Blog

  • F.İ.Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 15 fevral 2020-ci il.

  • Sumqayıtlı gənc yazarların nəzərinə!


    Əli Kərim adına Poeziya Evi Azərbaycanın gənc yazarlarının Sumqayıtda keçiriləcək toplantısına hazırlıq məqsədilə sizləri qeydiyyatdan keçməyə və hazırlıq görüşünə dəvət edir. Görüş 23 fevral 2020-ci il tarixində saat 12:00-da Poeziya Evində keçiriləcək.
    Ünvan: Sumqayıt şəhəri, Heydər Parkı, Zülfü Hacıyev 6
    Əlaqə telefonları: 044 208 01 61; 055 887 51 61
    E-mail : sumqayitpoeziya.evi@mail.ru

  • Bağçada “ucadan oxu” keçirildi

                                 

    18 fevral tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları Sevil Namazova, İradə Hüseynova və Dəniz Vətəni 94 №-li Körpələr Evi Uşaq – Bağçasında “Ucadan oxu” keçirdilər. S.Namazova uşaqlara Mixail Zoşenkonun “Ağıllı meymun” nağılını oxudu. O, izah etdi ki, bu nağıl hesablama əməlinin yaxşı qavranılması və fikir yürütmək qabiliyyətinin inkişafı üçün faydalıdır. İ.Hüseynova uşaqlardan ən çox hansı nağılı xoşladıqlarını soruşdu. Onlar “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılını sevdiklərini söylədilər. Nağıldakı canavarın əməlini pisləyən uşaqlar xeyirxah olmağın yaxşı əməl olduğunu bildirdilər.

  • “Vahidəm, xəlqimin qəzəl şairiyəm”

    Yasamal rayon MKS-inin Ə.Vahid adına 1№-li kitabxana filialında Azərbaycan qəzəl məktəbinin görkəmli nümayəndəsi, “Füzuli yadigarı”, qəzəlxan-şair Əliağa Vahidin 125 illiyi ilə əlaqədar “Vahidəm, xəlqimin qəzəl şairiyəm” adlı tədbir keçirildi. Tədbirdə “Vahid” Poeziya Məclisinin sədri Hacı Rafiq Əliyev, “Məcməüş-şüəra” məclisinin sədri, professor, qəzəlxan-şair Şahin Fazil, məclis üzvləri Elman Qasid, Adilə Nəzərova, Azər Cəbrayılov, Fatimə Mahmudova, Əliağa Vahidin oğlu Ramiz İskəndərov,kitabxananın əməkdaşları iştirak etdilər. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Mətanət Qasımova açaraq qonaqları salamladı və Əliağa Vahidlə bağlı xatirələrini bölüşmək üçün sözü “Vahid” Poeziya Məclisinin sədri Hacı Rafiq Əliyevə verdi. Məclis üzvləri ustadın qəzəllərini oxudular. Kitabxananın oxu zalında Əliağa Vahidin əsərlərindən, jurnal və qəzet materiallarından, fotoşəkillərdən ibarət sərgi nümayiş olundu.

    Sonda tədbir iştirakçiları Əliağa Vahidin İçərişəhərdə yerləşən büstünü ziyarət etdilər.

  • Kitabxanada Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı filialı Xalq şairi, dramaturq Nəriman Həsənzadənin doğum gününə həsr olunmuş kitab sərgisi təşkil edib.

    İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, 1953-cü ildən mətbuatda çıxış edən şairin əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Bakıda “Seçilmiş əsərləri”, Tehranda “Söyüd” və Tbilisidə “Seçilmiş əsərləri” çapdan çıxıb. “Nabat xalanın çörəyi” povesti Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində nəşr olunub.

    Diqqətə çatdırılıb ki, Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınıb. Xalq şairi 34 bədii – poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi məqalələr kitabının müəllifidir. 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilib. 100-dən artıq şeirinə musiqi bəstələnib.

    Sonda oxucular ədibin əsərləri ilə tanış olublar.

    Mənbə: https://azertag.az/

  • Bolnisi rayon rəhbərliyi Xalq şairi Zəlimxan Yaqub adına Poeziya evinin tikintisi üçün torpaq sahəsi ayırıb

    Gürcüstanda Azərbaycanın Xalq şairi, saz və söz ustadı Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb.

    Kənd ağsaqqalı Ramiz Bəkirov AZƏRTAC-a bildirib ki, Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili Kəpənəkçidə olub, ziyalılarla görüşüb. O deyib ki, rayon rəhbərliyinin qərarı ilə Xalq şairinin adının əbədiləşdirilməsi və onun yaradıcılığının gələcək nəsillərə çatdırılması üçün nəzərdə tutulan Poeziya evi üçün torpaq sahəsi ayrılıb.

    Bolnisi rayon bələdiyyəsinin əməkdaşları, Ramiz Bəkirov və kənd ağsaqqalları Poeziya evinin tikiləcəyi sahəyə baxış keçirib, tikilinin layihəsi barədə fikir mübadiləsi aparıblar.

    Kənd sakinləri Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, bu il yanvarın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olub. Bu münasibətilə şairin anadan olduğu kənddə keçirilən tədbirdə bir sıra təkliflər, o cümlədən Poeziya evinin tikilməsi ilə bağlı rayon rəhbərliyinə və parlamentin deputatına müraciət qəbul olunub.

    Xətayi Əzizov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Tbilisi

    Mənbə: https://azertag.az/

  • Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib

    Nazirlər Kabineti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar imzalayıb.

    Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qərara əsasən, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü” təsdiq edilib.

    Eyni zamanda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilib.

    Qərara əsasən, Dövlət Xidmətinin 5 – Bakı, Şabran, Qəbələ, Gəncə və Salyan regional idarələri yaradılıb.

    Həmçinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin 2020-ci ildə saxlanılması xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

  • TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 53. sayısı yayında

    Kümbet Dergimiz 2020 yılına 53. sayı ile merhaba dedi.

    EDİTÖRDEN

    Yeni bir yıl, yeni bir sayı ile siz değerli okuyucularımızın karşısındayız. 2020 yılının tüm dünyaya ve ülkemize hayırlar getirmesi, huzur bulması en büyük dileğimizdir. Ekonomik sıkıntıların bu yılda devam etmesi kültür ve sanat dünyamıza yansımaları nedeniyle elbette bazı tedbirlerin, tasarrufların alınmasına ihtiyaç duyulmaktadır. Bu yüzden geçen yıl olduğu gibi 2020 yılında da iki sayı ile yayın hayatında olacağız.

    Kültür ve Turizm Bakanlığı, Kütüphaneler ve Yayımlar Genel Müdürlüğü 2020 ‘de KÜMBET Dergisi’nin 200 kütüphaneye gönderilmesine karar kılarak Türk dergiciliğine olan desteğini tasarruf tedbirlerini de göz ardı etmeyerek sürdürmeye gayret etmiştir. Bu vesile ile Kültür ve Turizm Bakanlığı’na ve daima yanımızda hissettiğimiz siz değerli okuyucularımız müteşekkiriz.

    53. sayımızda derginin kapağından da anlaşılacağı üzere kültür ve sanat dünyamızda yankı bulacağına inandığımız Kosova/Mamuşa Dosyası ile karşınızdayız. Bu dosya içinde Kosova’dan Milazim Mizrak, Bahtiyar Sipahioğlu, Cemali Tunalıgil ve Kosova, Priştina, Üsküp, Prizren ve Mamuşa’da düzenlen etkinliklere Türkiye’den katılan Dr. Mehmet Yardımcı, Hasan Akar ve Ahmet Divriklioğlu’nun araştırmaları yer aldı.

    Diğer değerli kalemlerimiz Azerbaycan’dan Prof. Dr. Tamila Abbashanlı, Öğretim Görevlisi Sona Çerkez, ülkemizden Prof. Dr Ertuğrul Yaman, Prof. Dr. Alpaslan Demir, Prof. Dr. Hasan Boynukara, Doç. Dr. Levent Küçük, Abdullah Satoğlu, Levent Konyar, Nihat Aymak, Sündüs Arslan Akça, M. Necati Güneş, Mehmet Kurdoğlu, Mustafa Everdi, İbrahim Sağır, Bekir Yeğnidemir, Tuba Dere, Merve Nur Maden, Mehmet Binboğa, Çetin Oranlı araştırma ve makalelerini sizler için paylaştılar.

    Şiir bahçesinde yine çok değerli şairlerimizin şiirleri kıştan bahara karlar arasında gülümseyen nevruzlardan, bahar dallarına öbek öbek, rengârenk sizlerin duygularına çiçek açtılar.

    Arkadaşlarımız il ve ilçelerimizde yaptıkları kültür faaliyetlerini dışında Ankara, Ardahan, Kırşehir, Bayburt, Malatya’da da kültür-sanat adına yapılan etkinliklere katıldılar.

    Etkinlikler dosyamızda Tokat Şairler ve Yazarlar Derneği’nin nelere imza attığını, Bize Gelen Kitaplar Dosyasında da büyük emeklerle hazırlanıp dernek arşivine gönderilen eserlerden bazı örnekleri göreceksiniz.

    İki önemli duyurumuz var: Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfı (TÜRKSAV) tarafından organize edilen “19 Mayıs Türk Dünyası Diriliş ve 24. Uluslararası Türk Dünyası Hizmet Ödülleri” töreni 2020 Temmuz ayında Bayburt’ta yapılacak.

    Samsun İlkadım Belediyesi tarafından Cemal Safi Şiir Yarışması düzenlendi. Aşk konulu yarışmaya katılım için son tarih 20 Mart 2020 olarak belirlendi.

    Ve 2019 yılında Derneğimizin kurucu üyelerinden kültür adamı Muhsin Demirci’yi kaybetmenin üzüntüsünü yaşadık. Ruhu şâd olsun diyoruz.

    54. sayımızda buluşmak dileğiyle…

    Hasan Akar,

    Tokat Şairler ve Yazarlar Derneği Başkanı

  • Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    This image has an empty alt attribute; its file name is president-300x225.jpg

    Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur.

    Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.

    Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.

    Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyinin qeyd edilməsini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 14 fevral 2020-ci il.

  • Kitabxananın oxucuları “Könüllülər ili” çərçivəsində işlər görürlər


    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və bütün kitabxana filialları koronavirusla əlaqədar könüllülərlə fəaliyyəti genişləndirirlər. Kitabxanaların oxucuları könüllülər sırasına qoşularaq kitabxanalarda keçirilən tədbir və sərgiləri təbliğ edir, koronavirusla əlaqədar kitabxanalarda hazırlanan məlumat vərəqələrini əhaliyə çatdırırlar.

            Son  on gün ərzində kitabxanaların oxucuları koronavirusla bağlı Mərkəzi Kitabxana tərəfindən hazırlanmış yaddaş vərəqələrini əhalinin iş və yaşadığı yerlərdə onlara paylayırlar və maarifləndirmə işi aparırlar. Könüllülər kitabxanaya sözügedən xəstəliklə bağlı yeni faktlar da təqdim edirlər.

            Kitabxananın əməkdaşları könüllülərə xüsusi diqqət göstərərək, onları daima təlimatlandırırlar. Bu iş davam edir.

    http://yasamal.cls.az/front/files/libraries/81/documents/713357941.pdf
  • Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” adlı II elmi sessiya keçirilib

