Blog

  • Kənan AYDINOĞLU.”Ömrümə yazılan kədər dastanı”. (İthaf şeirlər)

    Bu şeirlər mənə dünyada hamıdan əziz olan Anam Rəhimova Mileylə Həmid qızının əziz ruhuna ithaf olunur.

    HƏSRƏTDƏN QURUMUR GÖZÜMÜN YAŞI

    Bu gün də sübh çağı dan sökülməmiş,
    Göydən yer üzünə nur tökülməmiş,
    Matəmli günlərdən bel bükülmüş,
    Gərək ki, oyadım mən dağı, daşı,
    Həsrətdən qurumur gözümün yaşı.

    Kaş ki, deyilənlər yalan olaydı,
    Anam bu ömrümdə qalan olaydı.
    Yaşayıb könlünü alan olaydı,
    Gərək ki, oyadım mən dağı, daşı,
    Həsrətdən qurumur gözümün yaşı.

    Bu yurda ələnən neçə kədərdən,
    Kaman tək qəlbləri yaran xəbərdən.
    Sübh çağı gözünü açan səhərdən,
    Gərək ki, oyadım mən dağı, daşı,
    Həsrətdən qurumur gözümün yaşı.

    UNUDA BİLMİRƏM SƏNİ, AY ANA!

    Yaradan Allaha qovuşdun sən də,
    Unuda bilmirəm səni, ay Ana!
    Qəlbimdi səhərdən narahat olan,
    Unuda bilmirəm səni, ay Ana!

    Əritdin ömrünü yanan şam kimi,
    Dolmuşdu gözlərin yanan cam kimi.
    Qürub etdin fəqət bir axşam kimi,
    Unuda bilmirəm səni, ay Ana!

    Misralar kədərdən yoğrulub gəlir,
    İçimdə duyğular doğulub gəlir.
    Sevincin göz yaşı boğulub gəlir,
    Unuda bilmirəm səni, ay Ana!

    KƏDƏR DOLU RÜBAİLƏR

    Şerimin günəşi, növrağı oldun,
    Qərib bir karvanın qonağı oldun.
    Hələ də sən mənim şair ömrümdən,
    Tökülüb itməyən yarpağı oldun.

    Gör nüçə suala cavablar qalıb,
    Səndən insanlara savablar qalıb?!
    Dünyamdan ayrılıb gedəndən bəri,
    Sənli xatirəli kitablar qalıb.

    Sənin yoxluğunla barışmıram mən,
    Şerimdə çaylara qarışmıram mən.
    Gör neçə gündür ki, səndən soruşub,
    Doğan günəşimlə barışmıram mən?!

    Sənin həsrətinə yanmalıyam mən,
    Özümü kədərli sanmalıyam mən.
    Sənin təbəssümün yadıma salıb,
    Səni hər günümdə anmalıyam mən.

    İLK DƏFƏ SƏN ŞAİR DEDİN ADIMA

    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma.

    İlk günlər qəlbimə ilham dolanda,
    Sevincdən dağ, dərə bu gün solanda,
    Yenə də dərdimdən halı olanda,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma.

    Dan yeri sökülüb günəş doğmamış,
    İşıq da zülməti hər an boğmamış,
    Ulduzlar qızarıb, yağış yağmamış.
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma.

    Şeirim qəzetdə çap olan günü,
    Sevincdən göz yaşım tökülən günü,
    Dan yeri qızarın sökülən günü,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma.

    Ruhuma, canıma gəlməmiş qada,
    Sən şair nəvəni salmısan yada.
    Salmadın meylini şöhrətə, ada,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma

    Körpələr beşikdə bələnən zaman,
    Quzular örüşdə mələnən zaman,
    Kədər, qəm gözümə ələnən zaman,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma

    Gözümün haqq görən qara, ağında,
    Şeir sarayımın bir də bağında,
    Ömrümün ən cavan şair çağında,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma

    Haqqa ümidimi bağlayan zaman,
    Kədərdən, qüssədən ağlayan zaman,
    Adını qəlbimdə saxlayan zaman,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma

