149420_814346961975030_7057312539619506005_n

    Sənin yerişinin adı başqadır,
    Qalxır xumar-xumar toz ayağından.
    Bir sevda rəsmidir rəngsiz,boyasız,
    Yollara tökülür iz ayağından.

    Sevgiyə ibadət eyləsə bəşər,
    Yaxşı əməllərə məğlub olar şər.
    Boynuna məhəbbət kəməndi düşər,-
    Asılıb qalarsan öz ayağından.

    Mənim qəlbimdəki bu eşq təpəri,
    Ana təbiətin sirridir,pəri.
    Zirvəyə ucalmaq istəyənləri,-
    Sınağa çəkərik biz,ayağından.

  • Təranə Turan RƏHİMLİ.”Dənizin qanı qaradı”

    teranexanim

    Bu dənizin sahilindən
    arzular uzaq görünür.
    Bu dənizin sularında
    balıqlar yazıq görünür.

    Adamlar axışıb axşam
    dəniz havası almağa,
    Yosunlar ilişib yenə
    balıq yerinə qarmağa.

    Bürküdən nəfəsi durub,
    Dənizin havası çatmır.
    Üzündə dərd qaysaqlayıb,
    Dalğalar hey vurur, batmır.

    İçindən qara qan axır,
    Gecə tək donu qaradı.
    Gəl qayıdaq, gedək evə,
    Dənizin qanı qaradı.

  • Təranə Turan RƏHİMLİ.”Gözümdən düşdüyün yola düşürəm”

    teranexanim

    Məni tanımadın, körpə ağacdım,
    Vaxtsız doğradılar, kölğəm olmadı.
    Böyük ağacların kötüyü qalır,
    Bir kötük boyunda izim qalmadı.

    Sən hardan biləsən soyuqdu mənə,
    Ruhumun paltarı çoxdan çürüyüb.
    Elə dərd biçmisən boyuma gəlmir,
    Məni sabahımın dərdi bürüyüb.

    Nə deyib çıxasan haqqın üzünə,
    Belə ayrılıqlar dərddi Allaha.
    Gözümdən düşdüyün yola düşürəm,
    Səni axtarmağa gedirəm daha.

  • Xəyalə SEVİL.”Asaram özümü goyün üzündən”

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Buludların ac it kimi
    Elə hürür ki, üstümə, İlahi,
    Məni yağışın tutacaq.
    Qapından qayıdır dualarım da,
    Məni qarğışın tutacaq.
    Ömrüm il – il tökülür,
    Daşlayıblar ömrümü.
    Bir ulduzsuz gecəyəm,
    Bir kimsəsiz küçəyəm.
    Bu dəlisov yağışlar
    Xoşlayıblar ömrümü.
    Eh! Daha əlimi açmaram sənə,
    Eh! Daha əllərim qoynumda qalar.
    Asaram özümü goyün üzündən,
    İlahi, ölümüm boynunda qalar.

  • Xəyalə SEVİL.”Bətnimdə böyüyən adam”

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bətnimdə böyüyən adam,
    Bir ömür gözləyir səni.
    Ömrün yaşına gələcək,
    Həyat başına gələcək.
    Qoy səni aldatmayım ki,
    “Dünya xoşuna gələcək”…
    Bətnimdə böyüyən adam,
    Dünya bətnim kimi deyil,
    Enişi var, yoxuşu var.
    Bu dünyaya hər gələnin
    Torpağa bir qapı açıb
    Bu dünyadan çıxışı var.
    Qapı-qapı qəbrlərini tanı,
    Bunu, onu, o birlərini tanı.
    Bizi saxlayır, böyüdür,
    Dayədi bu dünya bizə.
    Dünyadan ev olmaz, balam,
    Kirayədi dünya bizə.
    Bətnimdə böyüyən adam,
    Müxtəsəri,
    Anan mənəm, atan odu.
    Evin budu, odan odu.
    Səni hər gün əzizləyən
    Bacın, qardaşın da var.
    Daşın üstə daş qoymağa
    Balaca daşın da var.
    Ürəyimiz üzünə
    Açılıbdı taybatay,
    Gözləyirik aybaay.
    Fərqi yoxdu, oğlan ya qız,
    Balamsan, balamsan mənim.
    …7 …8 …9

  • Şəfa VƏLİYEVA.”Bütün bayramlara özəl… “

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Göydə ulduz əlçim-əlçim,
    Gözlərimə baxar, gedər…
    Bu həsrətə dözəcək kim,
    Həsrət məni yaxar, gedər…

    Göydə ulduz qatar-qatar,
    Sərnişini xəyalındı,
    Bəxtim elə yatar, yatar,
    Röyası da hicranındı…

    Göydə ulduz birər-birər,
    Hərəsi bir güvən, ümid…
    Məni məndən alar gedər,
    Vüsaldan üzülən ümid…

    Göydə ulduz düzüm-düzüm,
    Unutdurar məni mənə…
    Daha yoxdur sənə sözüm,
    Qaytar ver özünü mənə… (c)

  • Şəfa VƏLİYEVA.”Bu yay torpağı oxşadı…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Inanma hər deyilənə
    Hələ sənə nə yazmışam? (Intiqam)

    Mənim sənə yazdıqlarım
    Bu yay torpağı oxşadı…
    Döndü üzü qiblə sarı
    Tərsa eşqimə baxmadı…

    Eşq-naməhrəm… eşq-səd günah…
    Eşq -beş ləçəkli zanbaqmı?
    Eşq-kitabsız bir səcdəgah
    Eşqli-məbəd Şamxatımı?

    Elə asan öldürürlər
    Sevgi rəngli ümidləri…
    Tanrı qıymazdı belə…
    Ayırmazdı sevənləri…

    Vallah, bizi ayıranlar
    Allahını tanımadı…
    Bəlkə, eşqə tapınanlar
    Allahından yarımadı?!

  • Xaliq MƏMMƏDOV.”Mən ki sevmək istəmədim”

    12079336_155372158146741_6186934002319206725_n

    Düşünərdim silməm səni.
    Getdin daha görməm səni.
    Necə sevdim bilməm səni.
    Mən ki sevmək istəmədim.

    Dönə-dönə dedim qəlbə.
    Daha çıxım gedim qərbə.
    Necə kömək edim qəlbə?
    Mən ki sevmək istəmədim.

    Çox saxlama gülüm məni.
    Qoy aparsın ölüm məni.
    Bağışlasın könlüm məni.
    Mən ki sevmək istəmədim.

    Tək yanında mən olmuşam.
    Bu həsrətdən yorulmuşam.
    Axı necə sən olmuşam?
    Mən ki sevmək istəmədim.

    Yox ümüdə bir çıxıntı.
    Yıxır məni hey sıxıntı.
    Var qəlbimdə bir qırıntı.
    Mən ki sevmək istəmədim.

    Bağışlamır ürək məni.
    Hədəf alıb dirək məni.
    Bağışlaya gərək məni.
    Mən ki sevmək istəmədim.

  • Məhəmməd TURAN.” Görən o məktubun axırı necə oldu?..”

    12113359_1644259745815327_8563565984306098338_o

    Bəzən insan ani hisslərin, ani duyğunun, ani əsəbin ucbatından sonradan ömür boyu peşman olacağı elə işlər görür ki…
    Sonra o peşmançılıq hər zaman insanın ürəyini dəlir. Təbii işdir, hər kəs aldanır – lənət şeytana! Şəfa Vəlinin bir obrazı var. Bilmirəm, bu obraz onun ürəyinin küncündə yaşayırmı, Şəfa Vəlinin ürək ölkəsində elə bir adam varmı, yoxsa Şəfa xanım öz duyğulu təxəyyülündən yaradıb bu obrazı?! Amma Şəfa Vəli elə bir şeir yazıb ki, məncə, ordakı o obraz təxəyyül yox, yaşayan canlı obrazdır. Şəfa Vəlinin ürəyindən süzülən misralarda elə saf ürəkli bir obraz olub ki, o obraz…Təşəkkür etsin Şəfa Vəliyə ki, onu belə duyğuyla təsvirə çəkib…

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon!
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon!

    Bu bənd… Dilimin əzbəridir bu bənd… Əsas da uzun yola çıxanda yoldaşlıq edir mənə. Əlin, ürəyin var olsun Şəfa Vəli, özün var ol! Məsum hisslərə baxın… Aşiqin məsum-məsum etdiyi naləyə baxın… Ona fikir verin ki, burdakı obraz sevgilisinin bundan küsməyindən yox, o qədər duyğusaldır ki, sevgilisinin ürəyini qırmaqdan qorxur… Əhsən belə aşiqə!

    Dəyişik sal o ünvanı,
    Başqa qapını silkələ!
    O ağlayaraq oxuyar,
    Başqaları gülə-gülə…

    Baxın, şeirin ən çox peşmançılıq ifadə edən bəndidir bu bənd… İçində öz-özünə təsəlli verir ki, bəlkə, nə ola, başqa qapını silkələyə, məktub çatmaya… Bu təsəllini poçtalyona xitab şəklində versə də, dərinə baxanda görünür ki, obraz bu sözlərlə özünə təsəlli verir, Allaha yalvarır… Yarının göz yaşına qıymır. Göz yaşı görməyəsən, ay Şəfa Vəli…

    Qaytar, poçtalyon, qaytar,
    Vallah, mən də ağlayacam.
    Ona doğru gedən yollar,
    Bu məktubla bağlanacaq…

    Mənim ürəyimi ağladan yeganə bənddir bu şeir aləmində… Çünki burada obrazın nə demək istədiyini çox gözəl anlayıram, çünki bu hissləri mən də yaşamışam… O peşmançılıq hissi olur ha! Adam üzünü yastığa sıxıb bağıra-bağıra ağlamaq istəyir. Əminəm ki, bu obraz da həmin hissi yaşayırmış… Bir də sevgilisini görməməkdən çox qorxur, çoox… Əslində, bu şeir mənə həyatda hər şeyi min ölçüb, milyon ölçüb bir biçməyi öyrətdi… Ona görə savaba batdın, Şəfa xanım!
    Şəfa xanımın hər misrasında neçə çalar var. Bir də Şəfa Vəlinin qafiyələrini çox sevirəm, çox maraqlı və heç işlənməmiş qafiyələri var. Şəfa Vəliyə yaradıcılığında daha böyük uğurlar, həyatında isə bol-bol təbəssüm, can sağlığı arzu edirəm…
    Şəfa Vəli, eyni zamanda, böyük bacımızdır bizim – “Abla”mızdır… Bir də, o bayaqdan obraz-obraz deyirdim ha, o elə Şəfa Vəlidir!