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” adlı II elmi sessiya keçirilib. Sessiyada “Azərbaycan” jurnalının əməkdaşı Südabə Ağabalayeva da iştirak edib.
       Sessiyanı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatındakı yeri barədə fikirlərini bölüşüb. Akademik bildirib ki, indiyə qədər az tədqiq olunduğu üçün ədəbi cərəyanlar dərindən əsaslı şəkildə öyrənilməlidir. İsa Həbibbəyli ədəbi cərəyanların öyrənilməsi istiqamətində tədqiqatları olan Məmməd Cəfər Cəfərov, Hüseyn Həşimli,  Qorxmaz Quliyev, Yaşar Qarayev  kimi alimlərin araşdırmalarına da münasibət bildirib. Problemin öyrənilməsi üçün institutda ayrıca Ədəbi cərəyanlar sektorunun yaradıldığını bildirib. 
      Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan ədəbiyyatında tarixən erkən realizm, maarifçi realizm, romantizm, tənqidi realizm, sosializm realizmi, modernizm, sentimentalizm kimi cərəyanların formalaşdığını qeyd edib. Müstəqillik dövründə isə dekadenizm, magik realizm,  neorealizm, postmodernizm cərəyanlarının Azərbaycan ədəbiyyatında müşahidə olunduğunu əlavə edib. Akademik həmçinin ədəbi məktəb və ədəbi cərəyanlar problemindən də bəhs edib. Ədəbi məktəblərin uzunmüddətli olduğunu, onlarda zaman sərhəddi olmadığını, ədəbi cərəyanların isə müəyyən bir zaman sərhəddində meydana gəldiyini deyib. Buna ictimai quruluşun, siyasi sistemin, mədəni hadisələrin də təsir etdiyini vurğulayıb. “Müşahidələr göstərdi ki, ədəbi yaradıcılıq çox metodlu olmalıdır. Müstəqilik dövründə romantizmin yenidən doğulmasını düşünürəm”. Müstəqillik dövrü ədəbi cərəyanlarının formalaşmasında BSU-nun nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakultəsinin, Kulis.az saytının, “Ulduz” jurnalının və s. rolu olduğunu da bildirib.
      Sonra filologiya elmləri doktorları Cavanşir Əliyev “Strukturalizm və poststrukturalizm metodlarının tarixi mənşəyi və ədəbi əsərlərin təhlilində mövqeyi”, Pərvanə İsayeva “Formalizm və müasir filoloji fikrə təsir mexanizmi”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova “Postmodernizm cərəyanı Azərbaycan ədəbiyyatı kontekstində” məruzələrlə çıxış ediblər. 
       Filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubova “Ədəbiyyatşünaslıqda postmodernist mətnin təhlili problemləri” adlı məruzəsində əsas toxunduğu problemlər bunlar oldu: “İstənilən ədəbiyyat əsəri, istənilən bədii mətn tədqiqi nöqteyi-nəzərdən özünə üçlü yanaşmanı labüd edir: “nə”dən bəhs etməsi; “nə”yin “necə” təqdim olunması; “niyə”, “nə üçün” təqdim olunması. Hadisə, varlıqlar, zaman, məkan, şəxslər mətnin “nə” kateqoriyasında dayanırsa, fiksasiya və təhkiyə səviyyəsi (struktur),  ifadə texnikası, dil və üslub, təhkiyəçinin baxış bucağı “necə”yə daxildir. Mətnin “nə üçün” suallarına isə mətnin əsas fikri, mövzusu (hansı məqsəd daşıyır?), ideyası və s. kimi anlayışlar cavab verir. Postmodernist mətnlərdə “nə”, “necə”, “nə üçün” arasındakı münasibətlərin ənənəvi uyğunluğu pozulur. Postmodernist mətn postmodernist estetikaya uyğun təhlil metodları tələb edir. Ədəbiyyatşünaslığın tarixinə nəzər saldıqda mətnə yanaşmanın müxtəlif paradiqmalarına rast gəlmək mümkündür. Mətn, müəllif, kontekst, oxucu dördlüyünün birinin digərlərindən dominant olduğunu üstün hesab etməklə bu paradiqmaları dörd müxtəlif qrupda təsnif etmək mümkündür. Postmodernist təhlil daha çox mətn mərkəzli nəzəriyyələrə üstünlük versə də, “müəllif ölümü” konsepsiyasında oxucunun artan mövqeyi oxucu mərkəzli nəzəriyyələri də aktuallaşdırır. Eyni zamanda keçmişə, tarixə olan ironik münasibətində pastiş və parodiyalar vasitəsilə danışmaq postmodernist mətnin səthi xəttində “başqalarına” (realizm, romantizm və s.) bənzəməklə nəticələnir. Bu da gerçəklik və mətn arasındakı münasibətlərin ənənəvi izahının postmodernist mətn təhlilinə gətirilməsinə şərait yaradır. Postmodernist mətnin təhlili Azərbaycan ədəbi nəzəri fikrində hələ də öz tam modelini tapmamış məsələlərdən biridir”. 
      Həmçinin Ədəbi cərəyanlar sektorunun kiçik elmi işçisi Şəfa Əliyeva “Tənqidi realizm və müasir ədəbi-nəzəri fikir” adlı məruzəsində müasir dövrdə tənqidi realizmə olan maraqdan, istər Şərq, istərsə də Qərb ədəbiyyatında bu ədəbi cərəyana yenidən müraciət edilib fərqli aspektlərdən araşdırılmasından bəhs edib. Məruzədə Azərbaycan tənqidi realizminin fərqləndirici xüsusiyyətləri haqqında da geniş məlumat verilib. Ədəbi cərəyanlar sektorunun kiçik elmi işçisi Dilarə Əliyeva isə “Modernizmin tipoloji xüsusiyyətləri və Azərbaycan nəsrində təzahürü” adlı məruzəsində XX əsrin 60 – illərində Azərbaycan nəsrinin milli ənənəyə söykənərək, eyni zamanda dünya ədəbiyyatının qabaqcıl nailiyyətlərindən bəhrələnərək götürmüş olduğu yeni istiqamət-modernizm cərəyanının ədəbiyyatımızda inkişaf prosesinin müxtəlif çalarları, milli özünəməxsusluqlarını işıqlandırmışdır.
      Sonda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Məmməd Əliyev çıxış edərək məruzələrə müsbət münasibət bildiriblər.

    Gülnar SƏMA,
    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Beynəlxalq Kitab Bağışlama Günündə Yasamal rayonunun müəssisələrinə kitablar bağışlandı

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşları Sevil Namazova, Kifayət Hüseynova kərimova Səbirə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “İntellekt A”, ”Balaca Alim” uşaq bağçalarında oldular. Onlar Uşaq Bağçalarının kitabxanalarına Gülzar İbrahimovanın “Burda bir padşah vardı…”, “Ciddi ol! 585 yumor”, Sevinc Ağa Xəlilqızının “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitablarını, Əli Poladın “Üç min ilin hikməti” CD-sini hədiyyə etdilər.
    Bundan başqa, kitabxananın əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında “Azərsuvenir” MMC-nin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin kitabxanalarına Əli Poladın Türkiyə Cumhuriyyətində nəşr olunmuş “Bir damcı su”, ”Əzab yüklü eşşək” kitablarını, “Üç min ilin hikməti” CD-lərini və Mirzə Əli Möcüzün şeirləri kitablarını bağışladılar.

  • Əsmər Əliyevanı doğum günü münasibətilə təbrik edirik! (14 fevral 1989-cu il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Əsmər Əliyevanı, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!


    Mətbuat xidməti

  • Kitabxanalar sosial şəbəkələrdə faydalı məlumatlar yerləşdirilir

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi  Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)  təşəbbüsü  ilə Facebook sosial şəbəkəsində “Sərhədsiz informasiya tribunası” qrupu fəaliyyət göstərir. Layihəyə 18 sentyabr 2018-ci il tarixində start verilmişdir.
    Müasir dövrdə cəmiyyətin inkişafı bilavasitə informasiya ilə bağlıdır. İşinin xarakterindən asılı olaraq insan fəaliyyətinin müxtəlif sahələrində: elmi-texniki, iqtisadi, siyasi, idarəetmə, kommersiya və s. sahələrə aid informasiya yaranır, toplanır, emal olunur və istifadə edilir. 
    Bu səhifənin yaradılmasında əsas məqsəd insanların daha çox informasiya almasına yardım etmək və   onlara daha çox biliklər əldə etməyə, məlumatlanmağa, dünyagörüşlərini artırmağa kömək etməkdir. Bu səhifədən yaşından aslı olmayaraq bütün insanlar istifadə edə bilir. Səhifənin 2765 üzvü və 1.113 aktif izləyicisi vardır.
    Azərbaycan Respublikası Prezidentinin  sərəncamlarından irəli gələn ələmatdar və tarixi günlərlə bağlı,  Dağlıq Qarabağ münaqişəsi, Milli Qəhrəmanlarımızın, şəhidlərimizin anım günləri ilə bağlı məlumatlar paylaşılır. 
    Qrupda elmin bütün sahələri üzrə maraqlı məlumatlar öz əksini tapır.  
    Qrupda materiallar Yasamal, Agcəbədi, Agdaş, Zərdab, Xaçmaz rayon MKS-lərinin əməkdaşları tərəfindən yerləşdirilir.
    Lahiyənin ideya rəhbəri Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.

  • Kitabxanaya kitab hədiyyə edildi

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına yeni kitab hədiyyə edildi. Kitab Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunmuşdur. “Yazarlar” jurnalının xüsusi buraxılışı olan ”Dağlar” adlı almanaxda ilk dəfə olaraq dağlara həsr olunmuş bir çox şeirlər toplanmışdır. Kitab xeyriyyəçilik məqsədilə çap olunmuşdur. Layihənin rəhbəri “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, yazıçı-şair  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Zaur Ustacdır. 

  • 14 fevral-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (http://edebiyyat-az.com) 8 yaşı tamam olur

    Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. 

    E-mail: azerbaycanedebiyyati@gmail.com, edebiyyat-az.com@mail.ru 

    Əlaqə saxlamaq üçün 051 785 44 33; 051 795 44 33. 

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

  • Rafiq ODAY.Yeni şeirlər

    HƏR GÜN BİR İLMƏ DƏ SÜZÜLÜR ÜMİDİN ƏTƏYİ

    Yerdən-göydən əllərini üzüb,
    ümidin ətəyindən yapışanların
    sayı çoxaldıqca,
    Hər gün bir ilmə də süzülür
    ümidin ətəyi.
    Bir soran tapılmır ki,
    bu əllərin bu ətəkdə ölümü nə?! –
    Beləcə fərman verilir
    ümidlərin ölümünə.
    “Ən son ölən ümidlərdir” deyiminin
    həqiqət olduğuna inansaq,
    Demək ki,
    sonu yaxınlaşır hər şeyin,
    Sonu yaxınlaşır
    içimizdəki sevgilərin,
    pisliklərin, kötülüklərin.
    Sonu yaxınlaşır
    cəllad baltalarının,
    Üstündə çubuq döğranan
    kötüklərin –
    Və beləcə… sonu yaxınlaşır
    dünyanın.
    Allah-taalanın işi başından aşacaq
    innən belə,
    Daha heç kim
    mühakimə edə bilməyəcək
    Uca Yaradanı,
    Düşük-düşük
    danışa bilməyəcək
    Qurandan belə,
    dinnən belə….
    külək hamını saman çöpü kimi
    qabağına qatıb,
    Haqq divanina kürüyəcək…
    Mütləq hakim isə – O!
    Hələ iynənin ucu boyda olsa da
    ümid qalıb, –
    Heç kimin ümidini öldürməyin,
    arxadaşlar!
    Barı özünüzə yazığınız gəlsin…

    TANRIM, BİZ EYNİ DƏRDLIYIK

    Dönüb, dönüb, eyni yerə,
    De nədən gəlirik, Tanrım?
    Bu dərdlər mənim üstümə,
    Binədən gəlir ilk, Tanrım.

    Boz sərçə kimi heç yerə
    Köçmək niyyətində deyil.
    Yuvası viran könlümdə,
    Özgə həyətində deyil.

    Bir ayrı ünvanı yoxmu,
    Yaxamı sevən dərdlərin?!
    Ya padşaha könül verə,
    Ya xanı sevə dərdlərin?!

    Bir qurtuluş yolu göstər,
    Bu zalım dərdin əlindən.
    Nə əhvalım bir əhvaldı,
    Hə halım dərdin əlindən.

    Bu qədər dərdə mübtəla
    Dönməzmi bir könül daşa?!
    Tanrım, biz eyni dərdliyik,
    Möhtacıq bir könüldaşa.

  • Təhminə VƏLİYEVA.”Nəsillərə örnək ömür yolu”

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.


    valiyevatahmina@gmail.com

    Sevmək, onun yolunda vuruşmaq və onun uğrunda göz qırpmadan canını vermək əsl aşiqlərin işidir. Bütöv bir Vətəni sevmək, onun hər qarışı üçün vuruşmaq, bir deyil, neçə-neçə millətin, xalqın taleyi, rifahı üçün cəbhəyə atılmaq və sonadək mübarizə aparmaq İkinci Dünya Müharibəsi qəhrəmanlarını tarixin qızıl səhifələrinə yazdırdı. Təbii ki, bu, Vətən eşqi ilə döyünən ürək və səni mübarizədən yayınmamağa izn verməyən cəsarət tələb edir.

    Müxtəlif zamanlarda Vətənin hər qarışı üçün düşünmədən, tərəddüd etmədən döyüşən Azərbaycanın oğul və qızları İkinci Dünya Müharibəsində də can-başla iştirak edib, cəbhə bölgələrində düşmənə qarşı mərdliklə vuruşublar. Onların düşmən qarşısında göstərdikləri şücaət qəhrəmanlıq nümunəsi olaraq anılır. Böyük Qələbə bayramının 75-ci ildönümü münasibətilə II Dünya Müharibəsi qəhrəmanlarını xatırlamaq yerinə düşər. II Dünya Müharibəsi başlanan kimi teatrdakı fəaliyyətini dayandırıb döyüşlərə qatılan Mikayıl Əhməd də döyüşçü cəsarəti ilə seçilən qəhrəmanlardan olmuşdur.

    Mikayıl Soltan oğlu Əhmədov (əsl adı: Mikayılmahmud Soltanəhməd oğlu Əhməd) 1920-ci il may ayının 13-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Soltanəhməd həkim və ilahiyyatçı idi. O, İranda Tehran Universitetinin tibb fakültəsini bitirmiş və həm də ərəb və fars dillərinə mükəmməl surətdə yiyələnmişdi. Soltanəhmədin babası doktor Kərbəlayı Mahmud Pirşağı bəylərindən idi. Kərbəlayı Mahmudun babası Əhməd bəy şəcərə etibarilə “Soltan-Əhməd” xanədanına mənsubdur. Mikayılgil ailədə 3 uşaq olurlar: Məsumə böyük bacısı, Bibixanım kiçik bacısıdır. Mikayılmahmud isə ailənin tək oğlu olub.