  • Yunus ƏMRƏ.Həyatı və Yaradıcılığı

    HƏYATI VƏ YARADICILIĞI

    Həyatı və şəxsiyyəti haqqında çox az məlumata sahib Yunus Əmrə-nin yaradıcılığı ,Anadolu Səlcuq dövlətinin dağılması və Anadolunun çeşidli bölgələrə kiçik-böyük Türk bəylikllərin qurulmaya başladığı dövrləri əhatə edir. Həmçinin yaşadığı dövr,Osmanlı imperiyasının qurulmağa başladığı dövrdür.
    Yunus Əmrə uzun müddət Hacı-Bektaşı Vəli Dərgahında işləmişdir.
    Yunusun yaşadığı illər ərzində, Anadolu türkləri ilə Moğol imperiyası arasında sıx ittifaq və münaqişə olmuşdur.Həmçinin Yunus Əmrənin yaşayış tarixçəsi , yalnız siyası baxışlarla deyil,həmçinin məzhəb və inanclarında toqquşduğu və müharibələrin geniş vüsət aldığı illərlə zəngindir.
    Yunus Əmrə yaradcılığını ilham qaynağı Mövlana Cəlaləddin Rumi,Həci Bektaşi-Vəli,Əhli Evrani Vəli və sair şairlərdir.Yunus Əmrə bu insanlar sayəsində Allaha sevgini,məhəbbət və əxlaqi düşüncələri ,digər başqa batil inanclara qarşı yöntəmləri öyrənmişdir.Bir sıra mənbələr Həci Bektaşi-Vəlidən dərs aldığını söyləyirlər.
    Kitabların bildirdiyi tarix və məlumatlara görə Yunus Əmrə 1240(1)-1320(1) illərin arasında yaşamışdır.Doğulduğu yerin tam aydın olmaması bəzi müzakirələrə gətirib çıxardığından mənbələrin çoxu artıq Yunusun Əskişəhərin Mihalıççık kəndində doğulması ilə bağlı fikri qəbul etmişlər.Həmçinin təhsili haqqında da heç bir məlumat tapılmayıb.
    Türk ədəbiyyatın ən böyük adlarından sayılan Yunus Əmrə yalnız xalq və təkkə şeirini deyil,divan şeirini də yaradıb.Yaşadığı dövrü boyu şeirləri ilə ədəbiyyata töhfə verən Yunus Əmrə heca və əruz vəzni ilə yazdığı şeirlərində sevginin təməlini qoymuşdu.Əsasən movzularında İslam düşüncəsi,nəsnələr,Allah qarşı sevgi və fikirlər,ölüm,doğum,yaşama bağlılıq,İlahi ədalət,insan sevgisi və sair geniş yer alıb
    Həmçinin yaşadığı dövrə hakim olan bir mövqü seçən Yunus Əmrə həqiqətləri insanlara yaxın dildə söylədiyindən çoxu zaman təzyiqlərlə uzbəüz qalıb.
    Yunus , insan olan hər kəsə qarşı : kaslb,zəngin,xristiyan,müsəlman ayrımı etməyən sevgiylə bağlıdır.Ondan ki, insan sevgisi Allahdan bir parçadır.Yunusun Allah diyarına qarşı sonsuz həsrət duyması bir çox şeirində səslənir.Yunus ömrü boyunca belə bir nostaljik fikirlərlə yanmış və şeirlərində hümmanın hərəkətini vermişdir.

    Divani Lüğət

    Yunus Əmrə şeirləri məhz bu divanda toplanılmışdır.Şeirlər əruz ölçüsü və heca vəznində yazılıb.Yunus Əmrə-dən qalan bütün informasiya və şeirlər məhz həmin kitabda cəmləşib.
    Yunus Əmrə ilə bağlı bəzi rəvayətlər və Yunus Əmrənin yaradıcılığından sitatlar….

    Cənnət,cənnət dedikləri,bir neçə mələk,bir neçə hüru,istəyənə ver onları,mən sən gərəksən,sən…

    Dağlar nə qədər yüksək olursa olsun,yol onun üstündən keçir…

    Nəfsdir səni yarı yolda qoyan,yolda qalır nəfsə uyan

    Sevəlim,seviləlim,onsuzda bu dünya kimsəyə qalmaz….