  • Kənan AYDINOĞLU.”Gəncənin tarixi yaddaşındadı”

    Photo Kenan

    Gəncə deyəndə hər dəfə yadıma Şəfa Vəliyeva düşür.Yenə də masa arxasında əyləşib, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olub, geniş oxucu auditoriyasını yeni əsərləri ilə tanış edən son dərəcə həssas və qayğıkeş gənc nəslin nümayəndələri içərisində özünəməxsus yer tutan ən çox sevdiyim Xanımyazar.
    Bədii təxəyyülünün və potensialının gücləndirilməsi üçün kifayət qədər ciddi mütaliə etməsi ilə diqqəti cəlb edir.Hər dəfə istər mətbu orqanlarda, istərsə də mədəniyyət və ədəbiyyat yönümlü portallarda görəndə ürəyimdən keçən ilk fikir həmin yazıları saytlarda, o cümlədən mətbu orqanlarda dərc olunmasına nail olmaqdan və xoş anı Şəfa xanımın oxucuları ilə və şəxsən özü ilə paylaşım etməkdən ibarətdir.
    Özü də dəfələrlə şahidi olmuşam ki, özünün sadə geyim tərzi və davranış forması ilə səmimiliyini qoruyub saxlaya bilir.Şeirlərinin hamısını məhz özünə həsr etməsi çağdaş dönəmdə onu həmyaşıdlarından köklü surətdə fərqləndirir.Hekayələrini oxuyanda isə hər dəfə eyni bir fikir dolaşır gözlərim önündə: Yaşadığı bu gözəl ömrün bir hissəsi əks olunub əslində hekayələrində. Üzləşdiyi problemlərə və narahat olduğu hər bir məqamı oxucu auditoriyası ilə bölüşmək üçün novator yazar kimi çıxış edərək qaranlıq qalan hər bir məqama özünəməxsus şəkildə işıq salmağa çalışır.Xüsusilə də Çağdaş Azərbaycan ədəbi mühitində Şəfa Vəli imzası ilə tanınan xanım yazar Bakı-Gəncə avtobusu ilə ölkəni qarış-qarış gəzib,ömrünün ən gözəl anlarını məhz sadə xalq arasında yaşaması doğulub, boya başa çatdığı bir yurda-Göyçə mahalına və yaradıcılıq nümunələrini qoynunda ərsəyə gətirdiyi Gəncəyə bağlılığı ilə fərqli yaşam tərzi ilə seçilən ədəbi-bədii ideya istiqamətini doğru müəyyən etmiş istedadlı gənc nəslin fəal nümayəndələrindəndir.
    Aşıqların ustadı Dədə Ələsgərin ocağından olması saza, sözə sonsuz sevgi və sayqı ilə yanaşması bir neçə misranın ərsəyə gəlməsində qığılcım rolunu oynadı.

    Mən indi bildim ki, sənin sevincin,
    Sözündə, gözündə, göz yaşındadı.
    Ələsgər yurdunun yadigarısan,
    Gəncənin tarixi yaddaşındadı.

    Ta qədim zamanlardan bu yana dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi kimi görkəmli söz sənətkarı yetirən ən çətin və ağır günündə belə döyüş meydanında yağıya təslim olmayan Gəncənin qoynunda yaşaması, ekoloji cəhətdən təmiz hava şəraitində mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparması Bakı-Gəncə avtobusunun ən sevimli sərnişini Şəfa xanım Vəlini ictimaiyyət nümayəndələrinə istedadından xəbər verməyə sövq edən növbəti ədəbi faktor kimi gözlər önündə canlanır.Gəncəni daha çox mənə sevdirən və Gəncənin qədim və zəngin tarixi ilə yaxından tanış olmağım üçün qəlbimdə sonsuz sevgiyə vəsilə olan böyük məmnunluq hissi ilə “Canım Bacım”-deyə müraciət etdiyim əsərləri ilə geniş oxucu auditoriyasının, xüsusilə də mənim rəğbətini qazanmış Şəfa xanım Vəliyevaya yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirəm!
    ALLAH Sizi və tüm Sizi sevənləri qorusun! İnşAllah!

    Dərin hörmət və ehtiramla,

    Kənan AYDINOĞLU,
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.24 dekabr 2015-ci il

  • Qalib RƏHİMLİ.”Sözdən sevgiyə gedən yol”

    01

    Zaman-zaman Aybəniz Əliyarın dövrü mətbuatda, feyzbuk səhifəsində yeni şerləri ilə qarşılaşıram. Hər şerini də diqqətlə oxuyuram. Açığını deyim ki, onun şerlərindəki cəsarət məni ovsunlayıb. Hamının gündəlik həyatda qarşılaşdığı məqamları Aybəniz xanım sözün sehri ilə elə cilalayır ki, ovsunlanmaya bilmirsən. Balaca bir ürəyə bu qədər sözün və sözdən doğan sevginin necə yerləşdiyi düşündürür adamı. Onun həyata və həyata xüsusi rəng verən sevgiyə münasibəti tam fərqlidir. İstər ilahi eşq yolunda, istər vətən, təbiət sevgisində çox səmimidir. Yazdıqları boğazdan yuxarı deyil, ən başlıcası sözü zorlamır. Çox aydın görünür kü, söz bu xanımın içindən qaynayıb dilinə gəlir. Belə olan halda da qələmə aldığı fikir və düşüncələr sevilə-sevilə oxunur. Əslində şairlik özü bir ilahilikdir, haqqdan gələn vergidir. Poeziya isə bu ilahilikdən su içib zənginləşən mənəvi bir qidadır.

    Aybəniz xanımın şerləri məni elə cəlb etmişdi ki, bir gün də ondan mənə kitab göndərməsini xahiş etdim. Sağ olsun, qırmadı məni və sonuncu- “Qürubda günəş” kitabını göndərdi. Fikrim Aybəniz xanımın şerləri barədə sadə bir oxucu fikirlərini bölüşmək idi. Aradan bir xeyli keçsə də mən fikirlərimi indi qələmə aldım. Amma istədim söz dünyasının fatehi olan bu xanımın sonuncu kitabına onu hansı şerləri ilə gəlməyimdən qısaca deyim.

    Hər şair yaradıcılığında öz ömrünü yaşayır. Sevinci, kədəri, vüsalı, sevdalı günlərini, zamanını, tarixini, gələcəyini yazır. Aybəniz xanım da belədir. Şerləri onun ömrüdür, dəyəridir. Həm də bu xanımda Yaradanın ömrünə gətirdiklərinə bir şükür demək cəsarətidə var. Alnına yazılanlarla barışmağı bacarır.

    Vallah, qəmdi hər tərəfim,
    Ömrü qəm edənə şükür.
    Qəmləri qəlbdə yoğurub,
    Gözdə nəm edənə şükür.

    Şükür dedim milyon kərə,
    Şükür etsin bir cür hərə.
    Ürəyimi bu qəmlərə,
    Verib yem edənə şükür.

    Gözlərim göz qaydasında,
    Sözlərim söz qaydasında.
    Hər şeyi öz qaydasında,
    Eşqi kəm edənə şükür.

    Yapıb intizar dağımı,
    Bitirib gənclik çağımı,
    Həyatda axtardığımı,
    Səndə cəm edənə şükür.

    Aybəniz xanımın yaradıcılıq miqyası təkcə eşqin aliliyi, bu yolda yaşanan iztirablar, göz yaşları ilə məhdudlaşmır. Çoxşaxəli yaradıcılıq dünyasında yer tutan hər şeri oxunaqlıdır, sevilən və yaddaşlarda yaşayandır. Yaradıcılığında təbiətlə sevginin bir arada təsviri çox inandırıcıdır.
    “Qürubda günəş” kitabını çox vərəqlədim. Elə şerləri oldu ki, onu dönə-dönə oxudum. Hər oxuduqca yeni bir məna, yeni bir nəfəs gördüm. Onun böyüklüyü bir də ondadır ki, tək özünü yazmayır. Onu oxuyanların hər biri bu şerlərdə özünü görə bilir. Bu isə şerin dünyəviliyi, yaradıcılığın sərhəd tanımamasıdır. Mənə elə gəldi ki, Aybəniz xanım sözdən sevgiyə, sevgidən isə Qürubda günəşə gəlib çata bilib. Gecəni yatıb səhər yenidən doğan günəşin hərarətini, sevgiləri isitməyini, bumbuz qəlbləri oyatmağını çox dəqiq və dürüst qələmə alıb. Bu yol asan deyil və olduqca çətin, iztirablı, səsli küylüdür. Bütün bunları Tanrının verdiyi istedadla elə gözəl adlayıb ki, adam ona heyran qalmaya bilmir. Xanımın yaradıcılığında bir də bu hikməti və ardıcıllığı gördüm.
    Gerçəklik təbii ki, ictimailəşəndə təsirli olur. İctimai fikri isə yalnız cəsarəti olan, düşüncə və məntiqi real həyatla səsləşən insanlar tərəfindən formalaşır. Aybəniz Əliyar kimi. “Yenə bax” şerində reallıq daha qabarıq görünür. Bu şer dəyəri ilə ilk diqqətimi çəkənlərdəndir.

    Ağlayan qadını sevmir kişilər,
    Çətin bu ürəklə gələm xoşuna.
    Yenə bax, gəlmişəm, bir qədəh gətir,
    Süzüm göz yaşımı, al çək başına.
    Bir də bax,
    sən mənə baxanda, canım,
    İlk eşqin düşürmü yadına sənin?
    Süzüm göz yaşımı, al çək başına,
    Qoy sərxoş desinlər adına sənin.
    Ümid ağır yükdür, sən də güclüsən,
    Nəbadə darıxma, gələcəm yenə.
    Hələ axşama var, gözlə ağlayım,
    Yarım deməsinlər qədəhlərinə.
    Xəyalın dolaşır yarıyuxulu,
    Mənim taleyimin küçələrində.
    Kaş bir də görəydim necə olursan,
    O sərxoş olduğun gecələrində.
    Fikrimcə bu şer yalnız sevən və duyan könüllərin harayıdır. Harayı isə Abəniz Əliyar qaldırıb. Özünün saf qəlbinin, düşüncə tərzinin məhsulu kimi. Həm də çox inandırıcı formada sözdən sərxoş bir sevgi dünyası yaradıb. Meydən yox, göz yaşlarında şərxoş bir dünya.

    Açdın ürəyini, bildim, anladım,
    Bu ürək özğənin, bu bədən yadın,
    Axı mən deyiləm dediyin qadın,
    Nəyimi sevirsən, nəyimi mənim?
    Baxın, nə gözəl deyib Aybəniz xanım. Açılan ürəyin sevgi yükünə səmimi və dəyərli bir cavab. Bu cavab ürəyini açanı sındırmır məncə. Ürəyin və bədənin özgəyə məxsusluğu sadə və səmimi formada deyilib. Əslində həqiqi sevginin axtarışına ümid verilib, ünvanın o olmadığı elə sevgi notları ilə çatdırılıb.

    Bir siqaret yandır,
    ikimiz çəkək…
    Qoyma ki, sönsün…
    Heç olmasa, dodaqlarım,
    dodaqlarının yerinə toxunsun…

    Yanadırılan və iki nəfərin çəkdiyi siqaretin sönməsini istəməyən müəllif əl çatmayan sevgisinin ətrinə, dodaqların bir-birinmə toxunma yoluna necə səmimi yanaşıb. Sanki bu siqaret sönsə qönçə sevgi puç olacaq və dodaqlar bir də heç zaman birləşməyəcək.
    Aybəniz Əliyar şerlərində bəzən ağrılı qadın, sevgidən əzaba gedən yolun yolçusu kimi də görünür və hətta əl açıb Allahdan canının elə belə alınmasını yox, iztirab və acı ilə alınmasını, çəkdiyi ağrıların heç kimin bilməməsini istəyir. Bu şairin ağrılarla baş-başa qala biləcəyindən, hətta onu çəkmək gücünə malik olmasından xəbər versə də misraların içində gizlənən nikbinliyi də sezməmək mümkün deyil. “Məni” şerinin ilk bəndi dediyim ağrı yükü ilə, Allahdan daha kəskin ağrı istəməsi ilə təqdim olunur.

    Allah, elə-belə alma bu canı,

    Bir soyuq baxışa tuş eylə məni.

    Qara gecələri sevən gözəlin,

    Gözündə bir damla yaş eylə məni.

    Elə ağrı ver ki, bilməsin heç kim,

    Əqlimi məhkum et, ruhumu küskün.

    Əvvəl göyümü qur; buludlu, çiskin,

    Sonra bir havalı quş eylə məni.