    Azərbaycan Dram Teatrının ilk baş rejissoru və direktoru Bilal Əhməd Mikayılın əmisidir. Onun təkidi ilə Mikayıl Əhməd 30-cu illərdə Bakı Teatr Texnikumunda oxuyur. Görkəmli aktrisa Nəsibə Zeynalova ilə tələbə yoldaşı olan M.Əhməd burada böyük rejissor Aleksandr Tuqanovdan dərs alır və Dram teatrında müxtəlif rollarda çıxış edir. Lakin amansız müharibələr Mikayılı yaradıcılıqdan uzaq salır. O, əvvəlcə Sovet-Fin müharibəsinə, sonra isə Böyük Vətən Müharibəsinə yollanır. Berlinə qədər döyüş yolu keçən Mikayıl Qələbə günü ağır yaralanır. Dörd qabırğası sıradan çıxır və ona süni qabırğa qoyulur. Müharibə illərində ondan heç bir xəbər-ətər bilməyən ailəsinə onun ölüm xəbəri gəlir. İlyarım Avstriyada hərbi hospitalda müalicə alan igid döyüşçü ancaq 1947-ci ildə doğma Bakıya qayıda bilir. Dəfələrlə ağır zədə alan, bədəni qəlpələrlə dolu olan qəhrəman döyüşçü, baş leytenant Mikayıl Əhməd şücaətinə görə müxtəlif orden və medallarla təltif olunur.

    Müharibə veteranları hər zaman dövlətin xüsusi diqqət və qayğısını görmüşlər. Mikayıl Əhməd də bu diqqətdən kənar qalmayıb. O, “1941-1945-ci il Böyük Vətən Müharibəsinin Qələbəsinin 30 illiyi”, “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” və “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı, “Qvardiya” döş nişanı, “Fərdi təqaüdçü”, “Əmək veteranı”, “1974-cü il Sosialist Yarışının

    Qalibi” kimi çoxsaylı orden-medallarla təltif edilib. Ümummilli lider Heydər Əliyevlə mütəmadi görüşləri onu Vətəninə xidmət etməyə daha da ruhlandırır. Müharibədən sonra Bakıda hərbi zavodların mühafizə idarəsinin rəisi işləyən Mikayıl Əhməd az sonra bu işindən ayrılır və taleyini “Xəzər Dəniz Gəmiçiliyi” ilə bağlayır. O, “Sovet Özbəkistanı”, “Həmid Sultanov” gəmi bərələrində müxtəlif vəzifələrdə işləyərək kapitanın baş köməkçisi vəzifəsinə qədər yüksəlir. 55 yaşında pensiyaya çıxan dənizçi doğma Xəzərdən ayrıla bilmir və 65 yaşına qədər gəmiçilikdə çalışır.

    Mikayıl 1947-ci ildə Bakı Neft Texnikumunun sonuncu kurs tələbəsi Almaxanım Kərbəlayı Əzim qızı ilə evlənir (Kərbəlayı Əzim Binəqədinin el ağsaqqallarından sayılıb). Bu izdivacdan 6 övladları olur və onların hər biri ali təhsil alır. Onun böyük oğlu Əhməd fizik-ixtiraçı alim, ortancıl oğlu Mövsüm yazıçı-dramaturq, bəstəkar, kiçik oğlu Vüqar Əhməd şair, ədəbiyyatşünasdır. Nəvəsi Almaxanım Əhmədli VI Televiziya Muğam Müsabiqəsinin qalibi – “Qran-Pri” mükafatçısıdır. Qızları həkim, mühəndis və maliyyəçidir. Böyük qızı Çeşmi 2012-ci ildə 63 yaşında dünyasını dəyişib. Çeşminin üç oğlu ali təhsilli, elin ağır günlərində biganə qalmayıb Qarabağ savaşında düşmənlə mərdliklə döyüşən, Vətənə və babalarına layiq övladlardır. Nəvəsi Hüseyn Vüqar oğlu iqtisadçıdır.

    Mikayıl Əhməd 1995-ci ildə 75 yaşında insult keçirərək dünyasını dəyişib. Ancaq aradan nə qədər zaman keçsə də, onun xatirəsi əziz, həyat və fəaliyyət yolu unudulmazdır.

  • İradə AYTEL.”Qərib Çinar”

    This image has an empty alt attribute; its file name is iradexanim-300x200.jpg

    (Qərib Mehdinin “Duel” kitabı haqqında…)

    Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Xocalıdır!  Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Kəlbəcərdir! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Şuşadır! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Ağdamdır!”
    (Q. Mehdi -“12 atəş”)

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qərib Mehdidən söz açmaq böyük məsuliyyət tələb etsə də, sonucu şərəfli və qürurvericidir.
    Nəsrimizin, poeziyamızın, publisistikamızın, dramaturgiyamızın inkişafı və yaşaması üçün Qərib Mehdi qırxıncı qapını (kitabı) aşaraq, kamil bir ədəbiyyat adamının bütün sirlərindən hali oldu və zirvədən qırxbirinci qapıya (kitaba) yön aldı. Qırx yaşdan sonra insan həyatının müdriklik çağı başlayır. Diqqət edin ki, müdriklik, öndərlik, öngörlük tələb edən bu kitab müəllifin qırx birinci kitabıdır. Deməli, həyatda doğrudan da təsadüf deyilən həqiqət yoxdur, hər şey zərurətdir. Söhbət “Vektor” nəşriyyatında çap olunan “Duel” (esselər, kitablar haqqında rəylər və bədii ərməğanlar) kitabından gedir…
    Kitabın birinci hissəsi esselərdən ibarətdir. Əsası fransiz yazıçısı, filosof Monten tərəfindən qoyulan esse ədəbiyyatın (elmin) elə bir janrıdır ki, bu janra hər əlinə qələm alan müraciət edə bilməz. Etsə belə, atının nalı yarıyolda sınacaq. Esse yazmaq üçün gərək həyatın hər bir üzünə bələd olasan, qaranlığın parıltısını, işığın kölgəsini seçə, küləyin səsini, rənglərin pıçıltısını eşidə, Günəşin soyuqluğunu, qarın istisini duya, bir sözlə, həyatın fəlsəfəsini anlaya biləsən. Yəni, hər bədii boyaqla boyanmış  əsərə esse demək olmaz. Esse həm də bir bayatıdır – nəsrin bayatısı – kiçik həcmli, böyük bədii və fəlsəfi tutumlu. Bu isə o deməkdir ki, esseni yazmaq üçün cəmiyyətdə müəyyən nüfuza malik söz sahibi olmaq gərəkdir.
    Kitabda 14 esse bütövlükdə ana təbiətin gözəlliklərinə həsr olunub.  Müəllif  1982-ci ildə yazdığı bir məqaləni xatırladır.:  “Yaşı 300-500 dən yuxarı olan “yubilyar” çınarlara  insanlara uzun müddət səmərəli xidmətinə görə fəxri ad verməyə dəyər: Çinar – Babək, Çinar – Koroğlu, Çinar – Mehdi, Çinar – İsrafil!” Nə gözəl təklif, nə böyük arzudur. Və bu müqəddəsliyə mən də  arzu əlavə etmək istəyirəm. Həmin “yubilyar”  çinarlardan birinə də “Çinar – Qərib” və yaxud “Qərib  – Çinar” adını verək. Ona görə ki, bütün yaradıcılığı boyunca Çinarı totemləşdirən,  qutsallaşdıran Qərib Mehdi özü də Gəncə çinarları kimi Gəncədə qutsallaşıb, yaradıcılığı və Gəncəyə bağlılığı ilə çinarlaşıb.
    Çinar – Qərib, Qərib  – Çinar obrazı mənim içimdə dolaşırkən çox dəyərli tənqidçimiz, sözün zərgəri Vaqif Yusiflinin “Gəncədə bir çinar var” adı altındakı xatirəsinə rast gəldim. O yazır: “…Əgər ağacın, axar suyun insana bənzədiyini qəbul eləsək, Gəncənin göylərə baş alan hansısa bir çınarının o yazıçıya oxşarlığını görərik. Ömrü boyu öz əlinin – qələminin zəhməti ilə yaşamış, Gəncədən çox-çox uzaqlarda tanınmış Qərib Mehdi yaradıcılığı ilə o çinarlar arasında bir qəribə oxşarlığı hələ neçə il əvvəl sezə bilmişəm”.
    Vaqif müəllimin mənim salmaq istədiyim cığırdan çoxdan keçdiyini görüncə tutuldum,  deməli, heç də orijinal qənaətə gəlməmişdim. Lakin, o söz zərgərinin kəşf etdiyi özəlliyi mənim də gördüyümə çox sevindim və yenə də yazımın ilk adını dəyişdirmədim – Qərib Çinar qəribsəmədi…
    Ədəbiyyat yaranandan Vətəni vəsf, Vətənə sevgi, Vətənə ağı və s. yazarların ana mövzusudur. Qərib Mehdi də vətənpərvərlik ideyalarını yaradıcılığının tacı edərək, ürəyinin başında saxlayır. Lakin onun vətənpərvərliyi Azərbaycanda başlayıb, Azərbaycanda bitmir. Onun vətənpərvərliyi doğuldugu ocaqdan,   gəncləşdiyi, ahıllaşdığı Gəncədən, sözünə qanad olan Azərbaycandan, güvənc yeri türk ellərindən rişələnərək bütün dünya boyu kök atır, budaq- budaq olur: “Mənim bir ürəyim var, iki hissədən ibarət: hərəsində Azərbaycanın bir parçası. Yeri köks qəfəsimdədir. Sıxılar – qan vurar. Açılar – qan vurar. Gündüz döyünər… Gecə döyünər… döyünər… Döyünər… Azərbaycan kimi…” (“Vəsiyyət”) .
    Qərib Mehdi vətənində (dünyada) baş verən haqsızlıqlara öz qələm qılıncı ilə üsyan edir. O, Xan Arazın, Dəli Kürün dili ilə təbiəti zorlayanlara, təbiəti qandallayanlara öz etirazını bildirir. “Suqovuşanda” essesindəki metanomik dialoqda  Xan Araz Dəli Kürə deyir: “Sən Xan Kürsən, mən Dəli Araz. Gəl bizə çoxdan yaraşan adlarımıza sahib olaq” . Yazıçı burada Cənubi Azərbaycanla Şimali Azərbaycanın  ayrı düşməsini ideya olaraq qarşısına qoysa da, mövzu şaxələnir və məqsəd bütövlənir. Burada yazıçının amalı vətəninin daşlarına – vətəndaşlarına “Oyan!” çağırışı etməkdir. Oyan ki, zorlanmayasan! Oyan ki, bölünməyəsən! Oyan ki, bir olasan! Oyan ki, Pir olasan!” – deyir. Əsərin razvyazkasında  Dəli Kür Xan Arazın dəliliyinə haqq qazandırır:  “Əllərinə tikanlı qandallar vurulan bir çay dəli olmazmı? Başında tikanlı qandallar yuva bağlayan bir çay dəli olmazmı? Bütöv olan doğma Vətənini iki yerə parçalayan bir çay dəli olmazmı?”
    …Pioner idik, Oktyabryat idik, Komsomol idik… Proletar idik. İnanırdıq Sovet babamıza, güvənirdik Sovet babamıza. Sovetlər dövrunu görmuş, yaşamış hər bir yazar o dövrə üsyan edib. Qərib Mehdi də o dövrun adamı, içindəki neçə dara çəkilmiş şeirlərin, hekayələrin edamı olaraq bu dövrə gəlib. Lakin o, hamı kimi lənətləmir, baltalaya-baltalaya qınamır sosializmi. Qərib Mehdi Sovet babasına məsum bir körpənin Allaha şikayəti kimi (Suriyalı üç yaşlı bir cocuq onun sinəsinə güllə tuşlayan əsgərə belə deyir: “Mən hər şeyi Allaha deyəcəm”) şikayət edir.