    Çox mal haramsız,çox söz yalansız olmaz

    * * *

    Biz dünyadan gedər olduq
    Qalanlara səlam olsun.
    Bizim üçün xeyir-dua
    Qılanlara səlam olsun.

    Əcəl bükə belimizi
    Söylətməyə dilimizi
    Xəstə ikən halımızı
    Soranlara səlam olsun.

    Tənim ortaya açıla
    Yaxasız kömlək biçilə
    Bizi bir asan vəch ilə
    Yuyanlara səlam olsun.

    Sal verilən qəsdimizə
    Gedər olduq dostumuza
    Namaz üçün üstümüzə
    Duranlara səlam olsun.

    Dərviş Yunus söylər sözü
    Yaş dolmuşdur iki gözü
    Bilməyən nə bilsin bizi
    Bilənlərə səlam olsun.

    Haqdan enən şərbəti içdik əlhəmdülillah,
    Şol qudrət dənizini keçdik əlhəmdülillah.

    Ana rəhmindən gəldik bazara;
    Bir kəfən aldıq döndük məzara!

    Yunus Əmrənin şeirləri ilə bağlı Anadoluda xalq arasında maraqlı bir rəvayət dolaşmaqdadır. Rəvayətə görə, onun vəfatından təxminən yüz il sonra (bəzi rəvayətlərdə isə Yunus Əmrənin sağlığında) Molla Qasım adli özünü alimlər alimi hesab edən birisinin əlinə Yunus Əmrənin şeirləri keçir. O, bir çayın başında bu şeirləri oxuyur və onlardakı mənaları anlamadığı üçün: – Bunlar da şeirdirmi?-deyə çaya atırdı. Nəhayət, şeirlərin birində bu misraları oxudu:

    Dərvis Yunus, bu sözü əyri-bəyri söyləmə
    Səni sınağa çəkər bir Molla Qasım gəlir.

    Bu sözləri oxuyan Molla Qasım, o anda səhv etdiyini anlayır və böyük bir peşmanlıq içində:
    – Ay Allah, Mən nə etdim! Qoca bir ümmandan xəbərim olmadı. Halbuki bir ruhi və mənəvi hikmət xəzinəsi tapmışdım. Mən bunu anlaya bilmədim. Amma o 100 il bundan əvvəl mənim halımdan xəbərdar imiş,-deyə ağlamağa başlayır. Sonra şeirlərin qalan hissəsini öpərək gözünün üstünə qoyur və onları mühafizə etməyə başlayır. Deyilənə görə, o vaxt Yunus Əmrənin mindən artıq şeiri məhv olub. Ardı var…

    Həyatı

    Yunus Əmrə Porsuq çayının Sakaryaya töküldüyü yerdə – Sərfi kəndində 1238-ci ildə doğulmuşdur. Mədrəsə təhsili görmüş, Tapdıq Əmrə adında şeyxə şəyirdlik etmişdir. Mövlana Cəlaləddin Ruminin məclislərinin iştirakçısı olmuşdur. Anadolunun bir çox kəndlərini gəzmiş, Azərbaycana və Şama da səfər etmişdir. Yunus Əmrə Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında dəfn olunmuşdur. Hər il may ayında Türkiyənin ən gözəl şəhərlərindən olan Əskişəhərdə Yunus Əmrə günləri keçirilir.
    Yunus Əmrə xalq ozanı idi. Təkkə şerinin öncülüdür. Təmiz türk dilinin bayraqdarı “Vəhdəti vücud” fəlsəfəsinin qaranlıqlarını dələn bir filosofdur. O, sufizm fəlsəfəsini sadə xalq dilində, əsasən heca vəznində yazdığı qoşmalarda, gəraylılarda, ilahilərdə, eləcə də əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə etmiş, şerimizi yüksək bədii səviyyəyə qaldırmış, özündən sonra yaranan Türkiyə, Azərbaycan və Türkmən ədəbiyyatlarına güclü təsir göstərmişdir.
    Yunus Əmrənin özü və yaradıcılığı haqqında bir çox əsərlər yazılıb. Bunlardan “Yunus Əmrə, Həyatı, sənəti və şerləri” (Əbdülbakı Cəlpinarlı, 1952-ci il) “Yunus Əmrə və Tasavvur” (Əbdülbakı Cəlpinarlı, 1961-ci il), “Dərdli dolab və Yunus Əmrənin həyat hekayəsi” (Nəzihə Araz, 1961- ci il), “Anadolunun iç aydınlığı, Yunu Əmrə” (Köyxan Övliya oğlu, 1963) və s. adını qeyd etmək olar.
    Türk şairi Yunis Əmrə 1320-ci ildə vəfat etmişdir.