    Baxın, misra-misranın təsdiqi və açılmasıdır elə bil. Allahdan canının elə-belə alınmasını istəməyən şair soyuq baxışa tuş gəlməyini, qara gecələri sevən gözəlin gözlərində yaş olmağı, sərhədsiz göylərdə havalı quş olmağı da istəyir. Deməli, Aybəniz xanım yenə sevgiyə doğru qaçır, ona sığınır, bütün ağrı yükünün məhz göy üzünün dərinliklərində bir havalı quşa dönüb yox etmək, sevdalanan günlərini yaşamaq istəyir. Bu isə olduqca gözəldir. Ziddiyyətlər içində şirin bir ömürdür və Aybəniz Əliyar deyilən ömrü həqiqi mənada yaşaya bilib. Onun “Mən burda ağlayanda” şeri də bu mənada diqqət çəkəndir.

    Mən burda ağlayanda kim duyar ki, səsimi?

    Baxıram pəncərədən, ağaclar sapsarıdır,

    Mənim hıçqırıqlarım mənim səsim deyil ki,

    Küsüb ağacdan düşən payız yarpaqlarıdır.

    Bəli, hıçqırıqlar Aybəniz xanımın səsi deyil. Saralan bir payız yarpağıdır və budağından qopub düşüb. Amma bu faciə də deyil. Bu ağac hələ çox yarpaqlar gətirəcək. Demək ki, göz yaşı da onu ömrünün sonuna kimi yoldaşı və sirdaşı olmayacaq. Bir yaz günündə ağaclar yenidən yarpaqlayanda onun da sevgi dünyası nurlanacaq. Aybəniz xanımın özü də bunu görür.

    Sən orda baxışınla saçlarımı oxşama,
    Keçməz ki, bu həsrətim, bitməz ki, bu göynəyim.
    Mən burda ağlayanda gecələr xısın-xısın,
    Orda yatdığın yerdə islanırmı köynəyin?

    Burda qarşı tərəfə etiraz var. Amma kəskin deyil. Yumşaqdır. Sanki qaydacaq secgiyə hələ də ürəyinin qapısını açıq qoyub. Bu iradların, xısın-xısın ağlamağın, yaranan sualların özündə də vüsala ümid yaşayır. Şerlərdəki kədər, ağrı və iztirab hələ hər şeyin sonu olduğu anlamına gəlmir. Hələ yaşanmalı illər var, hələ qapını döyən saf məhəbbət və insanı ilahiləşdirən eşq var. “Sən çıxırsan ” şeri ilə Aybəniz xanım elə bil mən duyanlara möhrünü vurur.

    Bu sevginin ürək yeri,

    Qazılır, sən çıxırsan.

    Yuxlayıram, kipriklərim

    Asılır, sən çıxırsan.

    Bilmirəm ki, bu sirr nədir,

    Məni hər gecə lal edir.

    Bütün şifrələr birəbir,

    Açılır, sən çıxırsan.

    Bu ürək quyudur, quyu,

    Suyu dumduru, dumduru.

    O təmiz, o şəffaf suyu

    İçilir, sən çıxırsan.

    Yaradıcılıq bir tərəfli olsaydı təbii sevilməzdi. Hər şer seginin, yaşamın təsdiqi və təsviri kimi təqdim edilsəydi inandırıcı olmazdı. Böyüklük ondadır ki, müxtəlif acıları duya bilirsən, onu ictimailəşdirirsən və nəhayət dərd yüklü anlara üsyan da edə bilirsən.

    Qanımın faizi çox aşağıdır,
    Sənin gözlərindən yerə qan sızar.
    İçərəm qanını, dodaqlarından,
    Ağzım dada gələr, otağım qızar.

    Nə gözəl üsyan. Həmişə belə olub. Bürün münasibətlərin darmadağın olduğu məqamda dodaqlar bir-birinə yapışıb qanı çıxana, içilənə qədər məhəbbət yaranırsa, barışığa yol beləcə gedirsə bütün gileylər unudulur, həyat yenidən başlanır. Şair bir onda yaddaşlara köçür ki o mövzunu real həyatdan götürür. Ya özü yaşadığını, ya da həssas bir insan kimi onu düşündürənləri qələmə alır.

    Sevgidən kəm necə olur,
    Baxtı qadının, bilirəm.
    Hələ başını qatmağa,
    Çoxdu qadının, bilirəm…

    Əvvəlin iki misrası ilə sonun iki misrasının ziddiyyətli formada bir-birini gücləndirdiyini gördünüzmü? Sevgidən kəm qadının bəxti və hələ başını qatmağa qadının çoxluğu. Həyat budur. Bunu təbii yaşayanlar və duyanlar bilir.

    Nə mən saçlarını sığallayıram,
    Nə sən dizlərimdə yata bilirsən.
    Bu da bir xəyaldır, sevin ki, hələ,
    Mənim işığıma çata bilirsən.

    Artıq burda qürurlu bir xanım obrazı var. Saçı sığallaya, dizinin üstündə yatırda bilmir, amma bunu xəyal edərək işığıma indi çata bilirsən deməsi qürurun, mənəviyyatın təntənəsidir.

    Bir sevda düşə başına,
    Qanında qaynaya keçə.
    Bir qadının qız xəyalı,
    Gözündə oynaya keçə.

    Burda artıq yeni bir tapıntı var. Eşqin aliliyini yaşayan insanın gözündən ömrün yarı yaşında qadınının qız xəyalı keçir. Çox təbiidir. Amma heç kimi demədiyi məqamdır. Saflıqdır, dünənə qayıdış, həyata bağlılıqdır bu misralar.

    “Qürubda günəş” kitabı kifayət qədər əhatəli, əksər mövzularda şair qələminin uğuru ilə dolu şerlərlə yüklənib. Özünün dediyi kimi şerləri həyat eşqli, sevgi yüklüdür. Yaxşı ki, yükümüz də ancaq sevgi yüküdür. Bu yükü daşıya bilənlərin sevda dünyasıdır.

    Hələ ömrün gənclik illərinin ağuşundadır, Aybəniz Əliyar. Hələ müdrikliyə gedən yolun başlanğıcındadır. Onun Şabran sevgisi, bütöv Vətən məhəbbəti, Bayrağa hörməti, Xocalımızın faciəsinə hönkürtüsü qələminin gücündə, sözünün sehrində hamı üçün doğmadır. İlki belə başlayan yolun sonu təbii sənət zirvəsində yer tutmaqdır. Sizi gözləyən zirvə yeriniz mübarək Aybəniz xanım. Əgər sizi duyub nəsə deyə bildimsə nə xoş mənə. Deyə bilmədimsə bu artıq sizin həyat eşqinizin, ilahi təfəkkürünüzün məndən çox-çox qabağa getməsidir. Amma sadə bir oxucu olaraq bunları bölüşməyi vacib bildim.

    02

  • ASKEF Türk Dünyasının sənət və ədəbiyyatını dünyaya daşıyır

    Türkiyənin Antalya şəhərində dünyanın 15 ölkəsindən 250-dən artıq nümayəndənin qatıldığı möhtəşəm bir törən gerçəkləşdirildi. Tədbir artıq sayca yeddincisi düzənlənən Uluslararası Avrasiya Sənət, Kültür və Edebiyyat Böyük Buluşması kimi təqdim olunsa da, gedişatda bütün detallarıyla Türk Dili, Sənəti, Mədəniyyəti və Ədəbiyyatı yönündə gələcəkdə mühüm işlər görəcək və önəmli layihələri həyata keçirəcək daha möhtəşəm bir qurum – ASKEF (Avrasya Sanat, Kültür ve Edebiyat Federasyonu) olaraq tarixə öz imzasını atdı.
    Dekabr ayının 11-14-ü tarixləri arasında baş tutan qurultay xarakterli bu tədbirdə başqa türkdilli dövlətlərlə yanaşı, Azərbaycan da böyük bir nümayəndə heyəti ilə təmsil olunurdu. Nümayəndə heyətimizin başçısı, eyni zamanda ASKEF(ASKED) Uluslararası Sanat Danışmanı və Azərbaycan Komitə Başkanı Raifə Sərxanqızı beynəlxalq tədbirdə ölkəmizin Antalyada ləyaqətlə və yüksək səviyyədə təmsil olunmasında bütün səyini ortaya qoydu. Öz çıxışını Türk Dünyasına tükənməz sevgi ruhu üstündə qurmuş Raifə xanım, “Bir millət, iki dövlət” kimi ayrılmaz bir bütünün yaradıcı övladlarının sənət və ədəbiyyat müstəvisində yenidən bir araya gəlməsinə yüksək dəyər verdiyini vurğuladı. Türkiyə-Azərbaycan mədəniyyət və ədəbiyyatlarının qardaşlığı, ortaq Türk dili səviyyəsində ortaya qoyulan bütün paylaşmalar törən iştirakçılarının ruh, can və qan qohumluğundan xəbər verirdi.
    Təsadüfi deyil ki, Azərbaycan bayrağı altında duyğularını dilə gətirən yazarlarımız çıxışlarının sonunda hərarətlə alqışlanır, “Can Azərbaycan!”, “Can Azərbaycana selam olsun!” nidaları ilə qarşılanırdılar. Nümayəndə heyətimizin tərkibində tədbirə qatılmış 13 yaşlı istedadlı muğam ifaçımız Mətin Əbilovun ifası isə tədbirin pik nöqtəsinə öz möhürünü vurdu. Tədbirin davam etdiyi günlər ərzində “Sarı gəlin”, “Qarabağ şikəstəsi” kimi xalq mahnı və muğamlarından ibarət musiqi çələngini mərasim iştirakçılarına böyük şövqlə çatdıran Mətin dəfələrə “Bir daha!”- deyə təkrar ifa arzulayanların istəklərini sevə-sevə yerinə yetirdi. Qeyd edək ki, Bülbül adına musiqi məktəbində xalq artistləri Mənsum İbrahimov və Ağaxan Abdullayevin tələbəsi olan balaca xanəndəmizin repertuarında yer tutan hər bir əsər onun böyük gələcəyindən xəbər verir. Tədbir boyunca müntəzəm olaraq səslənən ASKEF himninin müəlliflərinin Arzu Nehrəmli və Hüseyn Sözlü olması da qürurverici idi.
    Türkdilli dövlətlərin dil, tarix, siyasi gündəm və sair kimi taleyüklü problemlərinə həsr olunmuş mühüm bir bölümdə elm adamı və şair olaraq məhz oxuduğunuz sətirlərin müəllifinin Azərbaycanlı elm adamı olaraq məruzə ilə çıxış etməsi və təşkilatın Onur Kurulunda Azərbaycanımız adına təmsil olunması da önəmli addım kimi təqdir olunmalıdır.
    Oxucularımızın nəzərinə çatdıraq ki, Azərbaycanımızı Antalya Uluslararası Avrasiya Sənət, Kültür və Edebiyyat Böyük Buluşmasında ASKEF(ASKED) Uluslararası Sanat Danışmanı və Azərbaycan Komitə Başkanı Raifə Sərxanqızı, filologiya üzrə fəlsəfə doktoru, AYB üzvü, şair Qiymət Məhərrəmli, AYB üzvləri Arifə Əliyeva, Şəfəq Sahibli, Narıngül Babayeva, Fərqanə Mehdiyeva, Daşkəsən içra başçısının müavini, şair Cavanşir Atəşi, bəstəkar-şair Hüseyn Sözlü, şairlərdən Arzu Nehrəmli, Qüdrət Minhacoğlu, Aqil Kəngərli, İlham Qazaxlı, Vüsal Oğuz, Ayna Hüseynli, həkim-şair Aqil Məmmədov, Azərbaycan Qarabağ qazisi Arif Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin əməkdaşları Vaqif Nəcəfli, Dilbər Sultanova, gənc muğam ifaçısı Mətin Əbilov layiqincə təmsil etdilər.
    Tədbir iştirakçılarına ASKEF üzvləri olan şairlərin şeirlərindən ibarət poeziya antologiyası, iştirakçı plagetləri və digər hədiyyələr təqdim olundu. Azərbaycan nümayəndə heyətinin üzvləri də öz növbəsində ASKEF başkanı Savaş Ünala xatirə hədiyyələri bağışladılar.
    Antalya Böyük Şeir Buluşmasının gerçəkləşdiyi dörd gün ərzində tədbir iştirakçıları rəssamlıq əsərlərindən ibarət sərgi ilə tanış oldular, ədiblərin kitablarının imza mərasimi baş tutdu. Rəsmi hüssələrin ardınca incəsənət ustalarının çıxışları mərasimə əsil bayram əhval-ruhiyyəsi qatırdı. Tədbirin son günü Antalyanın gəzintisinə sərf olundu.