    20130524_131930

    “Uşaq kimi, cavan kimi, qoca kimi qarşına yüyürdüm – heç nəyə baxmadın – güllələdin! Ağac kimi, çiçək kimi, məktəb kimi qarşına çıxdım  –  heç nəyə baxmadın – güllələdin! Sinəsində Bakı, Gəncə, Qarabağ yarası olan Azərbaycan kimi qarşında dayandım – heç nəyə baxmadın – güllələdin!” (“Qafur Məmmədovun son sözü”). Böyük bir kitaba sığışmayacaq ağrının, fəlakətin bir neçə cümləyə sığışdırılmasına heyran etməyə bilmirsən. Budur yazıçı peşəkarlığı, budur nasir qələmi. Yox, əslində deyərdim budur İNSAN ürəyi. O gecə Sovet babamızın güləsinə tuş gələn körpələrin, uşaqların, gənclərin, qocaların, ağacın, suyun, dənizin, təhsilin, səhiyyənin – Azərbaycanın çəkdiklərinin bundan böyük sözü olardımı?!..
    Qərib Mehdi təbiətin özüdür. O, təbiətlə dilbirdir. O ağac dilini, quş dilini, dəniz dilini, torpaq dilini elə bilir ki, onların hər birini ayrı-ayrılıqda dindirir və peyzaj lirikasına can verir (təbiət bölümü).
    Qərib Mehdi İnsanlığın özüdür! O, barış, sevgi adamıdır. O, bəşəriyyətin birliyini çəpərləyən sərhəd məftillərinə yox deyir. O, sərhədlərə yox deyir: “Gözlərimin önündən sərhəd axır. Bu nə qəribə axin?” Və yaxud: “Gözləyirəm, gözləyirəm… saatlar keçir, aylar keçir, illər keçir, axın sərhəddinin sonu görünmür” (“Axan sərhəd”).
    “Ölüm, gözlə, gəlirəm” hekayəsində ermənilərin zəbt etdiyi əraziyə keçən əslən şuşalı Mələk nənəyə güllə atmayan düşmənin bədii portretini yazıçı belə çizir: “Bəlkə ona görə ki, (atəş açmadı) rəqibi öndən vurmaq onların adəti deyildi.”.
    Mələk nənə doğma torpağına çatır və düşmənə “İndi məni öldürün! Öldürün ki, torpağıma qovuşum”, – deyir. Müəllif burada da erməni əsgərinin dili ilə onların iç üzünü oxucu üçün taybatay açır: “Yox, mən bu yaxşılığı edə bilmərəm. Mən düşmən arzusunu cücərdə bilmərəm. Arzuna qarşı durmaqla, yaşamını təmin etməklə ikiqat qatil olmaq istəyirəm. Şuşa torpağına qovuşmaq? Sən bir xahişin böyüklüyünə bax”.
    “Ölüm, gözlə, gəlirəm” və “12 atəş”  hekayələrində  müəllif elə mətləblərə toxunur ki, düşmən düşmənliyində qalır, lakin özümüzün özümüzə olan düşmən mövqeyimiz oxucunu sarsıdır:  “Düz 22 il idi ki, kəlbəcərli qaçqın məmur qapılarının düyməsini basır, nəyəsə nail olmağa çalışırdı”. Məmur qaçqına xatırladır ki, “sizin inzibati-ərazi vahidiniz başqadır – Kəlbəcər rayonu!”  Beləliklə, məmur öz üzərinə düşən məsuliyyətdən boyun qaçırmaq istəyir. Qaçqının məmura verdiyi cavab isə bugünkü reallığımızı əks etdirməklə, vətənin çörəyini yeyib vətəndaşlıq etməyən hər birimizin üzünə sillə kimi vurulur: “Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Xocalıdır!  Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Kəlbəcərdir! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Şuşadır! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Ağdamdır!”
    Qərib Mehdinin bu kitabı demək olar ki, bir tarixdir. Burada Sovet dövründən bu yana olan bir tarix kəsimi var. Bu kitab oxucunu maarifləndirir, dünəninə boylanmağa, keçmişini öyrənməyə sövq edir.
    Qərib Mehdi nəsri həm də ona görə başqalarından seçilir ki, yazıçı cümlələrində elə bədii priyomlardan istifadə edir, bu, yalnız onun özünəməxsus olur: “Günlərin birində qaranlıq hər tərəfə qanad gərəndə Məşədi İsmayıl burma bığlarının “çırağını” keçirdib, papağını mizin üstünə qoyub, vəznəli çuxasını divardan asıb yatağına girmək istəyəndə qəflətən “ÇK”-çılar (Fövqəladə Komitə) içəri doldular.” (“Cibin günahı”).  Və yaxud:  “Müraciət eləmədiyi həkim qalmamışdı, ancaq loğmanların heç biri onun dərisi ilə sümüyü arasına bir qram ət də artıra bilmirdi”. (“Tərəziçi” hekayəsindən).
    Kitabda yazıçı Vətənimizdə Vətən boyda sevgi qazanan, Vətənin boyunu ucaldan, Vətəndə Vətən olan dəyərli sənətkarlarımızdan da qürurla söz açır – “Gedirsən, tez qayıt gəl” (məşhur xanəndə Qədir Rüstəmov haqqında), “Zəlimxan Yaqub yaddaşı” (Xalq şairi Zəlimxan Yaqub haqqında), “ Müslüm Moqamayev” (Fenomen müğənni Müslüm Moqamayevin əziz xatirəsinə) və s.
    Kitabın üçüncü hissəsi bəşəriyyətin döyünən ürəyi olan Sevgiyə həsr edilib. Ömrünün ahıl çağını – müdrik çağını yaşayan yazıçı sevginin də ən müdrik dönəmindədir. O, həyatı necə tanıyırsa, sevgini də eləcə tanıyir. O, həyatı necə sevirsə sevgini də eləcə sevir. O, həyatı necə dəyərləndirirsə sevgini də eləcə dəyərləndirir – Böyük, Ali, Ulu!
    Kitabdakı  hər bir bölümdə (vətənpərvərlik, təbiət, sevgi, əxlaq) müdrik yazar oxucuya nəsihət edir, yol göstərir, oxucunun bədii və mənəvi dünyasını zənginləşdirir, oxucunu əsil İnsan olmağa səsləyir: “Mən ucayam, Mən yüksəyəm, mən qüdrətliyəm, deyib, çox da lovğalanma. Yaxşı diqqət elə, yer kürəsi fırlanır”.  Və yaxid: “Xəyanətin ağuşu daha ecazkar, daha cazibəli görünür”.  Və: “…Axşam-səhər, vaxt-bivaxt qocaları aramsız olaraq səslər çağırır”.  Və: “Milyon ilər bundan əvvəl də olub. Milyon illər bundan sonra da belə olacaq. Nə insan Allahlıq iddiasından əl çəkəcək, nə Ölüm ona Allah olmaq imknı verəcək!”.  “Dostum gərək unutmayaydı ki, ondan başqa bu işlərlə məşğul olan Allah da var!” “Atam, neçə ki, sənin bu ədalət tərəzin düzgün çəkir, sən qəddini düzəldə, uşağına çörək apara bilməyəcəksən”.  Və s.
    Kitabın son hissəsi Qərib Mehdiyə həsr olunan sevgi və dəyərlərdən ibarətdir. Burada Vaqif Yusiflinin, Əbülfət Mədətoğlunun, Sərvaz Hüseynoğlunun, Aydın Murovdağlının və başqa söz adamlarının məqalələri yer alıb. Onların arasında Aydın Murovdağlının “ Ölməzlik rəqsi” başlığı altında yazdığı dəyərlər daha çox diqqətimi cəlb etdi. Aydın müəllim bu kiçik yazısında elə böyük mətləblərə toxunur, həm də ustalıqla toxunur ki, hətta oxucunu Qərib Mehdi dünyasından ayırıb, öz dünyasına apara bilir.
    Murovdağlı yazır: “ Əsərdəki tut ağacı yarpaq gözləri, budaq əlləri ilə yeri-göyü müşahidə edir, xəyala dalır, sevinir, kədərlənir, keçmişlə bağlı xatirələrini vərəqləyir, gördüklərini, eşitdiklərini duyduqlarını yada salır.”. Burada böyük Türk oğlu Nazim Hikmətin “Mən bir ceviz ağacıyım” şeirinin sədası da oxucunu tərk etmir:
    “Ben bir ceviz ağacıyım Gülhane parkında
    …yapraklarım gözlerimdir, şaşarak bakarım,
    Yüz bin gözlə seyr ederim seni – İstanbulu!
    …Yapraklarım ellerimdir…”
    Deyirlər ki, yazıçılar, şairlər (istedadı ilə seçilənlər) Tanrı tərəfindən vergilənmiş adamlardır. Yəni, belə insanlarda  altıncı hiss deyilən nəsnə – intiusiya başqalarına nisbətdə daha güclü olur. Həm də belə adamların alqış və qarğışını Tanri daha tez eşidir. Bu deyimin həqiqət olduğuna 2011-ci idə bir daha inandım.
    …Bakıda yaşayırdım. Gəncə ədəbi mühitindən uzaq düşmüşdüm. Həmin ərəfədə “İkimizin bir evimiz varıydı” adlı şeirlər kitabım işıq üzü görmüşdü və çox sevdiyim Qərib Mehdinin kitabım haqqında resenziyası “Ədəbiyyat” qəzetində dərc edilmişdi. Sevincimdən qanad alıb uçurdum. Qəzeti “Elmlər Akademiyası” metrosunun çıxışındakı köşkdən aldım, evə tələsirdim…  Metrodan çıxdım… nə evə çatmaq, nə də haqqımda yazılanı oxumaq mənə qısmət olmadı…. Qəza keçirmişdim, ölümdən qayıtmışdım. Mən o yazını iki aydan sonra oxudum…
    Evrika – İradə Aytel” başlığı altındakı yazının lap sonuncu abzasını olduğu kimi qeyd edirəm: “Ümid Gəncə ədəbi mühitinin gənc nəsil qrafasını rəqəmləşdirən, insanlaşdıran, sənətləşdirən İradə Aytelə qalmışdı. Bəlkə, bu şam, bu işıq pərvanəli olacaqdı? Eşitdiyim bir xəbər təəssüf mehi kimi ürəyimi titrətdi: “İradə xanım da Gəncəni tərk etmişdir”. Deyirlər, yalan danışmaq, yalan eşitmək günahdır. Elə bu məqamda yalan eşitmək üçün burnumun ucu göynəyir. Həmişə qanad arzuladığım, İradə, kaş səni vecsiz, səmərəsiz uzaqlara uçuran qanadların ərimiş olaydı….”
    Və… qanadlarım əridi, geri döndüm… Əlbəttə, dönüşümü Qərib Mehdi mənə olan sevgisindən arzulayırdı.
    “Duel”in redaktoru yazıçı Ümbülbanu xanımdır. Kitabda əməyi olanlara – başda “Vektor” Nəşrlər Evinin direktoru, Türk dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının Prezidenti Elçin İsgəndərzadə olmaqla, müəllifin hər bir yeni əsərinə diqqət, qayğı göstərən operator qızlara qədər minnətdarlıq dolu cümlələr yer alıb. Lakin kitabın ərsəyə gəlməsində ən böyük əməyi olan xanımın – Ümbülbanunun adı çəkilmir. Burada böyük şairimiz Bəxtiyar Vahabzadə ilə oxucusu arasında olan məşhur bir dialoq yadıma düşdü:
    –          “Bəxtiyar müəllim, siz şəkili ola-ola Şəkiyə bir dənə də olsun şeir həsr etməmisiniz, niyə?
    –          Şəki mənim anamdır. Ana sevgisi dilə gəlməz. Mənim Şəkiyə olan sevgim şeirdən böyükdür”.
    Qərib Mehdinin də Ünbülbanu xanıma olan sayğısı o qədər böyük ki, yazıçı o böyüklüyü elə zirvədə saxlamağı düşünüb yəqin. Onu da etiraf edim, oxuduğum əsərin orfoqrafik qayda-qanununa da çox diqqət yetirən birisiyəm. Lakin bu kitabı redaktor o qədər incəliklə, dəqiqliklə öz süzgəcindən keçirib ki, mən adət etdiyim qüsur yığnağına burada rast gəlmədim.
    Bu gün Qərib Mehdidən danışdım, onu da mütləq deməliyəm ki, mənim Gəncə ədəbi mühitində sevdiyim, dəyər verdiyim, öyrəndiyim başqa söz adamları da var: “Yolları gözümün içindən çəkin, görüm hansı yolla qayıdır balam”, – deyən, Bahadur Fərman, AYB Gəncə filialının başkanı, şair Xəzangül xanım, türk yazıçısı, türk xanımı Nüşabə Məmmədli, Azərbaycan Uşaq Ədəbiyyatının sütunlarından biri və birincisi Aləmzər Əlizadə, folklor dünyasının azman alimi Sədnik Paşa Pirsultanlı (yeri behişt olsun), Sədnik Paşanın şagirdi və davamçısı Ramiz Təmkin…
    “Ədəbiyyat qəzeti” 21 noyabr 2015

  • İradə AYTEL.”Bilsən…”

    This image has an empty alt attribute; its file name is iradexanim-300x200.jpg

    Bilsən…
    Bilsən, necə həsrətəm
    Necə həsrətəm sənə!
    İçimdə bir ad
    Adımı çəkmə deyir!
    O adı sıxmaqdan
    Dişlərim ağrıyır,
    Dilim göynəyir,
    İlahi, niyə dar edirsən
    Geydirdiyin bu köynəyi?!
    Bir müqəddəs çəməndə,
    Yaralı, uralı bir ağac kötüyünə
    Söykənib
    O adı hayqıracam!
    Göylərin naləsi –
    Göylərin göz yaşlarının səsi
    Səsimə qarışacaq,
    Sən bizə açacaqsan bir çəmən qucaq…
    Ona şeir söyləyəcəm
    “Gəl, sənə bir nağıl söyləyim,
    O nağıl ömrümün noğulu idi…”
    İlahi, necə susduracaqsan
    İçimdəki bu göynəyi?!
    İçimdə bir od
    Odumu çəkmə deyir!
    Torpaq altında havasız qaralan
    Budağam,
    Ağacam,
    Kötüyəm,
    Dağ-dağam!
    Və…
    Çəmənində Pir olacaq
    Kömür-kömür vücudum.
    O Pirə tapınacaq
    günahı olanlar,
    gunahdan qaçanlar.
    O Pirdə yaşayacaq
    Onun dilində
    Qədəhlənən adım.
    Arzu bağlayacaqlar
    Arzusu bağlı qalanlar
    O Pir olan, bir olan ağac vücuduma.
    İlahi, necə öldürəcəksən,
    Bu taleyi döyənəyi?!

  • İradə AYTEL.”Bilsəm, bir axşamçağı”

    ***
    Bilsəm, bir axşamçağı
    Qayıdacaqsan mənə
    Acıq verib ömrümün
                            səni məndən qoparan
    Baharına, qışına
    Sevincimi şərabtək qaldıraram başıma!
    Dolanaram başına!
     
    Bilsəm, bir axşamçağı
    Qayıdacaqsan mənə
    Səni
    “Vaktindən çok sonra gələn
    Sevdalı yagmur kibi”
    Sıxaram ürəyimə.
    Yanmaram diri-diri,
    Ay könlümün Sən yeri!
    Barmaqlarım titrəyər saçında dilim-dilim
    Kösöy olar ağzımda, kösöy olar lal dilim
    Bircə kəlmə “ah” çıxar sinəmdən
    ən sonuncu səs kimi
    rəqs edərik durmadan
    rəqs edərik can geyər
    pəncərələr önündə
    “kurumuş çiçekler” de.
    Yeni bir nəfəs kimi.
    Bilsəm, bir axşamçağı
    Qayıdacaqsan mənə
    Gözlərimin nurunu
    Düzərəm yollarına
    Süfrəmdəki şam kimi
    Bilsəm, bir axşamçağı
    Qayıdacaqsan mənə
    Geyərəm sevincimi
    O gecə geyindiyim
    O bəmbəyaz don kimi.