    “Əmrə” sözünün mənası

    Anadoluda müxtəlif xalq ozanlarının, aşiğin və dərvişin adında iştirak edən Əmrə/Emre sözünün (məsələn, Yunus Əmrə, Tapdıq Əmrə) türkcədə “Aşiq” mənasını verdiyi dil elmi baxımından dəqiqləşmiş vəziyyətdədir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilməkdədir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəmeq/İmrəmek felləri “aşiq olmaq” deməkdir və Əmrə sözü də aşiq mənası daşıyır. Amrağ/Amra/Əmrə çevrilməsinə uğramışdır. Anadoluda “imremek” və “imrenmek” felləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəklənmək mənaları daşıyır.

    Yaradıcılığı

    Biz dünyadan gedər olduq
    Qalanlara səlam olsun.
    Bizim üçün xeyir-dua
    Qılanlara səlam olsun.

    Əcəl bükə belimizi
    Söylətməyə dilimizi
    Xəstə ikən halımızı
    Soranlara səlam olsun.

    Tənim ortaya açıla
    Yaxasız kömlək biçilə
    Bizi bir asan vəch ilə
    Yuyanlara səlam olsun.

    Sal verilən qəsdimizə
    Gedər olduq dostumuza
    Namaz üçün üstümüzə
    Duranlara səlam olsun.

    Dərviş Yunus söylər sözü
    Yaş dolmuşdur iki gözü
    Bilməyən nə bilsin bizi
    Bilənlərə səlam olsun.

  • SAQİF QARATORPAQDAN ŞEİRLƏR

    ŞAMIN KÖLGƏSI

    Gizlənmişdim nə vaxtdı
    Bir şamın kölgəsində.
    Nə vardım, nə də yoxdum
    Bir şamın kölgəsində.

    Qətlimə fərman hazır,
    Deyirlər: yazan yazıb.
    Qəbrimi qələm qazıb
    Bir şamın kölgəsində.

    Məni sözümə bükün!
    Üstümə yarpaq tökün!
    Gözümə torpaq tökün
    Bir şamın kölgəsində.

    Uyuyub, uyub getdim,
    Deməyin, doyub getdim.
    Başımı qoyub getdim
    Bir şamın kölgəsində.

    BU DÜNYA

    Ötən günü yuxu bildik,
    Azı qandıq, çoxu bildik.
    Bu dünyanı yuxa bildik,–
    yeyənmədik.
    Fətir-fətir yedi bizi bu dünya.

    Bir yiyəsiz yabı gördük.
    Su saxlamaz qabı gördük.
    Yağış yağdı-qapı gördük,
    Döyənmədik.
    Çətir-çətir döydü bizi bu dünya.

    Yalanı da gerçək oldu,
    Əlimizə əlcək oldu.
    Qara torpaq pencək oldu,–
    geyindik…
    qəbir-qəbir geydi bizi bu dünya.

    YALQUZAQ

    Əvvəl işıq bildim səni uzaqdan,
    Nə bilim ov gəzən ac yalquzaqsan.
    Mən sənin ovunam, ya da sən mənim,
    Taleyin ovuyuq düzünə baxsan.

    Biz yola çıxmışıq doğulan gündən,
    Hərdən günəş doğub, hərdən çən gəlib.
    Bəlkə də yolu düz gəldiyimizdən
    Elə bəxtitmiz də belə tən gəlib.