    Qiymət MƏHƏRRƏMLİ, Bakı-Antalya-Bakı.

  • Rafiq ODAY.”Ali Baş Komandanım!”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Şəfa VƏLİYEVA.”Mənsizliyi sayırsanmı?”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    bu sənsiz neçənci ildi?
    mənsizliyi sayırsanmı?
    qayıdıb gələn ümidi
    qapınıza qoyursanmı?

    yollarına tən gələcək,
    saçlarım qayçı tanımır…
    “bu yolla gedən gələcək”…
    təsəllilər nağıllanır…

    Əlahəzrət darıxmağı,
    möhtərəm kədəri dandım…
    sənsizlik vermədi ağıl,
    neyləyim, ağıllanmadım…

  • Şəfa VƏLİYEVA.”Gözümdə əksin qalacaq”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bilirsən, mən gənc öləcəm,
    Yarıtmıyacam bu bəxti…
    Bir bənd ağıya dönəcəm
    Ürəyində… müvəqqəti…

    Gözümdə əksin qalacaq,
    Ürəyimdə yara izin…
    Bir ilə unudulacaq…
    Bu da ki, sənə son sözüm:

    “Yolun düşsə, salam denən
    Qara-qırmızı lentlərə…
    Adımı əyninə geyən,
    Bəzənən qara mərmərə…”
    2014…

  • Təranə ŞƏMS.”Qısqanma, könül!”

    ts

    Dəyməsin gülümə o kobud əllər
    Gülümün gül ömrü itər azalar
    Xəzanə bürünər qönçə güllərim
    Bülbülün qəlbini qüssə-qəm alar.

    Qoxusu dünyanı məst edən gülüm
    Səni vəsv etməyə gücüm yetərmi
    Eşqisiz gül ömrü yaşayan gülüm.
    Bu sevgim bu eşqim,sənə yetərmi?

    Xisləti naqislər, eşqi naqislər
    Duymaz ki, gül ömrü, gül sevgisi nə
    Alışan ürəkdi hər açan fidan,
    Dəymə, gül ömrünə, gül sevgisinə.

    Bülbülü, gülünə qısqanma könül
    Bülbülün sevgisi, gül sevgisidir.
    Güllər elə sevgi, elə eşqidir,
    Göylərdən yol gələn haqqın səsidir.

    03.29.2014

  • Təranə ŞƏMS.”Get, get, biganə Aşiq!” (Esse)

    ts

    Sevgini etiraf etdiyində sən mənsən dedin,səni özümdə tapdım. Bəs zaman ötdükcə bildinmi mən sən olmaq istəmirəm. Bir söz deyə bilərəm. Yetər ki, sən özünü sevə biləydin. Sən məni özünə dəyər verdiyin qədər sevdin. Sənin gözlərində öz dəyərin yox ki…Mən sən olmaq istəmirəm. Sən həmişə özünü hamıdan sonda gördün, amma öldün hammı üçün öldün, can qoydun, yalnız bu həyatda özündən doydun. Özünü sevmədiyin halda necə sevə bilərdin məni? Kaş özünü sevə biləydin, özünə sevginlə öyə biləydin, özünün var olduğunu görə biləydin. İstəmirəm, artıq son olmaq istəmirəm. Qəlbini bükən don olmaq istəmirəm. Mən sən olmaq istəmirəm, sən olmaq istəmirəm. Bilmirəm yaddaşında varam, yoxam, azam çoxam. Artıq bu yadlığa toxam. Özünü sevməyan insan, bilirsən nə vaxtsa yoxsan? Axı ömür deyil, yüz, doxsan. Budur sənə sualım. Özünü sevməyən, başqasını necə sevə bilər? Sən sevmədin məni, çünki özünü sevmədin, sözünü sevmədin, qəlbinin yanar közünü sevmədin. Sən həyatı sevmədin. Demə mənə sən mənsən. Yox, yox mən sən olmaq istəmirəm. Mənim sevən qəlbim var, sənə sevgim var. Axı mən özümü də sevdim. Sevdimsə demək sən varsan, ömrümə müjdəsən gələn baharsan. Bahar çiçəyin deyləmsə necə mən sən olum? Mən sən olmaq istəmirəm. Səni vəsv etdim şerimdə, sözümdə, biçildin qəlbimə, dikildin gözümə həyata sənlə baxdım. Artıq qəlbim də baxmır sözümə. Mən sən ola bilmirəm,axı son ola bilmirəm. Şeirin sözün vardı, göm etdin qəlbinə, artıq yazmırsan söyləmirsən nə mənə, nə heç kimə. Vəsv etdiyin bənövşələr, nərgizlər, lalələr də küsüb səndən, mən küsən kimi. Yalandır sevgin, sevmədin məni. Demə ki, sən mənsən.. yox, yox, mən sən deyləm, sən olmaq istəmirəm. Sevmədim, özünü , bilmədin yerini. Get, get, biganə aşiq, özünü sevəndə, sevərsən məni… TƏRANƏ ŞƏMS. 19.12.2015.

  • Nəcibə İLKİN.”Ana, əllərinə yaman möhtacam”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Ana, əllərinə yaman möhtacam,
    Gəl yenə tumarla, əzizilə məni.
    Bir ağız layla çal, laylasız acam,
    Kədərdən, nisgildən təmizlə məni.

    Həm mənə yol göstər, həm təsəlli ver,
    Günahım varsa da de, danla məni.
    O ağ saçlarını sinəm ütsə sər,
    Ay ana, sən düşün, sən anla məni.

    Uşaq gülüşlərim ağlayır indi,
    Sanki yaz taleyim qışa dönübdü,
    Gərəkli illərim, sənli günlərim,
    Ay ana, gözümdə yaşa dönübdü.

    Gəl ana, yenə dur başımın üstə,
    Saçlarım əlində bir sığal yeri,
    Bir az təsəllinlə, bir az ümdilə,
    Ötən günlərimi sən qaytar geri.

    Gəl ana, sığınım isti köksünə,
    İtən dincliyimi axtarım, tapım.
    Nəmli gözlərində baxıb əksimə,
    Baharlı illərin ətrinə hopum.

    Saralır ömrümün bahar çəməni,
    Barı bircə fəsil yazım ol, ANA.
    Kədər beşiyində Sən Nəcibənin .,
    Yenidən qayğısı, nazı ol, ANA.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    G Ə M İ Q A Y A

    Daş dövrünün düşüncəsi,
    Daşdan qopan insan səsi.
    Əsrlərin daş nəğməsi
    Hər vərəği bir sal-qaya,
    Daş kitabım, Gəmiqaya.

    Tutub əldə ox-kamanı,
    Dayandırıb vaxt, zamanı.
    Tariximin əhd-peymanı
    Iffət, namus, qeyrət, həya,
    Daş kitabım, Gəmiqaya.

    Məkanıdır ilk insanın,
    Gündoğanın, günbatanın.
    Əkiz tayı Qobustanın,
    İlk əlifba bu dünyaya,
    Daş kitabım Gəmiqaya.

    Valeh edibdir bəşəri,
    Od oğlunun daş əsəri.
    Daşa yazılmış zəfəri
    Rəsm, təsvir gəlməz saya,
    Daş kitabım, Gəmiqaya.

    Başı üstə duman, tüldür,
    Dörd bir yanı çiçək, güldür.
    Hər səhifəsi milyon ildir
    Sığmaz əsrə, günə, aya,
    Daş kitabım, Gəmiqaya.

    23.12.2015.

    O L A S A N

    Səni görüm a bəxtəvər,
    Hər bir zaman var olasan.
    Toxunmasın sənə nəzər,
    Xoşbəxt, bəxtiyar olasan.

    Gəlib çatıb bahar çağın,
    Allanıbdır gül yanağın.
    Gəl mən olum güvənc dağın,
    Sən döşümdə qar olasan.

    Gülüm , mən eşq bağbanıyam,
    Gül- çiçəyin həyanıyam.
    Qismətsə, bəxti sınıyam,
    Gül bağçamda nar olasan.

    Yetsə mənə gül nəfəsin,
    Oxuyaram eşq nəğməsin.
    Bahəm gəlsin məlhəm səsin,
    Sinəm üstə tar olasan.

    Arzu, istək, amal ilə,
    Namus, iffət, kamal ilə.
    O gül- çöhrə, camal ilə,
    Bu Dövrana yar olasan…

    22.12.2015.

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    ÜRƏYİNDƏ

    Öldürüb xəyalımı,
    Basdırma ürəyində.
    Mən olmasam dayanar,
    Döyünməz ürəyin də.

    Kipriyində yaş eylə,
    Mən axım yanağında.
    Hıçqırıq boğar səni,
    Dərd qoyar ürəyində.

    Sevgi baxmayır yaşa,
    Yolunda duran daşa.
    Dönərəm soyuq qışa,
    Don tutar ürəyin də.

    Başın üstə buludam,
    Şimşək olub çaxaram.
    Çevrilərəm yağışa,
    Yağaram ürəyində.

    24.12.2015

    SƏNSİZLİK

    Bu gün sənin fikirlərin,
    Yazılıbdı sətir-sətir.
    Qar yağışın əvəzinə,
    Göydən sənsizlik ələnir.

    Buludlarda topalanır,
    Səni alıb yağmaq ücün.
    Bu qış vaxtı qar dənəsi,
    Yolda sənsizlik dilənir.

    Yoxluğunu kimə deyim,
    Hara baxsam sən görünür.
    Üşüyürəm yenə Gülüm,
    Sənsizlik mənə bürünür.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    DAĞLARDA

    Can gətirdim qəlbim , ruhum,
    Qaldı dağlarda, dağlarda.
    Qartallar da qanadını,
    Saldı dağlarda, dağlarda.

    Köçdü elin ağbirçəyi,
    Yandı yurdun ən göyçəyi,
    O yerlərin tər çiçəyi,
    Soldu dağlardq, dağlarda.

    Qırildı kamanın simi,
    Aça bilmədik tilsimi,
    Gözlərimiz bulud kimi,
    Doldu dağlarda, dağlarda.

    Öz yurdundan köçdü ellər,
    Susdu cəh-cəh vuran dillər,
    Üstümüzü qəfil sellər,
    Aldı dağlarda, dağlarda.

    Əziz Musa boylan geri,
    Dolanan yox o pirləri,
    Viran qalan yurd yerləri,
    Xaldı dağlarda, dağlarda.

    QARADI

    O dağlarım, o düzlərim talanıb,
    Cəbrayılım od, alova qalanıb,
    Dərdim, qəmim bir-birinə calanıb,
    Qarabağsız ayım, günüm qaradı,

    Daha məni nə danışdı, nə dindi,
    Dərdimizin çarəsi yox, nədəndi,
    Yada qalan yurdum, yuvam, Vətəndi,
    Qarabağsız ayım , günüm qaradı.

    Qəm-kədərlə dayanmışam baş-başa,
    Qan çilənib o torpağa, o daşa,
    Güman qalıb son döyüşə, savaşa,
    Qarabağsız ayım günüm qaradı.

    Şirin-şirin yuxularım çin olmur,
    Qərib yerdə ötən günüm, gün olmur,
    Neyləyim ki sünbülümüz dən olmur,
    Qarabağsız ayım, günüm qaradı.