  • İradə AYTEL.”Günah işləyəsən xirtdəyə qədər”


    Günah işləyəsən xirtdəyə qədər,
    Tutunub çıxmağa yer də qalmaya!
    Bütləri sındırıb, qan eləyəsən,
    Arzu bağlamağa pir də qalmaya!

    Mələklər hər yana salalar soraq,
    Savab axtaralar əllərdə çıraq.
    Göy yerə tökülə, hey varaq-varaq,
    Nə “Quran”, nə “Zəbur” sirr də qalmaya!

    Öləsən, bir əsgər qoşunnan çıxa,
    Əməl qul Əcəlin huşunnan çıxa,
    Allahın tüstüsü başınnan çıxa,
    Qanın bu qadalı yerdə qalmaya!

  • Şairə-publisist Nəcibə İLKİN.“Dəli bir ağlamaq keçir könlümdən”

    This image has an empty alt attribute; its file name is necibexanim-300x300.jpg
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    “Dəli bir ağlamaq keçir könlümdən”
    Mərhum həmkarımAli Mustafayeve xitaben

    Dağlar boyda həsrət bitib gözümdə,
    Qasırğası, tufanı var izimdə,
    Bu həsrətdən üzülmüşəm özüm də,
    El dağıldı, oba köçdü yerindən,
    “Dəli bir ağlamaq keçir könlümdən”.

    Gör nə qədər biçilmişik zəmi tək,
    Dəryalarda qərq olmuşuq gəmi tək,
    Telli sazın qəm oxuyan simi tək,
    Köklənmişəm “Kərəm üstə” zilindən,
    “Dəli bir ağlamaq keçir könlümdən”.

    Nə zamandır dağlarımı qar almır,
    Sünbüllərim dənə dolub saralmır,
    Yaralarım sağalmır ki, sağalmır,
    Palıd idim, qopulmuşam kökümdən,
    “Dəli bir ağlamaq keçir könlümdən”.

    Vətən dərdi bir dərdimi min eylər,
    Həsrət axar sinəm üstdən sel eylər,
    Harda qaldı buz buaqlar, güneylər,
    Vulkan kimi püskürürəm içimdən,
    “Dəli bir ağlamaq keçir könlümdən”.

    Xocalı harayı, Şuşa naləsi.
    Kəlbəcərin qan harayı, qan səsi,
    Sızlayır Ağdamın şuru, nəğməsi,
    Ağ dünyamın baxıb gecələrindən,
    “Dəli bir ağlamaq keçir könlümdən”.

    Tərtər çayım Arazlaşıb, ay Alı!
    Dərdim yaman dənizləşib, ay Alı!
    Qarabağım Təbrizləşib, ay Alı!
    Karvan getdi, el ayrıldı köçündən,
    “Dəli bir ağlamaq keçir könlümdən”.

    1998. yanvar

  • Şairə-publisist Nəcibə İLKİN.”Yol gedir ümidlərim”

    This image has an empty alt attribute; its file name is necibexanim-300x300.jpg
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Bu gecə intihara
    Yol gedir ümidlərim.
    Ögey baxışlarımda
    Güzgülənir dərdlərim.

    Azalır dodağımda
    Gülüşümün sayları.
    Hər gün ölüb gedirlər
    Ürəyimin tayları.

    Gözlərimin işığı
    Ürəyimdən güc alır.
    Əllərimdə üşüyən
    Arzularım qocalır.

  • Şair-publisist Hikmət MƏLİKZADƏ.”Onsuz da böyrümdən ürkək keçirdin”

    This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg
    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,

    Onsuz da böyrümdən ürkək keçirdin,
    Getdin könül verdin yadamı sən də?
    Mən özüm-özümü bir heç sayıram,
    Boş ver bu mənasız adamı sən də.

    Barmaq qorxusu var könül tarının,
    Mizrab tərpəndikcə sim umud tapar.
    Sənin inamın yox, mənim də tabım,
    Eh, belə sevgidən kim umud tapar?

    Əzabın bəlkə də istisi çıxmır…
    Nədən tüstü boğur közünü, canım?
    Eşqdən yanıq qəlbdə qəm oylağ qurar,
    Qəmə çox öyrətmə özünü, canım.

  • Şair-publisist Hikmət MƏLİKZADƏ.”Ey qələm qaşlı, yuxum qeybə çıxıb, dur, bəri gəl”

    This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg
    Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,

    Ey qələm qaşlı, yuxum qeybə çıxıb, dur, bəri gəl,
    Orda, qəm sarmış o pak qəlbə qıfıl vur, bəri gəl.

    Eh, bu dağ çayları çox gurdu, könül bağlama ki,
    Bəlkə heç axmayacaq ömrü boyu gur, bəri gəl.

    Gəl, dua eylə, günah vəsf eləyər çöhrəni, gəl,
    Bir də gördün ki, qəfil kimsə çalır sur, bəri gəl.

    Tanrı ərk ilə bizə urzu verir bir-iki gün…
    Ya da göydən yerə minnətlə düşür nur, bəri gəl.

    Hikmət aylardı dava əmri verir şeytana, eh…
    Çünki çoxdan onu şövq ilə tutub şur, bəri gəl.

  • Əziz MUSA.”Sənsiz”

    em
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Aya, Günə dəyişmərəm mən səni,
    Səni gözəl yaradıbdı, Yaradan.
    Səni görüb, eşidəndə səsini,
    Qəlbim gülür, rahatlanır ürək, can

    Baxışların alovludur, odludur,
    Bir baxmaqla ürək yanır, göz yanır,
    Sənsiz artır gözlərimin buludu,
    Göz yaşlarım yanağımda oynayır.

    Dilim susur, baxışlarım danışır,
    Ay insafsız, bir kəlmə də demirsən,
    Həsrətindən qəlbim yanır, alışır,
    Dünya sənsən, həyat sənsən , ömür sən.

  • Əziz MUSA.”Boz sərçələr”

    em
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Durnalar, qaranquşlar,
    Vallah gəldi, gedərdi.
    Onların sevgisi də,
    Elə yaz, yay qədərdi.

    Nə bilir ki, qış nədir,
    Axı köçəri quşlar.
    İstı yerləri sevir,
    Durnalar, qaranquşlar.

    Onların dözümü yox,
    Nə qara, nə yağışa,
    Rahatlıqla vururlar,
    Ömürlərini baça,

    Dözümü, məhəbbəti,
    Boz sərçələrdən soruş.
    Qar nədir, soyuq nədir,
    Hardan bilsin qaranquş.

    Sevək boz sərçələri,
    Qayğılarına qalaq,
    Gəlin boz sərçələrə,
    Abidələr ucaldaq.

    Bizimlə hər əzabı,
    Boz sərçələr daşıdı.
    Sərçələr bu vətənin ,
    Yurdun vətəndaşıdı.

  • Müəlliflər kitabxanaya kitab hədiyyə etdilər

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucuları olan qələm sahibləri kitablarını kitabxanaya hədiyyə etdilər.

    Yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı yeni nəşr olunmuş “Əlvida söyləmədən…” kitabının beş nüsxəsini kitabxanaya hədiyyə etdi. Kitab Dağlıq Qarabağ hadisələrinə, bu hadisələrdə qəhrəmancasına həlak olmuş Azərbaycanın igid oğul və qızlarına həsr olunmuşdur. 

    Pərixanım Mikayılqızı (Muradova) müəllifi olduğu “F.B.Köçərli: “Ümmətdən-millətdə doğru” kitabının on nüsxəsini hədiyyə etdi. Müəllif ədibin “Əsərləri” kitabını transliterasiya edərək, onu kiril qrafikalı əlifbadan latın qrafikalı əlifbaya çevirmişdir. 

    Tanınmış uşaq yazarı, şair Gülzar İbrahimova da kitabxanaya yaxın günlərdə işıq üzü görmüş «Как подружились сказки» kitabının on nüsxəsini kiçik oxuculara hədiyyə etdi. 
    Kitabxana qələm sahibləri ilə sıx əlaqə saxlayır və yeni nəşr olunmuş kitabların təqdimatını keçirir.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Tələbəlik”

    This image has an empty alt attribute; its file name is neriman-hesenzade-300x227.jpg

    Durur ayrıldığım kölgəli çinar,
    Durur Gəncədəki bizim institut.
    Xəyalım bir yerdə tutmadı qərar,
    İlləri andırdı bir anlıq sükut.

    Neyləyim, unutmur insan ürəyi,
    Yaşadım dünyadan könlü yanıqlı.
    Düz dörd il geyindim köhnə pencəyi,
    Qolu gödək oldu, boynu yamaqlı.

    O pencək saxladı məni soyuqdan,
    Doğru danışmağı çoxu ar bilir.
    Əynindən çıxardıb vermişdi atan,
    Heç kim bilməsə də qonşular bilir.

    Bəzən ac da qaldım daha nə danmaq,
    Danışıb gülməyə könlüm olmadı.
    Şerim qəzetə çap oldu, ancaq
    Bir qəzet almağa pulum olmadı.

    Lakin bu dərdimi bilmədi heç kim,
    Mən bildim qədrini sevincin qəmin.
    Arabir xəlvəti baxıb sevindim,
    Təzə yamağına köhnə çəkməmin.

    Gülmə, görməmisən o sevinci sən,
    Xoşbəxt böyümüsən, xoşbəxt ol, anam.
    Bir də bilirsənmi mən o sevincdən
    Dünyada heç kəsə arzulamıram.

    Oldu sevincim də, oldu qəmim də.
    Bir tələbə qıza könlümü verdim.
    Onun hər sözünü öz aləmimdə
    Seminar dərsitək əzbərləyirdim.

    Deyirdim, nə qədər baha olsa da,
    Gərək üzük alım, bu bir adətdir.
    Ancaq avtobusun keçib yanından,
    Piyada gedirdim dərsə arabir.

    Qoy indi ağrısın vicdanın varsa —
    Girdi aramıza onda bir nəfər.
    Bir gəncin taleyi alt-üst olursa,
    Ağırdır dağılan ailə qədər.

    Fikir ver hökmünə sən misalların,
    Deyir su quyunun dibində olur.
    Hayıf ki, ürəyi bəzi qızların
    Başqa oğlanların cibində olur.

    Qoy bir sözdə deyim, çıxarma yaddan,
    Bu da, necə deyər, bir məsləhətdi.
    Çalış ki, əvvəlcə yanılmayasan,
    Təəssüf ikinci məğlubiyyətdi.
    Ömrün yolları da pilləkan kimi
    Gendən ucalara lap çox baxmışam.
    Mən o pillələrlə bir insan kimi
    Gör ki, necə gəlib, necə qalxmışam.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ölsün birdəfəlik bu adətiniz”

    This image has an empty alt attribute; its file name is neriman-hesenzade-300x227.jpg

    Toyda oynadılar,ürək açdılar,
    Sonra gecəyarı dağılışdılar.
    Yolda gileyləndi biri əlbəəl;

    -Qız çörək yeyirdi.
    -Mən ölüm?
    -Sən öl!
    -Oğlanı görmüşdüm neçə il əvvəl,-
    Gəzənin biriydi.
    -Mən ölüm?
    -Sən öl!
    -Onlar evlənsə də yaşayan deyil.Qız on yaş böyükdü.
    -Mən ölüm?
    -Sən öl!

    Ölməyin,ölməyin,yazıqsınınz siz,
    Ölsün birdəfəlik bu adətiniz.

  • Xalq şairi Zəlimxan YAQUB.”Gözəllik var olan yerdə”

    This image has an empty alt attribute; its file name is zelimxanyaqub-300x200.jpg

    Çirkin dönüb göyçək olar,
    Qanqal dönüb çiçək olar.
    İnsan dönüb mələk olar,
    Gözəllik duyulan yerdə.

    Qış gəlib yaza çevrilər,
    Kötüklər saza çevrilər.
    Qarılar qıza çevrilər,
    Gözəllik duyulan yerdə.

    Ümid coşar, həsrət ölər,
    Yamanlığa dəvət ölər.
    Kin susar, ədavət ölər,
    Gözəllik duyulan yerdə.

    Könül sevər, göz vurular,
    Bulanlıq sular durular.
    Dünya saflıqdan qurular,
    Gözəllik duyulan yerdə.

    Əridərik qəzəbləri,
    Unudarıq əzabları.
    Qazanarıq savabları,
    Gözəllik duyulan yerdə.

    Nə suç, nə də tamah olar,
    Nə zor, nə də silah olar.
    Şair dönüb Allah olar,
    Gözəllik duyulan yerdə.

    01.10.2004,
    Cenevrə

  • Xalq şairi Zəlimxan YAQUB.”Dəli olmağıma bir addım qalıb”

    This image has an empty alt attribute; its file name is zelimxanyaqub-300x200.jpg

    Bilmirəm heç nəyi, lələ, bilmirəm,
    Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
    Getmişəm, özümə gələ bilmirəm,
    Dəli olmağıma bir addım qalıb.

    Ömrümün bu yaşda nağılına bax,
    Nağıldı, ay Allah, nağıl, ona bax!
    Ağılsız eşqimin ağılına bax,
    Dəli olmağıma bir addım qalıb.