    Yox, dönə bilmərik daha bu yoldan,
    Arxaya baxıram işıq görünmür.
    Bəlkə mənim qanım bircə qaşıqdı,
    Baxıram əlinə qaşıq görünmür.

    Gözlərin işarıb bütün gecəni,
    Gözünün işığı gözünə düşüb.
    Kimsə işıq bilib mənim izimi,
    Deyəsən kimisə izimə düşüb.


    TƏNHALIQ

    Mənim gəlişimi gözləmir heç kim,
    Vaxtsız qonaq kimi gecə gəlirəm.
    Boylanıb arxamca izləmir heç kim,–
    Mən necə gedirəm, necə gəlirəm.

    Gün batır sakitcə gedib döyürəm
    Dərdli ürəklərin qapısını mən.
    Gələni qovmazlar, axı,–deyirəm,
    Çırpılır üzümə qapılar hərdən.

    Sönür pəncərədə, sönür işıqlar,
    Vaxt ötür, gecənin yuxusu gəlir
    Hardasa, uzaqda yanan işıq var,
    Hardansa həsrətin qoxusu gəlir.

    Bilirəm, kiminsə gözü yol çəkir,–
    Çəpəri, hasarı aşıb gedirəm.
    Məni arxasınca bir nisgil çəkir,
    Həsrətin izinə düşüb gedirəm.

  • SALYANDA YAZARLARLA GÖRÜŞ

    files

    22 sentyabr 2012-ci il tarixdə DGTYB-nin və AYB Muğan Bölməsinin birgə təşkilatçılığı ilə Salyan rayon Mərkəzi Kitabxanasında Salyan və Neftçalada yaşayan yazarlarla görüş keçirildi. Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbiri giriş sözü ilə AYB Muğan Bölməsinin sədri şair Namiq Hacıheydərli açdı. O, qonaqlara Muğan ədəbi mühitinin tarixi və çağdaş durumu haqqında yığcam bilgi verdikdən sonra, qonaqları salamlamaq üçün sözü Salyan RİH-nin məsul işçisi Məhərrəm Məmmədova verdi.
    Sonra DGTYB başqanı Əkbər Qoşalı bölgələrdə yazıçılarla keçirilən silsilə görüşlərin məqsəd və məramı haqqında ətraflı çıxış etdi.
    Daha sonra rayonda nəşr olunan “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, Salyanda yaşayan ədiblərdən Fəxrəddin Becanoğlu, yeni nəsil yazarları Eldar İsmayıloğlu, Yaşar Cavadlı, “Kürün töhfəsi” ədəbi birliyinin sədri Hikmət Nikbin, gənc şair Nilufər Muğantürk, istedadlı məktəbli Fərid Rəsuloğlu, ağsaqqal şair Oktay Rza, o cümlədən DGTYB nümayəndə heyətinin üzvləri – şairlər İbrahim İlyaslı, Fərqanə Mehdi, Səhər, Həyat Şəmi, Faiq Balabəyli, NURAFİZ və gənc yazar Kənan Aydınoğlu çıxış etdilər, yeni şeirlərindən örnəkləri tədbirə qatılanların diqqətinə çatdırdılar.
    Yekun çıxışı edən tədbirin aparıcısı Namiq Hacıheydərli görüşə gələnlərə və tədbirin gerçəkləşməsində dəstəyi olanlara təşəkkürünü bildirdi.
    Görüşün sonunda kitab mübadiləsi aparılmış, Salyan və Neftçalada yaşayan yazarların əlaqə koordinatları və yaradıcılıqlarından örnəklər götürülmüşdür.
    Qeyd edək ki, DGTYB nümayəndə heyəti Salyan RİH Başçısının birinci müavini Etibar Hüseynov tərəfindən qəbul edilmişdir və qəbulda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə DGTYB tərəfindən gerçəkləşdirilən “Bölgələrdə yaşayan gənc və yeni nəsil yazarları ilə görüşlər” layihəsi, eləcə də rayondakı ədəbi mühit barədə səmimi söhbət olmuşdur.