    Bu qismətə, bu yazıya nə deyim,
    Açılmayır qara bəxtim, taleyim,
    Yerə, göyə çatmır daha gileyim,
    Qarabağsız ayım, günüm qaradı.

  • Əlirza HƏSRƏT.”Dünya”

    11149420_814346961975030_7057312539619506005_n

    Əl atırıq boşa çıxır,
    Hanı sənin yaxan,dünya?
    Yediyin şair ətidir,
    Qana batıb çuxan,dünya.

    Sevdim üzə gülən dərdi,
    Ürəyimi eşqə sərdi.
    Başa çıxardıb namərdi,
    Mərdə qurşun sıxan dünya.

    Məni vurub Yerə dayaq,-
    Nə fırlanırsan baş-ayaq?
    Gəl edam-edam oynayaq,-
    Gör necə çarmıxam,dünya!

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    yt

    BU BAHAR ALNİMA YAZİLİB MƏNİM

    Bu bahar alnima yazilib mənim,
    Göyün göz yaşlari həsrət payimdir.
    Bu yaz buludlari bəyaz kəfənim-
    Qüssəmə tələsən qismət payimdir.

    Bu yaz ürəyimdə kövrəlir sözüm,
    Bahar sevincimin yuxusu gəlir.
    Bu yazi tutubdur ayazin gözü,
    Bu yazdan payizin qoxusu gəlir.

    Çəkir pərdəsini buluddan göylər,
    Günəşin həyasi buluda cökür.
    Qaşi düyünlənib göyün bu səhər,
    Görkəmi bağrimin başini sökür.

    Buludlar küləyin önündə aciz,
    Göylər nə cəkirsə-buluddan çəkir.
    Yağir yaz yağmuru yuyunur yol, iz,
    Torpaq ruzusunu buluddan çəkir.

    Bu yaz çiçəkləmir gözümdə dünya,
    Özüm də sözümdə deyiləm, Allah!
    Yaman adiləşir gözümdə dünya,
    Özüm öz gözümdə deyiləm, Allah!

    Gözüm zirvələrin zirvə qarinda,
    Əlim ümidimin ətəyindədir.
    Dünya öz işində, öz axarinda,
    Dünənim bu günün ələyindədir.

    Bu bahar gözümdə dönübdür heçə,
    Qarişiq düşübdü sayi günlərin.
    Toxtamir gündüzüm, kirimir gecəm,
    Elə hey yerində sayir günlərim.

    Hay verən tapilmir hayima bu yaz,
    Qədərmi dolanir başimin ustə?
    Düşür ayriliqlar payima bu yaz,
    Qismətim duz qatir aşimin ustə…

    İçimi gəmirir ayriliq qurd tək,
    Çölümü talayir çiskin, duman, çən.
    Bölünə bilmirəm, Allahim, yurd tək,
    Çixila bilmirəm bütövlüyümdən.

    Həsrət sinəsini üstümə gərir,
    Özümə qayidir köksümdəki ah.
    Bu yaz həsrətimdə ümid göyərir,
    Göyərmir ömrümün payizi, Allah!

    Bu bahar alnima yazilib nədi-
    Tale yazisimi Tanridan mənə?!
    Səmanin nizami pozulub nədi-
    Göy yeri bürüyür bəyaz kəfənə…

    QARA SAÇLARINDA QAR OLACAĞAM

    Bir zaman gələcək peşimançıliq,
    Sənin ürəyini qübar edəcək.
    Onda məni gəzib-arayacaqsan,
    Yollar ayagını qabar edəcək.

    Mən isə gileyli gilavar olub,
    Siğal çəkəcəyəm telinə sənin.
    Bu günlər vədəsiz ötən qatar tək,
    Çətin ki qayida əlinə sənin.

    Qoşulub qəlbinin harayina mən,
    Gözündə bulud tək qaralacağam…
    Ömrünün şaxtalı qış dönəmində,
    Qara saçlarında qar olacağam!

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    GÜLƏ-GÜLƏ

    S.Vurğuna nəzirə

    Keçdi yağlı vəzifəyə,
    Cavan vaxtı gülə-gülə.
    Sağ cibinə , sol cibinə
    Rüşvət axdı gülə-gülə.

    Öz nəfsinin oldu qulu,
    Şirin bildi haram pulu.
    Yaman azdı bu düz yolu,
    Yoxuş çıxdı gülə-gülə.

    Dedim: Oğlan ayıq tərpən,
    Dedi: Mənə dərs demə sən.
    Dedim: Axı ilişərsən,
    Durub baxdı gülə-gülə.

    Tapdadığca həddi , qını,
    Varı artdı , coşdu qanı.
    Dağdan ağır el haqqını,
    “Daşa çaxdı gülə-gülə.”

    Qorumadı şərəfini,
    Düzlər açdı kələfini.
    Öz əlilə öz evini,
    Özü yıxdı gülə-gülə.

    GÜNAH UCUNDAN

    Baxışın umulu , sözün vədəli,
    Adət eləmisən verib almağa.
    Sənin davranışın güya sadəlik,
    Güya yol açırsan xeyirxahlığa.

    Üzünə dost deyib güldüyün kəsin,
    Dalınca atmağa daş axtarırsan.
    Hələ girlənsən də əl altda özün,
    Qoltuğa almağa baş axtarırsan.

    Güya böyük-kiçik yerini bilir,
    Gah şirə dönürsən , gah da tülküyə.
    Biri göz ağartsa qəddin əyilir,
    Dağ boyda vücudun dönür kölgəyə.

    “Yoxdur çörəyimin duzu”-deyirsən,
    Şübhələr içində gəzir ürəyin.
    Ömründə bir dəfə düz dedin , əhsən,
    Axı duzu olmaz haram çörəyin.

    Gahdan ilişirsən köhnə val kimi,
    Hər sözə cavabın “bəlli-bəlli”-dir.
    Gahdan yazıq-yazıq durub lal kimi ,
    Suala dönməyin lap gülməlidir.

    Acgözlük ucundan , tamah ucundan,
    Sən öz mənliyini satmısan pula.
    Hamının bildiyi günah ucundan,
    İndi də dönmüsən müti bir qula.

  • Rauf Qərib Alagöz.Yeni şeirlər

    1625487_943313132381485_6457227278423241566_n

    OLDU (“SARVANİ” tərzi)

    Sənə “Gülüm” dediyim vaxt…
    … yəqin payız vaxtı imiş,
    Gülüm soldu!
    “Həsrət ölüm” dediyin vaxt…
    …arzunun bəxt taxtı imiş,
    Ölüm oldu!

    Sənsiz qaldım; tənha, yalnız…
    …dərdlərimlə dərdləşdim mən,
    Zülüm oldu!
    Ay ruhumu qoparan qız…
    …odlandıqca sərtləşdim mən,
    Külüm oldu!

    Küləklərlə sovruldum hey…
    …uc-bucaqsız səhralarda,
    Gölüm oldu!
    İçdən-içdən qovruldum hey…
    …sağ görünən orda-burda,
    Çölüm oldu!

    SON MƏNZİL

    Şeir gözlüm, göz naxışın can alır,
    Qorxuram gözünə göz dəyər birdən.
    Elə bil, ləl axır dodaqlarından,
    Sözünə kənardan söz dəyər birdən.
    Çiçəklər qoxuna heyran olarlar,
    Ən gözəl çiçəkdən gözəlsən, gülüm.
    Sən Allah, küçəyə-bacaya çıxma.
    Qısqanclıq zülümdü, ölümdən zülüm.
    Cənnətin həvəsi yoxdur içimdə.
    Cənnətsən qiyamət qopana kimi.
    Ölüb-dirilmişəm, bəlkə, min dəfə,
    Mən səni dünyada tapana kimi.
    Şeir gözlüm, gözlərində ölərəm.
    Qorxuram gözünə göz dəyər birdən.
    Qoy agah olsun ki, son mənzilimsən,
    Hardasa bir mənzil gözləyər birdən.

    UŞAQ OLASAN

    Səhər yuxudan oyanıb
    Görəsən uşaq olmusan,
    Darıxdığın dünənlərə
    Bu gündən qaçaq olmusan.
    Dəli kimi oynayasan
    Ən ağıllı oyunları.
    Çoban olub otarasan
    Oyuncadan qoyunları.
    …sonra satıb quzuları
    Gözəl maşınlar alasan.
    Birin edib toy maşını,
    İçinə də yar alasan.
    Bir nəfərlik toy edəsən
    Şahid ola oyuncaqlar.
    Yayda dənizə gedəsən,
    Baxasan ki, yağıbdı qar.
    Sürüşəsən bu dünyadan
    Öz qurduğun dünyalara.
    Dünən qaranlıq olsa da,
    Sabah bəlkə daha qara?!…
    Beləcənə keçə ömrün,
    Bu boyda nahaq olmusan.
    Səhər yuxudan oyanıb
    Görəsən uşaq olmusan..

    YENİDƏN DOĞULMAQ

    Dünya yaman dərindi.
    Düşünürəm necə olar
    Bu dünyada boğulsam?!
    Ya da yanıb kül olaraq,
    Küləklərin təsirindən
    Hər tərəfə dağılsam…
    Yüz il sonra…
    …və yenidən
    Yaradanın izni ilə
    Bir bədəndə yığılsam.
    Tanıyaram öz özümü
    Mən yenidən doğulsam?!

    YENİ SEVGİ

    Dərdlər dərdlə unudulmaz!
    Dərd üstünə dərd gəldikcə,
    Ürəyini hey dəldikcə,
    Xoşbəxtlik də unudular…
    Unudular dinləyəndə
    Sevindiyin nəğmələr də.
    Unudular düşünəndə
    Dodaqları qaçırdan o sevgilər də.
    Unudular uşaqlığın sevinc dolu oyunları,
    Unudular məhəbbətin
    ürəyində alovlanan sevinc varı.
    Təkcə dərdlər unudulmaz.
    Unudulmaz düz bildiyin yalanların,
    Yalanların sonrasında olanların.
    Çarə etməz qalanların
    hər gün gələn dərdlərinə.
    Hey dərinə… ən dərinə…
    Dalarsan və sonu olmaz.
    Dərdlər dərdlə unudulmaz.
    …Ya getməli bu dünyadan.
    Ya da dərdin ağuşundan
    almalıdı səni sevgi.
    Yeni sevgi.

  • Qədiməli ƏHMƏD.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq “Rəsul Rza” mükafatçısı

    BAXDIM

    Baxdım göyün dibsiz dərinliyinə,
    Atdım əllərimi nəfəs dərmədən.
    Bilmədim, çatdımı atdığım yerə?
    Hələ də havadan asılı qalıb…
    Qayıtmır əllərim,qayıtmır nədən?
    Batır qulaqlarım yabançı səsdən.
    Yer çəkir özünə ayaqlarımı,
    Gözlərim göylərdə düşür həvəsdən.
    Ayaqlarım batır bataqlıqlara,
    Görürəm bu,zaman qanunlarıdı…
    Kimsə də kimsənin çəkir nazını.
    Dünyanın özü də dəyişik salır,
    Adam balasıyla it balasını…

    İNTİZAR

    Bir cənub diyarıyam,
    Quşlar uçub gələr…
    Gözlərim yol çəkər,
    Yollar gözlərimi çəkər…
    Quşlar ucub gələr,
    Dəstədən üzülub qalar,
    Perik düşən sonam gəlməz…
    Nə payızım payız olar,
    Nə yazım yaz…
    Bir cənub diyarıyam
    Gözü yollarda qalan…

  • Şairə-jurnalist Mayisə Əsədullaqızının şeirləri “Azərbaycan” jurnalında dərc olunub

    Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Azərbaycan” jurnalının dekabr sayında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, şairə-jurnalist Mayisə Əsədullaqızının şeirləri dərc olunub.
    Qeyd edək ki, bundan öncə şairə-jurnalist Mayisə Əsədullaqızının məqaləsi “Ulduz” jurnalında dərc olunmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Kapitalizmin bir üzü

    Aysel-xanim

    Dünya miqyasında insanların yaşayışına nəzər saldığımızda ədalətsiz bir bölgünün şahidi oluruq: bir tərəfdə insanlar aclıqdan ölür, digər tərəfdə isə artıq çəkidən əziyyət çəkirlər. Belə ki, dünyada 800 milyon insan ac yaşadığı halda 1.5 milyard insan ifrat şişmanlıqdan əziyyət çəkir, 1 milyard 300 milyon ton qida israf edilir.