    Əl açar, sevgimin əli utanmaz,
    Xırmanı iş görər, vəli utanmaz.
    Yiyəsi utanar, dəli utanmaz,
    Dəli olmağıma bir addım qalıb.

    Bilmirəm, heç neçə yaşındayam mən,
    Eşqin iştahında, aşındayam mən.
    Uçrumun, yarğanın qaşındayam mən,
    Dəli olmağıma bir addım qalıb.

    İşarə yıxacaq, him aparacaq,
    Əlimi saz yeyib, sim aparacaq.
    Məni evimizə kim aparacaq?
    Dəli olmağıma bir addım qalıb.

    Məcnun dərs oxuyub- kitabı Leyli,
    Məcnun sərxoş olub- şərabı Leyli,
    Məcnun dərdə düşüb- əzabı Leyli,
    Dəli olmağıma bir addım qalıb.

    Gülməsin bu halda məni görənlər,
    Tər çiçək nədirsə, bilir dərənlər.
    Ayılın, ay mənə ağıl verənlər,
    Dəli olmağıma bir addım qalıb.

    Görüş sevincindi, həsrət ahındı,
    Sevənlər sevgili bir dərgahındı.
    Zəlimxan, mən kiməm, hökm Allahındı,
    Dəli olmağıma bir addım qalıb.

  • Xalq şairi Qabil.”Çadırlara alışmayın!”

    Cərgə-cərgə, düzüm-düzüm,
    Görüb qan ağlayır gözüm…
    Millətimə budur sözüm:
    Çadırlara alışmayın!

    Nə gen-bolu, nə də darı,
    Nə qırışı, nə hamarı…
    Yığışdırın bu bazarı,
    Çadırlara alışmayın!

    Vurun, deşin dolu kimi,
    Qırın tikan kolu kimi,
    Uzaqlaşan dəli kimi…
    Çadırlara alışmayın!

    Əski-üskü dam-daşımız?!
    Burda xeyir-şər aşımız?!
    Qaraçı da yoldaşımız?!
    Çadırlara alışmayın!

    Burda tapmayın rahatlıq,
    Bir dəqiqə, bir saatlıq,
    Aman günü! El-elatlıq…
    Çadırlara alışmayın!

    İmarətə tən olsa da,
    Pəncərəsi gen olsa da,
    Dövrəsi gülşən olsa da,
    Çadırlara alışmayın!

    Tayfa deyil, millətik biz,
    Bir evik, bir külfətik biz,
    Saraylara şöhrətik biz
    Çadırlara alışmayın!

    Burum-burum qalxır tüstü,
    Deməyiniz bu da bəsdi.
    Məst etməsin sizi isti,
    Çadırlara alışmayın!

    Sən ey xalqım, ey diyarım,
    Ey cavanım, ixtiyarım,
    Ey didərgin balalarım,
    Çadırlara alışmayın!

    Barışqanlıq cinayətdir,
    Lap bir anlıq — cinayətdir,
    Alışqanlıq — cinayətdir,
    Çadırlara alışmayın!
                               3 dekabr, 1993

  • Xalq şairi Qabil.”Ümid sənədir ancaq, Azərbaycan əsgəri!”

    Uzanır danışıqlar, imzalanır sənədlər.
    Xəritədə aləmə göstərilir sərhədlər.
    Səsimizə səs verir dünya başbilənləri;
    Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

    Dəyirmi masalarda izi var dirsəklərin,
    Ağla sığan söhbəti,sözü var dəstəklərin.
    Yardım bağlamasında özü var dəstəklərin,
    Lap ləl-cəvahir olsun hər yardımın dəyəri.
    Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

    Diplomat cənabların hər biri hörmətlidir.
    Bu məqamda ölkəmə təşrifi qiymətlidir.
    Səyi təqdirə layiq, rəyi  ədalətlidir.
    Gözdən-nəzərdən salan kimdir ki, bu işləri?
    Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

    İşğal altında qalır torpağımız-daşımız,
    Nələr görmür gözümüz, nələr çəkmir başımız….
    Qarışıb bir-birinə baharımız-qışımız.
    Çadır göstərmək olub hər çatana peşəmiz.
    Sərgi olmasın deyə bu Mil-Muğan düzləri,
    Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

    Ali qonaqlar gəlir dünyanın hər yerindən.
    Ürək yanır,göz dolur Şəhid qəbirlərindən.
    Düşünüb daşınıram ,özlüyümdə dərindən;
    İntiqam ala bilməz, məzarları bəzəyən ehtiram çiçəkləri
    Ümid sənədir ancaq ,Azərbaycan əsgəri!!!!

    Söhbətlər çözələnir, bir şey görünmür hələ,
    Heyyətlər təzələnir, bir şey görünmür hələ.
    Müddətlər təzələnir, bir şey görünmür hələ.
    Açılmır ki,açılmır düyünü bu torpağın.
    Qov alışa bilərmi, od saçmasa çaxmağın?
    İldırımlardan belə umma bu zərrələri,
    Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

  • Xalq şairi Nəbi XƏZRİ.”Salatın-Rakviyem”

    Baxdı atasının
    tutqun üzünə,
    O, gördü mehriban
    baxışlarda qəm.
    “ – Ata, Qarabağa gedirəm yenə.
    Ceyhun əmanəti…
    əyər gəlməsəm…”
    “ – Sən nə danışırsan?
    Bu sözlər nədir?
    Belə bəd hisslərdən
    ay qızım, əl çək”Qızın ürəyindən
    axdı bir fikir:
    “Həmişə güllələr
    yan keçməyəcək!”
    Ata gözlərində
    yaş gilələndi,
    Öpərək qızını
    kədərlə dindi:
    “ – Mən oğul istədim
    ilk övladımı,
    Dedim Soltan qoyum
    onun adını.
    Sən gəldin, can qızım,
    mehriban qızım,
    Mənə ilahidən
    ərmağan qızım,
    Dedim ki, Soltana
    yaraşsın adın.
    Odur ki, çağırdım
    səni, Salatın!Mən oldum səninlə
    Bəxtəvər, qızım.
    Mənim yüz kişiyə
    Bərabər qızım!”
    Ata əl qaldırdı
    göylər tərəfə:
    “ – Gözləmək olsunmu
    ömürlük peşəm!”
    “ – Son dəfə getmişəm,
    ora hər dəfə,
    Sonra da görürsən
    Dönüb gəlmişəm”.
    “ – Daha buraxmaram
    ora mən səni!”
    “ – Əyər çağırırsa Vətənim
    məni!…”
    “ Nə çoxdur igidlər
    o yerdə bu gün”.
    “ – Məni igidlərə tay tutdun
    özün”.
    “ – Orda ölüm də var,
    orda qan da var”.
    “ – Getməsəm qələmim,
    qəlbim də sınar”.
    Bir qara buluda
    büründü aləm,
    Çökdü sükut ilə
    qəm kainata.“ – Mən ki, ölənlərdən
    artıq deyiləm.
    Sənə tapşırıram
    Ceyhunu, ata!”
    Kədər bulud-bulud,
    dərd kölgə-kölgə,
    Qondu gül yanağa
    son təbəssümü.
    …Ölüm axtarmayır
    insanı bəlkə
    Bəzən insan özü
    gəzir ölümü!

  • Xalq şairi Nəbi XƏZRİ.”Gözəllik alınıb satılan zaman”

    Sevgilər itirib zərurətini,
    Içilən andlarda həqiqət deyil!
    Müəllim tələbə bekarətini,
    Dollara alırsa fəlakət deyil?

    Kimsə güdür ciblər səxavətini,
    Onu düşündürən məhəbbət deyil!
    Nazir katibənin od şəhvətini,
    Zorla söndürürsə cəsarət deyil!

    Dubaya satılan nadir gözəllər,
    Məgər ki,dünyada rəzalət deyil?!
    Zərif bədənləri didən cod əllər,
    Tanrı qarşısında cinayət deyil?

    Çirkin girdablarda boğulur insan,
    Onun köməyinə sən yetmə,Allah!
    Sevgilər alınıb satılan zaman,
    Belə günahları əfv etmə,Allah!

  • Xalq şairi Cabir NOVRUZ.”Vətən qorudun sənindir…”

    Vətən qorudun sənindir,
    Qorumadın özgənindir,
    Qorumadın, yağınındır,
    Qorumadın axırındır…

    Vətən qorudun sənindir,
    O, bayraq tutan əlindir,
    Basılmaz qalan, dağındır,
    Qorumadın göz dağındır…

    Vətən qorudun sənindir,
    Yoxsa gədə-güdənindir,
    Yoxsa başsız sürünündür,
    Bir ovuc sağ ölünündür…

    Vətən qorudun sənindir,
    Allahın, peyğəmbərindir,
    Anan, qardaşın, balandır,
    O, indi talan-talandır…

    Vətən qorudun sənindir,
    O tay-bu taylı ünündür,
    İki ağlayan gözündür,
    Dərbəndindir, Təbrizindir…

    Vətən qorudun sənindir,
    Qorumadın kəfənindir,
    Qorumadın qübarındır,
    Murdarlanmış məzarındır…

  • Xalq şairi Cabir NOVRUZ.”Mən necə yaşayım ölü günləri?… “

    Demə bu məhəbbət, demə bu sevgi,
    Ötəri hiss imiş, ötəri həvəs.
    Yox imiş təməli, yox imiş kökü,
    Dəyəri bir qara qəpiyə dəyməz.

    Özün bu sevdaya sövq etdin məni,
    Sonra öz əlinlə özün dağıtdın,
    Özün hicrana öyrətdin məni,
    Özün bu kitabı açdın, bağladın.

    Özün də axırda dandın sözünü,
    O andlar, amanlar de, harda qaldı?
    Sən gəldin, yollardan çəkdim gözümü,
    Sən getdin, gözlərim yollarda qaldı…  

    Yenə də tuş oldum qəmə əzizim,
    Soldu bağçalarım, soldu bağlarım.
    Tənhalıq ölümmüş demə, əzizim,
    Mən necə yaşayım ölü günləri?!

  • Xalq şairi Məmməd ARAZ.”Ağarma, saçım, ağarma!”

    Nə erkən sənə dən düşdü,
    Niyə düşdü, nədən düşdü?
    Beynimmi qüvvədən düşdü?
    Ağarma, saçım, ağarma!

    Arzu sonsuz, ömür yarı…
    Artdı alnın qırışları,
    Səndə insaf olsun barı
    Ağarma, saçım, ağarma!

    Məni qəmgin görsə əgər
    Düşmən gülər, dost qəm yeyər,
    Qızlar baxıb “dayı” deyər,
    Ağarma, saçım, ağarma!

    Daşdır qəlbin, daşdır canın,
    Yoxdur, duyğun, yoxdur qanın.
    Hələ gəncəm, sən vicdanın
    Ağarma, saçım, ağarma!

    Ömür keçir, yaman keçir,
    Qəlbimdən qara qan keçir.
    Daha gözəllər yan keçir,
    Ağarma, saçım, ağarma!

    Hələ səsim ucalmayıb,
    El gücündən güc almayıb.
    Hələ ürək qocalmayıb
    Ağarma, saçım, ağarma!

    İlham adlı şahpərim var,
    Yol üstəyəm, səfərim var…
    Yazılmamış əsərim var…
    Ağarma, saçım, ağarma…

     1957.

  • Xalq şairi Məmməd ARAZ.”Sən getdin”

    Sən mənim yazıma birinci yağış,
    Sən mənim qışıma sonuncu qardın.
    O mənim qəlbimdə ünvan tapmamış,
    Pərişan bir eşqi hara apardın…

    Sən getdin, təbiət bir səs itirdi,
    Bir sevgi dastanı qaldı yarımçıq.
    Bir ulduz əbədi buluda girdi,
    Bir çiçək göyərib soldu yarımçıq.

    Sən getdin, son həsrət eşqi gözündən
    Qəlbimə axmadı sözlə, qılıqla.
    Bəlkə oğurlayıb səni özümdən
    Sənə qaytarırdım bu ayrılıqla…

    Son dəfə dinlədim ayaq səsini,
    Qəlbimdə bir tufan qopdu dərindən…
    Sən getdin, elə bil yer kürəsini
    Ayırdın bir anlıq öz mehvəridən.

    Dəydi bir-birinə səma, dəniz, dağ,
    O görüş nə idi, bu ayrılıq nə?
    Nə bilim, hər halda bir qəlbi qırmaq,
    Bir tale yıxmaqdan asandır mənə.

    Bir də ki, dənizə bənzər bu aləm,
    Həyatım, taleyim onsuz deyildir.
    Mən yalnız gəmiyəm, üzmək bilirəm,
    Hara üzməyimi – cəmiyyət bilir…
    1964

  • Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur.

    Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi və təbliği istiqamətində səmərəli fəaliyyət göstərmiş, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dolğun təsəvvür formalaşdırır. Fondları daim orijinal materiallarla zənginləşməkdə olan Muzey bu gün respublikada mühüm elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmaqla yanaşı, eyni zamanda, geniş maarifçilik işi aparmaqdadır. Muzeyin elmi kadrların hazırlanmasında və muzeyşünasların yeni nəslinin yetişməsində təqdirəlayiq xidmətləri vardır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan ədəbiyyatı tarixinin hərtərəfli öyrənilməsində, milli ədəbiyyat nümunələrinin toplanılıb mühafizə edilməsində rolunu nəzərə alaraq, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 10 fevral 2020-ci il.

  • Fəxri oxucular “Eşq və Ölüm” baletinin tamaşaçısı oldular

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri və fəal oxucuları tanınmış müğənni və bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi ilə əlaqədar onun “Eşq və Ölüm” tamaşasında iştirak etdilər.

    “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilmiş balet oğuzların mərdliyindən və şücaətindən, vətənə sevgisindən bəhs edir. Burada Qazan xan, Azər, Baycan, Yalıncıq əsas rollarda çıxış edirlər. Baletdə Eşqin ilahiləşdirilməsi və onun Ölümlə mübarizəsi aydın görünür. Eşq Ölümə zəfər çalır. Kitabxananın Fəxri oxucuları yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə və yazıçı Zöhrə Əsgərova televiziya kanallarına müsahibə də verdilər. Kitabxananın Fəxri oxucusu, tanınmış jurnalist Afət İslam Polad Bülbüloğlundan müsahibə götürdü. 

  • Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı” kitabının təqdimatı keçirildi

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın (Bayramqızı) “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı keçirildi.

    Tədbiri giriş sözü ilə kitabxananın direktoru Lətifə Məmmədova açaraq bildirdi ki, Pərvanə Bayramqızı bu kitabında son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazıları toplanmışdır. Kitabda həmçinin müəllifin ilk kitabından (“Qəlbimin istəkləri”) şeirlər də, yer almışdır. Kitab maraqla qarşılanmışdır.

             Tədbirdə direktor müavini Könül Vəliyeva, çıxış edərək, müəllifin şəxsi keyfiyyətlərinin yazıları ilə tarazlıq təşkil etdiyindən danışdı, ona yaradıcılıq uğurları arzuladı. Şöbə müdiri Təranə Heydərova, Q.Musabəyov adına 3 №-li kitabxana filialının müdiri Arzu Xudayarova, A.Şaiq adına 2 №-li kitabxana filialının əməkdaşı Aybəniz Əliyeva, böyük metodist İradə Hüseynova və b. müəllifin yazılarını daim izlədiklərini bildirdilər.

             Sonda  Pərvanə Bayramqızı tədbir iştirakçılarının diqqətini yüksək qiymətləndirərək bildirdi ki, nail olduğu uğurlar onun üçün yaradıcılıq stimuludur. O, hazırda faktiki materiallara əsaslanan yeni məqalələr üzərində işlədiyini, yazılarının mövzu rəngarəngliyinə, ictimai əhəmiyyətinə görə tanınmış qələm adamlarının diqqətini çəkdiyini söylədi. Müəllif “Yaza bilməyən yazıçı” sərlövhəsinin kəsb etdiyi mənanı açıqladı.          Müəllif imzalı kitablarını tədbir iştirakçılarına və kitabxanaya hədiyyə etdi.

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsi

  • Kənan AYDINOĞLU.”Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib”

    1902788_614529541965133_896121757_n
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Dastanlar bu torpağa düzüləndə bildim ki,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
    Göz yaşına çevrilib süzüləndə bildim ki,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    “Subhənallah” deyincə nurlu gözləri dolan,
    Ruminin məclisində yenə ilk bahar olan,
    Dərin bir fəlsəfənin qaranlığına dalan,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Hər misrası gövhərdən, torpaqdan daha dolğun,
    Yanaqları lalədən, incidən daha solğun.
    Türkün övladı yenə baxanda oğrun-oğrun,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    İllərin arxasında candakı ruhu gördüm,
    “Qurani-Kərim”də mən Adəmlə Nuhu gördüm.
    Harayı ərşə çatan fəğanla ahu gördüm,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Əhmədin məktubları sızıldadı tar kimi,
    Bağlandı Haqq dininə Haqqı sevən yar kimi.
    Allahı sevən qəlbə ələndi bir qar kimi,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Dağılanda gözümdən həsrət, ayrılıq, kədər,
    Sevdim Anam torpağı axan göz yaşı qədər.
    Bir elə, bir obaya yayılsın bu xoş xəbər:
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

  • Kənan AYDINOĞLU.”Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!”

    1902788_614529541965133_896121757_n
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    XIII yüzil Ön Asiyada  ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla!

    Qaramandan, Ərzurumdan, ey Oğuz dillərinin
    Böyük şairi YUNUS, sənə salamlar olsun!
    ƏSKİŞƏHƏRdə belə məzarın olsa yenə,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan,
    MÖVLANA məclisində HAQQı deyən söz olan.
    Çəkib həsrətin yenə çiçəklər kimi solan,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQın dininə yenə HAQQ kimi baxıb gələn,
    SARIKÖYdən yoğrulub su kimi axıb gələn.
    “ALLAHU ƏKBƏR” sözün bayrağa taxıb gələn,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQın DİNi nur kimi dünyaya ələnəcək,
    HAQQ AYƏSİn dinləyib körpələr bələnəcək.
    Dünyanın şər, böhtanı gün gələr mələnəcək,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQ dastanla yağının qəlbini dələn zaman,
    KONYAda mədrəsəni bitirib gələn zaman.
    Bir nur olub sufinin qəlbinə ələn, zaman,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    Qoşma, gəraylılarda yağının gözün oyan,
    Gözləri HAQQ DİNİNDƏN tarix boyunca doyan,
    “RİSALƏTÜN-NUSHİYYƏ”, “DİVAN”ı miras qoyan,
    Ey mənim YUNUS ƏMRƏM, sənə salamlar olsun!

  • Şəfa VƏLİYEVA.”Nənəm üçün…”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Nənəm üçün…

    Sınıb fələyin qələmi,
    Nənəmin qarğışı tutub…
    Xançobanım gələmmədi,
    Deyir, yolda yağış tutub…

    Elə islanıb yaddaşı,
    Qarışıb xatirə-rənglər…
    Axtarır bir ocaq başı-
    Xatirəmi daşa sərə…

    Düşmədi, nənəm, düşmədi,
    Yaz yağışı qış bəxtimə…
    Adım dilindən düşmədi,
    Elə bir alqış bəxtimə…

  • Şəfa VƏLİYEVA.”Bütün ayrılıqlar doğma…”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***
    bütün ayrılıqlar doğma…
    bütün xoşbəxtliklər yad…
    səninlə yaşanan hər nə varsa
    adını qoymağa çalışma…
    heç məndən də soruşma…
    adı üstündə yazılı: HƏYAT…

    bağırma, çağırma…
    sükutunu qucaqla…
    dərdini bas bağrına…
    bir də görərsən ki,
    qapın döyülür…
    pəncərəndən pıçıltılar tökülür-
    gecikmiş “Bağışla” adıyla…

    yalan demirəm sənə…
    İnanmasan da olur…
    daha eynimə gəlmir
    məni necə bilirsən…
    daha əynimə gəlmir
    “qadın nazı”… Bilirsən…

    bütün səssizliklər haray…
    bütün anlayışlar fəryad…
    səninlə yaşanan hər nə varsa
    adı üstündə yazılı: HƏYAT…

    Şəfa Vəli (2014)

  • “Venesiyaya məktublar”ın əks-sədası – Şəfa Vəli Emin Piridən yazır

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    “Turist” filmində Conni Deppin damdan-dama atlayıb qaçdığı bir səhnə var. Adama elə gəlir ki, o səhnə insanın can qorxusundan daha çox, Venesiyada damların bir-birinə olan mehribanlığını anladır… Damları mehriban olan adamlar da yaxşı qonşulardır, yəqin ki…

    … Bir nəfər İsadan soruşur: “Tanrı buyurur ki, qonşunu özün kimi sev. Bəs mənim qonşum kimdir?” İsa cavab verir: “Bir adam yolda gedərkən quldurların hücumuna məruz qalır. Quldurlar onu döyür, yarıcan halda yolda qoyub paltarlarına qədər götürüb gedirlər. Yoldan bir kahin və bir həmkəndlisi keçir, ikisi də yarıcan halda yatan adamı görüb yollarını dəyişirlər. Ona yaxınlaşmırlar. Bir səyyah isə qaçaraq yaxınlaşır, çantasından yağ və şərab çıxarıb huşsuz adamın yaralarını yuyur, sarıyır. Sonra onu yaxındakı evə aparır. Ev sahibinə pul verib deyir ki, bu adamı sağalt, ona yaxşı bax. Əgər mən qayıdanadək verdiyimdən artıq pul xərcləsən, sənə yenə pul verəcəyəm. İndi, səncə, həmin adamın qonşusu kim idi?”

    Təbii ki, fikrin özəyini anlayan hamı qonşunun kim olduğunu bilir. Amma məni Emin Pirinin Venesiyada yaşayan qonşusu daha çox düşündürdü bu gün… Hərçənd, Emin adını “Venesiyaya məktublar” qoyduğu silsilədə məktubun ünvanı kimi əsmər-şokolad qızı göstərir, mən yenə də bu məktubların onun bir qadına olan eşqindən daha çox dünyaya, insanlara olan eşqindən bəhs etdiyini düşünürəm…

    “Üzümü hara tutum dua edəndə? Məkkəyə, Vatikana, yoxsa Venesiyaya?” misraları birbaşa “Aşıq və Yaxşı” dastanına göndərmə olsa da, 33 yaşında intiharı düşünmək Nitsşenin “Allah öldü, onu biz öldürdük” deyiminə üsyandır… Emin sübut etməyə çalışır ki, daxilimizdə Allahı öldürmürük, əksinə, daim ona doğru can atırıq, həyat-ölüm seçimində də onun tərəzisinin hansı gözünün ağır olduğunu hesablamağa çalışırıq…

    Emin Piri Venesiyadakı qonşusuna yazdığı bütün məktublarında İsanın insan sevgisindən bəhs edir: Suriyada gəlinciyi güllənən qızcığaz da, Prometey də, İsanı edama aparan Roma əsgərləri də Eminin qonşusudur…

    Mən Zevsin Qafqaz adlı cəhənnəmində
    Prometey kimi
    Ciyərlərimi didir qartal
    Sənə verdiyim “oda” görə…

    Bütün dünya xalqlarının mifologiyasında Qaf dağının (Qafqazların) anladılması fərqlidir… Mif və əsatirlərdə Qaf dağının “zülmət diyarı”, “Anka quşunun yuvası”, “Tanrıların diyarı” kimi qarşımıza çıxması heç də təsadüf deyil… Amma Eminin Qafqazı “Zevsin cəhənnəmi” kimi təqdim etməsi yadıma şərab tanrısı Dionisi saldı. Özünü həmişə ikinci adıyla “Bakius” kimi təqdim edən Dionisin sonradan sıralarına daxil olduğu tanrıların “cəhənnəmi”nin odun qaynağı olması da zamanla aşınmış inancdır. İnsanların odla “küsüb-barışmaları” fonunda Qaf dağı təfəkkürlərdə müxtəlif cür obrazlaşdırıla bilərdi…

    ***

    Xəritədə İtaliya hələ də yuyur
    Çəkməsinə bulaşmış palçığı
    Aralıqda batan şərqlilərin göz yaşıyla…

    Belə yazır üçüncü məktubunda Emin Piri… Xəritəyə baxdım, düşündüm, görəsən, “şərqlilərin göz yaşıyla” yuyulmasından qorxduğundanmı Emin bütün məktublarını çəkmənin palçığa batmayan yerinə – Venesiyaya göndərir? Sonra da öz-özümə: “Yox… O, bu məktubuyla şərqli qonşusunun faciəsini qərbli qonşusuyla bölüşür…” – dedim… Bütün Şərqin dərd yükünü sətirlərinə toplayıb xəyali qanadlarıyla Venesiya səmalarında uçan bir məktub hansı göz yaşından qorxar ki?!

    ***

    İnsanların qonşusunu tanımadığı göydələnlərin sakiniyik… Amma dualarımızda hələ də “Tanrım, bütün insanları qoru, axı, bütün insanlar qardaşdır” – deyə biliriksə, deməli, hələ insanlıq ölməyib… Ölməmişik… Təkliyimizin, kimsəsizliyimizin qürurunu ruhumuza geyindiyimiz vaxtlar da ömürdən sayılır… Emin Piri ömrün bu anlarını gecəyə bənzədir, Tanrının ən etibarlı sirdaş olduğunu anladır.

    “Şeytana atılan daşlardan uşaqlara xoşbəxtlik sarayı tikmək” Eminin qonşusuna pıçıldadığı ən səmimi arzudur. Oxucu kimi arzulayıram ki, kaş, Eminin venesiyalı qonşusu onun bu pıçıltısını eşitsin…

    ***

    Eminin məktublarında müharibə də bir başqa obrazdadı. Elə bil, “buzovlar ölkəsi”nə – mafiya savaşlarının mərkəzinə “Hamıdan çox uşaqları sevər müharibələr… Kiminin alnından, Kiminin gözündən öpər” yazıb göndərməklə həqiqəti bütün əsrlərin ən “bahalı” rəsm əsərinin – insan duyğularının fon rəngində gizli mesaj kimi ötürür…

    “Atasının məzarını qıdıqlayaraq onu güldürməyə çalışan” balaca qızcığazla Venesiyadakı əsmər-şokolad qız, nəinki qonşu, lap elə əmiqızıdırlar; atalarının miras davası Habillə Qabildən bu yana hələ bitməyib… Bu davanın sülhlə bitəcəyi gün insan oğlu SÖZ olaraq yenidən doğulacaq və bütün cümlələr, bütün şeirlər yenidən yazılacaq… Həmin vaxt suların yaddaşından bir misra qopacaq, buludlara qovuşacaq, hər yağış damlasıyla torpağa hopacaq: “Hamımız Tanrının övladıyıq, qardaşım İsa!” İsanın son cavabı isə bu olacaq: “Tanrı buyurmuşdur: Qonşunu özün kimi sev!”