    İstehsal edilən qidanın üçdə biri süfrəyə gəlmədən zibilliyə atılır. ABŞ-da hər il istehsal edilən qidaların 40%-i, Avropada isə 100 milyon ton yemək istehlak edilmir.

    Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrdə zibilliyə atılan qidalar dünyada acından ölən insanların 15 mislini doyduracaq səviyyədədir. Əgər bu cür qeyri-bərabər paylanmalar olmasaydı, dünyada insanların aclıq problemi olmaya bilərdi. İnsanlar bir-birinə sevgi, mərhəmət, qayğı ilə yanaşsaydılar uşaqlar aclıqdan ölməzdi. Sahib olduğunu paylaşmaq, yalnız öz mənfəətlərini düşünməmək və dolayısilə, vicdanla yanaşmaq…

    Hazırda dünyadakı kapitalist sistem zənginlərin daha da zəngin, kasıbların isə daha da kasıb olmasına gətirib çıxarır. Zəngin olanlar öz sərvətlərini toplayır, dövriyyəyə buraxmır. Halbuki pul dövriyyəyə buraxılarsa, iqtisadiyyat zənginləşər. İstehsal-istehlak prosesi sürətlənər. Daha çox qazanc olar. Nəticədə, zənginlər mallarını kasıb və ehtiyacı olanlara daha çox xərcləyər. Allah Quranda malın ancaq zənginlər arasında paylanmasının doğru olmadığını bu şəkildə bildirir:

    İçərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın… (Həşr surəsi, 7)

    Yəni zənginin malında kasıbın, yetimin haqqı vardır. İnsanlar əgər vicdanların səsini dinləyərsə və öz ehtiyaclarından artıq olanı haqqı olanlara verərsə, Allah onlara etdiklərinin qarşılığını qat-qat artıracağını vəd edir:

    Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir… (Bəqərə surəsi 215)

    Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. (Bəqərə surəsi, 261)

    Peyğəmbər (səv) dövrünə baxsaq, səhabələrin öz mallarını necə xərclədiyini, hətta evlərini belə mühacirlərlə paylaşdığını görürük. Hazırkı dövrdə isə bir çox insanın bir neçə evi olduğu halda çoxlarının da evsiz olduğunu, küçələrdə yaşadığını görürük. Məsələn, ABŞ-da 610 min insan evsizdir. Hər il ən az bir neçə gecə evsiz qalmış 3,5 milyon amerikalı var. Digər tərəfdə isə dünyadakı maliyyə böhranından sonra 18 milyon boş ev banklarda yararsız şəkildə saxlanır. Kapitalist sistem 3,5 milyon insanı bu 18 milyon boş evə yerləşdirməyəcək qədər qəddar bir sistemdir.

    Dolayısilə, mövzuya ümumi baxdıqda evsizlik, aclıq, səfalət, kasıblıq, yoxsulluğun səbəbinin dünyada yetərincə zənginliyin olmamasından qaynaqlanmadığını görürük. Dünya hər kəsə yetəcək qədər böyük və təbii ehtiyatlarla zəngindir. Problem insanlarda sevgisizliyin, mərhəmətsizliyin, malı acgözlüklə yığıb saxlamağın yayılmasındadır. Halbuki Allah ehtiyacdan artıq qalanı xərcləməyi buyurur:

    Səndən nə xərcləyəcəklərini soruşurlar. De: “(Ehtiyacınızdan) artıq qalanını!” (Bəqərə surəsi, 219)

    İslamda faiz qadağandır. Çünki faiz sistemi və ya faiz tələsi də yenə kasıb insanların istismar edildiyi bir sistem olub, kapitalizmin bəlalarından biridir.

    Sələmi qat-qat artırıb yeməyin. (Ali-İmran surəsi, 130)

    Dinimizin bu gözəl əmrlərini nəzərə alaraq dünyada səfalətdən əziyyət çəkən məzlum insanların haqlarını qorumaq üçün ilk addımın İslam ölkələrindən gəlməsi çox gözəl olardı. Lakin təəssüf ki, bir çox İslam ölkəsi ancaq öz mənfəətləri üçün yaşamaq yolunu seçir. Belə olan halda problemin həll yolu nədir?

    İnsanlar başqalarının da qayğısına qalıb ehtiyacları ilə maraqlanması üçün onlara sevgi ilə yanaşmalıdır. Məhz sevgi hissi insanları bütün sıxıntılarından, çətinliklərindən qurtaracaq yeganə çıxış yoludur. İnsanlığa sevgi-mərhəmət öyrədilməlidir. Sevgi hissini yaşayan insanın başqalarının çətinliyinə laqeyd qalması mümkün deyil. İnsanlar şəfqətli olmağı, digər insanlara sevgi ilə yanaşmağı öyrəndikdən sonra paylaşmağı və bunun sevincini anlaya biləcəklər. Ancaq öz mənfəətini düşünən və eqoist insanların dünyadakı möhtacları görməsinin əsas yolu məhz vicdanlarına bu şəkildə təsir etməkdən keçir.

    Aysel Vəlizadə

  • Ənənəvi din dini radikalizmə qarşı həll yolu deyil!

    crv

    Radikalizmə qarşı yeganə həll yolu İslamdakı sevgini, mərhəməti, tolerantlığı özündə əks etdirən Quran müsəlmanlığı modelidir.

    “Beş barmaq” proqramının ayın 11 – nə olan buraxılışını izlədim. Mövzu aktual məsələlərdən birinə – gənclərin radikal cərəyanlara qoşulmasının qarşısının necə alınması məsələsinə həsr olunmuşdu. Təəssüf ki, proqramda məsələnin əsl həllinə dair heç nə deyilmədi. Çox hörmət bəslədiyim tanınmış din xadimi Hacı Şahin radikalizmə qarşı ənənəvi din modelinin təbliği üzərində dayandı. Bəs “ənənəvi din” nədir? Hacı Şahin çıxışında hamının bildiyi iki məzhəbi vurğulayaraq, “ənənəvi dinin” sünnülük və şiəlik olduğunu bildirdi. Yəni radikalizmə qarşı “əsasən iki məzhəbi təmsil edən ənənəvi din təbliğ olunmalıdır” fikri həll yolu olaraq göstərildi. Ancaq qeyd etmək lazımdır ki, radikalizm adlı məzhəb yoxdur və ona qarşı ənənəvi məzhəbləri təbliğ etmək lüzumu da yoxdur. Radikal dindarlar məhz ənənəvi dinin içindən çıxan və ənənəvi dinə mənsub olan digər insanlardan fərqli olaraq, ənənəvi dindəki şiddət və cəza hökmlərini həyata keçirmək istəyən insanlardır. Bunu asanlıqla isbat etmək mümkündür. Dini bilgisi olmayan hər kəsin bu həqiqəti görməsini misallarla təmin etmək olar. Məsələn, ənənəvi dinin hər iki məzhəbinə aid qaynaqlarda dindən çıxan şəxsin mürtəd elan edildiyi, cəzasının isə ölüm olduğu ətraflı şəkildə izah olunur. Hətta ölüm hökmünün hansı formada yerinə yetirilməsinin daha məqsədəuyğun olması belə vurğulanır. Digər bir misal isə alkoqollu içki içən adamınçubuqla döyülməsidir. Ənənəvi dinin hər iki məzhəbində də alkoqollu içki içənin cəzası ən az 40 kötəkdən başlayır. Belə olduğu halda, dini radikalizmə meyilli insanların tətbiq etmək istədikləri qaynaqlarla bizim radikalizmə qarşı təbliğ etmək istədiyimiz qaynaqlar eynilik təşkil edəcək. Yazdığım məlumatlar dəqiq mənbələrə əsaslanır. Bu hökmlər ənənəvi dinin hər iki məzhəbinin mötəbər qaynaqlarında öz əksini tapır. Elə isə biz radikalizmə qarşı radikalizmi təşviq edən ənənəvi dinin mənbələrini təkrar təbliğ edərək nə qazanacağıq? Təbii ki, bu günə qədər bütün dünyada bu yanlış həll yolu tətbiq edildiyi üçün heç bir nailiyyət əldə edilməmiş, əksinə “dini radikalizm” miqyasını daha da böyüdərək, demək olar ki, bütün dünyanı təhdid edəcək səviyyəyə gəlmişdir. Ancaq təəssüf ki, proqramın heç bir qonağı radikalizmin həqiqi həll yolu olan “Qurandakı İslam” modeli üzərində dayanmadı. Çünki ənənəvi dindən fərqli olaraq Qurandakı İslam modelində dindən dönən insana cəza verilmir və ya ənənəvi dindən fərqli olaraq Qurandakı İslamda alkoqollu içki içənə də heç bir cəza yoxdur. Tam əksinə, Qurandakı İslam modeli “dində məcburiyyət yoxdur” deyərək insanların istədiyi dini seçməsinə və fikir dəyişdirməsinə sərbəstlik verir. Həmçinin Quran alkoqollu içki içməyi günah bilsə də, bunu edən şəxs üçün ənənəvi İslam modelindən fərqli olaraq içən insana çubuqla döyülmə cəzası kəsmir. Bu misalları istədiyimiz qədər artıra bilərik. Qurandakı İslam və ya müsəlman modeli dünyəvi dövlət quruluşu ilə də ziddiyyət təşkil etmir. Sonda bir daha vurğulamaq istəyirəm ki, “dini radikalizmə” qarşı “ənənəvi İslam” modeli ilə çıxmaq olmaz. Çünki radikal dini meyilli insanlar bu hökmləri məhz “ənənəvi dinin” mötəbər mənbələrinə əsaslanaraq əldə edirlər. Radikalizmə qarşı yeganə həll yolu İslamdakı sevgini, mərhəməti, tolerantlığı özündə əks etdirən Quran müsəlmanlığı modelidir ki, Peyğəmbərimiz (s.ə.v) də bu modelin ən gözəl nümunəsi olmuşdur.

    Qeyd: Mənim yanlış saydığım məzhəblər deyil, Quranda olmadığı halda, məzhəblərdə özünə yer tapmış şiddəti təşviq edən cəza hökmləridir.

  • Necə “xeyirli” övlad yetişdirmək olar?

    fxh

    Uşaqlar Allahın valideynlərinə bəxş etdiyi ən gözəl nemətlərdən biridir

    Uşaqlar Allahın valideynlərinə bəxş etdiyi ən gözəl nemətlərdən biridir. Övlada sahib olmaq valideynlər üçün çox sevindirici vəziyyət olsa da, bir çox valideyn övladları böyüdükdən sonra onlardan narazı qalır, əziyyətlərinin qarşısında istədikləri kimi övlada sahib olmadıqlarından gileylənir. Hətta çox acınacaqlı hal olsa da, valideynlərini “qocalar evinə” qoyan, yaxud da çöllərə atan övladlara da az rast gəlmirik. Bunlar bir tərəfə, döyülən, təhqir edilən, hətta öldürülən valideynlər də az deyil. Demək olar ki, elə bir gün olmur, xəbərlərdə bu cür hallara rast gəlməyək. Bu vəziyyət isə yalnız bizim ölkədə deyil, dünyanın hər yerində baş verir. Bu problemlərin həlli üçün müxtəlif müzakirələr aparılır və müxtəlif üsullara əl atılır. Bəs əsl çıxış yolu nədir? Bu hal təkcə valideynlər və övlad arasında baş vermir. Niyə cəmiyyətdəki insanlar arasında bu qədər anlaşmazlıq olur, insanlar bir-biri ilə kobud davranır, hörmətsizlik edir, bir-birini sevə bilmirlər?

    Hər şeydən öncə, övlad da Allahın bir təcəllisidir, Allah onu həm nemət, həm də imtahan olaraq valideynlərə bəxş edir. Bəzi valideynlər onun Allahın təcəllisi olduğunu unudur, bütün diqqətini və sevgisini onlara yönləndirirlər, onları xoşbəxtliklərinin təməli kimi görürlər. Əlbəttə ki, övlada ən gözəl tərzdə sevgi və qayğı göstərilməlidir, valideynlər hər cür imkanlarından istifadə edərək onları qorumalıdırlar. Ancaq unudulmamalıdır ki, övladı verən də, alan da, yedirən, içirən də Allahdır, uşaqlar da Allahın təcəllisidir. Bir də insan yalnız və yalnız Allahı sevməklə xoşbəxt ola bilər, digər insanları isə Allahın təcəllisi olaraq sevər. Allah insanı ancaq Özünə ibadət etmək üçün yaradıb. Allahın bizə verdiyi hər bir nemət Onun yolunda və Onun rizasını qazanmaq üçün istifadə edildiyi halda, insanı xoşbəxt edə bilər. Eləcə də uşaqlar.

    Hər birimiz eşitmişik ki, uşaqlar dünyaya gələndə, yaxud da qohum-əqrəba ilə qarşılaşanda belə dualar edilir: “Allah xeyirli övlad etsin”, “Adı ilə böyüsün”, “Valideynlərinə layiq olsun”, “Xoşbəxt olsun” və s. Əlbəttə, bunlar gözəl arzulardır. Ancaq niyə “Allah imanlı övlad etsin”, “Allah Peyğəmbərlərimiz kimi gözəl əxlaqlı etsin”, “Allah Qurana uyğun yaşayan səmimi möminlərdən etsin” dualarını eşitməyək?! Məhz bu məqalədə vurğulamaq istədiyim məqam da budur: Valideynlər uşaqlarını cəmiyyətin adət-ənənəsinə görə böyüdürlər, tərbiyə verirlər, uşaqlıqdan onların gələcəyini düşünürlər, hansı ixtisasa sahib olacaqlarını planlayırlar. Ancaq önəmli olan o uşağın əsl Quran əxlaqı ilə yaşamasıdır, Allahı sevməsidir, Allahı tanımasıdır. Məsələn, Quran əxlaqında “yalan danışmaq, kimisə ələ salmaq, qeybət etmək, haram pul qazanmaq, lovğalanmaq” haramdır, “gözəl söz söyləmək, valideynlərini incitməmək, nəinki ailəyə, bütün insanlara hörmət etmək və sevgi göstərmək, fədakarlıq etmək, insanlara yaxşılıq etmək və s.” halaldır, Allahın sevdiyini ibadətlərdir. Bir Quran ayəsində buyrulduğu kimi:

    De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam surəsi, 151)

    Neçə valideyn oturub övladlarına bu gözəl əxlaqları başa salıb? Allahı sevməyən bir övlad böyüdükdən sonra necə valideynlərini sevsin?! Cəmiyyətimizdə gördüyümüz valideyn-övlad münasibətləri bunun bariz nümunələridir.

    Gəlin övladlarımızı Quran əxlaqı ilə böyüdək. Onlara gözəl əxlaq öyrədək, vətənimizi və dinimizi sevdirək. Onları Allahın ən gözəl və məsum təcəlliləri kimi görüb sevək, qayğı göstərək. Bu zaman nəinki övlad-valdeyn münasibətləri düzələr, eləcə də cəmiyyətdəki problemlər kökündən həll olunar. Unutmayaq ki, sevgi, yəni Allah sevgisi dünyadakı bütün problemlərin həllidir.

    Firuzə Həsənzadə

  • Duanın gücü

    firuzexanim

    Yəqin ki, dünyada elə bir insan yoxdur ki, “dua” haqqında eşitməsin. Hər birimiz müəyyən şeylərə görə fərqli zamanlarda dua etmişik.

    Dua.. Yəqin ki, dünyada elə bir insan yoxdur ki, “dua” haqqında eşitməsin. Hər birimiz müəyyən şeylərə görə fərqli zamanlarda dua etmişik. Xüsusilə, cəmiyyətdə belə inanc var ki, dua etmək üçün nəsə problemin olsun, sən bir şeyi çox istəyəndə, yaxud da problemin olanda dua etməlisən. Bəzi ibadət yerlərinə gedərək orda dua edən insanlar da çoxdur. Bəzi insanlar da var ki, ərəb dilində əzbərlədiyi dualar var, o duaların mənasını bilmədən onları oxuyurlar. Məsələn, “bərəkət duası”, “qismətin açılması üçün dua”, “bədnəzərdən qorunmaq duası” və s.

    Bəs əsl dua necə edilməlidir, bunu düşünmüsünüzmü? Sizi bu dünyada yaratmış, ağıl və bədən vermiş Allaha, görəsən, nə qədər yaxınsınız? Ona axırıncı dəfə nə zaman dua etmisiniz? Allaha yalnız bəzi çətinlik və bəlalarla qarşılaşanda yalvarırsınız? Yoxsa Onu daim xatırlayırsınız? Dua etdikdə Onun sizə çox yaxın olduğunu, sizin pıçıltı ilə dediyiniz və ya içinizdən keçirdiyiniz hər sözü eşitdiyini dərk edirsinizmi? bütün insanların və hər şeyin Rəbbi olduğunu, həyatdakı ən böyük dostunuz və dayağınızın Allah olduğunu bilirsinizmi? Hər şeyi, ilk növbədə, Rəbbimizdən diləyirsinizmi?

    Dua, hər şeydən əvvəl, Allaha ibadətdir. Dua Allaha sevgimizin təzahürdür. Dua möminin hər zaman Allahla ünsiyyət qurmaq yollarından biridir. Dua möminin acizliyini başa düşüb tək gücün, sonsuz qüvvətin Allaha məxsus olduğunu bilib yalnız Ondan kömək istəməsidir. Dua etmək üçün xüsusi məkana və zamana ehtiyac yoxdur. Bir insan hər an istədiyi hər şeyi Allahdan diləyə bilər. Bunun üçün sadəcə səmimi olmaq lazımdır: Allahın gücünü qavrayaraq dua etməliyik. Allah bir Quran ayəsində belə buyurur:

    Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

    Allah bizə çox yaxındır, şah damarımızdan daha yaxındır. Allah hər anımıza şahiddir, dediyimiz, qəlbimizdən keçən hər şeyi bilir. Demək ki, etdiyimiz hər duanı da eşidir və qəbul edir. Ancaq bir şeyi də unutmayın. Məsələn, bir şeyin baş verməsini çox istəyirik, o şey üçün dua edərik. Ancaq o hadisə bizim sırf istədiyimiz kimi baş verməyə bilər. Bu, o demək deyil ki, Allah duamızı qəbul etməyib. İnşaAllah ki, duamız qəbul olunub, Allah o duamızı eşidib və bizim üçün ən xeyirlisi nədirsə, onu nəsib edib. Allah sonuz ağıl sahibidir, biz isə nəyin xeyirli, nəyin zərərli olduğunu dərhal görə bilmərik. Önəmli olan Allaha tam güvənməkdir, Ondan gələn hər şeyin xeyir olduğunu bilməkdir.

    … Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 216)

    Fikirləşin ki, bir dostunuz var. O dostunuzun nə zaman köməyə ehtiyacı olsa, siz onun yanında olursunuz, ona kömək edirsiniz. Ancaq o dostunuzun işləri yaxşı gedəndə sizi unudur, axtarıb-soruşmur, heç xatırlamır … Bir də Allahı düşünün, bəzi insanlar var ki, köməyə ehtiyacı olanda Allahı xatırlayır, Ona dua edir. Nə zaman işləri düzəlsə, Allahı unudur (Allahı tənzih edirəm), sanki hər şey belə olmalı imiş .. Allah hər zaman xatırlanmaq istəyir. Əsl müsəlman çətin anda da, rahatlıqda da, sıxıntılarda da, bir sözlə, hər zaman Allahı anar, Ona şükür edər, dua edər, hər zaman Allahı sevər və Ondan razı olar.

    Firuzə Həsənzadə

  • Allah qorxusu deyildikdə ağlınıza nə gəlir?

    uxe

    Allah qorxusu möminin Allaha qovuşma istəyini də artırır və hər zaman insanın ümidvar ruh halında yaşamasını təmin edir.

    Qorxu sözünü ilk dəfə eşitdikdə ağlımıza birinci narahatlıq gəlir. Halbuki Allah qorxusu sevginin təməlini təşkil edir. Allaha və yaradılanlara qarşı sevginin, gözəl əxlaqın kökündə Allah qorxusu var.

    Müsəlmanın Allahdan qorxma səbəbi ölüm qorxusu deyil, çox sevdiyi Rəbbinin xoşuna gələ bilməmək, Onun sevgisini itirmək qorxusudur. Necə ki, aşiq sevdiyini incitməkdən, onun sevgisinin azalmasından çəkinirsə, möminlərin Allah qorxusu da bu cürdür. Allahın onu sevməməsi insana cəhənnəm əzabından daha böyük əzab verir.

    Allah qorxusu digər dünyəvi qorxular kimi deyil. Allah Quranda Özündən qorxanların ruh hallarını təsvir edərkən başqa heç bir qorxuya bənzəməyən çox səmimi və hörmət dolu qorxudan bəhs edir. Bu qorxu digər qorxular kimi insana əzab vermir. Əksinə insanın öz acizliyini və Rəbbinə olan qulluğunu hər an hiss etdirir. Bu qorxu insanın ağlını və şüurunu açan, insana gözəl əxlaq qazandıran qorxudur.

    Allah qorxusu möminin Allaha qovuşma istəyini də artırır və hər zaman insanın ümidvar ruh halında yaşamasını təmin edir. Quranda möminlərin Allaha qarşı qorxuları bu şəkildə bildirilir.

    Rəbbindən (Onu) görmədən qorxanları isə bağışlanma və böyük bir mükafat gözləyir! (Mülk surəsi, 12)

    Allahı həqiqi mənada tanıyan bir insan Allahın sonsuz mərhəmət sahibi, şəfqətli və hər zaman qullarına qarşı çox sevgi göstərən olduğunu bilir. Allah qullarının dincliyini, rahatlığını və məmnunluğunu istəyir və bu səbəbdən də bütün insanlara saysız-hesabsız nemət verir. Allah bir ayəsində qullarının əzabını istəmədiyini bu şəkildə bildirmişdir.

    Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir! (Nisa surəsi, 147)

    Bununla yanaşı insanlar arasında əmin-amanlığın, gözəl əxlaqın və xoşbəxtliyin yaşanması üçün Allah qorxusuna ehtiyac var. Cəhənnəmi və ölümü düşünmək Allah qorxusunu artırır. Allahın sonsuz gücünü, əzəmətini və hər hadisənin nəzarətində olduğunu bilən insan gözəl əxlaqlı olar. Əks halda Allah qorxusu olmayan insanların yaşadığı cəmiyyətdə əxlaqi və insani dəyərlər ortadan qalxar zülm sistemi inkişaf edər. Allahın cəhənnəmi yaratma hikmətlərindən biri də budur.