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

    Yavaş-yavaş alışırsan hər qəmə,
    Adilləşir sol qolunun ağrısı.
    Yavaş-yavaş gözdən düşür ömür-gün,
    Deyirsən ki…
    Ürəkdi də, qoy ağrıyır-ağrısın…

    Qoy sevinsin qeybətini qıranlar,
    Gülə-gülə gəl hamını yola ver.
    Xatirələr göz yaşında durulsun,
    Külə dönən ümidləri yelə ver!

    Eh…kimə nə ağlayırsan,gülürsən,
    Bəlkə elə unutmusan adını.
    Bu gecə də tənhalıqdı qonağın,
    Çıxardırsan darıxmağın dadını.

    Açıq qalıb səhərəcən pəncərən,
    Qəfil yağış pərdələri isladıb.
    Gözlərinə düşən gündən oyandın,
    Bu sabah da öz-özünü aldadıb…

    Aman Allah saat səkkiz otuzdu…
    Di qaç görüm, birinci dərs başladı.
    Səbrin çatmır bir stəkan çaya da,
    Bu günün də heyif….çox nəs başladı…

    Lap beləsə,kefini də pozma heç,
    Dərd eləmə,keçib gedər hər nə var.
    Təbəssümün işıq tutsun yoluna,
    Ötəridir,keçəridir ağrılar…

    Eh…bu gün də baş-başasan özünlə,
    Bir az kövrəl,gəl özünü dilə tut.
    Göz yaşınla buludları şad elə,
    Kədərini çiçəyə tut, gülə tut.

    Bu günü də bax beləcə yola ver,
    Ötüb keçər bu dumanlar, bu çənlər.
    Hər adamın sevinməyə haqqı var,
    Qoy sevinsin inciyənlər, küsənlər.

    Pəncərə

    Səni kim çəkib asıb
    Zalım,o pəncərədən?!
    Düşərmi bircə dəfə
    Yolum,o pəncərədən.

    Bax,çayın da soyuyur,
    Zaman çıxır yadından.
    Tərləyir bir pəncərə
    Ürəyinin odundan.

    Bir ömür tüstülənir…
    Alışırsan,sönürsən.
    Unudursan özünü,
    Pəncərəyə dönürsən.

    Təkliyin,yalqızlığın
    Həmdəmidi pəncərə.
    Zülmətdən keçib gedən
    Ağ gəmidi pəncərə.

    Səni götürüb gedər…
    Ha qaçsam da çatmaram.
    Yeriyəm su üstə,
    Bəs nə sirdi,batmaram.

    Yadından çıxıb tamam,
    Yuxulusan,oyaqsan.
    Pəncərə bir dənizdi,
    Sən bir tənha mayaqsan…

    Uyuyursan…yuxuna
    Keşik çəkir pəncərən.
    Bir gün durub görərsən
    Çiçəkləyib pəncərən…

  • Rafiq ODAY.”BAŞIN SAĞ OLSUN, VƏTƏN!”

    Şəhid Elman Müslüm oğlu Abbasovun
    unudulmaz xatirəsinə

    I

    Ataxal kəndində gəldi dünyaya,
    Dolaşdı hər dağı, dərəni Elman.
    Yaxşı tanıyırdı mahir ovçutək,
    Bu yerdə hər bəndi, bərəni Elman.

    Ataya, anaya ümid payıydı,
    Babanın-nənənin hay-harayıydı,
    Hamı bu oğlanı doğma sayırdı,
    Sevirdi doğmatək hərəni Elman.

    “Cəngi” üstündəydi sazının simi,
    Yox idi zərrəcə kəsiri, kəmi.
    Düşmən xar olardı – Koroğlu kimi,
    Çəkəndə bir dəli nərəni Elman.

    Gənc idi, deyildi sənətdə naşı,
    Sevib-əzizlərdi torpağı, daşı,
    Göydə buludlara dəyərdi başı,
    Zərblə sındırardı kərəni Elman.

    Tanrı duasıyla almışdı adı,
    Olmuşdu bir nəslin qolu, qanadı.
    Bu odlar yurdunun igid övladı,
    Gədəbəy elinin ərəni Elman.

    II

    Düşüb qovğaya, qala, –
    Ana Vətən çağırır.
    Kim dözər ki, bu hala? –
    Ana Vətən çağırır.

    Gün ağlamaz xalx bizə,
    Dayaq olsun Haqq bizə,
    Namusdu torpaq bizə,
    Ana Vətən çağırır.

    Neylər bizə bu hədə,
    Beş-on “yan”, beş-on gədə,
    Şərəf-şan təhlükədə,
    Ana Vətən çağırır.

    Sona varılmaz lənglə,
    Dinək topla, tüfənglə,
    Tarix yazaq bu cənglə,
    Ana Vətən çağırır.

    Boğularsa gur səsin,
    Ömür olar bir əsim.
    Analar inciməsin, –
    Ana Vətən çağırır.

    III

    Baxmaz qardı, borandı,
    Şərəfi bilər bu andı.
    Keşikdə mərd durandı,
    Azərbaycan əsgəri.

    Torpaq müqəddəs beşik,
    Ulus, oymaq, ev-eşik,
    Qürurla çəkər keşik,
    Azərbaycan əsgəri.

    Öndədir hər yarışda,
    Həm hərbdə, həm barışda.
    Can qoyar hər qarışda,
    Azərbaycan əsgəri.

    Səngərində mərd durar,
    Ürəyində od durar.
    Düşmənə qan uddurar,
    Azərbaycan əsgəri.

    Müqəddəs and yeridi,
    Xalqın ümid yeridi.
    Qalibiyyət şeridi,
    Azərbaycan əsgəri

    IV

    Vətən səsləyəndə, “hazıram” dedin,
    Götürdün əlinə silah, döyüşdün.
    Torpaq darda ikən qına çəkilmək,
    Gizlənmək ən böyük günah, döyüşdün.

    Namusdu, qeyrətdi, ismətdi torpaq,
    Odur ki, anaya nisbətdi torpaq.
    Taledi, iqbaldı, qismətdi torpaq,
    Apardın torpağa pənah, döyüşdün.

    Çəkdirdin min türlü dağı düşmənə,
    Güllələr söylədi ağı, düşmənə,
    Həddini bildirdin yağı düşmənə,
    Ucaldı göylərə min ah, döyüşdün.

    Soldan həmlə etdin, sağdan yeridin,
    Dərədən yeridin, dağdan yeridin.
    Köməyə çağırdı Ağdam – yeridin,
    Hər yan oldu sənə cinah, döyüşdün.

    Hər addımbaşında ölüm nidası,
    Səni qorxutmadı qanı-qadası,
    Qəlbdə yağılara nifrət sədası,
    Dildə – Vətən, Torpaq, Allah – döyüşdün.

    V

    Torpağından yoğrulduq,
    Sənə layiq oğulduq,
    Biz ölməyə doğulduq,
    Vətən, başın sağ olsun!

    Kim dözər yurd talansa,
    Köksü oda qalansa,
    Biz köçən, sən qalansan,
    Vətən, başın sağ olsun!

    Azadlıq yolu bu yol,
    Ya şəhid, ya qazi ol.
    Təki bizdən razı oi, –
    Vətən, başın sağ olsun!

    Üzümüz ağ yanında,
    Qara torpaq yanında,
    Biz bir canıq canında,
    Vətən, başın sağ olsun!

    Torpağından yoğrulduq,
    Sənə layiq oğulduq,
    Biz ölməyə doğulduq,
    Vətən, başın sağ olsun!

  • Şairə-publisist Nəcibə İLKİN.”Şəhid anası”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    ŞƏHİD ANASI

    (Ad günündə şəhid olmuş milliyətcə tatar olan Adek Sepxanova həsr edirəm)

    Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,
    Sinəsində qarlı qış, kirpiklərində qırov.
    Dünən bir ana gördüm, gözlərində qəm-qüssə,
    Fəryadından ürəyi olmuşdu hissə-hissə.
    Alnında düyün-düyün olmuşdu qırışları,
    Həsrətdən yoğrulmuşdu o solğun baxışları.
    Odlara qalamışdı, oğul dərdi ananı,
    Od içinə atmışdı oğul, dərdə yananı.
    Ölüm günü, ad günü bir tarixə yazılmış,
    Ananın sinəsindən bir daş kimi asılmış.
    Qarşımda ana sanki buz heykələ dönmüşdü,
    Yaşamaq, həyat eşqi gözlərində sönmüşdü.
    İntizardan, xiffətdən ana saralıb solmuş,
    Həsrət seli qəlbindən axıb gözünə dolmuş.
    Danışdıqca ananın dodaqları əsirdi,
    Oğul dərdi ananı şaxta kimi kəsirdi.
    Başında qara örpək, əynində qara paltar,
    Oğlum özü alıbdı,-dedi məndən yadigar.
    Hər gün bu geyim ilə görüşünə gəlirəm,
    Nisgilmi, dərdimi soyuq daşla bölürəm.
    Evim muzeyə dönüb onun şəkillərindən,
    Təkcə o şəkillərdən təsəlli tapıram mən.
    Oğlum bir oğul idi, istiqanlı, mehriban,
    Dediyim hər kəlməmə cavabı olurdu “can”.
    Ad gününə az qalmış adına hədiyyə aldım,
    Şirin qoğal bişirib, adına sürfə saldım.
    Gözləyirdim yolunu əziz xələf oğlumun,
    Adı özündən şirin, sözü şəkər noğlumun.
    Səhər-səhər həyətdən gələn səsə boylandım,
    İki əsgər soruşdu, adımı dərhal andım.
    Tələsik qaça-qaça tez yüyürdüm həyətə,
    -Kimsiniz? Kim lazımdır?- tez qarışdım söhbətə.
    Biri ürkək baxışla üzümə baxıb xeyli,
    Gözlərin dikib yerə, axır dindi gileyli.
    -Biz cəbhədən gəlmişik, necə dedyim ki, Adik-
    Agır yaralanıbdı…
    -Necə? Nə dedin? Yox, yalandı balama,
    Güllə dəyməz heç zaman o qəhrəman oğluma.
    Düşündüm bu, zarafat, dostların haq səsidi,
    Mənə muştuluq üçün əsgər hədiyyəsidi.
    Sevincimdən gözlərim doluxsunmuş, dolmuşdu,
    Oğlumu görmək üçün ürəyim od olmuşdu.
    Yaşarmış gözlərimə göründü tabut bu an,
    Anasız da hər şeyi həll eləyirmiş zaman.
    Yenə də gözlərimə inanmadım hayqırdım,
    Özüm öz səsimə hərgah, sanki birdən ayıldım.
    Ahım çıxdı göylərə, dağılmadı göy nədən?!
    Amansız ölüm idi, məni belə göynədən.
    Oğul verdin ay Allah, neçə il bundan öncə,
    Sənə dualar edib bürünmüşdüm sevincə.
    İndi bu ad günündə mənə paymı göndərdin,
    Bəslədiyim qönçəmi qıyıb necə tez dərdin?!
    Ahım çatmadı əfsus, nə yerə, nə də göyə,
    Tabutu qucaqladım, -Yaşın mübarək,-deyə.
    Oğul deyən dillərim dilim-dilim soyuldu,
    Yandı bağrım nalədən, için-için oyuldu.
    Yenidənmi doğuldun, Şəhid qoyuldu adın,
    Vətən! Qoy sənin olsun bu qəhrəman övladın.
    Dan yeri tək söküldü ürəyimin telləri,
    Son nəfəsdə oğlumun nə söyləyib dilləri.
    O susuz dodaqları pıçıldayıb, nə deyib,
    Ürəyindən nə keçib, görəsən nə söyləyib?!
    Necə dözüm ay Allah, necə dözüm bu dağa,
    Ad günündə oğlumu tapşırıram torpağa.
    İgid doğuldu oğul, şəhid doğuldu oğul,
    Vətənin göylərində yanıb kül oldu oğul.
    Yığışdı dostları, qonşular ad günündə,
    Ehsan verdilər ona, balamın şad günündə.
    Qoy sevinməsin düşmən, oğlum ölməyib mənim,
    Oğlum şəhiddir deyə, ana kimi öyünüm!!!
    20. 01. 2008

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ***

    Qırx beş ildi ov güdürəm boş yerə,
    Saçlarıma kəfən oldu dənim, eh.
    Molla hazır, tabut soyuq, can isti…
    Daş olmalı halım yoxdu mənim, eh.

    Yoxa çıxıb aradakı körpülər,
    Bu lal köçü öz arxanca çək, keçir.
    Başa düşdük sevgi nədir, guya ki,
    Anlamadıq Tanrı bizdən tək keçir…

    Aclıq bizi dara çəkir o vaxtdan,
    Gör, içimdə bir söz qalıb yeməli?!
    Gəlişimiz qışa düşdü, əzizim,
    Bəxtimizdə donmaq varmış deməli.

    Eh, nə vaxtdı yas tuturam şeytana,
    Kimsə demir Allahı yox onun da…
    Ürəyinə qorxu düşüb çoxunun,
    Belə getsə, daş olacam sonunda.

    ***

    Çöllər gecəyə aşiq…
    Niyə his verir şamdan?
    Bəlkə ruhum qayıdıb?
    Kimsə toz atır damdan.

    Ürəyim daş olandan,
    Xatirələr daşlaşıb…
    Tanrı bilməz içimdə
    Neçə arzu yaşlaşıb…

    …Sanki vaxt tələsdikcə,
    Şərdən güc alır hamı…
    Söz demək istəyirəm,
    Qaldır son kərə camı…