    Allahdan qorxan bir insan Allahın əmrlərinə qarşı çox diqqətli olur. Eqoist ola bilmir, şəfqətli və mərhəmətli olur. Nəfsinə düşkün olmur, maraqlarının arxasınca qaçmır, fədakar və bağışlayan olur. Qarşısındakı insanların Allahın bir təcəllisi olduğunu bildiyi üçün hər zaman Allahın rizasını güdərək hərəkət edir. Əslində göstərdiyi bütün gözəl xüsusiyyətlər Allaha olan dərin sevgisinin, məhəbbətinin və dostluğunun bir ifadəsidir.

    Allah qorxusunun artması üçün Quranın oxunması və dərinliklərinin dərk edilməsi çox əhəmiyyətlidir. Bundan başqa, iman həqiqətlərinin, imanı möhkəmləndirəcək əsərlərin oxunması, Allahın yaratdıqları üzərində səmimi olaraq düşünmək çox təsirli olur. Hüceyrənin quruluşundan başlayıb, kosmosun sonsuz böyüklüyünə qədər yaradılış dəlillərini görən insan heyrətə gəlir və beləliklə, Allah qorxusu və sevgisi daha da artır.

    Allah qorxusu artdıqca insanın İslama olan diqqəti də çox artacaq ki, belə bir cəmiyyət mükəmməl bir əxlaq səviyyəsinə çatacaq. Gerçək xoşbəxtlik də ancaq Allah sevgisi və qorxusu olan bir cəmiyyətdə mümkün olar.

    Ülviyyə Əlizadə

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    DÜŞÜNCƏLƏR

    …Elə bilirsiniz ki,
    Biz özbaşınayıq?!
    Tanrı nəzarət edir,
    Və bir gün bizi,
    Öz müqəddəs dərgahına
    Aparacaq.
    Aparacaq və sorğu-sual
    Başlanacaq.
    Mən qorxa-qorxa, öz günahlarımı,
    Alacam boynuma.
    Dəqiq bilirəm.
    Deyəcəm ki,
    Məktəbli olanda, bacım yuxudan
    Oyanmamış,
    Bantlarını hörüklərimə taxıb,
    Gedərdim məktəbə.
    Amma, əynimdəki formanı
    Bibimqızı özü vermişdi.
    Milyoner olmamışam,
    Kimisə, olmayan kabinetimdən qovmamışam.
    Qazandığım nə olubsa,
    Körpələri böyütdüm.
    Bəzən, sevinərək
    Ana kimi öyündüm…
    Az-çox qazancımı, bəzən,
    Şükür edə-edə,
    Borclarıma ödəmişəm.
    Bəzən, yazılıb tamamlanmamış
    Kitabıma Allahdan heç ilham
    İstəməmişəm.
    Çünki,
    Qarşıda daha böyük
    Çətinliklər olacaq.
    İlham pərisi özü ilə bərabər,
    Dərddən-qəmdən savayı,
    Bir şey gətirən deyil.
    Ürəklərdə inam bitirən deyil,
    Sabahlara güman yetirən deyil..
    Və,
    Özümdən zəifə daş atmamışam,
    Kimisə böhtanlamamışam…
    Elə bilirsiniz ki,
    Biz özbaşınayıq?!
    Nə vaxtsa, bunu biləcəyik,
    Tanrıya hesab verəcəyik…

    MƏNƏ SEVGİDƏN DANIŞ…

    (ixtisarla)

    …Gözlərini görəndən,
    Qəm kədəri atmışam,
    Sənə qovuşmaq üçün,
    Nələrə qatlaşmışam,
    Sənsizliyə inciyib,
    Küsmüşəm, ağlamışam,
    Gəl keçək bu sədləri,
    Sən də, mənimtək alış,
    Sən Allah yalvarıram,
    Mənə sevgidən danış…

  • Aqil SABİROĞLU.”Qu dərsi”

    asm

    (qoca ovçunun dediklərindən)

    …Ömrüm təbiətin qoynunda keçib.Elə anlarım olub ki,ov yerinə tüfəngi sinəmə dayayıb özümü öldürmək istəmişəm.Heyvanların quşların bir-birilərinə olan sevgilərini sözlə izah etməyə gücüm yetmir.Hərdən fikirləşirəm ki,insan da öz tayını,öz yarını belə sevsəydi nəinki ailə daxilində söz-söhbət,hətta dünyada müharibələr olmazdı…
    Qu quşları haqqında çox danışırlar.Gənclik illərindən bu sahədə müəyyən təcrübələrim də var.Məsələn,bilirdim ki qu quşunun birini vuranda,o biri quş xiffətdən,sıxıntıdan ölür.Yəni onu həyata yenidən nə isə bağlaya bilməz.Amma sonuncu hadisə silahı həmişəlik əlimdən yerə qoymağa məcbur etdi.
    O dəsmalını çıxarıb burnuna yaxınlaşdırdı onu siləcəkmiş kimi,amma gözünə apardı.Deyəsən gözləri yaşarmışdı və bunu məndən gizləmək istəyirdi.
    -Hə,çöldə ovda idim,-deyə sözə başladı.Göldə üzən qu quşları diqqətimi çoxdan cəlb etmişdi.Nişan aldım,kaş əlim əsəydi,güllə yayınaydı.Yox,yayınmadı,hədəfə dəymişdi.Ovu götürdüm.Mənim geri-evə dönməyim xeyli çəkdi.Sağ qalan quşun qəribə hərəkətləri məndə güclü maraq oyatmışdı.
    ..Quş bütün gücü ilə havaya qalxırdı.Kifayət qədər uçandan sonra qanadlarını gövdəsinə sıxıb bircə anlıq havada dayandı.Sonra bir daş parçası kimi yerə düşdü.Ona çatanda quşu ölmüş gördüm.
    Qoca ovçu boğazını arıtlayıb davam etdi:
    -Hə,oğul,həmin quşun deyəsən heç xiffət çəkməyə belə həvəsi olmadı.O ölümü ilə özünü sevgilisinə “çatdırdı”.Qu quşu mənə çox şeyi anlatdı…

  • Aqil SABİROĞLU.”Mən gedirəm, hələlik!”

    asm

    (bəzən ötən illərə dönməmək olmur)

    Ölüm-nemətlər xası,
    Dönüm beş arşın ağa.
    Ürəyimin parçası,
    Daha durum ayağa.
    Köç etməmiş nə qalıb,
    Varlığım çilik-çilik-
    Mən gedirəm,hələlik.

    Şaxta vurub qurutdu,
    Od təpəmdən tökülmüş.
    Vaxt lil suyu durultdu,
    O qəlb yerim deyilmiş.
    Məgər kimsə kam alıb,
    Sevgi yoxkən bir qəpik?-
    Mən gedirəm,hələlik.

    Baxmadım ki özümə,
    Yara bağlı olandan.
    Çoxu düşdü izimə,
    Sən kənarda qalandan.
    Rəngim,ruhum saralıb,
    Üst-başım çirkli,şölük-
    Mən gedirəm,hələlik.

    Keçər beş il,on beş il,
    Üzləşdirər təsadüf.
    Sorarsan nədir,Aqil,
    Niyə halın dəyişib?
    Görəcəksən qocalıb,
    Bel bükük,əldə çəlik-
    Mən gedirəm,hələlik,
    Mən gedirəm,hələlik…

  • Qalib ŞAMXALOĞLU.”Xalqın”

    qsm

    Әzəldən taleyi bəd gəlib deyə ,
    Səfalət olubdur qisməti xalqın !
    Zamanın amansız gərdişlərinə
    Getdikcə çoxalır heyrəti xalqın !

    Həmişə düz yolu yoxuşa döndü ,
    Dərdin rüzgarıyla ocağı söndü !
    Elə parçalandı , elə bölündü ,
    Bir yol alınmadı vəhdəti xalqın !

    Qəflətdə yataraq biz batan olduq ,
    Vazgenə , Aşota yurd satan olduq !
    Yağıya güllə yox , gül atan olduq ,
    Yatıbdır hiddəti , nifrəti xalqın !

    Şamxaloğlu deyir , vətən bağında ,
    Bir xoş gün görmədi heç bir çağında !
    Yadda əsir qalan Qarabağında
    İndi qan ağlayır qeyrəti xalqın !

    20 dekabr 2015

  • Qalib ŞAMXALOĞLU.”Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!”

    qsm

    Bizə qaz çəkilməyib , odun da yoxdu vallah
    Tək odun dərdi deyil , qayğımız çoxdu vallah!
    Sənin hənirin gəlir , dəhşət soyuqdu vallah ,
    Bizdə sıfırdı rifah , gəlmə biz tərəflərə ,
    Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

    Bir az külək əsəndə işığı söndürürlər ,
    Məmurlar bu milləti soyuqdan öldürürlər !
    Dolları qaldırırlar , manatı endirirlər ,
    Xeyirlə açmır sabah , gəlmə biz tərəflərə ,
    Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

    Sən gələndə uşaqlar evdə də tir-tir əsir ,
    Həyətə düşmək olmur , şaxta qılınctək kəsir
    Onsuz da bu hökumət bizi edibdir yesir ,
    Sən də qazanma günah , gəlmə biz tərəflərə
    Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

    Qalib deyir , nədənsə hər işimiz axsayır ,
    « Analoqsuz inkişaf » elə yerində sayır !
    Gəlişinlə kasıblar bir az da kasıblayır
    Әrşə ucalıbdı « ah » , gəlmə biz tərəflərə ,
    Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

  • Nofəl ÜMİD.Yeni şeirlər

    n

    QOYURAM…

    Kədərlə dolan ömrümə,
    Səadəti kəm qoyuram.
    Tanrı sevinc tumu səpib
    Mən çıxarıb qəm qoyuram.

    Dərdimi bilə bilmirəm,
    Özümə gələ bilmirəm,
    Ürəkdən gülə bilmirəm,
    Üzümə görkəm qoyuram.

    Qəlbimə eşq əkən qızın,
    Yoluma göz dikən qızın,
    Həsrətimi çəkən qızın
    Gözlərində nəm qoyuram.

    Subaylıq daşın tullayıb,
    Gəncliyi qəbrə yollayıb,
    Iyirmiyə əl sallayıb,
    Otuza qədəm qoyuram.

    SEVGİYƏ NAĞIL DEMƏ…

    Bənzətmə sevgini quru nağıla,
    Qıyma ümidlərim sına, dağıla.
    İnsan gərək sevgi ilə doğula,
    Bu sevgiyə nağıl demə, əzizim.

    Xoş ovqatı, səfası var sevginin,
    Bəzən üzən cəfası var sevginin,
    Hər ürəkdə yuvası var sevginin
    Bu sevgiyə nağıl demə, əzizim.

    İnsanlara əl uzadar, əli yox,
    Qəlb oxşayar, könül açar, dili yox,
    Bu sevginin nöqtəsi, vergül yox,
    Bu sevgiyə nağıl demə, əzizim.

    Sevgi bitməz əsla, böyüyər, şişər,
    Sevən ürək eşqlə közərər, bişər,
    Nağıl bitər, göydən üç alma düşər,
    Bu sevgiyə nağıl demə, əzizim.

    VƏTƏN

    Vətən, sənin hər daşına qurbanam,
    Hər daş altda bir şəhidin ruhu var.
    Sevinc gəzə bilməz yaralı könlüm,
    Ürəyimdə anaların ahı var.

    Əsirlikdə elim var, axtarmıram,
    Çəkir zülüm, dərd, qübar, axtarmıram,
    Bu halına günahkar axtarmıram,
    Vətən deyən hər kəsin günahı var.

    Dünya gəzən şöhrətimə göz dikib,
    Əsir tutub, qeyrətimə göz dikib,
    Torpağıma, sərvətimə göz dikib,
    Düşmənimin çox gözəl iştahı var.

    Vətən oğlu, torpağa yas saxlama,
    Hər verilən vədə ümid bağlama,
    Müjdə gözlə, dik dur, Anam, ağlama,
    Alacağıq, bu günün sabahı var..!